Göy kişnər, bulud ağlar - İlqar FƏHMİ

 

Bakı Fikrət Qocanı qışdan itkin düşmüş yağışla, küləklə yola saldı. Qışın o soyuq günü, sanki onu aparmağa gəlmişdi... Yadıma gəlmir axırıncı dəfə nə vaxt may ayında belə yağış, külək, soyuq görmüşdüm.

Soyuq məzara Bakı küləyinin havasını, Bakı yağışının damcılarını apardı Fikrət müəllim. Orda da tək qalmağı təbiət rəva görmədi...

Canlı olaraq həyatda gördüyüm ilk tanınmış şair, məşhur şəxsiyyət idi. Qonşu idik. Mən Qırxpilləkənin altında, o isə yüz metr o tərəfdə, məscidin yanında yaşayırdı. Maşınını bizim evin qarşısındakı dayanacaqda saxlayırdı. Zoğalı rəngdə "09" sürürdü o vaxt.. Doxsanıncı illərin əvvəlindən danışıram...

Hamı hörmətini saxlayardı, o yaxınlaşan kimi böyüklər də, kiçiklər də söhbətlərini saxlayıb ayağa qalxardılar, hörmətlə salamlaşardılar. O isə sakitcə hər şeyi müşahidə edərdi. Adamları, münasibətləri konfliktləri. Və gördükləri yavaş-yavaş şeirə çevrilərdi.

Mən də onun şeirlərini oxuyardım, sonra özünü kənardan sakitcə müşahidə edərdim. Hətta hansısa bir şeirində bizim küçə ilə bağlı (Yuxarı dağlıq küçəsi) nəsə bir təsvirə rastlaşmışdım, elə qəribə bir uşaq sevinci keçmişdi içimdən. Çünki bizim gözümüzün qabağında olan hansısa bir detal artıq sənət əsərinə çevrilmişdi, şeirləşmişdi. (Heyif ki, indi dəqiq yadımda deyil o şeir.)

Əlbəttə, o vaxt ağlıma da gəlməzdi ki, nə vaxtsa ilk dəfə mənim haqqımda uğurlu yol yazıb şeirlərimi "Ədəbiyyat qəzeti"nə təqdim edən də Fikrət müəllim olacaq.

Həmin vaxtlar bir neçə yaradıcı gənc "Nəfəs" adlı bir qrupda birləşmişdi. Zahir Əzəmət, Samir Sədaqətoğlu, Aqşin Yenisey, Xalid Şürük və b.

Fikrət müəllimin dəstəyi ilə mütəmadi çap olunmağa başladıq, ədəbi mükafatlar aldıq. Düzdü, sonradan "Nəfəs"dəki bir çox gəncin yolları ayrıldı. Lakin hər birinin bioqrafiyasında Fikrət müəllim onlar haqqında ilk yazı yazmış ustad kimi qaldı....

İlk kitabım çıxanda yenə də ona üz tutdum. Nəinki ön söz yazdı, həm də kitabın təqdimat mərasimində özü aparıcı oldu.

İndiyəcən yadımdadı, həmin gün Azdramada Həsən Həsənovun pyesinə ictimai baxış keçirilirdi. Fikrət müəllimi də dəvət etmişdilər. Mütləq getməliydi.

Lakin Fikrət müəllim hələ heç kimin tanımadığı gənc müəllifin qəlbini sındırmadı... Teatra getməyib mənim tədbirimə gəldi, özü idarə elədi, ürək sözlərini dedi, bütün tədbir boyu yanımda oldu.

Sonra uzun illər bir yerdə işlədik. Hamı kimi mənə də çox köməyi dəydi. Heç bir səhvimizə, yanlış işimizə əsəbiləşmədi, daha doğrusu, əsəbini, hirsini içinə sıxıb büruzə vermədi, yenə başa saldı, sakitləşdirdi, barışdırdı...

Ağır günlər çox yaşadı, səhhətilə bağlı problemlər, oğlunun qəfil ölümü, başqa gərgin hadisələr... Lakin ən maraqlısı bu idi ki, bütün bu ağrı-acı, iztirablar onun şeirlərinə yol tapmadı. Daha doğrusu, bu əzabların neqativ enerjisi... Yaşantılarını yazırdı, ancaq heç vaxt heç bir şeirində neqativ enerji, bədbinlik, çıxılmazlıq hissləri yox idi.

İndi müasir yazarların neqativlə yüklənmiş qaramat şeirlərini görəndə bəzən haqq qazandırıram, düşünürəm ki, yaşadıqları çətinliklər onların yazılarına belə təsir edib, başqa cür yazmaqları mümkün deyil... Lakin Fikrət müəllimin şeirlərini oxuyanda fikirləşirəm ki, onun çəkdikdərindən artığını çəkməyiblər ki... deməli, mümkündü. Mümkündü ki, içindəki bütün gərginliyi, əsəbi, neqativ enerjini nə cürsə sıxıb saxlayasan, şeirə sızmağına imkan verməyəsən. Hətta dərddən, əzabdan da yazanda elə yazasan ki, oxucu bədbinliyə qapılmasın, ümid işığını itirməsin.

Əlbəttə, çətindi. Çox çətindi.

Əksinə, yazıb, içindəki neqativi şeirə boşaltmaq daha asandı. Yazırsan, öz neqativini oxucuya yükləyirsən, özün isə rahatlaşırsan...

Lakin ağır həyat yolundakı bütün əzabları nəğmələrə çevirmək üçün gərək sözün həqiqi mənasında qəhrəman olasan...

Həmin gün az qala bütün radio dalğaları, telekanallar Fikrət müəllimin şeirlərinə bəstələnmiş mahnıları səsləndirirdi.

Ancaq maraqlı cəhət o idi ki, repertuar demək olar ki, dəyişməmişdi. Yalnız həmin gün hiss elədim ki, demə, biz onilliklər boyu onun şeirlərini dinləmişik, bəzən heç şeir müəllifinin kimliyini belə bilmədən qulaq asmışıq, sözlər nəğmələşib ruhumuza hopub, içimizə bir istilik bəxş edib...

Fikrət müəllimin yaradıcılığı haqqında onlarca kitab, məqalə, elmi əsər yazılıb, yəqin ki, təzə nəsə demək çətindi. Yalnız bir şeyi dəqiq deyə bilərəm. Fikrət Qoca məzara getmədi, şeirlərinin, nəğmələrinin içində əriyib bulud kimi göyə çəkildi...

Allah rəhmət eləsin...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!