Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi elan edilib

 

Edebiyyatqazeti.az xəbər verir ki, Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyi ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi elan edib.

Nazirlikdən bildirilib ki, müsabiqənin təşkilində əsas məqsəd koronavirus pandemiyasının yaratdığı bəşəri problemlərin və ölkəmizdə bu epidemiyaya qarşı aparılan mübarizənin ədəbiyyat mövzusuna çevirməklə gələcək nəsillərə bədii formada çatdırılması, özündə sosial məsuliyyəti, epidemiyanın təhlükəsi və infeksiyadan qorunmaq barədə informasiyanı ehtiva edən əsərləri ərsəyə gətirməklə əhalinin maarifləndirilməsi və yaradıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından yeni hekayələrin yazılmasına stimul verməkdir.

Müsabiqənin şərtlərinə görə, hekayələrin mövzusu tibb işçilərinin koronavirus infeksiyası ilə apardığı mübarizəni, pandemiya ilə əlaqədar həyatları risk altında olan digər peşə sahiblərinin fəaliyyətini, karantin və izolyasiya tədbirləri ilə bağlı əhalinin göstərməli olduğu sosial məsuliyyəti, dövlətimizin mövcud situasiya ilə əlaqədar həyata keçirdiyi tədbirləri, epidemiyanın yaratdığı bəşəri problemləri və digər aktual məsələləri əhatə etməlidir.

Hekayələr daha əvvəl heç bir yerdə çap olunmamalı və yayımlanmamalıdır. Müsabiqəyə 25.000 (iyirmi beş min) işarədən artıq olmayan hekayələr qəbul olunur. Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər. Müəllif özü haqqında məlumatı və əlaqə vasitəsini fayla əlavə etməlidir.

Ən yaxşı hekayələr "Radio Antenn" 101 FM-də yayımlanan “Canlı kitab” verilişində səsləndiriləcək.

Müsabiqədə ilk 3 yerin sahibinə diplom və pul mükafatları veriləcək. Eyni zamanda, 2 həvəsləndirici mükafat da nəzərdə tutulub.

Müsabiqəyə hekayələr mayın 29-dək təqdim olunmalıdır. İyunun 12-də qaliblərin mükafatlandırılması təşkil olunacaq.

İştirakçılar tərəfindən hekayələr [email protected] elektron poçt ünvanına göndərilməlidir.