"Tanınmaq, sevilmək, diqqət məni narahat edir" - "Ədəbiyyat qəzeti"nin müsahibi şair, yazıçı Cəlil Cavanşirdir

 

- Bir çox yazıçıların yazıçılığa başlanğıc hekayəri var. Məsələn, Markes yazmağa karikatura çəkməklə başladığını deyirdi. Sənin belə bir hekayən varmı?

- Mən yazmağa, kiçik məşqlərlə başlamışam. Orta məktəbdə ana dili dəftərimə hekayələr, şeir kitablarının səhifələrinə şeirlər yazırdım. Dördüncü sinifdə ana dili dəftərimə Nadir şahın oğlunun gözlərini çıxarmasıyla bağlı hekayə yazmışdım. Dəqiq yadımdadır, Mustafa Çəmənlinin "Xallı gürzə" romanını oxumuşdum və ilk təəssüratım məni yazmağa həvəsləndirmişdi. Sinif müəllimim "hekayəmi" oxudu, əlini çiynimə qoyub xırıltılı səslə dedi ki, bala, get dərslərini oxu. Sonra xeyli öyüd-nəsihət verdi, aradan illər keçib, unutmuşam. O öyüdlərə qulaq asıb nəticə çıxarsaydım, mən indi Rusiya bazarlarına TIR-larla meyvə-tərəvəz "vuran" ciddi biznesmen olmalı idim.

14 yaşımda mərkəzi və çoxtirajlı qəzetlərin birinə məktub yazdım, redaksiya məktubu "Gənclik" səhifəsində çap etdi. Mən də kəndimizin poçtundan yazım çap olunan qəzetin 4-5 nüsxəsini alıb gətirdim məktəbə. Müəllimlərimə, sinif yoldaşlarıma göstərdim. Müəllimlərim, ailəm məni başqa istiqamətə yönləndirməyə çalışsa da, israrla bildiyimi etdim və nəticə göz qabağındadır. Bəlkə də yaxşı həkim, hüquqşünas, sevilən müəllim ola bilərdim. Bütün bu peşələrə marağım, qabiliyyətim olsa da, mən doğru bildiyim işin arxasınca getdim və nəticədə yazmaq mənim həyat tərzimə çevrildi. Gəncliyimdə özümü müəllim, meyxanaçı, reklam meneceri, mühərrir kimi sınadım. Regionda ilk müstəqil tərcümə jurnalını təsis etdim, bir il öz yaratdığım qəzetə, iki il təsis etdiyim hazırlıq kursuna rəhbərlik etdim. Ancaq paytaxtdakı ədəbi mühit məni cəlb etdiyi üçün, bütün rahatlığımdan, qazancımdan imtina edib, bir çantayla köçdüm Bakıya. Üç dəfə Almaniyada təhsil almaq və yaşamaq imkanından imtina etmiş, bu ölkədə böyük ədəbiyyat və qaynar ədəbiyyat mühitinin yaranmasında iştirak edəcəyinə inanmış sadəlövh, ya da idealist bir insan kimi, bu gün dərin peşmanlıq hissi ilə öz kədərli həyatıma davam edirəm. Detallarını sizlərlə bölüşsəm, görərsiniz ki, mənim həyat hekayəm Markesin həyat hekayəsindən daha təsirlidir.

- Klişe olan bir fikir var: Ədəbiyyat şəxsiyyəti formalaşdırır. Mən bundan çox da əmin deyiləm, açığı, amma bir yazıçı olaraq sənin fikrini alaq.

- Şəxsiyyət ciddi təhsil və tərbiyə olan mühitdə formalaşır. Ədəbiyyat şəxsiyyət olduğunu dərk edənləri nizama, düzənə salır. Bütün ömrünü ədəbiyyata, mütaliəyə həsr etmiş onlarca adam var ki, heç lazımlı fərd ola bilməyib, nəinki şəxsiyyət. Ədəbiyyat mayasında halallıq, təmizlik olmayan adamı şəxsiyyətə çevirməyə qadir deyil. Nadir istisnalar, nümunələr var ki, bunları da təxəyyül məhsulu, ədəbiyyat hesab edirəm. Real həyatda hər şey başqa cür cərəyan edir.

- Bizim dövrümüzdə yazıçıya stimulu ən çox nə verir: pul, mükafat, fəxri ad, yoxsa oxucu sevgisi?

- Tam səmimi deyirəm, mən puldan stimul alıram. Pulum olanda yaradıcılığa vaxt ayıra bilirəm. Məişət qayğıları ilə yüklənəndə, məsələn, ev kirayəsini verə bilməyəndə hansısa oxucumun yaradıcılığım haqqında xoş söz deməsi, küçədə saxlayıb şəkil çəkdirməsi, sosial şəbəkələrdə şeirlərimi paylaşması mənə zövq vermir. Əksinə, tanınmaq, sevilmək, diqqət məni narahat edir. Əvvəllər kasıblıqdan utanmırdım, ancaq tanındıqca, sevildikcə, insanların marağını çəkdikcə bu, məndə kompleks yaradır. Təsəvvür edin ki, hansısa televiziyaya qonaq çağırırlar və sən pulun olmadığı üçün çağırılan proqrama qatıla bilmirsən. Ya da proqrama qatılırsan, ancaq proqramdan çıxıb evə piyada qayıtmalı olursan. Hansısa məclisə çağırırlar, gedə bilmirsən. Məhz bu səbəblərdən insanlardan qaçmağa çalışıram. Hansısa oxucum görüşmək istəyəndə utanıram. Ədəbi mühitdə sovetdənqalma "ənənələr" var: imkanlı oxucuların hesabına yeyib-içmək, dara düşəndə imkanlı himayədarlardan dəstək almaq. Bunu komplekssiz bacaranlar, bununla fəxr edənlər var. Mən məhz belə şeylərdən iyrənirəm. Məni görüşə çağıran oxucumun hesabını verə bilməyəcəmsə, o görüşün heç bir marağı, ləzzəti olmur. Şair, yazıçı, sənət adamı cəmiyyətin elitası olmalıdır. Nədənsə, bizdə yaradıcı adamı səfil-sərgərdan görmək arzusu var cəmiyyətdə. Bizim cəmiyyət öz ziyalısıyla məzələnmək, ərklə kürəyinə şapalaq vurmaq, şit zarafat etmək, danlamaq üçün əldən-ayaqdan gedir.

- Bu gün Azərbaycanda ədəbiyyatın təməl problemi nədir, səncə və çıxış yolu olaraq nəyi məsləhət görərdin?

- Çıxış yolu sevgidir. Bizi sevmədən, bizim yaratdığımız ədəbiyyata bələd olmadan, bizi tanımadan heç nəyi dəyişmək mümkün deyil. İllərdir AYB-ni, Mədəniyyət Nazirliyini tənqid edirəm. Gördüyüm qüsurları, boşluqları göstərməyə çalışıram. Qarşı tərəf elə düşünür ki, mən onlara nifrət edirəm. Halbuki mən məhz sevdiyim üçün tənqid edirəm, daha yaxşı olması üçün tənqid edirəm. Mənə görə ən böyük problem sevgisizlikdir. Hətta dövlət, cəmiyyət belə, sevgi üzərində qurulmalıdır.

- Markes müsahibələrinin birində deyir ki, yazmağa başlayanda tənqidçilər mənim haqqımda heç nə yazmırdı və mən bunu özümə dərd etmişdim. Amma zamanla anladım ki, əhəmiyyətli olan səndən nə yazdıqları deyil, sənin nə yazdığındır. Son illər tənqidçilər sənin əsərlərindən heç nə yazmır. Bu səni narahat edir, yoxsa Markes kimi düşünürsən?

- Yaradıcılığım haqqında çox ciddi qələm adamları, tənqidçilər yazılar yazıb. Və bütün bunlar mənim təşəbbüsümlə baş verməyib. Dostlarımdan biri haqqımda yazılan yazıları toplamışdı, ən azı, üç kitablıq material vardı. 35 yaşımda bu yazıları kitab şəklində çap etdirmək istəyirdim, sonra vaz keçdim. Yaradıcılığıma diqqət ayıran hər kəsə minnətdaram. Görməzdən gələnlərə, ciddiyə almayanlara da təşəkkür edirəm. Tənqidçilərin məndən yazmamasının əsas səbəblərindən biri, mənim yeri gələndə tənqidçiləri tənqid etməyim, ikinci səbəb isə heç bir tənqidçidən mənimlə bağlı yazmağı xahiş etməməyimdir. Müasir yazıçı, şair görüntüsü yaradan həmkarlarım var ki, bir əlində araq şüşəsi, bir əlində külliyyatı tənqidçilərin arxasınca gəzir. Belə davranmağa ləyaqətim yol vermir. Çoxlu pulum, şöhrətim olsa, bəlkə, xasiyyətim də dəyişər. Ancaq hələ ki belə mənasız yaşamağa hazır deyiləm.

Bizdə avtoriteti ilə ədəbi gündəmə təsir edən tənqidçi yoxdur. Daha doğrusu, bizdə demək olar ki, ədəbi gündəm yoxdur. Ona görə də tənqidçilərin laqeydliyi məni narahat etmir. Mən yaradıcılığımla məşğulam. Ədəbiyyatşünaslar, ədəbi tənqidçilər də öz işiylə məşğul olmalıdır. Cəlil Cavanşir kimi ciddi imzanı görməzdən gəlirlərsə, bu onların problemidir. Tarix bu laqeydliyi, biganəliyi, qərəzli münasibəti unutmayacaq.

- Azərbaycanda qadın yazıçılar, şairlər niyə məhz yaradıcılıqları ilə populyarlaşa bilmir?

- Azərbaycanda nə kişi, nə də qadın yaradıcılığı ilə populyarlaşa bilmir. Populyarlıq, tanınmaq xüsusi məsələdir. Yaradıcılıq bu məsələdə çox az rol oynayır. Ümumiyyətlə, mən qadın-kişi bölgüsünün tərəfdarı deyiləm. Yaradıcı adamın cinsiyyəti böyük mənada önəmli deyil.

- İstedadlı hesab etdiyin 5 qadın yazıçı (şair) adı çəkə bilərsən?

- Ad çəkmək, siyahı vermək sevmədiyim işdir. Ancaq yaradıcılığını çox sevdiyim, yüksək qiymətləndirdiyim qadın həmkarlarım var və onların sayı beşdən çoxdur.

- İlk kitabının çapından 17 il keçir. Bu illər ərzində 11 kitab yazmısan. 11 kitaba sığan bu 17 il ərzində dilində, xəyal gücündə, ədəbiyyat anlayışında hansı dəyişikliklər, qopmalar yaxud da kəşflər oldu?

- İlk kitabımdan bu yana şəxsi həyatımda, yaradıcılığımda, həyata, insanlara, ədəbiyyata münasibətimdə köklü dəyişikliklər olub. Dəyişməyən bircə prinsiplərim və haqsızlığa, ədalətsizliyə qarşı barışmazlığımdır. Şəxsi yaradıcılığımda, xəyal gücümdə baş verən metamorfozdan saatlarla danışa bilərəm. Ancaq bu, nə oxuculara, nə də sizə maraqlı olacaq. Marağında olanlar yaradıcığımı izləyə bilər.

- Kitablarını yazarkən cəmiyyətə hər hansı bir mesaj ötürmə düşüncəsi ilə yazırsan, yoxsa tamamilə yazaraq formalaşan bir şeydir?

- Mənim heç kəsə mesaj vermək dərdim yoxdur. Yaradıcılığımın mesajı, şübhəsiz ki, var. Ancaq mənim yazmaq niyyətim bu deyil. Mən dərs keçmək, mesaj vermək niyyəti ilə yazmıram. Bu mənim üçün ehtiyacdır. Dəfələrlə demişəm, yazmasam, ya dəli, ya da qatil ola bilərəm.

- Sənə görə yaxşı yazıçı olmağın 3 təməl prinsipi nədir?

- Öyrənmək, müşahidə etmək və intizamlı olmaq.

- Hər şeyi atıb təkcə yazı yazmaqla məşğul olsan, məsələn, Orhan Pamuk kimi zamanının hamısını yazmağa sərf etmək imkanın olsa, nə qədər məhsuldar ola bilərsən?

- Hər şeyi atıb sadəcə yaradıcılıqla məşğul olsam, bəlkə də məhsuldar ola bilmərəm. Ancaq bütün gücümü ədəbiyyata yönəldə bilsəm, beynimin içində mənə rahatlıq verməyən əsərləri yaza, Azərbaycan ədəbiyyatına ciddi fayda verə bilərəm. Təəssüf ki, Azərbaycan reallığında bu, mümkün deyil. Mən nəşriyyatlarda tərcüməçilik, redaktorluq edib, saytlara köşə yazıb, kopirayterlik edib, eyni zamanda ədəbiyyat da yarada bilmərəm.

- Yazıçı üçün zaman nə deməkdir?

- Şeirlərimdən birində zamana belə tərif verməyə çalışmışam:

 

küt bir qəssab bıçağıdır zaman

ən ağrılı yerindən kəsir ömrümü...

 

Hazırda zamanla bağlı ancaq bunu düşünürəm. Zaman küt bıçaqla, ən ağrılı yerlərindən ömrümüzü kəsir.

- Həyatda bəsit zövqlər arasında əsla imtina edə bilmədiyin şey?

- Siqaret. Siqaretdən çox manyakca zövq alıram və bunun çox bəsit zövq olduğunu anlasam da, imtina edə bilmirəm.

- Hansı mövzu açılanda tıncıxırsan?

- İntihar, şəxsi həyat və demokratiya mövzusu məni həmişə tıncıxdırır.

- Hansı qorxundan əbədiyyən xilas olmaq istərdin?

- Yüksəklik və itirmək qorxusu. Başqa heç nə məni qorxutmur. Deyəsən, ömrümün sonuna qədər bu iki qorxu mənimlə yoldaşlıq edəcək.

- Həyatında gözlədiyin ən uzun növbə?

- Xəstəxanalarda həkim növbələri. Başqa heç bir növbədə dayanmıram. Əgər növbə varsa, işlərimi təxirə salıram.

- Bir kitabı başdan-ayağa qədər əzbərləmək şansın var. O hansı kitab olardı?

- Belə bir şansım olub və zamanında əzbərləmişəm. İndi heç bir kitabı əzbərləməyi bacarmaram. Ancaq bir daha şansım olsa, öz şeirlərimi əzbərləyərdim. Heç bir şeirimi əzbər bilmədiyim üçün, hər zaman sıxıntı yaşayıram.

- Azərbaycan yazıçıları arasında səndə ən çox mərhəmət hissi oyadan yazıçı kimdir. Məsələn, mən Azad Qərədərəlini görəndə qucaqlayıb ağlamaq istəyirəm.

- Vaqif Bayatlını bu dünyadan saymıram. Mənə elə gəlir ki, o bizə göylərin hədiyyəsidir. O qədər təmiz və saf görkəmi var ki, dizinin dibində oturub saatlarla günahlarımı etiraf edib ağlaya bilərəm.

Söhbətləşdi: Günel MUSA


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!