Anardan görünən Azərbaycan... - Azər TURAN yazır

Anarın “Yaşamaq haqqı” kitabı haqqında

Azər TURAN

 

"Yaşamaq haqqı" kitabının dünyaya gəlişi zaman baxımından simvolik oldu. Kitab çap olundu, ardıyca dünyanın yeni qorxu mifi - koronavirus pandemiyası təzahür etdi. Dünyada dəyərlər sisteminin dəyişəcəyi, yeni tarixi aşamanın başlanacağı şübhəsizdir və bunun qlobal simptomları da artıq müşahidə edilməkdədir. Dünya yeni mərhələyə, yeni tarixə kataklizmlə başladı. Psixologiyalar zədələndi, pessimizm dərinləşdi. İnsan ya fövqəltəbii, ya da hələlik, sirli bir qüvvənin əsirinə çevrildi. Hər şey aydındır və heç nə də aydın deyil. Zəlzələ yoxdur, amma mənəvi dağıntının miqyası hüdudsuzdur. Müharibə yoxdur. Amma məğlubiyyət var. Qalib isə bilinmir... Qəribədir ki, "Yaşamaq haqqı" belə mənəvi, siyasi, iqtisadi təbəddülatların ərəfəsində nəşr olundu. Belə bir kitabın yazılmasına bir oxucu kimi deyil, bir millət olaraq ehtiyacımız böyük idi.

Roman deyil, heç traktat da deyil, onu esse də adlandırmaq doğru olmazdı. Bu əsərin janrını dürüst təyin edə bilmədiyini Anar özü də etiraf edib. "Traktat? Esse? Çox iri esse? Axı Mişel Montenin "Esselər"i də üç cilddir. Ya bəlkə, doğrudan da, dastan?". Yox, heç dastan da deyil. Əslində, bu kitab ədəbiyyat tariximizdə Bilgə Xaqanın bəngü daşlara həkk edilmiş vəsiyyətindən sonra bu janrda yazılmış ilk əsərdir. Məncə, bunu yazmağa yalnız Anarın haqqı çatırdı. Ən azı ona görə ki, erməni terrorizminə qarşı ilk siyasiləşmiş hərbi təsisatımız olan "Difai"nin çarpaz qılınclı, ay-ulduzlu emblemi, Nağı Şeyxzamanlının bildirdiyinə görə, Rəfibəylilər soyunun gerbidir. Ermənilərin qanlı təcavüzünə qarşı 1905-ci ildə Azərbaycanda ilk silahlı dəstələri yaradan Ələkbər bəy Rəfibəyli olub. 1920-ci ilin mayında Azərbaycanda bolşevizmə qarşı son milli dirənişin - Gəncə üsyanının hərəkətverici qüvvəsi "qan tökməyin ki, ləkəsi bütün nəslimizin üstünə düşməsin" deyən Xudadat bəy Rəfibəylidir - Anarın babası...

Anar "Yaşamaq haqqı"nda öz romançı təfəkkürü ilə ilk dəfə milli tariximizin, o taylı-bu taylı Azərbaycanın sənədlərə, faktlara əsaslanan parlaq, aydın bədii-elmi-siyasi mənzərəsini yaradıb, tarixi proseslərin, situasiyaların sirr pərdəsini qaldırıb. Gələcək nəsilləri ədəbiyyatın semiotik işarələrinin ümidinə buraxmayıb... Hər şeyi olduğu kimi yazıb. Azərbaycana dəxli olan hər şey ilk dəfədir ki, "Yaşamaq haqqı" əsərində təhlil olunur və Azərbaycan tarixi, ədəbiyyatı, millətin taleyi ilk dəfədir ki, bu kitabda bir yerdədir və bütövdür. Necə ki, "Siyasəti-fürusət"də Araz çayı Azərbaycanı iki yerə bölə bilmir, burda da bütöv Azərbaycan bir yerdədir. Bölünmür. Anar burda bir Mirzə Fətəli Axundovu, orda isə bir Mirzə Əbdürrəhim Talıbovu təqdim etmir. Onun dəqiq təfsirində Mirzə Fətəli Axundovla başlanan yeniləşmə hərəkatı şimalda Həsən bəy Zərdabi, cənubda Mirzə Əbdürrəhim Talıbovla davam edir. Təbrizdə İran Demokratik Partiyasının, yaxud "İrane Nou" qəzetinin timsalında Avropa tipli partiyanın və mətbuatın əsasını bakılı Məhəmməd Əmin Rəsulzadə qoyur. Kitabda "Siyasəti-fürusət"dən sonra ilk dəfədir ki, milli şüurun inkişafı və gəlişməsi, yuxarıda da dediyim kimi, bütöv Azərbaycanın hüdudları daxilində tədqiq və müşahidə olunur. Seyid Cəfərlə Mir Cəfərin, yəni Pişəvəri ilə Bağırovun, Bakı ilə Təbrizin siyasi taleyi eyni rakursda, eyni ağrı ortaqlığında nəzərdən keçirilir. Hər iki ağrının nüvəsindən tarixən antitürk mahiyyətli Çar Pyotrla başlayıb "mənfi cazibəyə" malik Stalinə, Məhəmməd Rza Şaha qədər davam və tətbiq edilən velikorus və fars siyasi şovinizminin gizli-aşkar fəsadları çıxır. Türkmənçay müqaviləsi, xristianların və özəlliklə ermənilərin hesabına gerçəkləşən rus ekspansiyası, "general Sisianovun Cavad xanla epistolyar dueti" "Yaşamaq haqqı"nın böyük həqiqətləri sırasındadır. Digər həqiqətlərdən biri də budur ki, Azərbaycanı bu günə qədər mənəvi planda birləşməyə, bir olmağa qoymayan sünni-şiə təfriqəsinə Anarın məzhəblərüstü və tənqidi münasibəti təkcə indiki İranın simasında ifadə olunmur. İranın dini rəhbəri və Şəhriyarın dostu Ayətulla Xameneinin azərbaycanlı yazıçı Anarla tərcüməçi vasitəsilə danışması, söhbət əsnasında isə Şəhriyarın şeirini Azərbaycan dilində söyləməsi Anarın təbirincə desək, "hədsiz kədərli olmasaydı, adama gülməli gələrdi". Burda bizim də payımız var. "Görəsən, hökumət orqanları bizim cavanların bir hissəsini İrana, bir hissəsini Türkiyəyə dini təhsil almağa göndərəndə... düşünürdülərmi ki, bu insanlar Azərbaycana ya qızğın şiə, ya da qızğın sünni məddahı kimi qayıdacaqlar və cəmiyyətdə dini etiqada görə parçalanma yaradacaqlar?". Anar müstəqilliyimizin ilk illərində baş vermiş bu yanlışlıqlar sırasında vəhabilərin, fundamentalistlərin Azərbaycandakı bölücü varlığını da gözardı etmir.

"Yaşamaq haqqı"nı uzaq keçmişdən uzaq gələcəyə Azərbaycanın yaşamaq haqqı kimi oxuyuram. Və bilmirəm, Anar müəllim özü bunu necə qarşılayar, dediyim kimi, onu həm də Əli bəy Hüseynzadənin "Siyasəti-fürusət" traktatının hadisələri daha çağdaş aynada görükdürən, əks etdirən analoji versiyası kimi qəbul edirəm. Amma müəlliflərin orkestral ruhu, erudit zəkası eynidir.

Repressiyanı bilirdik, amma Anar Stalinin Pişəvəriyə yazdığı tarixi və rəzil məktubun fonunda ağrılarımızın ümumi, ortaq səbəbini aydınlaşdırır: "Əslində, tarix təkrar olunur. 1920-ci ilin aprelində Azərbaycanda nələr olmuşdusa, Cənubi Azərbaycanda 12 dekabr 1946-cı ildə baş verən hadisələr onun güzgüdəki əksidir".

Anar bunu tezis olaraq demir. Həm də xronoloji təfsirini verir. Dəhşətli mənzərəsini təqdim edir: "Çoxlu sayda güllələnənlərdən və asılanlardan başqa, bəzilərini Orta əsrlərdən qalma cəza üsulları ilə - qarınlarını yırtmaqla, dilini dartıb ağzından çıxarmaqla, dodaqlarını tikməklə, topun lüləsinə qoyub atmaqla, diri-diri odda yandırmaqla qətlə yetirirdilər. Azərbaycan Demokratik Partiyasının bir çox xadimlərinin üstünə neft səpirdilər, yandırırdılar və məşəl kimi küçələrdə gəzdirirdilər... Təbrizdə Milli ordunun cavan leytenantı öz həyətində mühasirədə qalanda, ələ keçməsin deyə, arvadını, azyaşlı uşağını öldürəndən sonra bir neçə düşməni də güllələdi, sonuncu gülləni isə öz başına çaxdı. Milli ordunun beş döyüşçüsü Təbrizdə Ərk qalasının zirvəsinə qalxaraq, üç gün düşmən qoşunlarını atəşə tutaraq duruş gətirdilər, patronları tükənəndən sonra isə "Yaşasın Azad Azərbaycan!" - deyə özlərini qalanın zirvəsindən yerə atdılar...". Təbrizdə bunlar baş verir. Bakıda isə 9 il əvvəl - 1937-ci ildə "heç bir günahı olmayan insanları" ağlasığmaz işgəncələrlə edam etmişdilər... Məsələn, kitabda belə bir fraza var: "Bağırov nəinki Ruhulla Axundovun həbsinə fərman verir, hətta onun zor tətbiqi ilə dindirilməsində, işgəncələr verilməsində şəxsən iştirak edir... Axşamlar insanlar tamaşaya baxmaq üçün teatra gedirlər, Bağırov isə məhkumlara verilən işgəncələrə baxmaq üçün NKVD-nin zirzəmisinə düşür". Ruhulla Axundovu güllələnməkdən qabaq sümüklərini sındırıb, gözlərini çıxartmışdılar... Övladlarını isə NKVD-nin uşaq evinə vermişdilər.

1920-ci ildə Nargin adasında Xudadat bəy Rəfibəyli ilə birgə 76 nəfər yüksək rütbəli zabitin edam qərarı yalnız ermənilərin donosuna əsasən verilir, 1937-ci ildə Ruhullanın, Əhməd Cavadın, Mikayıl Müşfiqin, Seyid Hüseynin və yüzlərlə belə böyük insanlarımızın Bakıda - Mircəfər Bağırovun gözləri qarşısında işgəncələrə məruz qalması, güllələnməsi NKVD-nin erməni zabitləri tərəfindən həyata keçirilir.

Anar Bağırovun məhkəmə iclaslarının iştirakçısı olan Manaf Süleymanova istinadən xatırladır: "Rudenko Markaryana müraciət edir: "Müttəhim Markaryan, deyin görüm siz nə üçün günahsız insanları insafsızcasına döyürdünüz? Markaryan bu sualın cavabında Stalindən sitat gətirir: "Nə qədər ki, öz günahını boynuna almır, döyün. Döymək, döymək, yenə də döymək... Siz Bağırovun necə dəhşətli bir insan olduğunu bilmirsiniz. Heç kimin cəsarəti çatmazdı ki, onun tapşırığını yerinə yetirməsin... Rudenko Bağırova müraciət edir: "O, düzmü deyir? Bağırov cavab verir: "Nə həddi vardı mənim dediyim sözü yerinə yetirməsin. Bunlar mənim zincirli köpəklərim idi". İttihamçı digər müttəhimə müraciət edir: "Müttəhim Qriqoryan, bu məktubu siz yazmısınız? Məktubdan oxuyuram: "Ana, əziz qardaşım, dayınıza görə sevinin, mən on türk güllələmişəm...".

Mir Cəfər Bağırovun məhkəməsində özünün də etiraf etdiyi cinayəti dövlət təhlükəsizlik orqanına rəhbərliyi qriqoryanlara, markaryanlara etibar etməsi olub. Avtomobil qəzasında həlak olmuş Seyid Cəfər Pişəvərinin əyləşdiyi maşını İranın daşnak lideri Melixyanın oğlu Karnik idarə edib. Bildiyimiz, bilmədiyimiz belə faktlar kitabda saysız-hesabsızdır. Erməni qətliamlarından, terrordan xilas yolları nədir? Bunun üçün Anar tarixə, ən qiymətli və mötəbər məxəzlərə baş vursa da, politoloji istiqamətləri bəlirləmir, buna heç ehtiyac da yoxdur. Sadəcə, xatırladır. Tutaq ki, Mahmudəli Çöhrəqaniyə xatırladır: "Bəyəm, öz milli-vətənpərvərlik duyğularını ifadə etmək üçün hər il Babək-Bəzz qalasının zirvəsinə qalxan Cənubi Azərbaycanlı qardaşlarımız, heç olmasa bircə dəfə Şimali Azərbaycan ərazisinin iyirmi faizini işğal etmiş ölkəyə yük aparan traylerlərin qarşısına çıxıb etiraz əlaməti olaraq piket keçirə bilməzlərmi? Bundan başqa, görənlər şahidlik edir ki, heç vaxt Yerevanda, xüsusən onun bazarlarında bu qədər Azərbaycan dili eşidilməyib - bütün ticarət, Ermənistan üçün həyat əhəmiyyətli nə varsa, hamısını bizim qardaşlarımız Cənubdan gətirirlər. Bəyəm bu, öz ərazi bütövlüyünü bərpa etmək uğrunda çətin mübarizə aparan Azərbaycan Respublikası ilə həmrəylikdir?".

"Yaşamaq haqqı"nda yalnız tarixən siyasi burulğanların içərisindən keçən Azərbaycan deyil, həm də o burulğanın episentrləri nişan verilib, ümumi tarixi əhvalın mündəricatı dəqiq sıralanıb. Lenin Səttarxanı İranın Puqaçovu adlandırırdı. "Yaşamaq haqqı" onu Kromvellə qiyaslandırır, "çünki Səttarxanın rəhbərlik etdiyi hərəkat antimonarxiya xarakteri daşıyırdı". Zəki Vəlidi Toğan Ənvər Paşanı Dəli Domrula bənzədir, Anar isə xəyali məqsədlər naminə qoşan bu çılğın ehtiraslı idealisti Don Kixotla, yaxud Çe Qevara ilə müqayisə edir. Nərimanovun bəlli situasiyadakı davranışını Norveçin Baş naziri Kvislinqlə, fransız marşal Petenlə qiyaslandırır. Nərimanov barədə çox kitablar oxumuşuq, amma inanmıram ki, Nərimanovun kifayət qədər açıq siyasi milli mövqeyini Anardan başqa kimsə bu qədər həssas boyalarla (və faktoloji zənginliklə) analiz etmiş olsun. "Yaşamaq haqqı" tarixə tarixi həqiqətin özünü həkk edir və tarixdəki bütün dalğalar bu kitabda Azərbaycanın çevrəsində cərəyan edir. Azərbaycanlı Nərimanovun qürubunu tatar Sultan Qaliyevin süqutu təqib edir... Nərimanovu 1925-ci ildə zəhərləyib öldürdülər. Sultan Qaliyevi 1940-cı ildə NKVD zindanında vəhşicəsinə qətlə yetirdilər.

Səttarxan Təbrizin polis rəisi daşnak Yefrem Davidyanın dəstələri tərəfindən 1910-cu ildə yaralandı və 1914-cü ildə öldü. Bakını 1918-ci ildə erməni murdarlığından təmizləyən Ənvər Paşa ömrünün son mərhələsində Qızıl Ordu qüvvələrinə qarşı savaşdı və Saruxanyanın gülləsiylə öldürüldü. Kitabda Eçmiadzin qaynaqlı erməni etiraflarına istinadən belə faktlar çoxdur və siyahını istənilən qədər uzatmaq olar. Tələt Paşa 1921-ci ildə Soqomon Teyliryan tərəfindən qətlə yetirildi. Camal Paşa Tiflisdə Artaşes Gevorqyan tərəfindən öldürüldü. Behbud xan Cavanşiri İstanbulda Mişak Torlakyan qətlə yetirdi. Və qatillərin heç biri həbs olunmadı.

1980-ci illərin sonunda Eçmiadzindən yazılmış məktub Anarın da qətlə yetiriləcəyini vəd edir. Şükür ki, tale bu fürsətin sevincini ASALA mənsublarına yaşatmadı. Vaxtilə Şaan Natali Nemesisin terror siyahısında Əli bəy Hüseynzadənin də adını xatırlatmışdı...

Anar erməni düşmənçiliyinin sistemini şərh edir. Ədavət toxumu Türkmənçay müqaviləsindən sonra ermənilərin Azərbaycan ərazisinə köçürülməsilə səpilib...

"Yaşamaq haqqı"nın "Dədə Qorqud" effekti var. O, sanki hamının bildiyini yazır. Amma bütün bunlar heç kəsin bilmədikləridir. Anar, əslində, XX yüzil Azərbaycan gerçəkliklərinin metafizikasını yazıb. Alt və üst qatlarıyla bütün siyasilərimiz, bütün hadisələr - Gəncə üsyanından tutmuş Meydan hərəkatına qədər, Xocalı qətliamından tutmuş helikopter qəzasına qədər, 20 Yanvardan tutmuş SSRİ parlamentinə qədər, Xruşşovdan başlamış Xruşşovun "rəhbərliyə soxulmuş antileninçi düşmən" adlandırdığı Mirzə İbrahimova və onun Azərbaycan dili uğrunda mücadiləsinə qədər, Şeyxülislam Ağa Əlizadənin intellektindən tutmuş Qorbaçovun kabinetindəki pərdəarxası söhbətlərə qədər hamısı politik nüanslarla zəngin olan bu kitabın səhifələri arasındadır. Bu kitab Azərbaycanın icmalıdır. Bütün yönləri ilə Azərbaycandır. Böyük Azərbaycandır. Qandan, qırğından böhtandan, təhqirdən, təhdidlərdən yorulsa da, ayaqda qalmağı bacarmış, qürurunu qorumuş, gözəlliklərini hifz etmiş işıq dolu Azərbaycan.

Azərbaycana rəhbərlik etmiş bütün siyasi xadimlər - Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Mir Cəfər Bağırov, Heydər Əliyev... hamısı burdadır. Hamısı da öz dəqiq qiymətləri ilə, millətə xidmətlərinin dərəcəsi, miqyası ilə burdadır. Mən dörd nəfərin adını ona görə fərqləndirdim ki, həm də politoloji bir əsər olan "Yaşamaq haqqı"nın siyasi episentrində bu dörd şəxsiyyətin, daha çox da Azərbaycanı milli və siyasi apokalipsisdən xilas edən Heydər Əliyevin fəaliyyəti dayanır.

Təkcə bu da deyil. SSRİ-yə rəhbərlik etmiş bütün siyasi xadimlər - Lenindən başlamış Stalinə, Xruşşova, Brejnevə, Qorbaçova qədər Azərbaycana münasibətlərinin ən həssas cizgilərinə, təfərrüatına qədər burdadır.

Anar Azərbaycanın SSRİ dövrünü bu qədər repressiyaların, stalinizmin, totalitarizmin fonunda yalnız qara rənglərlə təqdim etmir. Anarın Azərbaycanı işıqlıdır. Amma diqqətimi bir məqam xüsusilə cəlb etdi. Anar Stalin mifinin təfsirində bir neçə dəfə ingilis yazıçısı Corc Oruelin "1984" romanına yönəlir: "Son nəhayətdə, qurbanlar "Böyük qardaşı" - diktatoru - onların hamısını amansızcasına təqib edən insanı sevməyə başlayırlar...". Amansız qəddarlığına, zülmkarlığına rəğmən Stalinə münasibət bütün SSRİ-də, o cümlədən Azərbaycanda da belə olub. Bunu kitabın "Altmışıncılar" bölümünü oxuyarkən bir daha xatırladım. İndi bəzən Azərbaycan ədəbiyyatının altmışıncılar nəslini dünya roman texnologiyalarından uzaq qaldıqlarına görə qınayırlar. Amma Azərbaycan altmışıncıları ədəbiyyatda nə mümkün idisə onu etdilər. Stalinin ölkəsində 1940-cı ildə "Tatar çölü"nü, 1947-ci ildə "Taun"u, 1959-ci ildə "1984" romanlarını... yazmaq, sadəcə, mümkün deyildi. Avropada Stalin məzalimi yaşanmırdı, Bussatinin İtaliyada yazdığı "Tatar çölü"nü Kamyu 1950-ci illərdə Parisdə fransız dilinə tərcümə edirdi. Burda isə həmin illərdə "Moskvada dırnaq tutanda ucqarlarda barmaq kəsirdilər". Stalin epoxasında yazıçının nəinki barmağını kəsirdilər, hələ üstəlik, "sümüklərini sındırıb, gözlərini çıxarırdılar". Ən yaxşı halda isə Moskvada Fadeyev dırnağını kəsəndə Bakıda Heydər Hüseynov venasını kəsirdi. Şəxsiyyətə pərəstiş illərində beləydi. Mülayimləşmə dönəmində isə avanqard sənətə qarşı Kreml səviyyəsində savaş gedirdi. Bu mənada sosrealist metodlara arxa çevirən bizim altmışıncılar dalğası ədəbi texnologiyalar baxımından dünya ədəbiyyatı ilə həmahəng idi. (Əslində, altmışıncıların qınandığı indiki məntiqlə yanaşsaq bugünkü dünya ədəbiyyatı da dünya ədəbiyyatının qırxıncı-əllinci illərinin ədəbi vüsətinə uduzur. Dünyada nə yeni Kafka, nə yeni Kamyu, nə yeni Markes, nə yeni Bussati və b. mövcuddur). Və bu da ibrətamizdir ki, bütün bunların nə üçün belə olduğunu yenə də həmin altmışıncıların nümayəndəsi Anar yazdı.

"Yaşamaq haqqı"nda panturanizmin ideya müəllifi macar Vamberi də, panislamizmin qurucusu Seyid Cəmaləddin Əfqani də var, SSRİ-nin dağılmasının səbəbləri kimi göstərdiyi Bzejinski də, Roma Papası II Pavel də, ermənipərəst akademik Saxarov da, yazıçı Soljenitsın də var. Və hər biri Azərbaycana fərdi münasibətləri ilə bu kitabın səhifələri arasındadır.

Anarın baxdığı üslub pəncərəsindən iki Avropa - həm siyasi oyunçu Sarkozinin Parisi, həm də mütəfəkkir Monteskyönün Parisi görünür. Bu baxımdan Anarın Avropaya münasibəti "Avropa mədəniyyətinə bir nəzəri-müvazinə" əsərinin müəllifi İsmayıl bəy Qaspıralının Avropaya münasibəti ilə eyniyyət təşkil edir.

Anarın kitabında nəinki bütöv Azərbaycan, eyni zamanda dünya miqyaslı böyük bir Azərbaycan var. Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə də burdadır, "kosmosun fəth olunması tarixinin ayrılmaz hissəsi" olan Kərim Kərimov da, Tümen neftinin kəsfi ilə SSRİ-ni iqtisadi planda diz çökməkdən xilas edən Fərman Salmanov da, Azərbaycan əsilli Amerika astronavtı Ənuşə Ənsari də.

"Yaşamaq haqqı" Azərbaycanın özəl kitabıdır. Millət anlayışının meydana çıxdığı ilk mətnlərdən - Runik yazılarından başlayan bu kitabın günümüzə qədər toxunmadığı, qapsamadığı milli problem qalmır. Kitab, sanki Orxon-Yenisey sahillərində daşlaşmış Gül-Tiqinə millətimizin başından gəlib-keçmiş min ilin qəzavü-qədərləri barədə hesabatdır. Əfsus ki, biz Gül-Tiqin zamanında unutqan olduğumuz kimi, indi də unutqan millətik. Bundan Gül-Tiqin də inciyib, Anar da inciyir.

Azərbaycanla bağlı çox kitablar yazıla bilər. Hər kəs Vətən tarixini öz versiyasında və kontekstində təqdim edə bilər. Məsələ burasındadır ki, Anar böyük adamdır. Onun yanaşması müstəsnadır. Anar bu kitabı xalqına vəsiyyəti adlandırıb. Düz də edib. "Vəsiyyət - yüngüllükdür". Amma bizim də bu vəsiyyət sahibinə borcumuz var. Bu kitabın timsalında tarixdə ilk dəfə Azərbaycanın tərcümeyi-halı qələmə alınıb. Kitabın baş qəhrəmanı Azərbaycandır. XI yüzildə Mahmud Kaşğarinin tərtib etdiyi "Divani Lüğət-it Türk"dəki xəritə, xəritədəki "Ərazi Azərbadqan", XIII yüzildə Fəzlullah Rəşiddədinin yazdığı məşhur "Cami ət Təvarix"dəki "Azər türkcə yüksəklik, bayqan - böyüklərin, zənginlərin məkanıdır" sözləri. Ən mühüm və qədim bəlgələrdə adıkeçən Azərbaycan Anarın diqqət mərkəzindədir. Kitabda İbn Hişamın "Kitab əl Tican" əsərinə istinadlar da var. Əməvi xəlifəsi Müaviyənin (661-750) Ubeyd bin Sariyaya verdiyi sual və Sariyanın cavabı:

- Azərbaycan haradır?

- Azərbaycan əskidən türklərə aid bir məmləkətdir...

Birində coğrafiyamız ünvanlaşır, digərində məmləkətimizin adının türkcə anlamı ifadə olunub. Başqa birində bu yurdun ən qədim türk yurdlarından biri olduğu təsdiqlənir... İnanıram ki, əsrlər keçəcək, gələcək Azərbaycan da öz cazibədar keçmişi barədə ən etibarlı məlumatları "Yaşamaq haqqı"ndan alacaq. Azərbaycanı üçüncü minilliyə yola salan siyasi içərikli bu kitab bu günün bəlli bir oxucu auditoriyasına deyil, gələcəyə, min ildən sonraya ünvanlanmışdır.

Bu kitabla Anar nəyi gerçəkləşdirir? Tarixmi yazır? Etiraf etməliyik ki, bizim vahid konsepsiyalı vətən tariximiz yoxdur, yazılmayıb. Atatürk demişkən, tarix yazmaq tarix yaratmaq qədər mühümdür. Tarixi yaradanlarımız yaratdı. Amma tarixçilərimiz onu yazmadı. XX yüzildə bir Zəki Vəlidi Toğan mislində tarixçi yetirə bilmədik. Amma kaş ki, yetişəydi. Ümumi türk tarixinə giriş yazan Zəki Vəlidi kimi, o da Ümumi Azərbaycan tarixinə giriş yazaydı, gələn sonrakı nəsillərin fikri, düşüncəsi o konsepsiyanın üstündə gəlişəydi. Amma uzun illər hibrid düşüncəyə meyilli tarixçiliyimizin fəhmini bəd ayaqda, uzaqbaşı etnomədəni simbioz axtarışı məşğul etdi. Azərbaycan tarixinin kələfi çox qarışdırıldı, bir-birini inkar edən fikirlər, fikri təzadlar sarmaş-dolaş edildi. Kəsrəviləşmək, türk olduğunu cığalcasına qəbul etməmək, tarix kitablarını türk təfəkkürü ilə yazmamaq, qədimdə Azərbaycan ərazisində danışılan azəricəni türkcə deyil, şimal-qərbi İran dillərindən biri kimi görmək, bir sözlə, Nuh deyib, peyğəmbər deməmək nəticədə bizə fərqli, mürəkkəb, anlamsız, mahiyyəti zədələnmiş bir Vətən tarixi verdi. Elə bir tarix ki, həm bizimdir, həm də bizdən başqa çoxlarınındır.

Kitabda Zeynalabdin Marağayinin "Səyahətnamə"sindən gətirilmiş bir fraza məni xeyli düşündürdüyü kimi, xeyli də ilginc göründü:

- Sən türksən?

- Bəli, Azərbaycandanam.

Az qala, otuz ildir ki, müstəqilik. Yaxşı ki, müstəqilliyimizin ilk böyük abidəsi adlandırılmağı haqq edən "Yaşamaq haqqı" Azərbaycanın yaşamaq haqqını ümumi türk tarixinin dil birliyindən daha vacib olan milli birlik anlayışı üzərində qurub.

Bu günə qədər yazdıqlarıyla Azərbaycandan görünən bir Anar var idi...

"Yaşamaq haqqı" isə Anardan görünən Azərbaycandır.

1 iyul 2020

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!