Düşüncə zamanının diskurs zamanı - Bədirxan ƏHMƏDLİ yazır

Elnarə Akimovanın tənqidçi profili üzərinə

 

Ədəbi prosesdə həmişə giley, narazılıq müstəvisində xatırlanan tənqidin son zamanlarda işi daha da çoxalıb; indi yazılan əsərlər əvvəlki kimi barmaqla sayılacaq qədər deyil. Elə yazarlar da az deyil, özü də müasir texnoloji imkanlar sayəsində dünya bədii düşüncəsində boy göstərən təmayüllər, "izm"lər, cərəyanlar dərhal milli düşüncəyə daxil olduğu zamanda "kimin kim" olduğunu müəyyənləşdirmək, əsl sənəti bəlirləmək xeyli çətin olur. Ədəbiyyatda yeni bədii axtarışlar baş verir, yeni üslublar gəlir, yeni imzalar özünü təsdiq edir. Bədii düşüncənin polifonizmi, mürəkkəbliyi, zənginliyi, bütün janrlar üzrə inkişaf istiqamətləri, ayrı-ayrı imzaların ədəbi mühit sistemində yeri və mövqeyi tənqidin intensiv axtarışlar aparmasını zəruri edir. Burada hər şey tənqidin ədəbi prosesə nə dərəcədə nüfuz etməsindən asılı olur; milli bədii düşüncənin hansı yolda və necə hərəkət istiqamətində olmasını, ədəbi prosesdə nələrin baş verdiyini, hansı tendensiya və təmayüllərin getdiyini üzə çıxarmaq tənqidin üzərinə düşür. Çox şey ədəbi tənqidin bədii düşüncənin inkişaf perspektivlərini düzgün müəyyənləşdirməsindən və dəyərləndirməsindən asılı olur. Keçən onilliklərdə tənqidin çox zaman ideologiya ilə bir yerdə olması təcrübəsi bizə yaxşı tanışdır. İndi isə başqa bir tendensiyanın şahidi oluruq; ədəbi orqanlar, saytların bolluğu kontekstində dərc olunan məqalələrdə meyarsızlıq sindromu yaşanır; ədəbi tənqiddən baxanda ədəbiyyatımızın inkişaf xətti ilə mövcud reallıq arasında böyük fərqlər ortaya çıxır. Bəzən də ədəbi tənqid sosial şəbəkənin qoyduğu problemlər səviyyəsinə enərək obyektivlikdən və elmilikdən uzaqlaşır. Belədə ədəbi prosesi kompleks şəkildə qiymətləndirən, estetik fikrə əsaslanan, hər şeyə şəxsi münasibətlər səviyyəsindən baxmayan peşəkar tənqid (əslində, tənqidçi elə peşəkar olmalıdır, lakin indi o qədər tənqidçi tipi formalaşıb ki, onları ayırmaq üçün peşəkar terminindən istifadə etməyə məcbur olduq!) dövriyyəyə girməli, tənqidçi fərdi çıxarılarını deyil, ədəbi inkişaf qanunauyğunluqlarını əsas götürməlidir.

Filologiya elmləri doktoru Elnarə Akimova peşəkar tənqidçi ünvanını yazdığı məqalələri, obyektiv qiymətləndirmələri, bədii mətni sənətkarlıqla təhlil etməsi, nəzəri-estetik təhlilləri, ədəbiyyatın inkişaf meyillərinin, qanunauyğunluqlarının hərəkət istiqamətini düzgün dəyərləndirməsi, tənqidçi vicdanı və vətəndaşlığı (məhz vətəndaşlığı!) ilə qazanıb. "Düşüncə zamanı - ədəbi tənqid diskurs kimi" kitabı (elmi redaktor və ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru Azər Turan, rəyçilər akademik İsa Həbibbəyli və fəlsəfə elmləri doktoru Niyazi Mehdi) bunu deməyə və bu qənaətə gəlməyə əsas verir. Vaxtilə "Ədəbiyyat qəzeti"ndə dərc edilən bu məqalələrin hər biri ədəbi prosesdə baş verən hadisələri, şəxsiyyətləri, əsərləri təhlil süzgəcindən keçirməklə yanaşı, tənqidin nüfuzunu və peşəkarlığını qoruyub saxlayır. Məqalələrin bir kitabda toplanması son illərin ədəbiyyatının inkişaf istiqamətini, hərəkət xəttini göstərdiyi kimi, Elnarə Akimovanın da tənqidçi obrazını bir daha tanıdır. Bəri başdan qeyd edim ki, zaman keçəcək, ədəbiyyatşünaslıq dövrün ədəbi prosesini qiymətləndirərkən müraciət etdiyi əsas və etibarlı mənbələrdən biri tənqidçinin bu yazıları olacaq...

"Düşüncə zamanı - ədəbi tənqid diskurs kimi" kitabı kontekstində Elnarə Akimovanın tənqidçi profili daha aydın görünür. Burada toplanmış məqalələri oxuduqca tənqidçinin intellekt və erudisiya dairəsinin genişliyini, zənginliyini, axtarışlarının intensivliyini görürük. Müəllifin ədəbiyyatın müxtəlif sahələri, formaları, janrları (bədii ədəbiyyat, elm, nəzəriyyə, roman, hekayə, poema, poeziya, uşaq ədəbiyyatı, analizlər və s.) ilə bağlı eyni elmi-nəzəri səviyyədə söhbət açması yaradıcılığının zənginliyini üzə çıxarır. Tənqidçi profilinin çoxyönlülüyü mövcud ədəbi proses meydanını, onun inkişaf xəttini, perspektivlərini və hərəkət istiqamətlərini yaxşı görməyə və düzgün dəyərləndirməyə imkan verir. Nəzəri erudisiyası, elmi intellekti, bədii mətnə obyektiv yanaşması ümumi dəyərləndirmələrdə tamamlayıcı rol oynayır. Onun nəzəri düşüncə sərhədləri də genişdir; M.F.Axundzadədən tutmuş, bugünkü estetik düşüncə zamanı ilə istənilən səviyyədə diskurs aparır, konsepsiyalar irəli sürür, tarixən və bu gün aparılan elmi diskussiyalarla bağlı yeni elmi nəticələrə gəlir. "Azərbaycan romançılığında itirilmiş zaman" məqaləsində ümumən milli romançılığın inkişaf mərhələlərini düzgün qiymətləndirir. Azərbaycan romanının mövzu, problem, bədii-estetik dəyərləndirmə baxımından zaman kontekstində gəldiyi nəticələr elmiliyi ilə seçilir. Tənqidçi ədəbiyyat tariximizin bütün dövrlərinə yanaşmada obyektiv elmi-nəzəri qanunauyğunluqlar kontekstindən çıxış edir. Bu cür təhlillər dövrün xarakterini və romanın inkişaf mərhələlərini üzə çıxarmağa xidmət edir. İ.Şıxlı və İ.Hüseynov romanlarına münasibətdə də eyni tendensiya davam edir; tənqidçi hər iki yazıçının milli nəsrdə gördüyü işin mahiyyətini açır.

Müasir Azərbaycan romanına tənqidçi münasibətində yaradıcılıq axtarışlarının başqa bir keyfiyyətini də demək gərəkir; yəni tənqidçi dövrün romanlarını təhlil edərkən daha çox ədəbi hadisə və ona yaxın olan nümunələrə müraciət edir. Tənqidçinin bu romanlara müraciəti ədəbiyyatımızda tutduğu ehtiyacdan irəli gəlir. Bu ehtiyacı doğuran isə yazarın şəxsiyyəti deyil, romanın ədəbi prosesdəki yeri və mövqeyidir. Anarın "Göz muncuğu", Elçinin "Baş", Şərif Ağayarın "Arzulardan sonrakı şəhər" və s. romanların təhlili zamanı yazara münasibətdən çox, ədəbi fakta münasibət üstünlük təşkil edir. Burada ikinci bir məsələ ortaya çıxır; tənqidçi müraciət etdiyi romanların müəllifləri üzərindən deyil (bu bizim ədəbi tənqidin ən zəif yeri, "axilles dabanı"dır, halbuki bu cür məqalələri ədəbi tənqid nümunəsi hesab etmək çətindir!), bədii mətn üzərindən təhlillər aparır. Elnarə Akimova tənqidinin üçüncü bir özəlliyi də var; o da ələ aldığı bədii mətni (burada romanı!) oxucuya danışmır, yaxud onun bütün parametrlərini açmır, mətni vacib rakurslardan təhlilə cəlb edir, dərininə enir, yazarın demək istədiklərinə daha çox önəm verir. E.Akimova tənqiddə məhz bu yolu tutur, yazar ilə oxucu arasında təkcə körpü rolu oynamır, əsərdə görünməyən tərəfləri, yazarın cəmiyyətə yönəlik mesajlarını üzə çıxarır, özünün bədii-estetik, nəzəri görüşlərini də qataraq yeni bir ədəbi mətn ortaya qoyur. Şərif Ağayarın "Arzulardan sonrakı şəhər" əsərini təhlil edərkən də bu yolla gedir; təkcə əsəri təhlil etmək, müəllifin demək istədiklərini deməklə kifayətlənmir, həm də onun buna qədərki yaradıcılığı ilə bağlayır və əsərin müllifin öz yaradıcılığında və ədəbi prosesdə yerini müəyyənləşdirir. Şərif Ağayarın bu əsərə qədərki "Gülüstan", "Kərpickəsən kişinin dastanı", "Haramı" əsərlərinin estetik məhvəri bizə yazıçının keçib gəldiyi nəsr modelinin özəlliklərini anladır. "Arzulardan sonrakı şəhər" romanı struktur, problematika, süjet xətləri, kompozisiya quruluşu və s. baxımından təhlil edilərək produktiv nəticələrə gəlinir. Tənqidçi əsərdəki bəzi ştrixləri dünya ədəbiyyatı ilə bağlayaraq çağdaş milli nəsrin inteqrasiyasını əlaqələndirir. Umberto Ekonun "Uşaqlar öz oyuncaqları, taxta arabaları, çərpələngləri ilə oynarkən və eyni zamanda bu oyunlar vasitəsilə ətraf dünyanı və gələcəkdə edəcəkləri hərəkətləri müəyyənləşdirirlər" fikri ilə Ş.Ağayarın Həsən obrazı arasında bir bağ görür: "Bu mənada Həsənin yuxuları düşüncədən ötürülən mesaj funksiyasındadır. Yuxu və xəyalların, fantaziya və xatirələrin var olduğu məqamda dünyada arzulardan sonrakı şəhərin yaşarılığına inam həmişə diri qalır".

Hekayə təhlilinin nə qədər çətin və mürəkkəb olduğunu peşəkar tənqidçilər yaxşı bilirlər. E.Akimova bir tənqidçi kimi çağdaş Azərbaycan hekayələrinin təhlilində elmi-nəzəri prinsiplərə əsaslanır, hekayədəki hadisələrin dərinliyinə enir, bu hekayələrin yazarın yaradıcılığındakı və çağdaş hekayəçilikdəki yerini və mövqeyini bəlirləyir. Tənqidçi burada bir arxeoloq kimi hərəkət edir; hekayənin ümumi görünüşünü, məzmununu deyil, alt qatlarını və süxurlarını araşdırır. Elçin, Vaqif Nəsib, Meyxoş Abdulla, Orxan Fikrətoğlu, Şərif Ağayar, Qanturalı, İlqar Fəhmi, Əlabbas, Mübariz Örən, Yaşar Bünyad, Həmid Piriyev və b. hekayələrinin təhlilində mətndə olanlardan daha çox, mətnin doğurduqlarını estetik düşüncə mövqeyindən diskursa cəlb edir. Çünki tənqidçinin görəvi mətnin gözlə görünən tərəflərini deyil, alt qatlarını, verdiyi bədii-estetik mesajları çatdırmaqdır. Bu mənada tənqidçinin "Əlabbasın hekayələri: yeni dünyanın yeni olmayan qəhrəmanları" məqaləsi fikrimizi əsaslandırmaq üçün zəngin material verir. Ona görə bu məqalə üzərində dayanıram ki, Əlabbas çağdaş nəsrimizin görkəmli nümayəndələrindən biri olmasına rəğmən, ədəbi tənqid yaradıcılığına az müraciət etmişdir. Həm də Əlabbasın nəsri mətndəkilərdən daha çox mətnaltı mesajları ilə xarakterikdir; yəni bu mesajları üzə çıxarmaq, təhlil etmək üçün obyektiv tənqidçiyə ehtiyac vardır, həm də elmi-nəzəri, estetik yanaşma gərəkir. Yalnız bu zaman Əlabbasın bir yazıçı kimi nəsr potensialını, zənginliklərini, üslub özünəməxsusluğunu, dilinin milli koloritini bütün detalları ilə əks etdirmək mümkündür.  Tənqidçinin Əlabbas yaradıcılığının mümkün istiqamətləri - sosial, mənəvi-əxlaqi axtarışları, obrazlarının orijinallığı, ideya-məzmun qatı, hadisələri epik-lirik, psixologizm qatları müstəvisindən əks etdirməsi elmi-nəzəri səciyyə daşıyır. Yazıçının "Gəlin", "Qul", "Arvanada dəfn", "Ovçu" və b. hekayələri tənqidçi intellektinin süzgəcindən keçərək özünün yeni həyatını yaşayır və istər-istəməz tənqidçinin belə bir fikri ümumən mövcud elmi-tənqidi fikrin yazıçı yaradıcılığı ilə bağlı yekun fikri kimi mənalanır: "Əlabbas daha ideya-tərbiyəvi əhəmiyyəti olan məsələləri təhlil predmetinə çevirir. Sosial-psixoloji nəsrin özəlliyindən irəli gələn əsas məqamı - cəmiyyətin insan üzərində dominantlığını irəli çəkməklə gərginliyi artırır... Ümumiyyətlə, Əlabbasın hekayələrində "daxili səs" əsas obraz kimi iştirak edir. Qəhrəmanlar daha çox öz vicdanının mühakiməsinə buraxılır, daim öz daxili "səs"ləri ilə çarpışmada təsvir olunurlar".

E.Akimovanın araşdırmaları çox zaman hər hansı bir janrın hərəkət istiqamətini bütün dolğunluğu ilə əhatə edir; bu zaman tənqidçi yaradıcılığının ümumiləşdirmə və qiymətləndirmə mexanizminin ən müxtəlif yolları ilə qarşılaşırıq. Bu cür araşdırmalarında ayrı-ayrı janrların inkişaf yolları, tendensiyaları təhlilə cəlb olunur. "Ədəbi proses" çətiri altında dərc edilən, çox zaman hesabat xarakterli olan bu cür yazılar onun nəzəri-estetik düşüncə tərzinə yaddır. Tənqidçinin icmal məqalələrində isə janrın mövcud durumu təhlil edilir, inkişaf mənzərəsi yaradılır, ədəbi prosesdəki meyilləri, mərhələ və problem kontekstində analiz olunur. "Janrın qürubu, yoxsa ədəbi laqeydliyimiz?" məqaləsində poema janrı tarixi və çağdaş zaman diskursunda müqayisə olunaraq müəyyən nəticələrə gəlinir. Məqalənin adının doğurduğu suallara cavab axtarırıq və onu tapırıq; dövrün poema janrını bir məqalədə problematik şəkildə araşdırmaq nə qədər çətin olsa da, tənqidçi çağdaş dövrdə müşahidə olunan çoxsaylı xüsusiyyətləri sistemli şəkildə ümumiləşdirməyə nail olur.

Elnarə Akimovanın tənqidi mətninin əsas xüsusiyyətlərindən biri elmilikdir; hər hansı bir əsərə, yaxud yazarın yaradıcılığına tənqid estetikasının prinsipləri ilə yanaşır. Bəzən onun tənqidi mətnlərinin sərhədi ədəbiyyatşünaslığın sərhədləri ilə qarışır, yaxud birləşir. Bu onun həm də bir elm adamı, ədəbiyyatşünas olmasından doğur, tənqidini daha da elmi edir, fundamentallığını artırır, ömrünü uzadır. Tənqidçinin bu əsərləri elmi prinsiplərə söykənir, bu zaman onu bir ədəbiyyatşünas kimi görürük. Məhəmməd Hadi, Hüseyn Cavid, Mikayıl Rəfili, Rəsul Rza, Əli Kərim, Bəxtiyar Vahabzadə, Məstan Günər, Vaqif Səmədoğlu, Vaqif Bayatlı Odər, Ramiz Rövşən, Məmməd İsmayıl, Çingiz Əlioğlu və b. haqqında yazdığı məqalələrdə bizə yaxşı məlum olan sənətkar obrazlarına yeni rakursdan yanaşır. Bu yanaşma məqalələrin adlarında da görünür. "Cümhuriyyətə gedən yolun şairi -Məhəmməd Hadi", "Cavid yaradıcılığı yeni düşüncə aspektləri ilə", "Rəsul Rza şeiri, yaxud şəklin müəllifi - zaman", "Ağ bir zanbaq kimi açıldı zəhər (Əli Kərimli poeziyası)" və s. məqalələrində ədəbiyyatşünas-tənqidçi mövqeyindən yanaşır, çağdaş elmi düşüncəyə yeni çalarları ilə tanıdır. Bu cür yanaşma Elnarə Akimovanın tənqidçi estetikasının hərəkətliliyini təmin etmiş olur. Tənqidçinin klassik mətnə və yazara yeni estetik düşüncə müstəvisindən baxması ədəbiyyata konseptual baxışın yeniliyindən irəli gəlir. Bu mətnlər sayəsində biz yaradıcılıq portreti məlum sənətkarların yeni yönləri və aspektləri ilə tanış oluruq.

Çağdaş şairlər V.Səmədoğlu, M.İsmayıl, R.Rövşən, M.Günər, V.Bayatlı yaradıcılığı ilə bağlı yazıları onu bir poeziya tənqidçisi kimi tanıdır. Bu şairlərin hər birinin poetik üslub xüsusiyyətlərini bədii mətnə dayanaraq təhlil etmək, onu dünya poeziyası ilə kontekstdə dəyərləndirmək, intonasiya zənginliklərini üzə çıxarmaq, poetik sistemin özəlliklərini fərqləndirmək, forma və məzmun planında təhlil etmək tənqidçidən poetik duyum, estetik bədii zövq və dəyərləndirmə meyarları tələb edir.

E.Akimovanın tənqidi yaradıcılığını çoxşaxəli edən faktorlardan biri də portret yaradıcısı olmasıdır, yəni o, həm də tənqidin tənqidi ilə məşğul olur. Ayrı-ayrı ədəbiyyatşünas və tənqidçilərin yaradıcılığı ilə bağlı yazdığı yazılarda onu bir portret ustası kimi kəşf edirik. İsa Həbibbəyli, Azər Turan, Vaqif Yusifli, Tehran Əlişanoğlu, Cavanşir Yusifli, Rüstəm Kamal, Məti Osmanoğluya həsr etdiyi məqalələrdə hər birinin fərdi portret cizgilərini düzgün müəyyənləşdirir, onların ədəbi fikir arenasındakı yerini, mövqeyini doğru qiymətləndirir. Bu qiymətlər tənqidçinin şəxsiyyətə münasibətindən daha çox, elmi mətnlərinin ədəbi fikrimizdəki mövqeyindən irəli gəlir.

E.Akimovanın tənqidi struktur baxımından çoxqatlı, məzmun və ideya cəhətdən çoxsəslidir. Burada klassik tənqiddən gələn sistemlilik, ədəbi düşüncə vüsəti, obyektivlik, elmilik, ümumiləşdirmə konseptinə fərdi yaradıcılıq xüsusiyyətlərini də əlavə edə bilərik. E.Akimovanın orijinal tənqidçi üslubu var; bu üslub sakit tərzdə başlayır, yavaş-yavaş nəzəri-estetik mənbələrlə yüklənərək bədii mətnin dərinliklərinə enir. Hər hansı bir fikri söyləyərkən şəxsi "Mən"indən çıxış etmir, elmi, nəzəri konsepsiyaya söykənir. Heç zaman bədii mətni birbaşa tənqid etmir; onu tərəzinin "yaxşı" və "pis" gözünə qoymur, fikirlərini gətirdiyi çoxsaylı arqumentlərlə əsaslandırır. Təhlillərdən çıxan arqumentlərlə oxucu da, yazar da razılaşmaya bilmir. Obrazlılıq və emosionallıq onun tənqidinin qoşa qanadlarıdır. E.Akimova tənqidçi üslubu vaxtilə M.Əlioğlu, A.Əfəndiyev, Y.Qarayev yaradıcılığında yeniləşən ədəbi tənqidə yeni çalarlar gətirir. Bu çalarlar onu poetik obrazlı, emosional tənqidin nümayəndəsi hesab etməyə əsas verir. Görünür, buna görə də məqalələri oxunur, oxucunu özü ilə aparmağı bacarır.

E.Akimova tənqidçi profili hər cür stereotipdən uzaqdır; dili, üslubu, təfəkkür tərzi yenidir. Ədəbiyyatın, ədəbi prosesin ayrı-ayrı hadisələri haqqında dəqiq müşahidələri, obyektiv dəyərləndirmələri elmi mətninə nüfuz və etibar gətirir. Hər yerdə tənqidçi nüfuzunu qoruyur, heç zaman dövrdən, ideologiyadan irəli gələn konyunkturaya getmir. Ədəbi prosesi vicdanla izləyir, əsərlərin təhlilə cəlb edilməsində şəxsi münasibətlərdən yox, ədəbi fakt amilindən çıxış edir. Elnarə Akimovaın "Düşüncə zamanı - ədəbi tənqid diskurs kimi" kitabı onun tənqidçi profilinin zənginliyi, çoxqatlılığını, çoxsəsliliyini, akademizmini ifadə etməklə həm də ədəbiyyatşünaslıq elminin son illərdəki ən uğurlu faktlarından biri kimi mənalanır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!