Rəsulzadə bizim üçün Vətən mehrabı qurdu... - Azər TURAN yazır

Haqqında söz demək Paşinyanlara düşməz...

Azər TURAN

 

1936-cı ildə faşist Benito Mussolini Türkiyədən Antalyanı istədi. Antalya sevdası ilə Atatürklə görüşən italyan səfirinin qarşısına Qazi Mustafa Kamal marşal uniforması ilə çıxdı. Yəni Antalyanı istəyirsənsə, buyur, cəsarətin çatırsa türk ordusu ilə savaş və ala bilirsənsə al.

O zaman 31 yaşlı Nihal Atsız Benito Mussolinini savaşa dəvət edən "Dəvətiyyə" şeirini yazmışdı.

Biz güləriz germenlıyın quduruşuna.

Tanıyoruz Attiladan bəri Germeni,

Farklımıdır prusyalı, yaxud ermeni?

Sənin dostun Cermanyaya biz Nemsə deriz,

Bir gün yenə Bec önündə düyün edəriz.

Nihal Atsız "Dəvətiyyə" şeiri ilə bütün türklüyün qayəsini və iradəsini ortaya qoydu. Şeir italyan tarixinin ilk və son faşist təmayüllü liderinə qarşı yazılmış olsa da, altında bir türk milliyyətçisinin imzası dayanır. "Dəvətiyyə" həm də bütün türk dünyasında faşizmə qarşı yazılmış ilk şeirdir...

Amma bu yazını yazmağıma səbəb, təbii ki, Nihal Atsızın "Dəvətiyyə"sinin doğurduğu intibalar deyil. Səbəb Paşinyanın Məhəmməd Əmin Rəsulzadəyə dil uzatmasıdır. Nihal Atsızın faşizmə qarşı yazdığı şeirindəki bu misralar da o səbəbdən yaddaşımı səksəndirdi: "Farklımıdır prusyalı, yaxud ermeni?". 1936-cı ildə Atsız faşizmin iki qaynağını bir yerdə xatırladırdı.

Bu gün Paşinyanın Rəsulzadəyə atdığı iftira vaxtilə Stalinin erməni ideoloqlarının Zəki Vəlidi Toğana atdıqları iftiradan heç fərqlənmir. Zəki Vəlidini də Hitlerin "müsəlman məsələləri üzrə xüsusi müşaviri" kimi şərləyirdilər. Amma Zəki Vəlidi "Avropadakı irqçiliyin, hindo-germenlerini bir müasir mütləqiyyətə, Düçe (Mussolini) və Fürer (Hitler) sisteminə əsas qılmaq fikriylə irəli sürülmüş olduğunu və bunun türk millətinin ruhuna uyğun gəlmədiyini" - yazmışdı. Rəsulzadənin çevrəsində olanlar belə düşünürdü.

Görünür, Paşinyanın ideoloji məsləhətçiləri tarixi sona qədər bilmir. 1942-ci ilin yanvarında Türkiyənin milliyyətçi çevrələrində təkcə Azərbaycan türklərinin deyil və təkcə Almaniyada deyil, Rusiya da daxil olmaqla bütün dünyadakı mühacir türklərin hüquqları uğrunda çalışacaq bir Mərkəzin yaradılması və Məhəmməd Əmin Rəsulzadənin də həmin Mərkəzin lideri olaraq tanınması müzakirə olunurdu. Məhəmməd Əminin həmin Komitədə, dediyim kimi, təkcə Azərbaycanın deyil, Krım, Türküstan, Kazan, Şimali Qafqaz türklərinin lideri kimi tanınması nəzərdə tutulmuşdu və bütün bu məsələlər İkinci Dünya müharibəsində hədsiz siyasi həssaslığı ilə seçilən Türkiyə dövlətinin nəzarətindəydi. Ən azı, marşal Fevzi Çakmak, hakim Cümhuriyyət Xalq Partiyasının başqanı Memduh Şevkət Əsəndal bütün bu məsələlərlə bağlı ətraflı bilgiləndirilmişdi.

Bu, Məhəmməd Əmin fenomeninin yalnız Azərbaycanla məhdudlaşmadığını, daha böyük çevrələri qapsadığını təsdiq edən faktlardan biridir. Hələ Türkiyədəki bu müzakirələrdən on yeddi il əvvəl 1925-ci ilin 20 mayında Rəsulzadənin İstanbulda Yerəbatan Sarnıcı yaxınlığındakı evində Zəki Vəlidi Toğanla Əmin bəy səhərə qədər söhbətləşmişdilər, mayın 28-də isə İstanbulda azərbaycanlı mühacirlərin iştirakı ilə keçirilən Cümhuriyyət günündə Zəki Vəlidi çıxış edib, "Başqırdıstan və Türküstan muxtariyyət və istiqlal hərəkatlarının Müsavat firqəsi proqramında yazıldığını şükranlıqla" anmışdı...

Görünür, Paşinyan bilmir ki, vaxtilə Hitlerin "Şərq məsələləri üzrə müşaviri" kimi şərlədikləri Zəki Vəlidinin heykəli bu gün təkcə İstanbulda deyil, eyni zamanda Peterburq Universitetinin həyətində ucalır... Çünki Zəki Vəlidi də, Məhəmməd Əmin Rəsulzadə də Qaregin Nijdeyə bənzəməyiblər. Bir millətin Andranik kimi qulağıkəsik qəhrəmanı olmayıblar, Leninin yanında Şaumyan, Stalinin yanında Mikoyan olmayıblar. Nə vaxtsa körpələri süngüyə keçirməyiblər, adamları yerindən-yurdundan didərgin salmayıblar, başqasının torpağını qamarlamaq uğrunda deyil, öz istiqlallarını qazanmaq uğrunda çarpışıblar. Azərbaycanda, Başqırdıstanda milli dövlət qurublar, Vyanada, İstanbulda kitabxanaların sakit hücrələrinə çəkilib Vətən və Tarix kitabları yazıblar. 

Türkçülük ideologiyası böyük Şərə qarşı böyük Xeyri qoyur. Elə bu səbəbdəndir ki, 1918-ci ilin mayında Tiflisdən Ənvər Paşaya yazılmış bir məktubda "erməniliyin təşəkkülü üçün buraxılan yerlərin qəzalarında əksəriyyət müsəlmanlardır" - deyə bildirilirdi. Yəni Ermənistan dövlətinin varlığına görə də, içi Paşinyan qarışıq bütün erməni xalqı böyük Şərə qarşı böyük Xeyirlə qarşılıq verən və əzəli Azərbaycan torpaqlarında erməni dövlətinin yaranmasına müsaidə edən Azərbaycanın milliyyətçi aydınlarına minnətdar olmalıdırlar.

1955-ci il martın 6-da çəkilmiş bir şəkil var. Nihal Atsız Ankarada Əsri məzarlığında Rəsulzadənin cənazə törənindədir. Dövrün bütün türk böyükləri kimi, o da Əmin bəyin ölümünü Azərbaycan dövlətinin qurucusu olan bir insanın ölümü olaraq qarşılayıb. 1944-cü ildə başına müsibətlər açılanda müstəntiqin ona verdiyi suallardan biri Azərbaycanla bağlı olmuşdu. Nihal Atsıza görə, "Azərbaycan Türkiyəni quran türklərin ilk yığınaq bölgəsiydi. Anadolu, İraq və Suriya buradan irəliləməklə vətən qılınmışdı. XIII yüzildə Xorasandan Akdənizə qədər uzanmış Böyük Türkiyəni idarə edən Elxanlıların mərkəzi bölgəsi Azərbaycandı. Quzeyi rus, güneyi əcəm əlində qalmış olan Azərbaycan... qırğınla, kültürlə və hiyləylə yox edilmək istənməsinə rəğmən böyük bir diriliklə dirənməkdə və güclənməkdədir... Böyük keçmişi və mədəniyyəti olan böyük millətlər necə olsa zincirlərini qırarlar. O gün umulmaz dərəcədə yaxın da ola bilər. İstək və inanc hər çətinliyi devirir. İnanalım və bəkləyəlim".

Üstündən 55 il keçəndən sonra Nihal Atsızın istiqlalını bəklədiyi bağımsız Azərbaycandan gedib mən də Ankarada Rəsulzadənin həzin və mütəvazi məzarını ziyarət etdim. Atsızın dayandığı yerdə dayandım. Dörd sütunun üstündə balaca bir günbəz yapılmış, günbəzvari tikilinin içəri üzündə "bir kərə yüksəlib bir daha enməyən Azərbaycan bayrağının təsviri çəkilmişdi. Sinə daşında da Əmin bəyin sözləri: "Cümhuriyyətimiz milli və demokratik dövlətçilik zəminində, müasirliyi əsas almışdır. Bu nöqteyi-nəzərdən tarixdəki ilk türk cümhuriyyətidir".

Paşinyanın anlamadığı bir məqam var. Rəsulzadə heç vaxt faşist cəbhəsini təmsil etməyib. Amma, eyni zamanda o, İstiqlalsız bir Azərbaycanı da təsəvvürünə gətirə bilməyib. Azərbaycan sevgisini heç kəsə, heç doğma övladlarının taleyinə də güzəştə getməyib. Nəinki övladlarına, hətta təmsil elədiyi siyasi təmayülə də bu sevgini qısqanıb. "Azərbaycan dövri-istiqlalına bolşeviklər müsavat dövrü deyirlər. Fəqət xalq bu dövrə Azərbaycan dövrü deyir". Azərbaycan dövrü Rəsulzadə üçün ailə səadətindən, övlad sevgisindən də üstün olub. Oğlu Rəsul 1937-ci ildə güllələnib, xanımı Ümmülbəni sürgünlərdə ölüb. Qızı Lətifə şaxtadan və aclıqdan dünyasını dəyişib, kiçik qızı Xalidə itkin düşüb...

Rəsulzadə Dəccala qarşı milli məhşər hərəkatımızın yaradıcısıdır.

Azərbaycan siyasətində milli mehdilik düsturunun qurucusudur.

Azərbaycanda Marat öfkəsinə qarşı dirəniş fəlsəfəsinin banisidir.

"Siyasi nəzəriyyələri və professional ixtilafları şəxsi ixtilaflara çevirməyin. Bir-birinizin canına düşüb düşmənə məsxərə olmayın...". Bunu 34 yaşlı Rəsulzadə demişdi.

Bu da onun sözləridir: "Öz hakimiyyət və istiqlalının qədrini bilməyən xalq cənabi-haqqın qəzəbinə gələr".

Allahın qəzəbinə gəlməmək üçün təkcə Rəsulzadəni sevməklə yetinməməliyik, eyni zamanda öz hakimiyyət və istiqlalımızın qədrini bilməliyik...

Erməni ideoloqları yəqin, bilirlər ki, Məhəmməd Əmin Rəsulzadəyə görə, Nizaminin qəhrəmanı Şirinin yaşadığı torpaq Əfrasiyab övladlarının yurdudur. Nizamidə Xəzər dağlarından Çin suyuna qədər bütün yerlər, o cümlədən Ərmən də (bugünkü Ermənistan) türk Əfrasiyabın - Alp Ər Tonqanın torpaqlarıdır. Xəzər dağlarından (dənizindən deyil, Qafqaz dağlarından) Çin suyuna qədər torpaqların Əfrasiyab övladlarına aid olması səbəbilədir ki, sonradan məskunlaşdıqları Turan torpaqlarında özlərinə vətən "qurmaq" istəyən haylar (Paşinyanın rəhbərlik etdiyi dövlətin humanitar institutları) öz yapma tarixlərini "yaratmaq" üçün indi də Firidunu haylaşdırır - Tiqranlaşdırırlar. Nə etdiklərini bilirlər. "Şahnamə"də Firidunun üç oğlu var: Tur, Səlm və İrəc. Səlm - Firidunun böyük oğludur. Fərat çayının qərbi - Ərəbistan torpaqları ona verilmiş və Səlm Sami qövmlərin (ərəblərin, yəhudilərin) atası olmuşdur. Tur - Firidunun ortancıl oğludur. Atasından Turan torpaqlarını miras alıb. İrəc isə Firidunun kiçik oğludur. İran torpaqlarının sahibidir. Firidunu Tiqranlaşdırmaq cəhdinin altındakı məna budur. Necə ki, faşizm məktəbi ifrat şovinizmi təlim edir.

Olsun. Amma biz Rəsulzadənin sözlərini unutmuruq: "Məzlum ahı ovunmaz, necə ki, Kərbəla zülmü ovunmur. Zalım əbədi olmaz, necə ki, Zöhhakın zülmü olmadı. İstiqlal nəşəsi fədailər yetişdirir, necə ki, milli Türkiyə yetişdi. Fikir öldürülməz, necə ki, Fironun arslanları xristianlığı parçalaya bilmədi. Abidə iman yanmaz, necə ki, Nəmrudun atəşi İbrahimi yaxa bilmədi".

Ankarada Əsri məzarlığının ikinci darvazasından keçib mütəvaze türbəsi önündə ruhuna fatihə göndərirkən düşündüm ki, torpağa toxum əkməyə nə var. Hünər tarixə vətən əkməkdir. Əmin bəy Tarixə Vətən əkib, əkdiyi Vətəni Cümhuriyyətə döndərib.

"Abidə iman yanmaz, necə ki, Nəmrudun atəşi İbrahimi yaxa bilmədi"

Qarşıdan 28 May gəlir...

Nəmrudun odunu 28 Aprelə, İbrahimin imanını isə 28 Maya bənzədirəm. Əsarət bütpərəstin, istiqlal Allah sevdalısının haqqıdır.

Məhəmməd Əmin Rəsulzadə bizim üçün Vətən mehrabı qurdu... Haqqında söz demək Paşinyanlara düşməz...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!