Ağ gülün gerçək nağılı... - Şəfəq Nasir

Fərqanə Mehdiyevanın xatirəsinə

Neçə gündür, varlığımı sarmış nigarançılıq canımı sıxır, sanki daş-divar da üstümə gəlir, əzirdi məni. Belə bir ovqatda əlim də heç bir işə yatmırdı. Narahatlıq içində evdə var-gəl edir, dua-sənalarımla Uca Yaradana yalvarırdım ki, sənə dərgahından şəfa göndərsin...

Kaş, möcüzə baş verəydi, hər şeyə qadir olan Allah səni fəhminə, sözünə, şeirinə bağışlayaydı... Həyəcan qarışıq fikirlərin içində bilgisayarın qarşısına keçir, səni sosial şəbəkədə görmək ümidilə səhifənə daxil oluram. Özümü inandırıram ki, yəqin, səndən nigaran qalan dostlarına nəsə yazmısan, hansısa bir xatirəni paylaşmısan... Qəhər məni boğur, sən orda yoxsan. Sonuncu dəfə aprelin 18-də iş yerindən bir fotoreportajı - "Ulduz"un bir günü" xatirəni paylaşmısan... Ondan bir qədər əvvəldə isə qarşıma bir bənd şeirin çıxır:

Qan çəkir bizi Təbrizə...

Gedirəm üzü Təbrizə...

And verirəm sizi Təbrizə...

Məni unutmayın, dostlar...

Bəlkə elə sonuncu dəfə dərdinə şəfa tapmaq niyyətilə Arazın o tayına - Təbrizə keçib-gedəndə bir ayrı havadaymışsan. 2012-ci ildə "ömrünə qara kağız alanda" necə üşümüşdünsə, bu dəfə də ürəyinə bir ayrılıq xofu düşmüşdü deyə, yol gedə-gedə dostlarına belə bir ismarış yollamışdın...

İndi Bakıdan da, Təbrizdən də, elə Salyandan da küsmüsən, dərdinə əlac qılmadılar axı! Canın qədər sevdiyin doğmaların, dostların da səni namərd xəstəliyin qapqara caynağından ala bilmədi. Bilirəm, bu anlarda balaca vücudun təlaşın, səksəkənin içində titim-titim titrəyir... Neçə gün əvvəl səndən yana yaşadığım üzüntülərin içində azacıq da olsa ümidin işartıları vardı...

Fərqanə, səni gördüyüm ilk gün məndə Ağ gül təəssüratı yaratmışdın. O zaman ürəyimə gəldi ki, hər bir insan dünyaya bir neçə yol, ən azından iki dəfə gəlir, özü də başqa-başqa cilddə, insan, heyvan, nə bilim, təbiətin hər hansı bir gözəli qiyafəsində... Mənə elə gəldi ki, sən ilk dəfə Vətən torpağında zərif, gözəl bir ağ gül kimi bitmisən. İnsan qiyafəsində doğulduğun zaman, birinci həyatındakı xüsusiyyətlər də qanında, canında gəlib. Deyirəm e, niyə bəzi insanlar qəddar, yırtıcı, vəhşi, dağıdıcı təbiətdə olurlar. Yəqin, hər kəs dünyaya ilk dəfə hansı cilddə, görünüşdə gəlibsə, əxz etdiyi xüsusiyyətlər ikinci həyatında da özü ilə birgə doğulur... harda qalmışdım, hə, səni ağ gülə bənzətmişdim... O zamandan hər səsin gələndə, özünü görəndə gözlərimin qarşısında zərif gövdəsinin üstündə qərar tutan bir gözəl Ağ gül canlanırdı. İndi bənzərin olduğu o gül ömrünə bir nağıl başlamışam...

Günlərin bir günü torpağın sinəsindən dikəlib-dirçələn zərif, sısqa bir gövdənin üstündə bapbalaca bir ağ gül açdı. Günəşdən hərarət, torpaqdan güc alan, yanağını şeh isladan gül gözlərini geniş açıb heyranlıqla yan-yörəsinə boylandı. Rəngbərəng çiçəklərin ətri bütün bağçanı bürümüşdü. Ağ gül sevindi, ah, bura necə də gözəldi, deyə, sevincək səsləndi. Başının üstündə gülümsəyən Günəşə baxdı. Elə bil o da Ağ gülün gözəlliyinə heyran olmuşdu. Zərrin saçaqları ilə gülün ləçəklərini oxşayıb öpürdü. Neçə gün Günəşin şəfəqləri ilə xoş vaxtlar keçirdi... və bir gün də qəfildən ləçəklərində bir süstlük, ağırlıq hiss etdi, ağ çöhrəsi tutuldu, gözlərinə kədər çökdü, küskün-küskün boynunu bükdü, dodaqları titrədi, anasına sığınmaq üçün yan-yörəsinə baxdı, heç kimi görmədi və titrək səslə pıçıldadı: "Göylərin anası Günəşdi, bəs mənim anam kimdi...". Bu zaman xoş bir titrəyiş yanaqlarını oxşadı. Bu təmasdan azacıq özünə gələn Ağ gül canında bir rahatlıq duydu, xoşhal oldu. Lap yaxınlıqdan bir səs eşitdi: Sənin anan üstündə dayandığın torpaqdı... Bunu eşidən gülün kefi duruldu, anasının qucağında nə qədər bəxtəvər günlər yaşadı, bilmədi. Vaxt gəldi, gecələrin birində gövdəsində küt bir ağrı hiss etdi və bu ağrı get-gedə canına yayıldı. Gül yanaqları soldu, ləçəkləri qurumağa başladı. Amma bunu anasına bildirmədi, qoy anam qəmlənməsin, onsuz da həmişə onun qucağında olacağam, deyə düşündü. Ağrılarsa gah azalır, yox olur, sonra da şiddətlənirdi. Ana onsuz da gül balasının quruduğunu görürdü...

Fikrim qarışdı, sosial şəbəkədə paylaşmalar diqqətimi çəkdi. Haqqında yazılan xəbərləri oxuyuram, hamısı qəmlidi. Dostların, bütün Fərqanəsevənlər sənə Allahdan şəfa diləyirdi. Sənin bir-birinin təkrarı olan ikili ömrünün bəd yazısı ruhumu gizildədirdi. Elə bu göynəmələrin içində gecə-gündüz yanında olan can sirdaşın, dostun, rəfiqən şair Aləmzar Sadıqqızına zəng edirəm, çağırır, gözləyirəm, amma telefonu açmır. Ürəyim əsir. Bir də, bir də... Aha, telefonunu açdı: Aləm, Fərqanədən bir xəbər ver, deyirəm... Onun, sanki daş altında qalıb əzilmiş, batıq səsi öldürür məni: Ağırdı, çox ağır... Fərqanə gedir... Qəhər boğazımı yandırır, göz yaşlarının içində boğuluram...

İki gündü Ağ gülün nağılını yazıram, amma tamamlaya bilmirəm, Fərqanə, necə tamamlayım! Axı bütün nağılların sonunda qaranlıqlar aydınlanır. Bağlı qapılar açılır, tilsimlər qırılır. Quyunun dibinə düşən qəhrəmanlar divləri öldürüb, hansısa bir qüvvənin köməyi ilə işığa çıxırlar. Beləliklə, nağılların sonu xoşbəxtliklə bitir. Mənsə, nağılın sonunu nə görə bilirəm, nə də yazmaq iqtidarında deyiləm. Eşit səsimi, Fərqanə, insafın olsun, gəl bu nağılı özün tamamla, həm də elə yaz ki, sonu toy-bayramla bitsin...

Bu səhəri dirigözlü açıram...

Adına söz-söz toxumağa başladığım nağılın sonunu tamamlaya bilmədiyimdən gücsüzlüyümə yanıram. Düşüncəmdə hər şey qarışmış, gözlərim torlanmışdı. Hiss edirdim ki, işığın sozalır, əriyə-əriyə itirdi... belə düşündüyüm anda qəflətən gözlərimin qarşısında peyda oldun, əlinin işarəsilə məni kənarlaşdırıb o ağappaq, zərif barmaqlarınla bilgisayarın yaddaşına iri hərflərlə SON! yazıb, bir göz qırpımındaca qeyb oldun... Can, Fərqanə, bu fani dünyada çox əziyyət çəkdin, Allah o dünyanı versin... Heç kimə bənzəməyən, İşığı özündən əvvəl görünən bacım, bizi nə yaman inlətdin...

Ölüm xəbərin çıxan günü sosial şəbəkədə sənə bir matəm çadırı qurulmuşdu. Bütün dostların, səni sevənlər ağı deyir, sözlərinin, misralarının gözündən sel-su kimi yaş axıdır, Allahdan sənə rəhmət diləyirdilər...

Bilirəm, şair könlün həmişə göylərə bağlı olub. Bəlkə də, bu dünyada ən böyük istəyin göylərin uca qatında, Allahın dərgahında qərar tutmaq olub. İnanıram ki, istəyinə yetmisən...

Bütün gecənin matəmini yoxluğunun bizə yaşatdığı acıları ilə səhəri açdıq, Fərqanə... Bu gündən anamız torpağın qucağında rahat uyuyacaqsan. Daha ağrıların səni yandırmayacaq... "Ağ gülün gerçək nağılı"nın sonu da belə bitdi... Məkanın cənnət olsun, əziz bacım...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!