«Varislər»- “Azərbaycanın bir qarış torpağı düşmənə qalmayacaq”

Əyyub QİYAS

"Varislər"in bugünkü qonağı milli nəşriyyat tariximizdə əvəzsiz xidmətləri olmuş unudulmaz ziyalı, gözəl insan, böyük vətəndaş Əjdər Xanbabayevin varisi Afət xanım Xanbabayevadır

 

O, 1931-ci ildə Ordubadda dünyaya gəlib. Uşaqlıq, gənclik illəri ağır dövrə təsadüf edib. Çətinliklərə alışan yeniyetmə Əjdər əlinə kiçik bir imkan düşən kimi kitablara sarılır, oxuyur, öyrənirdi. Həyat onun üçün kitabların, elmin, biliklərin fonunda maraqlı idi. Hələ o vaxt bir gün Azərbaycan kitabçılığının ən üzdə gələn siması olacağını ağlına gətirməzdi.

Həyatı hörmət və sevgi işığında keçirdi, lakin gün gəldi və canından artıq sevdiyi xalqının taleyi təhlükə ilə üzləşdi. O, milləti və ölkəsi üçün bu ağır günlərə biganə qala bilməzdi və bilmədi də... 

Unudulmaz Əjdər Xanbabayevin varisi, Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin baş müəllimi Afət xanım Xanbabayeva ilə xidməti otağında görüşdük. 

 

Azərbaycan naşirlərinin kapitanı

 

- Afət xanım, bu gün sizinlə atanız, milli nəşriyyat tariximizin kapitanlarından biri olmuş unudulmaz Əjdər Xanbabayev haqqında söhbət edəcəyik. Bilirəm, sizin üçün ağır olacaq, çünki o gözəl insanın ömrü namərd gülləsi ilə tamamlanıb, amma hər birimizin ona həm də vəfa borcumuz var. Sizə atanız, mənə isə kitabların içində böyümüş biri kimi. Gəlin, Əjdər Xanbabayevdən danışaq.

- Əjdər Xanbabayev haqqında çox danışmaq olar. Doğrudur, atam uzun ömür yaşamadı, amma bir insan kimi mənalı həyat yaşaya bildi.

 

Ordubadda, sadə bir ailədə gəlib dünyaya. Uşaqlığı, yeniyetməliyi o gözəl yerlərdə, gözoxşayan təbiəti, gözəl, saf insanları olan mühitdə keçib. Sonra ali təhsil almaq üçün sənədlərini Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə verib, ali məktəbə qəbul olub və sonrakı taleyini Bakıya bağlayıb. Bakı onun uğurlarına şahidlik etmiş şəhərdir. Bakı həm də onun qatillərinə qucaq açmış şəhərdir.

Atam elə tələbəlik illərindən işləməyə məcbur olub, paytaxtdakı nəşriyyatların birində gözətçi, sonra kuryer işləyib. Ali təhsilini başa vurduqdan sonra onu Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən "Elm" nəşriyyatına redaktor götürüblər. O vaxt "Elm" nəşriyyatının direktoru unudulmaz akademikimiz, böyük və dəyərli insan Ziya Bünyadov idi. Bildiyiniz kimi, rəhmətlik Ziya müəllim mürəkkəb xarakterli adam olub, özünün xüsusi qayda-qanunu olan, güzəşt bilməyən, tələbkar insan.

 

Ziya Bünyadov niyə verdiyi əmri dəyişdi?

 

Atam da cavan oğlan, nəsə aralarında narazılıq yaranıb və direktor əmr verib onu işdən çıxarıb. O vaxt atam mühüm lüğətlərin redaktəsini edirmiş, çox ağır, məsuliyyətli iş imiş. Əmirinin verilməsinə baxmayaraq, qarşısına məqsəd qoyur ki, işini bitirmədən nəşriyyatdan ayrılmasın. Onun kitaba olan məhəbbəti bəlkə də övladına olan məhəbbətindən üstün idi. Xüsusi həssaslıqla yanaşırdı kitablara. O ərəfədə bir gün Ziya müəllim dəhlizlə keçəndə atamı oturub işləyən görür. Nəyə görə işə gəldiyini xəbər alır və deyirlər ki, əlində iki vacib kitab var, onları bitirmədən getmək istəmir. Ziya müəllim otağına qayıdan kimi əmri dəyişir, atamı nəşriyyatın baş redaktoru vəzifəsinə keçirir. Beləcə, Ziya Bünyadovun atama rəğbəti yaranır. Ziya müəllim EA-nın Şərqşünaslıq İnstitutuna direktor keçəndə atamın "Elm" nəşriyyatına direktor təyin olunmasına nail olur. O vaxt Əjdər Xanbabayevin 28 yaşı olub. 1973-cü ildə atamı respublikanın yeganə siyasi nəşriyyatı olan "Azərnəşr"ə direktor təyin edirlər. Təxminən 5 ildən artıq müddətdə bu böyük və məsuliyyətli işdə çalışır. 1978-ci ildə Azərbaycanın o vaxtkı rəhbəri, ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə "Yazıçı" nəşriyyatı yaradılır.

 

Ulu öndərin etimadı

 

Sovet dövründə hər yeni nəşriyyatın yaradılması respublika üçün mühün hadisə hesab olunurdu. Ulu öndərimizin şəxsi göstərişi ilə Əjdər Xanbabayevi siyasi nəşriyyatdan çıxarıb, "Yazıçı" nəşriyyatına direktor təyin edirlər. İlk dövrlərdə "Yazıçı" nəşriyyatı elə "Azərnəşr"in tərkibində fəaliyyət göstərir, sonradan nəşriyyat ayrılanda atam "Yazıçı" nəşriyyatında qalmağa qərar verir.

O dövrdə nəşriyyat çox məsuliyyətli, diqqət mərkəzində olan sahə idi. Nəşriyyata rəhbər təyin edəndə mütləq birinci katib həmin adamı qəbul edirdi. Ulu öndərimiz atamı qəbul edir və heç nə müzakirə etmədən: "Siz bu işə keçməyə razılıq verirsiniz?" - soruşur. Atam: - "Bəli", - deyir. O, həmişə xatırlayırdı: "Heydər Əliyevin sualına başqa nə cavab verə bilərdim?".

- O dövrdə "Yazıçı" birbaşa yaradıcı adamlarla işləyən yeganə ixtisaslaşmış və çox ağır nəşriyyat idi. İndi yaradıcı adam üçün çap olunmaq imkanları böyükdür. Pulun varsa istedadın oldu-olmadı, yazdığın dəyərli oldu-olmadı, kitab çap etdirə bilərsən. Yaxşı yazırsansa əksər nəşriyyat səninlə əməkdaşlıq etməyə hazırdır. Amma 80-ci illərdə çap olunmaq növbəsi gözləyən yüzlərlə yazıçı, şair vardı, hər biri kitabının daha tez çapdan çıxmasını gözləyirdi.

 

Böyük arzularla yaşayan adam

 

- Doğrudur, yaradıcı adamların öz dünyası var. Şairlərlə, yazıçılarla işləmək isə xüsusilə ağırdır, çünki hər biri özünü dahi hesab edir. Kitab onlar üçün özünü təqdimetmə, özünü ifadəetmə vasitəsidir, hər biri öz hisslərini daha tez oxucusu ilə paylaşmaq istəyir. Atam bacardığı qədər istedadlı adamlara kömək etməyə çalışırdı. Gənc, istedadlı müəlliflərin kitablarının çapına daha böyük diqqət ayırırdı. Sonra atam daha mühüm vəzifəyə, Azərbaycan SSR Mətbuat, Poliqrafiya və Kitab Ticarəti Dövlət Komitəsi sədrinin birinci mavini vəzifəsinə təyin olundu. Bu işdə atamın böyük planları vardı, amma iş elə gətirdi ki, ölkədə siyasi vəziyyət dəyişdi, milli qarşıdurma yarandı, iğtişaşlar baş qaldırdı və sonda Moskvanın göndərişi ilə Ədürrəhman Vəzirov Azərbaycanın birinci katibi oldu.

Onu xatırlayanlar bilir: Vəzirov milli xüsusiyyətlərdən uzaq idi. Bilmirəm nəyə görə, amma onun Naxçıvan camaatına qarşı xüsusi nifrəti vardı və siyasi hakimiyyətə gələn kimi vəzifədə olan naxçıvanlıları bir-bir kənarlaşdırmağa başladı.

 

- Afət xanım, mənə elə gəlir ki, Əbdürrəhman Vəzirov təkcə naxçıvanlıları hədəf götürməmişdi, o, ümumiyyətlə, Azərbaycan xalqından nəyinsə qisasını alırdı. Onun ölkəyə rəhbərlik etdiyi dövrdə yaranmış boşluğu doldurmaq üçün bizə uzun illər lazım oldu.

...Əjdər Xanbabayev daima yeniliklər axtaran, indi qəbul olunmuş sözlə desək, kreativ adam olub. Bir nəşriyyat işi kapitanı kimi, yəqin, arzuları da az olmayıb.

 

- Atam öz işini çox sevirdi. Daha keyfiyyətli kitablar, daha keyfiyyətli çap məhsulları istehsal etmək onun ən böyük arzusu idi. Yəqin, xatırlayırsınız, 80-ci illərdə təyyarə biletləri çox keyfiyyətli, tabaşirli kağızlarda çap olunurdu. Atam hər zaman Moskva ilə bunun davasını edirdi. Bir neçə gün, bir neçə saat sonra zibilliyə atılacaq bir şeyin belə keyfiyyətli kağızda çap olunmasına qarşı idi. Deyirdi, heyifdir o kağızlar, onları verin mənə, o kağızlarda möhtəşəm kitablar, şedevrlər, albomlar çap edim, qoy gələcək nəsillərə yadigar qalsın.  

 

Moskvada sözü keçən adam

 

Moskva Azərbaycanın nəşriyyat işi ilə bağlı məsələləri ancaq onunla müzakirə edir, onunla razılaşdırırdı. Bəlkə də xatırlayarsınız, o vaxt respublikalar il ərzində nəşr olunacaq kitabların siyahısı, yəni tematik planı Moskva ilə razılaşdırılırdı. O planı mütləq atam aparırdı Moskvaya və Moskva yalnız onun apardığı tematik planları qeyd-şərtsiz təsdiq edirdi. Atam plana düşmüş hər kitabın çapını konkret dəlillərlə əsaslandırırdı. Yuxarıda qeyd etdiyim kimi, gənc müəlliflərin kitablarının bu plana daxil edilməsinə, üstəlik, təsdiq olunmasına nail olurdu.

Hər il Moskvada Beynəlxalq kitab sərgisi keçirilirdi. Bura SSRİ respublikalarından və qonşu ölkələrdən kitabçılar gəlirdilər. Belə sərgilərdə Azərbaycan pavilyonuna ancaq atam rəhbərlik edirdi. Bir həftə, on gün əvvəldən gedib Moskvada pavilyonu qururdu. Bir tərəfində Gürcüstan, bir tərəfində Ermənistan pavilyonu yer alırdı, amma həmişə Zaqafqaziya üzrə qalib Azərbaycan olurdu. Sərgilərdə kitab işi ilə bağlı atamdan məsləhət almağa gələnlərin ardı-arası kəsilmirdi.

 

- Əjdər Xanbabayevin son iş yeri "Azərnəşr" oldu. Bir qədər əvvəl qeyd etdiyimiz kimi, artıq ölkədə siyasi hakimiyyət dəyişmişdi, vəziyyət heç də ürəkaçan deyildi. Amma Əjdər müəllimin konkret işi vardı və başını aşağı salıb işləyə, bir gün hər şeyin dəyişəcəyini gözləyə bilərdi axı...

Analitik intuisiyası güclü idi

 

- Atam başını aşağı salıb, nəyisə gözləyəcək xarakterə sahib deyildi, heç üsyankar da deyildi, amma bu adamda analitik intuisiya çox güclü idi. Adi bir misal: iki nəfərin nərd oynamasına baxıb, qalibin kim olacağını deyirdi. Futbola baxanda oyunun nəticəsi ilə bağlı qabaqcadan proqnoz verirdi. 1988-ci il hadisələri başlayanda meydanı idarə edən gənclər vardı, az qala hər gün gəlib onunla məsləhətləşir, fikirlərini bölüşürdülər. Əbülfəz Elçibəyə həm yerlisi kimi, həm də siyasi baxışlarına görə böyük simpatiyası vardı. Elçibəyə böyük köməkliyi dəymişdi atamın. 

 

Azadlıq hərəkatına kömək edirdi

 

- Əlbəttə, bütün inqilablar üçün nəşriyyatlar, mətbəələr mütləqdir. İnqilablarda adi vərəqələrin, plakatların, şüarların çapı böyük rol oynayır. Yəqin, bu işlərdə Əbülfəz bəyə kömək edib.

 

- Əlbəttə, kömək edib. "Çyornıy Yanvar" ("Qara Yanvar") kitabını 14 günə çap etdilər. Hətta Azərbaycan haqqında yazılmış ən son materialı da əlavə edib, kitabı çapa verdilər və bir gün sonra müxtəlif yollarla həmin kitabı Qorbaçovun masasına çıxara bildilər. Əlövsət Ağalarov atamın müavini idi. O, danışır ki, Bakıda fövqəladə vəziyyət, komendant saatı vaxtı həmin kitabın vərəqələrini paltarın altından bədənlərinə bağlayıb gəzirmişlər. Onlar 20 Yanvardakı itkiləri, Bakının görüntülərini, şəhid edilmiş insanların şəkillərini çox böyük risklə xilas edə bilmişdilər. O şəkillərin əksəriyyətini DTK fotoqrafları çəkmişdi, onlar gizli qalmalı idi, amma Əjdər müəllim öz şəxsi hörməti, şəxsi münasibətləri sayəsində onları əldə edə bilmişdi.

 

"Quran"ın dilimizə tərcüməsinə nail oldu

 

"Quran"ın Azərbaycan dilində çap olunması birmənalı olaraq Əjdər Xanbabayevin təşəbbüsü ilə olmuşdu. Moskva buna mane olmaq istəyirdi. Atam Moskvada demişdi ki, necə olur, bu müqəddəs kitab rus dilinə, digər dillərə tərcümə olunur, amma bizim oxucular onu öz doğma dillərində oxuya bilmirlər?! Buna da nail oldu. Moskvadan qayıdan kimi rəhmətlik akademiklərimiz Ziya Bünyadov və Vasim Məmmədəliyevlə görüşüb, "Quran"ın tərcüməsini onlara həvalə etdi. Təəssüf, Əjdər müəllim "Quran"ın çapını görə bilmədi. Vasim Məmmədəliyev kitaba ön söz yazanda atamın müstəsna xidmətini qeyd etmişdi.

 

- Haqqında söhbət gedən kişilərin üçü də bu millət üçün dəyərli idi və hər üçünün ruhu şad olsun. Allah rəhmət eləsin!

Afət xanım, ulu öndərimiz Moskvada yaşayanda Əjdər Xanbabayev çətinliklə də olsa onunla görüşə bilmişdi. Hansı istəkdən irəli gəlirdi bu görüşə can atmaq? Əjdər müəllim nə istəyirdi Heydər Əliyevdən?

 

Ulu öndərlə yeni görüşlər

 

- Ümumiyyətlə, Əjdər müəllim öz millətindən olan insanlara xüsusi təəssübkeşliklə yanaşırdı. Ölkədən kənarda yaşayıb işləyən, bizi təmsil edənlərə isə rəğbəti bambaşqa idi. Əgər azərbaycanlıdırsa, onu orada qorumaq lazımdır. Sovet dövründə respublikadan kənara çıxmaq özü bir hadisə sayılırdı, Heydər Əliyev isə SSRİ kimi nəhəng ölkəni idarə edən sayılı adamlardan biri idi. Siyasi Büro üzvlərinin adları əlifba sırası ilə qeyd edilirdi, hamı qürur duyurdu o siyahıda ulu öndərimizin adının ikinci sırada olmasından. Atamla ulu öndərin münasibəti əvvəldən var idi. Qorbaçov hakimiyyətə gələndən sonra Heydər Əliyevin Kremldən uzaqlaşdırılması ona çox pis təsir etmişdi. Bu gün Heydər Əliyev haqqında xatirə danışmaq, onu tərifləmək çox asandır, amma o dövrdə bütün SSRİ-də ulu öndərə qarşı kampaniya başlamışdı. "Pravda" qəzeti onun haqqında tənqid yazırdı və bu yazıların cavabsız qalmasına atam əsəbiləşirdi. Respublikadan bu təzyiqlərə cavab olmalıydı, çünki Bakıda ulu öndərlə işləyən, onun irəli çəkdiyi nüfuzlu adamlar az deyildi, onlar isə susurdular.

 

Bəs niyə hamı susurdu?

 

Azərbaycanda ağlasığmaz xaos başlamışdı. Ölkə nəzarətdən çıxmışdı və atam belə bir vəziyyətdə Azərbaycanı xilas edə biləcək yeganə adam kimi məhz Heydər Əliyevi görürdü. Həmin ərəfədə ulu öndər Moskvada xəstələndi. Atam buradan ona baxmağa, qulluq etməyə etibarlı bir xidmətçi göndərmək istəyirdi. Narahat idi, axı rus qulluqçular ona necə xidmət edə bilərdilər?! Qorxurdu ki, ona nəsə edərlər. Bir də axı rus qulluqçu hardan bilsin, qulluğunda dayandığı adam kimdir? Hardan bilsin ki, Heydər Əliyev Azərbaycan xalqı üçün nə qədər qiymətlidir? Hətta yaxın qohumlardan birini bunun üçün artıq fikirləşmişdi belə.

Çətinliklə də olsa bir neçə dəfə gedib Heydər Əliyevlə Moskvada görüşdü. Bu görüşlər aralarındakı münasibəti daha da möhkəmlətdi. Artıq ulu öndərin Bakıya köçmək məsələsi müzakirə olunurdu, amma paytaxtda onların evi yox idi. Atam qərara gəlmişdi ki, onları bağ evimizdə yerləşdirsin. Orada şərait münasib idi.

Bakıda Qanlı Yanvar faciəsi baş verdi. O günlərdə atamın sarsıntısını sözlə ifadə etməyə acizəm. İkinci sarsıntını isə Bakı-Sumqayıt yolunda sovet tankının əzib keçdiyi üç dəyərli alimimizin ölüm xəbərini alanda keçirtdi. Sonra elə alındı ki, 1990-cı ilin yazında atamı işlə əlaqədar iki həftəlik qardaş Türkiyəyə göndərdilər. Oradan qayıtdıqdan bir neçə gün sonra İrana səfərə getdi. İranda olanda telefonla Heydər Əliyevlə danışmışdı, çünki Bakıdan birləşdirmirdilər, danışmaq olmurdu.

 

Ayaz Mütəllibovun "elçi"ləri

     

1990-cı il iyunun 6-da Azərbaycan Kommunist Partiyasının qurultayı keçiriləcəkdi. Atamgili çətinliklə də olsa, səhv etmirəmsə, Naxçıvandan ulu öndərin qurultaya nümayəndə seçilməsinə nail olmuşdular. Çünki başda Ayaz Mütəllibov olmaqla respublikanın yeni rəhbərliyi onun Bakıya gəlməsini istəmirdi. Ayaz Mütəllibovun adından atamın yanına hər gün "elçilər" gəlirdi, bəzən xahişlə, bəzən hədə-qorxu ilə deyirdilər ki, sən Heydər Əliyevlə danış, qoy o, Bakıya qayıtmasın. Atam da deyirdi ki, mən buna mane ola bilmərəm, çünki Bakıya qayıtmaq, qurultay nümayəndəsi kimi iştirak etmək bu insanın haqqıdır. Üstəlik, əgər gəlməsini istəmirsinizsə, zəng vurun, yanına adam göndərin, özünüz danışın.

Onu heç cür razı sala bilmədilər və 1990-cı il may ayının 30-da axşam saatlarında atama sui-qəsd oldu.

- Afət xanım, istintaq çox uzun çəkdi. Bu qətli sifariş verənlər hər vəchlə qatillərin tapılmasına da mane olmaq istəyirdilər.

 

- İstintaq, ümumiyyətlə, olmadı. Hətta Əjdər Xanbabayevin Bakıda dəfn olunmasına da icazə vermək istəmirdilər, deyirdilər aparın Naxçıvanda dəfn edin. Amma o dövrdə ləyaqətli oğullar da vardı və onlar Ayaz Mütəllibovun təzyiqlərinə baxmayaraq, atamın cənazəsini ensiklopediyanın binasından qaldırdılar. İnsanların sayı-hesabı yox idi. O vaxt Əbülfəz Elçibəyin böyük nüfuzu vardı, o da, azadlıq hərəkatının digər nümayəndələri də dəfndə iştirak edirdilər. Əbülfəz bəy göz yaşlarını saxlaya bilmirdi. İzdihamlı insan selinin müşayiəti ilə atamı İkinci Fəxri xiyabanın lap yaxınlığında dəfn etdilər. İstintaq getmədi, heç buna ehtiyac da duymurdular.

 

Əjdər Xanbabayevin qətli nəyə hesablanmışdı?

 

- Yəni mən belə başa düşdüm ki, o vaxtkı hakimiyyət Əjdər Xanbabayevin qətlinə fərman verməklə ulu öndərə də mesaj göndərirdi. Bu onun Bakıya, doğma Azərbaycana qayıtmasının qarşısını almağa hədəflənmiş sifarişli qətl idi.

 

- Bəli, bununla onlar ulu öndərin Bakıya qayıtmasının vaxtını uzatmağa nail oldular. Ulu öndər o hadisədən təxminən iki ay sonra Bakıya gəldi və qardaşı Cəlal Əliyevin evində yaşamağa başladı, amma buna da icazə vermədilər. Bundan sonra Heydər Əliyev Naxçıvana getməyə məcbur oldu. Ulu öndər orada müəyyən çətinliklər, məhrumiyyətlərlə qarşılaşdı, amma bütün bunlar xalqın ona, onun öz vətəninə olan sevgisinə mane ola bilmədi. 90-cı illərdə Naxçıvanda sosial-iqtisadi vəziyyət ağır idi: qaz yox, işıq yox, şərait yox və s. 1993-cü ildə ulu öndərin hakimiyyətə qayıdışını mən elə Əjdər Xanbabayevin özünün qələbəsi kimi qarşıladım, çünki dağılmaq, parçalanmaq, yer üzündən silinmək təhlükəsi yaşayan millətimizi yalnız o böyük insan xilas edə biləcəkdi və etdi də. Təəssüf etdiyim bir məqam vardı: bu böyük qayıdışı görmək atama nəsib olmadı.

 

"Təəssüf, atam o günü görmədi"

 

Ulu öndərin Azərbaycana üç il gec qayıtması ölkəyə çox böyük ziyan vurdu. Torpaqlar itirildi, şəhidlər verdik, iqtisadi cəhətdən xeyli gerilədik. Heydər Əliyev hakimiyyətə gələn kimi ilk növbədə atəşkəsə nail oldu. Daha sonra Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməyə başladı. "Əsrin müqaviləsi" ilə birlikdə Azərbaycanın dünya üzrə tərəfdaş ölkələrinin sayı artdı. Dünyanın gözü Azərbaycana dikildi və ulu öndərin yarıda qalmış işlərini Prezidentimiz İlham Əliyev cənabları inamla davam etdirir. Bu günlər bütün xalqımız böyük ümidlər, qürur hissi və qələbə sevincləri ilə yaşayır. Ulu öndər hər çıxışında deyirdi ki, Azərbaycanın bir qarış torpağı belə düşməndə qalmayacaq, bu gün onun arzuları, ideyaları özünü doğruldur. Qələbəyə çox az qalıb. Ali Baş Komandanımızın qətiyyəti möhtəşəmdir, hörmətə layiqdir. Ordumuz tarix yazır. Əsgərlərimiz rəşadət göstərir. Bu gün Azərbaycan heç vaxt olmadığı kimi yumruq şəklində birləşib.

 

- Əgər Əjdər Xanbabayev yaşasaydı, sizcə, o, Heydər Əliyevin komandasında hansı vəzifəni tutardı?

 

"Heydər Əliyev ona inanırdı"

 

- Bu suala cavab vermək çox çətindir. Mən dəqiq bilirəm, atam ulu öndərin ölkəyə qayıtmasında heç bir şəxsi təmənna ummurdu. O, sevdiyi işlə məşğul olurdu və s. Amma Heydər Əliyev yəqin ki, ona daha böyük vəzifə, daha mühüm tapşırıq verərdi, çünki atama inanırdı. O ərəfədə ulu öndər atamdan başqa, demək olar ki, heç kəslə əlaqə saxlamırdı. Atam Heydər Əliyevin məsləhət bildiyi istənilən vəzifədə öz xalqına şərəflə xidmət edirdi. 

- Heydər Əliyev hakimiyyətə gələn kimi Əjdər Xanbabayevin sifarişli qətlinin istintaqı yeni vüsət aldı və qatillər tez bir zamanda tapılıb həbs edildilər. Bir də mənə maraqlıdır, o, niyə cangüdənsiz gəzirdi?!

 

- Atamın yaxın dostu vardı - Rizvan Əliyev, 20 Yanvar hadisəsindən sonra infarkt keçirmiş, fevralda dünyasını dəyişmişdi. Atam onun qırx mərasimindən sonra Türkiyə və İrana səfər etmişdi, gələndə dostunun balaları üçün də müəyyən sovqatlar gətirmişdi. Atamı Rizvan əmigildən çıxıb evə gələndə güllələmişdilər. Atam cangüdənlə gəzməyi ağlına gətirməzdi. Heç vaxt düşünməzdi onu öldürə bilərlər, fikirləşirdi ki, uzaqbaşı, Kommunist Partiyası sıralarından çıxararlar.       

 

- Afət xanım, mənə elə gəlir ki, Əjdər Xanbabayevin gerçək qatilləri cəzasız qaldılar. Həbs olunanlar isə böyük sifarişin xırda icraçıları idilər və bəlkə də, onlar heç əsas sifarişçinin kim olduğunu dəqiq bilmirdilər.

 

 

“ATAMIN QATİLİNİ BAĞIŞLADIM”

 

- Əlbəttə, zaman hər şeyi üzə çıxardı... Atamın qatillərindən biri onun dostu idi. O bu qətldə əli olan iki nəfərdən biri idi. Məndən xahiş etdilər, onunla bağlı əfv ərizəsi yazdım. Çünki onun  altı övladı vardı. Mən o müraciəti yazdım və peşman da deyiləm. Ulu öndərimizdən xahiş etdim ki, onu əfv etsin.

 

- Nahaq bağışlamısınız. Mən bağışlamazdım. Yaxşı, bəs o bu qətli törətməyini nə ilə izah edirdi?! Nəyə görə bu addımı atmışdı? Təbii ki, arada pul da vardı, amma nəsə ciddi bir motiv də olmalıdır, axı.

 

- Çox bəsit, çox alçaq bir motiv tapmışdılar. Atama güllə atan adam tamam kənar şəxs idi. Onu ümumiyyətlə, tanımırdıq. Namus söhbəti atmışdılar ortalığa, heç kəsin inana bilməyəcəyi bir şey. Özü də elə bir adamın adı hallanırdı ki, biz onlarla bir ailə idik, uşaqları ilə bir yerdə böyümüşdük. Yəni belə bir şey mümkün ola bilməzdi.     

Bir gün işdə idim, qapım həmişə açıq olur, qara paltarlı qadın gəldi yanıma. Qucağında zəif körpə qız uşağı vardı. Fikirləşdim yəqin pul istəməyə gəlib. Olur belə şeylər. Pul vermək istədim ona, geri çəkildi, atamın qatilinin qızı olduğunu söylədi. Çaşıb qaldım. Dedim səni eşidirəm. Onu mənim yanma atası göndərmişdi: “Atamın vəziyyəti ağırdır, iki həftədir can verir, amma ölə bilmir. Məni göndərib ki, sizdən halallıq alım” – söylədi. Çox pis oldum. Yəqin bilirsiniz, ailədə iki bacı idik, atamın faciəli ölümündən sonra bacım da dözə bilmədi, o da dünyasını dəyişdi. Bir mən qalmışdım... Nə deyə bilərdim. Bağışladım onu. Dedim Allah günahından keçsin. Qız minnətdarlıq edib getdi. Səhər eşitdim ki, halallıq verdiyim adam həbsxanda ölüb...      

Söhbətləşdi: Əyyub QİYAS

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!