GÜLƏMAİL MURAD: Aprel döyüşləri ilə ordumuz inamlı qələbənin əsasını qoydu. Bu, hər bir vətəndaş üçün fəxrdir

Şanlı Aprel döyüşlərindən dörd il ötür

Güləmail xanım, aprel döyüşləri baş verəndən bu prosesləri daim yaradıcılığınızın predmetinə çevirdiniz. Mən trilogiya kimi yazdığınız üç kitabı nəzərdə tuturam. “Qayıdış”, “Aprel döyüşləri”, “Qəhrəmanlıq yüksəkliyi”...  Nədən qaynaqlandı belə bir mövzuya köklənməyiniz?

Bəli, aprel hadisələri baş verəndən sonra bir növ ədəbiyyat adamı olaraq məni ruhum silkələdi, nəsə qazilərimizin, şəhidlərimizin şücaətlərini vəsf edəcək şərqilər dolaşırdı beynimdə. Bilmirdim hardan başlayım, necə başlayım. Bircə an da tikan üstündə oturan adam  kimi rahatlıq tapa bilmirdim. Bu sirri iş yoldaşım Arifə xanıma açdım. O, mənə dedi ki, Aprel döyüşlərinin Milli qəhrəmanlarından biri mayor Samid İmanov Neftçalada yaşayıb. Gəl səni ordakı şair Elnur Abdiyevlə tanış edim. Onun sayəsində Elnur Abdiyevlə zəngləşdik, vədələşdik, görüşdük, Milli Qəhrəmanımızın ailəsi ilə ünsiyyət qurduq və beləcə “Qayıdış” yazıldı.

Sizi vətənpərvərlik mövzulu şeirlərin müəllifi kimi tanıyırdıq. Daim müharibə mövzusuna həssaslığınızın səbəbi burdan irəli gəlirmi?

Yerində və dəqiq söylənmiş bu suala ən layiqli cavab şeirlərimdir. Mən uşaqlıqdan əri, qardaşı, doğmaları müharibəyə gedib qayıtmamış nənəmin ağıları, yanıqlı bayatıları ilə böyümüşəm. Onlar ruhuma hopub. Bu, mənə qanla, südlə keçib.

Aprel hadisələrində şəhid olan əksər qəhrəmanlar haqqında kitabların müəllifisiniz. Samid İmanov, Şükür Həmidov, Murad Mirzəyev, Elvin Namazov, Orxan Əliyev, Mühüd Orucov və b. “Aprel döyüşləri” və bu döyüşlərdə həyatını itirən oğullarımızla bağlı silsilə kitablar yazmısınız. İstəyirəm, bu haqda danışaq.

Məlum Aprel hadisələri əvvəldə qeyd etdiyim kimi, mənə çox təsir etdi. O hadisələrlə sanki mən düşünürdüm ki, Qarabağa qayıtmışam. Həqiqətən də, o hadisələrlə ordumuz bu müharibə tarixində inamlı qələbənin əsasını qoydu. Bu, hər bir vətəndaş üçün fəxrdir. Mən bu qələbənin şirinliyindən sərməst olmuşdum. İçimdə bir lava axırdı.Yanğısını özümdən başqa kimsə duymurdu. Hər gün fikirli-fikirli işə gedib-gəlirdim. Əvvəldə qeyd etdiyim kimi iş yoldaşım Arifə xanım mənim bu halımı diqqətdə saxlayırmış. Bu halın bir neçə gün təkrar olunduğunu görüb bir gün soruşdu. Mən ona cavabında içimi bürüyən yanğımdan danışdım. O mənə Neftçalada Elnur Uğur Abdiyev adlı bir şairin yaşadığını dedi və qeyd etdi ki, Elnur Uğur bizə istənilən kömək edə bilər. Mən Elnur Abdiyevlə tanış olduqdan sonra vaxt itirmədən yollandım Neftçalaya. Milli Qəhrəman Samid İmanovun ailəsi ilə, yaxınları ilə, məktəb müəllimləri ilə görüşdüm. Hər kəslə görüşdə qeydlər apardım və nəticədə “Qayıdış”ı yazdım. Bundan sonra “Aprel döyüşləri”, “Qəhrəmanlıq yüksəkliyi” əsərlərini də yazmağı Allah mənə nəsib elədi. Bu əsərlərin hər birini qələmə alanda qəhrəmanların ailə üzvləri, döyüşçü yoldaşları, məktəb müəllimləri ilə yaxından təmasda olaraq, hər birinin xatirələrini qələmə aldım.

Onu da deyim ki, milli qəhrəmanlar haqqında yazdığınız kitablarda şairanə üslubu qoruyub-saxlayırsınız. Yəni həm də yaradıcı yanaşırsız mövzuya.

Ümumiyyətlə, onu vurğulayım ki, bu əsərin hər biri dastandır. Dastan nəzmlə - nəsrin üzvi vəhdətinin məhsuludur. Əsərlərdəki nəsr hissələri qəhrəmanların yaxınlarının danışıqlarıdırsa, nəzm hissələri mənim qəlbimin hıçqırtılarıdır. Mövzuya yaradıcı yanaşmağıma gəlincə isə, şair müraciət etdiyi mövzuya yaradıcı yanaşmalıdır. Əgər belə olmasa, hər söz quru qabıq təsiri bağışlayar.

Hər qəhrəmanla bağlı kitab necə hasilə gəldi? Ailəsi, həyatı, tərcümeyi – halının təfərrüatlarını bu kitabda necə ehtiva etməyə çalışmısınız?

Hər bir qəhrəmanla bağlı kitab çoxlu zəhmət və ürəkağrısı hesabına başa gəldi. Hər şəhidin ailəsi ilə görüşən zaman onların ağrısını duyduqca, gözlərindən axan yaşı gördükcə qəlbim parçalanırdı. Şəhidlərimizin anaları, bacıları, ailələri, ataları, qardaşları qəhrəmanlarımız haqqında danışanda qürurlarını sındırmamağa çalışsalar da, sonda onlara üz verən itkinin ağırlığı onları sıxırdı. Onları görürdüm. Gördüklərimi dilə də gətirirdim şeirlərdə. Şəhidlərimizin tərcümeyi-halının təfərrüatlarını belə hesab edirəm ki, kifayət qədər nəzərə çarpdırılacaq şəkildə verə bilmişəm.

Sizin kitablar da mövzu ilə bağlı mövcud boşluqdan çıxış yolu olaraq meydana çıxdımı?

Mən belə düşünmürəm. Əvvəldə vurğuladığım kimi, bu mənim ruhumdur. Ruhum hökm edib yazmışam. Hər bir yazımı ölməz şəhidlərimizin ruhuna bir vətəndaş borcu kimi düşünmüşəm.Və nə qədər ki, nəfəsim gəlir, Allahın nəzərləri üstümdədir bundan sonra da bu mövzulu əsərlər yazacağam. İnşallah, “ZƏFƏRNAMƏ” yazacağım günü görüşmək ümidi ilə.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!