Solmaz İBRAHİMOVA: “Atam heç vaxt kimliyini unutmadı...”

"Varislər"in bugünkü qonağı XX əsr Azərbaycan nəsrinin məşhur siması, Xalq yazıçısı, ictimai xadim, akademik, Sosialist əməyi qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı Mirzə İbrahimovun varisi, tanınmış ədəbiyyat adamı, tərcüməçi, "Literaturnıy Azerbaydjan" jurnalının baş redaktoru Solmaz xanım İbrahimovadır.

 

1911-ci ildə Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığında, Evə kəndində dünyaya göz açmışdı. İranın bir tərəfində hakim sinfə yaxın insanlar heç bir çətinlik bilmədən sövq-səfa içində ömür sürür, başqa tərəfində bir qarın çörək uğrunda savaş gedirdi.

O, azad, böyük və bütöv Azərbaycanda yaşamaq istəyirdi və bu səadət ona bir də 71 ildən sonra nəsib oldu. Mirzə İbrahimov 82 yaşında gözlərini əbədi yumanda müstəqil Azərbaycan Respublikasının vətəndaşı idi...

Xalq yazıçısı Mirzə İbrahimovun varisi Solmaz xanım İbrahimova ilə AYB-də görüşdük.

- O vaxt Təbriz Şərqin ən böyük ticarət mərkəzlərindən biri idi. Atası Əjdər kişi nəyə görə ailəsi ilə Təbrizə, yaxud Tehrana yox, məhz Bakıya köçmüşdü?

Səfalətdən qurtulmaq üçün...

- O vaxt Cənubi Azərbaycandan Bakıya xeyli ailə köçmək məcburiyyətində qalmışdı. İranda kasıb əhalinin həyat şəraiti olduqca ağır idi. Şəfaət Mehdiyevin, Mir Cəlalın da ailəsi həmin dövrdə gəlib Bakıya. Bakı neftinin səsi bütün dünyaya yayılmışdı və burada heç olmasa adi fəhlə kimi iş tapmaq olurdu. Məhz həmin illərdə Ərdəbildən, Sərabdan, Urmiyədən, digər Cənubi Azərbaycan şəhərlərindən Bakıya köçlər başlamışdı. Burada insanlar bir qarın çörəkpulu qazanmaq müqabilində ağır şəraitdə işləyirdilər. Bakı elə ilk vaxtlardan onları böyük itkilərlə sınağa çəkib, 3 yaşı olanda Sərabda anasını, 7 yaşında Bakıda atasını itirib.

- Az sonra Azərbaycanda sovet hakimiyyəti quruldu və o, XX əsr Azərbaycan ədəbiyyatının simalarından birinə çevrildi. Sovet hakimiyyəti ona hər şeyi vermişdi. Bir ədəbiyyat adamının öz ölkəsində qazana biləcəyi nüfuz və hörmət sahibiydi. Keçmişdəki ağır və çətin günlərini xatırlayırdımı?

Heç vaxt kimliyini unutmadı

- Atam heç vaxt kimliyini unutmadı. Hansı vəzifədə olursa-olsun, nə qədər hörmət və nüfuz qazanırsa-qazansın, heç vaxt insanlar arasında ayrı-seçkilik salmadı. Onun üçün hər hansısa vəzifə adamı ilə adi bağban arasında fərq yox idi. O, insanlarda dürstlük, səmimiyyət, vicdan, səxavət kimi keyfiyyətlərə üstünlük verirdi. Bağbanımızla dostluq edirdi, ona qoşulub torpağı şumlayırdı, ağacları budayırdı. Mənə elə gəlir ki, indi elə adamlar çox azdır. Biri vəzifəyə gələn kimi özündən vəzifəcə aşağı insanlara yuxarıdan aşağı baxır. Mirzə İbrahimov çox sadə adam idi. Gözəl ata idi, əvəzsiz baba idi, unudulmaz dost idi.

- O, ədəbiyyata şeirlə gəlmişdi. Səhv etmirəmsə, "Qazılan buruq" adlı ilk şeiri 1930-cu ildə "Aprel alovları" məcmuəsində dərc olunmuşdu, amma, məncə, onun şeirlər kitabı yoxdur. Bəlkə, onun şeirlərini bir kitaba toplamağın vaxtı çatıb?

Ömrünün son illərində yenə şeir yazmağa başladı

- Bəli, şeirlər kitabı yoxdur. Qəribədir, gənclik illərində, yaradıcılığa başladığı ilk vaxtlarda şeir yazmışdı, bir də ömrünün son illərində silsilə şeirlər yazdı və o şeirlər "Ulduz" jurnalında, "Ədəbiyyat qəzeti"ndə çap olundu. O ki qaldı şeirlərini bir kitaba toplamağa, bu barədə qərar verməyə çətinlik çəkirəm, çünki atam şeir kitabının çap olunmasını istəsəydi buna özü qərar verə bilərdi, məncə, belə bir şeyə ehtiyac duymayıb.

Anam Sara xanımın vəfatı atama pis təsir etdi. Onun ölümünə bir neçə ağrı, həsrət dolu şeir yazmışdı və bacım, bəstəkar Sevda İbrahimova onun "Apardı sellər Saranı" adlı şeirinə lirik mahnı bəstələmişdi. Mən indi də həmin mahnını tez-tez dinləyirəm.

- Yüksək tirajla kitablarının çapı artıq gözəl yaşamaq, maddi cəhətdən təmin olunmaq demək idi. Üstəlik, vəzifə maaşları, deputat müavinətləri, ali orden və medallara görə ödəmələr, dövlət mükafatları və s. Bütün bunlar deyir ki, Mirzə İbrahimov kasıb adam olmayıb. Müəyyən qədər yaşlı yazıçılarımız var, indi də Mirzə İbrahimovun ehtiyacı olan qələm adamına maddi yardım göstərdiyini, gənc yazarların evlə təmin olunmasına kömək etdiyini söyləyir...

- Bilirsiniz, evdə bu barədə qətiyyən danışmazdı, belə məlumatları sizin kimi müəyyən adamlardan eşitmişəm. Amma dəqiq bilirdim, Ali Sovetdən aldığı maaş xeyli yüksək idi və həmin pulu qəpiyinə qədər uşaq evinə köçürürdü. Bizi çox ciddi böyüdürdü, təsəvvür edirsinizmi, gəlin köçənə qədər qulaqlarım sırğa görməyib, yalnız o ərəfədə qulaqlarımı deşdirmişəm, çünki buna ehtiyac duymurduq. Xüsusi olaraq seçilməyimizin, təmtəraqlı həyat yaşamağımızın əleyhinə idi və heç biz də buna həvəs göstərmirdik. Onun yerində kim olsaydı, bəlkə də, başqa cür yaşayardı. Tez-tez xarici səfərlərə gedirdi, ən gözəl, bahalı paltarları geyməyə imkanımız vardı, amma deyirdi ki, insanı geydiyi paltar yox, ağlı və əxlaqı zəngin göstərir. Bir dəfə Tailanddan mənə saat gətirmişdi, hələ də saxlayıram. Evdə qoluma taxıb gəzirdim...

Qonşunu köçürüb evini öz evinə birləşdirdi

- Solmaz xanım, eşitdiyimə görə, o, Azərbaycan SSR Ali Sovetinin sədri olanda tanınmış bir yazıçını evindən köçürüb, onun evini də öz evinə, yəni sizin böyüdüyünüz evə birləşdirib. Bu, nə məsələ idi?

- Bəli, belə bir şey olub, amma halallıqla, qarşılıqlı razılıqla olub. Dediyiniz həmin o məşhur yazıçı da ədəbiyyatşünas, şair Mikayıl Rəfilidir. Bizdə də üç otaq idi, onlarda da. Eyni quruluşlu mənzillər. Ömürlərinin sonuna qədər aralarında səmimi dostluq münasibəti olub. Atama çox yaxşı, bütün şəraiti olan mənzil təklif etdilər, anam isə buna razı olmur, deyir bura gəlin gəlmişəm, burdan da son mənzilimə gedəcəyəm. Həmin ərəfədə Səməd Vurğuna indi ev-muzeyi olan geniş mənzil verilir, bax həmin mənzil əvvəlcə atama təklif olunub. Dediyim kimi, anam razılıq verməyib və Səməd Vurğun həmin mənzilə köçüb. Səməd əminin boşaltdığı evə Rəfili köçüb və beləcə, qarşılıqlı razılıq şəraitində Rəfilinin evini atama veriblər. Yəni bu məsələdə qətiyyən narazılıq olmayıb.

Dil məsələsi onun ən həssas yeri idi

- Mirzə İbrahimov Azərbaycan dilinin təəssübkeşi idi və Azərbaycan SSR Konstitusiyasında dövlət dilimizin Azərbaycan dili kimi qeyd olunması ilə bağlı maddənin əlavə edilməsini israrla təklif və tələb etmişdi. O vaxta qədər dövlətin ana yasasında dövlət dili rus dili kimi göstərilirdi. Üstəlik, respublikada fəaliyyət göstərən rus, erməni və gürcü məktəblərində Azərbaycan dilinin tədris olunması ilə bağlı maddə də məhz onun təşəbbüsü ilə ali qanuna daxil edilmişdi. Onun 1956-cı ildə yazdığı "Azərbaycan dili dövlət idarələrində" adlı məqaləsi ölkədə geniş rezonans doğurmuşdu... Sovet dövründə bu, böyük cəsarət tələb edirdi.

- Əlbəttə, cəsarət, həm də məsuliyyət tələb edirdi. Təsəvvür edin ki, ölkə Stalinin qanlı rejimindən yeni qurtulub, lakin bu dəfə də Xruşşovun ruslaşdırma siyasəti baş alıb gedir. Bütün idarələrdə ancaq rus dili işlənir və təbii ki, nə atam, nə də onun  kimi düşünən əksər ziyalılarımız, elm xadimlərimiz, hətta milli əqidəsi olan dövlət adamlarımız da bu məsələyə biganə qala bilməzdilər. Atam Ali Sovetin sədri kimi maddənin Konstitusiyaya daxil edilməsinə nail oldu və az sonra onu vəzifəsindən kənarlaşdırdılar. Amma artıq məsələ həll olunmuşdu və o, vəzifədən getməyinə təəssüf etmirdi. Məncə, bunu o dövrdə həmin maddənin qanuna əlavə edilməsinə nail olmuş adamların qələbəsi hesab etmək olar. Dil məsələsi onun ən həssas yeri idi...                        

Qorbaçovu birtərəfli mövqeyinə görə ittiham etdi

- Mirzə İbrahimov ömrünün son illərində yenidən qəhrəman kimi gündəmə gəldi. 1988-ci ildə ermənilərin Qarabağla bağlı iddiaları ortaya çıxanda o, Moskvada, Qurultaylar sarayında SSRİ prezidenti M.Qorbaçovun rəhbərliyi ilə keçirilən iclasların birində söz alaraq tribunaya çıxdı və ermənilərin cəfəng iddialarını avatüra adlandırdı, onları Allah tərəfindən ağlı alınmış toplum kimi təqdim etdi və SSRİ rəhbərliyini azərbaycanlılara qarşı qərəzli mövqe tutmaqda günahlandırdı. Sovet hökuməti ona hər şey vermişdi, qorxmurdu ki, ömrünün ahıl çağında bu hökumət ona verdiyi hər şeyi əlindən alar?

- Məncə, bundan ehtiyat edən, yaxud qorxan adam çıxıb o tribunada belə çıxış etməzdi. O, vətənpərvər adam idi, bu öz yerində, həm də humanist adam idi, əzilən, əzab çəkən insanların qayğısına qalırdı, insan haqlarını müdafiə edirdi. Hər zaman haqqın tərəfində dayanırdı və əgər ermənilərin zərrə qədər haqlı olduğunu güman etsəydi, bəlkə də ya elə çıxış etməz, ya da başqa notlarda danışardı. Amma o, ermənilərn Qarabağda məskunlaşmasının tarixini yaxşı bilirdi. Bilirdi ki, Qarabağda ermənilərə kifayət qədər güzəştlər edilib, onların sosial, mədəni, dini problemləri, təhsil məsələləri dövlət səviyyəsində həll olunub və bundan artığını istəmək, özünün dediyi kimi, həyasızlıqdan başqa bir şey deyil. Atam tribunadan başda o zalda olan ermənilərə və onlara havadarlıq edən SSRİ rəhbərliyinə haqsız olduqlarını çatdırmaq istəyirdi və bu çıxış Qorbaçovu silkələmişdi, onun çıxışı ilə bağlı Azərbaycanın o vaxtkı rəhbəri Vəzirova şikayət etmişdi.  

- Mirzə İbrahimovun xalq, dil, vətən sevgisi haqqında danışdıq, bəs evdə necə idi? Uşaq evinə yardım edirdi, ehtiyacı olan qələm adamlarına əl tuturdu, bu öz yerində, bəs sizə, yəni ailəsinə nə verə bildi? Bəs nəyi vermədi?

Onunla qürur duyuram

- Mən hər zaman onun həyat tərzi, rəftarı, davranışı, tərbiyəsi haqqında özümə hesabat verirəm və həmişə də eyni qənaətə gəlirəm: o, çox gözəl həyat yoldaşı idi, əvəzolunmaz ata idi, sevimli baba idi. Bilirsiniz də qonşularımız çox tanınmış elm, mədəniyyət, incəsənət xadimləri idi: Bülbül, Ordubadi, Mirqasımov, Sabsay, Süleyman Rüstəm, Ağasadıq Gəraybəyli... Bir qonşu kimi də hamı onun xətrini istəyir, hörmətini saxlayırdı. Yəni o qədər müsbət keyfiyyətləri vardı ki, atam olduğuna görə onunla qürur duyuram. Yazıçı, tanınmış adam olmasaydı belə, atam olması mənə bəs edərdi.

- Solmaz xanım, ailədə üç uşaq olmusunuz: Sevda xanım, Aydın müəllim və siz. Amma mən bilən, onun bir qızı da olub axı...

Nikahdan kənar qız

- Hə, anama qədər yaşadığı qadın olub həyatında... Rusiyada oxuduğu vaxtlar baş verib bu məsələ. Amma atam o qızı heç vaxt sahibsiz saxlamadı. Biz onu bacı kimi qəbul etmişdik. O qız - Zamira İbrahimova gördüyünüz kimi, atamın soyadını daşıdı və atam hər zaman ona qayğı göstərdi. O qız uzun müddət "Ədəbiyyat və incəsənət" qəzetinin Moskvadakı xüsusi müxbiri olmuşdu. Sonra "Oqonyok" jurnalının əməkdaşı oldu. Artıq səksəndən çox yaşı var, Novosibirskdə yaşayır. İndi də əlaqəmiz var, zəngləşirik.

- Bəs onun akademik olması nə məsələ idi? Yəni yazıçı, Ali Sovetin sədri, filan qədər adlar, titullar azlıq edir ki, üstəlik, akademik də olur? Məncə, bu, quruluşun öz sadiq adamına hər şeyi vermək səxavətinin göstəricisidir.

- Məncə, siz bu sualın cavabını özünüz də yaxşı bilirsiniz. Çünki atam haqqında çox şeyi bildiyinizi hiss edirəm. Yəqin, onu da bilirsiniz ki, atam 1935-1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb, Cəlil Məmmədquluzadənin həyatı və fəaliyyəti haqqında "Böyük demokrat" adlı kitab yazıb və həmin kitab sonradan namizədlik dissertasiyası kimi qəbul edilib. Daha sonra elmlər doktoru adı alıb və 1945-ci ildə, 34 yaşında Azərbaycan Elmlər Akademiyası təsis ediləndə seçilən ilk 15 akademikdən biri olub. Mənə elə gəlir ki, onun ilk akademiklərdən biri olmasını münasib biliblər, çünki özü vəzifə, mənsəb həvəskarı deyildi, onu belə mühüm işlərə özləri irəli çəkirdilər. Onun bu keyfiyyətlərini özümdə də hiss edirəm: mən də vəzifə, şöhrət həvəskarı deyiləm. Daha çox azadlığı sevirəm.

- Onun Yazıçılar Birliyinin sədri olduğu dövrləri necə xatırlayırsınız? O illərdən xüsusi olaraq xatirinizdə nə qalıb? Yazıçılar Birliyi sədrinin qızı olmaq necə idi?

Yazıçılar Birliyi sədrinin qızı

- Xatırlayıram. Əlbəttə, balaca idim. 5-6 yaşım olardı. Burada bir rus qadın işləyirdi - Şura xala. Məni özü ilə gətirirdi işə, otururdum Şura xalanın yanında. İlk dəfə qarabaşağı da həmin o Şura yedirdib mənə. Amma sədr qızı olmaq mənə heç nə demirdi, elə qeyri-adi bir şey hiss eləmirdim. Evimiz yaxınlıqda idi, piyada 2-3 dəqiqəlik yol. Eyvanımızdan baxanda atamın iş otağının eyvanını görmək olardı bəlkə də.

- (Zarafatla) Belə sədrlik doğru deyil. Sədr işə gələndə saatlarla tıxacda qalmalıdır. Yoxsa evdən 2 dəqiqəlik yol... Olmadı ki...

Tarqovıdan Filarmoniyaya qədər olan Bakı

- (Gülür) O vaxt Bakı balaca şəhər idi. Demək olar, elə Tarqovıdan Filarmoniyaya qədər... Şəhər bununla bitirdi. İçərişəhər - ora başqa aləm idi. Ətrafdakı köhnə məhəllələr isə Bakının koloritini qoruyub saxlayrdı. O vaxtlar Bakı sevgiyə, səmimiyyətə köklənmişdi. Tramvay, trolleybus... Bunlar şəhəri şəhər edən atributlardır. Təbii, Bakı zamanla ayaqlaşmalıdır, böyüməli, inkişaf etməlidir, amma bizim üçün həm də bir az ağırdır. Axı o Bakıda bizim uşaqlığımız, gəncliyimiz, ilk sevgimiz qalıb.

- Son iyirmi ildə (mən də daxil olmaqla) gənclər birmənalı şəkildə keçmişin üstündən xətt çəkməyə meyilləndilər. Əksəriyyət, hətta XX əsr sovet ədəbiyyatını mənasız ideoloji makulatura adlandırdı. Atanız o ədəbiyyatın ən üzdə olan nümayəndəsi idi. Siz bu münasibəti necə qəbul edirdiniz?

Atalar və oğullar...

- Çox normal. Bütün dövrlərdə atalar və oğullar problemi olub, olacaq. Mən də sizə bir sual verim: iyirmi il əvvəl o fikirdə olan gənclərdən biri kimi, siz indi də eyni düşüncədəsiniz?

- Əslində, bu gün ancaq sual vermək istəyirəm, amma buna münasibət bildirəcəyəm. Xeyr, zaman keçdikcə təzə gələn nəslin də bizi qəbul etmədiyini görürəm və mən də bunu artıq sizin kimi soyuqqanlıqla qarşılayıram. Çünki başa düşürəm, XX əsr ədəbiyyatı olmasaydı, Rüstəm kişilərin, yastı salmanların, lal hüseynlərin obrazı yaranmasaydı, müstəqillik dövrü ədəbiyyatı xeyli geri düşərdi, çünki bu ədəbiyyat Azərbaycan ədəbi dilini qorumağa görvəli idi. Ədəbi janrların, cərəyanların ələnməsi prosesi məhz XX əsr ədəbiyyatının payına düşür. Son dövrlərdə hay-küylə gələn yüzlərlə imzadan bir-ikisi ədəbiyyatın sərt sınaqlarından çıxa bildi və meydanda yalnız istedadlılar qaldı.

- Bilirsiniz ki, uzun illərdi Yazıçılar Birliyində işləyirəm və son 11-12 ilim də öz ənənəsi olan "Literaturnıy Azerbaydjan" jurnalının baş redaktoru olmaqla keçib. Tərcümə olsa da, müxtəlif yazılar gəlir redaksiyaya və redaktor kimi onları oxuyuram. Yad süjetlər, yad atmosfer, gerçək olmayan obrazlar... Bu, həmin müəlliflərin milli ədəbiyyatdan xəbərsiz olduqlarını göstərir. Gənclər folklor oxumalıdır, çünki dili formalaşdıran yeganə baza folklordur. Qatar gedir, heç nəyi geri qaytarmaq mümkün deyil, sadəcə, bəlkə başqa bir forma tapılacaq və hər şey öz yerini alacaq. Zaman ən böyük hakimdir. Bir yeməyi bəyənməmək üçün onun dadına baxmalısan. Bir dövrün ədəbiyyatını bəyənmirsənsə, mütləq onun müəyyən hissəsindən xəbərin olmalıdır, əks halda bu, avantüradır.

- Atanızın hansı əsəri sizin üçün daha doğmadır?

- Atam özü doğma olduğu üçün onun bütün əsərləri doğmadır mənə, amma yetmişinci illərdə qələmə aldığı "Kəndçi qızı", "Yaxşı adam" komediyalarını daha çox istəyirəm. Bu əsərlərdə öz yaradıcılığına xas dramatizmdən kənara çıxırdı və istedadının başqa çalarlarını təqdim edə bilirdi. Amma "Gələcək gün", "Böyük dayaq", "Pərvanə" romanlarını da sevərək oxumuşam.

Onun pulunu sayaraq ədəbiyyata gəlmişəm

- Sizə bir etiraf edəcəyəm. Mənim ədəbiyyata gəlməyimə stimul verən bir amil olub. Təbii, adam yazır, gələcək barədə xəyallar qurur... 1984-cü ildə M.İbrahimovun "Pərvanə" romanı yenidən çap olunmuşdu, sovet pulu ilə 2 manat 30 qəpik qiyməti və 200 min tiraj. Bunun xeyli qonorarı vardı və açığını deyim ki, mən Mirzə İbrahimovun pulunu sayaraq ədəbiyyata gəlmişəm.

- (Ürəkdən gülür) Lap yaxşı eləmisiniz, çünki onun qonorarının böyük hissəsi xeyriyyəçiliyə sərf olunurdu, özü də anonim xeyriyyəçiliyə. Biz bunu bilmirdik. O, dünyasını dəyişdikdən sonra bir neçə nəfər bacıma yaxınlaşıb demişdi ki, biz də öz atamızı itirdik. Sən demə, onlarca ailəyə, tələbəyə yardım edirmiş. Bir də ki, zəhmətlə, istedadla qazanılan hər şey hörmətə layiqdir. "Pərvanə" romanı qalın kitabdır, üzərində illərin zəhməti var, əgər sən bu həvəslə ədəbiyyata gəlmisənsə, bunu normal qəbul eləmək lazımdır, axı yaradıcı adamın başqa qazanc yeri yoxdur...

Məşhur tarzənin kürəkəni

- Sara xanımla münasibətləri necə idi? Atanızın həyatında başqa bir qadın olmuşdu, ananız bunu necə qəbul edirdi? Sevirdilərmi bir-birlərini? Məşhur tarzən Qurban Pirimovun qızını harada görmüşdü? Ailədə kimin sözü keçirdi?

- Onlar bir-birləri üçün yaranmışdı. O qadın məsələsi də unudulmuş mövzu idi, sadəcə, qızın varlığı ailədə qəbul olunmuşdu, vəssalam. Anam bu barədə atamın üzünə heç vaxt heç nə vurmadı. Can deyib-can eşidirdilər. Onların məktublaşmaları var, çox böyük maraqla qarşılandı, saytlarda getmişdi. Son dərəcə səmimi, saf hisslər. 1936-37-ci illərdə anam konservatoriyada oxuyarkən atam onu görüb sevmişdi. Babam Qurban Pirimov dövrünün tanınmış musiqiçisi idi, atam tez-tez filarmoniyadakı tədbirlərə gedirdi və anamla orada qarşılaşmışdı. Aralarında çox böyük sevgi olub və bu hisslər ömürlərinin sonuna qədər dəyişmədən qaldı. Kimin sözü keçirdi?! Biz belə şeylərdi görmür, eşitmirdik. Hər şeyi öz aralarında həll edirdilər, bəlkə küsülü vaxtları da olub, amma bizə hiss etdirməyiblər. Üzeyir bəylə isə ata-oğul kimi, S.Vurğun, R.Rza, S.Rəhmanla çox yaxın dostluq münasibəti olub. Anam konservatoriyanı bitirən ilk Azərbaycan qadınlarından biridir. Çox ciddi qadın idi. Səməd əmi atamın ailə qurmasını istəyirdi, subay qalmağının səbəbini soruşub, atam da ancaq anamla evlənmək istədiyini bildirib. Belədə Səməd əmi bir gün anama: "Sara bacı, sən niyə Mirzəni bu qədər incidirsən?" - deyib. Anam susub, gülümsəyib. Sonra da münasibətləri yaranıb və ailə həyatı qurublar.

Hökumətin verdiyi evi geri qaytardı

- Anam 1983-cü ildə, atamdan 10 il əvvəl dünyasını dəyişdi və bu, atama çox pis təsir etdi. O vaxt Bakı Univermağının üstündə ona 4 otaqlı, eyvanı birbaşa bulvara baxan mənzil verdilər. Bir neçə il bacım Sevdanın oğlu ilə orada yaşadı, sonra köhnə evimizə qayıtmaq istədi və həmin evi yenidən hökumətə qaytardı, amma istəsəydi saxlaya bilərdi. Kim olsaydı saxlayardı, o isə bunu etmədi. Məncə, hər şeydən çox adının saflığını qorumağa çalışırdı.

- Solmaz xanım, uzun illər Yazıçılar Birliyində işləsəniz də, AYB-yə çox gec üzv olmusunuz. Bu nə məsələdir?

- Hə, 1968-ci ildən AYB-də işləyirəm, elə "Literaturnıy Azerbaydjan" jurnalında işə başlamışam. 2009-cu ildə jurnalın baş redaktoru Mansur Vəkilov dünyasını dəyişdi. Mən redaktor müavini idim. Sədrimiz Anar məni yanına çağırıb, baş redaktor keçməyimi təklif etdi, sonra da Fikrət Qoca təkid etdi. Razılaşmırdım, çünki məsuliyyətdən qaçmaq istəyirdim. Bəhanə gətirdim ki, Birliyin üzvü deyiləm, Anar da, Fikrət Qoca da heyrətləndi. Təxminən 40 il sonra məni birliyə üzv qəbul edib, jurnala baş redaktor keçirtdilər. Yəni yuxarıda dediyim kimi, heç vaxt vəzifə, şöhrət arxasınca qaçmamışam, vaxtı çatanda, məsləhət bilinəndə hər şey özü yoluna düşür.

- Onun son günlərini necə xatırlayırsınız? Nə oldu ona? Eşitdiyimə görə, ölümündən bir müddət əvvəl yıxılıb, omba sümüyünü sındırmışdı.

Məncə, bu, anamın ruhu idi...

- Hə... yaşlı adam idi, yıxılmışdı və o yaşda sümüklərin birləşməsi çətin olur. Əməliyyat olundu, uzun zaman müalicə aldı və bu müalicə ona həm də əks-təsir göstərdi. Böyrəkləri sıradan çıxdı. Ömrünün son günlərini mənim evimdə keçirtdi. Sonradan, hətta məni qınayanlar da oldu ki, nahaq onu əməliyyat etdirmişəm, amma atamdır, ağrıyır və mən onun ağrılarına dözə bilmirəm. Əlimdən nə gəlirsə, onun üçün etmək istəyirəm. Bu mənim borcumdur. Ən sonuncu ümidi də sınaqdan keçirmək lazımdır, adam fikirləşir ki, bəlkə hər şey yaxşı olacaq... 

Xəstə yatağında Füzulinin qəzəllərini deyirdi, sonra saatlarla bir nöqtəyə baxırdı, sanki kimisə görür, baxışları ilə onunla danışırdı. Məncə, anamın ruhu idi, narahat olmuşdu, onun başına dolaşırdı...

Söhbətləşdi: Əyyub QİYAS

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!