"Müasir yazıçı zamanı hiss edərək yazandır" - "Fikir bucağı" layihəsinin qonağı yazıçı Şərif Ağayardır

 

- Şərif bəy, xoş gördük. İşlər necə gedir? Yaradıcılığınızla bağlı nə yeniliklər var?

- Xoş görük. Normaldır. İnsanın daxili balaca kosmosdur. Kosmosda dağılma və yenidən yaranma prosesi bircə saniyə də dayanmır. Yaradıcılıq da belədir. Oturub yazdın-yazmadın içində daimi proses gedir. Bir gün dalğa kimi mütləq kənara nəsə vurub çıxaracaq.  

- Laçında doğulmusunuz. Gəncliyiniz Laçında keçib. Uzun müddətdən sonra Laçın həsrəti bitdi. Sosial şəbəkədə evinizdən videogörüntülər paylaşdınız. Çoxmu dəyişib Ağbulaq?

- Çox dəyişib. Mən də dəyişmişəm. On beş yaşımda velosipedlə sağa-sola şütüdüyüm kəndə 45 yaşımda dərman içə-içə qayıtmışdım. Müqayisə edəndə dəyişikliklərimiz tən gələr. İkimiz də talan olmuşuq.        

- Bəs nə dəyişməyib? Hansı məqam sizə 30 il əvvəlki anı yenidən yaşatdı?

- Dəyişməyən ağrılardır. İtirilmiş zamanın ağrısı. Sadəcə, əvvəl ovuda bilmirdik, indi ovuda biləcəyik. 

- Səfəriniz vaxtı kəndinizdə yaşayış yox idi. İnsanların yaşamadığı bir kəndə qayıtmaq necə idi?

- Bu elə hissdir, Nəsimi demiş, şərhi-bəyana gəlməz. Yalnız yaşamaq lazımdır. Dünyada hər şey ifadə olunmaq üçün deyil. Susub yaşanılası qarışıq duyğular da var. 

- Görünüşcə qaşqabaqlı, bir az da qapalı insan təəssüratı bağışlayırsınız. Ancaq hekayələrinizdə, romanlarınızda sizi tanımaq olmur. Həyatdakı Şərif Ağayarla, yaradıcılığındakı Şərif Ağayarın fərqi nədir?

- Mən qəlbən yumşaq və mərhəmətli adamam. Sərt xasiyyətim olsa da kinli deyiləm. Sərtlik isə içimdəki müqəddəs zonaları qorumaq üçündür. Belə olmasa məni çoxdan məhv edərdilər. Bəzən adama yaxşı bir hekayəni belə bağışlamırlar. Bəzən bir uğuru, bəzən bir sevgini. Ətraf pis adamlarla doludur. Xüsusən iddiası olub istedadı və səviyyəsi olmayan xəbislər çox təhlükəlidir. Müqavimət göstərməyi bacarmasan yaşaya bilməzsən. Hətta tüpürüb atmaq da bəzən qaçılmaz şərtə çevrilir.      

- Ənənəvi yazıçılar dediyimiz imzalar daha çox dövrün bütlərinə bənzəyir. Siz isə daha çox "müasir yazıçı necə olmalıdır?" sualına cavab kimi təqdim olunursunuz. Müasir yazıçı kimdir və ondan nə tələb olunur?

- Müasir yazıçı zamanı hiss edərək yazandır. Yaza biləndir. Bəzən görürsən, kimsə zamanı çox yaxşı hiss edir, yaza bilmir. Bəzənsə əksinə: yaxşı yazır, zaman duyğusu yoxdur. Bu iki komponenti birləşdirəndə zamanın yazıçısı olursan. Mən buna həmişə cəhd eləmişəm. Ən azı qəhrəmanlarım ətrafımdakı insanlar olub. Alındığını düşünürsünüzsə, sizə yalnız "sağ ol" deyə bilərəm.

- Ədəbiyyat taledir, yoxsa seçim?

- Mən yaradıcılığın fövqəlbəşər bir nemət olduğuna inanıram. Əks halda illərlə özünü oda-közə vurub bircə cümlə də yaza bilməyən insanlarla rastlaşmazdıq. İndiyədək Azərbaycan Yazıçılar Birliyinin minlərlə üzvü olub və var. Onların içərisində yüz nəfər ciddi yazıçı tapmaq çətindir. Halbuki ədəbiyyata bütöv ömrünü həsr edənlər olub. Cild-cild kitabları çıxıb. Demək, bizdən asılı olmayan nəsə var. Lakin yaradıcılıqda mütaliə və zəhmətin, yəni insan iradəsinin rolu da danılmazdır. Belə deyək, istedad neft quyusuna bənzəyir, mütaliə və zəhmət hesabına biz o nefti istehsal edib müxtəlif əmtəələr şəklində ortaya çıxarmalıyıq.    

- "Arzulardan sonrakı şəhər" romanı Fransada çap olundu. Bu, ədəbi hadisə idi. Ancaq sonrakı gedişatla bağlı məlumat verilmədi...

- Roman Fransanın minlərlə kitab mağazasının onlayn satış siyahısındadır. Romanı çap edən nəşriyyat bu ölkənin ən böyük yayım şirkəti ilə müqavilə bağlayıb. Hər nəşriyyatın bu imkanı yoxdur. Daha bir mərhələ əsərin nüfuzlu beynəlxalq mükafatlara təqdim olunması mərhələsi idi. Lakin məlum oldu ki, bunun üçün nəşriyyat bir çox hüquqi prosedurlardan keçməlidir. Bürokratiya Fransada çox mürəkkəb sistemdir. Ən başlıcası, mənim naşirim buradakı işindən ayrılmalı oldu. Bunu Azərbaycan adına bir şanssızlıq hesab edirəm. Adamlar kimi ölkələrin də taleyi və bəxti olur. İnanın, mən bir gürcü, yaxud bir erməni olsaydım indi artıq bir neçə nüfuzlu mükafat almışdım.         

- Çəhrayı atlar indi hardadır? Yuxular da çin olurmuş...

- Ukraynada. Harda müharibə var, orda. Harda kin-küdurət və nifrət var orda. Bəşəriyyət çəhrayı atlardan yaxasını qurtara bilmir. Kin və nifrət insanın yaradılışında var. Münbit şəraitdə ən pasifist adam da əlinə silah ala bilər. Qartalla göyərçini eyni cür sevməyimiz təsadüfi deyil.       

- Ədəbiyyatla bağlı heç vaxt demədiyiniz və demək istədiyiniz fikirlər...

- Məni çoxları ilə düşmən elədi. 

- Necə?

- Ətrafdakı yüz nəfərin ən azı doxsanı istedadsızdır və səndən həm redaktor, həm yazıçı kimi diqqətsizlik görəndə, tənqid eşidəndə inciyir, qəzəblənir. Bəzilərinə isə heç səbəb də lazım deyil. Eləcə boş yerə nifrət bəsləyirlər. Məndən küsən adamlar olur, aylar sonra xəbər tuturam (gülür). Təsəvvür elə, ağlının ucundan da keçməyən biri oturduğun yerdə səninlə düşmənçilik edir. Haqqında ağlına gələni danışır, səni gözdən salmağa çalışır, işlərinə mane olur, dostlarınla aranı vurur və s. Sən onun haqqında heç düşünmürsən, amma o, fəaliyyətdədir. Məni bu cür şoka salan çox məxluqla rastlaşmışam.

- Son günlər aktual olan bir məsələ barədə yazı yazdınız. Sifarişlə yazılan əsərlərlə bağlı müzakirələr də oldu. Cavab da gecikmədi. Buna münasibətiniz necədi?

- Sifarişlə əsər yazılmır. Sadəcə, sifariş verən düzgün seçim edir, kimin nə yazacağını bilir. Yəni sifarişçidən qabaq Tanrı o qabiliyyəti ona verib. Sifarişçi sadəcə söhbəti düz tutmalıdır. Sultan bilirdi ki, "Leyli və Məcnun" Nizamilikdir. Heydər Əliyev bilirdi ki, Nəsimi haqqında İsa Hüseynov yaza bilər. Misal üçün, mənim pulum olsaydı Həmid Herisçiyə Təbriz xalçaları ilə bağlı roman sifarişi verərdim. Bu, Həmidin taleyidir. Görürəm. Sifarişi verən verib. Mən sadəcə vəsilə olaram. Yaxud Fəxri Uğurlunu bir evə həbs edib sufiliklə bağlı modern roman istəyərdim. Əsər alınıbsa, sifarişçi gerçəyi görüb, alınmayıbsa görməyib. Demək, kəramət sifarişdə deyil, onu reallaşdırandadır. Sifariş sadəcə bir vasitədir.   

- Seymur Baycan da bir yazı yazdı. Kifayət qədər tutarlı və aydın. Seymurun fikirləri ilə razısınızmı?

- Seymurla razı olmasam belə, ona həmişə böyük ehtiramla yanaşıram. Çünki Seymurda heç vaxt yazıdan yuxarıda duran xırda maraqlar olmayıb. Bizim cəmiyyət üçün belə adamlar nadirdir. Seymurun yazısı bir az sarkazmla yazılmışdı. Məncə, o, sadə bir həqiqəti demək istəyirdi: normal, sivil, mütərəqqi ədəbi mühit yoxdursa, belə eybəcər şeylər çıxır ortalığa. Kimsə durub o yandan müstəntiq ədası ilə deyir ki, dövlətdən pul almısan, indi dur, onun gördüyü işləri tərənnüm elə. Biabırçılıqdır.        

- Rəqabət məsələsinə toxunaq. Ədəbiyyatda rəqabət. Fikirləriniz maraqlıdır.

- Hər şey gözəl əsər üçün bəhanədir. Ola bilər dostuna acığın tuta, gedib şedevr yaradasan. Mənə yaxşı mətn ver, bəhanəsini özün tap. Sənətkarlığa aparan bütün yollar məqbuldur. Siyasət necədir? Yeganə məqsəd hakimiyyətdir. Ədəbiyyatın da idealı yaxşı mətndir. Rəqabət buna kömək edirsə, olsun. Hətta paxıllıq da kömək edirsə, qoy o da olsun. Lap düşmənçilik də olsun. Lakin məndə dəyişməz bir inam var: mənəvi zənginliyi olmayan adam böyük əsər yarada bilməz. Bizdəki sənət uğursuzluğunun bir səbəbi də budur. Yaşamaq və varlanmaq şərtləri çox zaman mənəvi dəyərləri istisna edir. Ona görə içindəki işıqlı istedadı qırx-qırx beş yaşın o üzünə keçirə bilən adamların sayı çox azdır. Baxın, hər onillikdə iyirmi-iyirmi, otuz-otuz istedad gəlir ədəbiyyata, qalanlar bir-iki nəfər olur. Ya ədəbiyyatdan üzüsulu gedirlər, ya da idman oyunlarına şeir yazacaq qədər devalvasiyaya uğrayırlar.  

- Sanki vəziyyət düzələnə oxşamır.

- Elə görünür. Lakin mən ümidsiz deyiləm. Ən azı Folkner kimi ədəbiyyatın fərdləri xilas etdiyinə inanıram.

- Hansı təklifləriniz var?

- Kitab oxusunlar. Bizim bir atalar sözümüz var: Kitab bilik mənbəyidir. Kitabı bundan daha bayağı ifadə eləmək mümkün deyil. Görün yaponlar nə deyir: Kitab ruhun qidasıdır. Yəni bizi heyvandan fərqləndirən ən vacib keyfiyyəti qidalandıran odur. Demək, biz kitabla insanlıq çeşməsindən su içirik. Bilik pis məqsədlər üçün də işlənə bilər. Lakin insanlıq yerli-yerindədirsə, bilik yalnız işıq yandıracaq. Yaponiyada olduğu kimi...    

Söhbətləşdi: Tural CƏFƏRLİ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!