Atam haqqında xatirələr - İmruz Əfəndiyeva yazır

Məmmədsadıq Əfəndiyev haqqında

 

1983-cü ilin isti və günəşli may günlərindən birində Bakı şəhərində görkəmli ictimai xadim, Azərbaycan teatrşünaslığının əsasını qoyan, ədəbi tənqidçi, Məmmədsadıq Əfəndiyevin anadan olmasının 80 illiyi qeyd edilmişdi.

A.M.Şərifzadə adına Aktyor evində keçirilən gecəni teatr cəmiyyətinin aparıcı sədri, yubilyarın yaxın dostu, iş yoldaşı olan Şəmsi Bədəlbəyli açıq elan etdi.

Şəmsi Bədəlbəylinin atam haqqında dediyi səmimi sözlərə öz çıxışlarında Mehdi Məmmədov, Süleyman Rüstəm, Ağasadıq Gəraybəyli, rejissor Həsən Ağayev və digərləri qoşudular.

Bu əsrarəngiz gecənin sonunda isə M.Əfəndiyevin "Cancur Səməd" adlı pyesindən parçalar M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrı əməkdaşlarının (artistlərinin) ifasında səsləndirildi. Bu pyes üzrə tamaşanı məşhur rejissor M.Fərzəliyev səhnələşdirmişdi.

Yubiley günlərində (may, iyun) respublika qəzet və jurnallarında Azərbaycan teatrı korifeylərinin, mədəniyyət və incəsənət xadimlərinin məqalə, xatirə və s. materialları dərc edildi. Bununla bərabər, radio və televiziyada M.Əfəndiyevin səhnə əsərlərindən ("Cancur Səməd", "Mıkkı Kərəm") parçalar səsləndirildi. Daha sonralar 90 və 100 illik yubileyləri günlərində də mətbuatda məşhur alim, yazıçı və teatrşünasların məqalələri çap olunmuşdur.

Məmmədsadıq Mirzə Əhməd oğlu Əfəndiyev 5 iyun 1905-ci ildə indiki Türkmənistanın paytaxtı Aşqabad şəhərində dünyaya gəlib. Atası - mənim babam Mirzə Əhməd bəy Əfəndiyev (1828-1919) o zaman Türküstan General - Qubernatorluğunda podpolkovnik vəzifəsində hərbi tərcüməçi işləyirdi. Əsil-nəcabətli Şəki bəylərinin nəslindən olub. Bir çox Şərq dilini mükəmməl bildiyinə görə (deyilənə görə - 7) yüksək rütbəli Çar zabitlərinin hörmətini qazanmışdı. Bundan əlavə, bir çox kitabların, sənədlərin, bədii ədəbiyyatın tərcüməsi ilə də məşğul olmuşdur. Xidmətdən çəkildikdən sonra Şəki (o zaman Nuxa) şəhər idarəçisi və istefada olan məsləhətçi vəzifələrində də işləmişdi.

Soldan sağa: Fərəh Şəkinskaya, Barat Şəkinskaya, Süleyman Rüstəm, Ağa Sadıx Gəraybəyli, Şəmsi Bədəlbəyli, Məmməd Sadıxov, Həsən Ağayev, Məmməd Bağır müəllim (AzPİ-nin dosenti), Mərayim Fərzəlibəyov.    Aktyor evi, 1983-cü il, may. Məmməd Sadıx Əfəndiyevin 80 illiyi.

Məmmədsadıq Əfəndiyev valideynlərini erkən yaşında (anasını 12, atasını isə 17 yaşında) itirib. Özünün müəllifi olduğu avtobioqrafiyada yazılmışdır - "1912-ci ildə Nuxa gimnaziyasını bitirmişəm və mətbəədə mürəttib (hərfdüzücü) işləmişəm. Həmin ilin yanvarında Bakı şəhərinə Azərbaycan hərbi məktəbində təhsil almaq üçün göndərilmişəm. Hərbi məktəbin 1-ci buraxılışını fərqlənmə ilə bitirib, Azərbaycan Sovet Qırmızı Ordusunun tağım komandiri təyin olunaraq bu ordunun xüsusi 6 nömrəli bölməsinə qəbul edilmişəm".

1925-ci ildə M.Əfəndiyevi xəstəliyi səbəbindən AzÇEKA (xüsusi xidmət orqanları) sıralarından azad edirlər. Və bu ildən o özünü bədii-teatral quruculuq sahəsində sınamağa başlayır. Həmin illərdə Satir-Aqit-Teatrı yaradır.

1925-ci ildən özünün bədii rəhbəri və təşkilatçısı olduğu digər İşçi-Kəndli Teatrı 2 il sonra Türk İşçi Teatrına çevrilir. Böyük Vətən müharibəsi illərində bu teatr Gəncə şəhərinə köçürülərək, C.Cabbarlı adına Gəncə Dövlət Dramatik Teatrının özəyini təşkil edəcəkdir.

1925-29-cu illər arası dövrdə M.Əfəndiyev M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktor müavini və Teatral Texnikumun direktoru vəzifələrində, 30-cu illərin əvvəllərində isə Azərbaycan Tamaşa Müəssisələri İdarəsinin direktor köməkçisi işləmişdi. 1931-ci ildə onu Moskva şəhərinə oxumağa göndərirlər. 1933-cü ildə təhsilini bitirib "Azərbaycan dramaturjisinin problemləri və inkişaf perspektivləri" mövzusunda dissertasiyasını yazır. M.Əfəndiyev Qırmızı Professura İnstitutu ədəbiyyat bölməsinin iki əsas kursunu bitirib (üç əsas kursdan) üçüncüyə keçdiyi il MK VKP (b)-də MTS-nin siyasi bölməsinin rəisi məcburi çağırış elan etdiyinə görə dissertasiyanı müdafiə etmək mümkün olmur. Sonradan Azərbaycan KP MK-nın katibi T.Yaqubova 1941-ci il 3 yanvar tarixli məktubla müraciət edir: "Elmlər namizədi elmi dərəcəsi almaq məqsədi ilə məni M.S.Kirov adına Azərbaycan Dövlət Universitetinə "Azərbaycan dramaturjisinin problemləri və inkişaf perspektivləri" mövzusunda dissertasiya müdafiəsinə buraxmağınızı sizdən xahiş edirəm".

Moskvada dissertasiya üzərində işləyərkən atam eyni zamanda Moskva Dövlət Kinematoqrafiya İnstitutunda (indiki S.A.Gerasimov adına MDKİ), M.N.Pokrovski (1868-1932; tarixçi, ictimai xadim, SSRİ EA-nın akademiki) adına Kommunist Universitetində və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında teatrşünaslıq, teatr tarixi, dialektik və tarixi materializm fənlərindən dərs deyir.

1936-37-ci illərdə o, Bakı şəhərində Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib (sosial-iqtisadi intizam kafedrasının müdiri olub). Eyni zamanda, V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Azərbaycan ədəbiyyatı kafedrasının müdiri olub.

3 fevral 1938-ci ildə M.S.Əfəndiyev M.C.Bağırovun göstərişi ilə həbs edilir. Ancaq haqqında açılan işin əsassız olması və dəlillərin olmaması səbəbindən Azərbaycan NKVD-nin qərarı ilə 14 iyun 1940-cı ildə işin bağlanmasından sonra azad edilir.

1940-cı ilin iyununda M.S.Əfəndiyev Azərbaycan SSR SovNarkomu sosial-mədəni qrupunun elmi rəhbəri vəzifəsinə təyin edilir. Tam bir il sonra SSRİ SNK nəzdində yerləşən Yüksək Məktəb İşləri üzrə Ümumittifaq Komitəsi onu K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna direktor təyin edir. Ancaq Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti ilə birləşməsindən sonra direktiv orqanlarının verdiyi qərarla M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin edilir.

Atamın şəxsi arxivində maraqlı sənəd saxlanılıb: Filarmoniyanın işçilərinin 14 yanvar 1942-ci il tarixli yığıncağının protokol stenoqramı. Bu yığıncaqda M.Əfəndiyev özünü musiqinin inkişafı və xalq zümrələrinə necə müdaxilə edilməsi barədə dərin məzmunlu parlaq, alovlu bir nitq söyləyir. Bundan əlavə, ı ifaçılıq sənəti və bəstəkar əsərlərinin təbliğatı barədə də çoxlu maraqlı fikirlər səsləndirir (stenoqram rus dilində çap edilmişdir). M.Əfəndiyevin maraqlı fikirlərindən birini nəzərinizə çatdırmaq istəyirik. O deyir: "Yoldaşlar, mən klassik musiqidən kənarda dayanan Filarmoniyanı təsəvvür etmirəm. Hər Filarmoniyada simfonik musiqinin təbliği vasitə kimi qəbul edilməlidir, belə ki, simfonik musiqi və səsləndirilən əsərlər xalq və şəhər üçün böyük məktəb və mədəni hadisədir".

Ayaq üstə: Sadıx CəlilovKamil AbdullayevHəsən QuliyevMəhərrəm Bədirzadə.

ƏyləşənlərSoldan sağa - Süleyman Vəliyev, İmruz Əfəndiyeva, Şəmsi BədəlbəyliHəqiqət Əsgərzadə, Ağamadıq GəraybəyliHüseyn Şərif1983-cü il, 30 may.

M.S.Əfəndiyevin səyləri nəticəsində bir çox ifaçı kollektivini genişləndirməyə imkan yaranmışdır. Çox çətinliklə kiçik tərkibli Xor kapellasını qorumaq mümkün olmuşdur. Bu işdə Filarmoniyanın direktorunu Niyazi, S.Rüstəmov, C.Cahangirov, H.Salahov, A.Şərifov dəstəkləyirlər.

Böyük Vətən müharibəsinə getməzdən əvvəl M.Əfəndiyev R.Əfəndiyev ilə birlikdə Azərbaycan SSR Xalq Maarif Komissarlığı və Dövlət Elmi Tədqiqat İnstitutunun xətti ilə birinci Respublika elmi-pedaqoji konfransının proqramını hazırlayır. R.Əfəndiyev (xalası oğlu) iki illik Müəllimlər İnstitutu Pedaqoji kafedrasının kafedra müdiri olaraq pedaqoji problemlər üzrə çıxış etməli, atam isə "Mədəniyyət və Cəmiyyət" mövzusunda məruzə etməliydi. Onu mədəniyyətin sosioloji problemləri maraqlandırırdı. Arxivdə, hətta M.Əfəndiyevin konfransda çıxış edəcəyi proqram da vardır (proqramı anam Müsalət Quliyevaya Rəcəb Əfəndiyev özü təhvil vermişdir). Konfrans 26-29 mart arası keşirilmişdi.

Atam müharibəyə gedəndə mənim 6 yaşım var idi. Yaxşı yadımdadır, anam səhhətində olan problemlərə görə atamı cəbhəyə yola sala bilmədi. Atam gedərkən mənə baxdı, gözlərində bir damla yaş var idi, sağollaşıb otaqdan tez çıxdı. 1942-ci ilin fevralında, soyuq qış günündə atamı Fəridə xala və Zərintac bibi yola saldılar. Atamın arzusu idi ki, mən musiqiçi olum. Onun üçün də mənə "Qırmızı Oktyabr" markalı fortepiano almışdı. Bu hədiyyə yadigar kimi indi də evimi bəzəyir. Qardaşım Fadlun atam cəbhəyə gedəndən sonra anadan olduğundan, atasını görməmişdi. Kerç şəhərindən bizə məktub yazırdı. May-iyun aylarında məktublar kəsildi. 1942 -ci ildə biz "qara kağız" aldıq.

M.Əfəndiyevin elmi və təşəbbüskar işinə yüksək qiyməti teatrşünas C.Cəfərov "Azərbaycan teatrı" məqaləsində vermişdi. M.Əfəndiyevin yaradıcı uğurlarına əsaslanaraq, ədəbi-tənqidçi irsinə qayğı ilə yanaşaraq C.Cəfərov Bakı Türk Teatrının uğurlu fəalliyyəti haqda fikirlərini bildirir. M.Əfəndiyevin elmi işlərinə əsasən, müəllif Azərbaycan teatrının bütöv şəklini yarada bilmişdir.

Məmmədsadıq Əfəndiyev üç böyük monoqrafiyanın - "Proletar teatrosu uğrunda" (Bakı,1931), "Bakılı işçi öz türk işçi teatrı haqda nə bilməlidir" (rus dilində; Bakı, 1931) və "N.A.Dobrolyubov" (Bakı, 1936) - müəllifidir. O, ümumiyyətlə, Azərbaycan mədəniyyətinin problemləri və qarşıda duran vəzifələri haqda çap edilən və edilməyən bir çox məqalənin müəllifi olmuşdur (təxminən 200-dən artıq). Ancaq çox təəssüf ki, atamın dissertasiya işi "Kirovabad Azərbaycan Teatrının 20 ili" C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin arxivində "itirilmişdir" (bu işin təhvil verilməsi barədə 1940-cı il sentyabr tarixli sənəd mənim arxivimdədir).

M.Əfəndiyevi yaradıcılığı boyu əsas bir sual narahat edirdi: dinləyicilərin əqlinə və qəlbinə necə yol tapmaq və teatr incəsənətini dövrün tələblərinə necə uyğunlaşdırmaq! Dinləyici auditoriyasının aktyorların hər dəfə təkrarolunmaz bəzən gözlənilməz nəticəsi olan dinamik səhnə oyunu ilə tanışlığı hər dəfə unikal və özünəməxsusdu. M.Əfəndiyev hesab edirdi ki, elə bu atmosferdə yeni teatral tamaşa üçün zəmin yarana bilər. Onun fikrincə, teatr üçün müəyyən dövrdə yazılan əsərlər həmin dövrün özünəməxsus ideya savaşlarını əks etdirərək həmin dövrü sözün ən əsl mənasında təbliğ edirlər. Əgər əsərin fəlsəfi əsasını didaktika (yəni nəsihətverici) ilə dəyişsək, əsər incəsənət növü kimi məhv olur. M.Əfəndiyev tələb edirdi ki, hər aktyor səhnədə xarakter yaratsın, elə xarakter ki, dövrün dinamiklərinə uyğun olsun. Bakı Türk Teatrında işləyən böyük rejissorlar - A.İvanov, A.Tuqanov, D.Qutman ilə birlikdə teatr bir tribunaya çevrilirdi - bu tribunda doğruluq, qərəzsizlik və təmizlik idealları təriflənirdi. Öz axtarışlarında teatr əsasən milli dramaturjisinə əsaslanaraq Azərbaycan səhnə incəsənətinın sonrakı inkişafı üçün münbit mənbə yaratmışdı. M.Əfəndiyevə, məsələn, Meyerxoldun səhnə prinsipləri yaxın idi (Meyerxold yaradıcılığına müasir tematikaya, həyat kolliziyaları və mübarizəsi ilə bol olan insanın daxili aləminin açılmasına və xalq teatrının elementlərinə müraciət xas idi), ancaq bəzən onun da estetik əsasları ilə o razılaşmırdı. O, "Proletar teatrosu uğrunda" kitabında yazırdı: "İnsanlar memarlıq abidələri və predmetləri deyil, canlı cisimdirlər, onlar səhnədə yaşamalı, hərəkət etməli, ansamblı aktiv yaradıcı hərəkətə cəlb etməlidirlər". M.Əfəndiyevin bir çox məqaləsi Nuri Nuriyev təxəllüsü ilə yazılmışdır. Adın seçiminə diqqət yetirmənizi istərdim! Bəzi xadimlər qorxudan adlarını gizlədirdisə, atam diqqəti cəlb etməmək üçün başqa adla çıxış edirdi.

Atamın arxivində onun özünün topladığı atalar sözləri, tapmacalar, bayatılar, xalq oyunları vardır. Onun çap olunmamış "Azərbaycan xalqının tarixi keçmişi" məqaləsi dərin məzmunu ilə seçilir.

Azərbaycan Nazirlər Kabinetinin 4 avqust 1994-cü il qərarı ilə İstiqlaliyyət küçəsi, 41-də görkəmli teatrşünas, dövlət xadimi, yazıçı Məmmədsadıq Mirzə Əhməd bəy oğlu Əfəndiyevə memorial lövhə qoyulması barədə qərar verildi. Ancaq bir sıra səbəblərdən bu, icra edilməmişdir. Yalnız Azərbaycan Respublikasının Prezidenti, hörmətli İlham Əliyev və Mədəniyyət nazirinin səyləri nəticəsində 2008-ci ildə memorial lövhə qoyuldu.

Ailəmiz hökumətimizə M.Əfəndiyevin xatirəsini əbədiləşdirdiyi üçün təşəkkürlərini bildirir. Mən öz tərəfimdən atamın xatirəsini əbədiləşdirmək üçün əlindən gələni əsirgəməyən Xalq yazıçısı Anara təşəkkürlərimi bildirmək istəyirəm. İndi şəhərimizin mərkəzi küçələrindən biri atamın adını daşıyır.

Atam özündən sonra zəngin irs qoymuşdur. Bu irsin uzun illər millətimizin könlündə yaşayacağına ümid edirəm.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!