İmperiya IV və Peyğəmbər - İlqar FƏHMİ - Rəqəmsal pamphlet

İxtisarla

 

Rayonun İcra başçısı kabinetindəki enli pəncərənin yanındakı kresloya çöküb bayırda lopa-lopa yağan qara baxanda, təbii ki, ağlına da gəlməzdi ki, beş dəqiqədən sonra onun beynindən keçəcək qəribə fikirlər rayonda gözlənilməz, qeyri-adi hadisələrə gətirib çıxaracaq və hər şeyin də baiskarı Dördüncü kateqoriya İşıq Peyğəmbəri olacaq... Bəli, birinci yox, ikinci yox, üçüncü də yox, məhz dördüncü... Çünki birinci və ikinci kateqoriya İşıq Peyğəmbərlərində öz yunitlərinin enerjisini artırmaq və ildırım, zəlzələ yaradıb düşmən əsgərlərini məhv eləməkdən başqa qeyri-adi bacarıqlar yox idi... Yalnız oyunun üçüncü versiyasını hazırlayanda, proqramçı Tom Brayanın ağlına gəlmişdi ki, sadəcə ildırım və zəlzələ ilə məhdudlaşmasın, Günəş mədəbindən sifariş verilən İşıq Peyğəmbərinə əlavə nəsə bir bacarıq versin... Beləcə, üçüncü versiyada, İşıq Peyğəmbərinə dualar oxuyaraq düşmən əsgərlərini müvəqqəti yatızdırmaq bacarığı verildi... Dördüncü versiyada isə Tom Brayan bir az da irəli getdi, sevimli obrazını bir az da gücləndirdi - indi İşıq Peyğəmbəri öz yunitlərini qorumaqla bərabər, yeraltı Zülmət dünyasından çıxan bədheybətlərin qarşısına çıxaraq, moizə oxuyub, onları ovsunlamaq, başlarındakı qaranlığı əridərək onları öz tərəfinə çəkmək, yəni İşıq cəngavərinə çevirmək qabiliyyəti aldı...

Lakin bu qabiliyyətlər Peyğəmbərə əlavə olunduqda, oyunda onun istehsal qiyməti də artmış oldu... Artıq belə bacarıqlı İşıq Peyğəmbərinə sahib olmaq üçün 1200 magik kristaldan keçmək lazım idi.

Əlbəttə ki, on iki il ərzində uzaq dağ rayonlarının birinə rəhbərlik etmiş İcra başçısı Onlayn Strategiya oyunlarının bütün bu incəliklərindən xəbərsizdi, kompüter oyunları barədə isə yalnız onu bilirdi ki, bu zibil hər nədisə, çox axmaq şeydi, yalnız uşaqların vaxtını almağa qadirdir. Hərçənd evdə də 16 yaşlı yeganə nəvəsinin bütün günü kompüter qarşısında oturub oyunlar oynadığını görəndə, əsəbləşib deyinməkdən başqa bir şey əlindən gəlmirdi... Həm də hiss edirdi ki, indiki uşaqları qışqır-bağırla kompüterdən, telefondan filandan ayırmaq mümkün deyil, indi elə bir nəsil gəlir ki, ekrandakı əcayib məxluqları atalarından çox istəyirlər.

Ancaq indi pəncərədən bayıra baxan İcra başçısı virtual reallığın incəliklərindən çox uzaq idi... Rayon mərkəzinin küçələri, evləri də, bir az aralıda görünən yastı yamaclar da, dərədəki alma bağları da, buludlara dirənən dağlar da ağappaq qarın içində idi... Həm də sadəcə qar deyildi bu, elə bil ki, göydən yerə saflıq, təmizlik, rahatlıq yağırdı... Və uzun ömrü boyunca bəlkə ilk dəfə Başçının ürəyindən qəribə hisslər keçməyə başladı - bu qar ona, sanki ana südünü xatırlatdı, elə bildi ki, ağappaq qara baxdıqca ruhu təmizlənir, saflaşır, az qala körpə uşaq ruhu kimi təmiz olur. Düşündü ki, bəlkə heç vaxt dünyanın heç yerində belə gözəl, belə təmiz qar yağmayıb... Sanki qeyri-ixtiyari fikrindən belə bir arzu keçdi ki, kaş rayona qalxan yeganə yol bağlanaydı, ətraf dünya ilə gediş-gəliş kəsiləydi, bu qar da günlərlə, aylarla dayanmadan yağardı, yağardı, bütün rayon camaatının - böyükdən kiçiyə qədər hamının ruhunu təmizləyərdi, ana südü kimi ağappaq eləyərdi və bir vaxt, hansısa beynəlxalq təşkilat gəlib monitorinq aparanda, elan edilərdi ki, bu rayonun insanlarının ruhu dünyanın bütün insanlarının ruhundan saf, təmiz, pak çıxdı...

Bütün həyatı boyu ilk dəfəydi ki, Başçı nəyisə bu qədər ixlasla, bu qədər səmimi-qəlbdən - az qala uşaq saflığı ilə arzulayırdı... Və ilk dəfəydi ki, bu cür şövqlə arzuladığı hansısa bir nəsnə onun sırf özünün şəxsi mənafeyi, maddi mənfəəti, gəliri-xeyriylə bağlı deyildi... Sadəcə, elə bil ruhunun dərin qatlarında qalmış o uzaq uşaqlığından gəlmə saf, təmiz, səmimi bir arzu idi... 

İcra başçısı bilmirdi ki, Qərb filosoflarından biri nə vaxtsa belə fikir deyib: - Nəsə arzulayanda ehtiyatlı olun, çünki arzuların həyata keçmək təhlükəsi var...

Bunu bilsəydi, bayırda səssiz-səssiz yağan qara baxaraq, beynindən keçən fikirlərin yüyənini boş buraxmazdı. Heyif ki, bilmirdi, ona görə fikirlərinə, hisslərinə, arzularına da nəzarət eləmirdi...

Budur, gəlib çıxdıq müasir nağılımızın əsas hissəsinə, çünki bayaqdan danışdıqlarımız bir növ aşıq gəzişməsi kimi bir proloq idi... Nağıl deyəndə fikriniz köhnə nağıllara getməsin, çünki, əslində, nağıl sözünün mənası nəql olunan bir hadisə deməkdir. Biz də bir hadisə nəql edirik, sadəcə, fərq ondadı ki, burda göydən almaların düşməsi hadisənin təkcə sonuna yox, həm də əvvəlinə təsadüf edir. Əvvəldə göydən düşən də əslində, heç alma deyildi və heç göydən də düşüb eləməmişdi, dağdan qopmuşdu...

Bəli, nağılımızın əsas hissəsinə başlaya bilərik. Pəncərənin yanında oturub səssiz yağan qara baxan İcra başçısının ürəyindən həmin arzular keçən dəqiqədə, elə bil səmalara qəribə bir enerji yayıldı, göy guruldadı, ildırım çaxdı və... Rayona qalxan yeganə yolun kənarındakı sıldırım qayalardan üç dənə yekə qaya parçası qopub düşdü yolun üstünə, yolun yeddi-səkkiz metrlik hissəsi dağılıb töküldü, eyni zamanda yolun kənarıyla rayona çəkilən yüksək gərginlikli elektrik xətlərini də qırıb tökdü, rayon qaldı işıqsız... (Əlbəttə, əvvəlcədən generator qoyulmuş yerləri nəzərə almasaq...).

Fikrə gedən İcra başçısı bir də onda ayıldı ki, otaqdakı işıqlar əvvəl bir neçə dəfə göz vurdu, sonra tam kəsildi və ardınca binanın altından uğultu eşidildi, zirzəmidəki generator işə düşdü, bir neçə saniyədən sonra otaq yenidən işıqlandı...

İcra başçısı səssiz yağan qarın təsiri altında bayaqdan ürəyindən keçən qeyri-adi, lirik hissləri bir andaca unudub, sərt qorxunc məmura çevrildi - o saat əl telefonlara getdi, yumruğu stola çırpıldı, baş verən hadisənin təfərrüatlarını, səbəblərini öyrənməyə başladı, kimisə söyüb biabır elədi, kimisə türməylə hədələdi, kimisə acıladı... Bir sözlə, vəzifəsi üçün normal sayılan fəaliyyət rejiminə keçdi...

Məhz bu məqamda baş verən başqa bir məsələdən də xəbərsiz idi İcra hakimi... Xəbərsiz idi ki, artıq bir aydı coşqunluqla "İmperiya 4" onlayn strateji oyununa aludə olan 16 yaşlı nəvəsi bu müddət ərzində bütün bonuslarını yığıb saxlamışdı ki, 1200 kristala çatdırsın, Günəş məbədindən 4-cü kateqoriya İşıq Peyğəmbəri alsın, öz virtual ordusunu bu qeyri-adi bacarıqları olan yunitlə gücləndirsin...

Əlbəttə, Günəş məbədindən yunit sifariş vermək üçün oyunun içindəki onlayn mağazada 20 dollar ödəniş etməklə bir andaca 5000 magik kristal əldə etmək olardı, lakin uşağın hər şeyi olsa da, şəxsi bank kartı hələ yox idi.

Buna görə çarəsi yalnız oynadıqca əldə etdiyi bonusları müxtəlif gücləndirmələrə sərf etməyərək, yığıb saxlamağa qalmışdı və məhz bu səhər bonuslarının sayı 1200 magik kristala çatmışdı, yubanmadan Günəş məbədindən İşıq Peyğəmbəri sifariş vermişdi.

Sonra da rayon mərkəzinin yuxarı başında babasının tikdirdiyi üçmərtəbəli villanın mansardındakı otağında oturub yarım saat ərzində çipsi yeyə-yeyə çoxdan arzuladığı bu yeni yunitin yetişməsini gözləmişdi. Həm də səssiz gözləməmişdi, artıq oyunun onlayn-çatındakı bütün döyüş dostlarına xəbər göndərmişdi ki, mən artıq 4-cü kateqoriya İşıq Peyğəmbəri sifariş vermişəm, özünüzü yağışdırın, hazırlaşın, bir azdan hamınızın başına oyun açacam, mənim İşıq Peyğəmbərim magik dualar oxuyub sizin Zülmət aləmdən çıxan bütün qoblinlərinizin başını təmizləyib onları İşıq cəngavərinə çevirəcək, sizin bütün yunitlər mənim tərəfimə keçəcək, Günəş məbədinin xidmətçisi olacaqlar....

Ancaq tərslikdən uşağın monitora sıxılıb həyəcanla gözlədiyi həmin vaxtda - yəni məhz 4-cü kateqoriya İşıq Peyğəmbərinin yetişib gurultulu musiqi altında Günəş məbədindən çıxdığı saniyədə işıqlar əvvəl iki dəfə göz vurdu, internet qırılmağa başladı, kompüterin yaddaşında hər şey bir-birinə qarışdı, sonra da ümumən işıq kəsildi...

Və ekranın monitoru yanıb-sönən məqamda uşaq qəfildən... yoxa çıxdı.

Lakin bunu hələ heç kim bilmədi, çünki atası İsveçrədə xizək sürürdü, anası Antalyada özünü günə verirdi, böyük qardaşı da Batumidə kazinoda partapartla pul uduzurdu... Evdə bircə qoca qulluqçu qadın idi ki, o da, uşağa səhər yeməyi düzəldəndən sonra öz otağına çəkilib yatırdı. Axı bütün gecəni gözünü yummamışdı, "Yarpaq dökümü"nün doqquz seriyasına ard-arda baxmışdı, çünki Əlireza bəyin insult olub yatağa düşdüyü seriyalar idi və arvad ona baxa-baxa üç il yataqda qalan rəhmətlik ərini xatırlamışdı, heç cür əli gəlməmişdi televizoru söndürməyə...

Qayıdaq İcra başçısının üstünə... Nəvəsinin yoxa çıxmasından bixəbər başçı demək olar ki, nahara qədər rayonun bu fövqəladə vəziyyətdə normal həyatını qismən də olsa təmin etməkçün özünü ora bura vurdu, lazımi tədbirləri gördü, təmir briqadalarını işə saldı, özü də hadisə yerinə baş çəkib lazımi tapşırıqlarını verdi, böyük müəssisələrdə qəza generatorları işə düşdü, rayona verilən təbii qazın təzyiqi artırıldı... Vəziyyət qismən stabilləşdi, amma bircə mobil rabitə problem yaradırdı, ötürücü stansiyalara nə olmuşdusa, şəbəkə gah gəlirdi, gah da itirdi... Başçıya söz vermişdilər ki, bunu da qısa zamanda aradan qaldıracaqlar..

Nəhayət, günorta saat biri keçəndən sonra, başçı vəziyyət barədə telefonla paytaxta məruzə edib qərara gəldi ki, artıq bir az dincəlib nahara hazırlaşmaq olar...

Nahara isə dəvə qutabı sifariş vermişdi... On gün əvvəl birinci müavininin yanında təsadüfən ağzından çıxmışdı ki, çoxdandı dəvə qutabı yemirəm. Allah saxlamış müavin də, məlum səbəbdən canfəşanlıq göstərərək, Xızıdan təcili üç dənə dəvə gətizdirmişdi rayona.

Düzdü, Başçı əvvəl ürəyində əsəbləşmişdi ki, o qədər dəvə əti nəyimizə lazımdı ki. Ehsan verəcəm? Ancaq sonra əsəblərini cilovlamışdı, əksinə, müavininə "əhsən" demişdi ki, onun ürəyindən keçəni yerin deşiyindən də olsa, tapıb çıxardıb...

Başçı həyətdə özüyçün düzəltdiyi geniş nahar otağına düşərək, stol arxasında yerini tutub, elə ilk qutabı əlinə götürməyə hazırlaşırdı ki, telefonu zəng çaldı... Rayonun Yol-təmir tikinti trestinin müdiri idi.

Başçı əvvəl istədi götürməsin, ancaq sonra ağlına gəldi ki, bəlkə yenə də hardasa uçqun filan olub...

Yox, uçqun olmamışdı, müdirin səsində də həyəcan filan hiss edilmirdi. Əksinə, yaşı altmışa yaxınlaşan, həmişə yorğun, bezgin əhvalda olan müdirin səsində elə bil qəribə bir qətiyyət peyda olmuşdu..

- Bu qəzanın nəticələrini aradan qaldıraq, çıxıb gedəcəm.

- Hə, gedib dincələrsən oğlunun yanında - müdirin Rusiyada yaşayan oğlunu işarə edərək Başçı cavab verdi.

- Yox, birdəfəlik gedəcəm. Ərizəmi də yazmışam.

- Niyə? - Başçı avtomatik soruşdu.

- Bezmişəm ey. Nə qədər olar? Ordan qopart bura cala, burdan ora cala, bunu yedizdir, onun payını ver, o birinin faizini çatdır... Adam öz-özünə nifrət eləyir... bəsdi daha...

Müdirin ürəyi dolu idi deyəsən, amma başçı söhbəti uzatmağa imkan vermədi, "Yaxşı, sonra danışarıq" deyib telefonu qapatdı..

Təbii ki, heç nə başa düşmədi. Axı bir saat əvvəl bir yerdə olmuşdular, rayona qalxan yolun dağılan hissəsinin təmirinə nə qədər vəsait gedəcəyini təxmini hesablamışdılar, öz faizlərini də bölüşdürmüşdülər, kimin haqqını necə çatdıracaqlarını da razılaşdırmışdılar. Bundan sonra başçı qayıtmışdı öz yerinə, müdir də getmişdi öz idarəsinə, təmirin smetasını tutmağa. Davranışında da qeyri-adi heç nə hiss olunmurdu... Bəs bu bir saatın içində nə baş vermişdi?

İlk olaraq başçının ağlına gələn bu oldu ki, Yol Təmir-Tikinti Trestinin müdiri naharda nəsə geydirmə araq içib, başı gedib... Bu fikir Başçıya inandırıcı göründü, çünki müdir axır vaxtlar çox içirdi, hər dəfə də içəndən sonra onsuz da turşumuş sifəti bir az da turşuyurdu, bütün dərdi-səri düşürdü yadına, başlayırdı ki, oğlum fərsizdi, gündə bir zibil çıxardır, düşür polisə, filan qədər pulum gedir, qızım bir cür bədbəxtdi, üç dəfə ər dəyişib, hələ bir fərlisi çıxmır qabağına, nəvələr də ki avara, hərəsi bir xarici ölkədə oxuyur, ancaq oxuduqları universitetlərin heç qapılarını da tanımırlar, bütün vaxtları da gecə klublarında keçir, elə pul dartmağı bacarırlar... Hər dəfə belə olanda, başçı onu məclisdən qovurdu ki, yenə ağırlığını tökürsən üstümüzə, öz dərdimiz özümüzə bəsdi, sən də bir yandan...

Başçı elə bu fikirlərlə dəvə qutabının birincisini yedi... Çox da xoşuna gəldi. Ətin maraqlı dadı öz yerində, xəmiri də Corat qutabından fərqli olaraq, elə bil kağız kimi nazik yayılmışdı. Aşpaz arvadın bacarığına söz yox idi. Hər dəfə paytaxtdan qonağı filanı gələndə, süfrədəki yeməklər həmişə təriflənərdi, ancaq əfsus ki, bu təriflər gedib arvadın özünə çatmırdı - başçı köhnə kadrlardan idi və prinsipi bu idi ki, adamı pis işinə görə danlasan da, yaxşı işinə görə tərifləmək olmaz, yoxsa qudurar, məsuliyyətini itirər...

Birinci qutab elə dişinin dibində qaldı, həvəslə ikincisinə əl uzatdı. Ancaq bu dəfə də nuş canlıqla yeməyinə imkan vermədilər - yenə telefon zəng çaldı... Bu dəfə rayonun suvarma sistemləri idarəsinin rəisi idi...

- Nədi, nə istəyirsən? - soruşdu.

- Olmaz ey belə. Bəsdi daha. Nə qədər olar. İnsan deyilik bəyəm?

Başçı rəisin səsini eşidib diksindi. Eyni qətiyyət, eyni intonasiya.

- Nə olmaz? Nə bəsdi?

- Camaat min bir zülümlə torpaq əkir, biz də Yezid kimi kəsdiririk başının üstünü ki, düş tasa, filan qədər ver suya görə... Yediyimiz çörək burnumuzdan gələcək ey... Mən belə işləmək istəmirəm... Gəlim oturaq danışaq, ya adam kimi işləyək, ya da ki...

Başçı əsəblərini birtəhər saxlayıb bunu da yola verdi.

- Gələn həftə gələrsən, danışarıq...

Başçı telefonu qapatdı, yenə ani fikrə getdi. Bunlara nə olub belə? Bəlkə bu da həmin araqdan içib? Bilirdi ki, rayonda iki-üç dənə arağ sexi var, keyfiyyəti də ki məlum... Ancaq haqq-hesabı vaxtı-vaxtında artıqlamasıyla çatırırdılar deyə, nə başçı, nə polis onlara dəymirdi... Elə ilk olaraq ağlına gələn bu sexlər oldu başçının, lakin zəng vuran adamların belə ucuz geydirmə araq içmələri də ağlına batmadı... Hər ikisi canının qədrini bilən idi, geydirmə arağa yaxın gedən deyildilər.

Növbəti qutabı bu fikirlərlə yeyib qurtaran başçı, bir stəkan barjom içdi, sonra yenə əlini süfrəyə uzadanda, sanki qeyri-ixtiyari əl saxlayıb telefona baxdı... Elə bildi ki, indi yenə kimsə zəng vuracaq...

Elə də oldu. Bu dəfə Təhsil Şöbəsinin müdiri idi... Səsində eyni intonasiya olsa da, danışdıqlarının məzmunu başçını tamam çaşdırdı...

- Adam da məktəblərdən pul yığar? Adam da uşaq bağçalarının çörəyinə göz dikər? Belə də kişilik olar? O pulu çörək yox ey, qurğuşun eləyib boğazımıza tökmək lazımdı... Elə yığırıq, yığırıq gözümüz doymur... axı nə vaxtacan

Başçı bu dəfə nə fikirləşdisə, telefonu qapatmadan stolun üstünə qoydu və Təhsil müdirinin mikrodinamikdən gələn milçək vızıltısına bənzər səsi altında düşünməyə başladı... Avtomatik olaraq gözünün qabağına bir il bundan qabaqkı hadisələr gəldi - həmin Təhsil müdiri əvvəl başqa sahədə çalışırdı, ancaq bütün gücünü, yəni pulunu yığıb adam tapmışdı, xahiş minnətlə, yalvar-yaxarla indiki vəzifəsinə təyin olunmuşdu. Və bunu heç kimdən də gizlətmirdi, həm məktəb direktorlarına, həm də başqa əlaltılarına dönə-dönə təkrar edirdi ki, mən min bir zülümlə bu kresloya oturmuşam, əvəzini də görməliyəm... Ona görə dönə-dönə təkrar eləyirdi ki, unutmasınlar, əllərinə gələn hər qəpiyi onunla bölüşsünlər..

Elə Başçını da çaşdıran məhz bu məqam idi. Əvvəl zəng vuranlar çoxdan işləyirdilər, yığdıqlarını yığmışdılar, bir az sakitləşmişdilər, ancaq bunun gəldiyi heç bir il deyildi, hələ gözü və qarnı doymurdu, çökmüşdü rayonun təhsil müəssisələrinin canına, hamının qanını sovururdu... İndi nə oldu buna? Kimin boğazına qurğuşun tökmək istəyir? Bəlkə bu da o geydirmə araqdan içib?

Birdən başçı xatırladı ki, zəng vuran mərmurların idarələri rayon mərkəzində yanaşı tikilib, münasibətləri də var, çox vaxt elə nahara da bir yerdə gedirlər. Yəqin, indi də bir yerdə nəsə içiblər, başları gedib...

Telefonun mikrodinamikindən milçək vızıltısına bənzər səs hələ də gəlirdi və qəfildən Başçını gülmək tutdu. Bunlar yüz faiz nəsə oyun oynayırlar, onunla məzələnmək istəyirlər... Ona görə dalbadal zəng vurub səfeh şeylər danışırlar...

Başçı telefonu qapadıb güldü, ancaq sonra başını qaşıyıb fikirləşdi ki, hər halda bunlar nəsə içiblər ki, onunla belə zarafat eləməyə cəsarətləri çatıb. Yoxsa ayıq vaxtı kimin nə həddi ola bilərdi? Yaxşı, düşündü, mən sabah sizinlə elə zarafat edərəm ki, səsi gedib paytaxta çatar...

Məsələnin zarafat olduğunu özlüyündə qərarlaşdırandan sonra daha iştahla qutablara girişdi. İnsafən sonrakı yarım saat ərzində zəng vurub eləyən olmadı. Başçı bu müddət ərzində naharını yedi, üstündən bir stəkan yaşıl çay da içdi, və adətincə divana çökdü ki, bir az mürgüləsin...

Ancaq imkan vermədilər. Qəfildən qapı açıldı, Rayonun Polis rəisi içəri girdi. Başçı onu görən kimi diksindi... Rəis onun köhnə dostu olsa da, yaşca xeyli kiçik idi, heç vaxt da belə ədəbsizlik eləyib, xəbərsiz gəlməzdi. İndi nə olub ki?

Rəis salam-kəlamsız gəlib sözə başlayan kimi başçı barmağını dişlədi...

- Bezmişəm qardaş, bəsdi daha.

Elə ilk sözdən Başçı eyni intonasiyanı hiss elədi...

***

İcra başçısını öz Polis rəisi ilə bir yerdə buraxıb, gələk görək nəvəsi hara qeyb olub...

Başçının 16 yaşlı nəvəsi bu saat gömgöy meşədə qəhvəyi yarpaqları olan kolların arasında dayanıb, havadan asılı qalmış qızılı rəngli qəribə binaya baxırdı...

Əlbəttə ki, ona heç də təəccüblü gəlmirdi ki, qravitasiya qanunlarına görə binanın havadan asılması mümkün deyil, ağacların yarpağı göy-qırmızı, kollar da qəhvəyi olmur və ətrafda uçuşan quşların da başı kvadrat ola bilməz... Bilmirdi, çünki heç ömrü boyu meşə, dağ görməmişdi, hətta babasıyla gəzməyə də gedəndə başı əlindəki planşetə girirdi - gördüyü ancaq piksellərdən qurulan virtual reallıq idi ki, orda hər şey olurdu...

Hərdənbir məktəbə gedəndə qarşısına çıxan küçükdən daha çox qorxurdu, nəinki hansısa fantastik bədheybətdən... Çünki qorxunc bədheybəti məğlub eləmək üçün arsenalında plazma qumbaraları, lazer qılıncı, buz saçan tapança, özünü müdafiə etmək üçün də energetik zirehi, hətta xeyli sayda magik kristallar var idi, lakin zingildəyərək ayaqlarına dolaşan küçüklə neynəmək lazım olduğunu qətiyyən bilmirdi, onunçün də möhkəm qorxurdu...

Beləcə, uşaq qəhvəyi kolların arasında dayanaraq, havadan asılmış sehrli binaya zillənmişdi və mistik portala bənzəyən qapısından çıxıb kəndirlə sürüşərək yerə düşən eyni sifətli qanadlı mələklərə, elflərə baxa-baxa düşünürdü ki, mütləq bunların ardınca getmək lazımdı, yoxsa hamısı düşmənin müdafiə qalasındakı kiborqlarının qurbanı olacaq... Niyə bunu düşünürdü, özü də bilmirdi... Heç bilməyinə ehtiyac da yox idi. Çünki gözünü açandan heç nə düşünməmişdi, sadəcə oynadığı kompüter oyunlarının qaydalarına ciddi-cəhdlə riayət eləmişdi - qalan həyatını elə yuxulu kimi yaşamışdı - üzünü nadir hallarda gördüyü ata- anası, babası, hərdənbir xala-xətrin qalmasın deyə, getdiyi məktəb, diqqətini oyunlardan ayıra bilməyən qonaqlıqlar, məclislər... Bunlar hamısı yuxu idi. Əsl reallıq isə piksellər dünyası idi ki, burda da hər oyunun dəmir qanunları və sərt tələbləri vardı. Bu qanunlar da onun beyninə möhkəm həkk olunmuşdu Və indi də, son üç ayda fasiləsiz oynadığı "İmperiya 4" oyununun qanunlarına uyğun olaraq bu kəpənəyə bənzər qanadlı mələklərin, elflərin ardınca getməliydi, yeraltı Zülmətdən çıxan Qoblinlərlə, qara cəngavərlərlə mübarizə aparmalıydı... Çünki o, yüksək kateqoriyalı Peyğəmbər idi... "İmperiya 4"-ün İşıq Peyğəmbəri...

Bu oyunun içinə necə gəlib düşmüşdü və Günəş məbədindən çıxmalı olan həqiqi İşıq Peyğəmbəri hara getmişdi - bütün bunlar indi onu qətiyyən maraqlandırmırdı... Qarşıda onu gərgin döyüş gözləyirdi...

Lakin uşaq oyunun çoxsaylı qaydaları içində itib batan kiçik bir detalı unutmuşdu - 4-cü kateqoriya İşıq Peyğəmbərinin oyunda Zülmət yunitlərinə təsiri nə qədər gücləndirilsə də, daxili enerji tutumu artmamışdı - Ard-arda cəmi yeddi düşmən yunitini işıqlandıra bilirdi, bundan sonra İşıq Peyğəmbəri yenidən Günəş məbədinə qayıtmalı, enerjisi bərpa olunana qədər orda qalmalıydı... Əgər enerjisi tükənəndən sonra da dua oxuyub kimisə "işıqlandırmaq" istəsəydi, əks effekt alınacaqdı - Peyğəmbər özü qəfildən yoxa çıxacaqdı...

Tom Brayan yeni İşıq Peyğəmbərini proqramlaşdıranda bu hiyləgər məqamı ona görə əlavə eləmişdi ki, oyun zamanı Peyğəmbərin enerjisi sıfra enəndə, qeymer onu ya Günəş məbədinə qaytarıb bir gün gözləsin, yaxud onlayn ödənişlə, bir anda yenidən əvvəlki enerjisini qaytararaq oyunu davam eləsin... Və əslində bütün bu onlayn oyun "biclikləri"nin əsl mahiyyəti məhz burdaydı - yeniyetməni oyuna aludə edəndən sonra, proses zamanı hansısa xırda bonusları təklif etməklə, xırda ödənişlər qopartmaq və bu "xırda"ları getdikcə artırıb, qeymeri müəyyən mənada narkomana çevirməklə öz bank hesabını siyirmək...

Hər halda Tom Brayan balaca adam deyildi - ABŞ-ın ən tanınmış universitetlərindən birini uğurla bitirmişdi, İT texnologiyalar üzrə çoxsaylı mükafatlar və qrantlar almışdı, özünün İT şirkətini yaratmışdı, öz sahəsinin ən nüfuzlu mütəxəssislərindən biri kimi tanınmışdı... Və çox gözəl bilirdi ki, indiki dövrdə ən böyük, ən sanballı elmi nailiyyətlərinin arxasında kiminsə cibinə girmək məqsədi durmursa, o "böyük elm" heç kimə lazım deyil... Və bu minvalla illərdir ki, müxtəlif maraqlı onlayn oyunlar yaratmaqla, dünya miqyasında avam gəncləri "oyun narkomanları"na çevirərək, öz bank hesabını doldururdu...

Məhz bu aspektdən yanaşanda Tom Brayanın həyat strategiyası bu saat İcra başçısının qarşısında oturmuş Polis Rəisinin fəaliyyət mexanizminə çox oxşayırdı... - rayonda narkotik satanları himayəyə götürərək, daha çox gəncin bu yola düşməsini təmin etmək, daha sonra isə onları iş başında tutaraq, valideynlərinin ciblərini siyirmək...

İcra Başçısı da bütün bunları çox gözəl bilirdi, məhz buna görə də Polis rəisinin gəlib onun qarşısında oturub, vicdan əzabından danışmağa başlaması Başçını tamam çaşdırmışdı...

- Nə vaxtacan belə olacaq? Hamının zəhləsi gedir məndən. Bu boyda rayonda bir nəfər adam yoxdu ki, məni görəndə gözləri gülsün. Sabah başımı yerə qoysam, bir nəfər rəhmət oxumayacaq ey... Hamı deyəcək Allah lənət eləsin, neçə illər qanımızı içib... Hətta gəlib qəbrimin üstündə şalvarlarını çıxardıb...

- Bəsdi görək... - İcra Başçısı onun sözünü kəsdi, - yekə kişisən. Nə olub sənə? Sən Polis rəisisən. Qanun keşikçisisən... Başqa necə olmalıdı? Hamı səndən qorxmalıdı da... Artist, müğənni deyilsən ki, gəlib başına fırlansınlar.

- Yaxşı, başıma fırlanmasınlar. Amma heç olmasa, bir tikə hörmətim olsun da... - Polis rəisi əlini stola vurdu - Nə isə, bacarmadım. Alınmadı... Eliyə bilmədim...

- Nəyi? - başçı qeyri-ixtiyari soruşdu...

- Süleymanın məsələsini deyirəm...

Başçı xatırladı ki, keçən ay rayonun tanınmış fermerlərindən biri onunla kəllə-kəllə gəlmişdi, camaat arasında bəzi şeyləri birbaşa üzünə demişdi, o da Polis rəisinə tapşırmışdı ki, bu qudurmuşun obyektlərinə silahdan-narkotikdən atıb ilişdirsin, ağlı gəlsin başına...

- Eləyə bilmədim ey - Polis rəisi davam elədi. - Kişi hərəkəti deyil ey... Sonra onun gözünün içinə necə baxacam? Ağsaqqal adamdı, rayon camaatına o qədər köməyi dəyib, hamı onun xətrini istəyir. Kim inanacaq ki, narkotik alverinə, ya silah işinə girişib. Hamı başa düşəcək ki, qurma məsələdi... Bağışla, amma mən atamın gorunu bütün rayon camaatına söydürə bilmərəm...

Polis rəisi bunu dedi və elə qəfil gəldiyi kimi də, qəfildən qalxıb otaqdan çıxdı.

Başçı bu dəfə çox dərin fikrə getdi. Guya dünənəcən rayon cavanlarının cibinə narkotik atdırıb atalarını qoyun kimi qırxan bu deyildi. Bəs nə oldu buna?

Əvvəl elə düşündü ki, Süleyman buna pul verib, ələ alıb, öz tərəfinə çəkib...

Sonra bayaqdan zəng vurub səfeh-səfeh danışan məmurları xatırladı, elə düşündü ki, Polis rəisi də, onlarla birləşib, zarafatca nəsə oyun qurublar məzələnməkçün. Ancaq ağlına batmadı. Bütün rayonu qurdalayanda, ruhunda qəti yumor hissi olmayan yeganə adam tapmaq mümkün olsaydı, o da Polis rəisi olacaqdı... Allah elə bil doğuluşdan bu adamı normal zarafat anlayışından məhrum eləmişdi... O şeyə ki hamı gülərdi, onu bu başa düşməzdi, o şeyə ki bu gülərdi, ona da bundan başqa heç kim gülməzdi...

Başçı bütün bunları düşünüb, zarafat variantının üstündən xətt çəkdi və qəfildən canını vahimə bürüdü. Bir müddət əvvəl ard-arda həbs olunan "rəhmətlik" İcra başçısı yadına düşdü və düşündü ki, bəlkə bunların da qulağına nəsə çatıb? Bəlkə məni də tərpətmək istəyirlər, bunlar da öz yaxalarını indidən qırağa çəkirlər ki, guya mənimlə heç yaxın əlaqələri filanları da olmayıb... Batan gəmidən qaçan birinci siçovullar olur...

Ancaq bir qədər düşünəndən sonra bu variantın da üstündən xətt çəkdi, çünki yuxarılarda vacib qərarlar qəbul olunan yerlərdə yaxın adamları vardı və onun əleyhinə kimsə nəsə kampaniya başlasaydı, birinci özü xəbər tutacaqdı...

Bütün bu qəribə hadisələrin səbəbini öyrənməkçün ümidi yenə bacoğluya qaldı, tez zəng vurub yanına çağırdı.

Bacoğlu isə elə belə bacoğlu deyildi, həşərat idi. Uzun illər müxtəlif bölgələrdə prokurorluq orqanlarında çalışmışdı və başçı bu rayona gələndən sonra bacoğlusunun çətinliklə də olsa, bura keçirilməsinə nail ola bilmişdi. Məqsədi də bu idi ki, rəsmi hüquq mühafizə orqanlarından əlavə, burda onun özünün şəxsi informasiya mənbəyi də olsun. Bacoğlu da bura gələndən sonra qollarını çırmalayıb işə necə girişmişdisə, bir ilin içində rayonun bütün içalatını öyrənib dayısına təqdim eləmişdi - kim kimin adamıdı, kim kiminlə yola getmir, kimin kimlə prinsipi var, hansı nəsil hansı nəsillə dostdu, hansı hansıyla qanlıbıçaqdı, kimin oğlu nə işlə məşğuldu, kimin qızı nə işlə məşğul deyil. Bir sözlə, bacoğlu bir ilin içində rayonda, sanki dayısının qeyri-rəsmi "göz"ünə çevrilmişdi və bu gözün diqqətli nəzərindən heç nə yayınmırdı. Bacoğlu, sanki Cənab Başçının qeyri-rəsmi kəşfiyyat xidməti idi. Xüsusi adamları vardı, rayonda baş verən ən xırda hadisə barədə də ona gizli məlumatlar ötürürdülər. Təbii ki, havayı yox...

Elə indi də, bacoğlunu çağırıb vəziyyəti başa salandan sonra, Başçı bir az rahatlandı. Bilirdi ki, bacoğlu qısa müddətdə məsələnin səbəbini öyrənəcək...

Həqiqətən də elə oldu. Başçı nahardan sonra maşına oturub rayona qalxan yola baş çəkdi, səhər baş verən qəzanın nəticələrinin aradan qaldırılmasıyla bağlı aparılan işlərlə tanış oldu, işləri sürətləndirməkçün lazımi tapşırıqları verdi, geri qayıdanda isə gördü bacoğlu artıq ilkin informasiyalarla onun qəbul otağındadı...

Bir saatın içində bütün məmurların yan-yörəsinə yeritdiyi adamlarla görüşən, təhlükəsizlik kameralarının qeydlərini gözdən keçirən bacoğlu əldə elədiyi bütün informasiyaları dayısına çatdırdı... İnformasiyalar isə bir qədər fərqli və qəribə idi.

Məlum oldu ki, əynində boz rəngli Puma şəkilli idman gödəkçəsi olan arıq, balacaboy bir adam növbəylə rayonun yol-təmir tikinti idarəsinin müdiriylə, suvarma sistemləri idarəsinin rəisilə, Regional Təhsil Şöbəsinin müdirilə və nəhayət, Polis rəisilə görüşüb. Hərəsinin yanında on dəqiqədən çox olmayıb. Amma nə baş veribsə, məhz bu görüşlərdən sonra baş verib...

Ən qəribəsi isə Puma gödəkçəli adamın rahatlıqla bu məmurların yanına necə keçə bilməsi olub. Çünki rayonda hamı bilirdi ki, bu adamların, ələlxüsus da Polis rəisinin qəbuluna düşmək üçün az qala günlərlə növbə tutmaq lazım idi... İdarələrin mühafizəçiləri, əməkdaşları belə bir adamın gəlib rəislərlə görüşdüyünü dəqiq desələr də, heç biri o adamın sifətini dəqiq xatırlamırdı və niyə bu adamı rəisin yanına buraxdıqlarını heç bir məntiqlə izah edə bilmirdilər... Sanki həmin anda hipnozlanmış kimi görünürdülər...

Bacoğlu, hətta bu adamın təhlükəsizlik kameralarına düşən şəklini də gətirmişdi, lakin idman gödəkçəsinin kapyüşonunu başına atdığından üzü görünmürdü. Adətən, yuxarıda yerləşdirilən kameralara yalnız onun ümumi görünüşü, bir də gödəkçəsinin kürəyindəki qara Puma şəkli və yazısı düşmüşdü...

Başçı hipnoza, mistikaya filana inanan adam olmasa da, təhtəlşüur səviyyəsində başa düşdü ki, son saatlarda ətrafında baş verən bütün bu qəribə hadisələrin səbəbkarı Puma gödəkçəli həmin adamdır. Ona görə bacoğlunu göndərdi ki, başqa idarələrin mühafizəçilərinə, dükan- bazardakı adamlarına tapşırsın ki, bu adamı görsələr, heç kimin yanına buraxmasınlar, tez ona xəbər eləsinlər...

Bacoğlu axtarışları davam eləməkçün çıxıb gedəndən sonra, İcra başçısı uzun müddət qarşısındakı şəkillərdəki naməlum adama, daha doğrusu, o adamın boz gödəkçəsinin kürəyindəki qara Pumaya baxdı... Ani olaraq ona elə gəldi ki, bu Puma ova çıxıb və o biri xırda məmurların axırına çıxandan sonra onun da ardınca gələcək...

Birdən-birə bu ad ona tanış gəldi. Puma, puma... Harda eşitmişdi? Hə, yadına düşdü. Keçən ay gəlini evdə kiminləsə telefonla danışırdı ki, oğluyçün orjinal Puma gödəkçə alıb İstanbuldan, yeni kolleksiyadı, bütün ölkədə heç kimdə yoxdu, birinci mən alıb gətirmişəm.

Nəvəsiyçün alınan brend gödəkçənin bu naməlum adamın əynindəki Puma ilə əlaqələrini ətraflı düşünməyə macal tapmamış Başçının telefonuna daha bir zəng gəldi.

Rayonun Maliyə şöbəsinin müdiri idi... Həm də Başçının qeyri-rəsmi "qara kassir"i...

- Bütün vəsaiti köçürtdüm yetimxanaya.. - müdir fəxrlə dedi...

- Nə vəsait? - Başçı ani düşündü. Uşaq evinə köçürüləsi hansısa vəsait barədə məlumatı yox idi... - Hardan ayırıblar ki?

- Öz vəsaitimizi deyirəm...

- Niyə? - Başçının boğazı qurudu. - Sənə kim tapşırmışdı ki?

- Heç kim... Neçə dəfə hökumət pul ayırıb yetimxananın təmiri üçün. Hər dəfə də divarları yalandan rənglətdirmişik, qalan vəsaiti ötürmüşük kənara... - Maliyyə müdirinin səsində xəcalət notları hiss olundu. - Yazıq uşaqlar əziyyət çəkirlər. Köhnə binadı. Heç olmasa bir dəfə əməlli-başlı kapremont elətdirsinlər... Yetim olanda nə olar? Adam deyillər bəyəm?

Bu dəfə başçı özünü saxlaya bilmədi, həmişəki kimi beyni çöndü.

- Sənin başına hava gəlib? Heyvanın biri heyvan. O vəsait atanın mirasıdı bəyəm hara istəyirsən köçürdürsən? Yiyəsizsən? Yoxsa sən də qudurub yolunu azmısan? - başçı gördü ki, telefonla danışmağa səbri çatmır. - Heç yerə getmə, kabinetində ol, bu saat gəlib orda sənin ciyərini çıxardacam.

İcra başçısı telefonu əsəbiliklə qapadıb hikkəylə ayağa durdu. O biri məmurların baş-ayaq danışması onu çox da özündən çıxartmamışdı, ancaq indi məsələ başqaydı, ortada maddi məsələ var idi. Ona görə qərara gəldi ki, özü şəxsən gedib məsələni yerində həll eləsin, maliyə şöbəsinin müdirini elə öz kabinetində qulaqlarından divara mıxlasın.

Başçı paltosunu götürüb kabinetdən çıxanda qəbul otağında ikinci müavinlə rastlaşdı.

- Yaxşı gəlmisən, - Başçı əsəbini müavininin üstünə tökdü. - Düş qabağıma gedək, görək bu maliyyə idarəsi nə oyun çıxardıb orda.

- Mən heç yerə gedən deyiləm.

İkinci müavinin səsindəki inadkarlıq tonları başçını diksindirdi, çönüb diqqətlə müavinin gözünün içinə baxdı və diksindi. Eyni ifadə, eyni səs tonu...

İkinci müavin isə əlindəki ərizəni katibənin stolunun üstünə qoydu.

- Mən daha sizin heç bir işinizdə iştirak etməyəcəm. İstəyirsiz asın, kəsin. Mən daha belə yaşaya bilmərəm. Bacarmıram. Bəsdi. Mən çıxıb gedirəm... Bu da ərizəm...

Müavin qapını vurub getdi... Bayaqdan bəri sakitcə çay içərək yediyi konfet katibənin boğazında qaldı, öskürdü...   Başçı isə katibəni, sanki görmürmüş kimi, müavinin ərizəsini götürdü, qeyri-ixtiyari göz gəzdirdi...

Ərizədəki cümlələr eynən müavinin dilindən çıxan cümlələr idi - Daha belə işləyə bilmirəm, bacarmıram. Gedirəm...

Maliyyə idarəsinə getməli olduğu başçının yadından çıxdı. Ağlına gəldi ki, əgər İkinci müavinin də başı gedibsə, deməli... deməli, o Puma... artıq burdadı... Bu saat sakit səssiz addımlarla İcra hakimiyyətinin dəhlizlərində gəzir... Hə, ikinci müavinin kabineti aşağı mərtəbədədi... Ardıyca birinci müavinin kabineti.. sonra da yuxarı, bir baş onun yanına... İkinci müavin gəldi... bəs indi... indi... deməli, məşum Puma bu saat birinci müavinin yanındadı... Onun da başını yeyəndən sonra neynəyəcək? Yuxarı qalxacaq... birbaş onun yanına... heç kim də qarşısını kəsə bilməyəcək. Necə ki, qapıdakı mühafizəçilər qarşısını kəsə bilməyiblər...

İcra başçısı hiss elədi ki, saçlarından başlamış buzlaşma yavaş-yavaş üzü aşağı, ayaqlarına tərəf gedir... elə bil başına qar yağmağa başlamışdı..

Düşündü ki, indi buzlaşma gedib ayaqlarına qədər çıxacaq, onda qəti yerindən tərpənə bilməyəcək və Puma gəlib elə burda, katibənin yanında onu da o birilər kimi tutub...

Başçı ardını fikirləşməyə belə cəsarət eləmədi...

- Heç kimi içəri buraxma. Mən yoxam. Yatmışam. Ölmüşəm...

Katibə ikinci dəfə çeçədi, Başçı isə ona fikir vermədən cəld öz otağına sıçrayıb, ikilaylı qapını açarla möhkəm bağlayıb, vahimə içində divara söykəndi. Bu nə zibil idi düşmüşdü.. qeyri-ixtiyari təxəyyülü işə düşdü. Bütün bu hadisələrin davamını düşündü. Gözünün qabağına gəldi ki, rayondakı bütün məmurları hipnoz eliyəndən sonra məşum Puma gəlib onun da beynini çöndərir... Beləcə, gedən gedir, qalan da hamı bütün əyri işləri kənara qoyub başlayırlar quru maaşa işləməyə... İlahi pərvərdigara, bu mümkünmü? Divara dırmaşdırarlar ey məni... Quru maaşla uşaqların xərclərini necə ödəyəcəm, rayona gedib-gələn qonaq-qaranın, dost-tanışın qarnını nəylə dolduracam, necə əlidolu yola salacam? Elə həyətdəki cins avçarkaların rasxodları maaşımdan beş dəfə çoxdu... Hələ qohum-əqrəba, qudalar, yeznə-qayın. Adam yerinə qoymazlar ey məni. İtcən də hörmətim olmaz quru maaşa otursam... Kimə lazım olacam belə vəziyyətdə? İlahi, mən neynəmişdim axı, günahım nəydi bu cəzanı göndərdin mənimçün?

Başçı bu fikirlərin içindəykən, yenə telefonu zəng çaldı, götürüb baxan kimi Birinci müavinin adını gördü... Tez telefonun səsini kəsdi...

Vəssalam, Başçı vahimə içində düşündü, bu da yeddinci, bunun da başını yedi. Növbədə mənəm. İndi yüz faiz mənim yanıma gəlir... Bəlkə də artıq qəbul otağındadır. Hə, artıq burdadı..

Başçı qeyri-ixtiyari qəbul otağına qulaq tutdu... Sakitlik idi.. Amma birdən bayır qapının yavaşca açılmasının səsi gəldi... Yenə ani sükut. Ardınca çox qəribə, həssas və adamın ruhuna az qala sərin bahar yeli kimi yayılan bir səs...

- Cənab başçı yerindədi?

Yenə qısa sükut....

- Bəli - katibənin, sanki təslim olmuş səsi eşidildi. - Yerindədi... sizi gözləyir...

Necə yəni yerindədi, başçı dişlərini sıxdı, axı dedim ki, yoxam, yatmışam, ölmüşəm...

Başçı özündən asılı olmayaraq qapının qabağından sıçrayıb, cəld öz stolu arxasına keçdi, kreslosuna möhkəm oturdu.

Yox, mən heç yerə gedən deyiləm, mən burda oturacam, illərlə oturmuşam, illərlə də oturacam, özüm də dəyişib eləyən deyiləm, necə varamsa, o cür də qalacam.

Qapının zamokuna, sanki kimsə açar soxdu, iki dövrə vurub dayandı. Tutacağı aşağı endi... Qapı yavaş-yavaş aralandı...

***

Başçının nəvəsi isə döyüşə-döyüşə artıq Zülmət hökmdarının mağarasına yaxınlaşırdı. Ətrafındakı ağ mələklər, elflər Mağaradan çıxan qara qoblinləri işıq çubuqlarıyla əritdikcə, onun özü də, Zülmət ləşkərinin əsas cəngavərləriylə mübarizə aparırdı. Zülmət cəngavərləri qorxulu və güclü yunitlər idilər, zirehli olduqlarından adi mələklərin işıq çubuqlarından çıxan şüalar onlara təsir etmirdi. Yalnız 4-cü kateqoriya İşıq Peyğəmbərinin bu qorxunc cəngavərlərə gücü çatırdı, magik dualar oxuyaraq Zülmət cəngavərinin içini işıqlandırıb zərərsizləşdirirdi...

Zülmət hökmdarının mağarasının lap ağzına çatanda uşaq yeddinci Zülmət cəngavəriylə mübarizə aparırdı və artıq onu yenmək üzrəydi...

Nəhayət, növbəti magik duanı oxuyaraq, magik kristalı irəli uzatdı, Zülmət cəngavərinin zirehini dəlib için işıqlandıraraq onu da zərərsizləşdirdi. Bu artıq sonuncu Cəngavər idi. Zülmət hökmdarı müdafiəsiz qalmışdı... Deməli, sadəcə, son sıçrayış, son hücum və qələbə...

Uşaq Zülmət hökmdarını da məhv eləmək üçün mağaranın içinə girməyə hazırlaşdığı məqamda, qəfildən qulaqlarında qəribə səs peyda oldu. Düüüt.. düüüt.. düüüt... düt düt düt düt...

Bu səs yaman tanış gəldi ona. Birdən yadına düşdü. 4-cü kateqoriya Peyğəmbər yeddi düşmən yunitini işıqlandırandan sonra, özünün enerji şkalası da qırmızı xətdən aşağı düşürdü... Yenə geriyə, Günəş məbədinə qayıtmalı və enerji yığana qədər orda qalmalıydı... Lakin uşaq nə fikirləşdisə, son qərarını verdi. Geri qayıtsa, bütün bu müddət ərzində əldə elədiyi irəliləyiş də, bonuslar da, hamısı sıfırlanacaq, sən enerji yığana qədər Zülmət hökmdarı da öz gücünü bərpa edəcək, sonra hər şeyi yenidən başlamaq lazım olacaq... Yox, geri qayıtmaq olmaz, hətta enerji miqdarı qırmızı şkaladan aşağı olsa da, cəhd eləmək lazımdı. Bəlkə ikinci xəbərdarlıq siqnalına qədər, son sıçrayışla, son şüalanma ilə Zülmət hökmdarını məğlub etməyə müvəffəq ola bildi...

Beləcə, uşaq parıldayan uzun libasının ətəklərini yığdı, əlindəki magik kristalı irəli uzadıb yavaş-yavaş mağaranın içinə girdi...

***

Qapı aralandı... İcra başçısı qarşısındakı kağızların üstünə başını əyib elə oturmuşdu ki, elə bil gözünü qaldırıb içəri daxil olan adama baxsa, eynən Meduza Qarqonanın gözünə baxan yunan qəhrəmanı kimi daşa dönəcək...

Hiss elədi ki, nəfəsi çatmır. Birtəhər qalstukunun düyününü boşaltdı...

- Salam... - qonaq dilləndi...

Başçı qeyri ixtiyari-səsə reaksiya verərək başını qaldırdı, lakin içəri girən qonağın özündən daha çox əlindəki alma diqqətini çəkdi. Puma kimi səssiz sakit addımlarla ona yaxınlaşan qonaq əllərini irəli uzadıb ovcunda tutduğu almanı, sanki ona hədiyyə etmək istəyirdi.

Başçı almaya zilləndi. Ana südü kimi ağappaq, körpə dərisi kimi hamar, qartopu kimi yupyumru alma...

Qonaq stola yaxınlaşıb dayandı. Başçıya isə elə gəldi ki, qonaq dayansa da, ovcunda tutub magik artefakt kimi irəli uzatdığı alma dayanmır, yavaş-yavaş ona yaxınlaşır, yaxınlaşdıqca gözlərində böyüyür, bütün baxış dairəsini əhatə edir... Almanın rəngi ağ olsa da, yaxınlaşdıqca Başçı gördü ki, qabığının altında nəsə işıq oynayır, hərəkət edir, qabığı həyəcanlı qadın sinəsi kimi qalxıb enir, sanki onu çağırırdı... Başçı, sanki ovsunlanmış kimi almaya əl uzatmaq istədi, nədənsə, beynindən Adəm Həvva hekayəti və cənnət alması keçdi, onlara haqq qazandırdı.

...Belə almaya necə əl uzatmayasan, axı bu sadəcə alma deyil, bu, varlığın mənbəyidi, yaddaş xəzinəsidi, ilahi işıqdı, hər şeydi bu alma, hər şeydi, bütün kainatdı, günəşdi, ulduzlardı...

Alma onun gözlərinə yaxınlaşdı, yaxınlaşdı... Kreslosunda oturub gözlərini bərəldən Başçı əvvəl tam anlamadı ki, alma onun gözlərinin içinə girdi, ya onun gözləri almanın içinə girdi... Gördüyü isə süd kimi ağappaq rəngli almanın içindəki qadın sinəsi idi. Anasının sinəsi... ana südü, uşaq çığırtısı, ilk uşaq addımları, ağacdan dərilən şaftalı, armud, daha sonra təndir çörəyinin ətri, babasının ağır səsi - "Adamın yediyi çörəyi gərək ana südü kimi halal olsun" , "Haram yeyənin çörəyi burnundan gələr", "Yalanla fahişəliyin arası qırx gündü"...

Başçının gözləri yaşardı, günahkar uşaq kimi sakitcə ağlamağa başladı, sanki babasıyla danışırmış kimi pıçıldadı...

- Baba, qurban olum, bağışla, bilməmişəm.. mən istəmirdim, heç bilmədim necə oldu, heç bilmədim hardan başladı, axı bizim nəsildə haram tikə yeyən olmamışdı, bəs mənə nə oldu? Niyə belə oldu? Bağışla baba, noolar, - səsində qəfil qətiyyət peyda oldu. - Söz verirəm, hər şeyə tüfürəcəm, birdəfəlik çıxıb gedəcəm, birdəfəlik, bütün var- yoxumu paylayacam yetim-yesirə, heç nə saxlayamayacam...

- Qəfildən başçının beynində, sanki sağlam təfəkkürün işartısı keçdi, öz səsinin intonasiyası ona tanış gəldi. Hə, eynən səhərdən onun yanına gələn məmurların danışıq intonasiyası idi, eynən. Deməli, bu məni də tilsimləyir... olmaz, olmaz...

Başçı bütün gücünü toplayıb silkələndi, yerindən necə sıçradısa özü də bilmədi, bir də onu gördü ki, diz üstə çökərək qonağın qarnını qucaqlayıb, ara-sıra almaya baxaraq həyəcanla yalvarır...

- Xahiş eləyirəm, çıx get bizim rayondan. Nə istəyirsən eləyim, nə qədər istəyirsən verim, bu almanı da götür, çıx get burdan, bədbəxt eləmə bizi, zorla yerimi bərkitmişəm, rayonun işlərini nizama salmışam. Evimizi yıxma, beş-altı dənə inanılmış adamım var, onların da başını yemisən, heç olmasa qalanlarına dəymə, ağıllarını alma əllərindən, axı nəyinə lazımdı, nə marağın var, guya burda heç kim haram çörək yeməsə, hamı can deyib can eşitsə, sənə nəsə xeyri olacaq? Olmayacaq, heç kimə xeyri olmayacaq, başa düş, qurban olum, axı başqa cür mümkün deyil, normal nizam- intizam istəyirsənsə, gərək yeyib yedizdirə biləsən, ətrafına da yeyib yedizdirməyi bacaranları yığasan. İndi sən bu adamların beynini xarab eliyəndən sonra mən kiminlə işləyəcəm? Mən də yeyib yedizdirməsəm, elə birinci mənim dalımdan dəyəcəklər... Nə şəxsiqərəzliyin var mənimlə axı? Neynəmişəm sənə? Başqa rayon yoxdu? Odey, aşağı rayonun başçısı dörd dənə arvad saxlayır, hərəsinə ayda on min pul verir, dəniz qırağındakı başçı eşşək ferması açıb, həm də qara ikra vurur Rusiyaya, üstümüzdəki rayonun başçısı bütün uşaq bağçalarının pulunu basıb yeyir, İstanbulda da ev alıb keçən ay... Onlar qalıb, məni niyə bədbəxt eləyirsən? Gözün bircə məni görür? Dişlə-dırnaqla gəlib çıxmışam ey bura, niyə evimi yıxırsan? Çıx get, qurban olum sənə, bu almanı da rədd elə burdan, Allahın olsun, çıx get, o dünyada cavabını necə verəcəksən? Allahdan qorx, bədbəxt eləmə bizi.

Birdən qəribə səs eşidildi... Düüüt.. düüüt.. düüüt... düt düt düt düt...

Başçı səsini kəsdi, hiss elədi ki, sanki bayaqdan almadan yayılan qəribə istilik dalğaları çəkilir, əvəzində, sanki ətrafa qəribə bir soyuqluq yayılır. Sanki fikri-düşüncəsi bir azca özünə qayıtdı, almaya diqqət kəsildi... Alma isə əvvəl xarab olmuş lampa kimi bir neçə dəfə yandı, söndü, içindəki işığı azaldı, çoxaldı, yenə azaldı, son nəfəsini alırmış kimi qabığı bir neçə dəfə tərpəndi... Elə bil içindəki enerji bitmək üzrəydi...

Nəhayət, işığı tam getdi, hərəkəti dayandı. Almanın rəngi də dəyişməyə başladı. Süd ağlığı yavaş-yavaş getdi, yaşıllaşdı, dönüb oldu adi yaşıl alma...

Almanın enerjisi azalıb yoxa çıxdıqca, İcra başçısının da normal ağlı-şüuru yerinə qayıdırdı... Hər ehtimala qarşı, gözlərini almadan çəkmədən, həyəcanla nəfəsini dərərək ayağa qalxanda birdən xatırladı ki, bayaqdan bəri daş heykəl kimi hərəkətsiz dayanan qonağın üzünə heç bir dəfə də baxmayıb...

Ani başını qaldıranda diksindi...

Qarşısında nəvəsi dayanmışdı... Amma elə bil özündə deyildi. Gözlərini geniş açıb babasının kreslosunun yanındakı bayrağa baxırdı...

- Köpəyoğlu, burda neynirsən? - Başçı qeyri-ixtiyari xırıltılı səslə bağırdı.

Uşaq diksinib ayıldı, heyrətlə otağı gözdən keçirtdi, əlindəki almaya baxdı və nəhayət, başını qaldırıb qərib baxışlarla babasının gözünə zilləndi...

- Eşitmirsən məni? - bağırtı təkrar olundu. - Neynirsən burda?

Uşaq yenə əlindəki almaya baxdı və qəfildən dodaqlarında qəribə bir təbəssüm peyda oldu...

- Alma... Alma gətirmişəm səninçün... Cənnət alması...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!