Seçimin çətinliyi - “Onun romanı” rubrikasının qonağı Şahanə Müşfiqdir

"Onun romanı" rubrikasının qonağı yazıçı, jurnalist Şahanə Müşfiqdir. Rubrikamızın növbəti buraxılışında məşhur ingilis yazıçısı və bəstəkarı Etel Lilian Voyniçin dünyaca məşhur "Ovod" romanı ətrafında söhbət etdik.

 

- Əsəri oxumayan oxucular üçün qısa bir xülasə verək.

- Əsərin baş qəhrəmanı Artur Berton adlı gənc bir tələbədir. Hər şey Arturun anasının ölümündən sonra ona və ailəyə yaxın keşiş Montanellinin İtaliyaya gəlməsini məsləhət görməsi ilə başlayır. Onsuz da inqilabçı ruha malik olan Artur burda sevgilisi Cemma ilə birlikdə "Gənc İtaliya" adlı inqilabi hərəkata qoşulur. Arturun həyatı İtaliyaya gələndən sonra tamamilə dəyişir. Ard-arda yaxınları tərəfindən zərbələr alır. Əvvəlcə sevgilisi ilə dalaşır, ayrılır. Sonra isə ailəsində qalmaqallar baş verir. Keşiş Montanellinin və anasının ona danışdığı böyük yalanın üstü açılır. Baş verənlər Artur üçün o qədər ağır idi ki, o, sanki boşluğa düşür. Çıxış yolu kimi də intihar ssenarisi qurur və hamıya özünü ölmüş kimi göstərərək Buenos-Ayresə gedir. Yalnız 13 il sonra İtaliyaya Rivares adı ilə qayıdır və "Ovod" təxəllüsü ilə broşürlər yazır. Olduqca saf, xeyirxah, inanclı, təmiz hisslərə malik 19 yaşlı Artur həyatın ona yaşatdıqları nəticəsində amansız inqilabçı Ovoda çevrilir.

- Bir əsrdən artıqdır ki, məşhurluğunu itirməyən  "Ovod" romanının insanlar üzərindəki ən çox təsiri nədən ibarətdir?

- Etel Lilian Voyniçin "Ovod" romanı 1897-ci ildə Nyu-Yorkda, sonra isə Londonda nəşr edilib. Hələ ilk üzə çıxdığı vaxtdan etibarən roman çox böyük rezonans  doğurub. Ən çox SSRİ-də böyük maraqla, rəğbətlə qarşılanıb. Hətta Xuruşşov kitabın çox sayda nəşr olunmasına dair xüsusi göstəriş vermişdi. Bunun əsas səbəblərindən biri, bəlkə də, birincisi, sözsüz ki, həmin dövr və bu dövrün romandakı aydın, səlis əksi idi. Başqa sözlə, mövzu aktuallığı. Əsər öz mövzusunu İtaliyanın inqilabi keçmişindən - XIX əsrin 30-40-cı illərində baş verən hadisələrdən alıb. Əsərdə "Gənc İtaliya" inqilabçı təşkilatının fəaliyyəti öz əksini tapıb. Romanı yazarkən müəllif məhşur İtaliya inqilabçıları Cüzeppe Madzini, Cüzeppe Haribaldinin həyatından da bəhrələnib. Bu anlamda əsəri bioqrafik əsər də hesab etmək olar.

Erkən yaşda itirdiyi anasına, bütün meylini saldığı və Allahı qədər inandığı keşiş Montanelliyə, ta uşaqlıqdan könlünü verdiyi Cemmaya olan sevgisi bircə anda yerlə-yeksan olan Arturun bundan sonra onun qəlbində, varlığında sevgi adına heç nə qalmır. Daha doğrusu, biz elə düşünürük.

Artur isə əlindən çıxan bütün sevgilərinin yerinə daha böyük bir sevgi qoyur - Vətən sevgisi. Bundan sonra yalnız bu sevgi uğrunda çarpışır, vətəninin azadlığı yolunda cəsur inqilabçıya çevrilir. Müəllif real həyat hadisələrinə əsaslanan əsərini bütün bəzək-düzəkdən, romantik ab-havadan uzaq, məhz realist şəkildə qələmə alır.  Məncə, bu, əsərin təsir gücünü artıran ən böyük səbəblərdən biridir.

- Arturun xarakterinin zəif və güclü tərəfləri nə idi sənə görə?

- Artur Berton cəmi 19 yaşlı yeniyetmədir. O, elə məhz 19 yaşlı uşaq həssaslığına, kövrəkliyinə malikdir. Əslində, Artur orta yolu tapmayan qəhrəmandır. Onun həyatının ilkin dövrüylə ikinci dövrü arasında kəskin fərq var. Onun həssaslığı da normadan artıqdır, qəddarlığı da. Bəlkə də ikincini tənzimləyən də məhz birinci idi. Yəni o qədər həssas olmasa, bu qədər qəddar olmazdı. Xarakterindəki ilkin zəiflik budur, mənə görə.

O, hər şeydən çox sevdiyi anasını yenicə itirib. Bu itkinin ağrısını az da olsa xəfiflətmək üçün qəlbən bağlı olduğu ruhani atası Montanelliyə sığınır, bütün boş vaxtlarını onunla ruhani seminariyasında keçirir. Onun xarakterindəki kiçik boşluq təşkilatda mühüm bir vəzifənin ona deyil, Bollaya tapşırılması ilə üzə çıxır. O, Bollanı qısqanır. Amma bu, uzun çəkmir. Elə özü öz səhvini anlayır və günahını etiraf etmək üçün keşişin yanına gedir. Bu, Arturun xarakterindəki güclü tərəfidir.

Artur özü də bilmədən çox böyük təşkilati sirrin üstünü açır. Onun həbsi, həyatı ilə bağlı öyrəndiyi yeni sirlər bütün inamını sarsıdır və ən dəhşətlisi də budur ki, ona yalan söyləyənlər bu dünyada ən çox inandığı insanlar - anası və Montanelli idi. Arturun Montanelliyə dediyi "Mən sizə Allaha inanan kimi inanırdım, amma siz ömrüm boyu mənə yalan demisiniz" sözləri onun nə qədər böyük xəyal qırıqlığı yaşadığını sübut edir. Keçirdiyi bu dəhşətli sarsıntı və xəyal qırıqlığı onun yanlış qərarlar verməsinə səbəb olur. Artur olduğu yerdə və ona bu əzabları yaşadan insanlarla mübarizə aparmaq yerinə qaçmağı seçir. Bu qaçış isə ölümə bərabər qaçış idi. Həyatın bərkini-boşunu görməyən, o vaxta qədər ciddi çətinliklərlə üzləşməyən gənc birdən-birə ən dibə doğru çəkilir. Bunu onun xarakterinin zəif tərəfi kimi qəbul etsəm də, 19 yaşında bu qədər ağır həqiqətlərlə üz-üzə qalmış gəncdən daha məntiqli və doğru qərar gözləməyin özü sadəlövhlük olardı. Bu situasiyada paradoksluq yaranır nisbətən. Yəni həqiqətənmi onun bu qaçışı zəiflik idi? Bəlkə də elə ən böyük cəsarət idi. Bunu Arturun Ovoda çevriləndən sonrakı yaşantıları və uzun illərdən sonra geri dönüşü aydınlaşdırır. Görürük ki, Artur burda qoyub getdiklərindən qaçıb, amma öz içindəki əzablardan, ağrılardan qaça bilməyib. Ovod olaraq nə qədər qəddarlaşsa, nə qədər güclənsə də, əslində, daxilində Artur həssaslığı qalmaqdadır. Deməli, bu qaçış heç də cəsarət nümunəsi deyilmiş.

- Mən Arturun iç dünyasının zənginliyinə rəğmən bir çox əskiklik yaşamasını qəbul edə bilmirəm. Necə düşünürsən, Artur ideal obrazdır?

- Arturda məxsusi şəkildə sevmədiyim heç bir xüsusiyyət yoxdur. Hətta bu sualı mənə o əsəri oxuduğum ilk zamanlarda, təxminən Arturdan 1-2 yaş kiçik olduğum dövrlərdə versəydiniz, deyərdim ki, Artur ideal obrazdır. Amma üstündən illər keçəndən və mən "Ovod"u daha bir neçə dəfə oxuyandan sonra Arturun xarakterindəki boşluqları daha aydın görə bilirəm. Bayaqkı suala verdiyim cavablar Arturda görmək istəməyəcəyim xüsusiyyətlərdir. Həmçinin, mən Arturun o dəhşətli qəddarlığı, insanların mənəvi qüsurlarını üzlərinə çırpmasını sevmirəm. Amma heç bir halda onu qınamaq da ağlıma gəlmir. Çünki yoxa çıxdığı uzun illər başına daha dəhşətli hadisələr gəlir, hər addımda insanların vəhşilikləri, iyrəncliklərilə qarşılaşır, üst-üstə ağır fiziki və mənəvi əzablar yaşayır. Buna baxmayaraq məğlub olmur. Bu xüsusiyyəti Arturu həyatda saxlayan "Ovod qalxanı" idi.

- Romanda diqqət çəkən məqamlardan biri də yazıçının "Ovod"un həyata olan sevgisini xüsusi vurğulamasıdır. O, təbiəti, ağacları, heyvanları, çiçəkləri, uşaqları sevir. Niyə bunlara rəğmən Artur ölümə gedir?

- Tale və çətin həyat sınaqları Arturu sərtləşdirsə də, hissizləşdirmir. Onu ölümə aparan səbəb həyatdan daha dəyərli bir şey idi. O da fikirləri, düşüncələri. Ovod üçün fikirləri onun üçün həyatdan daha dəyərlidir. Məhz ona görə də "Ovod"un bütün həyatı və ölümü vətənin qurtuluş savaşına həsr olundu. Bu mübarizə onun həyatdakı yeganə ehtirası idi.

- Bəlkə də elə bu xüsusiyyətinə görə "Ovod" bütün dünya ədəbiyyatında ən parlaq inqilabçı simvolu hesab olunur.

- Çünki müəllif əsərdə "Ovod"un imicini dərindən və əhatəli şəkildə ortaya qoya bilib. O, zarafatcıldı, ironiyalı dili var. Bu xarakterlər həm də onun silahı idi. Amma bu möhtəşəm silahları fərqli şərtlərdə çox ustalıqla istifadə edir. Onun ironiyası  düşmənləri vurur, liberalları hirsləndirir, dostlarına isə güc və rahatlıq verir.

- Əsərdə təsvir olunan dövrün İtaliyasındakı siyasi rejim, ölkənin problemləri, insanların düşdüyü xaos ölkəmizin hansı dövrü ilə oxşarlıq təşkil edir?

- XIX əsrin birinci yarısında İtaliya hələ də parçalanmış halda idi. Torpaqlarının bir hissəsi Avstriya imperiyasının, bir hissəsi isə Burbonların hakimiyyəti altında idi. Papa XVI Qriqorinin ölümündən sonra italiyalı nümayəndə qalib gəldi və IX Piy Papa Pius adı ilə Roma Papası oldu. Bu, italyanlarda böyük sevincə səbəb oldu. IX Piy hakimiyyətə gələn kimi çox müsbət, bir az da italyanların xeyrinə islahatlara başladı. Bütün bunlar İtaliyaya böyük sürətlə yayıldı. İtalyanların əksəri Papanın islahatlarının öz dövlətlərində də keçirilməsini tələb edirdilər. Papanın islahatları və vətənpərvərliyi onlarda vahid İtaliya üçün onun ətrafında birləşmək düşüncələrini gücləndirdi. Əhalinin ilk çıxışları Sardiniya krallığında başladı. Əhalinin təzyiqləri nəticəsində, kral islahatlar keçirdi - Milli qvardiya yaradıldı, senzura yumşaldıldı, Dövlət Şurası yenidən təşkil olundu. Sonra isə üsyanlar daha geniş vüsət almağa başladı və ayrı-ayrı krallıqlarda üsyançılar qalib gəldikcə coğrafiya da genişləndi, nəticədə üsyançılar Müvəqqəti Hökumət yaratdılar. Tarixi gedişatı uzun danışmamaq üçün qeyd edim ki, inqilab gedişində İtaliyada 3 respublika yaradılır və bu respublikalar birləşmək qərarını alırlar. Lakin papanın kömək üçün Fransa, İspaniya və Avstriyaya müraciəti, eləcə də inqilabın başında duran Madzini və Haribaldi arasındakı fikir ayrılıqları konstitusiya elan olunmasına rəğmən, respublikanın ömrünü qısaldır və Roma Fransaya təslim olur.

Bütün bunlar mənə Azərbaycanın 2 dövrünü xatırladır: 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və süqutu, eləcə də, 1990-cı illərdə Azərbaycan Respublikasının yaradılması. Xüsusən, ikinci dövr daha aktualdır. XX əsrin 80-ci illərinin sonundan etibarən SSRİ-nin tərkibində olan Azərbaycanın siyasi həyatında baş verənlər, SSRİ-nin özünün hakimiyyətinin laxlaması, müstəqillik üçün ayağa qalxan və Azadlıq meydanına axışaraq uzun müddət sözün əsl mənasında, inqilab edən Azərbaycan xalqı XIX əsrin 40-cı illərində müstəqilliyə can atan və bunun üçün uzun illər mübarizə aparan italyanları yada salır. İtaliya inqilabının əsas çatışmazlığı pərakəndəlik, təcrübəsizlik, sadəlövhlük idi. O gənclər öncə necə mübarizə aparmağın yollarını bilmirdilər. Və kənar müdaxilə onların müqəddəs işini yarıda qoydu. Təxminən XX əsrin əvvəllərindəki Azərbaycan kimi. Amma XX əsrin sonlarında Azərbaycan daha təcrübəli və daha inadkar idi. 1990-cı il 20 Yanvar hadisələri onun bu üsyanın yatırılmasına yönəlmiş vəhşi əməl idi. Ancaq onunla belə, Azərbaycan müstəqillik qazanmağa nail oldu.

- Əsərdə yazıçı bir inqilabçının qəhrəman imicini yaratmağa çalışmaqla yanaşı, həmçinin böyük bir güclə müqəddəsliyin aurasını dindən və din xadimlərindən qoparır. Onları ifşa edir. Müsəlman dünyasında da din adı altında xeyli çirkli işlər həyata keçirilir, ancaq Şərqdən bu mövzunu qələmə alıb, əsərin ana xətlərindən birinə çevirən yazıçılar azdır. Voyniç bu cəsarəti hardan alırdı?

- Xristian dünyasında din xadimlərinin tənqidi təkcə Voyniçə məxsus deyil. Zaman-zaman bir çox xristian yazıçılar dindarların saxtakar əməllərini tənqid ediblər. Doğrudur ki, müsəlman dünyasında buna çox rast gəlmirik. Fikrimcə, bunun əsas səbəbi cəmiyyətlərdə dinə yanaşmadır.

Baxın, İslam dinində Məhəmməd Peyğəmbərin şəkli yoxdur, İmam Əlinin şəklini çəkəndə bu gün belə üzünü işıqlı çəkirlər. Yəni onları görmək, onları təsvir etmək günahdır. Filmlərdə də İslam müqəddəslərinin simasını bu gün də görmürük. Amma xristianlıqda bu belə deyil. Məryəm, İsanın şəkilləri hər yerdədir, üzləri də açıq. Müsəlmanlar ilk vaxtlardan dini xalqdan gizlədiblər sanki. Biblia, "İncil" hər yerdə açıq satıldığı, insanlara rahatlıqla paylandığı və hər kəs onu oxuduğu halda, bizdə "Qurani-Kərim"ə qüslsuz toxunmaq olmaz deyib, dəsmala büküb illərlə mebelin başında saxlayırlar, oxumurlar. Müsəlman dünyasında din və müqəddəslər o qədər toxunulmaz, əlçatmaz olaraq təsvir edilib və insanların beyninə yeridilib ki, adicə mollanı belə ədəbiyyata gətirmək, tənqid etmək insanların ağlına gəlməyib. Voyniç və onun kimi xristian din xadimlərini tənqid etməkdən çəkinməyən yazıçılar cəsarəti elə xristianlığın özündən alırlar.

- Əsərin əvvəlində Artur dinə, Allahın insanları xilas etdiyinə inanırdı, amma din xadimlərinin əsl üzünü gördükdən sonra inamını itirdi. Arturun dinə, din xadimlərinə olan aqressiv münasibətinin təməlində yatan şey əslində nə idi?

- Artur din xadimlərinin deyil, əslində, Allah qədər inandığı bir din xadiminin yalanıyla sarsılır. Onun davası atasının onu yox, Allahı seçməsidir. Bir az da psixoloji travmanın nəticəsidir deyə bilərik. Arturun Tanrıdan üz çevirməsinin əsl səbəbi birmənalı olaraq yaxınlarının ona vurduğu zərbə idi. Anasının keşişlə xəyanət etməsi nəinki dini inanclarına, hətta bütün həyatına təsirsiz ötüşmür. Allaha sədaqət andı içən keşişin bu xəyanəti onu diksindirmişdi.

- Sadə, nəcib xarakterli Arturu, inqilabçı, sərt "Ovod"a çevirən səbəb, əslində, aldığı travmadır.   

- Onun hələ baş verənlərdən öncə "Gənc İtaliya" təşkilatına qoşulması daxilindəki inqilabçı ruhdan və sonsuz vətən sevgisindən xəbər verir. Baxmayaraq ki, ingilis idi, amma İtaliyanın müstəqilliyi uğrunda təhlükəli işlərə əl atırdı. Artur lap əvvəldən də inqilabçı ruhda idi. Baş verənlər sadəcə onun xarakterindəki müəyyən nüansları və həyata, insanlara baxışını dəyişdirmişdi.

- Əsər tərcümə olunub yayıldığı bir çox ölkələrdə, xüsusilə Rusiyada əsl inqilabçı romanı kimi qiymətləndirilirdi. Hətta roman Leninin həmişə iş masasının üzərində olan kitablardan olub. Səncə, müəllifin əsl niyyəti bu idimi?

- Voyniç əsərdə təkcə inqilab mövzusuna fokuslanmayıb. Mənim fikrimcə, bu əsərdə insan münasibətlərindəki çətinliklər daha qabarıq verilib. Əsər bir insanın seçim etməsinin nə qədər çətin olduğundan, eyni zamanda insan dəyərlərinin üstünlüyünün ömür boyu necə dəyişə biləcəyindən bəhs edən əsərdir. Ona görə də "Ovod" haqqında daha geniş düşünülməlidir.

Söhbətləşdi: Günel MUSA


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!