Ken LOAÇ: "İncəsənət müharibəyə və məhvə deyil, sülhə və humanizmə xidmət etməlidir" - Müsahibə

 

Əsl adı Kenet Çarlz Loaç olan dünya şöhrətli ingilis kinorejissor Ken Loaç 17 iyun, 1936-cı ildə İngiltərənin mərkəzi hissəsində yerləşən Vorvikşir qraflığının şimalında yerləşən, qraflığın ən böyük yaşayış məntəqəsi hesab edilən Naniton rayonunda doğulub. Atası Con Loaç elektrik, anası Vivien dərzi olub. Rejissor məktəbi bitirəndən sonra 19 yaşında Kral Hərbi Hava Qüvvələrində xidmətə başlayıb. Rejissor Oksford Müqəddəs Pyotr Kollecində hüquq təhsili alıb. Oksford Universiteti Eksperimental Teatr Klubunun üzvü kimi o, 1959-cu ildə Stratfordda Şekspir Memorial Teatrı üçün Bartolomey Sərgisinin açıq havada təşkil olunmuş tamaşasını səhnələşdirib (eyni zamanda özü də "at satıcısı" rolunda oynayıb - tərc.). Kolleci bitirdikdən sonra iki il aktyorluqla məşğul olub və beləliklə, rejissorun sənət karyerası başlayıb.

Səhnə rejissorluğuna artan marağı nəticəsində Nortempton Repertuar Teatrında rejissor köməkçisi kimi işə başlayıb və 1963-cü ildə BBC-yə keçərək bir müddət televiziya rejissoru kimi çalışıb. Müxtəlif serialların ("Z avtomobilləri" ("Z cars"), "Gənc adamın gündəliyi" ("Diary of a Young Man"), "Keti, evə gəl" ("Cathy Come Home")) və televiziya filmlərinin prodüseri olub. Həmin dövr Con Qrirsonun (Britaniya və Kanada sənədli filminin atası hesab edilən şotland əsilli sənədli filmlər istehsalçısı - tərc.) ruhunun təsiri ilə yaratdığı üslubla bir çox sənədli və bədii filmlər çəkib. Rejissor, televiziya mühitini tərk etmədən 1967-ci ildə özünün ilk bədii filmi olan "Yazıq inək"i ("Poor Cow") çəkir. "Kes" (1969) və Lokarno Film Festivalında Münsiflər Heyətinin Gənclik Mükafatını qazanan "Ailə Həyatı" ("Family Life") (1971) filmləri ilə beynəlxalq şöhrət qazanır.

Filmlərinin əksəriyyətində böhran içində yaşayan və işsizliklə mübarizə aparan İngiltərənin faciəli, bəzən də ironik tərəfini, "İngilis reallığını" göstərməyə çalışır, hakimiyyətlə ziddiyyət təşkil edən fəhlə sinfi insanlarını təsvir edir. Filmlərində daim sosialist kimliyini ön plana çıxaran Loaç adi insanları götürərək onların gündəlik həyatını, sosial və maddi çətinliklərini bütün çılpaqlığı ilə ortaya qoyur. Kann Film Festivalında 2 dəfə əsas mükafatı qazanan rejissor, 90-cı illərdən sonra "Gizli gündəm" ("Hidden Agenda"), "Yağışlı daşlar" ("Raining Stones"), Nikaraquadakı Sandinista hərəkatından bəhs edən "Karlanın mahnısı" ("Carla`s Song"), İspan vətəndaş müharibəsinə qatılan bir ingilisin hekayəsi "Torpaq və Azadlıq" ("Land and Freedom"), çarəsizliyin ümidlə qarışdığı "Mənim adım Codur" ("My name is Joe"), İngiltərədə dəmiryollarının özəlləşdirilməsinin dəmiryol işçiləri üzərindəki təsirindən bəhs edən "Dəmiryolçular" ("The Navigators") və bir sıra başqa filmlərini çəkib. Rejissorun 2004-cü ildə ekranlara çıxan "Sevinc öpüşü" ("Ae Fond Kiss") pakistanlı mühacir ailənin həyatından bəhs edir. Rejissor, 70-80-ci illərdən başlayaraq daima filmlərinin yayılmasının çətinliyi, siyasi senzura və sənətinə diqqətin olmaması ilə bağlı problemlərlə üzləşib. Aşağı təbəqənin və yoxsulların həyatından bəhs edən sosial filmlər çəkən Loaç bütün karyerası boyu müxtəlif  təzyiqlərə, qadağalara məruz qalıb.

Ken Loaç, 2009-cu ilin iyulunda Avstraliyanın Melburn şəhərində keçirilən film festivalında iştirak edən "Eriki axtarıram" ("Looking for Eric") filmini İsraili səbəb göstərərək geri çəkib. Festivalın sponsorunun İsrail olduğunu öyrənincə, "Şiddət yaradan dövlətin kölgəsində sənət yaradıla bilməz. İncəsənət müharibəyə və məhvə deyil, sülhə və humanizmə xidmət etməlidir. İsrail Yaxın Şərqdəki siyasətinə yenidən baxmalıdır" fikirlərini səsləndirib.

2012-ci ildə Turin Film Festivalında "Ömür Boyu Şərəf Mükafatı"na layiq görülən rejissor bu mükafatdan imtina edib. Ken Loaç festivalın təşkilatçısı olan Milli Kino Muzeyində işçilərin subpodratçı şirkətlər vasitəsilə işlədilməsinə və sığortasız, aşağı əməkhaqqı ilə işləməkdən imtina edən işçilərin işdən qovulmasına qarşı etinasız qala bilməyəcəyini bəyan edib.

Loaç 2014-cü ildə rejissorluqdan ayrıldığını elan etsə də, qısa müddət sonra, 2015-ci ildə Böyük Britaniyada keçirilən ümumi seçkilərdə Mühafizəkarlar hökumətinin hakimiyyətə gəlməsi ilə karyerasına yenidən başlayıb.

Ken Loaç 2006-cı ildə "Arpa sünbülünü silkələyən külək" ("The Wind That Shakes the Barley") və 2016-cı ildə "Mən, Deniel Bleyk" ("I, Daniel Blake") filmləriylə 2 dəfə "Qızıl Palma Budağı"nı qazanıb. 2017-ci ilin fevralında "Mən, Deniel Bleyk" filmi "Məşhur Britaniya Filmi" olaraq BAFTA mükafatına layiq görülüb.

Hələlik rejissorun son filmi olan "Bağışla, sənə çata bilmədik" (2019) ("Sorry We Missed You") 2019-cu ildə Kann Film Festivalında "Qızıl Palma Budağı" uğrunda yarışıb. Ken Loaç qolu sındığı üçün gipsdə olmasına baxmayaraq Kanna gələrək bu filminin Kannda yarışacaq son filmi olacağını elan edib.

Ken Loaç Kann Film Festivalı tarixində ən uğurlu rejissor hesab olunur. Onun  filmləri festivalın ən yüksək mükafatı hesab edilən "Qızıl Palma Budağı"na iki dəfə, Münsiflər Heyəti Mükafatına isə rekord sayda, düz üç dəfə layiq görülüb.        

Dini baxışlarına görə sekulyarist olan rejissor Britaniya Humanist Assosiasiyasının rəhbəridir. Müsahibələrinin birində uşaqların xüsusi dini məktəblərə getməsinin, onlara ayrı-ayrı inancların təlqin edilməsinin qəti əleyhinə olan Loaç Britaniya Humanist Assosiasiyasını şiddətlə dəstəklədiyini vurğulayıb.

Rejissor haqqında jurnalist Entoni Heyvord "Hansı tərəfdəsən? Ken Loaç və onun filmləri" (Which Side Are You On? Ken Loach and His Films ) (2004) adlı kitab yazıb.

Loaç həyat yoldaşı Lesli ilə İngiltərənin Bat şəhərində yaşayır. Oğlu Cim Loaç da televiziya və kino rejissorudur. Avtomobil qəzasında həlak olan kiçik oğlundan başqa, rejissorun bir oğlu, iki qızı da var. Qızlarından biri aktyor Eliot Levi ilə evli olan sənədli film istehsalçısı Emma Loaçdır (1972).

Rejissorun müsahibələrindən birini təqdim edirik:

 

- Filmlərinizin əksəriyyəti Böyük Britaniyada cərəyan edir. Məkanı yaxşı bildiyinizə görə, yoxsa kökünüzə və ölkənizə qaytarmaq istədiyiniz nələrsə var deyə belədir?

- Düşünürəm ki, mən sadəcə nə baş verdiyini və dünyanın necə olduğunu anlamağa çalışıram. Yalnız üzdə olanları deyil, görünməyən nələrisə üzə çıxaran hekayələr tapmaq istəyirəm. Eyni zamanda real insanları ekrana çıxarmaq və onların gündəlik həyatlarındakı dramı göstərməyə çalışıram.

- Kino hələ də bunun üçün güclü vasitədirmi?

- Əlbəttə ki, rəqəmsal kameralar, internet, televiziya kimi vasitələrlə filmlərin nümayiş üsulları dəyişib. Ancaq görüntü və səsi ifadə edən mühitin təbiəti həmişə eynidir: Hər şeyi mümkün etmək. Bu qədər.

- Oğlunuz Him də rejissordur. Nə vaxtsa ona rejissorluq barədə məsləhətlər vermisiniz?

- O mənə məsləhət verir (gülür)! Amma onu kino sənayesindən uzaq tutmağa çalışdım həmişə, bilirsən ki, ora təhlükəsiz deyil. Bir çox insan illərini film çəkməyə sərf edir.

- Karyeranız boyu minlərlə suala cavab vermisiniz. Kimsə sizə bunu etmədi?

- Etdiyini deyə bilmərəm... Futbol haqqında danışmaq həmişə əyləncəlidir, amma kinodan fərqlidir.

- Yox, amma bu gözəldir... Elə isə gəlin futboldan danışaq. Hansı komandaya azarkeşlik edirsiniz?

- Yaşadığım yer olan İngiltərənin qərbindəki Bat Şəhər Futbol Klubunu dəstəkləyirəm.

- Hansı liqada oynayırlar?

- Onlar 6-cı səviyyədədir. Aşağı liqalardakı komandaları dəstəkləməyin gözəl tərəfi odur ki, orada çoxlu pullar yoxdur və insanlar futbol oynamağa olan həvəsləri səbəbindən meydana çıxırlar. İstəsən gəzə bilərsən, ya da dayana bilərsən... Onlar adi insanlar kimi oynayırlar, bara içki içməyə gələndə onlarla qarşılaşa bilirsən. Bu, həqiqətən dostca olan gözəl şeydir, ailələr üçün də yaxşıdır.

- Stadiona getmək kimi halların hekayələrinizə qaynaq olduğunu düşünürsünüz?

- Bəli. Düşünürəm ki, sadəcə hekayələrin gəldiyi dünyaya daxil olmaq: Qəzet oxumaq, xəbərlərə baxmaq, insanlarla tanış olmaq istəyirəm. Hər şeydən əvvəl insanlarla tanış olmaq. Dünya ilə əlaqə qurmağa ehtiyacım var, təcrid olunmuş vəziyyətdə işləyə bilmirəm.

- Filmlərinizin güclü tərəflərindən biri, tez-tez olduğu kimi, məşhur olmayan aktyorlara üstünlük vermənizdir. Onlara necə yaxınlaşırsınız?

- Əslində, bu barədə uzun-uzadı danışmaq olar. Amma bu, əsasən insanlara özlərini təhlükəsiz, arxayın hiss etmələri üçün şərait yaratmaqla bağlı məsələdir. Yenə də futbolda olduğu kimi komanda şəklində işləməlisiniz. Heç kim digərindən daha vacib deyil.

- Belədirsə, sizin meydandakı rolunuz nədir? Siz məşqçisiniz, yoxsa futbolçu?

- Bilmirəm (gülür)! Əlində su qabı ilə gəzib, zədələrin üstünə su tökən adamam. Xeyr, hesab edirəm ki, hər kəsə özünü rahat və yaradıcı olduğunu hiss etdirməli, enerjilərini ortaya çıxarmalarına şərait yaratmalıyam. Yumor hissi olmalıdır, insanlar səhv etsə heç kimin onları şikayət etməyəcəyini hiss etməlidirlər.

- Cəmiyyətin keçmişdə daha çox zədələndiyini düşünürsünüz?

- Zədələnməkdən daha da irəli gedib, cəmiyyətin tənəzzüldə olduğunu düşünürəm. Düşünürəm ki, iqtisadi sistem insanları və onların həyatını məhv edir. Ayrıca, düşünürəm ki, tezliklə, iki-üç nəsildən sonra dünyanı xilas etmək mümkün olmayacaq. Ciddi mərhələdəyik: Ətraf mühit bu istehsal səviyyəsinə dözə bilməz. Nə qədər ki, belə davam edəcək, problemlər də davam edəcək.

- Biz nə edə bilərik?

- Bizə sosial və siyasi dəyişiklik lazımdır. Bizə demokratik nəzarət lazımdır. Mənfəət üçün deyil, zərurət, ehtiyac üçün istehsal lazımdır. Dünyanın sərvətlərinin qayğısına qalmalıyıq. Biz hər kəsə ləyaqətli və təhlükəsiz həyat bəxş etməliyik. Bazardan istifadə edən böyük korporasiyaların zülmünün qarşısını almalıyıq. Bu, son dərəcə böyük iş olar. Amma mən orada olmayacağam, bu, daha gənc nəsillərdən asılıdır: Onlar dəyişməlidirlər.

 

Hazırladı: Nilufər HACILI


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!