Nofəl AĞAMALI: “Atam heç vaxt şəhər adamı ola bilmədi”

 

"Varislər"in növbəti qonağı Azərbaycan milli azadlıq hərəkatı fəallarından biri, yaddaşlarımızda öz kəskin qələmi ilə keçmiş SSRİ-nin siyasi rəhbərlərini tənqid etmiş insan kimi yaşayan mübariz jurnalist, ilhamlı şair, istedadlı yazıçı, ictimai xadim Ağamalı Sadiq Əfəndinin varisi, hüquqşünas, qazi Nofəl Ağamalıoğludur.

Qazaxın İncə dərəsi mistik yerdir, deyirlər. Böyük yaradan burada dünyaya gəlmiş insanlara yaradıcı ilham paylamağa qəti xəsislik etməyib. Və həm də deyirlər ki, İncə dərəsində saza-sözə sevgi hər dünyaya gələn körpə ilə yenidən doğulur.

İncə dərəsindən üzü şəhərə...

Ağamalı Sadiq Əfəndi 1947-ci ilin yazında Qazaxın İncə dərəsi deyilən obasında, Qaymaqlı kəndində, elin sayılıb-seçilən ağsaqqallarından biri olan Əhməd kişinin ailəsində dünyaya göz açmışdı. Orta məktəbi bitirdikdən sonra əksər gənclər kimi səadət axtarışı ilə Bakıya üz tutmuş, sonra yeni salınmaqda olan Sumqayıtın zavodlarından birində elektrik montyoru işləmişdi. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini davam etdirən gənc Ağamalı bu ali təhsil ocağında dövrünün görkəmli pedaqoqlarından olan Mir Cəlal Paşayevdən, Şirməmməd Hüseynovdan, Asif Əfəndiyevdən, Aydın Əbilovdan dərs almışdı. Ağamalı Sadiq Əfəndi millət təəssübkeşi, vətən sevdalısı idi. Azadlıq meydanında milyonlarla insanın qarşısına çıxıb SSRİ rəhbərlərinin yarıtmaz, antitürk fəaliyyətini kəskin tənqid edəndə də, qara sazı sinəsinə sıxıb "Ruhani" çalanda da ağlında yalnız vətən vardı.

Unudulmaz Ağamalı Sadiqin varisi Nofəl Ağamalı oğlu ilə yaşadığı Xırdalan şəhərində yox, dünyaya gəldiyi Sumqayıtda görüşdük.

- Ağamalı Sadiq Əfəndi Qazaxın məşhur İncə dərəsindən - Qaymaqlıdan özü ilə Bakıya nə gətirmişdi?

- Maraqlı sualla başladınız, amma cavab verməzdən əvvəl bu layihədə atama yer ayırdığınız üçün "Ədəbiyyat qəzeti"nin bütün yaradıcı heyətinə, baş redaktor Azər Turana və sizə təşəkkür etmək istəyirəm.

Təsadüf elə gətirdi ki, atamın İncə dərəsindən gəlib bir müddət yaşadığı, işlədiyi, ailə qurduğu şəhərdə görüşdük. Məncə, burada nəsə mistik və simvolik bir məna var, çünki mən də atam kimi, Sumqayıta çox bağlıyam və yəqin, yaxın zamanlarda yenidən bu gözəl şəhərin sakini olacağam. Sualınızın cavabına gəlincə, atam gələrkən özü ilə İncə dərəsinin saflığını, məsumiyyətini, halallığını, səmimiyyətini gətirmişdi və ömrünün sonuna qədər də bu keyfiyyətlərini qoruyub saxladı.  

- Qazaxda doğulub şair olmamaq, sazı-sözü sevməmək mümkün deyil. Uşaqlıq illərindən, kənddə yaşadığı vaxtlardan nə danışırdı sizə?

Atam"Ögey ana" filmindəki İsmayıl kimi idi

- Atamın uşaqlıq illəri zaman baxımından mürəkkəb dövrə təsadüf edib. Bir anlıq təsəvvür edin də, Böyük Vətən müharibəsindən sonrakı Azərbaycan kəndi. "Qara kağız"ların qapı-qapı gəzdiyi günlər hələ unudulmayıb. Hələ müharibənin vurduğu yaralar təzədir, hələ ər itkisi, oğul, ata itkisi təzədir. Hələ gözü yolda olan qız-gəlin var. Və hələ haradasa yol azan, ləngiyən, gec qayıdan, kiminsə itkin bildiyi, öldü bildiyi insanlar var. Babam Əhməd əfəndi qırx ilə yaxın Qaymaqlıda sovet sədri işləyib. Məşhur "Tütək səsi" filmindəki Qılınc Qurban kimi bir adam olub, amma tale elə gətirib ki, atam kiçik olanda babam həyat yoldaşından ayrılıb və Qori seminariyasının ilk məzunlarından olan Pəri nənəmlə ailə qurub. Pəri nənəm ziyalı və müdrik qadın idi, heç vaxt ailəyə ögeylik hiss etdirməyib. Atam "Ögey ana" filmini və filmin qəhrəmanı İsmayıl obrazını çox sevirdi. Özü heç nə deməsə də hiss edirdik ki, hər dəfə bu filmə baxanda öz uşaqlığını xatırlayır. Obrazlı deyək də, ailədə əhatə olunduğu sevgiyə, diqqətə baxmayaraq, orta məktəbi bitirdikdən sonra pencəyini çiyninə ataraq Sumqayıta gəlib. Burada Superfosfat zavodunda elektrik montyoru işləməyə başlayıb. O, mükəmməl elektrik idi, evdə bütün belə işləri özü görürdü. Anam Nabat xanımla da elə zavodda işləyərkən tanış olub. Bir müddət Sumqayıtda kirayədə yaşayıblar və mən də Sumqayıtda dünyaya gəlmişəm.

- Nofəl, atan sənin uşaqlıq yaddaşında necə qalıb? Bildiyimə görə, səninlə qardaşın Orxan arasında xeyli yaş fərqi var. Uzun müddət ailədə övlad missiyası təkbaşına sənin üzərinə düşüb.      

- Hətta atamın tələbəlik illəri də uzaq xatirə kimi yaddaşımdadır. 4-5 yaşım vardı, hərdən məni də özü ilə universitetə aparırdı. Düz qeyd elədiniz, Orxanla aramda 12 ildən artıq ara var. Atam mükəmməl saz ifaçısı olduğu üçün o dövrdə elə bir universitet tədbiri olmazdı ki, orada çıxış eləməsin. Bu keyfiyyətlərinə görə də sevilirdi. Amma o, mənim yaddaşımda öz kitabxanasına çəkilib mütaliə etdiyi zaman qalıb. Zəngin kitabxanası vardı, bacardığım qədər o kitabxananı qoruyub saxlamağa və kitabların sayını artırmağa çalışdım ondan sonra da. Mənə də kitab oxuyurdu: nağılları, dastanları həm oxuyurdu, həm də izah edirdi, alt mənasını başa salırdı. Təsəvvür edirsinizmi, mənim dünya ədəbiyyatı ilə tanışlığım V.Hüqonun "Səfillər" romanı ilə başlayıb və bunu mənə atam məsləhət bilib. Rus nəsrini də atam mənə sevdirib. Tolstoyu, Dostoyevskini, Bulqakovu tanımağım üçün atam bələdçilik edib mənə. Çox güclü mütaliəsi vardı, az qala dünya ədəbiyyatının harasından desən xəbər verirdi.              

Heç vaxt şəhər adamı ola bilmədi

- Kənd uşaqları nə qədər şəhərdə yaşasalar da, şəhərdə yaşamağa məhkum olsalar da, kəndin səmimiyyətini, saflığını itirə bilmirlər. Şəhərdə başqa mühitdir, başqa auradır. İndi inteqrasiya gedib, az qala kəndlə şəhər bir-birinə qarışıb, amma ötən əsrin yetmişinci illəri başqa cür idi. Çox vaxt rayon uşaqları şəhərə sığışa bilmirdilər. Mənim şəxsən Ağamalı Sadiq Əfəndi ilə yaxın münasibətim olmayıb, amma onun dostlarını tanımışam: Allah cansağlığı versin Məmməd İlqara, ruhları şad olsun Akif Səmədin, Məmməd Dəmirçioğlunun. Bu adamlar da şəhərdə yaşayırdılar, amma kəndin havası başlarından çıxmamışdı...

- Çox dəqid müşahidədir. Atam da elə idi, İncə dərəsinin havası ilə yaşayırdı. Təsəvvür edirsinizmi, bir azca işdən-gücdən başı açılan kimi, vaxt tapan kimi tələsirdi kəndə. O dağların havası, bulaqların sərinliyi ruhundan çıxmırdı. Məhz bu səbəbdən təbiətə həsr etdiyi onlarca şeiri var. Atam çox sədaqətli adam idi, dosta, ailəyə, yaxınlarına tükənməz sevgi ilə yaşayırdı. Kənddə cəmi 17 il yaşamışdı, ömrünün qalan 31 ilini şəhərdə keçirmişdi, amma heç vaxt şəhər adamı ola bilmədi.

- Bəs siz necə? Sən, Orxan şəhər uşağı ola bildinizmi, yoxsa Ağamalı Sadiq Əfəndinin ruhu ilə, genetik şəkildə ötürülən kodlarla onun kimi kəndə, torpağa bağlı qaldınız?

- Bəli, deyərdim ki, heç biz də düz-əməlli şəhər uşağı ola bilmədik. Atamın genetik şəkildə bizə ötürdüyü keyfiyyətlərə görə səmimi, saf, böyüdüyümüz şəhər mühitinə görə isə qətiyyətli, mübariz yaşadıq. Uşaqlıqda yay tətillərini Qaymaqlıda keçirirdim, kəndimizin bütün ağsaqqallarını, tay-tuşlarımı tanıyıram və hələ də kəndlə əlaqəmiz öz formasını, məzmununu dəyişməyib. 

Sünnət toyu adı altında təsis konfransı

- Ağamalı Sadiq Əfəndi peşəkar jurnalist kimi, ilhamlı şair, maraqlı yazıçı kimi xatırlanır, bu, öz yerində, amma o, daha çox yaddaşlarda milli azadlıq hərəkatı üzvü kimi qaldı. Hətta 1989-cu ildə azadlıq  hərəkatının təsis yığıncağı qardaşınız Orxanın kiçik toyu adı ilə keçirilmişdi. Hələ sovet DTK-kası "sağ" idi, imperiya ayaqda durmaq üçün hər şeyi əzib keçməyə köklənmişdi...

- Çox doğru qeyd elədiniz, hətta bəzən fikirləşirəm, ağlıma sığışdıra bilmirəm, bu məsuliyyəti öz üzərinə götürməklə atam nə qədər böyük riskə gedib. Təsəvvür edirsiniz, adamlar toy adı ilə həyətimizdəki xeyir-şər evinə toplaşır, amma hərənin qoltuğunda bir qovluq var. Xəbər eləmişdilər lazım olan yerlərə, atamı çək-çevirə saldılar, amma sona qədər bütün məsuliyyəti öz üzərinə götürdü. Bəxti bir şeydə gətirmişdi: DTK-da işləyən bəzi adamlar artıq siyasi vəziyyətin dəyişdiyini hiss edirdi, milli azadlıq hərəkatının, ziyalı, tələbə hərəkatının qarşsıalınmaz olduğunu anlayırdılar. Bəlkə də buna görə həbs etmədilər onu. Bilirsiniz, məncə, bugünkü müstəqilliyimiz elə o günlərdən, o təzyiqlərdən, o təqiblərdən keçərək əldə edildi.

Kiçik bir haşiyə: "Qladiator" filmini xatırlayırsınız, yəqin?! Mən Ağamalı Sadiqi həmin filmin qəhrəmanı, general Maksimusa bənzədirəm. Evdə söhbətlərimiz olurdu və bircə dəfə olsa belə, onun dilindən hər hansısa iddia, hərəkata bu və ya digər məqsədlə qoşulmaqla bağlı fikir eşitmədim. Həmişə deyirdi ki, bu mənim vətəndaş borcumdur, vətənim qarşısında oğul borcumdur. O da qladiator idi və onun da qoşulduğu mübarizədə qaydasız döyüşlər gedirdi. Bütün inqilablar tarixi şərait yetişdikdən sonra baş verir, o dövrdə bu tarixi şərait yetişmişdi və məncə, həmin tarixi şəraitdə mübarizə aparmaq o nəslin üzərinə düşmüşdü.

SSRİ Müdafiə nazirinə kəskin sözlər

- Nofəl, 20 Yanvar faciəsindən dərhal sonra Ağamalı Sadiq Əfəndi cəsarətli bir jurnalist kimi diqqət mərkəzinə gəldi. O vaxt hələ hakimiyyətdə olan SSRİ rəhbərlərini, başda qoşunların Bakıya girməsi əmrini vermiş marşal Dmitri Yazovu kəskin ittihamlarla suçladı. Belə məqalələrindən biri "Yazov, sənin anan olubmu?" başlığı ilə mətbuata çıxmışdı və əl-əl gəzirdi. Həmin məqaləni xatırlayıram. Yazova cəllad, başıpozuq qoşun başçısı kimi ibarələrlə müraciət edirdi. Bakıda fövqəladə vəziyyət idi. Sovet ordusu əsgərləri küçələrdən çəkilməmişdi. Fövqəladə vəziyyət qaydalarına görə, min cür ad qoyub istənilən adamı küçənin ortasındaca güllələyə bilərdilər. Aydındır, özü bu yolu seçmişdi, bəs sizə, ailəsinə görə narahat olmurdumu? Bu kəskin fikirlərə görə cəza verdilərmi ona?

- Maraqlı sualdır. Təbii ki, cəzasız ötüşmədi. Atamı dəfələrlə DTK-nın ovaxtkı Kirov rayon (Binəqədi rayonu) şöbəsinə çağırdılar. Hədə-qorxu gəlirdilər, sıxışdırırdılar. Yaxın adamlarımız "Dəyərmi?!" soruşurdular ondan və atam: "Biz övladlarımıza qaniçən bir imperiyada kölə kimi yaşamağı miras qoya bilmərik", - cavab verirdi.

Hər səhər evdən çıxanda ailəsi ilə vidalaşırdı

Təkcə Yazov deyildi onun hədəfində. SSRİ rəhbərlərinə ittihamla dolu onlarca o cür kəskin yazısı var. Hətta elə yazıları vardı ki, meydanlarda xüsusi bülleten kimi, vərəqələr şəklində insanlara paylanırdı, əl-əl gəzirdi. SSRİ prezidenti M.Qorbaçova ünvanlanmış yazıları da vardı. Məsələn, "Görək bu oyundan Mişa necə çıxacaq?"  yazısında Qorbaçovun siyasi fəaliyyətini dəqiqliklə təhlil eləmişdi. O dövrdə kitablarının çapına qadağa qoyulmuşdu. Nəşriyyatda redaktor işləmişdi, planda olan kitabları vardı, hamısının çapını dayandırmışdılar. Yəni, belə deyək də, adı DTK-nın "qara dəftər"inə düşmüşdü və hər səhər evdən çıxanda bizimlə vidalaşırdı.

- Milli azadlıq hərəkatının ən üzdə olan simalarından biri idi. Sözü hərəkat yoldaşları arasında keçirdi, onunla hesablaşırdılar. Artıq siyasi jurnalistikada öz sözünü deyə bilmişdi və s. Bunlar öz yerində, amma Ağamalı Sadiq Əfəndi şair idi axı. Ruh adamı idi. Məncə, onun bu siyasi fəaliyyəti şair Ağamalını ruhunun bətnində dəfn etmiş, yerində siyasətçi Ağamalı doğulmuşdu. Yaza bilmədiyi şeirlərin, povestlərin təəssüfünü yaşayırdımı? Bəlkə də siyasi hərəkata qoşulmasaydı bir kitabı yox, onlarca kitabı çap olunardı. Bəlkə də, milli azadlıq hərəkatı öncülü kimi yox, daha çox ilhamlı bir şair kimi qalardı tarixdə...

- Çox doğru deyirsiniz. Bilmirəm bu cür ifadə etsəm nə qədər uğurlu səslənər, amma ağlımdan keçirdiyim kimi deyəcəyəm: o, ədəbiyyatdan doymadan, nakam getdi. Çünki bütün varlığı ilə ədəbiyyat adamı idi. 1993-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında Ağamalı bəyin yaradıcılıq gecəsi keçirilmişdi. Gözəl bir tədbir oldu. Ədəbiyyat, sənət, elm adamları iştirak etmişdi həmin tədbirdə. Xalq yazıçısı İsmayıl Şıxlının çox maraqlı çıxışı olmuşdu. Həmin tədbirdə atamı həm də bir ədəbiyyat adamı kimi özüm üçün kəşf etdim, amma bircə dəfə də olsa siyasətə qatılmağı ilə bağlı təəssüf hissi keçirdiyini nə hiss etdim, nə də onun öz dilindən nəsə eşitdim. Bütün varlığı ilə özünü Azərbaycanın müstəqillyi uğrunda mübarizəyə həsr etmişdi. SSRİ-yə sonsuz nifrəti vardı. Bəlkə də, yaşadığı 48 ildə ən çox SSRİ-nin süqutuna sevinmişdi atam. Bu sistemi qətiyyətlə rədd edirdi. Elə bu nifrətin göstəricisi idi ki, 20 Yanvar hadisəsindən sonra SSRİ Yazıçılar İttifaqı üzvlüyündın imtina etmiş, vəsiqəsini cırıb atmışdı.

Təpədən dırnağa qədər irfan adamı

- Nofəl, bir qədər əvvəl də qeyd elədik, Ağamalı Sadiq İncə dərəsinin havasını udmuş, o bulaqların suyundan içmişdi. Mən o mübarək torpağın aurasını incəli dostlarımın davranışından, həyat tərzindən hiss etmişəm. Oralar hürufi ruhaniyyətinə, sufi təfəkkürünə, irfan mədəniyyətinə köklənirlər. Ağamalı Sadiq Əfəndi necə, İncə dərəsinin bu mistik ab-havasına köklənə bilmişdimi? O, nə qədər irfan adamı idi?

- Çox... Təpədən dırnağa qədər irfan adamı idi. Ümumiyyətlə, islamda fərqli dini təriqətlər, yollar mövcuddur. İncə dərəsində də belə təriqətlər, yollar var. Bizdə Şimali Qafqazdakı təriqətə - nəqşibəndiliyə meyil daha böyükdür. Bildiyiniz kimi, söhbət müridizmdən gedir. Yəni bu təriqəti, bu qolu, bu yolu tutanlar özlərini Mir Həmzə Seyid Nigarinin müridləri hesab edirlər. Bu, bir fərqli həyat tərzidir. Maddi dünyadan uzaqlaşmaq, mənəvi dünyaya, ruh dünyasına qovuşmaq kimi tələbləri var bu cərəyanın. Təbii ki, bu, kamil insan qarşısında duran tələblərdir və hər kəsin o kamilliyə qovuşması mümkün deyil. Amma təsəvvür edirsinizmi, elə insanlar var. Bu gün də İncə dərəsində o cür həyat tərzini seçən, özünü bütün dünyəvi hisslərdən məhrum edən, yalnız öz HƏQQinə qovuşmaq üçün yaşayanlar var. Atamla bu barədə uzun-uzadı söhbətlərimiz olurdu. Hacı Mahmud Əfəndi Qərani və onun yaxın dostu Seyid Yasin Əfəndi Qərani haqqında danışırdı. Onun bu cür söhbətlərindən doymurdum. Təsəvvür edirsinizmi, onun uşaqlığı, yeniyetməliyi dərviş təkkələrində keçmişdi. Bu, bir başqa dünyadır, kaş Ağamalı bəy indi sağ olaydı və özü danışaydı hər şeyi. Mənə də deyirdi ki, babalarımızın yolunu öyrənim, maraqlanım bu şeylərlə. Təkcə dini baxımdan yox, daha çox mənəvi nöqteyi-nəzərdən insanın formalaşmasında, kamilləşməsində bu cür təriqətlərin rolu əvəzsizdir. Təsəvvür edirsinizmi, elə irfan sahiblərindən hər hansı biri ilə bircə saat söhbət eləmək insanı nə qədər təmizləyir, saflaşdırır. Bəlkə də, İncə dərəsinin mistikası elə buradan irəli gəlir. Deyərdim ki, müəyyən mənada Ağamalı Sadiq Əfəndi özü də artıq mürşid kimi formalaşmışdı.

- Ədəbiyyatda kimi sevirdi, kimin həyatını, əsərlərini örnək kimi götürürdü. Kimi çox oxuyurdu?

İrfanla türkçülük arasında ortaq nöqtə

- Məhəmməd Hadinin və Cavid əfəndinin həyatı, yaradıcılığı onun üçün ədəbiyyatın zirvəsi idi. Atam irfan mədəniyyəti ilə türkçülük təfəkkürü arasında ortaq bir məqam tapmışdı və özü həmin o xətt üzrə yaşayırdı. Yaradıcılığında Hadiyə və Cavidə istinadlar çoxdur. Sovet dövründə bu məzmunlu bir neçə şeirinin çapına qadağa qoyulmuşdu. Bilirsiniz də, o dövrdə türkçülük adı gələndə adamı topa tuturmuşlar. Bu insanlar həm də bizim türkçülüyümüzü geri qaytarmaq missiyasını öz üzərinə götürmüşdülər. Onların ən böyük amalı bir gün bütöv Azərbaycan uğrunda mübarizə aparmaq idi. Təkcə son 1988-ci ildən sonra başlayan hadisələr, Qarabağ savaşı deyildi onları düşündürən, əsrlər boyu Azərbaycanın itirdiyi torpaqların geri qaytarılması, üçrəngli bayrağımızın əzəli Azərbaycan ərazilərində dalğalanması idi onun arzusu. Və mənə elə gəlir ki, atalarımızın müqəddəs ruhu bir gün bizi, övladlarımızı o böyük arzulara qovuşduracaq. Əli Kərimin şeirlərini sevirdi. Əlağa Kürçaylının oğlu Ülfət gəlib-gedirdi bizə. Belə...

- Nofəl, ailədə iki uşaq olmusunuz, sən və səndən kiçik qardaşın Orxan. Bütün ailələrdə belədir də, balaca gələndən sonra böyüklər bir qədər "oyundankənar vəziyyət"də qalırlar. Orxanın gəlişindən sonra vəziyyət necə idi evdə, yavaş-yavaş oyundan çıxarılmaq səni qısqandırmırdı?

- (Gülümsəyir). Mən də balacaydım da, 13 yaşım tamam olmamışdı hələ. Əlbəttə, Orxanın dünyaya gəlməsi ilə mənim evdəki "hökmranlığım" bitdi. Atam da, anam da daha çox ona vaxt ayırırdılar, çünki o, balaca idi və daha çox diqqətə ehtiyac duyurdu. Yox, elə fövqəladə qısqanclıq yox idi, amma etiraf edim də, Orxan doğulandan sonra mən böyüdüm.   

- İxtisasca hüquqşünassan, bir müddət daxili işlər orqanlarında zabit kimi fəaliyyət göstərmisən, Qarabağ uğrunda savaşlarda iştirak edib qazi olmusan... Bir də, imkan varsa, bir az atanın dostları haqqında danış. Bu dostluqlar indi də davam edirmi?

Qazilik... Şərəf və borc

- Çiynimdə müstəqil Azərbaycanın aylı-ulduzlu paqonlarını daşımaqdan həmişə qürur duymuşam. Döyüşlərdə iştirak etmək hər bir vətəndaş kimi mənim də borcum olub. Ağdərə uğrunda döyüşlərdə iştirak eləmişəm. Bu da ömrümün ən şərəfli səhifəsidir. Hüquq sahəsində müəyyən uğurlarım olub, bir müddət Milli Elmlər Akademiyasının sosial innovasiyalar şöbəsində işləmişəm, sonra rəhbərlik dəyişdi və həmin şöbə ləğv edildi. C.Cabbarlı adına kinostudiyada operator köməkçisi kimi də işləmişəm və unudulmaz Tofiq Tağızadənin "Ölülər" filminin çəkilişlərində həmin yaradıcı qrupun üzvü olmuşam.

O ki qaldı atamın dostlarına: ən yaxın dostu Məmməd İlqar, Məhəmməd Dəmirçioğlu və Akif Səməd olub. Yəni onlar uşaqlıqdan tanıyıblar bir-birlərini, şəhərdə günləri bir yerdə keçib, ailələrimiz yaxın olub. Əlbəttə, Məmməd İlqarın oğlu Babəklə yaxın dostuq. Atam dünyasını dəyişəndən sonra da Məmməd İlqar həmişə bizə yaxın oldu, əmilik, böyüklük elədi. Məmməd Dəmirçioğlu da eləcə. Qəbirüstü abidəsini də Dəmirçioğlu hazırladı. Bilirsiniz, Dəmirçioğlu təxəllüsünü də ona atam vermişdi.

- Ağamalı Sadiq Əfəndi bir ilə yaxın mədəniyyət nazirinin müavini oldu. Bu, yaxşı vəzifədir. Dövlətin ideoloji sahələrinin birində ən yüksək postları tutmaq hər adama nəsib olmur. Nazir müavininin oğlu olmaq necə idi? Nə dəyişdi ailədə, sizin həyat tərzinizdə? Və o, müxtəlif vəzifələrdə işləyib, ailədə necə, sizin yaddaşınızda hansı vəzifədə qalıb? 

Həyat tərzi dəyişməyən nazir müavini

- Demək olar, heç nə dəyişmədi. Həyat tərzimiz də eyni qayda üzrə davam etdi. Atam ruhən azad adam idi axı, heç bir vəzifə, kreslo onun ruhunu çərçivəyə sala bilməzdi və bilmədi də. Bilirsiniz ki, sovet dövründə yaradıcı adamlar pis dolanmırdı. Bir kitabın çıxdısa, az qala bir maşının pulu qədər qonorar alırdın. Atam da babat qonorar alırdı, yəni o, nazir müavini olsa da, olmasa da, ailədə maddi çətinlik hiss etməmişik. Nazir müavini işləyəndə, sadəcə, adının təmiz qalmasına çalışdı. Nə o, məmur ola bildi, nə də mən məmur oğlu oldum... Evimiz onun nazir işlədiyi dövrdə təmirsiz idi, dünyasını dəyişəndən sonra mən öz vəsaitim hesabına təmir elətdirdim. O ki qaldı hansı vəzifədə yaddaşımda qalmasına, mən onu daha çox qəzetçi kimi xatırlayıram. Atam həm də yaxşı tərcüməçi idi, Aleksandr Qriçin, Yevgeni Yevtuşenkonun şeirlərini mükəmməl tərcümə etmişdi dilimizə.

- Qısa bir ömür yaşadı Ağamalı Sadiq Əfəndi. Ailəniz nə qədər hazır idi onun itkisinə? Vəsiyyəti oldumu? Son anında yanında kim vardı?

- Hipertoniyadan əziyyət çəkirdi, yüksək təzyiqlə gəzirdi həmişə. Ürəyində problem vardı. Uzun-uzadı müalicə, sən demə, altdan-altdan mədəsində problem yaradıbmış. Qəfil daxili qanaxma ilə xəstəxanaya yerləşdirdik, 5 saata yaxın əməliyyat keçdi, anam, mən, yaxınlarımız həyəcanla sağalıb evə qayıdacağını gözləyirdik, amma, sən demə, bu, son imiş. Əməliyyatdan çıxandan sonra reanimasiyada idi, görüşə bilirdik onunla. Anamla mən başının üstünü kəsdirib durmuşduq. Elə son pıçıltısı da "Azərbaycan" kəlməsi oldu. Artıq 1995-ci il idi, siyasi hakimiyyət dəyişmişdi, buna baxmayaraq ümummilli liderimiz Heydər Əliyev onun II Fəxri xiyabanda dəfn olunmasına tapşırıq verdi, lakin ailəliklə qərara gəldik ki, atam ruhunu İncə dərəsinə tapşırsa yaxşı olar.

- Nofəl, bəs sən necə, ona demək istədiyin hər şeyi deyə bildinmi? Ya da nə demək istəyərdin Ağamalı Sadiq Əfəndiyə?

- (Fikrə gedir, kövrəlir). Məni niyə qoyub getdin, ay etibarsız?!

Söhbətləşdi: Əyyub QİYAS

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!