KORONAVİRUS - BƏŞƏRİYYƏTİN “QORXU ÇAĞI” - Azər TURAN yazır

Azər TURAN

 

Vəba sözlərin bitdiyi yer olsa da, həm də böyük ədəbiyyatın başladığı yerdir.

1348-ci ildə Florensiyada vəba nəinki ölkəni, nəinki onun insanlarını, bütün dəyərlər sistemini alt-üst etdi. Ölkə ölümcül yaralandı. Nə dərman, nə həkim, nə dua... heç nə... heç nə insanı xilas edə bilmədi. Amma “Taun” yazarı Kamyu haqlıdır: “Gecələr sonsuz deyil...”. Florensiyanı “Qara Ölüm”ün pəncəsindən Bokkaççonun “Dekameron”u xilas etdi. Yəni Bokkaçço xalqının ruhunu həmin ərəfələrdə yazdığı “Dekameron”la şifrələdi. Sanki Veyl quyusunun dibinə yuvarlanmış, milyonlarla adamın ölümüylə sınağa çəkilmiş ölkə var olmağın, diri qalmağın, bir sözlə, yaddaşın semiotik harmoniyasını “Dekameron”da tapdı…

Bəlkə də pandemiyalar insanlığa Apokalipsisi xatırlatmaq üçündür. Amma incə bir fərq var. XIV yüzilin İtaliyasındakı “Qara Ölüm” milyonların həyatına son qoysa da, sanki metafizik anlam daşıyır və  Qurandakı Qiyaməti xatırladır; əmzikli qadınlar belə körpələrini atıb qaçır.  Bokkaççonun yazdığı kimi, hamı-hamıdan – ana övladından, bacı qardaşından, övlad valideynindən qaçır. Yəni hamı ölümdən qaçır. Quranda belə bir qaçış Allahın qəzəbindən qaçışdır. “İncil”dəki Apokalipsis isə fərqli bir sosial mənzərəni yansıdır. Amma hər iki halda Göylər Yerə - insana qəzəblidir. Həvari İohanın xəbər verdiyi Apokalipsisdəki vəhy: “Babil necə davrandısa, qarşılığını ona eynən verin… Dünya tacirləri onun üçün ağlayıb yas tutur. Çünki mallarını satın alacaq kimsə yox artıq… Vay başına böyük şəhər, vay! Bir saat içində viranəyə döndü…” (“Əhdi-Cədid”).

Sivilizasiyalar dəyişdi, amma yeni sivilizasiyalarda meydana çıxan burjuaziyanın xisləti heç dəyişmədi. XIX əsrdə hamının hamıya qarşı başladığı ənənəvi burjua müharibəsi XXI yüzildə hamının hamıdan təcrid olunması ilə tamamlandı. “İncil” burjuaziya kontekstində daha aydın anlaşılır. Yəni fikirləşirəm, dünyanın hansı böyük şəhəri zahirən Babilə, yaxud “İncil”dəki Babil fahişəsinə bənzəyir? Yaxud hansı şəhər, hansı ölkə belə bir bənzətməni qəbul edər? Yaxud edir?

Rəssam Sakit Məmmədovun 2017-ci ildə çəkdiyi “Yerdən qovulanlar” adlı tablosunda Yer kürəsi bütün  bəşəriyyəti özündən, öz içindən qovub… bütün dünya, sanki qaranlıq fəzaya boşaldılıb. Madonnanın ötən il oxuduğu “Gələcək” mahnısında gələcəyə yönəlik qorxu duyğusu təlqin edilir. Tabloya baxdıqca və mahnını dinlədikcə XIV və XXI əsrlərə aid olan hər iki düşüncə arasında paralellər aparmağım gəldi. İtalyan yazıçısı Bokkaçço XIV yüzildə “Qara Ölüm”ün pəncəsi altında əzilən, qəbiristanlığa çevrilən ölkəsinə həyat iksiri kimi bir “Dekameron” bəxş edir. XXI əsrin Amerika kökənli müğənnisi gələcəklə bağlı qorxu, vahimə xəbərdarlığı sərgiləyir, Azərbaycan rəssamı isə bütün bəşəriyyəti Yer kürəsindən qovur... Görəsən, Sakit Məmmədovun tablosundan və Madonnanın mahnısından yansıyan pessimizm doğaldırmı? Sakit Məmmədovun  dünyadan qovduğu amillərin içindəki erotik nüanslara rəğmən, “Dekameron”dakı hər şey, o cümlədən erotizm bəşəriyyətin xilası səviyyəsindədir. Madonnanın oxuduğu mahnıda “Günəşə parlamamasını söylə” – deyilir. İkinci Dünya müharibəsi illərini xatırladan Lui Araqon isə yazırdı ki: “O çətin illərdə Matiss bizə kömək etdi və biz günəşi qoruyub saxladıq”. Fransız rəssamı nəinki Fransanı, nəinki Yer kürəsini, hətta duyğularındakı günəşi belə faşizm taunundan qoruyub saxlamaqda öz millətinə və Avropaya yardım edirdi...

XX yüzilin taunu – faşizm tarixin özündən əvvəlki və özündən sonrakı bütün taunlarını kölgədə qoydu.

İndi İtaliyada yeni bir Bokkaçço, Fransada yeni bir Kamyu doğulacaqmı? Allah bilir. Amma bəşəriyyət çox pessimistdir. Hətta kahinlər də susub. Hətta Hindistanda kahin kimi bir yoq Sadhguru, Tibetdə kahin Dalay Lama da susub. Kəbə qapalıdır. Tibet məbədi qapalıdır. Vatikanda müqəddəs Pyotr meydanı qapalıdır… Dünya sükuta qərq olub… İndi dünyada nə din, nə ədəbiyyat danışır. XIX əsrin 90-cı illərində  Rusiyada da belə olmuşdu. Vəba xəstəliyinə qarşı savaşın ön cərgəsində yazıçı Çexov deyil, həkim Çexov dayanırdı. 1892-ci ildə Çexov yaşadığı Melixovo kəndindən “Novoye Vremya” qəzetinin redaktoru Suvorinə yazırdı: “Çalışıram ki, yerli idarəçiliyin başçıları yeni məntəqələr açmaq üçün vəsait ayırsınlar, amma pul vermirlər. Əlacsız qalıb, imkanlı adamlara, ona-buna yalvarıram ki, yardım etsinlər. Əməlli-başlı peşəkar dilənçi olmuşam...Dilənçilərə məxsus yalvarışla, ürək yumşaldan ifadələrdən  istifadə edib istədiyimə müəyyən qədər nail oluram. Artıq, mənim sahəmdə vəba ilə yoluxan xəstələr üçün hər cür şəraiti olan 2 barak, əlavə olaraq babat şəraiti olan 5 barak, bir də iki ayaqyolu var. Mən, hətta yerli idarəçiliyi dezinfeksiya xərclərindən azad etmişəm. Fabrik sahiblərindən 25 kəndin hamısına əhəng və sulfat duzu almağa nail olmuşam... Ruhum yorğundur. Darıxıram. Özünə məxsus olmamaq, yalnız pis şeylər haqqında fikirlər adamı üzür... Bax, bu cür gərginlik içindəyəm. Zəhlətökən yabını minib kəndbəkənd gəzmək, yalnız epidemiya barədə düşünmək əzablı işdir... Nə vaxt qəzetlərdə oxusanız ki, epidemiya sona çatıb, o zamandan mən yenə də yazmağa başlayacam. Hələ məni yazıçı hesab etməyin... A.P. Çexov”.

Vəba və həkim Çexov məni vəba və həkim Əli bəy Hüseynzadə barədə düşünməyə vadar edir. 1904-cü ildə İstanbuldan Bakıya gələn Əli bəy Hüseynzadə siyasətdə milli ideologiyanın, ədəbiyyatda romantizmin qurucusu olmazdan öncə vəbadan – xoleradan əziyyət çəkən Bakıda xolera xəstəliyinə qarşı çarpışan, eyni zamanda bu sahədə böyük maarifləndirmə işi aparan tibb professoru kimi göründü. Ancaq hələ Bakıya gələnə qədər o, 1902-ci ildə İstanbuldaykən Türkiyə tarixində ilk dəfə “Vəba və mikrobu” kitabını yazıb nəşr etdirmişdi və bu kitab o dönəmdə Türkiyədə Vəba və mikrobu barədə yazılmış ilk modern tibb kitabı idi.

İndi bu sətirləri yazdıqca ötən əsrdə, yaxud XIV-XIX yüzillərdə taundan ölən intibah dahilərini – Tisianı, Füzulini, pravoslav aləmində Məsihin ən sevdalı tərənnümçüsü rəssam Andrey Rublyovu, “İdiot”da Raqojinin evinin divarındakı “Ölmüş Məsih” tablosunun yaradıcısı Hans Holbeyni düşünürəm və onları da düşünərək ötən əsrlərin dünyasını öz dünyamızla müqayisə edirəm. Hətta 600 il əvvəl, əhalisinin yarısını itirmiş Avropadan, Asiyadan, yaxud ötən əsrin Rusiyasından fərqli olaraq, ümidsiz, pessimist çağırışlar indi daha çoxdur. O zaman ədəbiyyat, “Qara Ölüm”ün təzyiqinə cavabı Florensiyada dediyim kimi, “Dekameron”la, İngiltərədə “Kral Lir”lə verdi. Yaxud 1830-cu ildə Hindistan yolu ilə  Rusiyaya yayılmış vəba günlərində və karantində Puşkin rus ədəbiyyatının incilərini yazdı, ən başlıcası isə “Yevgeni Onegen”i tamamladı. Və “Bu dünyada heç nə eşqdən güclü deyil” – deyən Markesin “Vəba günlərində eşq”indəki kimi, lətafətli, zərif mələyinə - sevgilisi Qonçarovaya məktublar yazdı: “Əziz Natalya Nikolayevna, baxmayaraq ki, Siz bunu istəmirsiz, səmalar xatirinə, mənə yazın. Mənə bildirin, Siz haradasız? Moskvadan çıxa bildinizmi?.. Mən tamam ruhsuzam, heç bilmirəm nə edim. Artıq aydındır ki, bu il (lənət olsun belə ilə) bizim toyumuz baş tutmayacaq. Doğrudanmı, Siz Moskvadan getməmisiz? Könüllü olaraq özünüzü yoluxucu xəstəliyin göbəyinə atmaq bağışlanılmaz olardı... Epidemiya təkcə yoxsulların əlini sıxmır, zərif və cazibəli ədaya malik əsilzadələrin də qoluna girir... Deməli, Siz kənddə, vəbadan uzaq yerdəsiz, elədirmi?  Hələ ki, xəstəlik bizi yaxalamayıb... A. S. Puşkin”.

***

Sənət, ədəbiyyat dünyanın ən qaranlıq çağlarında belə, günəşi qoruyub saxlamaqda insanlara yardım etdi...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!