"İşıq" - ilk qadın qəzeti... - Günel EYVAZLI yazır

"Bizə ən yaxşı anaları verin və biz ən yaxşı adamlar olacağıq" - Jan Pol

Günel EYVAZLI

 

Lənətə gəlmiş qaranlıq tarixin bütün səhifələrində dizin-dizin bizi izləməkdədir. Günəşimizi udan əjdahanı (güntutulma hadisəsi) belə mifik jestlərlə - əlimizə mis qab və çömçə alaraq və ona zərbələr endirərək hürkütmək istəmişik. Anlamamışıq ki, qaraqışqırıq çıxış yolu deyil.

"Əcnəbinin seyrə balonlarla çıxan" vaxtlarında avamlığımızı çılpaqcasına görən Azərbaycan ziyalısı, az-çox təhsil almış yazı-pozu bilən zümrəsini işığa doğru cəlb etməyin, avamını maarifləndirməyin yolunu həm də milli mətbuatın varlığında görürdü. "Əkinçi" bir tərəfdən xalqı gerilikdən çıxarmağa güc sərf edirdisə, digər tərəfdən də yazısını oxuyan və oxuduqlarından qorxan ruhanilərə qarşı mübarizə aparırdı. Eyni qaragüruh "Molla Nəsrəddin" ətrafında da var idi.

Qorinin qapıları Azərbaycan övladları üzünə açılandan, ürəyində azacıq mərhəməti olan valideynlər güc-xoş öz övladlarını elm ocaqlarına göndərirdilər. Sağ olsun azsaylı vətən övladları ki, savadlanaraq geri dönməyi özlərinə borc bildilər. Bəzi müasirlərimizdən fərqli olaraq Qərb təhsili ilə savadlanıb "Ölməyə vətən yaxşı" deyimini əlində bayraq tutub, sağlığında Qərbə, dəfn olunanda isə torpaq altında "vətənə xidmət" etmədilər. Qayıdanlar - Həsən bəy Zərdabi qeyrətində bulunub, bir xristian qızına aşiq olmasına baxmayaraq, elmlərini xalqa xərcləmək üçün geri döndülər və bu missiyanı bütün məhəbbətlərdən, istəklərdən uca tutdular.

Xədicə xanım Əlibəyova da ruhani ailəsində anadan olmuşdu...

Tiflisin sosial qarışıq mühitindən idimi, çevrədən idimi, bilmirəm. Hər halda, atası dindar olmasına baxmayaraq, "qız nədir, təhsil nədir?" deyib də onu evə kilidləmədi. Övladını ən yaxşı, ən savadlı xanımlardan biri kimi görmək istədi. Gördü də.  

Xədicə xanım dövrünün savadlı bəylərindən biri ilə ailə həyatı qurur.

Mustafa bəy Mirzə Cabbar bəy oğlu Əlibəyov, Şəki Xanları Sarayının Mirzəsinin ailəsində dünyaya gəlmişdi. O, ilk təhsilini Şəkidə almış, ərəb, fars və rus dillərini mükəmməl bilirdi. Ardından Tiflis Gimnaziyasında təhsilini davam etdirən Mustafa bəy hüquqşünas kimi fəaliyyət göstərir. O, təkcə hüquqşünas deyildi, həm də ötən əsrin əvvəllərində ədəbiyyatşünas kimi də tanınırdı. Nasir, publisist, yazıçı-dramaturq kimi fəaliyyət göstərirdi. Həmçinin "Nicat" xeyriyyə cəmiyyətinin üzvü idi. Belə dolğun avtobioqrafiyaya malik bəyəfəndinin Xədicə xanıma rast gəlməsi əgər tale məsələsi idisə, həm də məfkurə, ideya uyğunluğu, eyni məqsədlərin varoluşu mənasını özündə daşıyırdı. Bir-birini hər cəhətdən tamamlayan cütlük vətənində ilk qadın qəzeti olan "İşıq"ın əsasını qoyur. Xədicə xanım qəzetin redaktoru, Mustafa bəy naşiri idi. Qəzetin hamisi isə dövrün böyük xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev idi.

Qəzetin əsas qayəsi qadınları təhsilə yönləndirmək və onlara hüququnu anlatmaq idi. Cəmiyyətin əşya qismində yanaşdığı o dövrün qadını "Molla Nəsrəddin" səhifələrində başı üzərində ailə, cəmiyyət qayğıları ilə şəllənmiş şəkildə rəsm edilirdisə, "İşıq" qəzetində satiradan uzaq bir biçimdə təbabət, evdarlıq, ədəbiyyat, hüquq, vəzifə, təlimi-nisvan başlıqları altında təlimatlandırılırdı. Dövrün mütərəqqi ideyalı qadınları - müəllim, həkim, yazıçıları bu qəzet ətrafında cəm olmuşdular.

Qəzetə münasibət birmənalı deyildi. Bəli, əgər Məhəmməd Hadi qəzetə göndərdiyi təbrik məktubunda "Qarelərə tərbiyeyi-ətfalı layiqincə tanıtmaq üçün müslümə övrətin çocuğun əlindən yapışıb işığı göstərməyini gözdən keçirdim. Xeyirli olsun" ("İşıq" 29.01.1911 №2), Yusif Vəzir Çəmənzəminli Kiyevdən qəzetə göndərdiyi təbrik məktubunda "Xanımlar qəzetəsi dedikdə ən əvvəl "arvad məsələsi" gözümün qabağında durur... "Arvad məsələsinin" arvadlarımızın nəfinə həll olunmağına, arvadlarımızın hüquq və ixtiyarını müdafiə etməyə bircə yol, bircə vəsilə var: qanmaz sözündən, avam təkfirindən qorxmayıb doğru danışmaq, həqiqəti açıb hamıya məlum etmək və zəmanəmizin tələbatına müvafiq işlər görmək" ("İşıq" 16.04.1911 №13) təbriklərində nə qədər şən idilərsə, "Molla Nəsrəddin"çilər qəzetin varlığına qarşı görməzlik nümayiş etdirirdilər. Təkcə Cəlil Məmmədquluzadə deyil, Ömər Faiq Nemanzadə və Əliqulu Qəmküsar da qadın azadlığı kimi mühüm bir məsələnin həllində "İşıq"ın tərəddüdlü mövqeyini tənqid edirdilər.

Cəmiyyətdə nəyisə dəyişmək cəhdi iki cür özünü göstərir. Bəzən zamanın qısalığını rasional şəkildə dərk edən tərəflər onu daha kəskin və inqilabi şəkildə gerçəkləşdirmək istəyirlər. Məsələn, "Molla Nəsrəddin" kəskin dəyişim istəyini özündə təcəssüm etdirirdi. O, ərköyün cəmiyyətinə sərt təpki gəlməkdən çəkinmirdi. Üstünə ordu gəlsə belə, əsəb xərcləsə belə, hər şeyə reallıq çərçivəsindən baxaraq "dünya dəyişir və dəyişikliklə ayaqlaşmaq lazımdır" prinsipinə görə cəmiyyətini də tezliklə bu axına ən azından bir az da olsa yaxınlaşmasını istəyirdi. "İşıq" daha sakit və təmkinli yolu tutmuşdu. O, cəmiyyətinə ərköyün övlad kimi baxıb başına sığal çəkməklə yola gətirməyə çalışırdı. Qayğıkeş, anlayışlı ana obrazından çıxış edirdi. Həm də "İşıq"çılar qarşısında "Əkinçi" nümunəsi var idi ki, onlar Zərdabinin mollaların tənələrinə qarşı hansı vəziyyətdə olduğunu bilirdilər və uzunmüddətli çap həyatı yaşamaq üçün ruhanilərin ayağını tapdamamağa və onları qıcıqlandırmamağa çalışırdılar.

Yuxarıda qeyd etdiyim kimi, Ömər Faiq Nemanzadə, Əliqulu Qəmküsar qəzetin tərəddüdlü mövqeyini tənqid edirdi. "Biz şəriəti-islamiyyəyə müvafiq əməl etməyi arzulayırıq" fikrini söyləyən Xədicə xanımın özünün buraxdığı qəzetdə manşet şəkli kimi müntəzəm olaraq verilən - günəşi övladına göstərən ananın başıaçıq şəkildə təsviri arasında məntiqcə fərqlilik mövcud idi. Bu da təzadlı mövqe təəssüratı yaradırdı, əslində. Açıq fikirli ziyalılar Tiflisdə başıaçıq gəzib, eyni zamanda təhsil alan azsaylı xanımlardan biri olan Xədicə xanımın bu şəriətpərəstliyini anlamırdılar. Çünki geyim həm də təfəkkür hadisəsidir. Cəmiyyəti qaranlıqdan xilas etmək missiyasını gerçəkləşdirmək istəyən bir redaktorun bürüncək estetikası ilə irəliləməsi paradoksal durum yaradırdı.

Qəzet əməkdaşları "İşıq"ın bəzi nüsxələrini "Molla Nəsrəddin"ə göndərsələr də, Molla əmi tərəfindən alqış ala bilmirdilər. Elə bu səbəbdən də qəzetin naşiri Mustafa Əlibəyov istehzalı yazısı ilə Molla əmiyə müraciət edir. 1911-ci ilin 31 martı "Molla Nəsrəddin"in 12-ci sayında qəzetin ironiyasına eynilə ironik cavab verilir. Cəlil Məmmədquluzadə "İşıq" adlı məqaləsində "Doğrudur, Bakıda çıxan "İşıq" qəzeti müsəlman qardaşlarımızı işıqlandırır, amma bunu gərək biləsən ki, çox bərk işıq da bir şey deyil, adamın gözünü qamaşdırır" yazır. Jurnal bir az da irəli gedərək eyni ilin 7 aprelində "Molla Nəsrəddin"in 13-cü sayında, jurnalın rəssamı Rotterin karikaturası ilə növbəti sətraltı mənanı sərgiləyir. Karikaturada hərbi geyimli bir adam əllərini başına tutaraq şlyapalı, müasir əlbisəli müsəlman qadınlarının təqibindən qaçır. Qadın təsvirlərinin üzərində "Tiflisdə müsəlman qadınları və dul arvadlar" sözləri yazılır. Bu, "İşıq" üçün prestijli jurnal tərəfindən və dövrün mütərəqqi ziyalısı Mirzə Cəlil tərəfindən endirilmiş bir zərbə idi.

Niyə qadın azadlığını əlində bayraq edən, qadınların təhsilli olmasını, hüquqi cəhətdən azadlığını səmimi-qəlbdən arzulayan bir ziyalı - C.Məmmədquluzadə ilk qadın qəzetəsinin varlığına qətiyyən sevinmirdi? Ona rəqib kimi baxırdımı? Yoxsa Mirzə Cəlili qıcıqlandıran yalnız örpək məsələsiydi?

Mustafa bəy bu həqarətdən sonra qəzetdə "Molla Nəsrəddin" sərlövhəli məqaləsi altında bunları yazır: "İndiyə qədər "Molla Nəsrəddin" jurnalı övrətlərin tərəfdarı olub surəti-əlnicata dəvət edib cəmi müsəlmanlara təklif edib ki, onlar bitərbiyə və bielm analarını, bacılarını, zövcələrini və qızlarını bazara, teatra aparıb onları istibdad boyunduruğunun altından çıxartsınlar, asudəlik versinlər. Çünki nicat buradadır. Lakin 13-cü nömrədə bir düjün müsəlman xanımını biəndazə libas və təbəq boyda üçmərtəbə şlyapa başında bir yaranalı (hərbiçini) qovmağını səbt ediblər. Hərgah Mollanın demək istədiyi bu isə ki, guya müsəlman xanımları oxuyub tərbiyə alandan sonra bu hala düşürlər ki, bu böyük bir böhtan və bişərm yalançılıqdır. Hərgah Molla müsəlman övrətinə böylə tərbiyə vermək istəyirsə, bu tərbiyə ümumi millətə lazım deyil. Biz isə elmli, tərbiyəli xanımların mütləq məsumə olduqlarını yəqin edirik. Mollanın sərf etdiyi bu söz ancaq özünə məlum olan bir ədavət və böhtanın məhsuludur".

Deyilənə görə, guya gərginlikdən sonra bəyan olunmuşdur ki, çəkilən karikaturada birbaşa olaraq bu yox, bu cür düşünən tərəflərə gülmək, istehza etmək üçün bu şəkil çəkilibmiş. Yəni cəmiyyətin kişisi elə bilir ki, qadın savadlanarsa sonra bir az da irəli gedib azadlıq tələb edərək öz həya və abrını itirə bilər. Guya Molla əmi belələrinə gülübmüş. Amma istənilən halda əgər beləydisə, karikaturada obrazlar üzərində başqa sözlər yazılardı. Biz isə tamamən əksini görürük. Həm də "müsəlman qardaşlarımızı işıqlandırır" ifadəsində niyə Mirzə Cəlil bacı və qardaşlarımızı deyil, məhz qardaşlarımızı yazır? Qadınların azadlıq eşqinin yalnız qardaşlara - kişilərə işıq olduğuna eyham vururmu, yoxsa mollalara işarət edirmi, məsələsi də düşündürən məqamlardandır.

Dahi insanların təzadlı və dəyişkən xarakterə malik olmaları çoxumuza bəllidir. Öz ailəsində qadın hüququnun vacibliyini bilən və belə bir azad qadının həyat yoldaşı olan C.Məmmədquluzadə əlbəttə, müsəlman qadını haqqında karikaturadakı kimi düşünə bilməzdi. Həm də öz doğma bacısının bürüncəkli geyimindən utanan Cəlilin həyat yoldaşına "Bir də o belə bir libas geyinərsə, onunla heç yerə çıxmaram" deməsi qadını həm vizual, həm də daxilən, ruhən azad görmək istəyən kişinin psixologiyasını qarşımızda aşkar edir. Demək ki, Mirzə Cəlili qıcıqlandıran yalnız və yalnız örtük nüansı idi. Və qəzetdə bu cür şeylərin tez-tez tirajlanması onun tərəfindən qəbul edilmirdi. Elə Mustafa bəyin yazısından sonra Mirzə Cəlilin çəkinmədən Xədicə xanımı jurnalın üz qabığında müasir əlbisə ilə verib, çadralı qadınları barmağıyla göstərərək çadralı qadınların obrazı üzərində "Bax, müsəlman xanımları belə ismətli və namuslu olmalıdırlar" yazısı Mirzə Cəlilin məhz geyim mövzusunda qıcıq olmasını açıq-aşkar göstərirdi. Xədicə xanım isə bu eyhamı anlayıb bu məsələyə aydınlıq da gətirmişdi. O, örpəkli qadınlara Tiflisdə təhsil alan bəylər tərəfindən gerilik kimi baxılması səbəbindən başına şlyapa taxmasını vurğulamış, yenidən başına örtülən örpəyi isə ismət örpəyi adlandırmışdır. Əliqulu Qəmküsarın da tənqidinin mahiyyətində elə Xədicə xanımın hicabın ləğvi sahəsində tərəddüdlü mövqeyi dayanırdı. Çünki qəzetdə gedən məqalələr evdarlıq, təlim, təhsil fonunda olsa da, bu nüansa zaman-zaman eyham vurulurdu. Bir sözlə, əgər indinin indisində də örtük, saqqal ismət məsələsi, papaq kişilik, qeyrət ampluasındadırsa, bizə yazıqlar olsun. Mahiyyətdən uzaqlaşdığımız üçün praktik, elmi hər şey kölgədə qalıb. Biz üzərimizə sarılmış örtük kimi bir parça diplomu hər şeydən üstün sanıb dərəcələrimizi artırmaqla və elmə xidmət etməməklə, nəzəri bölümü doldurub, təcrübi olaraq heç nəyi gerçəkləşdirməməklə ömür tükədirik. Ona görə də dünya alimləri kainatı cənginə almış xəstəliyə qarşı peyvənd axtarışındaykən, biz də Akademiyalarda quru bəy kimi qalstukla (müasir əlbisə) əyləşib dırnaqarası elmlə məşğuluq. Yazdıqlarımız kağızdadır. Xəstəlikdən qurtuluşu isə ağac altında oturan ayı kimi halva-halva deməklə gözləyirik. Nə vaxt peyvənd kəşf olunacaq, biz də xilas olacağıq gözləntisindəyik. Əlbisəmiz müasir, elm, üləma yoxdur ki yoxdur.

Cəlil Məmmədquluzadənin Mustafa bəy Əlibəyova qarşı xoş münasibəti "Molla Nəsrəddin" jurnalının 4 avqust 1911-ci il 28-ci nömrəsində gedən yazıdan da məlumdur. Baş verənlərin qətiyyən qısqanclıq, rəqabət məsələsi olmadığı gün kimi aydındır. "Korifey naşey literaturı... (ədəbiyyatımızın görkəmli nümayədənsi) ifadəsi ilə başlanan rusca mətndə məşhur vəkil Mustafa bəy Əlibəyovun dəfələrlə Qorki ilə Andreyev arasındakı mübahisələri həll etməsi və Tolstoyun özünə əxlaq haqqında moizə oxuması mətləbləri göstərilmişdir. Çünki C.Məmmədquluzadənin Mustafa bəyin kim olmasından xəbəri var idi. O, həmin Mustafa bəy Əlibəyov idi ki, XX əsrin əvvəllərində nasir, publisist-yazıçı, dramaturq kimi də tanınaraq Azərbaycan Cümhuriyyəti dövründə "Yaşıl qələm" Yazıçılar Birliyinin fəal üzvlərindən olmuşdu. XX əsrin əvvəllərində Azərbaycanda neft sənayesinə kapitalizmin inkişafı ilə bağlı yaranan meyil və marağın, xalqın bu sahədə ətalət və geriliyi, rus, xarici və erməni qəsbkarlığı Mustafa bəy Əlibəyovu publisistik və bədii yaradıcılığa sövq etmişdi. Bu münasibətlə o, 1905-ci ildə "Abşeron neft cəzirəsi" (Sitat: Əcəba! Bizim bəylərimiz ki, həmin yerləri əcnəbilərə satdılar, aya özləri bir dövlətə dara oldularmı? Xeyr! Ancaq həmin qədim cəhalətlərində qalıb aldıqları az məbləği də həvayi-nəfsə uymaqla bir az müddətdə gah aparıb genə əcnəbilər məmləkətində və gahi burada eyşü-işrətə sərf edib və etməkdədirlər) məqaləsini, 1914-cü ildə isə "Məhkəmələr qapısında tökülən qanlı yaşlarımız" pyesini yazmışdı. Bu əsər milli dramaturgiyamızda dahi Mirzə Fətəli Axundzadənin "Mürafiə vəkillərinin hekayəti"ndən sonra insan hüquqlarının qorunmasına, məhkəmə işlərinə həsr edilmiş dolğun bir əsər kimi özünəməxsus yer tutur.

Bütün bunlardan görünür ki, dava - rəqabət, yorğan davası yox, düşüncə davası idi ki, məhz bu - şəriətpərəstlik nüansı əsas götürülərək qəzetə qüsur kimi bildirilir və onları doğru yola gətirmək üçün qabaqcıl ziyalılar əllərindən gələni əsirgəmirdilər.

"İşıq" özünü ruhanilərin təqiblərindən qorumağa çalışsa da, maddi çətinliklər qarşısında tab gətirə bilməyərək iki illik ömrünü başa vurmağa məcbur olur. Qəzetin bağlanma qorxusunu öncədən hiss edən Xədicə xanım "İşıq"ın 1911-ci ildə çapa gedən 1-34-cü saylarını Rusiya İmperatoru II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya göndərərək toplunun cildində bu sözləri yazır: "Eə İmperatorskomu Veliçestvu Qosudarınc İmperatiriüc Aleksandrc Feodorovnc - "İşıqğ" za 1911 qodc. "Svetğ"". Hətta bu göndəriş belə İmperatriçanın diqqətini qəzet üzərində cəmləyə bilməmiş, 68-ci buraxılışdan sonra qəzet bir daha çap olunmamışdır.

1911-ci ilin ortalarında “İşıq”la əməkdaşlıq edənlər artıq şeir və məqalələrini qəzetə göndərmirdilər. "Təəssüflər olsun" adlı məqalədə qadınlara müraciəti oxuyuruq: "Vətənə xidmət beləmi olur?! Bağbanı köçmüş, bağçası viran olub, gülləri solmuş bülbüllər kimi hara qaçıb dağılışdınız"... ("İşıq" 08.10.1911 № 29).

Xədicə xanım bütün çərçivələri pozmadan, din və şəriətin heysiyyatına toxunmadan hərəkət etməyinə baxmayaraq ərklə ruhanilərin yanına getsə də, onlardan dəstək ala bilmir. Əvəzində müraciət etdiyi ruhanilərdən namaz zamanı kütləyə səsləniş eşidir... "Kim "İşıq" qəzetini alarsa kafirdir. Çünki övrət qəzetəsinin olması qiyamət nişanəsidir"... Bu da son...

"İşıq" tarazlıq yolunu seçmişdi. Kimsəni incitmədən nicata, gələcəyə doğru getmək istəyirdi. Bəzi ziyalılar tərəfindən məhz şəriət məsələlərində suçlanılsa da, elə qəzetin ilk buraxılışında Xədicə xanım öz yazısı ilə cahilliyi deyil, elmi əlində bayraq edən dinin tərəfindən çıxış etdiyini bəyan edirdi. Peyğəmbər deyimlərini yazıya alaraq "görə bilən kəslərlə, görə bilməyən kəslər bir ola bilərmi?" sözlərini dilə gətirərək dövrün dindarına dinin həm də elm tərəfdarı olmasını demək istəyirdi.

Əlbəttə, mətbuat tariximizdə ilk qadın mətbu orqanı olaraq "İşıq" qiymətlidir. Həm də o dövrün mütərəqqi qadınlarını ətrafında cəm etməsi baxımından, yeni jurnalistika ənənələrinin qoyulması baxımından dəyərlidir.

Bir qəzetin yoxluğu hələ son deyil, əslində. "Əkinçi"nin ardından gələn mətbu orqanlar kimi, "İşıq"ın da ardından gələnlər olacaqdı. Günü-gündən savadlanan, yetişən ziyalıların sayəsində iynə boyda da olsa işıq ucu həmişə irəlidə görünürdü və həmin zərrələr Azərbaycan publisistikasını qurub yaşadırdı. Kədərli olan Azərbaycan ziyalılarının sonucu, aqibəti idi. Sinəsində böyük ürəyin döyünməsinə, vətənini, millətini dərin məhəbbətlə sevməsinə baxmayaraq, 1937-ci ilin qurbanlarından biri də məhz Mustafa bəy Əlibəyov olur. Xalqın düşünən beyinlərini xalqın əlindən alan Sovet çarxı növbəti qurbanını öz məngənəsində əzir. Həyatının dinclik, nəvə qayğısına qalma dönəmində Mustafa bəy Əlibəyov "Xalq düşməni" adıyla evindən, yurdundan didərgin düşərək Sibir düzənliyində, sürgündə ömrünü tamamlayır. Bir çox dəyərli ziyalılarımız kimi, ona layiq olmayan şəkildə, özgələrin çevrəsində, vətəndən uzaq, balalarından, həyat yoldaşından xəbərsiz şəkildə həyata vida edir. Xədicə xanım isə beş balasını layiqincə böyüdərək, savadlandıraraq zərif missiyasını layiqincə yerinə yetirir. Ən yaxşı adamların ən yaxşı anası olur...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!