Türk xalqına açıq məktub - Fikrət Qoca

Türkiyə Cümhuriyyəti bütün Avropanın əvəzinə terrora qarşı müharibə apardığı halda, xaricdə də, öz daxilində də bəzi ağzıgöyçəklərin qınaq hədəfi olsa da, yenə də haqq yolundan dönmür.Tarixi faktdır ki, Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə“Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə türk qardaşlığının əbədiyaşarlığından çıxış edərək demişdir:“Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”. Eşq olsun sağlam Türk xalqına. Eşq olsun qəhrəman məhmədciklərə! Sağ ol, qəhrəman Türk xalqının qəhrəman oğlu Rəcəb Tayyib Ərdoğan! Sən də hər bir kamil insan kimi öz əqidəsinin odda yanmaz, suda batmaz oğlusan!

Azərbaycan göytürklərindən Fikrət Qoca Göyüş oğlu.

Mən Türkəm

Türkəm bu yer üzündə

Neçə yol köç etmişəm.

Şərqdən Qərbə getmişəm.

Səhrada, daş içində

Cücərmişəm, bitmişəm.

Batmaz, yanmaz, alınmaz

Adayam, mən bir ada.

Hər bir türkün dünyada

Nəfəsi Türkiyədir,

Durduğu yeri Vətən,

Qibləsi Türkiyədir.

 

Qəzəblənib qalxanda

Mən Attila olmuşam.

Mən Çingiz xan olmuşam.

Evlər yıxan olmadım,

Bütlər yıxan olmuşam.

Arzumu hara əksəm

O torpaqda dən tutur.

Bir əlim qalxan olur,

Türkün işi bütövdür,

Türkün bütöv sözü var.

Boynunun dalında da

Türkün görən gözü var.

Didərgin övladların

Lələsi Türkiyədir,

Dünyada hər bir türkün

Qibləsi Türkiyədir.

 

Göyüş oğlu Fikrətəm,

Zaman kimi qocayam.

Nə böyüyəm, nə kiçik,

Elə öz boyumcayam.

Dünyanın hər yerində

Azəri türkiyəm mən.

Millətimin düşmənə

Göz dağı, görküyəm mən.

Başım üstəki səma

Türkün asimanıdı.

Yer üzünün oğluyam,

Qanım türkün qanıdı.

Türklük piramidadır,

Qülləsi Türkiyədir,

Dünyada hər bir türkün

Qibləsi Türkiyədir.