Zöhrə HÜSEYNZADƏ: “Gözümüz yaşarana qədər atam şeir oxuyurdu” - "Varislər" rubrikası - Müsahibə

"Varislər"in bugünkü qonağı Azərbaycanın unudulmaz Xalq şairi, gözəl dost, lirik şeirlər müəllifi, milli aşıq sənətinin inkişafında xüsusi xidmətləri olan əvəzsiz insan, uzun illər Aşıqlar Birliyinin sədri olmuş Hüseyn Arifin qızı həkim Zöhrə xanım Hüseynzadədir.

 

1924-cü ilin yayı Qazax qəzasında, Ağstafa rayonunun Yenigün kəndində gəlmişdi dünyaya. Bakıda pedaqoji məktəbi bitirdikdən sonra qısa müddət müəllimliklə məşğul olmuş, İkinci Dünya müharibəsi başlayanda - 1942-ci ildə cəbhəyə gedərək, sovet ordusu sıralarında xidmət etmişdi. Müharibədən sonra BDU-nun Şərqşünaslıq fakültəsində ali təhsil almış, təhsilini bitirdikdən sonra Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdu...

Bu gün o unudulmaz insanı, gözəl şairi, adı çəkiləndə ruhumuza xoş ovqat dolan Hüseyn Arifi xatırlayacağıq. 

 

- Zöhrə xanım, Hüseyn Arifin maraqlı soyadı var - Arıxov. Kim olub Arıxovlar? Kim olub atası Camal kişi? Gəlin bundan başlayaq.

- Əvvəlcə sizə atamı xatırladığınız üçün təşəkkür etmək istəyirəm. Çox təəssüf olsun ki, uzun illərdir nə mətbuatda, nə televiziyada, nə də rəsmi dairələrdə atam xatırlanmır, yada düşmür. Amma Hüseyn Arifin Azərbaycan ədəbiyyatı tarixindəki xidmətlərini unutmaq olmaz.

 

Atam avtobioqrafik şair olub

 

Hüseyn qağamın yaradıcılığına əvvəldən bələd idim, amma külliyyatını toplayıb çapa hazırlayanda, redaktə edəndə hər şey qüsursuz olsun deyə, bir mətnə dəfələrlə qayıdırdım. Həmişə demişəm ki, atam avtobioqrafik şair olub. Bəlkə də həyatda hansısa anın, hansısa hadisənin ovqatından təsirlənib yanlış nəsə deyə bilər, amma şeirlərində nə yazıbsa, səmimi və gerçək yazıb.

Atamın əslinin Göyçədən olduğunu iddia edənlər var, amma bunu nəsə bir sənədlə, sübutla ortaya qoymurlar. Hüseyn qağam şeirlərinin birində yazır ki, "Qazaxda gözümü açdım dünyaya, Dünyaya açılan gözüm Qazaxdır...". Bu artıq tərcümeyi-haldır. "Dolandım istəkli bir bala kimi, İsti qucağına Ağstafanın...". Yəni Qazaxda doğuldum, Ağstafada böyüdüm. Mən yaşlı qohumlarımdan dəqiq öyrənmişəm, atam Qazaxda, bibisinin evində dünyaya gəlib.

Atamın ana tərəfi Babaxanovlardı, ata tərəfi Arıxovlar. Hardan gəlir bu Arıxovlar indi onu da deyəcəyəm. Babamgili Xoydan gələndə Tiflis yaxınlığındakı Arxlı kəndində məskunlaşıblar. Kənd camaatı arxlılar kimi tanınıb. Sonradan sovetlərdə siyahıyaalma başlayanda bu sözü təhrif eləyib Arıxovlar kimi yazıblar. Ata babamız arıq, uzun kişi olub. Həmişə elə bilmişik bu "arıx" sözü onun arıqlığından götürülüb, amma dəqiqləşdirəndə məlum oldu ki, bu, arxlı sözünün təhrif edilmiş variantıdır. Sənədlərdə Hüseyn qağamın ilk soyadı Arıxovdur, sonradan babası Hüseyn kişinin adıyla Hüseynzadə soyadını götürüb. 1976-cı ilə qədər bütün kitabları Hüseynzadə imzasıyla çap olunub. Qardaşım Arifin faciəli ölümündən sonra təxəllüsünü dəyişib Hüseyn Arif elədi.

 

Zal qızı Gülnazın nəvəsi

 

Ata babam Camal kişi Zal qızı Gülnazın nəvəsidir. Qçaq Kərəmin, Zal İsgəndərin bacısı nəvəsi sayılır. Qaçaq Kərəmgili səkkiz qardaş olublar. Atamın "Zal qızı Gülnaz" poeması var, həm də bizə o barədə çox danışırdı. Zal Qızı Gülnaz həmişə deyirmiş ki, axırıncı uşaqdan yarımadım. Səkkizinci oğlunun adı Alıhüseyn olub. Balacaboy, cil-çil, kürən kişi imiş. İndi Hüseyn Arifin səkkiz yaşlı bir nəticəsi var, uşağın saçları qıpqırmızıdır, kürəndir. Həmişə fikirləşirdim ki, bu uşaq kimə çəkib. Bir ay olar Alıhüseyn kişinin şəklini tapmışam. Doğrudan da, gendə heç nə itmir. Sən demə, uşaq Alıhüseyn kişiyə çəkib. Altıncı nəsildir.

Zal qızı Qaçaq Kərəmin bibisi olub. Zal qızı Gülnazla İsgəndər bacı-qardaş olublar. İsrafil ağayla düşmənçilikləri düşüb. Ələs adlı oğlunun toyunda İsrafil ağanın adamları Ələsi tikə-tikə doğrayıb, arabaya qoyur, toy yerinə göndərirlər. Zal qızı deyib ki, düşməni güldürə bilmərəm, toy davam eləyəcək. Mağarı yarı bölürlər, bir tərəfində toy, bir tərəfində yas keçib. Zal qızı, hətta qol qaldırıb, toyda oynayır, sonra o biri tərəfə keçib, göz yaşı tökür.

 

"İkiyə bölünsün məclisdəkilər,

Bir gözümdə sevinc, birində kədər.

Vayda ağlayacam, toyda güləcəm...".   

Bəzən əsassız bir fikir atırlar ortalığa, bizimkilər bir-birini qırıb, Koroğlu elə türklərlə mübarizə aparıb, amma bunun sinfi mübarizə olduğunu unudurlar. Qaçaq Kərəmlə İsrafil ağanın konflikti də sinfi mübarizə idi. Biri bəy idi, biri rəiyyət. Qaçaq Kərəm itaət qəbul eləmədiyi üçün mübarizə aparırdı. Nənəm, yəni atamın anası görmüşdü onları. O evin gəlini idi. Qaçaq Kərəmgil dediyim kimi səkkiz qardaş olublar. Təsəvvür eləyin də, bir evdən səkkiz nəfər əlisilahlı adam çıxır, bu bir orduydu elə. Qaçaq Kərəm rəiyyət olub, amma hamı onlarla hesablaşıb, dərdini, problemini onlara deyib. Qaçaq Kərəmin atası İsgəndər kişi oğullarına əsl kişilik, mərdlik təlimi keçib. At sürmək, tüfəng atmaq öyrədib. Ayaqyalın biçilmiş taxıl zəmisində qaçırdırmış onları. Kürü bu sahildən o biri sahilə üzüb keçirmişlər.

Sovet hökuməti qurulandan sonra Zal qızının "mən bu oğlumdan yarımadım" dediyi Alıhüseyn kişini Qazax qəzasına milis rəisi qoyurlar. Atam görmüşdü onu. Deyir, heç vaxt eyni evdə gecələmirdi, heç vaxt işə eyni küçəylə getmirdi. Çünki düşməni çox idi və söz düşəndə deyirmiş ki, nəslimin yeddi arxa dönən düşmənlərindən qisas almışam. Bax Hüseyn Arifin həmin kürən nəticəsi Alıhüseyn kişiyə oxşayır.

- Hüseyn əmi Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirmədi, deyəsən... Şərqşünaslıqdan sonra birbaşa rus dilində təhsil almaq nəyə lazım idi ki? 

 

Fenomenal yaddaşlı adam

 

- Nəsə həvəsdən düşüb, elmi işini yarıda saxlamışdı... Hüseyn qağam onillik orta məktəbi yeddi ilə bitirmişdi. Fenomenal yaddaşı vardı. Müəllimin dediyini nöqtə-vergülünə qədər yadında saxlayırmış. Oturub xüsusi dərs hazırlamayıb, elə müəllimin başa saldığı dərsi qavrayıb vəssalam. Amma heç vaxt yaddaşıyla qürur duymur, lovğalanmırdı. Atam Aşıq Ələsgərin, Qurbaninin, Səməd Vurğunun şeirlərinin, demək olar, əksəriyyətini əzbər bilirdi. Hansı şeirdən deyirdin ondan sitat gətirirdi. Onun bütün həyatı şeir idi, ancaq sözlə, şeirlə nəfəs alırdı. Biz ailədə onu atadan əvvəl şair kimi tanımışıq.

- Bəs ailədə onun yolunu davam eləyən oldumu?

- Mən qətiyyən heç nə yazmadım, yaza bilmədim. Yəni şeirdən gedir söhbət. Amma məqalələrim var. Amma bacım Səhər uşaq vaxtı bir-iki şeir yazmışdı. Səhərin qızı Günel isə həm azərbaycanca, həm də rusca yazdı. Ərə gedəndən sora o da yazmadı daha. 

Çox qəribədir, Hüseyn qağamın nəslində indi nə şeir yazan, nə də sazçalan var. Heç buna meyil eləyən də yoxdur. Evimizdə həmişə saz olub, amma birimiz o sazı götürüb çalmamışıq. Atam evdə tez-tez saz çalırdı. Sevdiyi havalar vardı,  amma qardaşım Arifin ölümündən sonra atam olan məclisdə heç kəs "Dilqəmi", "Yanıq Kərəm", "Ruhani" çalmadı onun yanında. Bilirdilər ki, onu kövrəldə bilərlər, ürəyini ağrıda bilərlər...

- Söz düşəndə hamı Hüseyn Arifi hazırcavab adam, dərviş timsalı biri kimi xatırlayır. Haqqında çoxlu lətifələr dolaşır. Lətifələr kitabı da qarşımızdadır. Amma onun içində sağalmayan bir yara vardı - nakam oğul itkisi. Necə yaşaya bilirdi bu kədərlə? Necə yaranırdı kədərli adamın lətifələri? Öz kədəriylə sizi də incidirmi?

- Qardaşımın faciəsindən sonra, demək olar, hər axşam bizi başına toplayıb, şeirlərini oxuyurdu. Onlar silsilə şeirlər idi. O vaxt mən rayon səhiyyə şöbəsinin müdiri idim. Səhər tezdən işə getmək məcburiyyətindəydim. Gözlərim ağlamaqdan qızarır, üz-gözün şişirdi. Bizi ağlatmadan, gözümüzdəki yaşı görmədən şeirin nöqtəsini qoymurdu. Başa düşürdü ki, biz o şeiri yaşaya bildik, yəni başqa sözlə desək, oxucu onun hisslərinə köklənə bildi.

Atam şeiri heç vaxt yazıb qaralamazdı. Birbaşa yazılırdı, hazır gəlirdi içindən, köçürürdü kağıza. Onun ömrünün sonuna qədər bir yerdə yaşadıq, bircə dəfə də olsa yazdığını qaralayanda görmədim. Kitabda, qəzetdə çap olunandan sonra nəsə xoşuna gəlməsə üstündə düzəliş edirdi, vəssalam.

- Bilirik ki, ən yaxın dostlarından biri İsmayıl Şıxlı olub. Amma başqaları da var o uzun siyahıda...

 

Atamın dostları

 

- Hə, İsmayıl müəllimlə dost idilər. Ancaq o uzun siyahı məsələsini doğru qeyd elədiniz. Atamın dostu çox idi. Məsələn, ağdamlı Eyyub əmi vardı. Bakıya gələndə mütləq bizə baş çəkirdi. Atam evdə olmurdu bəzən. Yığırdı bizi aparırdı bulvara, gəzdirirdi şəhəri, qulluğumuzda dururdu, restoranda qonaqlıq verirdi bizə. Bu böyük ərk idi. Böyük qızlar idik artıq. Əsl əmiydi o. Yaxşı xatirimdədir, bir dəfə hansısa restoranda olanda rəhmətlik Nəzakət Məmmədova oxuyurdu. Çağırdı yanımıza, tanış elədi bizi, dedi bunlar Hüseyn Arifin qızlarıdır. Bərdənin raykom katibi Aydın müəllimlə dost idi. Hüseyn qağam bircə dəfə ölümündən bir il qabaq xəstəxanada yatdı, vəssalam. Xəstəlik nədir, dava-dərman nədir bilməzdi. Aydın müəllim deputat idi o vaxtlar. Məzuniyyət götürmüşdüm, hər gün atama baş çəkirdim. Və demək olar hər gün mən qayıdana yaxın Aydın müəllim başının dəstəsiylə gəlirdi xəstəxanaya, atamı yoluxmağa. Yəni atamın elə dostları çox idi, onların əksəriyyətini qohum bilirdik. Tələbə Qəbulu Komissiyasının sədri Məleykə Abbaszadənin atası Mehdi müəllim çox yaxın idi atamla. O qədər doğma, o qədər yaxın idilər ki, elə bilirdik qohumdur.

- Adamlar necə tapırdılar onu, niyə tapırdılar onu? Nəyə görə, hansı xüsusiyyətinə görə onunla dost olmaq istəyirdilər?

- Çox təmiz, sadəlövh, saf adam idi. Konfliktdən uzaq adam idi. Külliyyatını toplayanda müxtəlif adamların xatirələrini də saldım kitaba. Vəzifəli adamlardan biri xatirəsində yazır ki, Hüseyn Arif rayona gələndə icazə verməzdi maşının yük yerinə nəsə sovqat qoyaq. Götürməzdi. Amma çoxu gələndə diliylə deyidi ki, filan-filan şeyləri qoyarsız "baqaja". Təsəvvür eləyirsiniz, yağ-ət talonla satılırdı. Qıtlıq idi. Atam istəsəydi hər ay hansısa rayondan kimsə bizim aylıq yağımızı-ətimizi göndərərdi. Amma elə şey olmadı. Biz rüşvət, haram görməmişik. Amma əvəzində aclıq bilmişik nədir, paltar olmamaq, ayaqqabısız qalmaq nədir bilmişik. Atam gözütox adam olduğundan belə şeyləri heç vaxt dərd eləməmişik.

 

"Şəkər qorxutmayır artıq heç kimi

Xərçəng azarı da keçər, şübhəsiz.

Görəsən, bacara biləcəyikmi

Bu rüşvət adlanan xəstəliklə biz?".   

 

Bakı paltosu geyən müdir

 

Ailədə o cür tərbiyə almışdım, səhiyyə şöbəsinin müdiri işləmək çətin idi mənə. Səhiyyə Nazirliyində kollegiya üzvüydüm. Mən Bakı istehsalı palto geyinirdim, Bakı ayaqqabısı geyinirdim. Bunu qətiyyən özümə ar bilmirdim. Ailədə hamımız elə olmuşuq. Anam dil-ədəbiyyat müəllimi idi. Bir qutu konfet belə şagirdlərindən götürmədi heç vaxt.

- Anadan, Məleykə xanımdan söz düşdü, gəlin ondan danışaq. Bilirəm ki, Hüseyn Arifin qapısı yaşından asılı olmayaraq əksər ədəbiyyat adamının üzünə açıq olub və demək olar, az qala hər gün o evdə süfrə açılıb, qonaq qarşılanıb. Məleykə xanım yorulmurdu bundan? Qınamırdı Hüseyn əmini ki, bəsdir də, nə qədər olar...

- Ailə üçün bişən yemək qonağın qabağına gedirdi. Evdən saz-söz əskik olmazdı. Biz çox sevinirdik buna. Anam qulluğunda dururdu qonaqların. Biz oxuyurduq ya məktəbdə, ya institutda, vaxtımız olmurdu anama çox kömək eləməyə. Qonaqlar atamın başını qatırdılar elə bil, dərdini unutdururdular ona. Arifdən sonra elə bil hamımız baş-başa qalmağa çəkinirdik.           

- Necə tapışmışdılar. Sevib evlənmişdilər, ya böyüklərin məsləhətilə ailə qurmuşdular?    

- Atam orta məktəbi bitirəndən sonra Bakıda pedaqoji məktəbdə oxumuşdu. Sonra onu Tovuza müəllim göndərmişdilər. Müəllim kimi bronu olur, müharibə başlayan kimi onu göndərmirlər cəbhəyə. 1942-ci ildə Göyçə mahalının Cil kəndində müəllim işləyəndə onu orduya çağırırlar. Nənəm deyirdi ki, Aşıq Mirzə vağzalda Hüseyni yola salanda saz çaldı.

Atam əsgər gedəndə anasına deyib ki, mən Aşıq Mirzənin qızı Bənövşəni sevirəm, davadan qayıdandan sonra onu alacağam. Mən qayıdana qədər gözün o qızın üstündə olsun. Atam müharibədə olanda Bənövşə gözləmir, özündən yaşca böyük vəzifəli bir adama ərə gedir, amma çox çəkmir bu evlilik, ayrılır. Bənövşə xalanı mən də tanıyırdım. Övladı yox idi. Heç vaxt bu söhbəti açmırdım, çünki sağ idi, Bənövşə xala. Nəsə... Atam müharibədən qayıdandan sonra nənəm ürək eləmir Bənövşə xəbərini ona deməyə. Sonra Bənövşə özü də uzun illər dövlət qulluğunda işləmişdi. Bir neçə il olar dünyasını dəyişib.

Nəsə, atam qayıdır əsgərlikdən, anasına deyir ki, mən Bənövşənin eşqiylə getmişəm, onun eşqiylə də qayıtmışam. Gedək o qızı alaq. Nənəm cavab verə bilmir. Atam başqalarından eşidir Bənövşə əhvalatını.

Atam gedib Bakıda universitetin Şərqşünaslıq fakültəsinin fars dili şöbəsinə qəbul olur. Nənəm onu evləndirmək istəyir. Atam surətpərəst kişiydi, gözəllik aşiqiydi, sevmədiyi, könlünə yatmadığı biriylə dünya dağılsa da evlənməzdi. Ata nənəmin qohumu Aslan dayı Kirovka kəndində məktəb direktoru olub. Nənəm söz salanda Aslan dayım deyib ki, məktəb də, kənd də gözəl, ağıllı qızlarla doludur, birini seçsin evləndirək Hüseyni. Anam Aslan dayının bacısıdır. Anam gözəl qadın idi. Heç birimiz ona çəkmədik. Onun zil ara saçları vardı. Darağı isladıb darayırdı saçlarını, barmağıyla bururdu, saçları elə də burulub qalırdı. Qırmızı yanaqları, ala gözləri vardı. Atamın da gözləri yaşıla çalan alaydı.

 

Ala gözlü Məleykə...

 

Bir axşam anamı Hüseyn qağama göstərmək istəyiblər. Bir bəhanəylə anamla atamı görüşdürürlər. Anamı sevən çox olub. Anam deyirdi ki, Hüseyn məni sevirdi. Bu çox dəyərli sözdür. Qadın sevildiyini biləndə xoşbəxt olur. Elçi gələndə anam deyib, mən təhsil almalıyam. Toydan sonra anam Qazax Pedaqoji Texnikumunda oxuyur. Biz Bakıya köçəndən sonra anam pedaqoji institutun üçüncü kursuna qəbul olunur. İsmayıl Şıxlı dərs deyib ona. Anam deyirdi, hər dəfə imtahanlar yaxınlaşanda İsmayıl qardaş zəng vurub deyirdi ki, ay Məleykə, xəngəl hazırdımı?

Anam müəllimlikdən zövq alırdı. Məktəblə, şagirdləriylə yaşayırdı. Bizim tərbiyəmizlə əsasən anam məşğul olub. Məktəbə gedənə qədər yazıb-oxumağı öyrənmişdik. Nənəm bizə dastanları əzbərlətmişdi. Ağlımız kəsəndən evdə oyuncaq görmədik, oyuncaqlarımız kitab-dəftər, qələm idi.

- Siz keçmiş Hüsü Hacıyev küçəsindəki məşhur yazıçılar binasında yaşamısınız, orada böyümüsünüz. Maraqlı qonşularınız olub. Kimlər qalıb yaddaşınızda?

 

İlyas Əfəndiyevin oğlu həyətə düşən kimi...

 

- Çox maraqlı məhəlləydi. Yanımızda bəstəkarlar binası idi, onun da yanında rəssamlar binası. Çox böyük tarix vardı o binada. Bayram Bayramovun əkizləriylə bir sinifdə oxumuşam. Az.TV-nin aparıcısı vardı, Gülşən Əkbərova, yazıçı-jurnalist Məhəmməd Əkbərin qızıydı. Bir yerdə oxumuşuq. Salam Qədirzadə... Ənvər Əlibəyli bizdən bir mərtəbə aşağıda yaşayırdı. İsmayıl Şıxlı o biri blokda yaşayırdı. Bəxtiyar Vahabzadə... Qasım Qasımzadə... Demək olar, dövrün ən məşhur şair-yazıçılarıyla bir məhəllədə yaşayırdıq. İlyas Əfəndiyevin kiçik oğlu Timuçin həyətə düşəndə biz qaçıb gizlənirdik. Çox şuluq uşaq idi. Elçin böyük idi, ağayana aparırdı özünü, Timuçin balacaydı, göz verir-işıq vermirdi bizə (gülür). Asıb-kəsən, vurub-yıxan oğlan idi.

- Deyirlər, Hüseyn Arif çox yerlibaz olub. Hətta siz də mənimlə telefonda danışanda ilk sualda haralı olduğumu soruşdunuz? Ümumiyyətlə, sizin zonada yerlibazlıq, deyəsən, bir az ifratdır...

- Axı mən sizə dedim, illərlə Hüseyn Arif heç kəsin yadına düşmür, xatırlanmır.

- Məncə, burda bir az səhv edirsiniz. Hüseyn Arif, bəlkə də, ən çox xatırlanan şairlərdən biridir. Bizim elə bir məclisimiz olmur ki, Hüseyn qağa yada düşməsin, hansısa lətifəsini deyib gülməyək...

- Yox, o başqa şeydir. Mən rəsmi xatırlanmağı nəzərdə tuturam. Mətbuatı, televiziyanı nəzərdə tuturam. Ona görə siz "Ədəbiyyat qəzeti"ndənəm deyəndə mat qaldım.

- Mən sizi çox axtardım, sağ olsun Barat Vüsal, axırda o yadıma düşdü və elə o da kömək elədi sizinlə görüşməyimə... Yerlibazlıqdan danışırdıq...

- Bu, yerlibazlıqdan çox, saza-sözə həvəsdir, bəlkə də. Bizim zonada yazmayan, saz çala bilməyən az adam tapılar. Atam da sözlə nəfəs alırdı. Amma rayon-rayon, kənd-kənd gəzib istedadlı uşaqları tapırdı, onlara kömək eləyirdi. Aşıqlar Birliyi xəttilə tədbirlər keçirirdi. Atam Aşıqlar Birliyini yaradanda rəhmətlik ulu öndərimiz Heydən Əliyev qəbul eləmişdi onu, bütün şəraiti yaratmışdı. Televiziyada "Aşıq Pəri məclisi" xeyli davam etdi...

- Biz bilirik ki, 1976-cı ildə oğlunu itirəndən sonra Hüseyn əmi çox sarsıldı və bu sarsıntı sona qədər onu tərk etmədi. Son günləri necə qalıb yaddaşınızda?

 

Sağalmayan yara...

 

- Hə, Arif təkcə onun yox, hamımızın belini qırdı. Atam təskinliyi məclislərdə tapırdı. Son vaxtlar həkimlər qəti qadağa qoymuşdular içkini ona, amma özünə baxmadı, harda qırılar, qırılar deyib, yenə içirdi. Hətta dostları da baş çəkməyə gələndə bilə-bilə ona içki olmaz, xəlvətcə içki gətirirdilər. Atam sanki yaşamaq istəmirdi daha. 1990-cı ildə Xalq şairi adı almışdı, Bakıda komendant saatıydı o vaxt. Bu adı qeyd eləmək üçün məclis olmuşdu, sonra gecəyə, komendant saatına düşmüşdü. Tutub komendaturaya salmışdılar səhərə qədər onu. Orda bir aşıq da olub. Komendaturada səhərə qədər atam şeir demiş, aşıq da saz çalmışdı. Belə qeyd eləmişdi Xalq şairi adını...

 

Söhbətləşdi: Əyyub QİYAS


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!