"AYB sədrliyi qurultayda həll olunan məsələdir" - Əsəd Cahangirin Ləman Ələşrəfqızı ilə söhbəti (İxtisarla)

 

- Əsəd bəy, studiyamıza xoş gəlmisiniz.

- Xoş gördük, dəvətə görə sağ olun.

- Yadınızdadırsa, ziyalıların Prezidentlə görüşündə hamı öz şəxsi problemlərindən danışdı, biri babası üçün küçə istədi, biri dədəsi üçün nəsə istədi, Anar da, səhv etmirəmsə, yazıçılar üçün bir bina istədi...

- Bir də Yaradıcılıq və İstirahət Mərkəzinin açılmasını.

- Amma Prezidentlə görüşürsən, əlinə fürsət düşüb, daha tutarlı bir şey istəmək mümkün deyildimi?

- Ədəbiyyat adamları hazırkı iqtisadi durumda fərdi mənzil almaq gücündə deyillər. Sizcə, Yazıçılar Birliyinin sədri bundan vacib hansı problemi qaldırmalıydı?

- Sizdən qabaq qonağımız olan Şərif Ağayarın dediyinə görə, bu yaxınlarda bir müsahibənizdə Anarı tənqid etmək olmaz demisiniz! Niyə olmaz?

- Əvvəla, mən bu rakursdan təkcə Anarın yox, başqalarının da adını çəkmişəm. İkincisi, Şərif mənim fikrimi kontekstdən çıxararaq, onu öz bildiyi şəklə salaraq, sonra ona öz yozumunu verib. Mən kimisə tənqid etmək olmaz deyə hökm verməmişəm.

- Bəs, necə demisiz?

- Demişəm ki, məncə, Anar, Elçin, Ramiz Rövşən, Afaq Məsud, Mövlud Süleymanlı, Vaqif Bayatlı Odər və daha bir neçə şəxs tənqid və tərif dairəsindən çıxmış adamlardır. Tənqid etmək olmaz hökmüylə bu sözlərin fərqini anlamaq o qədər də dərin ağıl tələb eləmir.

- Niyə elə hesab edirsiz ki?

- Çünki onlar onillər boyu tənqidi də, tərifi də görüb və doyublar bütün bunlardan. Mən bunu demişəm. Yoxsa, harda demişəm ki, kimi tənqid etmək olar, kimi olmaz? Bu yanlış nəticə Şərifin öz xəyalının məhsuludur və belə çıxır ki, o məni yox, özü-özünü tənqid edib.

- Sizcə, belə bir açıqlama vermək Şərif Ağayarın nəyinə lazım idi. Onun nəsə bir şəxsi-qərəzimi var idi?

- Onun sizin kanala çıxması, bir saatdan artıq çəkən buraxılışda Anarı tənqid eləməsi sadəcə bir bəhanə idi.

- Baxmısızmı verilişə?

- Baxmamışdım, amma siz məni bura dəvət edəndə məcbur qalıb baxdım. Çünki əvvəla onun savadına ciddi şübhəm var, ikincisi isə obyektivliyi və səmimiyyətinə inanmıram. Bunun səbəbləri var və imkan olsa, veriliş ərzində onları açıqlayacam.

- Buyurun, buyurun.

- Şərifin bütün çıxışının bir mənası var - niyə mənim APA-ya müsahibəmdə o tənqid olunub. Liberal dəyərlərin alovlu müdafiəçisi rolunda çıxış edən, Anarı niyə tənqid etmək olmaz deyə təşvişə düşən bu "demokrat", əslində, özünün tənqid olunmasına etiraz eləyirdi. Belə çıxır ki, Anarı tənqid eləmək olar, amma Şərifi yox.

- Siz onu tənqidinizdə nə demişdiz ki?

- Mən demişdim: "Bəzilərinin təqdimində Şərif az qala Fransanın xalq yazıçısı oldu, amma möhür qoyan bir romanın müəllifi ola bilmədi". Onun bir saatlıq etirazı, saysız-hesabsız təhqirlərinin alt yapısında bu bir cümlə dururdu.

- Siz bir tənqidçi kimi Şərif Ağayarın yazdıqlarını oxumusuzmu?

- Onun haqqında iki məqalə yazmışam, kitablarından birinə ön söz yazmışam. Amma o dövrün bir çox gəncləri ki, mən onları təqdir edir, haqlarında layiq olduqlarından da artıq yazırdım, 20 il keçdi və məlum oldu ki, ortalığa ciddi bir şey qoya bilməyiblər...

- Yəni heç nə yazmadılar?

- Yazdılar, əlbəttə, şeir kitabları çıxdı, romanları çıxdı, roman adıyla təqdim elədikləri nələrisə çıxdı, amma onların heç biri "Beşmərtəbəli evin altıncı mərtəbəsi"nə qalxa bilmədi, "Mahmud və Məryəm"in məqamına varmadı, "Quyu"nun dərinliyinə enmədi, "Yamacda nişanə"ni vurmadı, "Qanköçürmə stansiyası"na çatmadı, "Köç"ə qoşulmadı, "Məhşər" qoparmadı, bir sözlə, "İdeal" səviyyəyə yetmədi. Onların heç bir yazısını 60-70-ci illər nəsrinin adını çəkdiyim və çəkmədiyim örnəkləri qarşısına çıxarmaq olmaz. Mən müsahibəmdə bunu demişəm və bu, həqiqətdir. Özü də mən bunu sevincək yox, təəssüf hissiylə demişəm. Mənə elə gəlir ki, hamı bunu etiraf etməlidir. Kim etmirsə, bu həqiqət bir yumruğa çevrilib, onun başına dəyə bilər, necə ki, dəydi də. Belə bir ədəbiyyat nəyə lazımdır ki, 50-60 il öncəkilərin yazdıqlarından qat-qat zəif şeyləri yazıb qoyasan ortalığa və üstəlik, onları təhqir edəsən. Hər yeni nəsil estafeti öncəkilərdən almalı və sonrakılara ötürməlidir. Son 20 ildə ədəbiyyata gələnlərin bir çoxunun bu estafeti almağa bədii istedadları və intellektual gücləri çatmadı və gələcəyə nəsə ötürəcəkləri də mübahisəlidir. Bəs, onda bu marginalların yazı-pozularının mənası nədir? İndi dediyim qədər çılpaqlıqla olmasa da, müsahibəmin alt qatında bu sual dururdu.

- Bəs, bunu şeirə gətirsək, Aqşin haqqında da həmin sözləri demək olar?

- Düzü, Aqşin haqqında danışmaq istəməzdim...

- Niyə?

- Ona görə ki, hər dəfə eyni sualı eşidir, eyni cavabı verirəm və belə çıxır ki, başqa iş-gücüm yoxdur... Onun ilk kitabında təravətli şeirlər varıydı, orijinal obrazlar vardı və ümid verirdi ki, bu şeirlərin müəllifi gələcəkdə Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Bayatlı Odər kimi şair ola bilər. Amma əksinə oldu. İndi nəsr kitabları çıxır, onlar da bir-birindən uğursuz. Halbuki, kitab çıxmamış bir il öncə böyük bir tərif kampaniyası başlayırdı - filankəsin filan kitabı çıxacaq. Bir il də belə tərif getdi ki, filankəsin filan kitabı çıxdı. Hamı oxuyub gördü ki, burda roman adına ciddi bir şey yoxdur və hər şey də bununla qurtardı. Bu qədər yalan nəyə lazım? Olmayan yerdən obraz yaratmağa çalışırlar. Yaxşı əsərə heç bir saxta, bayağı reklam kampaniyası lazım deyil!

- Yaxşı əsər deyəndə siz nəyi nəzərdə tutursuz? Aqşini bəyənmirsiz, amma Sona Vəliyevanı tərif edirsiz?

- Sona Vəliyeva, axı, onun qədər iddia qoymur ortaya və hər kəsdən öz iddiasına görə gözlənilir. Digər yandan, Sona xanımın şeirləri pozitiv enerjiylə, işıqla, ümidlə, Allaha imanla, həyata inamla, gözəlliyə sevgiylə doludur. Aqşinin şeirləri isə öz nihilizmi, pessimizmi ilə usandırıcıdır.

- Həmin məntiqlə yanaşsaq, Ramiz Rövşənin də şeirləri pessimistdir.

- Ramiz Rövşən işıq və qaranlığın ideal tənasübünə nail olan şairdir. Məsələn, Vaqif Səmədoğlu onunla müqayisədə daha pessimist, Vaqif Bayatlı isə daha optimistdir. Ədəbiyyat hər şeyi insanın əlindən ala bilər, amma ümidi almağa onun ixtiyarı yoxdur. Aqşinin şeirlərində iynənin ucu boyda da ümid yoxdur. Özəlliklə də, Qarabağ sindromu içində olduğumuz, ümidə, işığa, zəfərə hava qədər, su qədər ehtiyacımız olduğu bir vaxtda öz Herostrat kompleksindən doğan, qaramat və nifrətlə aşılanmış şeirləriylə bu adam topluma hansı mesajı ötürmək istəyir? Baxın, Şərif çıxış edirdi burda, siz onda zərrə qədər də pozitiv enerji görürdünüz? Bu adamda yeddidən yetmişə hamıya və hər şeyə nə qədər nifrət var? Və üstəlik də deyir ki, Yazıçılar Birliyi üzvləri arasında işıqlı adam görmürəm. Yaradıcılıq işıqdan, gözəlliyə sevgidən, Allaha imandan, iynənin ucu boyda işığı böyüdüb, günəşə çevirməkdən başlayır. Ədəbiyyat budur. O, hər hansı problemi həll eləməkdə acizdir. Bircə şey qalır - insana yaşamağa ümid vermək, onu ruhlandırmaq. İndi isə, əksinə, təzə dəb düşüb - əlinə qələm alan "bu xalqda hər şey pisdir" deyə düşür toplumun üstünə. Azərbaycan dünyanın ən gözəl, ən unikal, ən seçilmiş xalqı, dünya mədəniyyətinin beşiyidir. İnsanlıq azıxantropdan, tufandan sonrakı sivilizasiya Ağrı dağından başlayır. İslamiyyətin qəbuluna qədər Bakı dünyanın Məkkəsi, Qız qalası Kəbəsi olub. XIX əsrin sonlarına qədər Suraxanı atəşgahına Hindistandan zəvvarlar gəlirdilər. Bu gün, doğrudan da, Azərbaycan dünyanın gözüdür. Əhalisi çox deyil, ərazisi böyük deyil, amma dünya siyasətində imzası var. Bu gün dünya hərb elmində ordumuzun Şuşa qələbəsinin nəticələrindən istifadə olunur. Bizim Mübariz İbrahimov kimi düşmən ordusu üstünə tək gedən qəhrəmanımız var. Bəs, hanı onun ədəbiyyatdakı analoqları? Hanı o yazıçılar? Özəlliklə də torpaqları düşmən tərəfindən tutulanlar. Niyə gedib döyüşmədilər? Qaçdılar Haramıda qoyun otarmağa, ordan da Bakıya, o redaksiya sənin, bu redaksiya mənim, yazı yazmağa. Qəhrəmanlığı əvvəlcə cəbhədə göstərmək lazım idi, sonra gəlib Ləman xanımın studiyasında oturub qəhrəmanlıq eləmək olardı.

- Sizin bu fikrinizlə razıyam ki, indi bəyənmədiyimiz Məmməd Rahim, Süleyman Rüstəm özlərinin "Leninqrad göylərində", "Qafurun qəlbi" kimi əsərlərində bizə öz qəhrəmanlarımızı sevdirirdilər. Bizdə indi elə əsərlər yazılırmı? Mübariz İbrahimovun obrazını yaradan bir yazıçı varmı?

- Qəhrəmanlıq mövzusundan söz düşmüşkən Şərif Ağayarın sifarişlə yazdığı "Komandir" romanı var. Mən sifarişlə roman yazmağa pis baxmıram...

- Kim sifariş verib?

- Yuxarıdan veriblər...

- Yuxarı, yəni hakimiyyətəmi deyirsiz?

- Hə, hakimiyyət dairələrindən veriblər.

- "Komandir" kimin haqqındadır?

- Qarabağ müharibəsi qəhrəmanlarından biri haqqında. İndi görün roman adıyla təqdim olunan bu kitabın bədii səviyyəsi nədir? Sual olunur - görəsən, bu roman niyə alınmayıb? Ona görə ki, romanın müəllifinin qəlbi o komandirin qəlbiylə həmahəng döyünmür. O kitabın müəllifi Qarabağ müharibəsindəki məğlubiyyətlərimizin acısı, qələbələrimizin sevinci ilə ürəkdən yaşamır. Sənə sifariş verə də bilərlər, verməyə də bilərlər, o sevgi, o qəhrəmanlıq, komandirlik, mübarizlik, ibrahimovluq sənin özündə olmalı, o sifariş öncə sənin öz içindən gəlməlidir! Sən özünü bu xalqın üzvü tərkib hissəsi hesab eləməlisən. Onda sifariş oldu, olmadı, gözəl bir əsər yaza bilərsən, umduğun fəxri adları, orden-medalları, evi ala bilərsən. Yeri gəlmişkən, Şərif iki dəfə ev alıb - biri BDU-nun yaxınlığında ailəvi yataqxanada ikiotaqlı ev, o biri də Müşfiqabad qəsəbəsində yeni tikilidə ikiotaqlı mənzil. İndi üçüncünü istəyir. Sonra da deyir ki, kimlərsə dövlətdən ev almaq üçün bunu elədilər, onu yazdılar. Ümumən, o, həmişə mənə yazıçıdan daha çox, mühasibi xatırladır: kitabın satışını necə təşkil eləmək olar, pulu necə qazanmaq olar və sair və ilaxır. Bütün bu marketinq məsələləri onun düşüncəsinin ana xəttini təşkil edir. Mən bir dəfə görmədim ki, o, hansısa, estetik, intellektual mövzudan danışsın, hansısa ədəbi-bədii məsələdən bəhs etsin. Onun meyxanaçılara qısqanclığının səbəbi də budur ki, niyə onlar öz sənətləri ilə pul qazanır, amma mən yox?! Ona görə ki, meyxanaçıların düzüb- qoşduqlarına sosial tələbat var, amma sənin yazdıqlarına yoxdur. Şərifin təsəvvüründə yazıçılıq təmin olunmuş, komfort həyata gedən yolda bir tramplindir. 

- Eyni sözü o da sizin haqqınızda deyir ki, Əsəd Cahangirin yaradıcılığı mədhiyyədən çıxır. Məsələn, tərifləyir Aləm Kəngərlini!

- Aləm Kəngərlidən yazan yeganə adam mən deyiləm. Sabir Rüstəmxanlı, Məti Osmanoğlu, Cavanşir Yusifli, Elnarə Akimova və digər bir çox yazıçı və tənqidçilər onun əsərləri barədə öz rəylərini deyiblər. İkincisi, Şərifdən fərqli olaraq, Aləmin "mən Anardan yaxşı yazıçıyam, mən Yazıçılar Birliyinə iki dəfə girib çıxmışam, üçüncü dəfə də girməliyəm, mənə medal veriblər, indi də orden verməlidirlər, iki ev veriblər, üçüncünü verməlidirlər" və sair bu qəbil iddiaları yoxdur. Aləm povest və hekayələrdən ibarət ilk kitabını yazıb və bu hekayələrin bəziləri roman potensialına malikdir. Və nəhayət, Aləmdən yazmaq ədəbiyyatın ziyanına deyil. Saxta liberal şüarlar altında zərərli ideoloji mövqe sərgiləyən Şərif Ağayar və onunla eyni əqidədə olan adamların ayağı altına daş qoymaq isə ədəbiyyat üçün problem yarada bilər.

- O, AYB-dən çıxıbmı, yoxsa çıxarılıb?

- 2004-cü ildə qurultay ərəfəsində təşkilatdan çıxmışdı. Sonra Yazıçılar Birliyi üzvlərinə verilən birillik təqaüdü almaq üçün ərizə yazaraq, yenidən AYB-yə qayıtdı. Elə ki, istədiyini aldı, "Hələ Fikrət Qoca sağdır, o hələ ölməyib?" deyə mətbuatda təhqiramiz bir çıxış elədi və nizamnaməni pozduğuna görə AYB-dən kənarlaşdırıldı. O fərqində deyil ki, üstünə cavan oğlunun meyiti gələn, 84 yaşlı, xəstə bir adama bu sözləri demək, insanın qocalığına, xəstəliyinə gülmək, onu ölümlə təhdid eləmək, bir sözlə, mənəvi terror nəinki yazıçı, ümumən insan etikasına sığmır. Onun AYB-yə girib çıxmaq məsələləri ilə bağlı müsahibə və yazılarından bəzi sitatlar çəkmək istəyirəm ki, tamaşaçılar boşuna danışmadığımı görsünlər.

- Buyurun.

- İllərlə özünün "qəhrəman" obrazını yaradan Şərif dövlət qulluğuna girməsi ilə bağlı mövqe dəyişkənliyini belə əsaslandırır: "Ciddi sənətlə məşğul olan insan dövlətin yanında olmalıdır". O bu sözü Mədəniyyət Nazirliyində işləməyə başlayandan sonra deyib. İxtisasca tarixçidir, amma dövlətlə hökumətin fərqini bilmir və özünü "ciddi sənətlə məşğul olan" biri sayır. Bu onun həm savadca kasadlığını, həm də öz oyunbazlığına necə bayağı bəraət donu geyindirmək istədiyini göstərir. Bu isə onun təqaüd almaq üçün ikinci dəfə AYB-yə daxil olandan sonra nümayiş etdirdiyi mövqe dəyişkənliyidir: "AYB-yə keçmişəm, əcəb eləmişəm, bundan kimə nə?". AYB-yə daxil olandan sonra 17 yanvar 2009-cu ildə "525-ci qəzet"ə verdiyi müsahibədən sitat: "Səncə, AYB bir qurum kimi bu gün bizə lazımdırmı?". Cavab verir: "Lazımdır, həm də çox. Əgər belə olmasaydı, təkrar niyə üzv olurdum ki?". İndi görün Mədəniyyət Nazirliyində işləməsinə AYB-dən çıxarılandan sonra necə don geyindirir: "Azı beş il çalışmalıydım ki, mənə əmək pensiyası yazılsın. Beləliklə də, məni sevməyən AYB rəhbərliyinə görə ağır zəhmətimin hesabına qalıb işlədim orda. Ümumi razılığa əsasən məni Birliyə daxil etdilər və hadisəni mətbuatda xüsusi oynatdılar". Mənafeyi nə vaxt tələb eləyir, AYB-yə daxil olur, nə vaxt tələb eləyir, ordan çıxır və hamısında da sudan quru çıxır. Amma yaltaq, ləyaqətsiz, şərəfsiz başqaları olur!

- Məni bir sual maraqlandırır. Yazıçılar Birliyi ictimai təşkilatdır. Bəs, niyə o, dövlət büdcəsindən pul alır? Ümumiyyətlə, almalıdırmı?

- Ona görə ki, bütün qeyri-hökumət təşkilatları kimi AYB-də dövlətdən ödəniş ala bilər.

- Dünyada varmı belə təcrübə?

- Bizdə bir stereotip yaranıb - Amerikada belədir, Avropda belədir, bizdə niyə elə deyil? Ona görə ki, ora Amerikadır, Avropadır, bura isə Azərbaycandır! Yazıçılar Birliyinə dövlət büdcəsindən pul ayrılması məsələsinə də bu rakursdan baxmaq lazımdır. Biz marketinq dönəminə keçmişik, amma bu o demək deyil ki, hər şey bazarlaşmalıdır. Dövlət sektoru var, keçid dövrünün öz tələbləri var. Bəlkə də 10 ildən, 20 ildən sonra AYB penklublaşacaq, özü özünü maddi cəhətdən təmin edəcək və dövlətdən pul almağa ehtiyac olmayacaq, amma hələ ki bu ehtiyac var və hələ ki təmin edilməlidir.

- Penklub bizdə varmı?

- Azərbaycan Penklubu 1996-cı ildə yaradılıb, ilk prezidenti Xalq yazıçısı Maqsud İbrahimbəyov olub və 20 il bu təşkilata başçılıq edib. Dünya penklublarının Avropadakı mərkəzi qərargahı Qarabağın müstəqil siyasi qurum olmasıyla bağlı qərar qəbul edəndə Maqsud müəllim başda olmaqla  Azərbaycan Penklubu buna qarşı çıxıb və bu qərarın qəbul edilməsinə etiraz edib.

- Çıxıbmı o təşkilatın tərkibindən?

- Rəsmən çıxmasa da, həm Qarabağ məsələsi, həm də Məhəmməd peyğəmbərin Fransada karikaturalarının yayılmasına etiraz olaraq, mərkəzlə bütün əlaqələrini kəsib. 1999-cu ildə onların Londondakı nümayəndələri Bakıya gəlsələr də, Maqsud İbrahimbəyov onlarla görüşdən imtina edib. Maqsud müəllimin vəfatından sonra Penklubun prezidenti olan Çingiz Abdullayev Amerika, Ukrayna, Belarus, Gürcüstanda çıxışlar edib. Moskvada Skobayeva və Solovyov kimi ermənipərəst əjdahaların qabağına çıxıb. O verilişi görmüsüz yəqin ki.

- Baxmışam.

- Çingiz müəllim Rusiyanın düz ürəyində, iliklərinə qədər ermənipərəstlərin içində Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini ən yüksək səviyyədə müdafiə etdi. Onlar Çingiz Abdullayev nüfuzunun qarşısında susmaq zorunda qaldı və bütün dünya bunun şahidi oldu.

- Amma qınamışdılar onda Çingiz Abdullayevi ki, yaxşı cavab verə bilməyib.

- Kim daha yaxşı cavab verə bilərdisə, qoy gedib çıxış edəydi.

- Şərif ümumən Çingiz Abdullayevi yazıçı kimi qəbul eləmir. Bax, siz ədəbi tənqidçisiz, onu yaxşı yazıçı sayırsızmı?

- Çingiz Abdullayevi dünya yazıçı sayır, Əsədin, Şərifin onu sayıb saymamasının nə önəmi var? Şərifin Çingiz müəllim haqqındakı sözləri ortabab, miyanə birinin ünlü, uğurlu şəxsə qısqanclığının əlamətidir. Çingiz Abdullayev Azərbaycan detektivini əyalət səviyyəsindən dünya meridianlarına çıxarıb. O, hələ 30-35 il öncə artıq dünya şöhrəti qazanmış, 1996-cı ilin göstəricilərinə görə Erl Stenli Qardner, Hedli Çeyz, Karter Braunla birlikdə dünyanın ən çox oxunan dörd detektiv ustasından biri olmuşdu. O, Azərbaycanın ən cavan Xalq yazıçısı, yüzlərlə cild əsərin müəllifidr. İtaliyanın "Berluskoni" firması onun ssenarisi əsasında film çəkmək sifarişi vermişdi. Əsərləri dünyanın onlarca dilinə çevrilib. Belə çıxır ki, dünya heç nə bilmir, yeganə ağıllı Şərifdir. O, uzaqbaşı deyə bilər ki, mən detektivi bir janr kimi qəbul eləmirəm. Hansı janrda yazmaq və necə yazmaq fərqli məsələlərdir və bu fərqi anlamağa adicə savad bəs eləyir.

- Şərif bir inamsızlıq da ifadə etdi ki, Çingiz Abdullayevin kitablarını sanki başqa adam yazıb, çünki bu qədər kitabı yazmağa işıq sürəti lazımdır.

- Əgər dediyini sübut edə bilməsə, bu artıq inzibati cinayət məsuliyyətinə cəlb edilməklə nəticələnə biləcək bir ittihamdır. İkinci tərəfdən, istedadın bir əlaməti də məhsuldarlıqdır. Ola bilər ki, Şərifin ildə bir neçə roman yazmağa istedadı çatmır, amma Çingiz Abdullayevin çatır.

- Bəs, vaxtı necə, çatırmı buna? O axı çoxlu təşkilatın üzvüdür.

- Çingiz müəllim əsərlərinin çoxunu təyyarələrdə yazıb, hara gedirsə, noutbukunu da özüylə aparır. O bu işin texnologiyasını elə mənimsəyib ki, olub onun ustası, yəni professional. Professionalizmə şübhə həvəskarlıq əlamətidir.

- Anarla bağlı bir sual: Anar Yazıçılar Birliyindən getsə, nə baş verərdi?

- O baş verərdi ki, Yazıçılar Birliyinin hətta binası da qalmazdı. Anar müəllim o binanı qorumaq üçün nə qədər çətinliklərlə üz-üzə, milyard sahibləri ilə qarşı-qarşıya gəlib.

- Almaq istəyirdilərmi binanı?

- Klassik memarlıq stilindəki o binanı kimsə öz şəxsi mülkünə, Yazıçılar Birliyi yaxınlığındakı istirahət parkını maşınlar saxlanılan parka çevirmək istəyirdi. Anar müəllimin nüfuzu hesabına bina qorunub saxlanıldı. İkinci heç bir şəxs bu işin öhdəsindən gələ bilməzdi. Nə qədər böhtanlar atıldı Yazıçılar Birliyinin üstünə, illərlə çəkən hücum kampaniyaları oldu, gəncləri öyrədib AYB-yə qarşı qaldırdılar. Azərbaycan Yazıçılar Birliyi sabiranə desək, bütün bunlara tufanlı dəryada duran qocaman bir dağ kimi dözdü. İkinci tərəfdən, Anar müəllim ömrünün 70 ilini ədəbiyyat və incəsənətə həsr eləyib. O, "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Əlaqə", "Macal", "Dantenin yubileyi", "Ağ liman", "Gürcü familiyası" kimi şedevrlərin müəllifidir. "Mən, sən, o və telefon" hekayəsi əsasında dünyanın beş ölkəsində film çəkilib. Melodram deyirsən yazıb - "Gün keçdi", tarixi film deyirsən yazıb - "Dədə Qorqud", sənədli-bədii film deyirsən yazıb və hətta rejissorluq da eləyib - "Üzeyir ömrü". Təkcə "Üzeyir ömrü" filmi kifayətdir ki, onun adı Azərbaycan mədəniyyəti tarixinə qızıl hərflərlə yazılsın. Anarı tənqid eləmək olar, amma təhqir - əsla! Çünki o, konkret bir şəxs olmaqdan çıxaraq Azərbaycan mədəniyyətinin simvoluna çevrilib. Yeri gəlmişkən, Şərifin çıxışının alt qatında onun realizə olunmamış karyerist iddiaları da durur. O bu iyirmi ildə beş iş yeri dəyişib - "Yeni Azərbaycan" qəzeti və mənim təqdimatımla "Kino plyus" qəzetində, Mədəniyyət Nazirliyində, Kulis.az saytında işləyib, nəhayət, "Qanun" nəşriyyatında işləyir.

- Çox iş yeri dəyişəndə nə olar ki?

- O bu iş yerlərinin heç birindən normal çıxıb getməyib. "Kino plyus"dan, Mədəniyyət Nazirliyindən, nəhayət, Kulis.az-dan uzaqlaşdırılıb... İndi üzvü olmadığı bir təşkilatın işlərinə müdaxilə edir, orda da bir intriqa yaratmaq istəyir. AYB sədrliyi qurultayda həll olunan təşkilatdaxili məsələdir, kənar şəxslərin bu işə müdaxilə hüququ yoxdur.

- Bizdə "əvəzolunmaz insan" haqqında fikir formalaşıb - Anar getsə, onu kim əvəz edəcək və sair. Sizcə, Anar sədrlikdən getsə, onu əvəz edəcək başqası yoxdur?

- Anar müəllimin sədr kimi qalması - mən bunu faktiki olaraq bilmirəm, məntiqi olaraq təxmin edirəm - onun özünə yox, yazıçılara lazımdır. O neçə ildən bəri ev növbəsinə durmuş yazıçıların mənzil problemini həll eləmək, bir də Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsini istəyir və bilir ki, getsə, bu işlər alt-üst qala bilər. Yoxsa, sədrlik onun nəyinə lazımdır ki?

- Qurultayınız nə vaxtdır?

- Payızda Şabranda keçiriləcəyi gözlənilir.

- Bəs, axı, Şuşada olacağını deyirdilər.

- Görünür, Şuşada qurultayın keçirilməsi üçün infrastruktur tam hazır deyil və daha böyük xərc tələb edir. Ona görə məkanı dəyişmək qərara alınıb.

- Yenə Anar seçiləcəkmi?

- Qurultay kimi seçsə, o da sədr olacaq. Amma inanmıram ki, Anar sədr qalmaq istəsə, yazıçılar başqasına səs verə!

 

LAF TV

04.07.2022


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!