"Qonorar maddi gəlir olmaqla yanaşı, həm də motivasiya mənbəyidir" - "Fikir bucağı" layihəsinin qonağı AYB Oğuz bölməsinin sədri yazıçı Vüsal Oğuzdur

 

- Vüsal müəllim, hekayələriniz maraqla oxunur. Siz həm də tarix müəllimisiniz. Oğuzda yaşayırsınız. Müəllimlik fəaliyyətiniz yaradıcılığınıza mane olmur?

- Oğuzda doğulmuşam və hal-hazırda doğulduğum kənddə - Xaçmaz kədində yaşayıram və bir zamanlar oxuduğum məktəbdə 20 ildən çoxdur ki, müəllim kimi fəaliyyətdəyəm. İxtisasca tarixçiyəm, eyni zamanda direktor müaviniyəm. Müəllimliyim ədəbi yaradıcılığıma qətiyyən mane olmur. Nəinki mane olmur, əksinə müəllimlik fəaliyyətim ədəbi fəliyyətimə müsbət təsir edir deyərdim. Belə ki, müəllimlik fəaliyyətim zamanı apardığım müşahidələr, qarşılaşdığım hadisələr və maraqlı insan (şagird) tipləri mənə bəzən hekayələrimin baş qəhrəmanlarının xarakterlərini yaratmağa, "formalaşdırmağa" kömək edir. Sözsüz ki, istisnalar həmişə var. Bəzən əsərin baş qəhrəmanını özüm görmək istədiyim kimi yoğurub-yapdığım hallar da vardır. Hekayələrimin maraqla oxunduğunu eşitmək bir yazar kimi mənə də, təbii, xoşdur. Amma düşünürəm ki, daha yaxşı hekayələrimi oxucuların ixtiyarına bundan sonra verə biləcəyəm. Çünki illər keçdikcə nəsr sahəsində püxtələşdiyimi hiss edirəm və mənim üçün kəmiyyət həmişə əsasdır. Hərdən elə olur ki, 3-4 ay ərzində bir hekayə belə yaza bilmirəm və mən bundan qətiyyən narahat olmuram. Ədəbiyyatda plan deyilən bir şey yoxdur. Yazar yaza bildiyi qədər yazmalıdır. Özünü yazmağa məcbur etməməlidir.

- Uzun müddətdir ki, yaradıcılıqla məşğul olursunuz. Ancaq imzanız ədəbi tənqid tərəfindən o qədər də təhlil olunmayıb. Bu nə ilə bağlı ola bilər?

- Fikrimcə, bunun bir neçə səbəbi vardır. Əvvəla əyalətdə yaşayıb-yaratmağım və daimi aktiv ədəbi mühitdə olmamağım tənqidçilərin diqqətini çəkməyə bilər. Həmçinin onu da qeyd edim ki, Azərbaycan ədəbi mühitinin öz reallıqları var və bu hər bir sahədə olduğu kimi, ədəbi tənqid sahəsinə də öz təsirini etməkdədir. Tənqidçilər də, daha çox şəxsən və yaxından tanıdıqlarını təhlil edir. Haqqında yazı yazırlar. Gəlin etiraf edək ki, bu, belədir. İstisnalar söz yox ki, vardır.

- Qonorar alırsınızmı?

- İlk qonorarımı 1988-ci ildə almışam. 1 manat 80 qəpik. O dövrün pulu ilə. Hal-hazırda yalnız "Ulduz" və "Azərbaycan" jurnallarında gedən yazılarıma görə qonorar alıram. Desəm ki, qonorar mənim üçün vacib deyil və ya maraqlı deyil, səmimiyyətdən uzaq olmuş olaram. Bütün yazarlar üçün qonorar maddi gəlir olmaqla yanaşı, həm də motivasiya mənbəyidir. Üstəlik, Azərbaycan yazarının, şairinin böyük əksəriyyətinin maddi durumunun yaxşı olmadığı bir dövrlərdən keçiriksə, qonorar hamı kimi mənim üçün də maraqlıdır. Amma çox təəssüf ki, ciddi bir qonorar almıram. Kitablarımızın satışından gələn gəlir isə ən yaxşı halda nəşriyyat xərclərini və təqdimat xərcini ödəməyə çatır.

- Bəzi hekayələrinizdə kənd mühiti, təbiət təsvirləri, insan xarakterləri ümidizlik fonunda təqdim olunur. Sizcə, "ümidsizlik" nədir, yaxud niyə yazıçı ümidsiz olur?

- Fikrinizlə tam razıyam. Mən bir yazıçı kimi, insan kimi də realistəm. Hekayələrimin, həmçinin hələlik başa çatmayan romanımın əsas özəyi real kənd həyatından və bu həyatın doğurduğu çətinliklərdən, həmçinin bu çətinliklər qarşısında aciz duruma düşərək "ümidsizlik" azarına düçar olan kənd insanı və onu bu duruma salan mühitdən bəhs edir. Həmçinin hekayələrim təbiət təsvirləri ilə də kifayət qədər zəngindir. Niyə hekayələrimdə insan xarakterləri ümidsizlik fonunda tədim olunur? Deməzdim ki, bu, tam olaraq belədir. Amma əksərən dediyiniz kimidir. Yuxarıda qeyd etdim ki, mən realistəm. Bütün bunları hər gün və yaxından müşahidə edirəm. Nəinki müşahidə edirəm, bəzən özüm bu insanlarla tez-tez təmasda olduğum üçün reallıqlarla üz-üzə qalıram və bu məni çox düşündürür. Hələlik gücüm bu cür insanları və onların düşdüyü çətinliklər burulğanlarını, onların həyatın ağır sınaqları ilə mücadiləsini ədəbiyyatda təsvir etməyə çatır. Bir yazıçı kimi, insan kimi ümidsiz deyiləm, düşünürəm ki, hər şey yaxşılığa doğru gedəcək və dediklərim düzələcək. Amma bu cür düşünmə hamıda olmur. Və bəzən insanlar özü də bilmədən sonuncu ümidini də hansısa marketin kassasında sonuncu manatı ilə birlikdə qoyub çıxır... sonra isə, dediyiniz kimi, ümidsizlik başlayır və bu, insanı hər gün bir qədər də çox kamına çəkən bir quyudur...

- Qeyd edirsiniz ki, yazdıqlarınızı çap etdirməyə həvəsli deyilsiniz... Bu, nə ilə bağlıdır?

- Hərdən mənə elə gəlir ki, indi deyil, gələcəkdə çap etdirsəm ortaya daha sanballı nəsr nümunələri qoya bilərəm. Düz vurğuladınız, hal-hazırda əlimdə hazır hekayələr kitabı və bir roman olsa da, bu yaxınlarda onları çap etdirməyə maraqlı deyiləm və tezliklə olacağını da düşünmürəm. Bunun bir neçə səbəbi var. Birincisi maddiyyatla bağlıdır. Yuxarıda dediyim kimi, nəşriyyat xərcləri kifayət qədər yüksəkdir və ən yaxşı halda kitab satışından gələn gəlir ilə yazarın nəşriyyata borclu qalmadan qurtarması yaxşı nəticədir. Ölkədə müəllifə yaxşı qonarar verərək kitab çapı və satışı ilə məşğul olan nəşriyyat da yoxdur. Ən yaxşı halda müəllifə 10-20 kitab verməklə "söhbəti" bağlamağa çalışırlar.

Bir şeyi də qeyd edim. İndi gənc yazar və şairlərin az qala hər il "kitab" təqdimatı ilə gündəmə gəlməyə çalışdıqlarını görəndə təəccüblənirəm. Şair, yazar oxucu qarşısında məsuliyyətli olmalıdır və heç bir qələm adamının oxucunu mənasız yazıları ilə yormağa haqqı yoxdur. Kəmiyyət yox, keyfiyyət önəmlidir mənim üçün. Daha çox deyil, daha yaxşı kitab ortaya qoymaq lazımdır.

- Bəlkə ədəbi mühitdə sizi narazı salan məqamlar var?

- Qətiyyətlə deyərdim ki, ədəbi mühitdə məni narazı salan səbəblər ədəbiyyata ciddi yanaşan əksər qələm sahiblərini narazı salan səbəblərlə üst-üstə düşür. Məsələn, yerlibazlıq, "çevrəbazlıq" və tərəfkeşlik... Bundan başqa, şəxsi-qərəzliyi ədəbiyyata gətirmək. Şəxsi münasibətlərin ədəbi müstəvidə çözülməsi və s. Azərbaycanın ədəbi mühit tarixini az-çox bilənlər yaxşı bilir ki, istər 37-ci, istər 60-70-ci illərdə, lap elə post sovet dövründəki qələm adamları arasında olan soyuq münasibətlər nə ilə nəticələndi? Ədəbiyyatımızın ən yaxşı "qaymaqları" arasında vəzifə, mövqe üstündə olan davaları, şəxsi zəmində baş verən mübahisələr sonradan nələrə gətirib çıxartmadı?

Bundan başqa, istər nəsr, istərsə də şeirdə ciddi və obyektiv müsabiqələrin təşkil edilməməsi, daha doğrusu, təşkil edilə bilməməsi də məni ciddi narahat edir. Düşünün, hansısa bir sayt, qəzet və ya təşkilat müsabiqə təşkil edir. Bir çox qələm sahibləri bəri başdan burda iştirakdan imtina edir. Niyə? Səbəb gün kimi aydındır.

- Bölgələrdə ədəbi fəaliyyətlə aktiv məşğul olanlar varmı?

- AYB Oğuz Bölməsinin rəhbəri kimi 3 (İsmayıllı, Qəbələ və Oğuz) rayonun ədəbi mühiti və gedən prosesə bələd olan adam kimi onu deyə bilərəm ki, hər rayonda ədəbi fəaliyyətlə aktiv məşğul olan ən azı bir neçə qələm sahibi var. Amma bu bir-iki nəfərin olması bir rayonda ədəbi mühiti formalaşdırmağa və canlandırmağa kifayət etmir. Sonda bu insanlar (əsasən gənclər) ya paytaxt mühitinə inteqrasiya olunur və ya yazdıqları əyalət mühitinin təsiri ilə "sandıq" ədəbiyyatına çevrilirlər. Nəzərə alsaq ki, paytaxt ədəbi mühitini də elə həmişə əyalətdən gələn istedalı və həvəsli insanlar formalaşdırıb, dediklərimlə razılaşarsız. Amma əyalətdəki ədəbi mühitlə bağlı o qədər də ümidsiz deyiləm. Müasir internet imkanlarından istifadə etməklə istər paytaxt, istərsə də dünya ədəbi mühitinə inteqrasiya olmaq mümkündür. Amma hər bir istedad xammaldır. Onu cilalamaq üçünsə mütləq peşəkar mühit və ustad dərslərinə ehtiyac vardır.

- Kimləri oxuyursunuz?

- Mütaliə dəyişilməz və gündəlik işimdir. İşlərimin çoxluğundan və zehni yorucu olmasından asılı olmayaraq hər gün mütaliə edirəm. Bu, bəzən 30-40 səhifə, bəzən isdə dəfələrlə çox ola bilir. İş masamın üstünə gələn qəzet və jurnallar da gündəlik mütaliə etdiklərimin siyahısındadır. Daha çox nəsr oxumağa üstünlük verirəm. Şeirlər kitabını oxumağım ən çox ovqatımla əlaqədardır. Yaxşı əhval-ruhiyyəm varsa sevdiyim şairlərin kifayət qədər şeirini oxuyuram. Bəzən də səsli dinləmələr daha çox məni cəlb edir. Nəsrə gəldikdə isə, istər yerli imzalardan, istərsə də Qərb və dünya ədəbiyyatından maraqla oxuduğum imzalar çoxdur. Xarici imzalardan Knut Hamsun, Markes, Corc Orueli, Səhər Delicani, Nəcib Məhfuz, Herman Hesse, Folkner və adını qeyd etmədiyim bir çox imzalar. Son vaxtlar Türkiyə yazarlarının əsərlərinə daha çox üstünlük verirəm. Əsasən də tarixi mövzuda yazılan əsərlərə. Yerli imzalardan əsasən əlimə keçənlərdən deyərdim. Amma bəzi imzalar var ki, onların hər yeni çıxan kitablarını əldə etməyə çalışıram. İstər XX əsr Azərbaycan nəsrinin sevdiyim imzalarını, istərsə də müasir dövr yazarları diqqətdə saxlayıram. Əlabbas, Şərif Ağayar, Natiq Məmmədli, Cəlil Cavanşır, Kənan Hacı, Yaşar Bünyad, Varis, İlqar Fəhmi, Mübariz Örən və bir çoxlarını. Təbii ki, sadaladıqlarım müasir Azərbaycan nəsrində oxunmalı imzaları tam əhatə etmir. Yaddan çıxan, adlarını çəkmədiklərim də vardır.

- Siz ədəbi mühitdə qalmaqaldan, səs-küydən, müəyyən mübahisələrdən həmişə uzaq olmusunuz. Yazıçı və şairlər arasında olan mübahisələrə necə baxırsınız?

- Ümumiyyətlə, xaraktercə qalmaqalı, saxta pafosu və reklamı sevməyən biriyəm. Dediyinizdən uzaqda olmağımın ilk səbəbi, məncə, elə budur. Ədəbi mühitdəki qalmaqallardan uzaq olmağımın ikinci bir səbəbi də bəlkə də paytaxt ədəbi mühitindən uzaqda - əyalətdə fəaliyyət göstərməyimdir. Amma düşünürəm ki, qalmaqalı sevən biri üçün məsafə və mühitin fərqi yoxdur. Qalmaqalı sevən harda olmağından asılı olmayaraq özünü bu işlərin mərkəzində görməyi sevir. Mənim ədəbiyyatla bağlı düşüncələrimə və baxışıma görə ədəbiyyatda oxucunu heyrətləndirəcək yazılarla yadda qalmaq daha yaxşı olar.

 

Söhbətləşdi: Tural CƏFƏRLİ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!