Sənət haqqında - Pol Valeri

 

Klassik fransız poeziyasında hökm edən qaydalardan biri -  ilkin fikri, onun gətirdiyi qənaətdən uzaqlaşdırmaq idi. Bununla da səbəb və nəticə arasında kifayət qədər məsafə yaranırdı. Bu qanunauyğunluq ilkin fikirdən nəticəyə qədər olan məsafədə alınmış emosiyaları öyrənmək və buna bənzər hissləri mətnlərdə işləməkdən ibarət idi. Bir sözlə, məna dərində yerləşdirilirdi.

Qeyd etmək istəyirəm ki, bu poeziyada uğur qazanmış ədiblərin hamısı vaxtilə tərcüməçiliklə məşğul olan insanlar idi. Bu, onların vərdişlərinin nəticəsiydi, əslində. Hətta romantizmdə belə axtarış etsək “bənzəmək instinkti” usta adlandırdıqlarımızın da yazılarında özünü göstərmiş olur. Dövrünün müasiri isə yazılarında az da olsa yenilik gətirməyə cəhd edir.

Ustalıq -  adın etimologiyası bizə görünəni təsvir edə bilmək sözünü aşılayır.  Əslində biz sənətin elementlərini özümüzdən asılı vəziyyətə gətirərək ondan istifadə edirik. Sənətə ram olmuruq. Ustalığa malik olmaq və ya ustaya çevrilmək, düşdüyümüz vəziyyətə uyğun olaraq mənimsədiyimiz nəticələri qələmə almaq bacarığına, daha doğrusu, vərdişinə malik olmaqdır.

Romantiklər və klassiklər arasında fərqi aşkar etmək elə də çətin deyil. Sənətə bürünmüş romantizm klassikaya çevrilir. Bu səbəbdən də o, Parnasda yekunlaşır. Əsl sənət fədailəri, işinə və sənətinə saatlarla zaman ayıran kəslərdir. O kəslər ki, istədikləri nəticəni almaq üçün var qüvvələri ilə çalışırlar.

Yaradıcılıq nümunələri müxtəlif ruhların və hadisələrin (təsadüf, əcdadlar, duyğu) nəticəsində müəllif tərəfindən qələmə alınır. Müəllif daxilində cərəyan edən ab-havanı təsvir edib kağıza köçürəcək qədər fikir siyasətçisi olmalıdır.

Kitabları “canlı” adlandırırlar. Əgər o həyat qədər qarmaqarışıq və bu hadisələri müşahidəçiyə təsvir edəcək qədər güclüdürsə, demək canlıdır. Əgər kitablarda hadisələr dövri təkrarlardan və adi təsvirlərdən ibarət olsaydı onlara canlı deyilməzdi. Burada söhbət oxucunu vəcdə gətirməkdən getmir. Elə şair və yazıçılar var ki, tribuna önünə çıxaraq xalqı öz sözlərinin təsiri altına salmağı bacarırlar. Kütləni ələ almaq belələri üçün çətin deyil. Bunlar möhkəm imperiyaların yaradıcılarıdır.

Ədəbiyyatda daima qarışıqlıq hökm sürür. Bəzi yaradıcılıq nümunələri insanları həyəcanlandırmağa, düşüncələrini qıcıqlandırmağa nail ola bilir. İlk baxışdan onlar ədəbiyyatı dərinləşdirən digər sənət nümunələri ilə eyni çəkidə görünür. Bəzi ədəbi nümunələr beyni öz hədəqəsindən çıxmağa, daha dərin düşünməyə məcbur edə bilir (İntellektual, fantastik mətnlərdə). Bəziləri isə insana, şəxsin özünü xatırladır. Oxucu əsərdən özünü tanıyırmış kimi, sevinclə ayrılır (Həyat hekayələrini təcəssüm etdirən mətnlərdə).

Ədəbiyyatda elə insanlar var ki, onların şəxsiyyəti haqqında fikir söyləmək önəmli deyil. Amma onların yazmaq istəyindən doğan yazıları diqqətə layiqdir.

Nə baş verir? Bəlkə ədiblər ağıllarına ilkin olaraq nə gəlirsə onu yazırlar?

 İlk baxışdan belə görünə bilər. Onlar ağıllarına gələn ilk ifadələri sonradan daha dərin, özündə enerji daşıyan cümlələrlə əvəzləməyi bacarırlar. Bu yolla “gözəllik”lərə nail olmuş olurlar. Sözlərin yerdəyişmə prosesində xüsusi düzüm olmalıdır. Hər bir müəllifin, başqasında olmayan xüsusiyyəti var. Mən bu haqda yazmaq istəmirəm. Məndə də belə xüsusiyyətlər var. Ədəbiyyatda kütlənin nəzərinə nisbətən şübhəli görünən məqamlar çoxdur.

Hadisəyə ikili baxış, mətnaltı məna,  fikirlərin təhlükəliliyi özündə şarlatanlığı gizlədir. Hər hansı bir ədəbi məhsul təmiz, cilalanmış məhsul deyil. Bu məhsulu tənqid edən bəzi tənqidçilər isə pis kimyaçıdırlar. Çünki onlar mütləq qanununu unutmuş olurlar. Fikir - əsərdən insana doğru deyil, əsərdən maskaya doğru, maskadan mexanizmə doğru hərəkət etməlidir.

Bir təsdiq digər təsdiqi məhv edə bilər. Fikir isə digərini məhv etmək qabiliyyətinə malik deyil.

Yazıçı oxucunun sonsuz fikir dəryasına qərq olmasına şərait yaradırsa, fikirlərinə gah aydınlıq gətirib, gah da onları qarışdırırsa, demək dərin yazıçıdır. Aydın düşüncəli insan dərin adlandırılan, əslində isə yalançı söz kombinasiyalarından ibarət cümlə yığınlarını müəyyənləşdirməyə qadirdir. Əsl dərinlik şəffaf olur. Onun “məhəbbət”, “yaradan”, “həyat”, “ölüm” kimi əlavə sözlərə ehtiyacı yoxdur.

Zövqə bağlı olan insanlar, etibara inanmayan insanlardır. Onlar müasir sənətin heyrətamiz olmasına inanmır, ona şübhə ilə yanaşırlar.

Təbiətlər mövcud deyil. Yəni yenilik kimi qəbul etdiklərimiz əslində nə zamansa mövcud olub. Fikrin keçmişinə, bakirəliyinə qayıdışı başgicəlləndirici gücə malikdir. Biz təxəyyülümüzdə özümüzü bakirəliyin axtarışına, təbiiliyin axtarışına kökləyirik. Bu istək arxasınca qaçanlar klassiklərdən kəskin fərqlənir, naturalizmdən də uzaq düşmüş olurlar.

Dəqiq, əzəmətli, cəsarətli tipə malik insanlar şəxsiyyətdirlər. Belələri daxilən bir-birinə yaxın insanlardır.

Yazıçılar, qeyri-adi vergiyə malikdilər. Onlar söz vasitəsilə insanları və əşyaları idarə edə bilirlər.

Kimsə dünyanın yaranışı haqda cidd-cəhdlə söz deyə bilməz. Çünki bu söz artıq öz mənasını itirib. “Təbiət” sözü də öz mənasından uzaqlaşıb. Ümumiyyətlə, bu sözlər, artıq söz kimi yaddaşlarımıza yazılıb.

Yazmaq - öncəni görməyi bacarmaq deməkdir. Biz öz içimizdə axtarışlar aparsaq, özümüzü necə tanımadığımızı təyin etmiş olarıq. Kitaba müəllifin çiyinlərinin üzərindən boylanmaq lazımdır.

Şair - əməyin nəticəsi olaraq, ideyalarını gerçəkləşdirməyi bacarandır. Əsl şair, şeri yaratmağa başlayanda nə edəcəyini bilməyən, sonda isə, mən heç nə edə bilmədim, deyəndir.

Uğurlu ədəbiyyatın bünövrəsini möhtəşəmlik təşkil edir. Möhtəşəmlik dedikdə, bütün mümkün möhtəşəmliklər nəzərdə tutulur. Bunsuz olmaz. Bu yüksək məharət həssaslıq, kombinasiyalar bolluğu, istəklərin maskalanması, fikirlərin dərinləşməsi, nəticədə - insan biliyinin böyüklüyü, tələb və oxucunun məlum işə reaksiyasına hesablanaraq, müəllifin hakimiyyəti altına keçir.

Vergili buna nümunə ola bilər. Rasində isə dilin axıcılığı, rəngarəngliyi insanı valeh edir. Hüqo və Mallarmenin dili isə bəşər nitqindən daha çox, ilahi dili insana tanıdır.

Ölüm - ədəbiyyatda qazanılmış vəsaitdir. Bu elementin tez-tez istifadəsi əsərin dərin olmamasından xəbər verir. Bəzən isə bu atributdan, iki qırılmış körpünü, ipi birləşdirməkdən ötrü istifadə olunur.

Şeriyyət səs və məna arasındakı tərrəddüddür. Bəzən sənətdə nəzəriyyə yoxdur deyirik. Bu yalandır. Həqiqət isə deyilən sənət əsərinin mənasızlığındadır. Biz bəzən musiqi aləti günahlandırırıq. Amma, bu alətin kimin əlində olmasını unuduruq. Bəlkə əldə hansısa barmaq çatışmır və ya əksinə, bir neçə barmaq çoxdur? Demək səbəb onu səsləndirə bilməməkdədir.

Böyük epik poemaların uğuruna səbəb onların həcminin uzunluğu və ayrı-ayrı  fraqmentlərdən ibarət olmasıdır. Sübut: uzun poemaların nəql mümkünlüyüdür. Poeziya nümunələrini nəql etmək mümkün deyil. Musiqini də nəql etmək mümkün deyil. Musiqi şəffaflığında, poeziya isə həssaslığında gözəldir.

İlkin poetik nümunələrdə əsl şairlərin olmadığını müşahidə edirsən. Homer və Lukretsidə şairanə təsvir yoxdur. Şairlər daha çox didaktik və epik şairlərdir.

Sənət nümunələrində rastlaşdığımız boş dəqiqələr və boş yerlər cansıxıcıdır. Rəngarənglik bu boşluqların cansıxıcılığından yaranır. Aktivlik passivlikdən yaranan kimi. Hisslərin yorğunluğu yaradıcılıq gücünə malikdir. Boşluq belə, yaradıcıdır. Sükut, qaranlıq, təsadüfilik, təkrar da yaradıcılığın özüdür.

Forma - ədəbi nümunənin skeletidir. Bəzi ədəbi nümunələr var ki, onlar skeletdən məhrumdurlar. Bütün ədəbi nümunələr öləridirlər, yalnız skeletə malik nümunələr ölümsüzlük qazana bilərlər.

Rus dilindən tərcümə etdi: Günel EYVAZLI

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!