Böyük pedaqoq, alim, yazıçı Mir Cəlal Paşayevin anadan olmasından 112 il ötür... - Yazıçı şəxsiyyəti: səmimiyyət və cəsarət...

Nizaməddin Şəmsizadə yazır

1972-ci ildə o zaman yeganə universitet olan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olundum. Avqustun 31-də dərslərimin hansı növbədə başlanmasını öyrənmək üçün universitetə gəldim. O zaman Filologiya fakültəsi indiki İqtisad Universiteti binasının ikinci mərtəbəsində idi. Dekanlığa çatanda artıq cədvəlin asıldığını gördüm. Yaxınlaşıb cədvəli yazanda "Ədəbiyyatşünaslığın əsasları" fənnindən müəllimimizin Mir Cəlal olduğunu bildim.

Sevincimin həddi-hüdudu yox idi. Hələ orta məktəb illərində "Dirilən adam", "Bir gəncin manifesti" kimi əsərlərini sevə-sevə oxuduğum yazıçı mənə dərs deyəcəkdi. Mir Cəlalın simasında mən ilk dəfə canlı yazıçı gördüm və bu ən yaxşı yazıçı obrazı kimi birinci kursdan əbədi olaraq yaddaşıma çökdü. Mir Cəlal müəllim bizə həyatdan, mürəkkəb və qorxunc 20-ci illərdə yazıçıların taleyindən çox maraqlı olaylar danışmışdı. "Ədəbiyyatşünaslığın əsasları" haqqında dediyi iki cümləni heç unutmadım. Bu gün də ədəbiyyat nəzəriyyəsi fənnindən BDU-da mühazirə oxuyarkən dərsi Mir Cəlal müəllimin 48 il bundan əvvəl dediyi o cümlələr ilə başlayıram: "Elm də, sənət də hər ikisi məfkurədir. Elm faktlarla, sənət obrazlarla düşünür". Mən 2012-ci ildə çap olunmuş "Ədəbiyyat nəzəriyyəsi" dərsliyimi yazanda başa düşdüm ki, ədəbiyyat nəzəriyyəsi mahiyyət etibarilə bu iki cümlədə ifadə olunan fikirlərdən ibarətdir. Mir Cəlal müəllim bu cümlələri deyib gedirdi, bizə düşünmək imkanı yaradırdı.

O zaman bizə kurs işi yazmaq tapşırılırdı. Teatra xüsusi maraq göstərdiyimə görə Dram Teatrında səhnələşdirilən "Mənziliniz mübarək" tamaşası haqqında kurs işi götürdüm. Savadlı görünmək üçün həddindən artıq qəliz cümlələrlə yazdığım kurs işini auditoriyada oxudum. Mir Cəlal müəllim tribunaya yaxınlaşıb özünəməxsus tərzdə qolumdan tutdu və dedi: "Qardaş, bunu adam dilində yaza bilməzdin?". Mən böyük yazıçı, ciddi ədəbiyyatşünas, mehriban və tələbkar pedaqoq Mir Cəlal Paşayevdən adam dilində - yəni sadə və dərin yazmağı öyrəndim, bu gün o zamanın Mir Cəlal yaşımda (1972-ci ildə onu 64 yaşı var idi) olanda da mən onu həm bədii, həm də elmi əsərlərindən öyrənirəm.

Dünyanın ən böyük şəxsiyyətlərindən olan I Pyotrun üzüyündə bu sözlər yazılmışdı: "Mən şagird rütbəsindəyəm, həmişə özümə müəllim axtarıram...".

Mir Cəlal düz yetmiş il yaşadı - 1908-1978. 1920-ci ildə Azərbaycanda bolşevik əbalı rus-daşnak işğalı başlayanda onun 12 yaşı var idi. Beləliklə, onun bütün fəaliyyəti Azərbaycanda sovet kommunist dönəminə təsadüf edir - 58 il bu totalitar rejim dövründə, təxəyyülü, sosialist realizminin, basıncına məruz qalmış Mir Cəlal "Bir gəncin manifesti"ndəki ananın dediyi kimi -  "İtə ataram, yada satmaram" prinsipi ilə yazıb yaratdı və sovet yazıçısından daha çox sovet dövrünün milli Azərbaycan yazıçısı oldu.

Ədibin "Dirilən adam" romanı, ilk sovet romanlarından - "Şamo"dan (Süleyman Rəhimov), "Yoxuşlar"dan (Əbülhəsən) fərqli olaraq 30-cu illər rus sovet romanları - F. Qladkovun "Sement", Furmanovun "Çapayev", A.Serafimoviçin "Dəmir axın" romanları tərzində, onlara bənzər modeldə yazılmamışdır. "Dirilən adam" milli epik ənənələrə söykənirdi. Bu əsərdə daha çox bizim dastanların, nağılların, əfsanələrin ruhu duyulmaqdadır. Əsər "proletar ədəbiyyatı" sxeminin  hüdudlarına sığmırdı. Müəllif böyük cəsarətlə və ustalıqla, sosializm rejiminə məhəl qoymadan inqilabdan əvvəlki dövrün ziddiyyətlərini realistcəsinə təsvir edir, təxəyyülün gücü ilə epoxanın tarixi mənasını açırdı. Nəzərə almaq lazımdır ki, bu əsər yazılanda müəllifin 26 yaşı var idi. Bu yaşda adamlar əsgərlikdən ata-anasına məktub yazmağı bacarmır, çətinlik çəkirlər. "Dirilən adam"dakı bəzi ziddiyyətlər Mir Cəlalın realizmindən - hər şeyi olduğu kimi təsvir etməsindən irəli gəlir. Bu dövr özü zəngin və ziddiyyətli idi. Əsər 1919-cu il hadisələrindən bəhs edirdi... Mirzə Ələkbər Sabirin taleyinə həsr olunmuş "Yolumuz hayanadır" (1952-1957) romanı da mürəkkəb və ziddiyyətli XX əsrin əvvəllərinə, ədibin uşaqlığının keçdiyi 1908-1911-ci illərə üz tuturdu. Əsərin birinci variantının tənqidə məruz qalması da ziddiyyətlərin tarixi xarakterinin hələ kifayət qədər aydınlaşdırılmaması idi. Ümumiyyətlə, Mir Cəlalın ikinci dəfə - sovet rejiminin totalitar idealogiyasının kəshakəs vaxtı yasaq edilmiş müsavat dövrünə, xalqın bu illərdəki tarixi taleyinə müraciət etməsi, H.Z.Tağıyev, Əli bəy Hüseynzadənin adlarını gündəmə gətirməsi yazıçıdan böyük cəsarət tələb edirdi. "Əsərin qiymətli cəhətlərindən biri də budur ki, burada inqilabçılara, şüurlu fəhlə obrazları yaratmağa heç bir təşəbbüs edilməyib" (Nurlana Əliyeva).

Mir Cəlal ağır, sanballı bir şəxsiyyət kimi yaşayıb, 3 çətin və şərəfli istiqamətdə səmərəli fəaliyyət göstərib: doğma xalqının sevimli yazıçısı, istedadlı nəzəriyyəçi ədəbiyyatşünas və görkəmli, qayğıkeş pedaqoq!

Mir Cəlalın böyük müasiri, ədəbiyyatşünaslığımızın klassiki Abdulla Şaiq deyirdi: "Mən yazıçılığıma görə müəllimliyimə borcluyam". Bu sözləri Mir Cəlal müəllimə də aid etmək olar. O, Gəncə Pedaqoji Texnikumunu bitirib Gədəbəydə əvvəlcə müəllim, sonra məktəb direktoru işləyib. 1930-1932-ci illərdə Kazan Şərq Pedaqoji İnstitutunda təhsil alıb. 1961-ci ildən ömrünün sonuna kimi - 17 il ADU-da indi onun adını daşıyan Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri olub. (Xoşbəxtəm ki, əmək fəaliyyətimin son 3 ili mən həmin kafedranın müəllimi olmuşam).

Mir Cəlal 1928-ci ildən başlayaraq yarım əsr qiymətli əsərlər yazıb. Onun hekayələri - "Kağızlar aləmi", "Anket Anketov", "Təzə toyun nəzakət qaydaları", "Bostan oğrusu", "Mərkəz adamı", "Kəmtərovlar ailəsi", "Kərpic məsələsi", "Yollar", "Anaların üsyanı", "Qan qardaşı", "Boz adam", "Axşam səfəri", "Snayper", "Mərcan nənə" və s. bu janrın Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələridir. Sadəlik, aydınlıq və lirizm bu yumoristik hekayələrin bədii fəlsəfi məziyyətləridir.

Azərbaycan ədəbiyyatında hekayə yazmayan yazıçı yoxdur. S.Rəhimov, Ə.Vəliyev, M.Hüseyn, İ.Şıxlı, İ.Əfəndiyev, Anar, Elçin ədəbiyyatımıza qiymətli hekayələr bəxş ediblər. Lakin, fikrimizcə, ədəbiyyatımızda hekayənin 4 ustası var: Mirzə Cəlil, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli və Mir Cəlal! Onların hekayələri klassik hekayənin qızıl fondunu təşkil edir. Mir Cəlal ədəbiyyatımızı XX əsr oxucusunun milli bədii sərvəti olan romanlarla zənginləşdirib. "Dirilən adam" (1934), "Bir gəncin manifesti" (1939), "Yolumuz hayanadır" (1952), "Açıq kitab" (1952), "Təzə şəhər" (1950), "Yaşıdlarım" (1952)... Yazılma tarixlərindən də göründüyü kimi, Mir Cəlal 1950-ci ilə qədər iki roman yazmışdı.  M.F.Axundzadə kimi, onun da romanlarının tarixi 50-55-ci illəri əhatə edir. Qırxıncı illərdən elmi yaradıcılıqla məşğul olmuş, 1940-cı ildə "Məhəmməd Füzulinin poetik xüsusiyyətləri" mövzusunda namizədlik, yeddi il sonra, 1947-ci ildə "Azərbaycanda ədəbi məktəblər" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Sonralar "Cəbhə hekayələri" adı altında çap olumuş müharibə dövrü silsilə hekayələrini yazmışdır.

Mir Cəlalın namizədlik işi Füzuli haqqında ilk monoqrafik tədqiqat idi. Bu əsər "Füzuli sənətkarlığı" adı ilə on dəfə çap olunub. Ona görə ki, bu, dahi şair haqqında ən sanballı məxəz idi və 40-cı illərdən bəri hər onillikdə Azərbaycan elmi mühiti müasirliyinə görə ona ehtiyac duyub. Bu monoqrafiya hər cür konyunkturadan uzaq, ciddi elmi təfəkkür, aydın konsepsiya ilə yazılmışdı. O, gələcək tədqiqatçılar üçün klassik irsi tədqiq etməyin bir nümunəsi, etalon, milli füzulişünaslığın başlanğıcı oldu. Kafedra müdiri işlərkən o, universitet təhsilinin dərsliyə olan ehtiyaclarını nəzərə alaraq, Azərbaycan klassikləri M.F.Axundzadə, C.Məmmədquluzadə, "Molla Nəsrəddin məktəbi", "Mirzə Ələkbər Sabirin sənət dünyası" və s. əsərlərini yazdı. "Mirzə Cəlilin realizmi" monoqrafiyası və sevimli tələbəsi, professor Firudin Hüseynovla birlikdə yazdıqları "XX əsr Azərbaycan ədəbiyyatı" adlı fundamental dərslik, Mikayıl Rəfilinin "Ədəbiyyat nəzəriyyəsinin əsasları" (1958) kitabından sonra 70-ci illərdə professor Pənah Xəlilovla müştərək yazılmış "Ədəbiyyatşünaslığın əsasları" dərsliyi ədəbiyyatşünaslığımızın nəzəri arsenalını zənginləşdirən əsərlər oldu.

XX əsrdə tənqidi məqalə yazmayan yazıçı yoxdur. Ədiblərimiz dəyərli hekayə povest və romanlarla bərabər, ədəbi mühitdə ba? verən proseslər, mədəni ictimai məsələlər barədə məqalələr yazıb, tənqidçi kimi öz mövqeyini bildirmişlər. S.Rəhimovun "Yazıçı və həyat", R.Rzanın "Mənim fikrimcə", M.Rahimin "Xalqın istəyincə" kitabları yazıçı tənqidinin maraqlı nümunələridir. Lakin elə yazıçılar da var ki, onlar bədii yaradıcılıqla paralel tənqid və ədəbiyyatşünaslıq fəaliyyəti göstərmiş, bəziləri elmi dərəcə də almışlar: akademiklər M.İbrahimov, B.Vahabzadə, yazıçı M.Hüseyn, professor Elçin Əfəndiyev və professor Mir Cəlal Paşayev belə sənətkarlardandır. Onların bədii yaradıcılığı ilə nəzəri tənqidi fəaliyyəti təxminən eyni səviyyədədir. Bu gün də müasirliyini saxlayan "XX əsr Azərbaycan ədəbiyyatı" dərsliyi bir neçə nəsil tələbənin filoloq kimi yetişməsində mühüm rol oynamışdı. Əsər nəzəri tarixi planda düşünülmüş, tarixi kontekst nəzərə alınmaqla tənqidçi təfəkkürü ilə yazılmışdır. Adətən, ədəbi tarixlər üçün xarakterik olan akademik üslubda yox, çevik və anlaşıqlı dildə qələmə almışdır. Burada həm Mir Cəlal müəllimin sadə və aydın üslubu, həm də F.Hüseynovun müasir düşüncəsi təhlillərə aydınlıq və müəyyənlik gətirir. Diqqət daha çox, qalmaqallı fəqət zəngin XX əsrin tarixi kontekstinə ayrılır. Dərsliyin birinci fəslinin mətbuata həsr olunması təsadüfi deyil. XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycanda Milli Mətbuatın intibah, milli özünüdərk dövrü idi: "Kəşkül", "Kaspi", "Molla Nəsrəddin", "Füyuzat", "Həyat" və s. orqanlarla birlikdə onlarca qəzet və məcmuə "Əkinçi"nin açdığı yolla gedirdi. Dərsliyin "Demokratik ədəbiyyat" adlanan ikinci fəsli C.Məmmədquluzadə, M.Ə.Sabir, N.Nərimanov, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Qəmküsar, M.Möcüz, B.Abbaszadə yaradıcılığına, "Realist maarifçi ədəbiyyat" adlanan üçüncü fəsil S.S.Axundov, Ü.Hacıbəyli, A.Şaiq, S.M.Qənizadə, R.B.Əfəndiyev, Y.V.Çəmənzəminli, İ.Musabəyov, M.Zeynalabdinin həyat və yaradıcılığına, dördüncü - "Romantik ədəbiyyat" hissəsi M.Hadi, H.Cavid, A.Səhhət, A.Divanbəyoğlu irsinə, "Ədəbiyyatşünaslıq" adlanan beşinci fəsil isə F.B.Köçərbəyliyə həsr olunub. Beləliklə, əsərdə XX əsrin 22 yazıçısı haqqında elmi və nəzəri tarixi məlumat verilir. 

Mir Cəlal adi alimlərdən deyildi. O, sadə, təvazökar, sabit və səbirli təbiəti, genişmiqyaslı istedadı ilə seçilən ustad idi. O, qüvvətli ədəbiyyatşünaslıq məktəbi formalaşdırmağa nail oldu: AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov, professorlar Xalid Əlimirzəyev, İnayət Bektaşi, Camal Əhmədov, Vaqif Vəliyev, Abdulla Abbasov, Xalq şairi Nəriman Həsənzadə Mir Cəlal məktəbinin görkəmli nümayəndələridir. Bu məktəb universitetdə filoloji təhsili yüksək səviyyədə saxlayırdı...  

Mir Cəlalın vəfatından 42 il ötür. Zaman ondan uzaqlaşdıqca o, bizə daha da yaxınlaşır, doğmalaşır. Mir Cəlal müəllim haqqında bu qeydləri yazarkən 1972-77-ci illər universitetdə mənə dərs demiş müəllimlərimi bir-bir ehtiramla xatırladım: Mir Cəlalı, Abbas Zamanovu, Muxtar Hüseynzadəni, Ağamusa Axundovu, Səlim Cəfərovu, Yusif Seyidovu, Qulu Xəlilovu, Şamil Qurbanovu, Azad Nəbiyevi, Əmirxan Xəlilovu, Vaqif Vəliyevi, Abdulla Abbasovu, Təhsin Mütəllimovu, Nadir Məmmədovu...

Mir Cəlalın doğum günü ərəfəsində və universitetin yüz illik yubileyi tamam olan bir vaxt bu xatırlama tarixi bir zərurət idi.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!