Afaq MƏSUD: "Bu gün ədəbiyyata marağın azalmasının səbəbi - həyatın ədəbiyyatdan maraqlı olması, yəni, məna və məzmun aktuallığı ilə ön plana keçməsidir" - Müsahibə

Xalq yazıçısı Afaq Məsudun Azərbaycan dili, ədəbiyyat, teatr, yaradıcılıq və s. mövzular ətrafında "Fraza" jurnalına verdiyi müsahibəni oxuculara təqdim edirik.

 

- Afaq xanım, siz yazıçı Əli Vəliyevin nəvəsi, ədəbiyyatşünas Məsud Əlioğlunun qızısınız. Ədəbiyyatçı ailəsində doğulmaq sizə nə verdi və sizdən nə aldı?

- Əli Vəliyev və Məsud Əlioğlu nəinki mənə, bütövlükdə Azərbaycan dilinə, ədəbiyyatına və elminə əlamətdar töhfələr vermiş tarixi şəxsiyyətlərdir. Əli Vəliyevin dağ çiçəyi və samovar tüstüsü qoxulu romanlarını, Məsud Əlioğlunun dərin fəlsəfi həqiqətlər, ruhi sarsıntılar və ağrı dolu məqalələrini, monoqrafiyalarını bu gün təkrar gözdən keçirərkən Azərbaycan dilinin hansı imkanlara malik olduğuna, hansı bir ustalıqla işlədilməsi məharətinə heyrətlənməyə bilmirsən. Son illər əsərlərimi yarımçıq saxlayıb, yazı prosesindən uzaqlaşaraq var gücümü, bütün yaradıcı enerjimi Azərbaycan dilinin Ana kitabı - Orfoqrafiya lüğətinə həsr etməyimin də, düşünürəm, alt qatında Əli Vəliyev və Məsud Əlioğlu, onların fitri dil duyumu, Ana dilinə olan sevgisi dayanır. Məndən alınana gəlincə, yəqin ki, bu, yazıçılıqdır. Yəni hamı kimi adi qaydada yaşamaq hüququndan, normal insan həyatından məhrumluq. Daim ətrafını - baş verənlərə və verəcəklərə məsul edilmiş gizli casustək qəribə bir sayıqlıqla izləmək, görüb-sezib anladıqlarını, indicə baş verəcək qorxunc qəzanın qarşısını alacaq xilas tədbiri, qoruma kəməritək hafizəndə saxlamağa, kompüterə, ya kağıza köçürməyə tələsmək, bəzən yuxu ilə reallığın sərhədlərinin itdiyi şəffaf çəkisizliklərdə, yazdığın, yaxud düşündüyün fikir və cümlələrin sıxlığında - sözlər və üzlər dolu adamboğan cəngəlliklərdə vurnuxmaq və sair və ilaxır.

- Statistikaya görə ölkədə bədii ədəbiyyat oxuyanların sayı get-gedə azalır. Sizcə, bunun səbəbi nədir?

- Söhbət ciddi ədəbiyyatdan gedirsə, yəni insanın təfəkküründə, dünyaya baxışında nəyisə dəyişə biləcək həqiqi ədəbiyyatı nəzərdə tuturam, bu statistika hər zaman, tarixin bütün dönəmlərində eyni vəziyyətdə olub. Yəni hər zaman kütlə - dərin, əbədi həqiqətləri, onların məna və mahiyyətini açan ciddi ədəbiyyata yox, gündəlik həyatları boyu gördüklərini və anladıqlarını onlara bir də, həmin o gördükləri və anladıqları şəkildə təsvir edən yüngül ədəbiyyata can atıb. Lakin bu gün mənzərə bir qədər fərqlidir. Bu gün ədəbiyyata, ümumiyyətlə, insan təfəkkürünün yaratdığı hər bir şeyə marağın azalmasının səbəbi - həyatın ədəbiyyatdan maraqlı olması, yəni məna və məzmun aktuallığı ilə ön plana keçməsidir. Vaxt axarının sürətlənməsi ilə bir xeyli yığcamlaşmış, ayları, günləri qısalıb daralmış və bu səbəbdən xeyli çevikləşmiş həyat ritmi, Kainatda, təbiətdə, cəmiyyətdə baş verən sirli hadisələr, ictimai-siyasi proseslər, informasiya bolluğu, sosial şəbəkələr və s. bu gün nəinki ədəbiyyatı, ümumiyyətlə, əbədi və dəyişilməz olan bir çox dəyərləri arxa plana atmaqdadır. Yer kürəsinin hərəkətlənməsindən təkanlanmış Zaman bizlərə, yaşadığımız həyatın artıq, nə həmin o miskin xırdalıqlar və onlar uğrunda çarpışmalar meydanı, nə də dünyanın, həmin o kobud darısqallıqlar və dayanacaqlar dolu, ləng zaman boşluqlarıyla uzandıqca uzanan Durğunluqlar Aləmi olmadığını anlatmaqdadır. Siz bir düşünün, kimin ağlına gələrdi ki, zəhərlənmiş təbiəti, ruhu sıxılıb boğulmuş İnsanlığı ilə uçurumun kənarına, yəni öz sonluğuna sürüklənmiş dünyamızı, bir vaxtlar onun bütün günahlarını - çarmıxa çəkilib, vücuduna vurulan yoğun mıxların ağrı-əzabıyla yuyan müqəddəs İsa peyğəmbər kimi, bütöv bir ölkə, qədim bir xalq - Ukrayna - yenilməz milli ruhu, hüdudsuz Vətən və azadlıq yanğısı ilə xilas edəcək?.. Yəni sözümün canı budur ki, bu gün, bütün bu sürətin, gözlənilməzliklər dolu dəyişikliklər dönəminin ədəbiyyatını yaradan yazıçısı qələmi əlinə almazdan, kompüterin qarşısına keçməzdən əvvəl, ilk növbədə, dünyanın hansı tərəfində olduğunu, bütün bu baş verənlərin - yəni hər bir şeyin mənzərəsini, ruhunu, məna və məzmunu dəyişənin nə olduğunu anlamalı, ən azı, bu barədə müəyyən təsəvvürə malik olmalıdır ki, nəyi yazmalı və nəyi daha yazmamalı olduğunu bilsin. Əks təqdirdə o, yəni ədəbiyyat köhnəlmiş ağrıları və dərdləri ilə, ideya və problemlərinin bu günə dəxlisizliyi ilə sıradan çıxmağa, daha doğrusu, bir vaxtlar özü kimi əbədi və dəyişməz sandığı zamanın amansız hökmü ilə vurulub kənara atılmağa məhkumdur.

- Bəziləri "Sərçələr" hekayənizi, bəziləri "İzdiham"ı, digərləri "Azadlıq" romanınızı yüksək qiymətləndirir. Əgər seçim imkanınız olsa, hansını seçərdiniz?

- Bunlar fərqli əsərlərdir. 80-ci illərin sonları yazılmış "Sərçələr", o qəbildən "Dovşanın ölümü", "Qəza" və s. hekayələr - insan tənhalığı, onun lüzumsuz xırdalıqlar və qaydalar bataqlığında boğulduğu cəmiyyətə yadlığı haqqındadır. "İzdiham" tam ayrı bir ərazidir - insanın real və olsun ki, keçmiş həyatlarında yaşanan hadisə və olayları tamamilə ayrı şəkildə görən və anladığı qaydada fiksə edən şüuraltı yaddaşın məhsuludur. Bu, daxil olunması, xatırlanması, hansı səbəbdənsə insana yasaq edilmiş təhtəlşüurun, onun özü və həyatı haqqında bildiklərindən tam fərqli məlumatları - yad həqiqətlər saçan əcaib yuxuları, qırıq-qırıq, ağ-qara lentlərə köçürülmüş səssiz xronika kadrlarını xatırladan adda-budda görüntülər, anlaqsız mənzərələrdir. "Azadlığ"a gəlincə, əsər bütöv bir ölkənin taleyüklü, tarixi keçid mərhələsində yaşananları, həmin dövrdə şəhərin meydan və küçələrində cərəyan edən ictimai-siyasi hadisələri və onlarla, necəsə paralel şəkildə, hansısa çox yaxın, məhrəm ərazilərdə - miqyas etibarilə daha geniş - bir ölkənin, ya şəhərin təhtəlşüurunda bu baş verənləri təsvir edən mistik tarixi romandır. Odur ki onları müqayisə etmək, bir-birindən fərqləndirmək çətindir.

- Sizcə, həyatda yaşadığı hadisələrin yazıçının əsərlərinə nə dərəcədə təsiri olur?

- Əlbəttə, yaşadığı dövr, məkan, mühit və s. bu kimi şərtiliklər yazıçıya da, əsərə də müəyyən təsirlərsiz ötüşmür, lakin əgər əsər yazıçı təxəyyülünün real həyatla konfliktindən doğulursa, o halda əsaslı təsiri onların hər ikisinə - müəllifin şüuraltı, genetik yaddaşı - bəlkə də, min illərin görüntü və mənzərələrini özündə saxlayan ilahi həqiqətlər və məlumatlar hücrəsi göstərir. Əlbəttə, əgər yazıçının həmin o hücrəyə yolu, oralarla hər hansı anlaqlı, ya anlaqsız əlaqəsi, bağlantısı varsa. Bu qəbildən bağlantıların təsiri özünü, dünyanın üzü qədimdən bəri yazıb-yaratmış bir çox yazıçı və şairlərinin əsərlərində bu gün də büruzə verməkdədir. Yəni bunu bir neçə dəfə demişəm - görünənləri elə göründüyü şəkildə, bəlağətli cümlələrlə kağıza köçürmək böyük ədəbiyyatın yolu deyil.

- Əsərlərinizi səhnələşdirən rejissorların işindən razısınızmı? Ümumiyyətlə, bu gün teatrımızın səviyyəsi sizi qane edirmi?

- Bu gün teatrlarımızın səviyyəsi, məncə, heç kimi qane etmir. Yəni əfsuslar olsun ki, bu gün teatrlarımızda da eyni mənzərə ilə qarşılaşmaqdayıq. Halbuki günü-gündən daralıb yığcamlaşan bu həyat tempimizdə öz yerini və əhəmiyyətini qoruyub-saxlamış bəlkə yeganə sənət müstəvisi məhz teatrdır. O səbəbdən ki, mütaliəsi həftələr, aylar tələb edən qalın kitabların məzmun və mahiyyətində olanları qısa zaman çevikliyi ilə, plastika, işıq, səs və s. effektlərlə canlı və emosional şəkildə çatdırmaq imkanı yalnız ondadır. Mənim pyeslərimə gəlincə, bu günəcən səhnəyə qoyulmuş üç tamaşanın hər birini milli teatr tariximizin əlamətdar hadisəsi, böyük uğur hesab edirəm. Bunlar - istedadlı rejissor, böyük teatr xadimi Vaqif İbrahimoğlunun Dövlət "Yuğ" Teatrında quruluş verdiyi, baş rollardan birini - Əzrayılı da özünün oynadığı "Can üstə", bir müddət sonra elə həmin teatrda səhnələşdirdiyi "O məni sevir" və istedadlı rejissorumuz Mehriban Ələkbərzadənin Akademik Milli Dram Teatrının səhnəsində quruluş verdiyi "Qatarın altına atılan qadın" tamaşalarıdır ki, hər biri cəmiyyətə təsir gücü, oyatdığı maraq dairəsi ilə bu gün də yaddaşlarda yaşamaqdadır.

- Son illərdə sizin yaradıcılığınızda iki meyil qabarıq görünür: dini mövzulara və dram janrına müraciət... Bu maraq sizdə haradan yarandı?

- Dram janrına müraciətimin tarixçəsi barədə bir neçə müsahibəmdə ətraflı danışmışam. Qısaca olaraq deyim ki, bu janra müraciətimin səbəbi, daha doğrusu, səbəbkarı - 2003-cü ildə yazılmış "Can üstə" hekayəsindən hədsiz təsirlənən, içi bağlı qapılar, keçid və dəhlizlərlə dolu olan əsərin alt qatında yatan gizlinlərə yol tapmaq, həmin o bağlı qapıları aralayıb açmaq qüdrətinə, yalnız teatr malik olduğunu bütün mümkün izahlarla mənə təlqin edib, ilk, eyniadlı "Can üstə" pyesini yazdıran - unudulmaz teatr sənətkarımız, böyük səhnə ustası Vaqif İbrahimoğlu olub. Dini mövzuya gəlincə, "Kərbəla" pyesini nəzərdə tutursunuzsa, bu, dini əsər deyil. "Kərbəla" - Şərq qadınının uca mərdliyindən, Allaha olan ilahi sevgisi və sədaqəti ilə qazanılmış kütləvi sevgiyə və inama görə amansızlıqla qətlə yetirilən müqəddəs imamların həyat hekayətini qədim Şam şəhərində, şəhərin adamla dolu mərkəzi meydanında, bir kimsədən çəkinmədən səsləndirdiyi açıq və cəsarətli bəyanatı ilə bəşər tarixinin yaddaşına həkk etmiş tarixi simadan - Həzrət Əlinin qızı, xanım Zeynəbin, azyaşlı imam övladları ilə bir yollandığı iztirablı və şərəfli yoldan, bu gün "Səfər ayı" adlandırdığımız tarixi səfərdən bəhs edən epik dramdır. Əsər bir neçə il bundan əvvəl Mədəniyyət Nazirliyinin açdığı dövlət sifarişi ilə Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulmağa hazırlansa da və oxu məşqlərinə başlansa da, orada yaşanan mühit, yaradıcı heyətin, yumşaq desək, "işgüzar" ovqatı məni, tamaşanın bağlanılması ilə bağlı Nazirliyə rəsmi müraciət ünvanlamağa sövq etdi.

- Bir vaxtlar Məhəmməd Nəsəfi, Qəzali, İbn Ərəbi, Rumi kimi böyük sufi alimlərin əsərlərini dilimizə tərcümə etmisiniz. Bu qədim mətnlərə maraq necə yarandı?

- Sufilik haqqında vaxtilə atamdan eşitmişdim. Bu ilahi fəlsəfənin real həyatdan tam fərqli, mistik bir aləm olduğu, insanı həyatından, ailəsindən, cəmiyyətdən, hətta özündən belə ayırıb-aparan hansısa ayrı, yasaq həqiqətlər saçdığı və s. bu kimi mətləblərin yaratdığı təəssüratlar, hələ tələbəlik illərindən məndə maraq oyatmışdı. Bu aləmə ikinci və daha möhtəşəm maraq dalğasını, daha doğrusu, artıq ehtiyacı - əsərlərim, onların içi ilə, sirli yazı yollarıyla havalı sürətlə, bəzən sürünə-sürünə gedib-çıxdığım, daha doğrusu, dirəndiyim girişsiz, çıxışsız, izahsız dalanlar, reallıqla heç cür kəsişməyən və heç bir zaman kəsişməyəcəyinin dəhşətli həqiqətini mənə necəsə, sanki görünməz "dayan!" işarəsi ilə anladan sirli dayanacaqlar - ilahi məqamlar yaratdı. Və mən sufilik haqqında əlimə keçən ilk kitabı oxumağa başladım. Lakin fikirlərin qəlizliyi, ifadə və yazı üslubunun mürəkkəbliyi sətirlərin altında yatanları anlamağa, dərk etməyə imkan vermədi. Belə olan halda, mən kitabın sonluğunda yer almış kiçik bir fəsli - insanın mübhəm ilahiliyi, müqəddəsliyi, günah həssaslığı və bu xəstəhal həssaslığın yaratdığı acı iztirabları əks etdirən "İmam Həsənin zikrləri" adlı kiçik hekayətləri tərcümə etməyi qərara aldım. İlk hekayənin sonuna çatar-çatmaz, təlatümlü duyğular dəryasına düşdüyümü, ürəyimin qəribə - sevgi ağrısını andıran ağrılarla dolmağa, bu işıq və mərhəmət dolu ağrıların bütün vücudumu sarıb, qaynar damlalarla gözlərimdən axmağa başladığını hiss etdim. Hər şey də buradan başladı.

- Hazırda nə üzərində işləyirsiniz?

- Dediyim kimi, son yeddi ilim Ana dilimizin Ana kitabı, bütün ədəbiyyatların söz və ifadə mənbəyi olan Orfoqrafiya lüğəti üzərində işə həsr olundu. Böyük zəhmət, yorucu beyin fəaliyyəti tələb edən bu işin nəticəsi olaraq 2017-ci ildə əvvəlki orfoqrafiya lüğətlərində yer almış 60 000 minə yaxın yazılışı və mənası qüsurlu, əcnəbi sözlərdən, ədəbsiz mənalı ifadələrdən, "hafıltı", "tırtıltı" və "gavılltı"lardan, it hürüşləri, miyoltu və quqqultulardan təmizlənmiş ilk mükəmməl orfoqrafiya vəsaiti - "Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü", 2020-ci ildə irihəcmli "Azərbaycan dilinin orfoqrafiya lüğəti" işıq üzü gördü. Prosesin davamı olaraq, keçmiş lüğətlərdən çıxarılan 60 000-ə yaxın qüsurların ayrı-ayrı fəsillər və bölümlər üzrə təsnifatlaşdırıldığı "Azərbaycan dilinin orfoqrafiya lüğətindən (Nəsimi adına Dilçilik İnstitutunun 2013 və 2021-ci il nəşri) çıxarılmış sözlərin Təsnifatı" adlı irihəcmli tədqiqat işi də artıq yekunlaşıb, kitab yaxın günlərdə Dövlət Dil Komissiyasına, eləcə də xalqın müzakirəsinə veriləcək. Dilimizin başına açılan oyunları bütün mənzərəsi ilə əks etdirən həmin o sarı cildli, "məşhur" kitabın içindən, dərimin altından pinsetlə çəkib-çıxarantək çıxardığım, sonra hər birini, az qala lupa şüşəsi altında o üz-bu üzünə çevirib nə olduğunu müəyyən etməyə çalışdığım bu zəhərli söz-cücülərin, bığ-buynuzlu, saqqal-quyruqlu hərf quramalarının tədqiqinə həsr etdiyim ruhi sarsıntılar, ürəkbulanma və baş ağrıları dolu yuxusuz illərim, düşünürəm, yaddaşımda - gəmisi, taleyin acı hökmü ilə adamyeyən aborigenlərin adasına tuş gəlmiş və orada onların qurbanına çevrilmiş məşhur ingilis dəniz səyyahı Ceyms Kukun kədərli həyat hekayəsi tək, əbədi qalacaq. Lakin məsələnin digər, daha maraqlı tərəfi - bir xeyli gücümü, yaradıcı enerjimi aldığını düşündüyüm həmin o boğucu illərin, sən demə, məni heç də üzüb əldən salmadığını, əksinə, ağır hərbi təlimlər hərbçini mətinləşdirdiyitək - Söz, Onun qüdrəti, gizli həyatı və imkanları ilə bağlı hansısa sirli biliklər və ilahi məlumatlarla doldurduğunu kəşf etməyim oldu. Bu sirli hadisə lap bu yaxınlarda - ardını yazmağa başladığım "Akademiya" romanının yeraltı tunelləri andıran, tozlu əlyazmalar dolu yarıqaranlıq qatlarına enərkən baş verdi...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!