Gözəlliklər içində 101 il... - Azər TURAN yazır

Feyzavər Alpsarın əziz xatirəsinə...

Azər TURAN

 

Bu şəkil 100 il əvvəl çəkilib. Feyzavər Alpsarın ilk şəklidir.

"Nuri-Osmaniyyə ilə paralel caddədə yaşayanda - 1919-cu ilin aralıq ayının 31-də doğulmuşam...".

Demək, bu şəkil Nuri-Osmaniyə səmtində çəkilib...

Hamı onu Feyzavər kimi tanıyır. Əslində isə Fatma Feyzavərdir. Fatmanı və Feyzavəri bir araya gətirib bir ada çevirməyi yalnız Əli bəy Hüseynzadə bacarardı... Feyzavərin tarixi-viladətinə - doğum cüzdanına baxıram: "Hüseynzadə Əli bəy əfəndi kəriməsi Fatimə Feyzavər xanımın tarixi-viladətidir. "İncali-Hüseyni haqq edər şad, / Həm Fatiməyi Əlidən icad. Tarihi ki bində bir düşər tam, Fatimə Feyzavər Əli bad 1338. Ey türk qızı, dinini və ana vətənini buraxma, təhsili-elm və kəmal eylə, dil be yar, dost be kar".

Bir dəfə ondan adının mənasını soruşdum. Qısa cavab verdi: "Füyuzat sözü ilə eyni kökdəndir. Adımı babam qoymuş. Feyzavər - "feyz verən" deməkmiş".

Ötən həftə bu körpənin həyat hekayəti Zincirlikuyu məzarlığında tamamlandı. Bəlkə də, həyat hekayətinin özü torpağa tapşırıldı. Bir azdan onu kim anacaq? Övladı yoxdur... Əli bəy Hüseynzadənin hər üç övladının nəsil davamı yoxdur. Heç birinin övladı olmayıb və Feyzavər xanımın etirafına görə, bu heç də genetik bir hal deyil, sadəcə, övladları olmayıb. O qədər. Beləliklə, Hüseynzadə Əli bəyin nəsli bu üç insanla - Səlim Turanla, Saida Santurla və Feyzavər Alpsarla tamamlanmış olur...İki şeyxülislam, bir Əli bəy Hüseynzadə, bir böyük rəssam Səlim Turan, Lion Universitetinin yetirməsi riyaziyyatçı Saida Santurdan sonra Zincirlikuyu məzarlığında sonsuz bir dairə qapandı.

Orta təhsilini Üsküdar sənət məktəbində, ali rəssamlıq təhsilini isə 1937-1940-cı illərdə Gözəl Sənətlər Akademiyasında almışdı. Rəssamlığı Edip Haqqı Köseoğluyla Cemal Toluludan, estetikanı Əhməd Həmdi Tanpınardan öyrənmişdi.

Əli bəy Hüseynzadənin vəfatından altı ay sonra - 1940-cı il sentyabrın 20-də Mehmet Ali Alpsarla evlənmişdi. "Eşimlə evlənirkən düyün yapılmadı. Hiç bir kardeşim düyün yapmadı. Yalnız nikah mərasimi oldu". Bu da dəvətnamə. Adamlar toya deyil, nikah mərasiminə dəvət edilir: "Kızımız Feyzaver Turan ile oğlumuz Mehmet Ali Alpsarın 20 eylül 1940 Cuma günü saat 16 da Beyoğlu Evlenme Dairesinde yapılacak olan nikah merasimine huzurunuzla şeref vermenizi rica ederiz. Çorum Mebusu İsmail Kemal Alpsar, doktor Ali Turan eşi Edhiye Turan".

Edhiye xanım xəstədir. İflic keçirib. Bədəninin bir hissəsi hərəkətsizdir. Nitqi tutulub. Və bu səbəbdən də nikah mərasimində iştirak etmir...

"İstanbul doğumlu Məhməd Əli Alpsar əmniyyət görəvlisi idi. Qaynatam İsmayıl Kamal Alpsar Atatürk dönəmində Türkiyə Böyük Millət Məclisində Çorum məbusu, daha öncələrdə Osmanlı Məclisi-Məbusanında vəkil olmuşdu. İsmayıl Kamal Alpsar Sivas valisiydi. İsmayıl Kamal bəyin eşi nənəm Xədicə xanımın süd qardaşıydı".

Ailə qurandan sonra öncə Ankaraya gedib Mehmet Ali bəyin atasının evində qalırlar. Mehmet Ali Alpsar 1941-ci ildən 1951-ci ilə qədər Batman ili Bəşiri kaymakamı olub. Sonra yenə Ankaraya qayıdıblar. Mehmet Ali Alpsar bir müddət Türkiyə İç İşləri Bakanlığında çalışır. Həyat yoldaşı Adana Əmniyyət müdiri vəzifəsinə göndərildiyindən Feyzavər xanım bu dəfə Adanada yaşamalı olur. Daha sonra Mehmet Ali Alpsar İstanbulun Əmniyyət müdiri təyin olunur. İstanbulda məskunlaşırlar.

1983-cü ildə yağışlı bir havada çalışdığı binanın qarşısında Mehmet Ali Alpsar büdrəyir, yerə yıxılır və beyninə qan sızır. Dünyasını dəyişir...

Feyzavər xanım bütün həyatını ərinə həsr edib. Bunun da qarşılığında bəxtiyar yaşayıb... Amma... içindəki özü kimi çəkingən yaradıcı ruhu da əmniyyət görəvlisi olan sevgili ərinə - Mehmet Ali Alpsara təslim edib... Deyirdi ki, Mehmet Ali Alpsar hər kəs tərəfindən sevilən kübar bir adam idi... Bir dəfə mənə əri ilə çəkdirdiyi çoxlu şəkil göndərmişdi. Bu sətirləri yazdıqca həmin şəkillərə baxıram. İlk şəkillərində də, son şəkillərində də xoşbəxt və hüzurludurlar... Amma Alpsarla evli olduğu 43 il müddətində Feyzavərin rəssamlığından heç kəs xəbər tutmayıb. Yalnız 2006-ci ildə İstanbulda ilk fərdi sərgisi açılıb. Və Əli bəy Hüseynzadənin mini-mini Feyzavəri sənət dünyasının qapısını 86 yaşında döyüb...

"Mini-mini" niyə deyirəm? Sevgi dolu bu ifadə, sanki Feyzavərin boynuna biçilmişdi. Yuxarıda gördüyünüz bələkdəki körpə ömrünün sonuna qədər Əli bəyin mini-mini yavrusu olaraq qaldı. Yerişi, gülüşü, heyrəti, təbəssümü, əsəbi... hamısı mini-miniydi...

Hüseynzadənin 1923-cü ildə Ankaradan İstanbula evinə yazdığı bir məktub var: "Dün Feyzavərə yazdığım məktubu postanəyə verdikdən sonra ondan mini-mini bir məktub aldım. Bana "Çabuk gəl" diyor...". O zaman Feyzavərin dörd yaşı vardı...

1926-cı ildə Türkoloji Qurultayda iştirak etmək üçün Bakıya gələn Əli bəy Hüseynzadə burdan yeddi yaşlı Feyzavərə məktub yazır: "Mini-mini qızım Feyzavər, sana buradan Böyükxanımın çocuqları Həyat xanımla Hacımurad selam ediyorlar. Annələriylə nənələri də sənin, Saidənin və Məhməd Səlimin gözlərindən öpüyorlar".

Bakıdan göndərilmiş o məktuba indi bu sətirləri yazarkən təkrar-təkrar baxıram. Məktub açıqca (kartpostal) üzərində yazılıb. Bakının gözəl bir səmtini - Qız qalasının çevrəsini əks etdirən bir təsvirdir.

İndi bəziləri deyir ki, Feyzavər Azərbaycanda qohumlarından heç kəsi tanımırmış. Guya tanışlıqlar sonradan başlanıb. Amma bu məktub yazılanda Feyzavərin yeddi yaşı vardı. Əli bəy Hüseynzadə yeddi yaşlı qızına heç vaxt üzünü görmədiyi və heç vaxt da görməyəcəyi Böyükxanımın, Həyatın, Hacımuradın adından salam göndərirdi. 2008-ci ildə İstanbulda - evində olarkən divarda Əli bəy Hüseynzadənin yağlı boya ilə çəkdiyi "Qohumlarım" tablosunu görüb, "Bu əsərin yüz yaşı var deyilmi?" - deyə soruşduğumda cavabı çox korrekt olmuşdu: "Əslində, elədir. Ancaq "Qohumlarım" tablosunu babam Salyanda başlayıb, İstanbulda tamamlayıb". Bəs şəkildəkilər kimdir? "Yaşlı qadın nənəm Hüsniyyənin bacısı Nisa xanımdır. Şeyxülislam Axund Məhəmmədəlinin qızı, Şeyxülislam Əhməd Salyaninin baldızıdır... Yanındakı qız isə amcam İsmayıl bəyin qızı Böyükxanımdır. Böyükxanımın rəsmini işləyərkən, atam gedib uyğun libaslar aldı. Anam həmin paltarları geyindi. Anamın geyimi əsasında Əli bəy bu rəsmi tamamladı...".

Feyzavərin bu sözlərini niyə xatırlatdım? Bax, bu xətt onundur. İstanbulda doğulub, Salyanla yeganə əlaqə bağını - atasını 1940-cı ildə itirib, ərköyün bir qız olub, hətta özünün dediyinə görə, bəzən rahat siqaret çəkmək üçün Bəyoğlu səmtində gəzməyə üstünlük verib və belə bir qız, əlbəttə, ona atasından keçmiş yaddaş vəsiləsiylə nəslinin şəcərə kağızını yazıb. O kağıza baxıb bilmək olur ki, Əli bəydən mini-mini Feyzavərə salam göndərən əmisi qızı Böyükxanımın uşaqları - Həyat, əslində, Aynülhəyatdır, Hacımurad sonralar Rusiya Təbiət Elmləri Akademiyasının akademik-katibi olmuş məşhur Hacımurad İbrahimbəylidir... Feyzavərin tərtib etdiyi nəsil ağacında Əli bəy Hüseynzadənin atası Molla Hüseynin bacısı Rusiya Dövlət Dumasının deputatı Məmməd Tağı Əlizadənin nənəsidir. Başqa bir qardaşları da var. Bu, İsmayıl bəy Ağabəyovdur. Burdan da Feyzavər xanım çıxarış edir. "Hacı Mehmet Ağanın annesi ilə babam Hüseynzade Alinin babası ve İsmayıl bey Ağabekov kardeştir". Demək, Sadıq bəy Ağabəyzadə ilə Əli bəy Hüseynzadənin ataları qardaş olub. Babaları doğma qardaş olsa da, Feyzavər xanım Sadıq bəy Ağabəyzadəni Əli bəyin dayısı oğlu kimi tanıyır və bunu şəcərə kağızında elə bu şəkildə də qeyd edir...

Bir dəfə təyyarə ilə Ankaradan İstanbula qayıdırdıq. Təyyarənin pəncərəsindən baxırdı. Sonra öz-özünə danışırmış kimi:

- Sadıq Paşanın kimləri yaşayır orada - dedi.

- Siz Sadıq Ağabəyzadəni deyirsiz?

- Əvət. Evimizdə ona böyük ehtiram bəslənərdi...

- Adlı-sanlı alimləri çoxdur...

Feyzavər xanım təyyarənin balaca pəncərəsindən buludlar aləmini seyr edirmiş kimi, uzun və uzaq fikirlərə daldı və sonunda mənə tərəf döndü. Hələ də ona baxdığımı görüb:

- Biz Sadıq Paşanı çox sevirdik, - dedi...

Mən isə Sadıq bəy Ağabəyzadənin 1931-ci ilin 8 yanvarında Lvovdan Əli bəy Hüseynzadəyə yazdığı məktubun sonuncu cümləsini xatırlayıram: "Gözəl yavrum Feyzavəri gözlərindən öpərim".

Feyzavərə gözəl yavrum deyib onun gözlərindən öpən adam Cümhuriyyət dönəmində Azərbaycanda polis sisteminin, Ukraynada şərqşünaslıq elminin qurucusu olmuşdu. Doğrudan da, dünya bir pəncərəymiş...

***

Gəncliyində Feyzavər xanımın ən yaxın rəfiqəsi Şahiqa Arutay olub. Səlim Turanın xanımı. Bir yerdə Gözəl Sənətlər Akademiyasında oxumuşdular. Feyzavər xanım Şahiqadan başqa, bütün tələbə yoldaşlarının adlarını unutduğunu deyirdi. Şahiqanı necə unutsun? Evlərinin tək gəlini. Hələ üstəlik, əsilzadə bir ailənin qızı. Onun da nəsli Feyzavərin nəsli kimi, şeyxlərə, ovliyalara, əfəndilərə gedib çıxır.

Ədəbiyyata, özəlliklə poeziyaya həssasiyyəti vardı. Poeziyada Nazim Hikmətin heyranı olsa da, könül verdiyi şair Celal Sahir Erozan, hafizəsində diri saxladığı şair isə Əbdülhaq Hamid idi. Hamid Feyzavərin uşaqlıq dövrünün əziz adamıydı. "Əbdülhaq Hamid xatirinizdədirmi? Onunla bağlı anılarınız varmı?" soruşmuşdum Feyzavərdən. "Əbdülhaq Hamidin Süleymaniyyədəki evimizə bir-iki gəldiyini indi xəyal-məyal xatırlayıram. Hamid başına iri silindir geyərdi. Saida abla, Səlim abi və mən çocuqduq, öz aramızda onun silindir şapkasına gülərdik" - demişdi.

Cəlal Sahir isə atasının əməl dostu idi. Sahirin bu şeiri Feyzavər xanımın əzbərindəydi:

Başımla gönlümü edemedim eş;

Biri yüz yaşında, biri yirmi beş.

Feyzavərin 16 yaşı tamam olanda Əli bəy Hüseynzadə ona "Baxçamın ağacları" şeirini həsr etmişdi.

Bahar rənglərilə donanmış gülşən!..

Qızım, şu baxçaya gəl, bir az dinlən!

Hesabla həndəsə zehnini yormuş,

Bir az da şeir dinlə ağac dibində!..

"12 ağacın poetik vəsfinə və elmi şərhinə həsr olunmuş bu nadir (və ensiklopedik) şeir uşaq ədəbiyyatı və təbiətşünaslıq problemlərini ehtiva edən ayrıca elmi konfransın mövzusu ola bilərdi" (Elnarə Akimova). Əslində, ağacların monoloqunu andıran bu poetik örnək Azərbaycan uşaq ədəbiyyatının ən klassik örnəklərindən biridir. Şeirdə tutaq ki, Narınc (Oranger) özünü belə təqdim edir: "Qöncəmdə oxunur qadın isməti, / Şəfa arar bəndə sinir illəti!..", yaxud Söyüdün (Saule) gövhəri qızdırma xəstəliyinin dərmanıdır, Nar (Qrenadier) çiçəyinin rəngi eşqə nişanədir və s...

Lakin mən yenə də Üsküdar Sənət Məktəbinin şagirdi Feyzavər Turana qayıdıram. O illərdən qalma bir şagird dəftəri var. İlk səhifəsinə qızılgül rəsmi çəkilib. Şəklin çəkildiyi tarixdən, az qala, doxsan il ötüb. Səhifənin sağ tərəfində "Defterinizin güzelligini ve intizamını memnuniyyetle gördüm. Sizi tebrik ederim" yazılıb. Rəssam qızılgül kolunun budağına bir bülbül qondurub. Yaralı qızılgüllə susqun bülbül təsvirinin altına isə belə bir şeir yazılıb:

Söyle bana yaralı gül, neden boynun bükülmüş?

Neden böyle yalnızsın, kimsesiz yetim gibi.

Bülbülleri ötmez olmuş yaprakları dökülmüş?

Issız kalmış bütün bahçe bumu hüzün sebebi?

İlk baharın hasretimi seni mahzun eyliyen...

Estet ruhun əsəri olan bu yaralı qızılgül, bu susqun bülbül və bu şeir Üsküdar Sənət Məktəbinin şagirdi olan qızının dəftərində Əli bəy Hüseynzadənin yadigarıdır...

Feyzavər xanım Atatürkçü idi. Onun simasında yüz yaşlarında bir qadının necə şövqlü bir Atatürkçü olduğunu görmək adama misilsiz həzz verirdi. Onunla bir yerdə Atatürk Muzeyini ziyarət etmişdik... Muzey İstanbulda, Şişli səmtində Feyzavərin evinin lap yaxınlığındaydı...

"Atatürkün xəstəliyi uzun sürdü. Dolmabağça sarayının çatısında bir bayraq dalğalanırdı. Hər gün biz böyük həyəcan və xiffətlə o bayrağa baxırdıq. Bayrağın enməsini istəmirdik. Çünki bu enişlə Atatürkün artıq həyatda olmadığı bilinəcəkdi... Babamın yaxın dostu və eniştəmin qardaşı Akil Muxtar Özdən Atatürkün özəl həkimləri sırasındaydı. Daha çox o, hər gün babama Atatürkün səhhəti ilə bağlı məlumatlar gətirirdi. Bir səhər Akademidə dərsdəydim. Bir də gördük ki, bayraq enir. Hamımız sarsıldıq. Bayrağın enişi bütün Türkiyəni matəmə düşürdü. Hamıdan əvvəl babamı düşündüm. Düşündüm, görəsən, babam dözə biləcəkmi? Nə yapacağımı bilmədim. Şaşırıb qaldım. Səlim abi məni tərk edib Dolmabağçaya getdi. Mən isə evə qaçdım. Gördüm, babam qapıda durub bəkləyir... Babam məni görən kimi ürkək səslə: "Atatürkdən nə xəbər?" - deyə soruşdu. Dedim ki, bayraq endi. Atatürkü itirdik. Yasa batdı, sarsıldı. Evimizə matəm havası çökdü. Ertəsi gün Atatürklə vida mərasiminə bir yerdə getdik...".

***

Əhməd bəy Ağaoğlunun adı Feyzavər xanım üçün atalı günlərinin ən unudulmaz ismlərindən biriydi. Sürəyyanı, Tezəri, Gültəkini, Səmədi, Abdurrahmanı hər görüşümüzdə anırdı. Hər görüşümüzdə deyirəm. Çünki Feyzavər Alpsarla çox görüşlərimiz olub - üç dəfə İstanbulda evində, Qaracaəhməddə Əli bəy Hüseynzadənin məzarının ziyarətində... Bir yerdə İstanbuldan Ankaraya səfər etmişik...

Son söhbətimiz isə 2018-ci il martın 17-də oldu. Əli bəy Hüseynzadənin dünyasını dəyişdiyi gün idi və Feyzavər Turan Alpsar məhz həmin gün Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Dostluq" ordeni ilə təltif edilmişdi. Bu xəbərin sevincini bölüşmək üçün ona zəng vurdum. Təvazökarlıqla "mən nə etdim ki? - dedi. - Sağ olsun sayın Aliyev, əlbəttə, bunu türk kültürünün böyük mütəfəkkiri babamın adına sevinclə qarşılayıram" - dedi.

...İlham Əliyev Feyzavər xanımı təkcə bu ordenlə sevindirmədi ki... Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı verdiyi sərəncam, Əli bəy Hüseynzadənin əsərlərinin dövlət varidatı elan edilməsi, kitabının latın qrafikası ilə kütləvi tirajla nəşri, Cümhuriyyətin 100 illiyi və yubiley günlərində Əli bəy Hüseynzadənin varisinə verilən Cümhuriyyət medalı... Azərbaycanın Əli bəy Hüseynzadəsiz qaldığı yüz ildən sonra böyük mütəfəkkirin fikir həyatımıza belə vüsətlə qayıtması Feyzavər xanımı çox sevindirirdi.

***

76 yaşlı Əli bəy Hüseynzadə dünyasını dəyişdiyi günə qədər mini-mini yavrusu ilə bir otaqda yatıb. Gecələr mifoloji barədə söhbətlər edib. Evləri Üsküdarda Salacaqla Harem arasındaymış... "Babamın otağında yatırdım. Gecədən keçmişə qədər babamla mifolojidən danışdıq. Əli bəyin adət etdiyi yazı şakəri vardı. Səhərə qədər çalışırdı. Yazı masasından ayrılmırdı. Səhərlər isə Peterburqdakı təhsil illərindən qalma başqa bir alışqanlığı; mütləq başını buz kimi soyuq su ilə yumalıydı. Sonra da bağçaya düşüb güllərə qulluq edirdi. Bir dəfə qəlb krizi keçirmişdi... Dünyasını dəyişəndə bazar günü idi. Mən yataqdan qalxanda o yatmışdı. Mən əl-üzümü yumaq üçün çıxdım. Bu zaman Səlim abi otağa girmiş. Babam oyanmış. Söhbət etmişlər. Sonra mən təkrar odaya girəndə babam özündə deyildi. Səlim də otaqdaydı. Babam çarpayıya uzandı. Mən həkim dalısıyca qaçdım. Ancaq gec idi. Öləndə yanındaydım... Evdə hizmətçi bir xanım vardı. Ona demişdi ki, Feyzavərdən nigaranam...".

***

Bir dəfə ondan Əli bəyin dəfn mərasimi barədə soruşmuşdum:

- Cənazə törəninə çoxmu adam qatıldı?

- Babam, həftə sonu vəfat etdi. Hər yerdə tətildi. Tətilə rast gəldiyi üçün universitetin, tələbələrin, müəllimlərin xəbəri olmadı - dedi.

Əli bəy Hüseynzadənin cənazə törəninə əski dostlarından heç kəs qatılmayıb. Kim qatılacaqdı ki?.. Bir il öncə Əhməd Ağaoğlu, Hamid Salahor haqqın rəhmətinə qovuşmuşdular. Beş ildi Yusuf Akçura yoxdu. "Nuri-didəm" adlandırdığı Əli Mərdan bəy Topçubaşinin əziz varlığı altı il qabaq Paris torpağına qarışmışdı. Ona "rəsuli-həqq" deyən Abdulla Cövdət səkkiz il idi ki, dünyasını dəyişmişdi. Əli bəyi Bakıdan İstanbula dəvət edən Bahəddin Şakiri ermənilər Parisdə qətlə yetirmişdilər. 18 illik ömür-gün yoldaşı və özündən 24 yaş kiçik olan və əlli yaşında yüz il qocalmış Edhiye xanım yataq xəstəsiydi...

Qəribədir, indi də Feyzavər xanımın dəfni yenə tətilə - bu dəfə karantin dövrünə düşdü. Feyzavər Alpsarın dəfnində 4-5 adam iştirak etdi...Zincirlikuyu məzarlığında ərinin - Mehmet Ali Alpsarın yanında, bacısı Saida Santurun qonşuluğunda dəfn edildi.

Əli bəy dünyasını dəyişəndə Azərbaycan Cümhuriyyətinin əksər ideoloqları İstanbuldaydı. Amma əfsus ki, o dövrün mətbuatında krımlı Seyid Cəfər Krımərdən başqa, heç kəs bir kəlmə də olsun vida sözü yazmadı.

İndi də Əli bəyin son yadigarı dünyasını dəyişdi. Amma bu dəfə bu kədərə "Əli bəy Hüseynzadənin qızı Feyzavər Turan Alpsarın vəfat etməsi xəbərini dərin kədər hissi ilə qarşıladım" - deyə Azərbaycan Prezidenti İlham Əliyev şərik oldu.

***

Ərindən qalan mirasın hesabına Feyzavər xanımın heç vaxt maddi problemi olmayıb. Hətta Feyzavər xanım bəzı tələbələrə şəxsi vəsaitindən təqaüd ayıraraq gənclərin təhsil almalarına yardımçı olub.

Evində bir hizmətçisi vardı.

İndi bu sətirləri yazdıqca Feyzavər xanımın səsi yaddaşımda əks-səda verir: "Emine, kahve... Emine, çay... Emine, Azer bey için kahve falına bakarmısın?".

İki şəxsi həkimi vardı. Vəkili vardı...

Unudulmaz görüşlərimizdən biri... 11 il əvvəl Salyandan Əli bəy Hüseynzadənin doğulduğu "Bərə ağzı" məhəlləsindən apardığım torpağı Feyzavər xanımla birgə Qaracaəhməddə atasının məzarına səpdiyimiz anlar...

- Feyzavər xanım, Əli bəyin məzarına səpmək üçün Salyandan torpaq gətirmişəm.

Feyzavər xanım torpağı görüb kövrəldi, gözləri yaşardı... Uzun və təəccüb dolu sükutdan sonra:

- İyi etmişsiniz. Salyan mənim çocuqluğumun xəyalıdır. Babam oralar barədə çox danışardı mənə. Orada bir çay olmalıdır.

- Kür çayı...

- Əvət. Babam söyləyirdi ki, çocuq yaşlarında olarkən bir dəfə həmin çay donubmuş.

- Hə, Salyanda Kür bir neçə dəfə donub.

- Nəsib olmadı oraları görmək, - dedi və bir ovuc torpaq aldı. Atasının məzarına səpərkən:

- İştə bu da olacaqmış, baba, - deyib köksünü ötürdü.

Feyzavər xanım başdaşına "professor, doktor Cəlal Muxtar (1865-1947)" yazılmış bir məzarın önündə də dayanır.

- Eniştəmin qardaşıdır... Cəlalın qardaşı Kamal Muxtar Əli bəyin bacanağı olub. Üç qardaşdılar. Üçü də məşhur doktordu. Qızıl Ayı quranlar bunlardı. Bir də bacıları vardı: Semiha xanım. Kamal Muxtar teyzəm Səadət xanımın kocası idi. 1923-cü ildə evlənmişdilər. Bir oğulları vardı: Muxtar Muxtar. Parisdə yaşayırdı. Sinema və film işləri ilə uğraşırdı. Orada da vəfat etdi. Onun da bir oğlu var: Fərrux. İndi Amerika Birləşik Dövlətlərində yaşayır. Cəlal Muxtarın isə Adviyə adlı bir qızı var. Akil Muxtar babamla eyni vaxtda İstanbul darülfünununda təhsil almışdı. Demək olar ki, eyni taleyi paylaşırdılar. Atatürkün şəxsi həkimlərindən biri idi.

***

Əli bəy Hüseynzadənin arxivinin bəlli bir qismini Ege Universitetindən inandığı və güvəndiyi professor Yavuz Akpınara, özü də arxivin bütün araşdırıcılara açıq olacağı şərtilə vermişdi.

- Başqa hardasa, kimdəsə nəsə varmı, qalırmı?

- Təbii var, Abdulla Cövdətin qızı Gül xanımda Cövdətə yazdığı məktubları var.

- Hilmi Ziya Ülkenin yazdıqlarından belə anlaşılır ki, onda da Əli bəyə aid sənədlər çox olub.

- Doğrudur... Əlyazmaların bir qismi də rəhmətlik Hilmi Ziya Ülkenin qızındadır. Onun mənzilindəki salonda böyük bir sandıq var. Sənədlər həmin sandıqdadır.

- Niyə onları geri almırsınız?

Sualıma özünə yaraşan kübar bir əda ilə cavab verdi:

- Məsələ burasındadır ki, Hilmi Ziya bəyin qızının oğlu qərib bir şəkildə dünyasını dəyişdi. Belə bir vaxtda ondan sənəd istəmək münasib deyil.

Bu sözləri Qaracaəhməd məzarlığının "Çiçəkli" adlanan qapısından çıxarkən demişdi. Professor İbrahim Yıldırım da ordaydı.

Qaracaəhməddən çıxıb maşına əyləşdik. İbrahim bəyə səsləndi. "Yaxınlarda restoran varmı?". İbrahim bəy isə "Bizi evdə Fügen hanım bəkliyor" - deyib maşını Ləvənd səmtinə sürdü. Gecədən keçmişə qədər İbrahim bəyin evində söhbət etdik. Feyzavər xanım İbrahim Yıldırıma çox güvənirdi... Birevli kimi olduqları münasibətlərinin hər halından bəlliydi.

Real TV-də Feyzavər xanımın vəfatı ilə əlaqədar xəbərə baxırdım. Nilufər danışırdı. Nilufər xanımla məni Ankarada tanış etmişdi. Professor Nilufər Alparslan Türkiyənin ünlü oftalmoloqlarından biridir. Nilufəri övlad mislində əzizlədiyini bir-birlərinə hədsiz məhrəmliklərindən hiss edirdim. Ana-bala kimiydilər. Feyzavər xanım dedi ki, Nilufərin anası Mehmet Ali Alpsarın qardaşı qızıdır. Nilufər və bacısı Lalə xanım Mehmet Ali Alpsara və Feyzavər xanıma övlad əvəzi olublar. Mehmet Ali bəydən sonra da onu tək qoymayıblar.

***

17 aprel 2014. İstanbul. TÜRKSOY və Azərbaycan Mədəniyyət nazirliyi doğumunun 150-ci ildönümündə Əli bəy Hüseynzadəni anma toplantısı keçirir. Əvvəl Əli bəy Hüseynzadənin məzarını ziyarət etdik. İstanbul Universitetinin giriş qapısı, dəhlizləri Hüseynzadənin rəsmləri ilə bəzədilib. Və bütün bunları görmək adama qürur verir. TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycan Mədəniyyət nazirinin müavini Vaqif Əliyev, İstanbul Universitetinin prorektoru, professor Şəfəq Sahir Qaramehmetoğlu çıxış etdilər. İstanbul Universitetinin professorları - ədəbiyyat fakültəsinin dekanı Mustafa Özkan, Hali Bal, İbrahim Yıldırım və mən məruzələr etdik. Feyzavər xanım xəstəydi və bu səbəbdən də tədbirə qatılmamışdı. 12 gündən sonra Azərbaycanda yubiley mərasimi keçiriləcəkdi. Feyzavər xanım Bakıya gələcəkdimi? Həm bunu öyrənmək, həm Hüseynzadə haqqında nəşr olunmuş yeni kitabları ona təqdim etmək, həm də Əli bəylə ilgili onun fikrini bilməli olduğum mühüm bir məsələ ilə bağlı 95 yaşlı Feyzavər xanımla görüşmək üçün evinə getdim. Yenə də Halaskar Gazi caddəsindəki ev. Yenə də bu evdə hər tərəf "kosmik qasırğa"dan - Azərbaycan rəssamlığında dəzgah boyakarlığının banisi Əli bəy Hüseynzadənin və Türkiyə rəssamlığında abstraksionizmin banisi Səlim Turanın çəkdikləri rəsmlərdən ibarətdir. Ata və oğulun bir yerdə yaratdıqları "Hz. Musa və çoban" tablosunun önündə "Tövrat" və "Məsnəvi"dəki çoban hekayətinə işarə edən Əli bəy Hüseynzadənin "Kəlamullahi Musa, Musa kibi, çoban, çoban kibi anlar" sözlərini, bir də Səlim Turanın dediklərini xatırladım: "Sənət də uzaqlarda parıldayan bir dəniz fənəri kimidir. Orada bütün insanlar bərabərdir. Kral və dilənçi arasındakı bərabərsizlik silinmişdir...".

Feyzavər xanıma əvvəlcə Bakıda yeni çapdan çıxmış "Əli bəy Hüseynzadə. Həyatı, mübarizəsi, yaradıcılığı, əsərləri" kitabımı təqdim etdim. Kitabdakı şəkilləri və əksər tarixi sənədləri (bu sayımızda o sənədlərdən və şəkillərdən bəzilərini təqdim edirəm) mənə o, özü vermişdi. Nəfis şəkildə nəşr olunmuş və Ön sözünü də özünün yazdığı kitabı vərəqlədi. Qəfil başını qaldırdı, gözlərində həzin və kədərli bir məmnunluq vardı. Pıçıltıyla "Sağ ol!" - dedi. Sonra yenidən təkrar etdi: "Sağ ol!"

Sonra yeni çapdan çıxmış başqa bir kitabı - "Milli məfkurənin atası" kitabını təqdim etdim.

- Bunudamı siz yazdınız?

- Yox. Sağlığında Azərbaycanda və Türkiyədə yazılanları bir yerə toplayıb nəşr etdirmişəm.

Sevərək, sevinərək aldı. Kitabı aramla vərəqlədi. Yazıların başlığına və müəlliflərin şəkillərinə baxdı... "Abdulla Cövdət... babamın yaxın arkadaşıydı...Yusuf Akçura... bizə tez-tez gələrdi... Babamın ən yaxın arkadaşıydı... Hilmi Ziya. Babamın sənədlərinin çoxu onda qaldı. Şimdi qızındadır... Cəlil Məmmədquluzadə... İsmini babamdan duydum. Hüseyn Cavid... Babama şeirmi həsr etmiş? Nə gözəl... Məhəmməd Hadi... İlk kəz görüyorum. Əlabbas Müznib... Tanımıyorum. Abdulla Şaiq... Hatırlamıyorum. Ordubadi. Bilmiyorum... Dündar Akünal... Kimdir biliyormusunuz? Ahmed Kemalın oğludur. Ahmed Kemal Baküde babamla çalışmış..." Kitabı sona qədər vərəqlədi və usulluca masanın üstünə qoydu. "Gözəl kitabdır. Əllərinizə sağlıq".

... Xeyli söhbətdən sonra cavabını öyrənmək istədiyim mətləbin üstünə gəldim:

- İki ay öncə İstanbuldan bir nəfər məni telefonla arayıb Qaracaəhməddə bir proje gerçəkləşdirməyi, Əli bəy Hüseynzadənin məzarının yerini dəyişdirməyi düşündüklərini söylədi.

Feyzavər xanım sarsıldı.

- Sizi arayan kim idi?

Zəng vuran adamın adını dedim.

- Tanımıram, - dedi.

- Amma o adam Sizin də bu işə razı olduğunuzu söyləmişdi.

- Yox. Elə bir şey yox. Anlamıram. Əcəba, buna səbəb nə imiş?

- Guya məzarın yeri iki-üç addım kənara çəkilərsə, Əli bəyi ziyarət etmək daha rahat olacaqmış. Həm də üstündə anıt yapacaqlarmış.

- Öylə bir şey yox. Olmaz, olamaz. Mən buna müsaidə etməm. Ora bizim ailə məzarlığımız. Tək babam deyil, annəm də, abim də orada. Eniştəmgil də orada.

... Emine xanım qəhvə gətirdi, süfrəyə şirniyyatlar düzdü.

- Ayın 25-də Azərbaycanda babanızın anma törəninə qatılacaqsınız?

- Qəlbimdə pil var. Çox yoruluram. O səbəbdən gələ bilməyəcəm.

- Amma Əli bəyin qızını Bakıda həsrətlə gözləyirlər.

- Azərbaycanda atamın belə yüksək dəyərləndirilməsi məni mutlu etmişdir. Kaş Bakıya gələ biləydim, Salyanı bir dəfə görəydim. Əfsus ki, bu dəfə də nəsib olmayacaq. Həkimlər uçaqla səyahət etməmə izn vermir.

- Feyzavər xanım, atanızın çəkdiyi rəsmləri də İstanbul Universitetinə verəcəksiniz?

- Səlimin rəsmlərini Universitetə mən deyil, xanımı Şahiqa bağışladı. Babamın rəsmlərinə gəlincə, bu barədə hələ bir qərara gəlməmişəm. Ya Azərbaycanda, ya da Türkiyədə muzeylərdən birinə bağışlamaq niyyətindəyəm.

Söhbətimiz üç saat çəkdi. Hər dəfə ayrılmaq üçün ayağa qalxanda "Lütfən, tələsməyin, bir az da əyləşin. Bir az da söhbət edək" - deyirdi.

... Qapıya qədər, hətta liftin qapısına qədər gəldi. Feyzavər xanımı bağrıma basdım. Ayrıldıq...

Üstündən iki il keçəndən sonra mətbuatda belə bir fikir açıqlandı: "Hüseynzadənin yeganə varisi olan qızı, 95 yaşlı Feyzavər Alpsar atasının əsərləri və şəxsi əşyalarından ibarət arxivini Azərbaycana bağışlayıb".

Nəhayət, Feyzavər xanım seçimini etdi. Atasının mirasını Azərbaycan dövlətinə bağışladı və nə yaxşı ki, o miras, hələ üstəlik, Əli bəy Hüseynzadənin bütün əsərləri, biz az əvvəl yazdığım kimi, rəsmi qərarla Azərbaycan dövlətinin varidatları sırasına daxil edildi...

2008-ci ilin mayında prof. İbrahim Yıldırımdan Feyzavər xanıma  Prezidentin sərəncamı ilə nəşr olunmuş Hüseynzadənin "Seçilmiş əsərləri" kitabını (o kitabın elmi redaktoru idim), elə həmin ilin martında Moskvada rus və Azərbaycan dillərində nəşr olunmuş "Əli bəy Hüseynzadə" kitablarımı, Əli bəy Hüseynzadənin şeirlərindən ibarət bir il əvvəl nəşr etdirdiyim "Əbədi gözəlliklər" kitabını göndərdim. İkinci sərgisindən öncə, 2008-ci il noyabrın 1-də mənə məktub yazdı: "1 kasım 2008. Sayın Azer Turan bey! Bana göndermiş olduğunuz "Ali bey Hüseyinzade" kitabınıza teşekkür etmekte geciktim. Babamın çağdaş eserlerini ve düşüncelerini bu günün genclerine tanıtmakta gösterdiyiniz qayrete minnettarım. Görüyorum ki, onun eserleri zaten sizin gibi genclere ulaşmış. Ayrıca bana karşı göstermiş olduğunuz nezakete teşekkür eder, her zaman başarılarınızı diler, sevgilerimi sunarım. Feyzaver Alpsar. İstanbul". Məktubla yanaşı, birinci sərgidə nümayiş etdirilmiş əsərlərindən birini - "Evrendə Şahməran" tablosunu da arxasına ürək sözlərini yazaraq mənə hədiyyə göndərmişdi.

Hər gün evimin divarında onun "Evrendə Şahməran" tablosunu görürəm. Bu günlər isə gözümü Şahmərandan heç ayıra bilmirəm. Bir dəfə ondan "Yalnız Şahməran mövzusunda çəkirsiniz. Şahməran sizin üçün nədir? - deyə soruşdum. "Əbədi gənclikdir" - dedi.

Əbədi gəncliyin rəmzi Feyzavər xanım 101 il yaşadı.

101 il gözəlliklər içində...

28 aprel 2020

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!