"Yaşamaq haqqı"nda - Əjdər Ol yazır

Anarın "Yaşamaq haqqı" ("Qanun" nəşriyyatı, 2020) kitabını, nəhayət, oxuyub başa vurdum. Dizini qatlayıb bu nəhəng kitabı yazmaq nə qədər böyük zəhmət, vaxt və fədakarlıq hesabına başa gəlibsə, onu oxuyub mənimsəmək də, hər bir kəsdən xeyli dözüm, öyrənmək ehtirası, vətəndaşlıq sevgisi tələb edir. Hələ müəllifin ömürlük müşahidələri, xatirələri, duyğuları, həyəcanları, təhlilləri, götür-qoyları, gəldiyi nəticələr bir yana qalsın, "Yaşamaq haqqı" necə daş kitabəyə, yüzlərlə kitaba, arxiv sənədlərinə, rəsmi mənbələrə, jurnal, qəzet materiallarına, radio, televiziyanın göz və qulaq misafirliyinə bağlı bir əsər olduğunu qabaqcadan qeyd etmək lazım gəlir. Ancaq dediklərim oxucuları, xüsusilə, gəncləri yazıçısının söykəndiyi mənbələrlə tam tanış olmağa heç də məcbur etmir. Hamının yerinə yazıçı özü zəhmətə qatlaşıb. O, sələflərinin əsərlərində vacib olan bütün məsələlərin məğzini, cövhərini, şirəsini sıxıb çıxardaraq axıcı və yüyrək bir dillə bugünkü nəslə çatdırır. Dərsliklərdən, kitablardan və digər mənbələrdən tarixin ümumi mənzərəsini, rəsmi versiyasını bilənlər milyonlarladır. Amma tarixin incəliklərinə, "türfə əlamətlərinə" vaqif olanların sayı çox azdır. Bu, ədəbi-mədəni keçmişə də aiddir. Bu kitabı millətimizin alın yazısını oxuyurmuş kimi oxuyursan. Əsərin gələcək nəsillərə nə dərəcədə aidliyini düşünəndə isə mən özlüyümdə bu qərara gəlirəm ki, Anarın "Yaşamaq haqqı" traktatı soy-kökümüzü tanımaq, millətimizin haradan gəlib hara getdiyimizi bilmək, milli təfəkkürü mənimsəmək, əsl azərbaycanlı olmağın sirrini öyrənmək həzzini və ləzzətini yaşamaq üçün, indiki dildə desək, "yol xəritəsidir".

Yazıçı bir millət olaraq yaşamaq haqqımızın olduğunu tutarlı əsaslarla sübut etməklə yanaşı, varlığımıza qənim kəsilənlərə, əngəl törədənlərə, qəsdimizə duranlara, işimizi əyənlərə, pozanlara, azadlığımıza qadağa qoyanlara, torpaqlarımıza təcavüz edənlərə, maddi, mədəni sərvətlərimizə yerikləyənlərə qarşı mövqeyini bölüşür, çıxış yolları təklif edir.

Görmüşük, oxumuşuq, eşitmişik, dünyada elə bir ölkə yoxdur ki, onun qonşu dövlətlərə ərazi iddiası olmasın. Altı qitənin beşində belədir. Çünki əvvəllər dəqiq su, quru, hava sərhədləri olmayıb. Bu məsələ son yüzilliklərin icadıdır. Köhnə iddialar qalmaqla yanaşı, hələ də sərhədlər dəyişməkdə, torpaq mübahisələri qızışmaqdadır. XIX yüzillikdən başlayaraq dünyada milli şüurun oyanması, xalqların kimliyini dərk edib öz müqəddəratı haqqında düşünməsi, dövləti, dili, mədəniyyəti, sərvəti uğrunda başlamış mübarizəsi bu gün də davam edir. Tale elə gətirib ki, dünyada bəlkə də, heç bir xalq bizim xalq qədər öz tarixini, məlum coğrafiyaya mənsubluğunu, dilinin doğmalığını, məhz özünün (!) olduğunu dönə-dönə sübut etməyə israrla çalışmayıb. Qədim İran, Roma, Bizans, Monqollar, Teymurlular, Rusiya İmperiyası dövrlərindən bəri indi Güney Azərbaycanı hesab edilən ərazi və Azərbaycan Respublikasının yerləşdiyi məkan ucqar kimi basqılar altında olub. Nəhənglər həmişə ya birbaşa, ya hansısa toplumların əlilə onu əzib, sərvətini talayıb, mənəviyyatına rəxnə salıb, kimliyi danıb, torpaqlarını qamarlayıb, insanlarını müxtəlif üsullarla, əzablarla məhv edib, didərgin salıb. Bizə "moğol", "pers", "müsəlman", "tatar" rəsmi adı qoysalar da, çox vaxt alçaldıcı, təhqiramiz adlarla (basurman, çernomazıy və s.) çağırmağı da unutmayıblar.

Çar imperiyası həm Arazın o tayındakı soydaşlarımızdan (Rəsmi İran da bizi Osmanlı əhalisinə yad tutmaq üçün "müsəlman" adlandırırdı, guya Türkiyədəkilər müsəlman deyildi), həm də Osmanlı türklərindən ayırmaq üçün bizi Rusiya ərazisində əsarətə saldıqları tatarlara tən tuturdular.

Dövləti, rəsmi dili, milli pasportu olmayan sadə, savadsız Qafqaz tatarı çaşbaş qalmışdı. Özünü Ömər Faiq Nemanzadə demiş - şamaxılı, mağaralı, qafqazlı, sünni, şiə "müsəlman"ı bilirdi, vəssəlam.

Milli dövlət yox idi, güc ziyalıların boynuna düşmüşdü. Onlar "Dildə, fikirdə, işdə birlik" (İsmayıl bəy Qaspıralı) deyib haray çəkirdilər. Mirzə Cəlil "Molla Nəsrəddin"də nəşr etdirdiyi "Azərbaycan" felyetonunda (Anar bu əsəri ilk Azərbaycan essesi hesab edir və ədəbiyyatımızda Mirzə Cəlili həmin janrın banisi sayır) yazırdı: "Ah unudulmuş vətən, ah yazıq vətən! Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb dağılmış evlərini bina etməyə üz qoydular".

"Yaşamaq haqqı"nın müəllifi həm Məmmədağa Şaxtaxtının "Kəşkül" (1890) qəzetindəki məqaləni, həm Üzeyir bəy Hacıbəylinin "Dil" felyetonunu misal gətirir. ("Molla Nəsrəddin" jurnalında da bu məzmunda bir felyeton var - Ə.O.).

- "Hansı millətdənsən?

- Müsəlman millətindən.

- Nə dinindənsən?

- Müsəlman dinindən.

- Nə dili danışırsan?

- Müsəlman dili".

Mirzə Cəlil isə dərs keçməyə məcbur olur: "Mənim anam kimdir? Dilim nə dilidir? Vətənim haradır?

...Mənim anam rəhmətlik Zöhrəbanı bacı idi". "Dilim türk-Azərbaycan dilidir", vətənim "Azərbaycan vilayətidir".

Əslində, ziyalılarımızın həyəcanlı müraciətləri, kimliyimizin sübutuna çalışmaları təkcə öz avam, savadsız soydaşlarımıza aid idi. Ziyalılar, gözüaçıqlar həqiqəti bilirdilər. "Şərqi rus" qəzetinin baş yazarı Məhəmmədağa Şahtaxtının yazdığı kimi, həm Şərq yazıçıları, həm də Avropa coğrafları əhalimizi məhz Azərbaycan türkü adlandırıblar. Bu, həm də Cənubi Qafqazda ermənini, gürcünü öz adı ilə çağıran, onları yerli xalq, bizi isə gəlmə hesab edən çar Rusiyasının rəsmi dairələrinə milli mövqe açıqlaması idi.

Məhəmməd Hadinin "Ey ol vəqti görən məsud, unutma, bizləri yad et" misrasına uyğun olaraq, kitab ən qədim mənəvi tariximizdən başlayıb ardıcıllıqla bu günə qədər davam edir və gələcəyə ("Azərbaycan haqqında düşüncələr", "Odlar yurdunun küləkli şəhəri") ismarışlar edir.

Yazıçı çalışır ki, millətimizin mədəni tarixində az-çox xidməti olmuş hər bir kəsi ansın, heç kim diqqətdən kənarda qalmasın. Bir teleçıxışında Anar təxminən belə dedi ki, mən həyatım boyu bir kitab üzərində işləmişəm, ayrı-ayrı kitablarım həmin böyük kitabın hissələridir. Müəllif xalqımızın bütün mənəvi xəzinəsinə varislik edir. Millətimizin yaratdığı dəyərli nə varsa, hamısını uc-uca calayır, birləşdirir və keçmişimizi, indimizi, gələcəyimizi bütöv görür.

Düzü, hərdən təəccüblənirəm, siyasət, dövlətçilik, ədəbiyyat, mədəniyyət, incəsənət tariximizdə "Kitabi-Dədə Qorqud"dan üzü bəri elə bir işartılı məqam yoxdur ki, Anar onun barəsində irili-xırdalı nəsə yazmasın. Onun yaradıcılığının strukturu belədir: əvvəldən axıra qədər bildiklərini ardıcıl düzmək, onlara nəfəs vermək və oxucuya təqdim etmək. Arada yaddan çıxan nəsə qalıbsa, geri qayıtmaq, buraxılmış boşluğu doldurmaq. Min beş yüz illik ədəbiyyat tariximizdə tək-tük müəllif olar ki, Anar onlar barəsində yazmasın. Bəlkə, bu onun otuz ildən artıq Yazıçılar Birliyinin sədri, həm SSRİ Xalq Deputatları Sovetinin, həm neçə çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı, müxtəlif cəmiyyətlərin, redaksiya heyətlərinin üzvü, daxildə və xaricdə keçirilən saysız-hesabsız mötəbər məclislərdə Azərbaycanı təmsil etməsindən irəli gəlir?

Düzdür, dediyim amillər də bu və ya digər dərəcədə öz təsirini göstərib. Ancaq məsələnin başqa tərəfi də var. Heç bir vəzifə sahibi və qələm əhli ilə onun müqayisəsini aparmaq istəmirəm. Hər şey Anarın mayasından, yaradıcı təbiətindən irəli gəlir. Qədirşünaslıq, elə bu deməkdir.

Kitaba qayıdaq, səhifələrini vərəqləyək. XIX yüzilliyin əvvəllərində Çar Rusiyasının Cənubi Qafqaza təcavüzü nəticəsində Azərbaycan ərazisi parçalandıqdan sonra onun şimal hissəsinin yeni tarixi başlanır. Müəllif Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" adlı tarixi əsərindən misal gətirir: "1228-ci ilin (1813) 12 oktyabrında iki dövlət arasında sülh risaləsi bağlandı. Qarabağ, Gəncə, Talış, Şəki, Şirvan, Bakı, Quba, Dərbənd xanlıqlarını, bütövlükdə Dağıstanı, Gürcüstanı və onlarla həmsərhəd olan vilayətlərin Rusiya təbəəliyində olduğunu İran tanıdı, onlara aid hər hansı iddiadan əl çəkdi". Türkmənçay müqaviləsi (1828) daha iki vilayəti İrəvan və Naxçıvan xanlıqlarını siyahıya əlavə etdi və Rusiya Qafqazda tam sərbəstləşdi.

Tabeçilik, inzibati-ərazi bölgüsü, hakim dil, idarəçilik prinsipləri başqalaşır. Yeni dövlət formatına uyğunlaşma dövrü uzun çəkir.

1747-ci ildə Nadir şah Əfşarın ölümündən və mərkəzi hökumətin dağılmasından sonra Gəncə, Qarabağ, İrəvan, Şəki, Quba, Bakı, Lənkəran xanları statuslarının saxlanması ilə bağlı çar generalları ilə bağladıqları əqdnamələrə baxmayaraq, Türkmənçay müqaviləsindən sonra qısa bir müddətdə məhv edildilər. Xanlıq torpaqları, mülkləri hökumətin yaratdığı komissiyalarda bəylik kağızı alanlar arasında bölüşdürüldü. Payı az düşən "quru bəylər"in sayı-hesabı olmadı və sərvət, nüfuz uğrunda qarşıdurma, didişmə başlandı. (Çarizm dövründə Azərbaycanda işlənən "bəy" termini ilə, Osmanlı dövlətində hallanan "bəy" kəlməsi arasında böyük fərq olub. Əgər "bəy" qonşu ölkədə adi müraciət forması idisə, Azərbaycanda titul, imtiyaz, mal-mülk sahibi mənasında anlaşılırdı). Qətl, cinayət törədib hökumətdən gizlənən qaçaqların sayı artdı. Qaçaq düşənlər təkcə kəndlilər deyildi. Onların arasında haqsızlığa dözməyən əsl bəylər də vardı. Ön və arxa Qafqazın quberniyalara bölünməsi Rusiya imperiyasının bu ərazilərdə oturuşmasının başlanğıcı idi.

Anarın bu kitabının müəyyən hissəsi məhz XIX əsrin ortalarından başlayan maarifçilik hərəkatından və ondan sonra davam edən milli mücadilənin müxtəlif mərhələlərində "yaşamaq haqqı" uğrunda mübarizə aparan insanlara həsr olunub.

Əlbəttə, ölkədaxili mübarizə hər yerdə, hər zaman olub və olacaq. Hakimiyyət, sərvət, mənafe həmişə cəlbedicidir. Əgər mübarizə varsa, orda güc, fənd, tərəfkeşlik, hiylə, xəyanət, mərdimazarlıq, paxıllıq, badalaq da işə düşəcək. Müstəqilliyini qazanmamış ölkədə yaşamaq uğrunda çarpışmalar daha amansız, daha sərt qayda-qanunlarla müşahidə olunur. Asılı dövlətlərin həm içərisində, həm də kənarında saysız-hesabsız imperiya nökərləri cövlan edir. Mirzə Fətəli Axundovun sözləri yada düşür: " Sömürgəçidənsə, yenə despota rəhmət".

"Yaşamaq haqqı"nda yaxın tariximizdə Azərbaycanı idarə edənlərin təxminən eyni ssenari üzrə aradan götürülməsi prosesi izlənib. Nəriman Nərimanovdan üzü bəri bütün yüksək vəzifəli milli dövlət xadimlərimiz eyni məngənədə sıxılıb. 1920-ci il aprel inqilabından əvvəl də, sonra da neft Bakısında hakimiyyətdə təmsil olunan erməni millətçiləri və "Daşnaksütun" partiyası millətimizə və dövlət strukturlarında mövqe tutan azərbaycanlılara qarşı açıq və gizli mübarizə aparıblar. Əgər Şaumyanın başçılıq etdiyi, böyük əksəriyyəti bolşevik maskası taxmış daşnaklardan və daşnakpərəst qeyri millətlərin nümayəndələrindən ibarət Bakı komissarları üzdə bir cür, altda başqa cür, ikibaşlı fəaliyyət göstərirdilərsə, "Daşnaksütun" partiyasının şovinistlərdən, intiqamçılardan, qatillərdən, təxribatçılardan, oğrulardan, dəllallardan təşkil olunmuş, hər birində on-on beş nəfər cəmləşən xumbları (dəstələri) Bakını çapıb-talamaqdan, aravuranlıqdan, "düşmən" qətlə yetirməkdən yorulmurdular. Topladıqları pulların, qızılların, qiymətli əşyaların böyük hissəsini partiyanın sərəncamına ötürürdülər. Xumblara xumbetlər rəhbərlik edirdi. ("Daşnaksütun" mərkəzindən Bakı şöbəsinə gələn bir sənədi misal gətirirəm: "Bu gündən etibarən Daşnak təşkilatlarına tapşırılır: Birinci, yerlərdə türk millətindən olan vəzifəli şəxsləri, ziyalı, idarə və istehsalat başçılarını, mədəniyyət sahəsində, incəsənətdə hörmət qazanmış və əhali arasında tanınmış adamları Sovet hökumətinin gözündən salmaq. İkinci, bizim nümayəndələrin səyi və köməyi ilə dövlət təşkilatlarında işləyən soydaşlarımızı yüksək vəzifələrə təyin etdirmək. Üçüncü, bu göstərişləri yerinə yetirmək üçün xumbları təzə sınaqdan çıxmış adamlarla qüvvətləndirmək və onlara komitələr tərəfindən ciddi nəzarət etmək. Dördüncü, bizim nümayəndələri neft sahəsinə cəlb etmək, günü-gündən onların sayını artırmaq. Beşinci, hər üç aydan bir bu göstərişlərin yerinə yetirilməsi barədə komitələr tərəfindən İrəvana, məlum olan ünvana məlumat vermək. Ç.Şeydayev "Bakının tacirləri, lotuları, düşmənləri" Bakı- "Ulu" 2015.)

Kənar düşmənlər bir yana, özümüz də özümüzə bəzən qənim kəsilmişik. Gah tarixi dərslərə biganə olmuşuq, gah örnəkləri saymamışıq, bəyənməzlik göstərmişik, təhlükəni vaxtında duymamışıq. Gah da səhvimizi etiraf etməyi özümüzə sığışdırmamışıq. Nəticəsi millətimizə ağır başa gəlib.

Kitabda bir məqam var: "Ona (M.F.Axundova) yazdığı hərarətli məktubunda Zərdabinin həyat kredosu ifadə olunur: "Möhtərəm Mirzə Fətəli bəy! Yazırsınız ki, yaşınız yeni əsər yazmağa sizə imkan vermir. Əlbəttə, ixtiyar sahibisiniz, dincəlmək istəyirsinizsə, Allah sizə rahatlıq versin. Amma düşünməyin ki, xalqın maariflənməsi elə şeydir ki, bir məqalə, ya pyeslə ona nail olmaq olar. Xeyr, bununçün qat-qat artıq əzab-əziyyət çəkməlisən! Bir, ya hətta on rəhbərin də ömrü və zəhməti buna çatmaz. Bəlkə sizi dayandıran odur ki, axı niyə başqası deyil, siz çalışmalısınız, özü də havayı və bir "sağ ol" belə eşitməyə ümid olmadan. Belə halda izah etməyi vacib bilirəm ki, söhbət xalqa məhəbbətdən, insanlara məhəbbətdən, nadanları maarifləndirməkdən gedirsə, belə suala yer yoxdur. Kim bizlərtəkin özünü xalqın, həm də hələ avam xalqın maariflənməsinə fəda edirsə, onu belə düşüncə dayandırmamalıdır. O özü öz mükafatını alır, öz vicdanından alır. Mirzə Fətəli Həsən bəydən 25 il yaşlı idi. İllər ötəcək, yeni XX əsr gələcək və Müəllimlər Qurultayında çıxış edən Nəriman Nərimanov yetmiş yaşlı Həsən bəyə həddindən artıq ehtiyatlı olmasını irad tutacaq. Zərdabi öz səriştəsinə, ixtiyar yaşına istinad edəndə Nərimanov ağsaqqalın sözünü kəsib: "Ağıl yaşda olmaz, başda olar" deyəcək. Daha iyirmi il sonra Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nərimanova qarşı cavan kommunistlər, o cümlədən Respublika Kommunist Partiyası MK katibi Ruhulla Axundov çıxış edəcəkdir. On-on beş il də keçəcək, 1937-ci ildə Ruhulla Axundov repressiyaya məruz qalacaq. Mir Cəfər Bağırov onu qısnayacaq "Axı sən Nərimanovu milli təmayülünə görə ifşa edirdin, necə oldu ki, özün millətçilik təmayülünə yuvarlandın?". Ağlasığmaz işgəncələr nəticəsində qana qəltan olan Ruhulla deyəcək: "Doktor (Nərimanov) sağ olsaydı, onun qarşısında diz çöküb üzr istəyərdim. O, necə də uzaqgörən imiş!". On doqquz il sonra M.C.Bağırov özü məhkəməsində etiraf edəcək: "Mən dizəcən qan içindəyəm. Məni şaqqalamaq da azdır". Kitabın başqa səhifəsində Cəfər Xəndanın müəllifə danışdığı "Bağırovun irəli çəkdiyi adamlardan biri - İ.Mustafayev sərt şəkildə onun ünvanına (Azərbaycan KP MK-nın Bağırovu işdən azad edən plenumunda) tənqidi sözlər söyləyəndə Bağırov Rəyasət Heyətindən Azərbaycan dilində dediyi: "Sənə elədiklərim gözündən gəlsin!" təəssüf dolu sözlərini də yuxarıdakılara əlavə etmək lazımdır. Bu yerdə Azərbaycan Xalq Cəbhəsinin prezident A.Mütəllibova, Ə.Vəzirovun və A.Mütəllibovun Heydər Əliyevə qarşı apardıqları "ifşaedici" kampaniyalar yada düşür.

Əsərdə o taylı-bu taylı hər iki Azərbaycan, eyni zamanda vətənimizin taleyinə təsir etmiş bütün şəxsiyyətlər və amillər geniş maraq dairəsinə alınır. Maarifçi ədiblərimiz Mirzə Cəfər Topçubaşov, Mirzə Kazım bəy, Həsən bəy Zərdabi, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Məhəmməd ağa Şahtaxtinski, Mirzə Yusif xan, Mirzə Melkum xan, Mirzə Əbdülrəhim Talıbov - Təbrizi, Zeynalabdin Marağayi ilə yanaşı, ümumtürk "Tərcuman" qəzetini nəşr edən Krım-tatar yazıçısı, publisist və ictimai xadimi İsmayıl bəy Qaspıralının milli mənafe üçün hansı çətinliklərdən keçdikləri, hansı fədakarlıqlar göstərdikləri örnək kimi təqdim olunur.

Əksər böyük ziyalılarımız kimi, Anar müəllimi də həmişə bütün türkləri mənən birləşdirən ünsiyyət vasitələrinin - doğma bir dilin vacibliyi olmuşdur. Kitabda o, türkçülüyün ideoloji əsaslarını qoyanlardan biri Əli bəy Hüseynzadənin bu barədə olan ilkin fikrinə diqqət yetirir. Əli bəy Hüseynzadə bütün türklərin gələcək vahid dili kimi osmanlı türkcəsinin İstanbul variantını görürdü və özü də bu lisanda yazırdı.

Əlbəttə, bizdə də belə "ümumtürk lisanda" yazanlar az deyildi. Bakıda nəşr olunan "Füyuzat" qəzetinin yazarları Məhəmməd Hadini, Hüseyn Cavidi misal gətirə bilərik. Hətta bu ideya Sabirin şeirlərinə də güclü təsir etmişdi. Onun şeirlərinin bəzi bəndləri, misraları lüğətsiz anlaşılmır.

Yeri gəlmişkən, Məhəmməd Hadinin tam Azərbaycan türkcəsində yazdığı bir neçə şeirdən biri olan "Vətənin nidası"nı xatırlatmaq istəyirəm:

"Bəsdir, yetər artıq, dur, oğul, dur, daha yatma!

Namusu, həyanı, ədəbi uyquna satma!

Ey sevgili övlad, ayıl, Allahı sevərsən,

Gün doğdu, hamı durdu yatan bircə özünsən.

Yoldaşlarına sil gözünü, yaxşı bax, oğlum,

Onlar yetib istəklərinə, sən uzaq, oğlum.

Başdan papağın, ya başını qapdıracaqdır,

Ol yol gedən adəm ki, yol üstə yatacaqdır".

Bu şeirlərdən belə çıxır ki, o istəsəydi, sadə ana dilində yaza bilərdi. Amma Abbas Səhhət, Sabir kimu daha geniş dil ərazisini fənn etmək üçün üslubunu, sözlüyünü dəyişmirdi və doğma şivəsindın aralı düşmüşdü. Ortaq türk dili məsələsi bu gün də gündəmdən çıxmamışdır. Ziyalılar, dilçi alimlər vaxtaşırı bu məsələyə toxunurlar. Hətta ortaq türk dili sözlüyünün tərtib edilməsi cəhdləri də olunmuşdur.

Anar Ə.Hüseynzadənin fikrini müasir reallığa uyğunlaşdırır və qəti mövqeyini bildirir: "Hər bir türk xalqının öz dilini qoruyub saxlamaqla yanaşı, bu xalqlar arasında anlaşma dili kimi Türkiyə türkcəsi qəbul edilə bilər".

Müəllifin bu fikri həm də onunla özünü doğruldur ki, qosqoca Türkiyə bu gün artıq bütün dünya elminə, ədəbiyyatına, mədəniyyətinə və mənəvi dəyərlərinə qucaq açmışdır. Türk dilində hər bir biliyə, ixtisasa ali, akademik səviyyədə yiyələnmək mümkündür. Dünyada çap olunan hər bir dəyərli, vacib kitab kəşf, sənaye, texnika və s. nailiyyətləri məzmunundan, mövzusundan, janrından asılı olmayaraq operativ olaraq Türkiyə türkcəsində dövriyyəyə çıxarılır.

"Milli şüurumuzun xüsusiyyətləri" bölümündə son otuz ildə Azərbaycan ictimai düşüncəsini məşğul edən bir məsələyə toxunur yazıçı. "Bir millət olaraq min illərdən gələn xislətimizi dəyişməliyikmi?" sualına cavab olaraq yazar Azər Turanın Mirzə Cəlilin "Kamança" hekayəsi ilə bağlı mülahizələrinə münasibət bildirir. "Azər, yazanda ki, "heç bir erməni yazıçısı "Kamança" ya bənzər (erməni-müsəlman davası vaxtı əsir tutduğu erməninin çaldığı kamançanın səsindən insanlığı oyanan türk onu bağışlayıb azad edir) əsər yazmaz, demək istəyirsən ki, "məhz bununla fəxr etməliyik" Azər, "axı, nə qədər insan qalmaq olar? - deyəndə - "sonadək, həmişə, hər vəziyyətdə" - cavabını verməliyik. Guya tarixi səhvlərə bəraət qazandırmağa çalışan çağdaş Azərbaycan ziyalılarına tuşlanan irada isə mən belə cavab verərdim: Bu tarixi səhv deyil, əksinə, qürur duymalı cəhətdir. Bu, bizə qarşı törədilən amansız qəddarlıqlara - 1905-ci ildə, 1918-ci ilin mart ayında Bakıda, Gəncədə, Şamaxıda, Şuşada, Qubada, Naxçıvanda, Şəkidə, Lənkəranda, neçə-neçə şəhərlərdə, kəndlərdə soyqırımına, 1992-ci ilin fevral ayında Xocalıda hərbi cinayətlərə baxmayaraq, biz insan simamızı itirmədik, insan olaraq qaldıq, başkəsənlərə çevrilmədik. Qaniçənlərlə mübarizə aparmaq naminə qaniçənə dönmək olmaz. Əgər sən də cəlladın tayı olacaqsansa, nəyin uğrunda vuruşmalısan? Bizim mücadilənin mənası məhz bu inama söykənir ki, şübhəsiz, zəfər çalacağıq, ancaq insan olaraq və insan qalaraq!

Hər iki həmkarımın fikirlərinə əlavə etmək istəyirəm: Heç vaxt düşməndən ədalət tələb etməklə, haqlı olduğumuzu tarixi sənədlərlə sübuta yetirməklə, ondan insanlıq ummaqla özümüzü, ərazimizi qoruya bilməyəcəyik. Bu, cəzasız düşməni daha da quduzlaşdırır! Tarix boyu hər bir dövlətin pis-yaxşı siyasi maraqları olub və var. Erməni təcavüzkarları da, onların arxasında duranlar da torpaqlarını vətənimizin ərazisi hesabına genişləndirməkdə özlərini haqlı sayırlar, mənafe güdürlər. Buna təəccüblə yanaşmamalıyıq. Biz yalnız və yalnız güclənməli, hərbi qüdrətimizi artırmalı, etibarlı müttəfiqlər qazanmalı, mənəvi birliyimizi, siyasi fəallığımızı möhkəmləndirməliyik. "Kamançaçını bağışlamaqla" bütün rəqibləri öz yerində oturtmalıyıq, yoxsa ""Quran" oxumaqla donuz darıdan çıxmaz".

Anar kitabda daxil etdiyi hər bölmədə tariximizin dibinə baş vurub bu günə qayıdır. Ən son məlumatlara münasibətini bildirir. Eyni zamanda oxucuya az məlum olan məsələlər üstünə işıq salır.

"İlk siyasi partiyalarımız"da Azərbaycan türklərinin siyasi təşkilatlanmasından, milli burjuaziyanın yaranmasından ("Bakıda neft bumu" gedişatında azərbaycanlı sahibkarlar Hacı Zeynalabdin Tağıyev, Ağamusa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov və başqaları əsasən böyük olmayan neft şirkətlərinin təxminən 30%-nə malik olduğu halda, erməni varlıları Mirzoyevlər, Qukasovlar, Mailovlar, Liozanovlar, Aramyanlar, Tatevosyanlar, Mantaşovlar və başqaları 55 iri və orta kompaniyalara sahib idilər), Bakının əcnəbi ağalarından, Gəncədə qırğın törədən erməni quldurlarına qarşı dirəniş göstərən "Difai" partiyasının fəaliyyətlərindən ("Difai" partiyası Bakıda görkəmli qələm sahibi, ictimai xadim, Sorbonna məzunu Əhməd bəy Ağayev tərəfindən yaradılmışdır. Gəncədə bu qurumun əsasını qoyanlar Ələkbər bəy Rəfibəyli, Xasməmmədov qardaşları, Nəsib bəy Usubbəyov, Axund Pişnamazzadə olmuşlar. Qarabağda "Difai"yə həkim Kərim bəy Mehmandarov başçılıq edib) milli, siyasi şüurun formalaşmasından yazırsa, "Soyqırım məsələsi"ndə ABŞ, Fransa, Rusiya, Türkiyə, Gürcüstan və başqa ölkələrdən tarixçi alimlərin və ekspertlərin obyektiv mülahizələrilə oxucunu tanış edirsə, "erməni-rus münasibətləri"ndə ermənilərin imperiya alətinə çevrilməsi mərhələlərini izləyir.

"M.Ə.Rəsulzadənin həyatı maraqlı roman mövzusudur" deyən müəllif "heç nədən müstəqil dövlət yaratdığını" bəyan edən milli liderin ictimai fəaliyyətinin və şəxsi həyatının məqamlarına toxunur, onun siyasi rəqiblərinə münasibətini, uzaqgörənliyini, idealından dönməzliyini, Stalinlə görüşlərini, son nəfəsinə qədər müstəqil respublika uğrunda mübarizə aparması barədə qaynaqlardan nümunələr gətirməklə ehtiramla anır.

Bir neçə il bundan qabaq Moskvada yaşayan azərbaycanlı yazıçı Çingiz Hüseynov Bakıya gəlmişdi. Yazıçının görüşündə ondan soruşdum ki, niyə "Doktor N" romanınızda (Nəriman Nərimanova həsr olunub) müəyyən məsələlərin üstündən sükutla keçmisiniz? O cavab verdi ki, roman yazılan vaxt əlimin altında indi olduğu qədər arxiv materialı yox idi.

Anar "Sovet Azərbaycanı", "Mart hadisələri", "Nəriman Nərimanov faciəsi" bölmələrində Nərimanov haqqında son tədqiqatlardan bəhrələnərək oxucunu, sanki yeni Nərimanovla tanış edir. (Nərimanov türk diplomatı Rza Nura deyirmiş: "Bolşevizm nə olan şeydir? Bu murdarlıq bizə yaraşmaz". S.Qurbanov "Nəriman Nərimanov. Ömrün son illəri" kitabından).

Təəssüf ki, bizdə yazıçıların, siyasətçilərin, dövlət xadimlərinin öz dövrünün hadisələrini, ictimai-siyasi mənzərələrini geniş, aydın, ardıcıl yazmaq, xatirələrini qələmə almaq ənənəsi zəifdir. Şəxsi xarakter daşıyan memuarlarla işim yoxdur.

Avropalılarda, amerikalılarda, rusiyalılarda, XX əsrdə türkiyəlilərdə olduğu kimi, Azərbaycanda da siyasi memuarlar, xatirələr yazılsaydı, çox mətləblərdən xəbərdar olardıq.

Nə Nəriman Nərimanovun, nə Mir Cəfər Bağırovun, nə də başqalarının siyasi memuarları ilə qabaqlaşmırıq. Bu mənada yenə nə qalıbsa, Azərbaycan Cümhuriyyətinin bəzi xadimlərindən qalıb.

Anar yazdıqları ilə geniş spektrdə öz dövrünə şahidlik edən ən zəhmətkeş yazıçılardan biri və yəqin ki, birincisidir.

Əvvəldə dedim ki, "Yaşamaq haqqında" o taylı-bu taylı Azərbaycan taleyi bütöv izlənir. "Cənubi Azərbaycanda milli şüurun oyanması", "Tarixi şans", "Azadlıq nə şirin sözdür", "Azadlığın bədəli", "Şəhriyar təsəllisi" bölmələrinə nəzər yetirək.

Müxtəlif rejimlərə tabe olan həm Şimali Azərbaycanda, həm də Cənubi Azərbaycanda milli şüur təxminən eyni vaxtda oyanmışdı. Rusiyada 1905-1907-ci il inqilabları od püskürmüşdüsə, İranda da 1917-ci il, 1906-1911-ci illərdə Səttarxan, 1920-ci ildə Şeyx Xiyabanı hərəkatları baş vermişdi. Əgər Mirzə Ələkbər Sabir Səttarxan inqilabını, onun təşkilatçılarını alqışlayırdısa, Cəlil Məmmədquluzadə "Harda ki, demokratiya yoxdur, orda heç bir azadlıqdan söhbət gedə bilməz" deyən Şeyx Xiyabaninin "Azadıstan" qurmasından ürəklənib "Molla Nəsrəddin" jurnalını bolşevik təhlükəsindən qorumaq üçün Tiflisdən Təbrizə aparmışdı, orada nəşr edirdi.

Cənubi Azərbaycan inqilabçıları, milli düşüncəli ictimai-siyasi xadimləri Şimaldakı soydaşlarından mənəvi güc alırdılar.

Təəssüf ki, həm ötən əsrin əvvəllərində azadlığı uğrunda iki inqilab etmiş, əsrin ortasında, İkinci Dünya müharibəsi zamanı Hitler Almaniyasının İrana müdaxiləsini qabaqlamaq məqsədilə SSRİ-nin və Böyük Britaniyanın bu ölkəyə qoşun yeritməsi şansından yararlanaraq hökumət qurmuş Azərbaycan arxasız, müttəfiqsiz qalaraq tarixi nəticə əldə edə bilmədi. Həyat sübut edir ki, tarixi şansa bütün mənalarda illərlə, bəzən əsrlərlə hazırlaşmaq lazımdır.

Azərbaycan türk dilinin qorunması uğrunda çəkən təxminən 150 illik fəal mübarizə kitabın əsas mövzularındandır. Yuxarıda dedik ki, dünyada milli dirçəliş XIX əsrdə başlayıb. Şimali Azərbaycan Rusiya imperiyasının hüdudları daxilinə qatıldıqdan sonra dilimiz siyasi statusunu itirdi. Cənubi Azərbaycanda isə 1925-ci ildə ölkə konstitusiyasında Qacarlar, 1935-ci ildən İran dövlətinin dövlət dili kimi fars dili təsbit olundu.

Əlbəttə, dilin meydandan çıxması, unudulması min illər çəkir. Ən xırda milli azlıqlar da öz dilini məişət səviyyəsində də olsa, qoruyur. Ancaq dilin siyasi status qazanıb dövlət dili olması, geniş ünsiyyət vasitəsinə çevrilməsi, inkişaf etməsi, zənginləşməsi, sənəd, kitab, təhsil, kitabxana və s. dili olması xalqın varlığının, şərəfinin göstəricisidir.

Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra rəsmi yığıncaqlarda (əsasən rus dilində danışılırdı), dərsliklərdə, mətbuatda yeni rus, Avropa, fars kəlmələri işlənməyə başladı. Stalin XVI qurultaydakı çıxışında bəyan etdi ki, SSRİ-də sosializm quruluşunun son məqsədi bütün milli mədəniyyətləri qovuşdurmaq və vahid ümumi dili olan vahid mədəniyyət yaratmaqdır. "Pravda" qəzeti isə (09.06.1934) "pantürkizm" qoxusu gələn dilimizə sosialist mədəniyyətinin yaratdığı yeni terminləri ("Revolyusiya və kultura" tipli - Ə.O.) daxil etməyi buyururdu.

Azərbaycan ziyalıları Rəsul Rza (Xalqın dili-xalqın tarixidir. Qoy indiki nəşriyyat işçiləri gələcəyin böyük kommunist dilini yaratmağa tələsməsinlər), Səməd Vurğun, Mirzə İbrahimov Ali Sovetin Rəyasət Heyətinin sədri olarkən respublikanın idarə və təşkilatlarında Azərbaycan dilindən dilimizi korlayanlara qarşı uzun illər mübarizə aparıblar.

Azərbaycanda həm repressiya, həm də İkinci Dünya müharibəsi illəri KP MK-nın birinci katibi Mir Cəfər Bağırovun hakimiyyəti dövrünə düşür. Bağırovun təxminən 20 illik rəhbərliyi birmənalı qiymətləndirilə bilməz. Onun fəaliyyətinin bütün gizli məqamları açılmayıb. Əgər Stalin İttifaq səviyyəsində qətiyyətli, prisipial, hökmlü, qəddar idisə, ona özü kimi yerlərdə də təşkilatçı həm də itaətkar, sadiq rəhbərlər lazım idi.

Bu amillərin hesabına SSRİ-də ağır və yüngül sənayedə, kənd təsərrüfatında, orduda, elmdə, mədəniyyətdə, bir sözlə, bütün sahələrdə sürətli inkişaf vardı. Ölkə başdan-başa əmək meydanına çevrilmişdi.

Stalinin simasında sovet siyasətinə qarşı çıxanlar isə amansız şəkildə cəzalandırılırdılar. O illərin hərbiçilərinin, dövlət xadimlərinin, əmək qəhrəmanlarının elm, ədəbiyyat, incəsənət və sair sahələrin məşhur adamlarının həyatını öyrənəndə xeyli təəccüblənirəm. Əgər dövlət xadimlərinin portretləri yığıncaqlarda, paradlarda əldən düşmürdüsə, onlara geniş imkan yaradılırdısa, hər cür yüksək mükafatlar verilirdisə, adları dərsliyə, kitaba salınırdısa, qəzet və jurnalların səhifələrini bəzəyirdisə, çıxışları kinolentlərə köçürülürdüsə, tutaq ki, hansısa bir teatr, kino aktyoru 3, bəzən 4 dəfə yüksək qonorarlı Stalin mükafatlarına layiq görülürdü.

Cəzalanana isə güzəşt yox idi, hər şey əlindən alınırdı, ya sürgünə, həbsxanaya, ya da ölümə göndərilirdi. Anar M.C.Bağırovun dövrün konyukturasına uyan birbaşa göstərişilə 30-cu illərin sonunda repressiyaya məruz qalmış Azərbaycan ziyalılarının qanını ona qətiyyən bağışlamırsa, müəyyən məqamlarda onu anlamağa çalışır. Bağırovla bağlı müasirlərinin xatirələrinə üz tutur.

M.C.Bağırov bir dəfə həmkarlarına deyib: "Mən gündə neçə dəfə pantürkizmi və panişlamizmi söyməsəm, bu ölkədə, Bakı şəhərində belə rahat yaşaya bilməzsiniz".

1941-ci ildə Böyük Britaniya və SSRİ qoşunları İrana yeridiləndə Cənubi Azərbaycanda siyasi işlərə, təşkilatçılıq işlərinə nəzarət M.C.Bağırova tapşırılmışdı. O, Təbrizə göndərilənlərə belə xeyir-dua verir: "Siz oraya çox mühüm məsələ üçün gedirsiniz. Qarşınızda duran bu məsələni (Cənubi Azərbaycanda dövlət qurulmasına yardım etmək - Ə.O.) həll etməklə Azərbaycan xalqına böyük xidmət göstərmiş olacaqsınız. Bu vəzifənin öhdəsindən gəlməklə siz yüz illərlə ayrı salınmış xalqın arzularını gerçəkləşdirəcəksiniz. Bir-birindən ayrı salınmış könülləri, sevgiləri, duyğuları birləşdirəcəksiniz". Və yaxud "Xalqın canı boğazına yığılıb... Hanı məktəblər, hanı Azərbaycan dili, hanı təhsil, hanı türk dilində qəzetlər?". Bir təsirli məqam da var. Məktub yazıb Stalindən Pişəvəri hökuməti üçün hərbi yardım istəyən Bağırova ölkə rəhbəri telefonla cavab verir: "Mən beş milyon azərbaycanlıdan ötrü Üçüncü Dünya müharibəsinə başlaya bilmərəm". Şahidlərin dediyinə görə, Bağırov bu telefon söhbətindən sonra hönkür-hönkür ağlayır.

O zaman Respublika Nazirlər Sovetinin müavini işləyən və Cənubi Azərbaycan hadisələrində fəal rol oynayan Mirzə İbrahimov deyilənlərə görə yaradılacaq Cənubi Azərbaycan xalq demokratik respublikasının rəhbəri olacaqmış. Sonralar Xalq yazıçısı Anara deyəcəkdi: "Siz cavan nəsillərsiniz, heç zaman Cənubi Azərbaycan məsələsini unutmayın. Vahid Azərbaycan idealını qoruyun! Bu sözlər mənim üçün Mirzə müəllimin vəsiyyəti kimi səsləndi".

Kitabda Stalinin Bağırova "Rus imperatoru I Aleksandr yol verdiyi tarixi səhvi düzəltmək və hər iki Azərbaycanı birləşdirmək lazimdır" deməsi barədə eşitdiyi sözləri misal gətirir. İkinci Dünya müharibəsində SSRİ Cənubi Ukraynanı, Cənubi Belarusiyanı geri qaytarmışdısa, Cənubi Azərbaycanı da əldə saxlaya bilərmiş. 1941-ci ildə Böyük Britaniya, SSRİ, İran arasında bağlanan müqavilənin şərtlərinin (müharibə bitəndən altı ay sonra müttəfiq qoşunları İranı tərk etməli idi) pozulması mümkün idi. Amma bütün dövrlərdə olduğu kimi, yenə də xalqımız nəhəng dövlətlərin mənafeyinə qurban getməsi təəssüflə qeyd olunur. Müəllif Mir Cəfər Bağırovun müharibə dövründə başqa xalqlar kimi, azərbaycanlıların da köçürülməsinin qarşısının alınması ilə bağlı mülahizələrini bildirir. Eyni zamanda Qarabağın Ermənistana verilməsinə qarşı Moskva səviyyəsində qəti mövqe nümayiş etdirdiyini təsvir edir.

Əgər ötən əsrin 50-ci illərinə qədər Anar olanları-keçənləri kitablardan oxuyurdusa, şahidlərdən eşidirdisə, o illərdən sonra Azərbaycanın tərcümeyi-halına qoşulur, tarixin "qatar"ına minir. Və bununla hadisələri rəsmi versiyasından başqa, yazıçının şəxsi müşahidələri, düşüncələri ilə "Yaşamaq haqqı" yeni, zəngin çalarlar qazanır.

Uşaqlığı, yeniyetməliyi Stalin epoxasına düşən Anar o çağların sıxıntılarını, qorxularını, ictimai-siyasi, avtoritar həyatını anlatmağa çalışır. Hətta anası Nigar xanımın, nənəsi Cavahir xanımın həbsin bir addımlığında olmasından, Bağırovun, NKVD-nin nazir müavini Xoren Qriqoryanın təqdim etdiyi yazılı təklifin üstünə "otstavitğ" (saxlanılsın) dərkənarı qoymasından danışır.

SSRİ Kommunist ideologiyası əsasında idarə edildiyi üçün təbliğat-təşviqat məsələlərində ədəbiyyat və incəsənət qurumları da fəal iştirak edirdilər. Ona görə də ictimai həyatda yaradıcı insanların rolu böyük idi.

Böyük Vətən müharibəsində o qədər insan qırılmış, itkin, didərgin düşmüş, şikəst, yararsız olmuşdu ki, artıq Sovet cəza sistemi kütləvi cəzalandırmanı dayandırmış, antipartiya "təmizləmə" əməliyyatını səngitmişdi. Bərpa-quruculuq dövrü idi. Bütün SSRİ-də olduğu kimi, Azərbaycanda da əmək sahələri genişlənmişdi. Xəzər neftinin çıxarılması üçün Neft Daşları qurulur, Mingəçevir Su Elektrik Stansiyası tikilir, Sumqayıt Kimya kombinatları salınırdı. Yeni fabriklərin, zavodların təməli qoyulurdu. Yaradıcı təşkilatlar müharibədən əvvəlkinə nisbətən xeyli formalaşmışdı. Yeni sistemin məşhurlaşdırdığı xeyli müharibə, əmək qəhrəmanları, yaradıcı şəxslər vardı. Artıq Stalin kimi, Bağırov da, başqa müttəfiq respublikaların başçıları da 20-30-cu illərdə olduğu kimi əks-inqilabçıların, keçmişi "qaranlıq" olan insanların içində deyil, öz tərbiyə etdikləri, yetişdirdikləri, mükafatlandırdıqları Sovet adamlarının əhatəsində idilər. Heç bir fikir ayrılığından, ideya dolaşıqlığından söhbət gedə bilməzdi. Vahid lider vəsf olunurdu. Hər şey sistemin çərçivələrinə, Stalinin sərəncamlarına, fərmanlarına, şəxsi istəklərinə, zövqünə uyğunlaşdırılırdı. Daha gecə evlərindən oğurluq aparılıb atüstü üç günlük məhkəmələrdən sonra ölümə məhkum edilənləri Nargində güllələmirdilər. Məşhurları şəhərin görkəmli yerində təşkil edilmiş Fəxri xiyabanda dəfn edirdilər. (Bakıda Fəxri xiyaban 1948-ci ilin yayında yaradılmış, oraya şəhər və Çəmbərəkənd qəbiristanlıqlarından H.Zərdabinin, H.Ərəblinskinin, N.Vəzirovun, C.Məmmədquluzadənin, Ə.Haqverdiyevin, H.Sarabskinin, C.Cabbarlının nəşləri köçürülmüşdü. Fəxri xiyabanda birbaşa ilk dəfə həmin ilin noyabrın sonunda vəfat etmiş Üzeyir Hacıbəyov torpağa tapşırılmışdı).

"Bağırov və ziyalılar" bölməsində Azərbaycan Xalq Cümhuriyyətinin himnini yazmış, qardaşı Fransaya mühacirətə getmiş, adı yeni hökumətin qara dəftərində olan Üzeyir Hacıbəyov haqqında yazılır: "Əgər 20-ci illərdə Ü.Hacıbəyovu çekistlərdən Nərimanov xilas etmişdisə, 30-cu illərdə Bağırov onu Stalinə təqdim etməklə qorudu". Moskva dekadasında "Koroğlu" operası rəhbərin xoşuna gəlmişdi. "Üzeyir tək-tək insanlardandır ki, rəhbərin göstərişi ilə partiyaya namizədlik müddətindən yan keçilərək Kommunist Partiyasına birbaşa qəbul edilib. SSRİ Xalq artisti, Stalin mükafatı, ümumittifaq deputatlığı, akademik rütbəsi - hər şey böyük bəstəkarın başına leysan kimi yağırdı. (Stalin "Koroğlu"dan qabaq "Arşın mal alan" tamaşası ilə də tanış imiş). "O, boş yerə Bağırovdan soruşmayıb ki, o əsərdəki xala necədir? Ola bilsin ki, Stalinin böyük bəstəkara qarşı mərhəm münasibətini bilən Bağırov onu cəsarətlə irəli çəkirdi".

"Bağırov repressiyalardan salamat qalmış cavan yazıçıları və şairləri - Səməd Vurğunu, Süleyman Rüstəmi, Rəsul Rzanı, Mirzə İbrahimovu, Süleyman Rəhimovu və başqalarını himayə etməyə başladı. Amma onlardan razı qalaraq gah qaldırırdı, gah da gözdən salıb yerə çırpırdı.

Bağırov devriləndən sonra ikinci dərəcəli şairlərdən biri Mir Cəfərə özünün verdiyi cavabla lovğalanmağa başlayanda Səməd Vurğun onun sözünü ağzında qoyub: "Sən nə cəfəngiyat uydurursan, heç mənim kimi əjdaha (Yazıçılar İttifaqının sədri - Ə.O.) ona söz qaytara bilməzdi, o ki ola sən". Qeyzli anlarında o, Səməd Vurğunu Vəkilbəyov adlandıranda onun bəy keçmişinə işarə vururdu. Mirzə İbrahimova qəzəblənəndə isə nə üçünsə yalnız atasının adı ilə dindirərmiş: Əjdəroğlu. Mirzə İbrahimov ömrünün son illərində yazır ki, bir dəfə Bağırov Məmmədxanlılar nəsli haqqında danışanda, guya Rəsul ona sərt cavab verib: "Sən yaxşı olar ki, öz bacının hoqqaları ilə məşğul olasan". Mirzə müəllimin atama dost münasibətini bilirəm, amma onun yaddaşını şübhə altına qoymadan, bu söhbəti dəqiq saymıram. Birincisi, ona görə ki, Ordubadidən və Elmlər Akademiyasının ilk prezidenti Mirqasımovdan başqa, heç kim Bağırova "sən" deyə müraciət etmirdi. Hətta Üzeyir bəy özü də ona "siz" deyə müraciət edirdi. Amma Mirzə müəllim deyəndə ki, Rəsul Bağırovla söhbətlərində ən cəsarətli insanlardan biri idi və hərdən onunla razılaşmırdı, haqlıdır. Nizaminin yubileyi günlərində onların toqquşmasını çoxları xatırlayır". Bu geniş və maraqlı tarixçəni və onların digər qarşılaşmalarını yerli-yataqlı "Yaşamaq haqqı"nın özündən oxusanız yaxşıdır.

Kitabdan: "15 aprel 1954-cü ildə, Birinci qurultaydan 20 il keçəndən sonra Azərbaycan Yazıçılarının II qurultayı başlandı". Əsas hədəf "kosmopolitlər" və "nihilistlər" idi! Anar xatırlayır: "O vaxt on altı yaşım vardı, amma bu qurultayda iştirak edirdim. M.Rəfilinin və C.Cəfərovun çıxışları və onların Rəyasət Heyəti tərəfindən necə atəşə məruz qaldıqları yaddaşıma həkk olunub".

20-30 il əvvəl vüsət alan "Pantürkizm", "pakislamizm" qızdırması indi də "kosmopolizm" "nihilizm" adı ilə davam edirdi: Yenə ideya düşməni axtarışları, yenə qarşıdurmalar...

Bu illərdə "Ədəbiyyat ictimai çarpışmaların ön sıralarında" yer alır. Stalin, onun tərəfdarları meydandan çəkilir, onların çevrəsindəkilər gözümçıxdıya salınır. Azərbaycan dilinin statusunun artırılması, respublika idarəçiliyində ermənilərin yenidən fəallaşması, rəsmi Ermənistanın mərkəzi hökumət vasitəsilə Qarabağ iddiasına qarşı həyəcanlar, Moskvanın yerli hakimiyyətə qısqanc münasibəti ("... xatirələrində "Mən orda özümü faktiki olaraq respublikanın sahibi kimi aparırdım", - deyə lovğalanan Vladimir Semiçastnı (DTK-nın sədri) yazırdı: "Belə bir qayda qoymuşdum ki, mənim vizam olmadan, MK-nın heç bir qərarı, hətta onu Axundov imzalasa belə, yayımlana bilməz".

Hər bir təşəbbüsü ələkdən keçirmək, hər bir addımı izləmək adi hala çevrilibmiş. Heykəltəraş İbrahim Zeynalovun işlədiyi 26 Bakı Komissarının barelyefində sırada ikinci olan Əzizbəyovun digər üçündən (Şaumyan, Çaparidze və Fioletov) uca olması böyük söz-söhbətə səbəb olubmuş. Yaxud İman Mustafayevin Tiflisdə olarkən M.F.Axundovun məzarının acınacaqlı halından Gürcüstan rəhbərliyinə şikayət etməsi sonralar ona nöqsan tutuldu.

"Yaşamaq haqqı"nda "Dövlət dili" məsələsi ilə bağlı Xruşşov dövründə Azərbaycana münasibət barədə maraqlı, öyrədici şərhlər üstdən aşağı bir-birini əvəz edir.

Ötən əsrin 60-cı illəri bütün dünyada olduğu kimi SSRİ-də də, o cümlədən Azərbaycanda da böyük siyasi-mədəni dəyişikliklərə təkan verdi. 80-ci illərin sonuna qədər bütün sahələrdə "altmışıncılar" məşhur idilər, öndə gedirdilər. Ədəbiyyatda da lider olan "altmışıncılar" haqqında həm İttifaq miqyasında, həm də Azərbaycan miqyasında çox yazırdılar, çox danışırdılar. Siyasi dissidentlərlə yanaşı, "dissident ədəbiyyatı" termini dəbə minirdi. "İkinci nəfəsi" açılmış Rəsul Rza, Mehdi Hüseyn, Sabit Rəhman, İlyas Əfəndiyev, İsmayıl Şıxlı və başqaları ilə yanaşı, Bəxtiyar Vahabzadənin, İsa Hüseynovun, Sabir Əhmədlinin, Əkrəm Əylislinin, Maqsud və Rüstəm İbrahimbəyovların Azərbaycan nəsrində hadisə olan əsərləri əsassız, ədalətsiz, insafsız hücumlara məruz qaldı. Əli Kərimin, Fikrət Qocanın, Vaqif Səmədoğlunun, İsa İsmayılzadənin, Ələkbər Salahzadənin yeni nəfəsli şeirlərini abırsız şəkildə lağa qoyurdular.

Yazıçı kitabda özünün "Macal" povestini "sosializm realizmi prinsiplərinə xəyanətdə, sovet həyatına ləkə vurmaqda, ideyasızlıqda suçladılar" deyir və prosesin təfərrüatını yüyrək bir dillə nəql edir. Ədəbiyyat günündə əsas mübahisələr "Rəsul Rza" üslubunda yazan şairlər barədə gedirdi.

"Yenilər" Azərbaycan dilinin saflığı, ikiyə bölünmüş xalqımızın bütövlüyü, mənəvi sıxıntıların aradan qaldırılması, "icazəli cəsarət"in (Rəsul Rza) çərçivələrinin dağıdılması uğrunda eyhamlı, sətiraltı mənaları diş-diş çıxan şeirlərlə mübarizə aparırdılar, Macarıstanda, Çexoslovakiyada azadlıq hərəkatının qanla boyanmasına qarşı çıxırdılar.

O illərdə ədəbi-mədəni mühit, ictimaiyyət tərəfindən həm böyük rəğbətlə, həm də paxıl, kəmfürsət basqılarla qarşılanan "Qobustan" jurnalı ilə bağlı müəllif "Ömrümün Qobustan illəri" başlığı ilə xüsusi yazı yazmışdır. ""Qobustan" ədəbiyyatımızda, sənətimizdə "60-cılar" adlanan və mədəniyyət tariximizdə silinməz izlər salan bir nəslin səsi idi. O nəslin, o dövrün ümidlərini və fərəhlərini, aldanışlarını və xəyal qırıqlığını yaşayır və öz səhifələrində əks etdirirdi".

"Qobustan" çağdaş "Molla Nəsrəddin" kimi əlaqədar dövlət strukturları geniş mövzu dairəsinə, dil zənginliyinə, öyrədici missiyasına görə bütün nəsillərdən olan ziyalıların diqqətində idi, böyük müzakirələrə, dartışmalara səbəb olurdu.

Ulu Öndər Heydər Əliyev 1996-cı ildə "Qobustan"ın ilk on ilini xatırlayıb deyəcəkdi: "O vaxtlar "Qobustan" jurnalı həyatımızda çox böyük rol oynayırdı. Bizim bu milli dirçəliş, milli oyanış, milli özünütanıma prosesində "Qobustan"ın rolu çox böyük olubdur. Bunu o vaxtlar bəziləri bəlkə də, dərk etmirdilər. Bəlkə indi də bəziləri o qədər də dərk edə bilmirlər. Amma mən bunların hamısını daim izləyirdim və hər bir belə tədbirin həyata keçirilməsi üçün lazımi şərait yaradırdım".

"Yaşamaq haqqı"nın üstünlüyü onun dünyaya, insanlığa, millətə, dövlətə, yüksək ideallara, mənəvi dəyərlərə böyük, yenilməz sevgi ilə yazılmasındadır.

Əgər o, bir tərəfdən şərti adlandırsaq, millətimizin varlığı, yaşam mərhələləri, mənəvi dəyərləri ilə bağlı "Azərbaycannamə" yazırsa, o biri tərəfdən vətənimizə və dövlətimizə rəqib, qənim, düşmən kəsilən siyasi, şovinist dairələrini, onların əlaltılarını və dəllallarını, bir ziyalı olaraq təmkinlə dialoqa dəvət edir, tarixi, insani mövqeyini, haqlılığını izah edir.

Əgər ötən əsrin 87-ci ilinə qədər Anar "Qobustan"ın və özünün yaradıcılıq qayğıları ilə yaşayırdısa, artıq Qorbaçov dövründə Azərbaycan Yazıçılar İttifaqının rəhbəri kimi mürəkkəb, "danışıqlı" bir yerdə fəaliyyətə başladı. Aşkarlıq şəraitində Respublika rəhbərliyinin sərt təzyiqi olmadan seçki keçirildi. Amma kitabda yazıldığı kimi, Birinci Katibin gizli arzusu nəzərə alındı. Alınmaya da bilərdi. Yeni siyasi mühit gözlənilməzliklərlə dolu idi. "Yazıçılar İttifaqına rəhbər seçildiyim gün MK-nın o zamankı Birinci Katibi Kamran Bağırov məni öz kabinetinə dəvət elədi, təbrik etdi və dedi: "Biz çöx istəyirdik ki, səni seçsinlər. Amma bilirsən, biz heç cür müdaxilə edə bilməzdik". Sonra heç bir zaman unutmayacağım bir cümlə dedi: Mən bütün gecəni yata bilmədim, hey fikirləşirdim ki, Yazıçılar İttifaqında plenum necə keçiriləcək, səni seçəcəklərmi".

Anarın səlahiyyəti ilə bərabər, məsuliyyəti də artdı, uzun, sınaqlarla dolu ağır bir yol başladı. Nəhəng bir dövlətin idarəçiliyi laxlamışdı, Sovet sistemi çökürdü, Respublikada və Moskvanın ali hakimiyyət orqanlarında milli haqların qorunması uğrunda mübarizə ictimai-siyasi xadimlərin yeni keyfiyyətlərini üzə çıxarırdı.

Ermənistan hökuməti, Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərliyi, beynəlxalq erməni təşkilatları, Moskvanın ermənipərəst dairələri eyni vaxtda Azərbaycana hücuma keçincə respublikamızda böyük çaşqınlıq yaranmışdı. Ermənistandan qovulan çoxsaylı soydaşlarımız respublikaya səpələnmişdi. Azərbaycanın rəhbərliyi Kremlin qərarını gözləyirdi. O zaman xalqın pənah yerlərindən biri də Yazıçılar İttifaqı olmuşdu. İttifaqın rəhbərliyi, fəal üzvləri onlardan asılı olan nə vardısa, edirdilər. Respublikanın məşhur ziyalılarının imzası ilə Qarabağdakı narahatlıqlarla bağlı Qorbaçova müraciət göndərir, xalq qarşısında çıxış edir, Qarabağa yardımla bağlı ictimai qurumlar yaradır, mitinqlərdə, mətbuatda, efirdə xalqı təmkinli olmağa səsləyirdilər.

Stepanakertdə "Miatsum" çağırışları, Sumqayıt hadisələri, Bakıda 1988-ci ilin noyabr-dekabr mitinqləri ("Artıq sirr deyildi ki, Azərbaycan da daxil olmaqla, İttifaq üzrə bütün etiraz hərəkatlarının təşkilində SSRİ DTK-sının barmağı var") gənc siyasətçilərin Meydana çıxması, tanınmış ziyalıların sıxışdırılıb gözdən salınmasına edilən cəhdlər ("Mərhum Vəli Məmmədov yazırdı ki, Anara qarşı ermənilər də çıxış edir, bizimkilər də"), SSRİ Xalq Deputatlarının qurultayında erməni deputatlarına cavablar və ölkə rəhbərliyinin diqqətinin ("Qorbaçovun qəbulunda") Azərbaycanın problemlərinə yönəldilməsi üçün çabalar, Qorbaçovun "Dağlıq Qarabağ Ermənistana verilməyəcək", - deyə Azərbaycan ziyalılarını aldatması, erməni separatçılarının ideoloqlarını Kremldə qəbul edib "him-cimlə" (yəni gedin hərəkət edin) onları arxayınlaşdırması, Rusiya elitasının haqsızlıqlara laqeydliyi, bəzi məşhur sovet alimlərinin və yazıçılarının (Saxarov, Həmzətov) daşnak məkrlərinə aldanması, Vəzirovun Azərbaycan rəhbəri kimi yarıtmazlığı, yüngül hərəkətləri ("Ə.Vəzirov necə deyərlər, nə öz yerində, nə də zamanında meydana çıxmışdı. Zaman sərbəstlik və qətiyyət tələb edirdi, o isə Qorbaçovun iradəsinə güvənirdi, ona təklif olunan hər cür alternativ variantlardan vaz keçirdi"), A.Volskinin rəhbərliyi ilə yaradılan "Xüsusi Komitənin" anti-Azərbaycan əməlləri", 20 Yanvar hadisələri, o dövrdə Azərbaycan ziyalılarının (Z.Bünyadov, V.Məmmədov, T.İsmayılov, B.Vahabzadə, X.Rza və başqaları) mübarizəsi, A.Mütəllibovun hakimiyyətə gətirilməsi, Avqust putçundan sonra Kommunist Partiyasının süqutu və Azərbaycanda siyasi vəziyyətin dözülməz vəziyyət alması, SSRİ-nin dağılması, iki ölkə prezidentinin - B.Yeltsinin və N.Nazarbayevin Xankəndinə nəticəsiz səfəri, Xocalı faciəsi barədə Anarın yazdıqları zəngin məlumatlar, pərdəarxası söhbətlər, dərin müşahidələr, geniş müşahidələr toplusudur.

Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra Anar Ali Sovetin sədri, respublika prezidentinin səlahiyyətlərini icra edən İsa Qəmbəri Yazıçılar Birliyinə dəvət edir,

(Üç il əvvəl Azərbaycan KP MK-nın Birinci Katibi Ə.Vəzirov da Yazıçılar Birliyində qonaq olmuşdu - Ə.O.) və birinci şəxsə Yazıçılar Birliyinin, yazıçıların problemlərindən danışır. İsa Qəmbər ondan ədəbi jurnalların və qəzetin nəşri üçün maddi yardım istəyən Anara qəribə cavab verir: "Anar müəllim, bəyəm Füzulinin zamanında jurnal çıxırdı?". Anar hazırcavablıq edir: "Füzulinin zamanında sultanlar sənin buraya gəldiyin "Mersedes"də gəlmirdilər".

Bir tərəfdən siyasi blokada, düşmən təcavüzü, düzgün aparılmayan daxili və xarici siyasət, prezidentin ölçüsüz-biçisiz bəyanatları, dünyanın gözündə Qarabağ münaqişəsinin, bizim nəzərimizdə isə Ermənistan və Azərbaycan müharibəsinin qızışması, uzanması, cavan hakimiyyətdə təcrübəsizlikdən doğan özbaşınalıqlar, bir neçə "əziz-bircə" alim və yazıçıdan başqa, bütün təcrübəli ziyalılara inamsız yanaşılması, Sovet yarlığı vurularaq, hətta onlara arxa çevrilməsi kitab müəllifi tərəfindən ürək ağrısı ilə izlənilir.

Anar 1993-cü ilin fevralından başlayaraq fasilə ilə yeddi ay İstanbulun Memar Sinan Universitetinin dəvəti ilə Türkiyədə çalışıb. Həmin illərdə demək olar ki, işsiz, az maaşlı, mövcud vəziyyətlə barışmayan ziyalıların xaricə axını yaşlı nəslə yaxşı məlumdur. Anar Türkiyədə yazdığı "Otel otağı", "Muhakkaq görüşürüz" əsərlərində o dövrün ziyalılarının keçirdiyi hissləri, həyəcanları qələmə aldığından xəbərdarıq. "Yaşamaq haqqı"nda o, ictimai, elmi fəaliyyətindən, ezamiyyətinin vətəni dar gündə qoyub qaçması kimi yozan ittihamlardan söz açır.

Anar Ulu Öndər Heydər Əliyev haqqında çox yazıb. Ona həsr etdiyi "Unudulmaz görüşlər" kitabı öz yerində, "Yaşamaq haqqı" kitabının da xeyli hissəsi Heydər Əliyevlə bağlıdır. Bunun səbəbi aydındır. Heydər Əliyev Anarın gəncliyindən, 1969-cu ildən 2003-cü ilə qədər Azərbaycanın taleyində əsas, yönəldici rol oynamışdır.

Həmin illərdə respublikada (sonrakı illərdə SSRİ miqyasında) nədən söhbət açsan, Heydər Əliyev yada düşür. Tərcümeyi-halımızda yer alan o illərdə Heydər Əliyevin adı mütləq anılır.

Heydər Əliyev birinci hakimiyyəti dövründə Azərbaycanın "yaşamaq haqqı"nı necə qoruyurdusa, milli ədəbiyyatımıza, mədəniyyətimizə, ziyalılara necə hamilik edirdisə, ikinci gəlişində də əvvəlki missiyasını davam etdirdi. Respublikanın idarəetmə sükanını əlinə alan kimi Elmlər Akademiyasının binasında ziyalıların görüşünə gəldi. (O görüşdə mən də iştirak etmişəm - Ə.O.). Həmin görüşdə o, bəyan etdi: "Azərbaycan bundan sonra öz dövlətini demokratik prinsiplər əsasında qurmalıdır və dövlət orqanları cəmiyyətdə demokratik prinsiplərin bərqərar olması üçün təminat yaratmalıdır.

Ancaq gərək alimlərimiz də, ziyalılarımız da kənarda qalmasınlar, çalışsınlar, çarpışsınlar, həyatımızın bu ağır dövründə biganəlik etməsinlər. Əgər onların sözü bir dəfə qəbul olunmayıbsa, ikinci dəfə gəlsinlər, ikinci dəfə qəbul olunmayıblarsa, üçüncü dəfə gəlsinlər. Anar burada şikayətləndi, mən onun şikayətləri ilə razıyam. Çünki, doğrudan da, belədir - bu həqiqətdir. Ancaq bu elə o demək deyil ki, inciyib kənara çəkiləsən. Heç birimizin inciməyə haqqımız yoxdur. (Sitat "Yaşamaq haqqı" kitabından götürülmüşdür).

Heydər Əliyevin dediklərinə söykənib fikrimi belə ifadə edirəm: Anar heç bir zaman Azərbaycanın taleyi ilə bağlı məsələlərdə biganəlik göstərərək kənara çəkilməyib. Mirzə Cəlil demişkən, bezmək asandır. Və yaxud məlum misralar: "Mübarizə bu gün də var, yarın da, Mən də onun ən öz sıralarında".

Heydər Əliyev daxildə və xaricdə siyasi quruculuq fəaliyyəti ilə yanaşı, yenidən Azərbaycanda ziyalı mühitini qızışdırdı. On ildə bir çox mədəni hadisələrin ideya müəllifi, təşkilatçısı kimi tanındı. O, tez-tez alimlərin, yazıçıların, rəssamların, bəstəkarların, aktyorların arasında idi. Daxili və xarici səfərlərdə onları özünə qoşurdu. Ev-muzeylərinin açılmasının, abidələrin qoyulmasının, "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin, Türk dünyası yazıçılarının qurultayının keçirilməsinin, Şuşadan erməni quldurlarının güllələdiyi heykəllərin (Natəvan, Üzeyir Hacıbəyli, Bülbül) alınıb Bakıya gətirilməsinin, ədəbiyyat və mədəniyyət xadimlərinin yüksək fəxri adlarla, mükafatlarla təltif edilməsinin səbəbkarı oldu. Ulu öndərin ziyalılara hörmətinin göstəricisidir ki, 1995-ci ilin payızında deputat seçilən Anar Heydər Əliyevin tövsiyəsi ilə Milli Məclisin ilk iclasını idarə etdi. "Birinci iclas ərəfəsində Prezident məni yanına dəvət etdi.

- İstəyirik ki, Məclisin ilk iclasını sən açasan və aparasan, - dedi.

- Çox sağolun, bu mənim üçün böyük şərəfdir. Amma bilmirəm bacararammı?

Heydər Əliyev soruşdu:

- Yazıçılar İttifaqının neçə üzvü var?

- Yeddi yüzdən artıq, - mən təxmini rəqəm dedim.

- Bəs Milli Məclisin neçə üzvü var?

- Yüz iyirmi beş.

- Əgər sən yeddi yüzlə bacararsansa, onda yüz iyirmi beşin də öhdəsindən gələrsən".

Ulu öndərlə vida mərasimi də kitabda "Qalib gəldi, Qalıb getdi" sonluğu ilə bitir.

Heydər Əliyevin yolu onun varisi və davamçısı, Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və dünyanın çağdaş düzəninə uyğun olaraq Azərbaycanda da yeni tipli lider diqqət mərkəzindədir.

Ölkəmizdə böyük layihələr, proqramlar həyata keçirilir, xalqımızın müstəqillik ideyalarının gerçəkləşdirilməsi üçün həyatımızın bütün sahələrində inamlı və böyük addımlar atılır.

Kitabda Heydər Əliyev Fondunun beynəlxalq miqyasda gördüyü işlərdən, Respublikanın birinci vitse-prezidenti, Fondun sədri Mehriban xanım Əliyevanın fəaliyyətindən, onun "Qobustan və İçərişəhər, Muğam və Xalça, Novruz bayramı və aşıq sənəti kimi mədəni və mənəvi dəyərlərin dünyada tanınması yolunda böyük işlər" gördüyü də "yaşamaq haqqı"mızdan sayılır.

Kitabda müəllif onun əl-ayağına dolaşanlardan, paxıllardan, ona dönük, etibarsız çıxanlardan da ürək ağrısı ilə yazır. Təbii ki, öz üslubuna uyğun olaraq. Yumorla, ironiya ilə... "Ən qəribəsi də odur ki, heç bir pisliyim, yaxşılığım keçməmiş adamlar yox, məhz yaxşılıq etdiklərimdən bəziləri üzüdönük çıxıblar. Çörəkləri dizlərinin üstündə olanların siyahısı çox uzun olardı, amma yuxusuz gecələrimin birində onları gözüm qarşısında canlandıranda, nədənsə, ancaq on bir şəxsin üstündə qəti dayana bildim. Lap futbol komandası kimi "Nankorlar" komandası. İndi futbolu yalnız kişilər yox, qadınlar da oynadığına görə bu komandaya hər iki cinsdən nankorlar daxildir. Əlbəttə, ehtiyatda olanlar da var və nankorlardan biri peşman olub üzrxahlıq edəndə onu ehtiyatda olanlardan birilə əvəz etmək mümkündür. Şübhəsiz, bu komandanın məşqçisi, ya məşqçiləri, kapitanı da var, varlı-karlı sponsorları da... Çingiz Abdullayev deyir ki, bizimkilər pas verməyi bacarmırlar - nə futbolda, nə də həyatda. Bu doğru sözlərə onu da əlavə edirəm ki, bəzən öz qapımıza top vurmağı da xoşlayırıq. Nə isə... Kimsə yaxşı deyib ki, sizə qarşı olan pislikləri unudun getsin, amma pislik edənlərin ad-famillərini yaddan çıxarmayın...".

Anar haqsız olduqlarına yüz faiz inandığı etibarsızların adını çəkmir. Onları dilə-dişə salmaq istəmir. Və yenə də böyüklük edir, həmişəki Anar olduğunu göstərir. 

Məqaləmin əvvəlində demişdim ki, Anar bu kitabında Azərbaycanın gələcəyi ilə bağlı arzularını da ifadə edib. Kitaba daxil edilmiş "Azərbaycan haqqında düşüncələr", "Odlar yurdunun küləklər şəhəri" məqalələrində yazıçı ən yüksək insani dəyərlərə, milli məziyyətlərə, humanist dayaqlara söykənərək Azərbaycanı dünya birliyi ölkələri arasında özünəlayiq yerdə görür, böyük arzularını bildirir. Yüksək beynəlxalq tədbirlərdə səslənən həm Quzey, həm də ürəklərdə oxunan, heç vaxt unudulmayacaq, bir zaman rəsmiləşməsi umulan Güney Azərbaycanın himnləri kitabın son akkordu kimi səslənir.

Kitaba ön söz yazan alim və yazıçı Pərvin xanımın bir cümləsini məqaləmin "Son söz"ünə çevirirəm: "Mənə görə Anar yaradıcılığının əsas özəlliyi obyektivlikdir".

Aprel 2020

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!