#EvdəQal kampaniyası çərçivəsində Aleksandr Səlimov öz şeirini oxudu - VİDEO

 

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə “Ədəbiyyat qəzeti”nin Azərbaycan Dövlət Televiziya və Radiosunun dəstəyi ilə birgə gerçəkləşdirdikləri  #EvdəQal -“Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar!” layihəsinin ikinci günü  ABŞ-dan olan şair Aleksandr Səlimov ispan dilində öz şeirini oxudu və  Azərbaycan tamaşaçısına müraciət etdi.

QEYD:

Aleksandr Səlimmov 1963-cü ildə Dağıstanda dünyaya gəlib. Sovet İttifaqı dağılan dövrlərdə ABŞ-a köçüb.  Müvafiq təhsili və ispan dilinə sevgisi bu gün onu ispandilli şeir dünyasında xeyli populyar edib. Aleksandr hal-hazırda Delaver Universitetində ispan dili və ədəbiyyatından  dərs deyir. ABŞ Pen Mərkəzinin, ABŞ, Boliviya yazıçı və sənət təşkilatlarının üzvü, UNESKO-nun fəxri mədəniyyət səfiridir. Xocalı hadisələrinə həsr edilmiş silsilə şeirləri var. Şeirləri Azərbaycan dilinə tərcümə edilib.

Aleksandrın şeirini və qısa müraciətini Səlim Babullaoğlunun tərcüməsində təqdim edirik.
Salam, Bakı !
Salam, Azərbaycan!
Salam, dostlar!

Mən indi sizə öz “Çağırış” adlı kitabımdan bir şeir oxuyacağam.

Dağ çiçəyi

Qayalar arasında
ilan kimi qıvrılır çığır.
Zirvədə  gümüşü ulduzların
şiş uclu ləçəkləri
dərviş papaqlarıdır sanki-
bərq vurur.
Səmanın ağuşunda,
günəşin ləpədöyənindəki
bu bəmbəyaz və sakit ulduzlar
əyilməz iradənin
rəmzidirlər.
Onlara yaxından baxıram,
gülümsəyirəm
onlarla bərabər.

Aleksandr Səlimov: “Bu hamımız üçün asan olmayan günlərdə Azərbaycan Dövlət Televiziya və Radiosu vasitəsilə öz həmvətənlərimizi salamlamaq imkanına görə dərin təşəkkür edirəm və onlara Benedettinin sözlərinin xatırladaraq “hələlik” deyirəm:
Təslim olma, xahiş edirəm, geri çəkilmə! Soyuğun ayazı səni kəssə belə,
Qorxu səni sarsıtsa belə. Günəş batsa, torpaq sussa belə. Sağ olun!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!