Ulduz batdı, öldü şam, kimsə oyaq qalmadı...

Fariz Əhmədov - Naxçıvan Dövlət Universiteti, Elmi Kitabxanasının direktoru

Könül Seyidova - NDU-nun Azərbaycan dili və ədəbiyyat ixtisasının tələbəsi

Bu dünyadan bayram yeli kimi əsib keçənlər, ruhumuzda əbədi yara buraxanlar oldu. Ömrünü qara günlərlə keçirib ah-vay edən, sonsuz arzularını, saysız diləklərini baxışlarında söndürüb kiçik tabutuna sığdıran Şəhrinin - Yarı Şəhriyar arxasında, onu sevən, onu hiss edən, çiyinlərdə Şəhriyar yükünü daşıyan bir cahan qoyub getdi. O cahan ki, gündüzün yadigarını gecəyə qataraq hər gecə ulduz sayıb Ayı gözləyir, fəqət, sinəsindən son nəfəsini çıxarıb atan Ay, məzarını şeirləri ilə ömürlük ürəyimizdə  qazıbmış. O, artıq bu dünyaya işıq sala bilməz. Onun keçdiyi karvan ayrılığın acı şərbətini içib, bu dünyadan gedər-gəlməz yollarla zülmət qaranlığa gedib. O, gedəndən ürəklərimizdə dayanan zaman çoxdan keçib, keçənlərimizdə Şəhriyarımız - xəyal meydanımız qalıb. Lakin cismi bu dünyadan köç etsə də, Şəhriyarın eşqi ruhumuzda hələ də yaşayır, heç qocalmır, günü-gündən dərinləşir kök salır, damarlarımızda qan olub axır... Şəhriyar yanan ürəklərə "Araz olub" hey axır, axır!!!

Səndən keçən dünya bizə nə qədər yad, nə qədər özgədir, artıq. Sənə nağıl danışaq: "Qurd keçinin Şəngülüsün yenə yesin", külək qalxsın, qapı-bacanı döysün, sən də yenidən uşaq ol, uzaq düşdüyün elinə qayıt, gözümüzdən yaşlar axdıqca sənə çıraq olaq, yol açaq! Dirildib Aşıq Rüstəmin sazını dilləndirək, sənin o yatmış bəxtini, o pərişan qəlbini, bəlkə beləcə oyada bilək... Heydərbabadan haray salıb, Arazın göz yaşlarını qurudaq, sənə ömür salaq! İçində yaşayan bir ölünü Sürəyyanı dirildib çağıraq Turi-təcəllayə, Sən də Musa olub o uzun səfərdən qayıt bizə. Tehrana qeyrət, Təbrizə vəfa olaq, Səmədlərdən, Rüstəmlərdən, Babillərin nəfəsindən nəfəs gətirib, ölü bir cana nəfəs olaq... Yazılmayan, "Yar-Qasidi" oxunmayan "Behcətabad xatirəsi" olaq, bəlkə əllərin qələm, özün ilham olaraq  qayıdasan bu dünyanın sənsiz qalan, səssiz qalan zülmətinə... Səssiz qalmış bu dünyanın zülmətinə səslənirik?! Hanı günbəgün qəddini əyib yaşadaraq öldürdüyün, indi isə öldürüb yaşatdığın Şəhriyar?! Susur hər kəs, hər şəhər... Susur, sanki acıdan yoğrultuğun, Nişapur, ah-nalənlə nəfəs alan Tehran! Təkcə, Təbriz danışır indi hər parçası, hər daşı, çünki hicrana bürünüb, çünki hay-küyündə sızıltısının laylasını oxuyaraq, əbədi yatırtdığı Şəhriyarı hifz edir, Şəhriyara qucaq olub. Artıq o, Ölümün hər şeyində, yaşamın  heçliyi  olub. Yavaş-yavaş sakitləşir, danışan hər şey, təkcə yaşadığın məhlənin kimsəsiz küçələri danışır, gəzərkən hər tinində can verdiyin, sənə sirdaş olub yumşalan divarların, vida astanasında gözlərindən mil çəkdiyin daşların dilə gəlir indi, misra-misra sən qışqırır, bənd-bənd evinin sənsizliyini qoruyur. Səs-səsə verən əşyaların çiliklənib söz tökür, otağının sən qoxan hər küncü əl-ələ verib, səni gözləyir, iz buraxdığın hər əşyan üzərində tozlanmış böyük bir xatirədən asılır, hər gün bir az da kimsəsizləşib, toxunulmaz, sınmaz olur... İndi qırıq qəlblərin təsəlliyə, nakam sevgilərin çarəyə, yarım qalmış canların tamamlanmağa, vətən həsrəti ilə yanıb tutuşanların vətənə ehtiyacı olanda, Şəhriyar deyə-deyə, keçdiyin küçələrin ahından nəfəslərinə qataraq sənə gəlir, sərgərdan olmuş adamlar kimi yalın ayaqlarla qaçıb sənin keçdiyin yollara sığınır, addım-addım ayaq izlərindən səni hiss edib, o maviyə bürünmüş qapına Şəhri-Yar deyib də gəlir.

Bədənlərinə dar gələn ruhlarına ruhundan ruh qatasan, deyə gəlir, ustad... Sən hiss edirsən, sənə sığınanları... bəlkə də sən çağırırsan, deyə hər kəs sual olaraq gəlib, cavab olaraq dönür.

Susaraq gələnlərə, heç kim eşitməsin deyə, sənə özlərini pıçıldayanlara,  cavab verirsən, bəlkə də, susaraq!!!

Səssizliyində dincələnlər... Sakinliyindən ödünc alıb qayıdır geri, yenidən və yenidən sənə gəlib susub danışmaq üçün!!! İndi evini ümidsizcə isladan göz yaşları; Yanardağa dönən ağrılar; ürək aynasında çata dönənlər yad edir, hər divardan asılmış şəklinə soraqlaşır səni...

"Neçə siqaret yandırıb kül etmişdin Sürəyyanın odunda?!

Nə qədər göz yaşlarıyla saymışdın?! Sürəyyanın getdiyi günü... göz yaşların bitmədiyi kimi günlər də bitməyəcəkdi...

Fəryadında çarəsizliyin lallaşərkən, sevgin saçlarının bəyazından asılmışdı, əllərin qırışarkən nə qədər cığır açmışdı sevgin ömür yoluna?! Son dəfə görmək ümidi ilə gecə boyu gözləyərkən gözlərin alışdı sevginin yuxusuzluğuna, O zamandan bərimi masmavi gözlərin bitməyən gecənin qaranlığında saralıb soldu?! Axı sən oyaq idin, Şəhriyarım?! Axı sən yuxusuz idin?! Gözlərinə niyə dolmadı o sevgi yuxun?! Hər gecə layla deyib yuxunu oğurlayan Pərin üçün göz qırpsanmı  ölürdün?! Göz yumaraqmı ölürdün, günbəgün?! Yoxsa uyusan o oyanardımı? Yatmadığın hər gecənin ən qorxunc gizlənqaç oyunundan, dolanbac küçələrində itərkən, Sən ən gözəl onun qəlbində gizləndin, illər boyu... Zaman keçdikcə məskən saldın orda... axtarıldın, arandın Məhəmməd Hüseyn olaraq, bir gün uduzub Şəhriyar olaraq çıxdın meydana... Gecədən zülmət səhərə oyananda  oyun bitmişdi, danışdığın hekayənin yolu bitmədiyi üçünmü, Səbanın setarında simə dönüb, yalnızlığında rəqs etmiş?! Nimanın şeirlərində sirləşib, Sadıq Hidayətin "Pəs Qole" şəlaləsindən su olub axaraq, intihar edib dəfələrlə ölmüşdün?! İndi necə də sükuta qərq olub,.. qaranlığında kor... səssizliyində lal olubsan, ömürlük yarım qalıb, sərhədləri göz yaşı ilə, nisgili ilə qıra bilməyən, çiyinlərdə vətən həsrəti ilə, nakam sevgisi ilə məzara daşınan, vətəndən aralı darda qalıb, şeirlərindən azadlıq tapıb səadətə addımlayan, Azərbaycansız heç olub, vətənin eşq məktəbində can vermiş şairsən artıq. Ruhdaşları ilə, şeirlərdə, kitablarda görüşən, yazdığı hər misra ilə vətənə qucaq dolusu sevgi, həsrət yağdıran, nəğməkar bülbülü bağından, güllərindən aralı salıb qəlbinə tikan oxu vuran elə həmin ayrılıqsan ki ayrılıqsan! Geriyə buraxdığı hər şeiri, hər gün Şəhriyar olan, Heydərbaba kimi daşlaşıb, dillərdə gəzən elə həmin Şəhriyarsan, artıq!!! Öz şəfəqlərini, əbədiyyət üfüqlərinə saçıb, öz işığında yanan, batan ulduz, ölən şam, tənhalığında kimsənin oyaq qalmadığı, hamının getdiyi heç kimin qaldığı yarım adam, yarımçıq adamsan indi!!! Ulduz batdı, öldü şam, kimsə oyaq qalmadı, Şəhriyar!!!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!