Əbədi hikmət axtarıcısı... - Professor Seyyid Hüseyn Nasrın fikirləri Cəlal Bəydilinin təqdimatında

 

"Fikrən səyahət elədiyim bir yerdə kökü İlahi Həqiqətdə olan fəlsəfəyə tuş gəldimsə, özümü orada evdəki kimi hiss etdim... İlahi olan hara varsa, ora mənəvi yurdumdur".

S.H.Nasr

Prof. Seyyid Hüseyn Nasr (1933, Tehran) - müasir dövrün nəhəng zəka sahiblərindən biri, İslam aləminin bənzərsiz intellektualı, İslam fəlsəfəsi, irfan və elm tarixinin böyük bilicisi, həm Şərqdə, həm Qərbdə eyni dərəcədə tanınan mütəfəkkir, çağdaş İslam dünyasının "haqq bağıran səsi"... Qərbin modernist düşüncə tərzini ən çox və ən kəskin tənqidə məruz qoyanların ön sıralarındadır. Gözəlliyi daim Həqiqətin ayrılmaz parçası bilibdir... Hansı cəmiyyətin öz Hüseyn Nasrı var, doğrudan bəxtiyardır...

Adı ənənəçiliyin ən ünlü simalarıyla bir yerdə ehtiramla çəkilir. Elm və islam, ənənə və modernlik mövzularında silsilə əsərləriylə İslam düşüncəsinin yenidən qavranılmasına misilsiz töhfələr veribdir. "İslam sənəti və mənəviyyatı", "İslam: ideallar və gerçəklər", "İslamın qəlbi", "İslam və elm", "Qərb fəlsəfələri və islam", "Təbiət nizamı və din", "Modern dünyada ənənəvi islam", "İslam kosmoloji təlimlərinə giriş", "Molla Sədra və ilahi hikmət", "Yol şeirləri" "Təsəvvüfi məqalələr", "Əbədi hikmət ardınca" və b. adda 40-dan çox kitabın, yüzlərlə məqalənin müəllifidir.

İnsanın Allaha yaxınlaşdıqca azad ola biləcəyini dilə gətirən Nasrın fikrincə, ənənənin əsrlər boyu qəlbində yaşatdığı "hikmət" modern insan üçün tam mənada bir "itik"dir. İnsan oğlu Allah'ın ona verdiyi əmanətə xəyanət edib, sahib olduğu elmi biliyi Rəbbinin rizasına uyğun istifadə yerinə, təbiəti istismara sərf eləmişdir... Müasir dünyadakı bütün sosial və ekoloji böhranlar Qərb elmlərinin sırf dünyəvi (sekulyar) xarakteri üzündəndir; Modern dünyanın güclü cazibəsinə müqavimət göstərə bilmək olduqca çətindir, çünki bu yaşam tərzi nəfsin ehtiras və üsyankar ünsürlərinə xitab etməkdədir; Dünyadakı bütün ekoloji böhranların altında mənəvi böhranlar yatır... Müasir sivilizasiya Renessansdan bu yana Qərbdə gəlişdiyi şəkliylə uğursuzluğa düçar olmuş bir sınaqdır... Renessansla birlikdə, Avropa insanı iman çağı cənnətini itiribdir... Modernist dünyagörüşü də bəşəriyyətin on min illər ərzində topladığı təcrübəyə və insan-təbiət münasibətlərinin başlıca prinsiplərinə ziddir.

İslamiyyətin insanı xoşbəxtliyə aparan əsl qaynaq olduğunu ifadə edərkən Nasr onu da vurğulayır ki, "İslamiyyət modernizmə qoşulmamış və bir ateistlər ordusu ortaya qoymamışdır"...

Nasr dünyanı modernizm adı altında sel kimi önünə qatmış sekulyar dəyərlərə qarşı ənənənin zəngin düşüncə xəzinələrinə aparan bütün yolları göstərir...

Cəlal BƏYDİLİ

NASR deyir ki...

Düşünən kəs üçün gözəllik Əbədi Olana açılan bir qapıdır...

***

Allah Öz Gözəlliyini seyr etmək üçün Kainatı yaratmışdır.

***

Dəyişməz olan Tanrı eyni zamanda dəyişən hər şeyin qaynağıdır...

***

İnsan təbiətdəki ahəngi və gözəlliyi öz zəifliyinin fərqinə vararaq Yaradıcının Hikməti qarşısında boyun əyməklə kəşf edə bilər.

***

Bütün mövcudat Allahın Rəhman adından nəşət etmiş, bütün surələr də yenə bu adla başlamışdır. Bu adlar Allahın rəhmətiylə əlaqəlidir.

***

...Bilginin ən üstün dərəcəsi Allahı idrakdır. Allahı dərkin isə imandan başqa yolu yoxdu, mümkün də deyil. O üzdən imanın qüvvətləndirilməsi önəmlidir. Bu isə Allah qorxusu insanın içinə sindirilmədikcə qeyri-mümkündür.

***

Qəlblərimiz Allahı zikr etməklə aydınlanır. O-nu zikr etdiyimiz zaman O da bizi zikr edər. İslam Allahı zikretmə elmidir. İslam Allahı bilmək elmidir. Ən böyük günah Allahı bilməmək, O-ndan qəflət, yəni O-nu unutmaqdır.

***

İnsan ancaq Allahın işığında özünü bilə bilər.

***

Qəlb gözü ki bircə dəfə örtüldü, daha insan haqda əsl bilgiyə yetmək mümkün deyil.

***

Quran kimi müqəddəs kitablar insan ruhunun tarixiylə doludur.

***

Allah ilə barışıq olmadığı müddətcə insan özüylə barışıq ola bilməz və özüylə barışıq olmadığı müddətcə də təbiətlə barışıq ola bilməz.

***

İnsanın təbiətə hökm etmək haqqına sahib olması ilahi surətdə yaradılmış olmağından qaynaqlanmaqdadır.

***

Azad bir adam üçün təbiətin gözəlliklərini və Allahın sonsuz elmini və ucalığını düşünməkdən daha dəyərli heç nə ola bilməz...

***

İradəni Allaha təslim edə bilmək həyatın kədər və müsibətlərini belə şirin qalibiyyətə çevirir.

***

İslam sözü ərəbcə həm təslimiyyət, həm də barış anlamındadır. Bütün yaradılmışlar bir mənada müsəlmandırlar, yəni təbiətləri etibarilə O'na təslim olmuşlar ve azad iradələri olmadığından üsyan edə bilməzlər. Quran vəhyi müstəvisində İslam sözü yalnız Peyğəmbərin gətirdiyi din anlamında, yaxud yaradılmışların Allaha təslimiyyəti anlamında işlənməyib, ümumən hər hansı dini kontekstdə Allaha təslimiyyət anlamına gəlir. Bu üzdən sami təktanrıçılığının atası Həzrət İbrahim Quranda müsəlman olaraq anılmışdır.

***

Kainat insanla danışır. Dinin özüylə eyni qaynaqdan gələn bir ayətdir kainat.

***

Müsəlmanlar sərhədləri Quran sədasıyla cızılmış bir yerdə yaşarlar...

***

İslamın nə bahasına olur olsun qaçdığı da məhz prometeyçi, yaxud mövcudat silsiləsini qırıb Tanrıdan və dünyadan asılı olmadığını bəyan edən üsyankar insan düşüncəsidir.

***

Həm təbiət, həm Quran Allahın təcəllisinə və O-na ibadətə işarət edir.

***

Təbiətlə barışıq olmağın mənəvi nizamla barışıq olmağa bağlı olduğunu kimsə anlamaq istəmir...

***

Mömin insan Allahı Batin olaraq görür. Ruh dünyasına büsbütün laqeyd olan dünyəvi insanın isə gördüyü ancaq Zahirdir.

***

Müsəlman böyük şəhər və qəsəbələr abadlaşdırmış olsa belə, özünü qanun və ahənginə sayğı duyduğu təbiətin qoruyucusu bilmişdir.

***

Quranda vurğulanan bir digər cəhət - Ağlın göstəricisi olaraq insan məntiqidir. Məntiq sağlam və tarazlıqlı olduğu zaman insanı təbii şəkildə Allahı inkardan çox Tövhidə yönləndirir; yalnız arzular onun tarazlığını pozub görüş dairəsini məhdudlaşdıranda yanılda bilər. Yəni məntiq kənar güclər tərəfindən əngəllənmədikcə insanı, modern anlamıyla, insan məntiqini aşan hər şeyi rədd etməyə bərabər rasionalizmə yuvarlatmaz, əksinə, tövhidə aparan bir vasitə olur.

***

Quranla elm Quranın bu və ya digər ayətini, çox keçmədən dəbdən düşəcək hansı isə elmi kəşflə çox da bəsit biçimdə qarşılaşdırılaraq uzlaşdırıla bilməz!..

***

Tanrı işığını öz içlərində görənlər onun təbiət aləmində də əks etdiyini görürlər.

***

Yalnız məna göyündə bir ulduz olmağa çalışmaqla insan dünya ilə ahəng içində yaşaya bilər.

***

Əgər görmənin anlamını cismani gözün gördüyünün fövqünə çıxarsaq, görmək - inanmaqdır.

***

İnsanlar bir milyon il öncə də ölülərini gömür və Gözəgörünməz Dünyaya inanırdılar.

***

Modern insan heyrət duyğusunu itirmiştir; bu, müqəddəslik duyğusunu itirmiş olmağının nəticəsidir. Bu itki elə bir həddədir ki, müasir insan ağlın sirrinin necə möcüzəvi olduğundan xəbərsizdir.

***

Bu dünyada ifrat rəqabət sürəkli mücadiləyə, mənəviyyat əskikliyi isə dərin sosial-mənəvi yaralara yol açmışdır.

***

Əslində, XX əsrdən sonra dinin zorbalığın başlıca qaynağı olduğu iddiasını kimsə irəli sürməməlidir. Rusiyadan Almaniyaya qədər on milyonlarla insan kommunizm, nasizm və faşizm tərəfindən öldürüldükdən sonra bunu necə söyləmək olar? Stalinin qətliamları, Amerikanın Osaka ve Hirosima ilə Drezdeni bombalamağı, almanların Polşadaki insanları öldürmələri... Bütün bunların yanında din savaşları heç nədir.

***

Bu gün dünyanın yaşadığı iqtisadi böhranın üzərini azca qazısaq, mədəniyyətin mərkəzindəki insan tipinəcən gedib çıxarıq... Yaşadığımız ekoloji böhrandan əxlaqi dəyərlərin aşınmağına və iqtisadi böhranlaracan bütün sıxıntıların qaynağı buradadır.

***

Gözəlliyin çirkinliyə, ahəngin nizamsızlığa necə hakim olduğunu görmək üçün mizanı insan əliylə pozulmamış təbiət aləmini seyrə dalmaq yetər.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!