Zaman maşını - Günel Eyvazlı yazır

Günel EYVAZLI

 

Böyük sənaye, texnologiya şirkətləri insanlara tez-tez sorğular ünvanlayırlar. Böyük şirkətlər "Nələrin kəşf olunmasını istərdiniz, nəyin yaranması sizin xəyalınızdan keçir" sualıyla çağırış edirlər. Bu çağırış, bu istək bizlərə fantastik görünsə də və bizlər bu tip çağırışlarda aktiv olmasaq da, buna səy göstərən, marağında olan insanlar var ki, onlar davamlı olaraq beyinlərində yaratdıqları ideyaları satmaq üçün şirkətlərin bu tip sorğularını gözləyirlər.  Və bunun müqabilində yaxşı pul əldə edirlər.

Müasir texnoinkişaf qarşısında keçilməz sədd yoxdur. Hal-hazırda şirkətlərin  daha çox ideyaya ehtiyacı var. Onlar ideyanı satın almaq, yeni nələrinsə kəşfinə nail olmaq arzusundadırlar.

Sürətlə inkişaf edən dünyada xəyalımızdan keçirdiyimiz istənilən əşyanı qısa müddət ərzində realizə olunduğunun şahidi oluruq. Keçmiş insanların uçmaq istəyi indi reallığa çevrilib. Yəni onlar nağıllar, rəvayətlər, miflər vasitəsilə bizə ideya ötürüblər. Müasir gerçək texnologiya isə bu ideyalar toplusundan zaman yetdikcə yararlana bilib. "Dedal və İkar" mifi, uçan xalçalar, sehrli xalatlar, daha doğrusu, keçmiş insanın uçmaq arzusu əsrlər sonra təyyarə adlı uçuş əşyasını bizlər üçün real etdi. Əlbəttə, bəşəriyyət bu kəşfə qədər uzun yol keçmişdi. Uçmaq istəyində olan onlarla usta, alim həyatlarını bu istəyin uğrunda riskə atmış oldular. Nəhayətində isə zamanların istəyi reallığa çevrildi. İnsan geniş ənginlikləri görmə şansını qazandı. Amma təyyarə yenə də o istəyə, o arzuya, o uçuş ləzzətinə tamlıqla cavab verə bilmir. Bəlkə də elə bu səbəbdən alimlər insanın qollarını açaraq havada pərvaz etmək istiqamətində kəşflərini genişləndirməyə çalışırlar. Bəlkə də gələcəyin insanı bu fantastik arzunu da gerçəkləşdirəcək.

Demək bizlərin gələcək nəslə ötürə biləcəyimiz  ən gözəl mükafat ideyadır. O ideya ki, keçmiş insanların arzularını ifadə edən miflərdən bizlərə ötürülmüşdü və texnologiyanın inkişafında zamanla bu istəklər gerçəkləşmişdi.

Dərindən fikirləşən zaman keçmiş yazıçıların, şairlərin daha fundamental, daha köklü və dayanıqlı əsərlərinin yazılmasını özümüz üçün aşkar edirik. Necə ola bilər ki, klassiklərimizin əsərlərində qazıntı apardıqca elə hey yeniliklərlə qarşılaşırıq. Dərinlik bizi əsərin daxilinə doğru getməyimizə şərait yaradır. Bunun səbəbi çox  sadədir. O zamanın qələm adamı yazdığına ədəbiyyat deyib özünü kənara çəkmirdi. Və yaxud ilham deyib də mələk gözləntisində bulunmurdu. Ağzına gələni yox, köklü, təsdiqin tapmış elmiliyi, fəlsəfəni əsərlərinə gətirirdi. Astronomik bilgiləri, fəlsəfi düşüncəni yaradıcılığına yansıdırdı.

Haqqında söz açmaq istədiyim yazıçının ilham mənbəyi Jül Vern idi. O, öz əsərlərini elmi fantastik əsərlər adlandırmasa da, əslində, özünün də xəbəri olmadan yeni janrın əsasını qoymuşdu. Öz zamanında oxucu məhəbbətinin köməyi ilə populyarlıq qazansa da, elmə bəxş edə biləcəklərinə həmişə ironiya ilə yanaşılmış və onun düşüncələri ağlasığmaz, mümkünsüz görünmüşdü.

Əslində fantastika mənə real əsərlərdən daha rəngli və maraqlı görünür. Səbəb bəlkə də bu həngamənin və qarmaqarşıqlığın içində baş sındırmaq, düşünmək, beyni didişdirmək zövqünün olmasıdır. Yəni fantastik əsərlərdə reallığa bənzər gerçəklik görməsək də, olmaz bir şey haqqında düşünmək özü əlavə rəng çalarına boyayır insan beynini. Həm də son dövrlər fantastik əsərlərdən oxuduqlarımızı reallıq və yeni kəşf olaraq gördükdə bu əsərlərə heç də barmaqarası baxmaq olmaz kimi fikirləri beynimizə ötürmüş oluruq. Əslində isə həmin fantastik süjetlərin yuxarıda qeyd etdiyim ideya rolunu oynaması səbəbidir ki, bu tip əsərlərə və yaxud bu yöndə çəkilən filmlərə diqqət kəsilən şirkətlər fərqli beyinlilərin əsərlərə gətirdikləri əcaib mümkünsüzləri mümkünə çevirməyi qarşılarına məqsəd kimi qoyurlar.

Maləsəf, ingilis əsilli Herbert Corc Uells indinin özündə də fantastik əsərləri ilə dünya gündəmində olan yazıçılardandır. Dünya onu hələ də ehtiramla yad edir.  Əlahəzrət Hollivud isə əsərlərini ekranlaşdırmaqla yazıçını bizə daha da yaxınlaşdırır.

Cənab Herbert  1866-cı ildə Bromlidə, Kent qraflığında dünyaya göz açmışdı. Deyilənə görə uşaq ikən hər iki ayağından aldığı zədə onu bir müddət yataq xəstəsinə çevirmişdi. Bəlkə də, bu passiv həyat onu gələcəyin fantast yazçısı etməsi üçün tale oyunu idi.

Herbert vaxtı boşuna keçirmir və bütün zamanını kitab oxusuna sərf edir. Bir müddətdən sonra özünə gələn Corc Londonda Pedaqoji kollecə daxil olur. Həyatının yeni mərhələsində isə onun gələcək inkişafında böyük rola malik olan Tomas Xaksli ilə rastlaşır. Cənab Xaksli biologiyadan dərs deyirdi. Herbert də biologiyadan aldığı təsir nəticəsində özünün elmi fantastik əsərlərini (halbuki o, yazdıqlarını belə adlandırmırdı) ard-arda yazmaqla məşğul idi.

Herbert yazdıqlarının bəlkə də fərqində deyildi. Sadəcə, oxuduqları, öyrəndikləri onun beynində qəribə bir dünya görüntüsü yaradırdı. Məsələn, yazıçının yaşadığı dövrdə velosiped minik vasitəsi kimi istifadə olunurdu, fotoaparat isə yenicə kəşf olunmuşdu. Buna baxmayaraq Herbertin beyin dünyasında əcaib robotlar, Marsdan pənah gətirmiş marsianlar, zamanı irəli, geri çəkməyə qadir olan zaman maşınlarının konstruksiyaları formalaşırdı. Elə bu formalaşmalar da "Zaman maşını", "Doktor Morun adası", "Görünməz adam" kimi dillər əzbəri olan əsərlərin yaranmasına səbəb oldu.

Uellsi daha çox insanların sosial taleyi narahat edirdi. O gələcəkdə cəmiyyət deqredasiyasının nəticəsində insanlığın qarşılaşacağı fəlakətləri göz önünə gətirərək narahatlıq keçirirdi. Bu, həssas qəlbli yazıçının rahatlığını əlindən alırdı. Məhz həmin dönəmdə Herbert fabianlar cəmiyyətinin (Londonda sosial filosoflar cəmiyyəti) üzvinə çevrilir. Məhz həmin müddətdə yazıçı fantastik əsərlər yazmaqdansa sosial tənqid analizinə üstünlük verir. 

Uellsin maraqlı fərziyyələr toplusu yeni ədəbiyyat formasına çevrilirdi. Eşitdiyi istənilən xəbər onun mücərrəd, fantastik beynini silkələyirdi. Məsələn, o dövrlərdə Marsın yerə yaxınlaşması və bəzi alimlərin o dövr teleskopları ilə planet üzərində su cığırlarını görməsi kimi dillərdə dolaşan sözləri sonralar "Dünyalararası müharibə" kimi fantastik əsərlərin yaranmasına səbəb olurdu.

"Dünyalararası müharibə" əsəri maraqlı quruluşu, qeyri-adi hadisələri ilə o dövrün insanını valeh etdiyi kimi, indi də gündəm mövzusudur. Həmçinin neçə-neçə cizgi filmlərinin yaranmasına səbəb olmuşdu.

Uellsin əsərlərində insanın gələcək taleyi daima ana xətt olaraq keçir. İstənilən fantastik durumun daxilində obrazın dilindən passiv cəmiyyətin, çərçivəli insan həyatının, süründürməçi ömrün acısı təsvir olunur: "Daş evlərdə yaşayan insanlar bədbəxt siçovullar kimidirlər. Heç nəyə qadir deyillər. Onların nə cəsarəti, nə də qüruru var. Heç istəməyi də bacarmırlar. Ömürlərini tələskənlik çərxində heçə verirlər. Səhərlər daima işə tələsir, işdən qovulmamaq amacıyla qaçırlar. Axşama yenə də evə, yemək yeməyə gecikməmək üçün səhərki tələskənliklə tələsirlər. Sükut dolu küçələrlə yeriməyə qorxurlar, məhəbbətsiz evləndikləri qadınlarla yatırlar, bütün həyatlarını isə qəfləti xətalardan qorunmaq instinktinə kökləyirlər..." ("Dünyalararası müharibə" əsərindən).

Uells elmi çox sevirdi. Elm onun həyat iliksiri idi. Günlərin birində Frenki Harrison adlı naşirlə görüşən yazıçı "Hərəkətsiz kainat" adlı elmi əsərini ona təqdim edir. Əsəri oxuyan və heç nə anlamayan naşir yazıçının (o zaman yazıçılıq fəaliyyəti ilə hələ məşğul olmurdu) bütün çabalarına baxmayaraq, kitabı nəşr etdirməyi boynuna götürmür. Görüşdən kor-peşman qayıdan Herbert bütün elmi kəşflərini ədəbiyyat adına verməyi qarşısına məqsəd qoyur. Və yazıçının hamıya əlçatmaz, mümkünsüz görünən elmi yazıları ədəbi əsərlər daxilində fantastikaya çevrilir.

Dünən, bu gün, gələcək adına tanıdığımız üç zaman kəsiyindən əlavə dördüncü zaman kəsiyinin də mövcudluğunu söyləyən Herbert, elm kimi bunu sübut edə bilməsə də, "Zaman maşını" adlı ilk romanında fantastika adına böyük şöhrət qazanır. Əslində, o dövr üçün gülməli görünən zamanlara gedişin mümkünlüyü indinin alimləri üçün lazımlı material kimi daima elm masası üzərindədir. XXI əsrin alimləri, fizikləri yeni sürətin kəşfindən sonra bunun mümkün olacağını söyləyir. Herbert isə "Zaman maşını" fərd olaraq hər birimizdə mövcuddur, söyləyir. Biz xatırlayaraq keçmişə, xəyal edərək gələcəyə gedə bilirik" - deyir.

Herberti Qərb dünyası öncəgör yazıçı kimi tanıyır. Çünki "Dünyalararası müharibə" əsərində təsvir olunan bütün silah növləri iyirminci əsrdə öz kəşf həllini tapır. İnsanı əridən, yox edən kimyəvi silahlar, lazer şüası haqqında Eynşteyn və Minkovskidən on il öncə xəbər verir. O, paralel dünyalar anlayışını ilk dəfə olaraq fantastik ədəbiyyata gətirir. 

Yazıçı "Fəzada müharibə" kitabının ön sözündə gələcəkdə epitafiyaya çevriləcək sözləri qələmə alır: "I told you so. You damned fools. - Mən sizə xəbərdarlıq etmişdim. Lənətə gəlmişlər, siz axmaqsınız".

Herbertin külü vəsiyyətinə uyğun olaraq oğulları tərəfindən La-Manşa səpilir. Dünya öncəgör yazıçının fantastik kəşfləri üzərində indinin özündə də baş sındırır. Herbert Uells ömrünün sonlarına yaxın fantastikadan uzaqlaşaraq ara-sıra realist əsərlər yazsa da, realizmdə elə də sevilmir. Hamı onun təxəyyülündən süzülmüş qeyri-mümkünlüyünü sevir. Və indinin özündə də yazıçıya yönəlmiş məhəbbət enerjisi zaman maşınından süzülürmüş kimi Herbertin ölüm adlı fantastik məskənini işıqlandırır.

 

Günel EYVAZLI