Alehandro Hodorovski: "Haraya getdiyinizi bilmək istəyirsinizsə, haradan gəldiyinizi bilməlisiniz" - Müsahibə

 

Aktyor, stəkar, komiks yazarı, prodüser, psixoterapevt, rejissor olan Alehandro Hodorovski Prullanski 1929-cu il, fevralın 17-də Çilidə, Tokopilla şərində, hudi-ukraynalı ailədoğulub. Xoşxt aqlıq keçirmən Hodorovski öoxumağa və şeir yazmağa verib. Şeirləri məşhurlaşan rejissorun fildən ətrafı çox genişnib. Teatr şirkəti quran Hodorovski nya şöhrətli teatr xadimləri ilə birgə yib, saysız tamaşaya rejissorluq edib. Fransız multimedia isi olan Hodorovski rejissor kimi daha məşhurdur. rreal, ezoterik yaradılığın ustası kimi tanır. "stək" ("El Topo") (1970) ddəs dağ" ("La montana sagrada") (1973) adlı avanqard filmləri ilə məşhurlaşan Hodorovski, rreal ntür, mistisizm dini vzulu ərləri ilə kult kino skarları findən daha çox sevilir.

Kolumbiya Universitetində əbi rcün rs deyən müəllim, Nyu-York Mexikoda yaşayıb aliyyət stən redaktor, rcüməçi, əbi agent Elien Kanın (Elianna Kan) Alehandro Hodorovski ilə sahibəsini qdim edirik.

 

Elien Kan: - "Quşun ən yaxşı oxuduğu yer" ("Donde mejor canta un pajaro") kitabınız ilk dəfə İspaniyada 90-cı illərdə nəşr olunub, elə deyilmi?

Alehandro Hodorovski: - Bəli. O, "Yüz illin tənhalığı" ("Cien anos de soledad") kimi folklor janrında olan Latın Amerikası və Varqas Lyosa romanlarına olan marağın kəskin artdığı bir vaxtda nəşr olunub. Amma mənim romanım yəhudilərin əcdadından bəhs etdiyi üçün onun milliyyəti yox idi. Həm də o dövrdə məşhur olan magik realizm (mistik realizm - tərc.) janrında deyildi. Mən realist mistisizm janrında yazmışdım. Bu roman yazıldığı vaxt qəbul edilməliydi, ona görə də mən "Quşun ən yaxşı oxuduğu yer" kimi romanlar yazmağı kənara qoyub, "Psixomagiya", "Metageneologiya" kimi müalicəvi kitablar yazmağa başladım.

E.K.: - İlk dəfədir ki, yəhudi mövzusunda bu qədər açıq danışırsınız? Filmlərinizdə dini ikonoqrafiyadan istifadə etmisiniz, baxmayaraq ki, onlar daha çox katoliklikdən və digər mənəvi bağlılıqlardan gəlir.

A.H.: - Bəli. Atam yəhudi olduğunu gizlədib. O, heç vaxt tam adını, "Hayme Hodorovski" ("Jaime Jodorowsky") olaraq yazmayıb, həmişə "Hayme" olaraq yazıb. O, özünü rus qiyafəsi altında gizlədib və mən, on üç-on dörd yaşımda məktəbdə bullinqə (irqinə, milliyyətinə, cinsi, dini və ya başqa bu cür şəxsi seçimləri görə uşaqlara yönəlmiş lağ etmə, təhqir, aqressiv davranış - tərc.) məruz qalmağa başlayanda mənə aydın olana qədər heç vaxt mənə yəhudi olduğumu deməyib. O vaxtlar Çilinin yarısı Antihitler koalisiyası, yarısı isə nasistlərin lehinə bölünmüşdü. Atam üçün Tanrı yox idi - insan sadəcə ölüb çürüyəcəkdi. Bu qədər! Atam ateist idi - Stalinist. O, dinə, hər şeyə qarşı idi. Bu məni arxalana biləcəyim hər hansı metafizikadan məhrum etdi. Heç bir yəhudi təhsilim yoxdur və ya vəftiz edilməmişəm, heç vaxt bayramları qeyd etməmişəm. Atam bütün bunları məndən gizlədib. Mən həmişə milliyyətin yoxluğunu hiss etmişəm və heç vaxt özümə aid bir şey, mənə məxsus bir yer olmayıb. Ona görə də bu romanı yazmağı özümə borc bildim.

E.K.: - Yəhudiliyinizi araşdırmağa sizi ruhlandıran bir məqam olubmu?

A.H.: - Bu mənim özümü, öz şəxsiyyətimi axtarmaq prosesimin bir hissəsi idi. Atam ateist və dediyim kimi, Stalinist idi. O, mədəniyyətə inanmayan bir iş adamı idi. Məndə, heç bir metafizik qüvvəyə inam, böyüyərkən ölümcül olmağın narahatlığını sakitləşdirəcək heç bir şey yox idi. Özümə müəllim axtarmağa başladım və nəhayət, bir Zen rahibini - beş il meditasiya etdiyim bir Yapon rahibini tapdım. Bu müddətdə, həmçinin yəhudi mənşəli olduğumu kəşf etdim, Kabbala və Tövratı öyrənməyə başladım. Haraya getdiyinizi bilmək istəyirsinizsə, haradan gəldiyinizi bilməlisiniz. Atamın niyə belə olduğunu, anamın niyə belə olduğunu, valideynlərimin onları istəməyən bir ölkədə sağ qalmağa çalışdığını başa düşmək üçün bütün bunlara qayıtmalı oldum. Kim olduğumla üzləşməyə qərar verdim.

E.K.: - Keçmişinizlə üz-üzə gəlmək, Zen praktikasına, daha sonra tarot və psixomagiyaya qərq olmaq - yəhudi dininin və ya mədəni tarixinin sizinlə rezonans doğuran xüsusi elementləri var idimi?

A.H.: - Dörd yaşım olanda atam mənə deyirdi ki, nə vaxtsa öləcəyəm, heç vaxt Allah olmayıb və olmayacaq. Mən dini araşdırmağa başlayanda dindar yəhudilər mənə son dərəcə ağıllı görünürdülər, lakin elə bir vəziyyət idi ki, bu zəka Kabbala ilə yanaşı, dindən doğan mistik və çox böyük bir dəliliklə müşayiət olunurdu. Allahla başını xarab etmiş adamlarla dolu olan, dəlilər aləmindən gəldiyim üçün diqqətimi çəkən də məhz budur. Tarotu araşdırmağa başlayanda İbrani əlifbasının iyirmi iki hərfi kimi iyirmi iki Böyük Arkana kartının olduğunu kəşf etdim. Tarotun Kabbala ilə, yəhudi ənənələri ilə çox əlaqəsi var idi, lakin bu, dini çılğınlığın olmadığı bir dünya idi.

E.K.: - Kitabınızın proloqunda belə yazırsınız: "Bu kitabdakı bütün personajlar, yerlər və hadisələr real olsa da, xronoloji ardıcıllıq dəyişdirilib. Bu reallıq mifə çevrilənə qədər dəyişdirilib və əfsanələşdirilib. Bizim soyumuz (nəslimiz - tərc.) düşüncələrimizi, duyğularımızı, istəklərimizi və maddi həyatımızı məhdudlaşdıran bir tələdir, eyni zamanda dəyərlərimizin böyük hissəsini içində saxlayan xəzinədir. Bu kitab roman olmaqla yanaşı, uğur qazanarsa, bütün oxucuların izləyə biləcəyi üçün nümunə ola bilər, bağışlamağı bacararlarsa, onlar da ailə xatirələrini qəhrəmanlıq əfsanələrinə çevirə bilərlər". Ailə xatirələrini əfsanəyə çevirmək sizə nə verdi? Bu proses necə idi?

A.H.: - Düşünməyə başlayırsınız və nə qədər irəli getdiyinizi görürsünüz. Özünüzü nə qədər sevdiyinizi, əqli və mənəvi olaraq hansı səviyyəyə çatdığınızı görürsünüz. Öz-özünüzə deyirsiniz ki, əlimdən gələnin ən yaxşısını etdim, aşa bildiyim hər şey budur. Mənim əcdadlarım da bu transsendensiya səviyyəsinə çata bilərdilər, çünki onlar da insan idilər, lakin bacarmadılar. Bu, cütlərin bir-birini axtarması, sevgi axtarışı, təhlükəsizlik axtarışı, sülh axtarışı, özünü axtarmaq və tapmamaq haqqında uzun hekayədir. Ona görə də mən ailəmdəki bütün personajları öz səviyyəmdə təsvir etməli oldum. Məsələn, kitabda Allahdan bezmiş ata nənəm Tereza, sonda insanabənzər primata (ape-man - meymun adam - tərc.) aşiq olur. O, aşiq olmanın möcüzəsini kəşf edir. Mən ona heç vaxt sahib olmadığı sevgini verirəm. Mən onu bu yəhudi ənənəsindən azad etdim və onu başqa bir şeylə - daha heyvani reallıqla qarşı-qarşıya qoydum. Ailə üzvlərimə heç vaxt sahib olmadıqları nə varsa, mən onlara verirəm. Onların tam olaraq nəyə nail ola biləcəkləri, lakin heç vaxt əldə edə bilmədikləri haqqında düşünürəm və bunu onlara verirəm. Təsəvvür edirəm. Təsəvvür bir növ müalicə rolunu oynadı. Öz dünyamı kəşf edən bu proses həyatımı dəyişdi. İndi mənim dünyamın təməli var. Mən artıq yəhudi olduğumu gizlətmirəm. İndi bu haqda danışmağa utanmıram. Mən, təxminən qırx il, on üç-on beş yaşımdan bu haqda danışmamışam. İnsanın haradan gəldiyini bilməməsi və olduğu adamı sevməməsi çox güclü nevrozdur. İnsanın soyu nədirsə, o da odur. Ona görə də nəsil-nəcabətini tanımaq və onu sevmək vacibdir.

E.K.: - Filmlərinizdəki personajlar, adətən uydurma şəxsiyyətlərdir. Təxəyyülünüzü bunlar üçün istifadə etməklə ailə tarixçənizdəki boşluqları doldurmaq arasında fərq varmı?

A.H.: Hər sənətin öz qaydaları və müxtəlif formaları var, başqa heç nə yoxdur. Bütün sənət eyni məzmuna malikdir - özünü ifadə edən insan. Fərq yalnız formadadır, məzmun hamısında eynidir. Bütün işlərim inisiasiya işlərindən ibarətdir. Bu isə Şekspirin tam əksidir.

E.K.: - Nəyi nəzərdə tutursunuz?

A.H.: - Məsələn, Hamleti götürək. Hamlet dəyişmir və sonunda axmaq kimi ölür. La-Mançlı Don Kixot kitabın sonuna qədər Don Kixot olmağa davam edir. Bu kitablarda personajlarda heç bir inkişaf getmir, ruhən dəyişiklik olmur. Əgər insan dəyişə bilmirsə, bütün bu klassiklərin mənası nədir? Kainat dəyişir, kainat genişlənir. Hər şey daim dəyişir. Deməli, insan da daş kimi dəyişməz qalıb ömrü boyu olduğu şeydən yapışırsa, bu faciədir. İnsan axıcı olmalıdır, dəyişməli, inkişaf etməlidir və hər an özünə sual verməlidir ki, mən niyə əziyyət çəkirəm? Bu məni niyə narahat edir? Niyə nəsə axtarıram? Niyə mən filan şeyə nifrət edirəm? Niyə bağışlaya bilmirəm və niyə özümü bundan azad edə bilmirəm? Mənim bütün işim yavaş-yavaş, lakin əminliklə dəyişən, özünü sübut edən və daha yüksək mənəvi səviyyəyə çatan bir xarakterin inkişafını təsvir etməkdir. Mənim personajlarım müdriklik zirvəsinə çatırlar. Belə bir müdrikliyə çatmaq, həyatdan zövq almağa bərabərdir.

E.K.: - İşlərinizdə özünüdərkə doğru səyahət, demək olar ki, həmişə valideynlərlə bağlıdır, razısınızmı? "Köstəbək" ("El Topo") filmindəki oğul kişi olmaq üçün anasının şəklini basdırmalıdır. "Fando və Lis" ("Fando y Lis") filmində Fando da anasını dəfn etməlidir.

A.H.: - Sualınız məni güldürür. Biz bir ata və bir anadan doğulmuşuq - həyatınız ananızla cinsi əlaqədə olan bir ata tərəfindən formalaşır və siz doğulursunuz. Həyat özünü çoxaltmaq istəyir. Həyatın, məncə, iki əsas motivasiya prinsipi var. Biri maddi, digəri isə mənəvi. Maddi motiv ölməz olmaq üçün çoxalmaqdır. Çoxalaraq kainat qədər yaşamaq. Digər motiv isə şüur yaratmaqdır. Biz şüur yaratmaq üçün çoxalırıq. Beynimiz bir möcüzədir. Möcüzəvi, inanılmaz bir şeydir.

E.K.: - İşləriniz tez-tez insanları heyvanlardan nə fərqləndirir sualı yaradır. Bu sizi niyə bu qədər maraqlandırır?

A.H.: - İnsanlar heyvandır! Bədənimiz heyvandır. Heyvanlar necə olmaya bilərdi? Sənətin mövcud olması üçün təzadlara ehtiyacı var. Münaqişə tələb edir. Mənim sənətimdə şiddətin yeri sonradan sülhə və özünüdərkə aparacaq prosesin bir parçası olmaqdır. Pis sənət zorakılıqdan yalnız izləyicini və oxucunu narahat etmək üçün istifadə edir, yəni həzz verən zorakılıq göstərir. Silahlı qəhrəmanlar, bir-birini təpikləmək, soymaq, öldürmək, təcavüz etmək - bunlar hörmət edilə biləcək zorakılıq növü deyil. Hətta Bibliyada hamilə qalmaq üçün ataları ilə cinsi əlaqədə olan qızlar, bir-birini öldürən qardaşlar və s. kimi səhnələr var. İncildə dəhşətli şeylər var, lakin onlar kontrast yaratmaq üçün lazımdır. Əgər kontrast yoxdursa, yaradılış da yoxdur.

E.K.: - İnsanın heyvani tərəfinə, birinin digərinə fiziki zərər vurma qabiliyyətinə baxışınız zamanla dəyişibmi?

A.H.: - Məncə, heyvanlar möhtəşəmdir! Pişiksiz yaşaya bilməzdim. Mənim pişiyim möcüzədir. Mən heyvanları sevirəm. Heyvani insan, heyvan kimi insan aqressiv bir varlıq deyil - möhtəşəm bir şeydir.

E.K.: - Valideyn və oğul arxetiplərinə əsaslanan hekayələr yaratmağı saxlayıb, nəhayət, öz ailəniz və öz hekayənizlə məşğul olmağa başlamaq üçün bu qədər uzun müddət gözləməyinizin xüsusi səbəbi var idimi?

A.H.: - Onları bağışlayana qədər gözlədim. Onları bağışlamağım çox uzun sürdü. Öhdəliklərini yerinə yetirməyən valideynləri sevməməyə, onları görməməyə haqqınız var. Özünüzü azad etmək və öz həyatınızı qurmaq hüququnuz var. Ancaq öz həyatınızı yaşasanız belə, bütün bunlar sizin içinizdə qalacaq. İçinizdə daşıdığınızla barışmalı, onları udmalı, özünüzün etməlisiniz. Hazırda çəkdiyim filmdə mənə verdiyi hər şeyə görə atama təşəkkür edirəm. Mənə verdiyi hər şey mənə vermədiyi hər şeydir. Onun sayəsində mən mistisizmi kəşf edə bildim, çünki atam bunu mənə heç vaxt verməmişdi. İnsanlığı kəşf edə bildim, çünki atam mənə heç vaxt insanlıq verməyib. Məni necə sevəcəyini bilməyən anam sayəsində, mən nəhayət, bir qadını necə sevəcəyimi kəşf etdim. Həyatımın eşqini tapmaq üçün mənə yetmiş il lazım oldu! Əgər mən bu bədəndə doğulmuşamsa, özümü dərk etməliyəm. Bir az vaxt apardı, amma məqsədimə çatdım. Bax, mənim səksən altı yaşım var və ancaq bu yaxınlarda atamın qəhrəmana çevrildiyi bir film çəkə bilmişəm.

E.K.: - Bu necə baş verir?

A.H.: - Ona görə ki, zaman keçdikcə onu bağışladım, ona qəhrəman olmağın yollarını göstərirdim. Bu, bədii yaradıcılıqdır, mənim üçün ən önəmlilərindən biridir. Hər kəs üçün. Kimin ailəsi ilə problemi yoxdur ki?

E.K.: (Gülür).

A.H.: Kimdə onlardan yoxdur?

E.K.: - (Gülür). Doğrudur. Bütün bunlardan bir sənət əsəri yaratdıqdan sonra son məqsədə çatdığınızı hiss edirsiniz, yoxsa bu, sağalma prosesinin sadəcə bir hissəsi idi?

A.H.: - Bax, mən sənətkar doğulmuşam. Mənim fantaziyam var, hər cür sənətlə məşğul ola bilərəm. Bu mənim çağırışım idi. Pis-yaxşı, mən sənətkaram. Beləliklə, sənət yaradıram. Quş oxuyur, amma heç kim ona oxumağı öyrətmir. Mən sənət yaradıram, çünki bu mənim üçün vacibdir.

E.K.: - Bu kitab ingiliscə yayımlanana və son iki filminiz çıxana qədər sənətçi kimi yolunuz necə olub?

A.H.: - Mən əziyyət çəkdim, əziyyət çəkdim. Atam üçün bütün sənətçilər boş adamlar idi. O, iş adamı idi və mənə iki şeyi öyrətdi - Allah deyilən şey yoxdur və "ucuz al, baha sat". Ona görə də öz-özümə dedim ki, baha alacağam, ucuz satacağam. Təxminən on yeddi yaşımda köhnə bir yazı maşınının arxasında oturub şeir yazdım. Dərhal dostların əhatəsinə düşdüm, yeni Rembo (fransız şair Artur Rembo - tərc.) oldum. Sonra ekspressionist rəqsi, daha sonra kukla, marionet və teatrı öyrəndim. Pantomima oynamaq istədiyimi kəşf etdim. İyirmi üç yaşımda Çilidə böyük bir teatr şirkətim var idi. Sonra Parisə getdim. Parisdə təhsil aldım, Marsel Marso (pantomima aktyoru - tərc.) üçün pyeslər yazdım. Mən səhnədə Moris Şevalyenin konsertini idarə etmişəm. Sürrealistlərə qoşuldum. Sarbonnada fəlsəfə təhsili almışam. İstədiyimi etdim. Həmişə yaratmaq, irəliləmək və yaratmaq istəmişəm. Sonra Panik Hərəkatını yaratdım və "baş verənləri" həyata keçirdim. Meksikada mən on il ərzində yüzdən çox tamaşaya rejissorluq edərək teatrda inqilab etdim. Və budur. Çox şey etmişəm. Komikslər belə çəkirəm.

E.K.: - Sizi teatra nə cəlb etdi?

A.H.: - Teatr qəhrəmanlıqdır. O yox olur. Bir tamaşa qoyursan və o yox olur. Heç nə qalmır. Siz ekstaz davam etdiyi müddətdə işləyirsiniz və bitəndə də bitir. Tarixə düşmür. Yalnız onu görən bir neçə insan üçün xatirə qalır, başqa heç nə yoxdur.

E.K.: - Filmlə müqayisə etsək?

A.H.: - Teatr şəhər ritualıdır. Film qlobal bir ritualdır. Teatr indiki zamanda bir anlıq ritualdır. Film uzun müddət davam edir. Davam edir, iz buraxır. Teatr bir şəhər üçün olur. Film planet üçün baş verir. Teatrın dünyası canlı aktyorlara görə məhduddur. Amma filmdə hər şey var. Bu, mövcud olan ən mükəmməl sənət formasıdır.

E.K.: - Amma ikisi də xəyaldır. Hamısı sünidir və hamımız bunu bilirik.

A.H.: - Bu sənətdir! Əlbəttə, teatr ət və sümükdən ibarətdir. Film isə işıqdır, hər şey işıqdan ibarətdir.

E.K.: - "Reallığın rəqsi" filminizdə süniliyi gizlətməməyi seçdiniz. Ananızı oynayan aktrisanın parik taxdığı aydın görünür, hətta mahnı oxuyarkən parikin başından sürüşdüyü səhnə də var.

A.H.: - Sənətin araşdırdığı şey sənətin nə olduğudur. Bütün filmlər "Film nədir?" mövzusundadır. Mən tamaşaçıları bütün bunların reallıq olduğuna inandırmağa çalışaraq onları dəli etmək istəmirəm. Tamaşaçının izlədiyi reallıq deyil, fimdir. Film qeyri-realdır. Ancaq bu qeyri-reallığın içində - heykəl kimidir. Siz heykəli ət rəngində çəkmirsiniz, ona süni nəfəs aldırmırsınız. Realist film məhz bunu edir. Ətin rənginə boyanmış gipsdən süni nəfəs alan heykəl yaradır. Mənim filmlərim belə şeylərdir.

E.K.: - Bir filmi idarə edərkən yazı ilə müqayisədə detalları daha yaxşı idarə edə biləcəyinizi hiss edirsinizmi?

A.H.: - Filmdə hər şeyi ifadə etmək üçün istifadə edə biləcəyimiz bir çox vasitə var. Lakin bu alətlər çox məhduddur, çünki onlar çox bahadır. Təsvir yaratdığınız zaman onun neçəyə başa gələcəyini nəzərə almalısınız - bu, filmdəki əsas məhdudiyyətdir. Siz iş adamı olmağa məcbur olursunuz.

E.K.: - Deməli, rejissorun o qədər də azad olduğunu düşünmürsünüz?

A.H.: - Rejissor kimi azadlığım var, çünki müəllifi olduğum filmləri çəkirəm. Amma indi bu cür kinorejissorlar çox azdır, çünki pul qazandırmır. Bu gün kino biznesdir. Sənayeləşdirilib.

E.K.: - "Sonsuz poeziya" "Reallığın rəqsi" filminin davamıdır və bir daha ailə üzvlərinizin, ailənizin digər üzvlərinin də oynadığını görürük, elədir?

A.H.: - Tokopilladan Santyaqoya köçdük. Atamın fəhlə məhəlləsində mağazası var idi. Film ordan necə çıxdığımdan, ilk şeirimi necə yazdığımdan və o şeir sayəsində bu kommersiya mühitindən necə çıxdığımdan bəhs edir. Mən dəmir yolu xəttinin o tayında yaşayırdım. Hər həftənin şənbə günü relslər arasından keçib getmək istəyən bir sərxoş işçini qatar vurub öldürürdü. Nəhayət, özümü yavaş-yavaş rəssamların, şairlərin əhatəsində necə tapdığım və sənətin məni necə azad etdiyi haqqında danışmaq istədim.

E.K.: - Oğlunuzu atanız rolunda görmək necə hissdir?

A.H.: - Onun və mənim üçün olduqca maraqlı idi. Filmlərimdə kino ulduzlarından mümkün qədər istifadə etməməyə çalışıram - qeyri-aktyorlardan istifadə edirəm ki, daha realist olsun. Bu filmdə platonik eşq macərası yaşayan səksən beş yaşlı bir personaj var. Bu rolu oynamaq üçün Nobel mükafatı almış suriyalı şair Adonisə müraciət etdim. Portretini çəkdiyim sənətçinin əsl şair, əsl sənət adamı olmasını istəyirəm. Mən reallığı film vasitəsilə axtarıram. Tarota baxan və tarot rəqsi edən bir personaj var, ona görə də rolu məşhur rəqqasə Karolin Karsona verdim. Kino ulduzlarını sevmirəm, çünki onlar həmişə eyni rolları oynayırlar. İstəyirəm ki, tamaşaçılar filmdə real həyatda olan insanları görsünlər.

E.K.: - Göstərmək istədiyiniz saf eqodan daha üstün bir şeydir?

A.H.: - Şübhəsiz ki, eqondan daha üstün. Kiminsə eqosunu ekranda göstərmək mənə maraqlı deyil.

E.K.: - Sənətə çevriləndən sonra xatirələrin, ailə tarixinin yükü yüngülləşdimi?

A.H.: - Bu, heyrətamiz bir şeyə çevrildi. Sənətkar öz sənətinə çevrilir. Və bu prosesdə qavrayışınız, münasibətləriniz dəyişir...

E.K.: - Özünüzü azad hiss edirsiniz?

A.H.: - Mən bunu yuxularımda görürəm. Əvvəllər apokaliptik yuxular, canavarlar, kabuslar görürdüm. İndisə ən gözəl yuxuları görürəm. Mənə nələrsə öyrədirlər. Mən sənət yaradıram, öyrənirəm, tarot kartlarını oxuyuram. Mən özümdən həzz alıram. Ölülərim məni ziyarətə qayıdır, onlarla danışıram. Öz üzərinizdə işlədiyiniz zaman daxili aləminiz dolğunlaşır. Bu uzun bir prosesdir, lakin buna dəyər. Siz ülvi hisslər kəşf etməyə başlayırsınız - sevgi, səxavət. Mərhəməti, insanlığı kəşf edirsən. Bunların hamısı mövcuddur, lakin biz onların olmadığına inanırıq. Və zaman keçdikcə yavaş-yavaş araşdırmağa başlayırsan. O yerə qədər ki, daha toyuq əti yeyə bilmirəm! Süfrəyə bir boşqab toyuq qoyulanda o toyuğa yazığım gəlir.

E.K.: - Özünüzü bütün varlıqlarla - heyvanlarla, insanlarla bir hiss edirsiniz...

A.H.: - Bəli! Yazıq kiçik heyvanları yemək mənə pis təsir edir. Həyat yoldaşım Paskaliya (Pascale) məndən çox gəncdir. Onun səhhəti çox yaxşıdır və ət yeyir. Buna görə də iki menyumuz var! O, bifşteks yeyir, mən isə düyü!

E.K.: - Amma siz xoşbəxtsiniz.

A.H.: - Bəli, bəli, bəli, bəli, bəli, bəli. Həyatı mümkün olduğu qədər yaşamaq istəyirəm. Səhər yuxudan durub öz-özümə deyirəm: Necə də gözəldir! Daha bir gün. Nə olacaqsa olacaq, amma yaşamaq möcüzədir. Zahirən qocalmaq, amma daxilən qocalmamaq heyrətamizdir. Bu möhtəşəmdir! Yaşamaq inanılmazdır. Mümkün qədər uzun yaşamağa çalışacağam.

E.K.: - Bu, fantastikdir. Bəlkə bizə zövq almağımız üçün daha çox sənət əsəri verərsiniz?

A.H.: - Nə mümkündürsə! Mən mümkün olan hər şeyi etmək niyyətindəyəm. Suallarınız çox xoş oldu.

E.K.: - Karyeranız haqqında kifayət qədər danışmadıq.

A.H.: - İnsanlar həyat haqqında danışmaq istəyirlər, həmişə eyni şeyləri təkrar-təkrar danışmaq yox.

E.K.: - Demək istəyirsiniz ki, filmləriniz haqqında kifayət qədər danışmısınız?

A.H.: - Həddindən artıq çox. İndi bütün bunlardan bezmişəm.

 

Hazırladı: Nilufər HACILI


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!