Anarın "Söz dünyası" - 1500 illik Azərbaycan ədəbiyyatının kitabı - "Ədəbiyyat qəzeti"nin "Müzakirə saatı"nda

 

"Ədəbiyyat qəzeti"nin "Müzakirə saatı"nda iştirak edirlər: Akademik Nizami Cəfərov, akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, filologiya elmləri doktoru, kulturoloq, tərcüməçi Tofiq Məlikli, "Ədəbiyyat qəzeti"nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan və filologiya elmləri doktoru Elnarə Akimova.

 

Elnarə Akimova: Bu gün "Müzakirə saatı"nda Xalq yazıçısı Anarın "Söz dünyası" ikicildliyi haqqında danışacağıq. Məlum olsun deyə deyim ki, beş cild kimi nəzərdə tutulan kitabın birinci cildi 2018, ikinci cildi 2020-ci illərdə işıq üzü görüb. İnşallah, növbəti cildlər də yaxın zamanlarda ictimaiyyətə təqdim olunar. Hələlik bu iki cild haqqında geniş fikir mübadiləsi aparmağı vacib bildik. Niyə? Mənə elə gəlir ki, hər xalqın qan yaddaşını ehtiva edən kitablar var. Özündə xalqın keçib gəldiyi yolun bütün istiqamətlərini, milli özünüdərk proseslərini, millət kimi formalaşmasına xidmət göstərən amilləri, cərəyanları, fikir adamlarının talelərini, məfkurə mücadilələrinin kodlarını daşıyan belə kitablar zamandan uzaqlaşdıqca daha qiymətli, daha gərəkli statusa malik olur. Anarın bu iki cildi həmin kitablar sırasındadır. İstərdim, mövzuya elə bu yöndən giriş edək.

Nizami Cəfərov: Anar ilk növbədə, heç şübhəsiz, görkəmli yazıçıdır. Və onun hekayələri, romanları, dramaturgiyası Azərbaycan ədəbiyyatının heç zaman ideya-estetik təravətini itirməyəcək klassik örnəkləridir... Ancaq bu da təkzibolunmaz çox böyük bir həqiqətdir ki, Anarın yaradıcılıq miqyası yazıçılıqla məhdudlaşmır. O, mənsub olduğu xalqın ruhuna dərindən bələd olan, bu xalqı istənilən məkanda və məqamda ləyaqətlə təmsil etməyi bacaran, ən başlıcası isə özündən sonrakı nəslə, artıq demək olar ki, nəsillərə yol göstərən müdrik ziyalı-ideoloqdur. Əslində, öz üzərinə aldığı milli ziyalı-ideoloq missiyasıdır ki, Anarı gənclik illərindən başlayaraq müxtəlif tribunalardan və müxtəlif məsələlər ətrafında öz mülahizələrini, ideya və ideallarını ifadəyə daim səfərbər etməkdədir.

Tofiq Məlikli: Anarın "Söz dünyası" kitabı, əslində, Azərbaycan Ədəbiyyatı Ensiklopediyasıdır. Belə bir ensiklopediyanı isə ancaq çöxyönlü mütaliə vasitəsilə geniş bilgilərə, dünyagörüşünə sahib olan Anar kimi bir intellektual yarada bilərdi. Bir dəfə yazdığımı bir daha təkrar etmək istəyirəm. Mən nə Azərbaycanda, nə Rusiyada, nə də Türkiyədə Anar kimi kitabı sevən, hər sahəyə maraq göstərən, harada çap olunmasından asılı olmayaraq, dəyərli, qiymətli əsərləri tapıb oxuyan, qaldırılan problemlərə öz görüşaçısını formalaşdıran və onlar haqqında yazılar qələmə alan ikinci bir yazar tanımıram. Məhz buna görə də Anarın ədəbi, mədəni, ictimai və siyasi maraq dairəsi olduqca genişdir. Bu səbəbdən, "Söz dünyası" kimi ensiklopedik əsərin Anar tərəfindən gerçəkləşdirilməsi mənim üçün heç də sürpriz olmamışdır.

"Söz dünyası"na hələ Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi ikən Anarın Mirzə Fətəli Axundzadənin "Aldanmış kəvakib" hekayəsilə bağlı düşüncələrini paylaşdığı "Aldanmış ulduzlar" yazısından başlayaraq, bu günə qədər qələmə aldığı ədəbiyyat tariximizə, görkəmli yazarlarımıza, tənqidçilərimizə, elm adamlarımıza həsr etdiyi çoxlu məqalələr, esselər, oçerklər, xatirələr daxil edilmişdir. Bu kitabda, həmçinin qədim dövrdən üzü bu yana mədəni-ədəbi tariximizdə baş vermiş önəmli olaylara işıq tutan bəzən iri, bəzən yığcam, həcmcə kiçik yazılar yer almışdır. "Söz dünyası"ında həqiqətən yox yoxdur.

Tehran Əlişanoğlu: Anarın hələ ki iki hissəsi ilə tanış olduğumuz "Söz dünyası" əsərini, mənimcə, bütövlükdə Azərbaycan ədəbiyyatının kitabı adlandırmaq olar. Janrını təyin etmədən, böyük hərflə yazılan Kitab anlamında; necə ki, qədim dünya üçün Dədəm Qorqudun Kitabı, ya orta çağlar üçün Mahmud Kaşğarinin "Divani-lüğət-it-Türk"ü, Yeni dövr üçün bu və digər ədəbiyyat Tarixləri, ya Ədəbiyyat dərslikləri... - o qəbildən. Hərçənd daha sonra gələn kitablar əvvəlkiləri də yenidən, yeni forma və formatda ehtiva və idrak etməyə, günün Oxusuna verməyə qeyrət edir, Anarın "Söz dünyası"nda da belədir. İbtidadan çağımızacan. "Odlar yurdunun söz və sənət sərvəti", qayaüstü yazılardan XX yüzilin modern sənəti, ədəbiyyat yazılarınacan.

Oxuduqca düşünürdüm, buna bənzər kitabımız varmıdır? Ki, milli ədəbiyyatımızın Obrazını bütövü, bütünü ilə, möhtəşəm miqyaslardan təfərrüatınacan, canlı gəlişmədə cızmağa, ayrı-ayrı mətnlərini bütünlükdə bir Mətn kimi oxumağa səy etsin. Zarafat deyil, Anarın təqdimatında 1500 illik bir Ədəbiyyat nəhəngindən söhbət gedir! Bilirik, Azərbaycan ədəbiyyatının ilkin obrazını Firidun bəy Köçərli yaratmağa çalışmışdır; təxminən yüz iyirmi il əvvəl, 1903-də qələmə aldığı ilk Azərbaycan ədəbiyyatı tarixində - Molla Pənahdan Mirzə Cəliləcən. Sonrakı dövrlərdə, bütöv bir institutun üzərində çalışdığı "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi" ikicildliyi də var, onlarla ədəbiyyatşünas-alimin ərsəyə gətirdikləri Azərbaycan ədəbiyyatı üçcildliyi də faktdır. Lap son illərin hadisəsi, elə Yazıçılar Birliyinin Dövlət Mükafatına təklif elədiyi akademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyasını da yada sala bilərik, əsasında hazırda Ədəbiyyat İnstitutu on cilddə Ədəbiyyat Tarixi hazırlayır. Bəlkə bura akademik Nizami Cəfərovun "Azərbaycanşünaslığın əsasları" monoqrafiyasında cızdığı ədəbiyyatımızın obrazını da artırmaq olar. Amma bütün bunlar müəyyən elmi və elmi-ideoloji konsept və konsepsiyalar çərçivəsində, akademik ölçülərdə ərsəyə gəlmiş məhz Tarix kitablarıdır. Ədəbiyyata müəyyən dövrün, ictimai zamanın baxışlarını, bir növ "kənar"dan baxışı ifadə edir, Tarixi obrazını yaradır. Belə kitablardan daha da biri, müstəqillik epoxamızın lap əvvəlində qələmə alınmış Yaşar Qarayevin monoqrafiyası yadıma gəlir, adı da elə belədir: "Tarix: yaxından və uzaqdan"...

Anarın "Söz dünyası" fərqli kitabdır. Sadəcə tarix kitabı deyil, məhz Ədəbiyyatın kitabıdır. Burda ədəbiyyata kənardan deyil, içdən baxış var, Azərbaycan ədəbiyyatının tarixi boyu və bir ədibin-yazıçının-millət övladının-vətəndaş-ziyalının bioqrafisi uzunu, gözümüzün qabağındaca, içindən yaranan obrazı var. Axı Anar həm də bu ədəbiyyatın iştirakçısıdır, yaradıcısıdır, bir parçasıdır. Daim, gözünü dünyaya açandan, bu ədəbiyyatın içində olub; hansı şairlə, yazıçı ilə, klassiklə, mətnlə ilk dəfə nə vaxt, necə, harda təmas qurmasından xalqın-millətin-cəmiyyətin həyatında hər birinin və bütövlükdə bu ədəbiyyatın yeri-rolu-dəyərinəcən yalnız şüur süzgəcindən, idrakından deyil, canından-qanından, yaddaş və yaşamlarından keçirib. Və bütün bunları adekvat yazı tərzi, ifadə formaları taparaq "Söz dünyası"na gətirə bilib. Mənimcə, "Söz dünyası" 1500 illik Azərbaycan ədəbiyyatı haqqında bənzərsiz kitabdır.

Elnarə Akimova: Tehran müəllim janr məsələsinə toxunmuşkən, istərdim əvvəlcə elə bu məqamda aydınlıq gətirək. "Söz dünyası"nı janrına görə necə təsnif etmək olar?

Nizami Cəfərov: Bu kitablardakı məqalələrin bir çoxu monoqrafik səciyyəlidir, Anarın ədəbiyyat və incəsənət barədəki əksərən metodoloji səviyyəli görüşlərini əks etdirir. Hətta tanıtma xarakterli yazılarında da bəlli bir ideya-metodoloji mövqeyin ortaya qoyulduğunu görməmək mümkün deyil.

Elnarə Akimova: Bir də üçüncü cildlə tanışlıq var qarşıda. Niyə məxsusi üç cildin üzərində dayanıram? Çünki kitabların annotasiyasında deyildiyi kimi, I, II, III cildlər qədimlərdən indiyə qədər ədəbiyyat tariximizə, klassik və çağdaşlara həsr olunmuş yazıları əhatə edir.

Nizami Cəfərov: "Söz dünyası"nın üçüncü cildini də maraqla gözlədiyimi gizlətmirəm. Hərçənd əminəm ki, həmin cildə daxil olunacaq yazıların mütləq əksəriyyətini qəzet, jurnal səhifələrində oxumuşam, ancaq istər birinci, istərsə də ikinci cildlərin təcrübəsi göstərdi ki, Anarın bu cür kitabları yalnız məqalə-məqalə deyil, eyni zamanda bütöv bir monoqrafiyanın fəsilləri kimi də oxunur. Çünki üçcildlik tərtib olunarkən məqalələr yazıldığı illərin deyil, aid olduğu mövzuların xronologiyası üzrə düzülmüşdür. Müxtəlif dövrlərdə qələmə alınsalar da, məqalə- fəsillər müəllifin hər nə qədər çevik, zamanın təsirlərinə həssas olsa da, prinsip etibarilə, diaxron (və fundamental!) təfəkkürünün stabilliyi, sistemliliyi və müəyyən mənada akademizminin nəticəsidir ki, "Söz dünyası"na Azərbaycan bədii sözünün (ədəbiyyatının!) kifayət qədər mükəmməl bir tarixi kimi baxmağa imkan verir.

Azər Turan: Nizami müəllim, doğrudur ki, bu kitabda məqalələr yazıldığı illərin deyil, aid olduğu mövzuların xronologiyası üzrə düzülmüşdür. Amma burda ideoloq-mütəfəkkir yanaşmasını sırf fərdi, bəlkə də, Anarın yazıçı həssaslığından doğan məhrəm bir yaşantı da müşayiət edir. Tutaq ki, Hüseyn Cavid barədə "Faciələr müəllifinin faciəsi" essesinin ardınca, Məhəmməd Hadiyə və Əhməd Cavada həsr olunmuş "İki şairin acı taleyi" məqaləsi gəlməliykən, Anar Cavidlə bağlı yazıdan sonra "kitab səhifələrində belə, oğlu atasından ayırmaq istəmədim" - deyə xronoloji ardıcıllıq prinsipini bilərəkdən pozur. Cavidlə bağlı yazıdan sonra, Hadi və Əhməd Cavad haqqında yazıdan öncə kitaba Ərtoğrol barədə "Böyük sənətkarın sənətkar oğlu" yazısını (Ərtoğrolla bağlı 1980-ci ildə yazılmış ilk yazını) daxil edir...

"Faciələr müəllifinin faciəsi" məqaləsini oxuyarkən, yadıma bir məqam düşdü. Bunu 2005-ci ildə "Cavid ömrü" filmi haqqında yazdığım məqalədə də xatırlatmışdım. Gərək ki, 2003-cü ilin fevralı idi. Turan Cavid söhbət əsnasında "Anar zəng vurmuşdu bu gün. Cavidlə bağlı filmin ssenarisini yazmağı ona tapşırıblar" dedi... "Elə bunu söyləmək üçün zəng vurmuşdu?". "Yox, xeyir-duamı istəyirdi"... Dedi və susdu. Üzündə 70 ilin kədəri sayrışırdı... "Bəs siz nə dediniz?" - soruşdum. "Nə deyəcəm, dedim, sən yazmasan, bu ssenarini bəs kim yazacaq?". Yenə də susdu. "Anardan başqa bu ssenarini yazmağa heç kəsin haqqı yoxdur", - deyib söhbəti tamamladı...

Onu demək istəyirəm ki, oxuduğumuz və bu gün müzakirəsini etdiyimiz "Söz dünyası" elə bir müəllifin kitabıdır ki, kitabdan keçən talelər həm də onun öz şəxsiyyəti ilə bağlıdır... Ədəbiyyat tariximizin, eləcə də milli taleyimizin mənzərəsini yaradan bu kitabın episentrində müəllifin öz şəxsiyyəti və yaşantıları dayanır...

Fikrimi bir az da dəqiqləşdirmək istəyirəm. Tutaq ki, Əli bəy Hüseynzadə ilə bağlı "Ucundadır dilimin həqiqətin böyüyü" məqaləsi onun Səlim Turanla bağlı qeydlərilə davam edir. Qeydlər də nə qeydlər... Müəllif Səlim Turanla Sertellərin vasitəsilə Parisdə tanış olur, 1970-ci ildə Paris səfəri, eləcə də Səlimlə görüşləri barədə "Qobustan" dərgisində məqalə yazır (və bu, Səlimlə bağlı Azərbaycanda ilk yazıdır), İstanbulda Səlim Turanla bir yerdə Əli bəy Hüseynzadənin məzarını ziyarət edir, yenə İstanbulda Səlimlə bir yerdə Ataol Bəhramoğlunun "Mutlu ol, Nazım" tamaşasına baxır... Səlim Turan Anara Parisdən "Mən, sən, o və telefon" hekayəsinə çəkdiyi tablonu hədiyyə göndərir. Anar İstanbulda Səlim Turanla vida mərasimində Azərbaycan adından çıxış edir və s... Açığı, mən bu yazıları bizim indiki anlamla qavradığımız bədii publisistika nümunəsi hesab etməyə ehtiyat edirəm. Bu, Anarın üslubudur. Azərbaycan fikir həyatında Anarın öz fərdi üslubu var. İstər esseistikasında, istər elmi araşdırmalarında, istərsə də bədii yaradıcılığında bu üslub dominantdır...

Tehran Əlişanoğlu: "Söz dünyası"na ənənəvi məqalələr toplusu kimi də baxmaq olar. Belə görünür ki, Anar ədəbiyyatımız və ədəbiyyatımızın klassikləri haqqında müxtəlif illərdə yazdığı məqalələrini iki cilddə bir araya gətirmişdir. Həm də nə az, nə çox, müxtəlif həcmdə, janrda qələmə alınmış, bugünün bilikləri üzərinə çoxlu yeni faktlar, bilgilərlə, yeni yanaşmalar, təfsirlər, təhlillərlə zəngin 114 məqalə-yazı (bütövlükdə, kitabın həcmi: I cildi - 520 səhifə., II cildi - 924 səhifədən ibarətdir). Bu baxımdan, qarşımızda nəhəng bir tədqiqatçı-ədəbiyyatşünas işi durur. Kitabda ədəbiyyatşünaslıq janrları etibarilə tədqiqat-araşdırmalar da var, elmi məqalə, portret-oçerklər, yubiley yazıları da, tənqid essesi, "Dədə Qorqud dünyası" kimi elmi-publisist traktat da. Hətta mən "Söz dünyası"nda, məxsusən birinci kitabda bir araşdırıcı obrazı da gördüm, topladığı şeirlər, araşdırdığı əlyazmalar, cünglər, təzkirələr bu təsəvvürü yaradır ki, müəllif ədəbiyyat professoru ola bilərdi, fəqət yazıçı-ədib olmuş, daha doğrusu Anar olmuş, ədəbiyyatımızın Anarı.

Bu məqam Anarın "Söz dünyası"na daha həssas yanaşmağımızı istəyir. Daha diqqətli və ardıcıl oxu göstərir ki, sadəcə məqalələr toplusu deyil; Anar "Söz dünyası"nı məxsusi şəkildə, ədəbiyyatımızın daxili bütövlüyündən, hərəkət və dinamikasından gələn vahid bir mətn kimi görür, düşünür və qurur. Kitabda, təbii ki, ədəbiyyatla birgə tarix də var; lakin bu sadəcə tarixilik prinsipinə əsaslanan təsnifat, ədəbiyyatın ictimai zamanlara uyğun dövrlərə, mərhələlərə, səciyyələrə bölünməsi deyil. Anar əsərdə asanlıqla qəliblərdən çıxır, ədəbiyyat tarixində xronoloji sıranı gözləməklə təsvir etdiyi dövrlərdən qəfil bioqrafik zamana adlayır, xatirə-anım detalları, memuar ədəbiyyatının izləri ilə təəssüratı artırır; şair, yazıçı, ədəbi simaların bioqrafisi, həyatından süjetlər müəllif düşüncələri, dəyərləndirmələri, təhlil və ricətlərlə müşaiyət olunmaqla dövrlər arasında dialoq, ünsiyyət, polemika yaradır. Təkcə müəllifin özü yox, qəhrəmanları da zamanları adlayır, özündən əvvəlki dövrlə mükaliməyə girir, sonrakı dövrdə davamlı, ya davamsız taleyini yaşayır. Müqayisələr, paralellər, bir-birini tamamlayan hadisələr vahid bir ədəbiyyatın həyatını genişliklə hiss etməyə, mənzərələrini yaxından görməyə zəmin verir. Əsərdə ümumən yazı mədəniyyətimizin panoramı var, epos var, divan ədəbiyyatı var, ədəbiyyatımızın XIX və XX əsrlərdə qət etdiyi böyük müasirlik marafonu və özünüdərki var. Aydındır ki, Anarın "Söz dünyası"nın əsas qəhrəmanı yazı ədəbiyyatımız və onun onlarca, yüzlərlə təmsilçisi, personajı, bütövlükdə Azərbaycan ədəbiyyatıdır...

Elnarə Akimova: Anar və klassik irs məsələləri. Zənnimcə, yazıçının yaradıcılığında bu məsələ ayrıca tədqiqat predmeti ola biləcək mövzudur. Çünki klassik ədəbiyyatın elə bir faktı yoxdur ki, Anar ona münasibət bildirməsin.

Teymur Kərimli: 1998-ci ildə Anarın yubileyi münasibətilə ona ünvanladığı təbrik məktubunda ümummilli lider Heydər Əliyev deyirdi: "Siz 60-cı illərdə ədəbiyyatımıza yeni ab-hava gətirmiş yazıçılar nəslinin görkəmli nümayəndələrindən birisiniz. Müasirlərimizin zəngin mənəvi aləmini, qayğı və problemlərini yüksək bədii səviyyədə əks etdirən əsərləriniz daim ədəbiyyat həvəskarlarının diqqət mərkəzində olmuşdur. Bəşəriliklə milliliyin üzvi vəhdətini təşkil edən çoxcəhətli yaradıcılığınız cəmiyyətimizdə milli şüurun aşılanmasına və xalqımızın bir çox ölkələrdə tanınmasına xidmət etmişdir".

Ulu öndərin məktubda işlətdiyi "bəşəriliklə milliliyin üzvi vəhdəti" ifadəsi, heç şübhəsiz ki, Anarın Azərbaycan klassik ədəbiyyatını nə qədər gözəl bildiyinin və yerli-yerində istifadə etdiyinin, ondan həm ərdəmli bir varis kimi bəhrələndiyinin və həm də zərgər dəqiqliyi ilə qiymətləndirdiyinin işarəsidir.

Bunun əyani təzahürü kimi Anarın "Söz dünyası" trilogiyasının ilk iki cildini göstərmək olar. Məhz Azərbaycan ədəbiyyatının istər keçmiş, istərsə də çağdaş klassiklərinin şəxsiyyətlərinə və yaradıcılıqlarına həsr olunmuş bu cildlərdə Anar öz təkraredilməz üslubu ilə elm sanballı bədii publisistikasının poetik qələmi ilə həm də ədəbiyyatşünaslığımızı, ümumilikdə isə mədəniyyətşünaslığımızı zənginləşdirən qiymətli əsərlər yaratmışdır. Bəri başdan qeyd edim ki, araşdırma sahəmə uyğun olaraq yalnız birinci cilddəki materialları nəzərdən keçirməklə kifayətləndim. O da xoş təəssürat yaradır ki, bu əsərlər təkcə Azərbaycan klassik ədəbiyyatını deyil, həm də ümumtürk klassikasını əhatə edir. Əlbəttə, bu, müəllifin ədəbi informasiyasının əngin genişliyindən və dərin erudisiyasından birbaşa xəbər verən əlamətdar cəhətdir. Digər tərəfdən, bu həm də Anarın elmi-bədii publisistikasının başqa bir özəlliyi ilə - onun Oğuz-türk sevgisi ilə bağlıdır. Məhz bu sevginin nəticəsində çox qiymətli bir antologiya - "Min beş yüz ilin Oğuz şeiri" toplusu ərsəyə gəlmişdir. Antologiyaya yazdığı "Son söz"də bu sevginin genetik köklərini də şirin bir dillə təsvir edən Anarın səmimi sözlərinə diqqət kəsilək: "...mənim şeir yaddaşımın bir çox başqalarınkından fərqli cəhəti də vardır. Atam da, anam da şair idi və böyüdükcə, ağlım bir şey kəsdikcə onların oxuduqları şeirləri - həm öz şeirlərini, həm də başqa klassik və çağdaş şairlərin şeirlərini qavramağa başladım. Həyatımda ilk eşitdiyim kitablar "Koroğlu" dastanı və Nazim Hikmətin "Günəşi içənlərin türküsü" kitabları idi. "Eşitdiyim" deyirəm, "oxuduğum" demirəm, çünki bu kitabları hələ oxumaq, yazmaq bilmədiyim vaxt anam mənə qiraət etmişdi. Evimizdə daima şeirlər səslənərdi. Atamla anamdan başqa, nənələrim, bibilərim də xeyli şeir əzbər bilərdilər".

Elnarə Akimova: Ümumiyyətlə, bu iki cildin özəlliklərindən biri budur ki, müəllifin tərcümeyi-halı, içindən keçib gəldiyi yazıçı mühiti, yaddaşdan süzülüb gələn xatirələr daim funksionaldır və məqalələrə ayrı bir həzinlik qatmaqdadır. Bunu kitabın ikinci cildində, yəni müəllifin müasir dövr yaradıcı adamları ilə bağlı yazdığı məqalələrdə daha bariz görürük. Həm də bu xatirələrdə tanıdığımız ədəbi şəxslərin içindəki nisgili oxuyub bilmiş oluruq. Məsələn, Cəfər Cəfərovun Təbriz həsrəti, Əkbər Babayevin İstanbul nisgili və s. Anar bu məqamları son dərəcə kövrək notlarla nəql edir. Yaxud kitabda Rəsul Rzaya həsr olunmuş "Çinar ömrü" məqaləsində şairin "Çörək satan qızlar" şeiri və həmin şeirlə bağlı mülahizəsi çox təsirli idi. Mənə görə, kitabın məziyyətlərindən biri ədəbi faktları arxa planda olanlarla birgə, ədəbi söhbət, dialoq müstəvisində təqdim etməklə sərgiləməsidir.

Teymur Kərimli: Əlbəttə, bayaq dediyim kimi, belə bir münbit poetik mühitdə böyümüş gələcək Xalq yazıçısının poetik sözə bu qədər dərin sevgisinin və marağının səbəblərini asanlıqla anlamaq mümkündür.

Elnarə Akimova: "Söz dünyası" kitablarının toxunduğu fundamental mövzular var. Ki, bu yazılar Anarın həm potensialını, həm də üzərinə götürdüyü missiyanı çox yönlərdən təqdim edir. İstərdim həmin mövzular üzərində dayanaq.

Tehran Əlişanoğlu: Siz missiya məsələsinə yaxşı toxundunuz. Çünki kitabı oxuduqca əsərin önəmi və yaranmasının motivləri məni də düşündürürdü. Əvvəla, bilirik ki, Anar ədəbiyyatımızın böyük təəssübkeşi, cəfakeşidir; qeyd etdiyim kimi, daim ədəbiyyatın, ədəbi prosesin içindədir. Necə deyərlər, çağdaş ədəbiyyatımızın baş yazarıdır. Onu da bilirik ki, yeni zamanlarda, "sovet keçmişi"ndən bilmərrə qopandan sonra da, müstəqillik epoxasında klassiklərimiz bir sıra hücumlara, inkarçılıq meyillərinə ürcah oldu. Yadımızdasa, zaman-zaman Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Səməd Vurğun, Rəsul Rza və başqa ədiblərimiz guya daha işıqlı gələcək naminə həmlələrə məruz qaldılar. Hətta deyərdim, qəsdən də çox, bilməzlikdən, klassikləri "oxuya" bilməməzliyimizdən. Anar özü də əsərdə bu məqama dolayısı ilə işarələr edir. Düşünürəm ki, Anarın "Söz dünyası" həm də polemik olaraq, günün, çağın bu tələblərindən, polemikasından yaranıb; klassikadan ayrılmağa tələsənlərə cavab kimi. Kitabın özündə də polemikalar çoxdur; ədəbi zamanlar arasında da, meyllər, fikirlər, düşüncələr, tarixi şəxsiyyətlər və insanlar arasında da. Bugünün içindən yazılmış "Söz dünyası"nın özü ilə də nədəsə, nələrləsə polemika etmək olar; zamanla belə polemikalar olasıdır da...

Əlbəttə, 1500 illik bir ədəbiyyatı ehtiva edən kitabla polemika da asan deyil; burda hər bir tədqiqatçının payına düşən, impuls ötürən, düşünməyə vadar edən məqamlar çoxdur. Məsələn, öz payıma; qeyd etdiyim kimi, Anar XX əsr sovet dönəmi ədəbiyyatımızı səylə, israrla zamanın məhdud çərçivələrindən çıxarmağa çalışır və böyük Azərbaycan ədəbiyyatı naminə haqlıdır da. Amma mənimcə, bu gün qorxunc bir kabus kimi damğaladığımız "sosrealizm" estetikasının burda elə bir günahı yoxdur. Doğrudur, adın özü ("sosialist realizmi") qəlibləşmiş, donuqlaşmış, ədəbiyyatda ideoloji bir tendensiyanın daşıyıcısı kimi özünü yıpratmışdır; gəlin onda "inqilabi sənət" deyək, "XX əsr sənəti" deyək, fərqi yoxdur, amma unutmayaq ki, 60-cılara qədər sovet dönəmi ədəbiyyatımızın özəlliyi, gözəlliyi həm də bu nota, bu estetikaya bağlıdır. Əslində, həmin dövrün ayrı-ayrı şairləri, yazıçıları, tənqidçilərindən danışarkən, Anarın özü də bu mövqeyi üzə çıxarmağa çalışır, amma mənimcə, kifayət qədər polemikaya da yer qoyur...

Şəksiz ki, "Söz dünyası"nın özü də modern üslubda, modern tərzdə qələmə alınmış, tərtiblənmişdir. İstər yazılarda duyduğum ədəbi mühitin nəfəsi, Anarın ustalıqla lövhələşdirdiyi, sənədləşdirdiyi ədəbiyyat qovğaları, ehtirasları, fikir toqquşmaları, istərsə də bir-birini təqib qılan, bu təəssüratı artıran rəngli və qara-ağ fotoşəkillər sırası məni bir daha XX əsr Azərbaycan ədəbiyyatı və mədəniyyətinin unikallığı, dünya mədəniyyəti kontekstində təkrarsız yeri barəsində düşündürdü, silkədi...

Teymur Kərimli: 2008-2009-cu illərdə təxminən beş ay ərzində qələmə alınmış "Odlar yurdunun söz və sənət sərvəti" adlı sanballı oçerk pentalogiyanın IV və V cildləri üçün də ümumi bir giriş kimi nəzərdən keçirilə bilər. Eyni zamanda bu, kifayət qədər lakonik və zəngin məlumatlı, sıxılmış enerji qədər təsirli və sanballı müxtəsər bir mədəniyyət tarixidir.

Oçerkin elə ilk cümlələrindən Mirzə Cəlilin məşhur "Azərbaycan" məqaləsi yada düşür: "Mənim Vətənim Azərbaycan Güney Qafqazda, Xəzərin sahillərində, tarixi və coğrafi yolların kəsişdiyi məkanda, şimalla cənubun, şərqlə qərbin qovuşağında yerləşir. Asiyayla Avropanın hüdudu - əzəmətli Böyük Qafqaz dağ silsiləsi - Azərbaycanın şimal sərhədidir".

İlk baxışda adi sözlərdir, ancaq zəndlə nəzər saldıqda bu adi sözlərdə böyük bir vətənpərvər ziyalının öz doğma yurduna olan məhəbbətinin ürək çırpıntılarını duymamaq olmur.

Nizami Cəfərov: "Söz dünyası"nın birinci cildi "Odlar yurdunun söz və sənət sərvəti" adlı kifayət qədər müfəssəl bir yazı ilə başlayır ki, çoxdanın yazısı olsa da, nəşri nəzərdə tutulmuş beşcildliyin (o beşcildliyin ki, üç cildi ədəbiyyata, iki cildi isə incəsənətə həsr edilir) ümumi ön sözüdür. Və buradakı "sərvət" anlayışı, tamamilə təbiidir ki, bütövlükdə Azərbaycan ədəbiyyatı və incəsənətinin Azərbaycan xalqı üçün nə olduğunu dəqiq təqdim edir...

Demək olar ki, hər birini çap olunduqdan bir neçə ay və ya sonra oxuduğum "Min beş yüz ilin Oğuz şeiri", "Tariximizin şeir yaddaşı", "Min ilin yüz şairi", "Türkün sözü", eləcə də dünya dədəqorqudşünaslığı tarixində xüsusi yer tutan "Dədə Qorqud dünyası" kimi yazılar Anarı ona görə həm bir azərbaycanşünas, həm də bir türkoloq olaraq dəyərləndirməyə imkan verir ki, o, ədəbi fakta öz etnotipoloji kontekstində yanaşmağın son dərəcə səmimi təcrübələrini verir. Və ona görə də "Manas", Mahmud Kaşğari, Əhməd Yəsəvi, Nizami, Mövlana Cəlaləddin Rumi, Yunus Əmrə haqqında yazdıqları türk mədəniyyəti tarixinə diferensial baxışın metodoloji imkanlarını nümayiş etdirir.

Elnarə Akimova: Nizami müəllim "Dədə-Qorqud dünyası" məqaləsindən söz salmışkən bu mövzu üzərində dayanmağımızı istərdim. Tədqiqatlar, məqalələr, dastana sevgi, onu daim aktuallandırmaq şövqü öz yerində. Ümumiyyətlə, bu dastanı Anar ömür kimi yaşayır, məncə. Çünki elə həmin "Dədə Qorqud dünyası" məqaləsində Anar qeyd edir ki, hər beş-altı aydan bir dastanı yenidən oxuyuram, hər dəfə mənimlə yeni adam kimi danışır, hər dəfə ondan indiyəcən eşitmədiyim sözləri eşidirəm, hər dəfə "Kitab"da bunacan görmədiyim, duymadığım gözəlliklər, dərinliklər, dəyərlər tapıram.

Teymur Kərimli: Ümumiyyətlə, Anarın başqa janrlarda yazdığı əsərlərdə olduğu kimi, elmi-bədii publisistikasında da hökm sürən təbii-səmimi üslub, axarlı-baxarlı təhkiyə ilk cümlələrdəncə oxucunu öz xoş təsiri altına alır, son nöqtəyə qədər bu cazibə sahəsindən bir dürlü kənara buraxmır. Anarın böyük bilicisi olduğu "Kitabi-Dədəm Qorqud"un müqəddiməsindəki Qorqud Ata haqqında deyilən tərifi bu baxımdan onun özünə də aid etmək olar: "Tanrım onun könlünə ilham edir!".

Təsadüfi deyil ki, I cildin ən böyük oçerki elə belə də adlanır: "Dədə Qorqud dünyası". Ümumilikdə isə "Dədə Qorqud dünyası" - "Söz dünyası"nın kiçik modelidir. Və Anar "Dədə Qorqud dünyası"nın bircə cümlə ilə belə bir dolğun, obrazlı təsvirini verir: "Ən çılğın ehtirasların və ən incə hisslərin, ən xəfif duyğuların, ziddiyyətli insan münasibətlərinin və zərif təbiət təsvirlərinin, igidliyin və comərdliyin, xəyanətin və satqınlığın, məhəbbətin və ölümün, qəzəbin və gülüşün, şadlığın və ələmin qaynayıb-qarışdığı bir dünyadır Dədə Qorqud dünyası".

Elnarə Akimova: Bu yazılar ədəbiyyat tarixçiliyimiz üçün qiymətli mənbələr də sayıla bilər. Yaxud ədəbi irsə, ədəbi dövrə yanaşmağın elmi-metodoloji nümunəsini meydana qoyur. Eyni zamanda mübahisələrə meydan açır. Ədəbiyyat tarixi şəxsiyyətlər tarixidirmi? Yaxud proseslər, situasiyalar tarixi kimi öyrənilməlidir? Kitabda bunların nüvəsinə varmaq üçün bütün faktlar var: dil, tarix, ümumtürk məsələləri, ədəbi abidələr, sənət nümunələri, ədəbi əlaqələr və s.

Nizami Cəfərov: Bəli, məsələn, "Söz dünyası"nın ilk cildinə daxil edilmiş "Şairin hünəri", "Şairin zəfəri" və "Şairin kədəri" məqalə-trilogiyası böyük yazıçının ortaq olduğu qədər də milli ədəbiyyat tarixinin məhsuldar bir dövrünə həmin ədəbiyyatı (poeziyanı) yaradan dühaların taleyi (və ovqatı) baxımından yanaşaraq mütəvaze bir şəkildə ənənəvi ədəbiyyatşünaslığın hüdudlarını aşmaq iddialarının nəticəsi idi ki, sonralar böyük bir ənənəyə çevrildi. Nəsimini, Xətaini, Füzulini anlamağın bir yolunu da Anar göstərdi.

Azər Turan: "Söz dünyası"nda ədəbiyyatşünaslığın, ədəbi tənqidin də örnək nümunələri var. Ötən əsrin yetmiş, səksəninci illərində yazdığı "Şairin hünəri", "Şairin zəfəri" və "Şairin kədəri" məqalələrində, doğrudur ki, ənənəvi ədəbiyyatşünaslığın hüdudları aşılırdı və yenə də, Nizami müəllim, sizin dediyiniz kimi, sonralar böyük bir ənənəyə çevrilən bu yanaşma Nəsimini, Xətaini, Füzulini anlamağın bir yolu oldu. Hətta mühüm bir yolu oldu. Etiraf edək ki, bu yazılar zamanında əksəriyyətin, eləcə də bizim hər birimizin oxuduğu mətnlər olub. Klassikləri milli həyatı ilə, yaşantıları ilə, yaradıcılıqları ilə, dövrü ilə bizə daha yaxın, bizim üçün daha məhrəm aspektlərdən və daha səmimi bir üslubda incələyən bu yazılar Azərbaycan gəncliyinin klassikaya yeni prizmadan baxmasına səbəb olub.

Tofiq Məlikli: Əlavə kimi deyim ki, oxucuların olduğu kimi, yazıçıların da öz fovaritləri vardır. Mirzə Cəlil, Mirzə Fətəli, Üzeyir bəy, Nazim Hikmət deyincə, o saat Anarın adı yada düşür. Səbəbi çox sadədir. Adlarını çəkdiyim və çəkmədiyim böyük yazıçıları Anar bizə filmləri, yazıları, dəyərli kitabları ilə daha da yaxınlaşdırıb sevdirmişdir. Onun "Kərəm kimi" romanı, "Bu yoldan otuz il öncə də keçdim", "Zəfərin mübarək, Nazim!" və başqa yazıları, Nazim Hikmətin söz dünyasının, insan sevgisiylə yoğrulmuş çiləli yaşam dünyasının gizli qapılarının açarı olaraq qalmaqdadır. Mənə elə gəlir ki, Anarla bizim dostluğumuzun təməl daşlarından biri, ikimizin də Nazimə olan sonsuz sevgimizdir.

"Söz dünyası" kitabında Anarın ədəbiyyat tariximiz və yazarlarımızla yanaşı, türkoloqlar, ədəbiyyatşünaslar, tənqidçilər haqqında yazdığı dəyərli məqalələri də yer almaqdadır. Anarın XIX yüzilin əvvəllərində Çar Rusiyasında türkologiyanın, islamşünaslığın təməlini qoymuş Mirzə Kazım bəy və türk dünyasında "dildə, fikirdə, işdə bir" ideyasını, Baxçasarayda, Krımda çap etdirdiyi "Tərcüman" adlı ümumtürk qəzetində hərarətlə savunan İsmayıl bəy Qaspıralıya həsr olunmuş yazılarında olduqca maraqlı bilgilər ver almaqdadır.

Tehran Əlişanoğlu: Ümumiyyətlə, kitabda XX əsrin ortaları, sovet dönəmini ehtiva edən rupor yazılar olaraq əsrin böyük şairləri Nazim Hikmətə ("Bu yoldan otuz il öncədən də keçdim", "Zəfərin mübarək, Nazım") və Rəsul Rzaya dair ("Çinar ömrü") fəsilləri hesab edirəm. Anarın Nazim Hikmət haqqında ayrıca iri həcmli "Kərəm kimi" roman-essesi məlumdur; amma bu əsərə də Bakı və Azərbaycan ədəbi mühiti ilə bağlı səhifələri salmağı vacib bilmişdir. Çün mənimcə, yazıçı inqilablar əsrinə elə nöqtədən baxmağa çalışır ki, onu sovet rejiminin dar, sıxıcı məngənəsindən, boğucu havasından çıxara bilsin. Məhz bioqrafisində milli türk ruhu və kommunizm idealını ağlasığmaz gözəlliklə birikdirən, təcəssüm etdirən Nazim Hikmət pəncərəsindən boylananda 1920-1960-cı illərin sənət və yaradıcılıq mühiti, Süleyman Rüstəmin ("Süleymanla Süleymansız", "Süleyman Rüstəm haqqında çıxış"), Səməd Vurğunun ("Vurğunluq", "Səməd Vurğunun mənzil muzeyində çıxış"), Mikayıl Rəfilinin ("Təsəllisiz yaşamağı bacarmaq və ya "bədbəxt adamın xoşbəxtliyi"), o sıradan Rəsul Rzanın şair portretləri bir başqa cür, əsrin çağırışına yaraşan nisbətdə görünür. Hətta bu yaradıcılıq şkalası paralel olaraq şeirimizin Cənub havasında da ("Güneydən gələn səslər"), Həbib Sahirdə ("Bu qaranlıq gecədə nə gedən var, nə gələn"), Məhəmmədhüseyn Şəhriyarda ("Ömrüm keçdi, gələmmədim, gec oldu"), Həmid Nitqidə ("Bir gün bu röyadan oyanmaq") - növbənöv milli rəngarənglikdə özünü büruzə verir, əsrin ritmlərini diktə edir.

"Çinar ömrü"nün səhifələri isə Rəsul Rza şeirinin dərinlərinə nüfuz etməklə yanaşı, müqaviməti ilə üzləşdiyi həmincə 1930-1980-ci sovet illərinin repressiv mühitini, Mikayıl Müşfiqi ("Səni kim unudar"), Heydər Hüseynovu ("Şeyx Şamilin "qurbanı" Heydər Hüseynov"), onlarla sənətkarı-ədibi aparan, Abdulla Faruqu ("Bir məktub, bir tale"), Almas İldırımı ("Gölə ad vermiş şair"), Abay Dağlını ("Abay Dağlının "Füzuli" pyesi") didərgin, Biriyanı həbsxanalara salan ("Şair, nazir, molla") qara yelləri də canlı lövhələr-xatirələr-şahidlərin dili ilə, faktlar-sənədlər-arqumentlərlə görükdürür, təsbit edir. Əsrin major akkordları altında gizlənən bu minor səslər, demək olar ki, dövrü yaşayan hər bir ədib və sənətkarın taleyində təzahür edir; hərədə bir cür, başqa bir halətdə zühur edir (Məmməd Arif, Həmid Araslı, Məmməd Cəfər Cəfərov, Mir Cəlal, Mehdi Hüseyn, Sabit Rəhman, Mirzə İbrahimov, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, Cəfər Cəfərov, Abbas Zamanov haqqında yazıları yada salaq). Və Anar "Söz dünyası"nda məhz həmin bəzən eşidilməz, çox çətin eşidilən notları eşitməyə, eşitdirməyə köklənibdir.

Kitabın son fəsillərində yazıçı Anarın bilavasitə özünün də şahidi, iştirakçısı, müdaxiləsi olduğu ədəbi mühitin havasını duyur, ünsiyyətdə olduğu neçə-neçə qələm həmkarı, dostuna həssaslıqla, ürək istisi və yazıçı-vətəndaş məsuliyyəti ilə ədəbi portretlərini cızdığını görürük (Qılman İlkin, İmran Qasımov, İsmayıl Şıxlı, Hüseyn Abbaszadə, Əziz Mirəhmədov, Kamal Talıbzadə, Əzizə Cəfərzadə, Əkbər Babayev, Balaş Azəroğlu, Cavad Heyət, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Qabil, Söhrab Tahir, Bəkir Nəbiyev haqqında yazıları anaq). Belə ki, qarşıda altmışıncıların nəfəsi hiss olunur və mənimcə, ədəbiyyat romanının növbəti hissəsi (cildi) daha da maraqlı hadisələr vəd edir.

Elnarə Akimova: Anar və milli dil məsələləri. Bütün dəyərli ziyalılarımızın məşğul olduğu dil amili Anarın yaradıcılığında da prioritet təşkil edir. "Söz dünyası" ikicildliyində də bu məsələ milli təəssübkeşliklə qoyulur.

Teymur Kərimli: Mən həmişə Anarın görkəmli yazıçı olması ilə yanaşı, həm də onun ensiklopedik bir zəka sahibi olduğunu xüsusi vurğulamışam və təbii ki, bu cür istedad onun elmi-bədii publisistikasında da özünü göstərir. Sadəcə, bir örnəklə kifayətlənmək istərdim.

"Düşüncələr" adlandırdığı "Türkün sözü" oçerkinə Anar peşəkar bir dilçi kimi başlayaraq bu ifadənin dərin çoxmənalılığına baş vurur və hətta bu babətdən peşəkar dilçilərlə polemikaya girməkdən də çəkinmir:

"Türkün sözü"nə gəlincə, danışıqda tez-tez işlənən bu ifadəni "necə deyərlər" şəklində şərh etməklə iş bitmir, onun başqa bir çalarını da nəzərə almalıyıq. Adətən bu ifadəni bir qədər açıq-saçıq, hətta müəyyən dərəcədə kobud söz deməkdən öncə işlədirlər. Bu isə daha mühüm mətləblərdən xəbər verir".

Keçən əsrin 60-cı illərində qələmə alınmış "Ən əski yazılarımız" adlı məqaləsində də gənc Anarı istedadlı bir dilçi kimi görürük. Özəlliklə, onun "türk" sözünün tarixinə elmi başvurusu, müxtəlif qənaətlər arasında doğrunu müəyyənləşdirmək intuisiyası maraq doğurmaya bilmir. Bunun ardınca Orxon-Yenisey abidələrinə ciddi elmi yanaşma da oxucuda ancaq hörmət və minnətdarlıq duyğuları doğurmağa xidmət edir.

Nizami Cəfərov: Ümumiyyətlə, Anar dil, ədəbiyyat, incəsənət və s. hadisələrini izah edərkən dilçi, ədəbiyyatşünas, sənətşünasdan daha çox, vətənpərvər bir ziyalı-ideoloq kimi çıxış edir. Elə ona görədir ki, Anarın həm dildən, həm ədəbiyyatdan, həm də incəsənətdən yazmasına həmişə böyük ehtiyac duyulub. Ayrı-ayrı elm sahələri üzrə mütəxəssislər arasında müəyyən mübahisə doğura biləcək mülahizələrində belə Anarın ziyalı-ideoloq nüfuzunu mühafizə edən mübahisəsiz bir məqam var: dilçi dilə, ədəbiyyatşünas ədəbiyyata, sənətşünas incəsənətə və s. tədqiqat obyekti kimi baxaraq hansısa qanunauyğunluqları aşkarlamağa çalışırsa, Anar onlara milli sərvət kimi baxır, tarixi dəyərini üzə çıxarır və bu dəyərlər əsasında millətin ümumi tərcümeyi-halını yazır...

Teymur Kərimli: Aydındır ki, Anarın söz dünyasının pentalogiyasını layiqincə qiymətləndirmək üçün ən azı bu nəhəng toplunun özü boyda tədqiqat aparmaq lazımdır. 2021-ci ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Nizami Gəncəvi ili" elan edilməsilə bağlı olaraq, dahi Azərbaycan şairinin 850 illik yubileyi ilə bağlı Anarın qələmə aldığı "Nizami bizimlədir, burdadır..." adlı həcmcə kiçik, mənaca sanballı yazını nümunə gətirmək yaxşı olar. Vətən tariximizin ən çətin, faciəli bir dövrünə təsadüf etmiş 850 illik yubiley haqqında Anar uzaqgörən bir nikbinliklə söz açaraq deyir:

"Ölkələr və xalqlar arasında sərhədləri hökmdarlar, hökumətlər qurur, şairlər isə bu sərhədləri dağıdırlar. Gəncədə doğulmuş və bütün ömrünü orada sürmüş Azərbaycan oğlu Nizami bütün bəşəriyyətə mənsubdur. Təkcə Azərbaycanın deyil, həm də İranın, eləcə də digər Şərq ölkələrinin ədəbiyyatlarını Nizamisiz təsəvvür etmək mümkün deyil. Bütün dünya mədəniyyəti Nizamisiz daha kasıb, daha yoxsul görünərdi".

Bu müdrik sözlərin deyilməsindən 30 il keçdi və Nizaminin yaratdığı ideal hökmdar obrazının bütün tələblərinə artıqlamasilə cavab verən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu sayəsində ölkəmiz üzərindəki qara faciə ləkələrini yuyub təmizlədi və Nizami ideallarına layiq olduğunu sübuta yetirdi.

Elnarə Akimova: "Söz dünyası"nın ikinci cildi daha çox müasir dövr ədəbiyyatının tanınmış xadimlərinin yaradıcılığı haqqındadır. Ümumiyyətlə, Anar bir ziyalı kimi zamanlar arasında vəhdətə nail olmağa, bağı qırılmağa qoymamağa çalışır. Bu kitabda da Anarın klassikamıza, xüsusilə XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaratmış ədiblərimizə həsr etdiyi məqalələrin estetik çəkisi öz yerində, onun şəxsən tanıdığı, 80 ildən artıq ömür bioqrafiyasında iz qoymuş insanlarla bağlı məqalələri daha çox ustad dərsləri kimi siqlət qazanır. Sənətin mahiyyətini dərk etmək, yüksək sənət materiyasının nə olduğunu müəyyənləşdirmək baxımından bu məqalələr zəngin arsenaldır.

Nizami Cəfərov: Elədir, "Söz dünyası"nın ikinci cildi Azərbaycan ədəbi- ictimai fikrinin "ümmətdən millətə" doğru inkişaf edən, başqa sözlə, milləti yaradan tarixini, daha doğrusu, həmin tarixin Mirzə Fətəli, Həsən bəy Zərdabi, Əhməd bəy Ağaoğlu, M.Ə.Rəsulzadə, Mirzə Cəlil, Sabir, Yusif Vəzir, Səməd Mənsur kimi böyük şəxsiyyətlərin əsas portret cizgilərini təqdim edən yazılarla başlayıb milləti millət edən söz ustaları barədəki yığcam oçerklərlə davam edir ki, sonuncuların əksəriyyəti Anarın yaşca böyük müasirləridir. Həmin müasirləri haqqında danışarkən onlara göstərdiyi sayqı, hörmət, ehtiram diqqəti ayrıca cəlb etməklə müəllifin yüksək mədəniyyətini də ortaya çıxarır. Səməd Vurğun, Süleyman Rüstəm, Şəhriyar, Mehdi Hüseyn, Mirzə İbrahimov, Rəsul Rza, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə... "Söz dünyası"nda istər yaradıcılıqları, istərsə də şəxsiyyətləri etibarilə oxucuya məhz milli sərvət olaraq təqdim edilirlər.

Azər Turan: Məncə, Anarın bu kitabları Azərbaycan humanitar düşüncəsinə istiqamət verə biləcək proqram səciyyəli əsərlərdir. Əsas olan budur ki, bu kitabda prinsip etibarilə boşluqlar yoxdur. "Söz dünyası"nın ikinci cildi mənə İsmayıl bəy Qaspıralının "Akgül dəstəsi" adlandırdığı bioqrafik əsərini xatırlatdı. İsmayıl bəy həmin əsərində Rusiya müsəlmanlarının modernləşməsində rolu olan ədəbiyyat xadimlərinin portretlərini yaratmışdı. "Söz dünyası"nın ikinci cildi də elədir. Amma əsərin elə birinci cildindən başlayaraq, araşdırma hədəfi bütün türk dünyasının ortaq ədəbiyyatıdır. "Ümmətdən millətə" məqaləsi ən mürəkkəb tarixi dövrümüzün, modernləşmə çağının mütəfəkkir baxışlarla şərhidir. Burada xronologiya da dəqiqdir. Anara görə, Mirzə Fətəli də, Zərdabi də ümmətdən millətə keçid dövrünü hazırlayan mərhələnin başlanğıcıdır. Orda həm də İsmayıl bəy Qaspıralı və Cəmaləddin Əfqani var. Bu mənada "Söz dünyası" həm də türk birliyinin fəlsəfəsini şərh edir. Anarın müşahidələri dəqiqdir ki, milliyyət şüuru XIX əsrin sonu, XX yüzilin əvvəllərinə milli mətbuatla gəlişir. Azərbaycançılıq və Turançılıq görüşləri ilk dəfə daha sistemli şəkildə "Füyuzat" və "Molla Nəsrəddin"in ideya istiqamətlərində görünür. Yaxud "Söz dünyası"nda "Təməllər"dən biri Mirzə Kazım bəydir. Burda Mirzə Kazım bəy şəxsiyyəti ilə, yaradıcılığı ilə, həyatı ilə, yaxasından asdığı pravoslav yox, anqlokan xaçı ilə, görüşdüyü Şeyx Şamillə, tədqiq etdiyi müridizmlə, babiliklə bir yerdə - bütöv şəkildə var... Bu kitabda həm də "Şeyx Şamilin "qurbanı" Heydər Hüseynov" var. Bu kitabda Heydər Hüseynovun obrazı böyük alimliyi, sındırılmış taleyi ilə bir yerdə bütün incəliklərinə qədər əks olunub. Bəllidir ki, Anar Mircəfər Bağırova çoxları kimi, heç vaxt yalnız qara rakursdan baxmayıb. Özünün də dediyi kimi, Bağırovun Azərbaycan xalqı qarşısında həm bağışlanmaz cinayətləri, həm də taleyüklü xidmətləri haqqında "Söz dünyası"ndan öncə nəşr etdirdiyi "Yaşamaq haqqı" traktatında ətraflı yazıb. Amma bu gün burda müzakirə etdiyimiz "Söz dünyası"ndakı bir fraza Mircəfər Bağırovun indiyə qədər tam aydınlığı ilə bilmədiyimiz xislətinin ən mübhəm bir cizgisini də ortaya qoyur. Söhbət köhnə "İnturist"də verilən bir ziyafətdə Bağırovun Fadeyevə dediyi sözlərdən gedir: "Siz rus olduğunuz üçün mən sizin ayağınızdan öpməyə hazıram". Anar yazılarında adətən belə məqamları tarixləşdirmir. Burda isə belə bir etiraf var: "Bu barədə yazmaq istəmirdim, amma yəqin ki, indi mən bu söhbət haqqında məlumatı olan yeganə insanam. Ona görə də o dövrün əxlaq davranışlarını bilmək üçün bu cür faktların unutdurulması düz deyil".

Tofiq Məlikli: Mən özəl olaraq Anarın böyük alim, ədəbiyyatşünas Məmməd Arif haqqında yazdığı "Tənqidçi təmkini" başlıqlı yazısı üzərində durmaq istəyirəm. O, bu yazısında ədəbi prosesin ayrılmaz bir hissəsi olan tənqidi ictimai, mənəvi, mədəni kontekstdə dəyərləndirir, bu gün, eyni zamanda sabah da aktual olacaq fikirlərini oxucularla paylaşır. Orda bir fikir diqqətimi çəkdi. Anar yazır: "Canlı, yaşar ədəbi proses - rəylər münaqişəsi, fikirlər toqquşması, zövqlər müxtəlifliyidir. "Zövqlər haqqında mübahisə edilmir" - belə deyirlər, əslində isə ən qızğın, ən kəskin mübahisələr elə məhz zövqlərin müxtəlifliyindən doğur; birinin səmimi surətdə bəyəndiyini başqası heç cür qəbul etmir, birisinin ağız büzdüyünə digəri heyran qalır. Qaynayan, burulub-durulan ədəbi həyatda bu, tamamilə təbii haldır, həmişə belə olub və şübhəsiz, həmişə də belə olacaq. Durğunluq, fikir süstlüyü, rəylərin eyni kibrit çöpləri kimi bir-birinə oxşaması, bir zövqün yeganə meyar kimi təsdiq olunması ədəbiyyatın ölümü, sənətin sonu deməkdir", - deyir Anar və əlavə edir: "Bütün bunlar belədir, amma bütün bunlarla bərabər, çağdaş ədəbi prosesin elə öz hərəkəti içində bir tənzimedici qüvvəyə, obyektiv nüfuza ehtiyacı var. Bu məsuliyyətli, çətin və nəcib vəzifə, adətən tənqidçinin boynuna düşür, lakin o tənqidçinin ki, xırda, sırf şəxsi, keçəri mülahizələrindən uca dura bilir, işində, əməlində, sözündə yalnız və yalnız yüksək estetik və vətəndaşlıq amallarından çıxış edir, konyunktur səviyyələrə, ögey-doğmalıq, dost-aşnalıq, "bizim-sizin" münasibətlərinə enmir, məddahlıq üçün fürsət, bədxahlıq üçün girəvə gözləmir, hər şəraitdə, hər vəziyyətdə tənqidçi təmkininə saxlaya bilir".

Çox sevindirici haldır ki, bizim ədəbiyyat və düşüncə tariximizdə tənzimedici, ciddi və obyektiv tənqidçilərimiz, ədəbiyyatşünaslarımız olub. Onlardan biri, heç şübhəsiz, görkəmli alim və tənqidçi Məmməd Arif idi. "Tənqidçi təmkini" yazısında bu böyük tənqidçinin yaradıcılığını incələyən Anarın fikrincə, ədəbi prosesin nüfuzlu tənzimedici qüvvəsi olmuş Məmməd Arif nəsil-nəsil tənqidçilər üçün örnək olaraq qalacaqdır.

Elnarə Akimova: Azər müəllim kitabda prinsip etibarilə boşluqların olmadığını dedi. Doğrudanmı, kitabda qane etməyən, mübahisə doğurmayan heç nə yoxdur?

Nizami Cəfərov: Səmimi demək istəyirəm... Anarın XVII-XVIII əsrlərə həsr etdiyi yazılarda, xüsusilə "Nəşədən ələmə" məqaləsində nə isə bir "tələskənlik", tarixdə "boş qalmış yer"i doldurmaq cəhdi nəzərə çarpır. O qədər müxtəlif mövzulara, məsələlərə toxunulur ki, öz-özlüyündə aydındır ki, belə bir geniş panoram heç bir elmin - nə ədəbiyyatşünaslığın, nə tarixşünaslığın, nə dilçiliyin, nə də esseistikanın görmə dairəsilə əhatələnə, hansısa bitkin bir qənaətə gətirib çıxara bilməz... Bu, dövrün normal izaha gəlməməsi, tarixin paradoksallığıdırmı, yoxsa yazıçının (müəllifin!) həmin paradoksallıq qarşısındakı yalnız zahiri əlamətlərin ratifikasiyasından ibarət heyrətdirmi?.. Görünür, hər ikisidir... Və əsərlərinin ideyasını onların adlarında verməyə meyilli olan Anar dövrün "dialektika"sını müəyyənləşdirərkən hansı "ələm"dən hansı "nəşə"yə keçildiyinin nəzərdə tutduğu da, fikrimcə, aydın deyil...

Azər Turan: Boşluq deməzdim, müəyyən qədər polemikaya yol açan məqamlar oldu və bu, təbiidir. Məsələn, "Ucundadır dilimin həqiqətin böyüyü" məqaləsində Anar müəllim "Abdulla Şaiqin "İkinci il" dərsliyinə daxil olan uşaq şeirlərinin dilini və ümumən bu kitabı tənqid edən Əli bəy Hüseynzadənin sözlərini sitat gətirir: "Canım, osmanlı əşar və ədəbiyyatında öylə nümunələr vardır ki, sizin bu kibi şeirlərinizdən daha türkcə, daha azərbaycanca və daha qafqazcadır". Anar əlavə edir, "Əgər Əli bəy bu fikri Yunus Əmrənin, Qaracaoğlanın, Pir Sultan Abdalın, Dadaloğlunun şeirlərinə aid edirdisə, bunu qismən (Azərbaycan şairlərinin dəyərini azaltmadan) qəbul etmək olardı. Amma Əli bəy axı məhz Osmanlı türkcəsində yaranan ədəbiyyatı nəzərdə tuturdu ki, Atatürk dövründə çağdaş türk dili bu ərəb-fars təsirlərindən qurtulmağa çalışırdı". Əli bəyin dil siyasətinə münasibətdə Anar müəllim haqlıdır və bu münasibətini zaman-zaman yeri düşdükcə dilə gətirib yazıb. Haqlı olsa da, məhz indiki məqamda Əli bəyin ruhu xətrinə xəfif bir xatırlatma etmək istəyirəm. Əli bəy dediyi osmanlı şeirlərindən həmin yazısında, yəni "Yazımız, dilimiz "İkinci il"imiz məqaləsində örnəklər verib və məncə, Anar müəllim də razılaşar ki, Hüseynzadənin gətirdiyi sitatlar həqiqətən Abdulla Şaiqin "İkinci il" dərsliyində verilmiş şeirlərdən daha türkcə və daha azərbaycancadır. Əli bəyin tənqid etdiyi sadə Azərbaycan dilində yazılmış uşaq şeirləri bunlar idi: "Göy bağçada dallar üzrə bir quş // Çör-çöp yığıb aşiyan edirdi. // Gahi oquyordı nəğmələr xoş // Gahi uçub ot saman çəkirdi"... Əli bəy bildirirdi ki, əvvəla "quş" sözünü "xoş" sözü ilə qafiyə etmək yanlışdır. Sonra da bunları yazırdı: "Burada şu "aşiyan edirdi" ibarəsi düzmü? Və hələ əvvəli də farsi olan bu aşiyan kəlməsi insanı aldadır! Ancaq onun yerinə "yuva" qoyunuz, baxınız nə olur? Bütün kürreyi-ərz üzərində hansı türk "yuva" edirdi, ev edirdi, ya "məktəb ediyordu" deyir? Sonra "saman çəkirdi" nə? Quş samanı araba iləmi çəkirdi?.. "Gahi, gahi" yerinə "gah... gah" denilməzmi?..". Əli bəy uşaqlarımızın dil mədəniyyətini "oxuyurdu nəğmələr xoş", yaxud "Əhməd alırdı almalar qırmızı" kimi yanlış, ölçü hissini itirmiş ibarələrlə zədələmək əvəzinə, osmanlının milli şeirlərini öyrətməyi təklif edirdi. Müəllifini xatırlatmadan sitat verdiyi şeirləri isə Mehmet Emin Yurdaqula aid idi: "On yaşında boynu bükük, bağrı yanıq bir çocuq // Gözlərini yola dikmiş, birisini bəkləyir...". Yaxud Emin bəyin "Qurani-Kərim" şeiri: "Bu kitabdır: Hər insana için dışın öyrədən; // Göktə, yerdə, təndə, canda bir Yaradan sezdirən... // Ey qardaşlar! Şu kiçicik armağanı atmayın; // Bir qönçədir: Muhammədin gül bağından dərildi. // Sakın, bunu yapma-çiçək dəmətinə qatmayın...".

Və Atatürk dönəmində çağdaş türk poetik dili Mehmet Eminin dilini örnək alaraq yaradıldı. Əli bəy isə bunu 1909-cu ildə ibtidai siniflərimiz üçün dərslik yazan müəlliflərə təklif edirdi və haqlıydı.

Tofiq Məlikli: Əlbəttə, kitabda dartışmalı, duyğusal məqamların olduğu mövzular də yer alıb. Məsələn, Anarın Mahmud Qaşqarlını "türkçülüyün banisi" adlandırması, türk, oğuz, türkmən terminlərinin diferensiyası və b. müzakirə konularıdır və ədəbi-elmi dartışmalara ortam yaratmaqdadır.

Azər Turan: Siz yəqin ki, Yusif Akçuranın təsbitinə istinadən Anarın Mahmud Kaşqarlını "türkçülüyün banisi" adlandırmasını ədəbi-elmi müstəvidə dartışılmalı məsələ adlandırırsınız. Amma, məncə, bu, mübahisə predmeti olmamalıdır. Olsa belə bu, Anarın fikrinə haqq qazandıran bir dartışma olmalıdır. Axı Kaşqarlı Mahmud elmdə və bütün parametrlərdə türkçülüyü ilk dəfə reallaşdıran şəxsiyyətdir. Etiraf edək ki, Anarın "Türkçülüyün banisi" məqaləsində Kaşqarlı ilə bağlı irəli sürülən bütün tezislər yeni araşdırmalar üçün fikir qaynağı ola bilər. Anar tutaq ki, Yusif Akçuranın "Türkçülüyün tarixi"ndə demədiklərini deyir. Amma etiraf edək ki, "Türkçülüyün tarixi"nin yazıldığı 1928-ci ildə Kaşqarlı Mahmudun Divanı elmi çevrələrdə yenicə öyrənilməyə başlanılmışdı. Besim Atalay tərcüməsi hələ 12 il sonra meydana çıxacaqdı. Hətta Akçuranın özü belə, bu qaynağa baş vurmamışdı. Məncə, Anar haqlıdır və fikrini də əsaslandırarkən mübahisə üçün yer qoymur: "Böyük dilçi, neçə-neçə dilin və ləhcənin bilicisi, ensiklopedist, folklorçu, etnoqraf, tarixçi, ədəbiyyatşünas, coğrafiyaçı kimi müxtəlif sahələri öz şəxsində cəmləşdirən Kaşqarlı Mahmudun bir vacib missiyası da vardı. O, tarixdə ilk türkçü, türkçülüyün banisi, nəzəriyyəçisi və təbliğatçısı"dır. Məncə, çox aydın və dəqiq mülahizələrdir. Türklük təəssübü, türkçülük ideyası Anarın təbirincə "ən ardıcıl şəkildə, həm də konkret linqvistik, etnoqrafik, tarixi və folklor materiallarına əsaslanaraq Mahmud Kaşqarlının ölməz kitabında əks olunmuşdur"sa niyə də Kaşqarlını türkçülüyün banisi adlandırmayaq? Doğrudur, heç kəs mübahisə etməz ki, Kaşqarlı türkologiyanın qurucusudur. Hətta 1926-cı ildə Birinci Türkoloji Qurultayda təxminən belə fikirlər Bəkir Çobanzadə tərəfindən irəli sürülmüşdü. Amma gərək heç kəs Kaşqarlının həm də türkçülüyün banisi olması fikri ilə də mübahisə etməsin. Fikir yenidir və türkçülüyün tarixində yeni aspektdir.

Bu baxımdan "Söz dünyası" Azərbaycanda türkçülük barədə fikirləri aydınlaşdırır, türkologiya barədə əlvan düşüncə spektri yaradır. "Söz dünyası"nın birinci cildində başlayan proses ikinci cilddə də davam edir: Orhon yazılarından Əli bəy Hüseyzadəyə qədər, Kaşqarlıdan Əhməd Ağaoğluna qədər... Hətta ümmətdən millətə qədər... Sonra isə proses yayğınlaşır və ümumilikdə, söz dünyamız yaranır...

Tehran Əlişanoğlu: Deyim ki, Anarın "Söz dünyası"nı, mənim nəzərlərimdə(n), predmetinə, ehtiva etdiyi ədəbiyyata tam uyğun, yüzə-yüz gördüm; etiraz doğuran, razılaşmadığım, bölüşmədiyim məqamlar az qala yox kimidir, öyrəndiyim, zənginləşdiyim, impuls aldığım nöqtələr isə çox-çoxdur, bir dəyirmi masa söhbətinə sığmaz yəqin ki...

Deyək, əsərin "Min beş yüz ilin oğuz şeiri"ndən Molla Pənah Vaqif və Molla Vəli Vidadiyəcən ("Nəşədən ələmə") ehtiva etdiyi birinci hissəsini (cildini) mən bir Epos kimi oxudum və həzz aldım; türk ruhu, türk sözü, türk şeir sənətinin müasir eposu kimi. Təkcə ona görə yox ki, bu cilddəki bir çox yazıların düşüncə predmetini məhz eposumuz, türk eposu, oğuznamələr, oğuz yazısı təmsil edir və yönləndirir ("Dədə Qorqud dünyası", "Ən əski yazılarımız", "Manas", "Koroğlu-Goroğlu" və s.); eyni zamanda məhz eposun havasını ortaçağlarda yaşadan və yeni ənənə yaradan dastançılıq məktəbi diqqət hədəfindədir ("Türkçülüyün banisi" Mahmud Kaşğari, "Qutadğu bilig"in müəllifi Yusif Balasaqunludan söz açan "Xoşbəxtliyin açarı", "Əhməd Yasəviylə bağlı düşüncələr", "Nizami bizimlədir, burdadır", "Çağdaşımız Mövlana", "Üç Leyli, üç Məcnun" yazıları); həm oğuz ruhunu ortaçağ lirikasına, qəzəl-qəsidə ədəbiyyatına yansıtmaqla bu ədəbiyyatın dilini türkcəyə çevirən klassiklər söz predmetidir (Yunus Əmrə haqqında "Gəl gör məni eşq neylədi", üç dahi - Nəsimi, Xətai, Füzuli haqqında məşhur "Şairin hünəri", "Şairin zəfəri", "Şairin kədəri" esseləri, divan ədəbiyyatını heca ədəbiyyatına çevirən XVII-XVIII əsr şair-aşıqları - "Dilimizi yaşadanlar", "Türkmən xalqının milli şairi" Məhdumqulu Fəraqi haqqında yazılar). Başlıcası isə oxuduqca duyursan ki, bu dövrün ədəbiyyatını yönəldən, idarə və inkişaf etdirən də elə vahid-bölünməz türk ruhu, ortaq epos mədəniyyəti, bütövlükdə milli-fəlsəfi kimlik qayəsidir və Anar bu gələnəkləri "Söz dünyası"nda min beş yüz ilin qədimliyindən çağdaş şeirimizin mənzərələrinəcən geniş türk arealı-kontekstində izləyir ("Min beş yüz ilin Oğuz şeiri", "Tariximizin şeir yaddaşı", "Min ilin yüz şairi", "Türkün sözü"); burda biz Anarı Azərbaycan şeiri ilə birgə həm də müasir Türkiyə poeziyasının bilicisi kimi görürük. Yəqin, onu da vurğulasaq, yerinə düşər ki, bu yanaşma türk-oğuz ədəbiyyatının ortaqlıq məsələsinə bir daha diqqət çəkir (həm də yalnız orta çağlar deyil, elə XIX-XX yüzillərdə də), yeni metodoloji açarlara zəmin verir.

Elnarə Akimova: Zənnimcə, kitabın ikinci hissəsinin ritmi, atmosferi başqadır və başqa oxunuş tələb edir.

Tehran Əlişanoğlu: Bəli, məsələn, "Söz dünyası"nın ikinci hissəsini (cildini), XIX-XX əsrləri əhatə edən fəsilləri mən roman kimi oxudum, adı bəlli Azərbaycan ədəbiyyatının özəl romanı kimi. Anar özü "Söz dünyası"nda bu ədəbiyyatın neçə-neçə səhifələrini (əsərlərini) vərəqlərkən "roman kimi oxunduğu"nu qeyd edir. Təkcə oxucu marağını oyatmaq, sehrində-tilsimində saxlamaq mənasında yox. Ədəbiyyat tariximizdə XIX-XX yüzillər öz daxili dramaturgiyası olan, təşəkkül ağrılarını keçirmiş, intibah və dirçəliş səhifələrini, qanlı-qadalı günləri, gərgin mübarizə dönəmi və özünü-təsdiq pafosunu yaşamış gerçəkdən də bir Ədəbiyyat romanıdır. Bunu biz canlı olaraq, real kolliziyaları, leytmotiv və şaxəli süjet dinamikası ilə, qəhrəman və çoxsaylı personajları ilə Anarın "Söz dünyası"nda(n) görür, şahid olur, oxuyub-bilirik. Bu zaman ictimai-siyasi şərait və tarixi-mədəni faktorlar elədir ki, Epos enerjisi bəs eləmir; Yeni dövrü, mədəniyyət və ədəbiyyatı yaradan, Mirzə Cəlilin təvazökar ibarəsi ilə deyilərsə, təkcə "təbiət özü, zəmanə özü" deyildir, arxasında böyük insanların, tarixi şəxsiyyətlərin, mütəfəkkir və ədiblərin, millətsevər xadimlərin, yazıçı, şair, dramnəvislərin əməli, işi, nəhəng zəhmətləri durur. O sıradan min beş yüz illik ədəbiyyatımızın mexanizmi dəyişir, ədəbi gedişatın hərəkətverici qüvvəsi kanonlardan şəxsiyyətlərə, sırf ədəbi simalara keçir. Yeni qanunlar tələb olunur.

Adekvat, Anar romanını elə ustalıqla qurmuşdur ki, bütün bu mexanizm, tələbat və gerçəklər, həyati zərurətdən doğan əməl və mənzərələr açıla bilsin; zamana ton verən qəhrəmanlarının həyatı, fəaliyyəti, mübarizəsi, yaratdıqları, yarada bildikləri də görünsün, üzləşdikləri çətin zəmanənin özü də. Gerçəklərdə hər bir ədibin, yazıçının, şairin, ədəbi imzanın tarixən qazandığı yeri roman atmosferi, düşüncəsi, mətni özünə qaytarır.

"Söz dünyası"nda ən iri fəsillər, şəksiz ki, nəhənglərin payına düşür. Mirzə Fətəli Axundzadə ("Sübhün səfiri", "Aldanmış ulduzlar") və Həsən bəy Məlikov-Zərdabi ("Əkinçi" haqqında xatirələr") - XIX əsrin ağırlığı bu iki böyük şəxsiyyətin titanik zəhmətləri üzərindədir, romanda da yeni səhifəni məhz titanlar açır, milli taleyimizin roman əsasını qoyurlar. Lakin hələ buna qədər də ilk düyünlər, başlanğıc cəhdləri, "Təməllər" var (Anar əsərdə bu fonu Mirzə Cəfər Topçubaşov, Mirzə Kazım bəy, Abbasqulu ağa Bakıxanov və yenə də M.F.Axundzadə, H.Zərdabi, Firidun bəy Köçərlinin hünərlərində izləyir); XIX əsr ədəbi-mədəni həyatının əlvanlığını yaradan "poetik məclislər" və Xurşidbanu Natəvan var ("Yaralı heykəl, yaralı yaddaş"), Aşıq Ələsgər var ("Aşıq gördüyünü çağırar"), Mirzə Fətəlinin açdığı cığıra şəfəqlərini salan "Cənub işıq(lı)ları" var, Mirzə Əbdürrəhim Talıbov-Təbrizi var, Zeynalabdin Marağayi var, bütün müsəlman Şərqinin reformatoru kimi tanınan Şeyx Cəmaləddin Əfqani var; bütün Çar Rusiyası türklərinin "millət atası" kimi tanıdığı, "Tərcüman"ın və "cədidçiliyin yaradıcısı" İsmayıl bəy Qasprinski var. Və adı çəkilən oçerk və esselərdə Anar Mirzə Fətəlinin ideya və əməllərinin "Azərbaycandan kənarda" da cücərib-çiçəkləndiyini təsbit etməklə yanaşı, milli ədəbiyyatın yarandığı ətraf konteksti də görükdürməyə nail olur.

XX yüzil daha şiddətlə, inqilablar əsri kimi gəlir və milli həyata Şərqin oyanışı faktoru da əlavə olunur ("Ümmətdən millətə"). Bu yerdə mən əsərin kompozision mötəbərliyi və möhtəşəmliyini bir daha vurğulamaq istəyirəm. Əsrin başlanğıcının, birinci otuz ilinin mürəkkəbliyini, intensiv gəlişən hadisələrini, milli həyatın taleyüklü məsələləri və kardinal həlli mənzərələrini Anar başlıcası, Əli bəy Hüseynzadəyə ("Ucundadır dilimin həqiqətin böyüyü") və Mirzə Cəlil Məmmədquluzadəyə dair ("Anlamaq dərdi", "Molla Nəsrəddin - 80") fəsillərə həvalə edir; məhz bu insanların tarixdə açdığı səhifələr bizim ədəbiyyat romanının da yeni fəsillərini yazır. Həmin səhifələrdən başlanıb, məntiqi davamını Atatürk Türkiyəsində gerçəkləşdirən az tanış olduğumuz daha bir xətt isə Əlibəy Hüseynzadə oçerki ilə yanaşı, "Əhməd bəy Ağaoğlu: mən kiməm" yazısında işıqlanır. Təbii ki, əsərdə "Dəryada duran qocaman dağ" şairimiz Mirzə Ələkbər Sabir də var, "sənətimiz tarixinə əlvan, romantik səhifə yazmış şair və dramaturq" Hüseyn Cavid də var ("Faciələr müəllifinin faciəsi"), ictimai və insani faciələr fonunda böyük romantiklərimiz Məhəmməd Hadi və Əhməd Cavada dair səhifələr də ("İki şairin acı taleyi"), Məmməd Səid Ordubadinin "Qanlı sənələr"i də ("Qanlı illərin şəhadəti"); bir tarixi bina "İsmailiyyə"nin fonunda bir yazıçı taleyini də görürük (Seyid Hüseyn haqqında "Yanmayan bina, sönməyən ocaq" yazısı), bir ədəbiyyat əsəri timsalında siyasi xadimin dürüst portretini də ("M.Ə.Rəsulzadənin bir məruzəsi haqqında"); "Yusif Vəzir haqqında söz" də var, bir "Yusif Vəzir haqqında çıxışa sözardı" da, Anar yazıçını başlıcası bugün də "Qarabağımızın qövr eləyən yaraları" acısında oxuyur; romantizm və realizm ənənələrini otuzuncu illərəcən daşıyan "az qala unudulmuş", "başıbəlalı sənətkarlarımız" Qantəmir də ("Unudulmuş yazıçı"), Səməd Mənsur da ("Dünyanı "rəng" bilən şair", "Səməd Mənsurun qayıdışı") var əsərdə, "nə millətçilik, nə də sosialist realizmi çərçivəsinə sığışmayan" Cəfər Cabbarlı da ("Azad bir quşdum")... Hələ əsərdə(n) nə qədər də epizodik məqamlarda adı çəkilən dövrün ədib və sənətçilərinin adı keçir...

Hər bir oçerkdə, essedə, xatırlatma və ya dəyərləndirmə yazısında, çox maraqlı bucaqlardan baxmaqla müəllif romana rəngarənglik qatır, çoxçalarlıq gətirir. (Mən Anarın "Söz dünyası"na artıq "roman" deməyə başlamışam). Amma bu, rəngarənglik xatirinə fənd deyildir; məhz milli ədəbiyyatımızın obyektivinə, klassiklərin şəninə, təyininə yaraşan şəkildədir. Anar hər bir ədibin həyat və yaradıcılıq bioqrafisi üzərinə elə doğru məzmun-mündəricə, dürüst ifadə, ştrix, təhkiyə detalı tapıb-işlədir ki, bu tərzdə klassikamızın təqdimi və təhlilinə mən şəxsən ədəbiyyatımızda rast gəlməmişəm. Deyim ki, kitabı əldə karandaşla oxumuşam, ədəbiyyatımıza dair təzə, kəşf səciyyəli nə qədər mülahizə, deyim, ibarə, ifadələr qeydə almışam (yəqin ki, burda sadalamağın yeri yoxdur). Yəni mənim nəzərimcə, romanın ideya-məzmun qatı kimi, ifadə planı da səlisdir, suqqestivdir, kamildir. Elə buna görədir ki, kitabdakı yazılar müxtəlif illərdə, fərqli motivlərdən, ideya-mətləblərdən ərsəyə gəlsə də ardıcıl-bölünməz görünür, vahid ansambl yarada bilir.

Elnarə Akimova: İstərdim artıq yekunlaşdıraq müzakirəni. Bayaq Azər müəllim bu məqama toxundu. Anarın bundan az öncə çapdan çıxmış "Yaşamaq haqqı" traktatına. "Yaşamaq haqqı" kitabı və "Söz dünyası" ikicildliyi. Kosmik genişlik, bəşərilik və əbədilik hüdudları ehtiva edən bu kitabları yaşanmış ömrün, ziyalı tərcümeyi-halının naxışı kimi qəbul etmək olar, məncə. Bu siqlətdə kitabları hasilə gətirmək üçün siqlətli ömür yaşamaq şərtdir. Amma əsas məsələ bu ömrü həm də ədəbiyyatlaşdıra bilmək, xalqın mənəviyyatının kodlaşdığı etnik-ontoloji yaddaşa, sənətə çevirməkdir. Gələcək, əlbəttə ki, mənəvi sərvət kimi qavranılan bu cür əsərlərin təməlləri üzərində qurulacaq, möhkəmlənəcək, düşünəcək, kimliyini, soyadını unutmayacaq.

Azər Turan: Elədir, Elnarə xanım. Anar əvvəlcə "Min beş yüz ilin oğuz şeiri antologiyası"nın timsalında ortaq ədəbiyyatımızın müntəxəbatını, sonra da ortaq ədəbiyyat tariximizi - "Söz dünyası"nı yaratdı. Əslində bu, Azərbaycan ədəbiyyatşünaslığında, eləcə də türk fikir həyatında yeni yaranmış bir təmayüldür. Milli və ictimai varlığımızla birbaşa bağlı olan bu unikal nəzəriyyənin izahını, şərhini isə yenə də o özü - "Yaşamaq haqqı" traktatı ilə verdi...

Teymur Kərimli: Bəli, hərçənd ki, biz burada Anarın yaradıcılığını müxtəlif əsərlər üzrə təhlil etməyə girişdik, ancaq bu böyük yazıçının yaradıcılığı dahi Qorqudun kitabı, dahi Nizaminin "Xəmsə"si, dahi Füzulinin anadilli yaradıcılığı kimi bütövdür, bölünməzdir və bu bütövü də bütöv şəkildə araşdırmaq biz ədəbiyyatşünasların və mədəniyyətşünasların borcudur.

Tehran Əlişanoğlu: Anarın "Söz dünyası" maariflənmək, maarifləndirmək baxımından əvəzsiz kitabdır. Nəşrin tirajına baxdım, 500 nüsxə. Aydındır ki, bu, yalnız say-seçmə oxuculara, ədəbiyyat mütəxəssislərinə bəs olan qədərdir. Amma mənimcə, əsər müasir ədəbi nəsillərin də, geniş oxucu auditoriyasının da biliklənməsi cəhətdən böyük əhəmiyyətə malikdir; elmi kitabxanalarla yanaşı, kütləvi və məktəb kitabxanalarında da yer alması yaxşı olardı.

Əbəs deyil ki, Anar "Söz dünyası"nı "Azərbaycan ədəbiyyatının, incəsənətinin, mədəniyyətinin böyük təəssübkeşi və hamisi ulu öndər Heydər Əliyevin işıqlı xatirəsinə..." ithaf etmişdir. Layiqi kitabdır.

Mən bilmirəm, mexanizmi necədir, amma bəlkə burda, müzakirənin nəticəsi olaraq, əsəri Azərbaycan Dövlət Mükafatına təklif edə bilərik.

Anarın "Söz dünyası" ədəbiyyatımıza böyük sevgidən yaranmış, Azərbaycan ədəbiyyatının dünəni və sabahı, sələflər və xələflər qarşısında ədəbi vicdan, məsuliyyət və borc mövqeyindən qələmə alınmışdır.

Elnarə Akimova: Çox sağ olun. İnşallah, bu cür ədəbi vicdan, məsuliyyət və borc mövqeyindən qələmə alınmış, millətimizə, ədəbiyyatımıza, elmimizə xidmət baxımından müstəsna rolu olan əsərlərin müzakirəsi niyyətilə imkan düşdükcə görüşəcəyik. Hər birinizə dəyərli zamanınızı ayırıb redaksiyamıza gəldiyiniz üçün təşəkkür edirik.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!