Bakıya və Abşeronun neft mənbələrinə səyahət (4-9 yanvar 1684-cü il)

 

XVII əsr Avropada səyahət təsvirlərinin ilkin yaşı hesab edilir. 1700-cü ilə qədər bir çox Avropa ölkələrində, başlıcası isə İtaliyada qiymətli və zəngin toplular yaradılmışdır ki, bunlarda çoxlu sayda səyahət təsvirləri var. XVIII əsrin sonlarında G.H. Ştuk tərəfindən tərtib edilmiş səyahət təsvirlərinin siyahısına əsasən demək olar ki, bu əsərlər arasında latın dilində yazılmış səyahət təsvirləri xüsusi yer tutur. Bu siyahıda XVI-XVII əsrlərdə 30-a yaxın latınca olan səyahət təsviri vardır ki, bunlar birmənalı surətdə Şərqdən bəhs edir və təqribən yarısı Almaniyada nəşr edilmişdir. Belə əsərlərdən biri də Engelbert Kempferin 1712-ci ildə yazdığı 5 kitabdan (fasciculus) ibarət olan “Amoenitates exoticae” (Xarici möcüzələr) əsəridir. Əsas hissəsi İrana, qalanı isə Yaponiyaya həsr olunmuş bu topluda İsveçdən Finlandiya, Estoniya, Rusiya, daha sonra Volqa çayı vasitəsilə Həştərxan, Xəzər dənizi, Bakı və Abşeron, İran, Cənubi Hindistan, Seylon və Yaponiyaya səfərlər təsvir olunmuşdur. Əsərdə, eyni zamanda, Azərbaycanın müxtəlif bölgələrinə dair yarımbaşlıqlar da öz əksini tapmışdır. Toplunun II kitabında Bakı və onun neft mənbələri haqqında bəzi məlumatlar var. Həmin əsərdən “Bakıya və Abşeronun neft mənbələrinə səyahət” adlı hissənin Azərbaycan dilinə tərcüməsini veririk.

Xanım Zairova Ədəbiyyat İnstitutu, elmi işçi

Bakı şəhəri adı kimi qədim olan memarlıq üslubu ilə çox qədim təsir bağışlayır. Şəhərin adının mənasından ötrü mən özümə əziyyət verməyəcəyəm. Xarici mənşəli adları bizimkilərdən fərqləndirmək kimə ləzzət edirsə, onu şərab Allahı olan Bakxusla əlaqələndirirlər, lakin nə Nuh burada yaşamışdı, nə də üzümçülük sahəsinin mühiti buna imkan verirdi.

Ən yaxşı halda farslar onun Baad Kuuh sözündən əmələ gəldiyini qeyd edirlər, bu, o deməkdir ki, yaxın dağ çökəklərinin zirvəsindən gələn dağ küləkləri burada əməlli-başlı gurultu qoparır və əhali bundan tez-tez şikayət edir.

Şəhərin ərazisi kvadrat şəklindədir. O, dağ çökəklərindən başlayaraq dənizə qədər uzanır, həmin tərəf 1000 addımdan artıqdır. Şəhərin 2 tərəfini dəniz suları yuyur. Bir tərəfdə liman yerləşir, digər tərəf açıq dənizə çıxır, qalan iki tərəf qayalardan yonulmuş dar qəbirlərlə əhatə olunmuşdur.

O, arasında 15 addımlıq boşluq olmaqla iki divarla əhatə olunmuşdur, bunlardan daxili divar xarici divardan daha yüksəkdir. Onlar qalanı xatırladan çıxıntıları və sıx yerləşmiş mazğalları ilə şəhərə möhtəşəm bəzək verir. Bu boşluqla düşmən ox yağışına tutula bilər və onunla düşməndən qorunmaq mümkündür. Dənizdən sonra yerləşən divarlar kərpicdən, daxili divar isə bərk gildən düzəldilmişdir. Şəhərin qarşı tərəfində yerləşən iki darvazadan səyyahlar içəri buraxılır. Amma limanda olan üç darvaza malların rahat tədarükü üçün açıqdır.

Liman hövzəsi axının qarşısını alan, sahilə müəyyən dərəcədə paralel olan, sonra isə dənizə doğru aparan ikiqat divarla mühafizə olunur. Burada sahilə yan alan Rusiya, Dağıstan, çərkəz, özbək və fars gəmiləri əmniyyət altına alınır. Lakin onlar buxtada olduğu kimi, girişdə də su səthi altında pərakəndə halda olan, görünməyən qayalar üzündən dənizdə eyni əminliklə hərəkət etmirlər.

Şəhər yoxuşda yerləşir, çox cansıxıcıdır və camaatın etinasızlıgı və kasıblığı nəticəsində məhv olur, aşağıda yerləşən hissə isə daha yaxşı mühafizə edilmiş və məskunlaşmışdır. İctimai binalar arasında hamar daşdan səkkizbucaqlı möhtəşəm karvansara tikilmişdir, onun üstü qübbəvari əzəmətli dairəvi dəhlizlə təchiz olunmuşdur ki, bu da daxili həyətlə əhatələnir. Şəhərin üç məbədində dar uca qüllələr var, bu yüksək qüllələrdən ruhaniləri namaza səsləyirlər. Bazar meydanının böyüklüyündən başqa heç bir əzəmət və ya möhtəşəmliyi yoxdur.

Qəribə nəhəngliyi ilə nəzəri cəlb edən kərpicdən olan qüllə və ya qala şəhərin aşağı hissəsində, dənizə yaxın yerdə yonulmamış, formasız, qədim, bir tərəfi yumru, digər tərəfi hamar və bir qədər sıxılmış qiymətli bir əsər və çox qədim abidə yerləşir.

Şəhərin limandan dik ucalan yüksək hissəsi gözəl, onların dediyi kimi, “şah” sarayı ilə parıldayır. Həqiqətən də o, şahlara layiq xərclə hündür qaya üzərində ucaldılmışdır. Hər şey parlaq və hamar daşlardan düzəldilmiş və elə təmiz birləşdirilmişdir ki, heç bir yerdə çatqı, oyuq görünmür. Alaqapı bir-biri ilə qarşı-qarşıya dayanan şirləri və onların arasında başqa bir heyvanın, ehtimal ki, dəvənin başını göstərir. Bu, bütövlükdə təqribən dar bir sahədə yer taraz olmadığına görə simmetriyasız tikilmiş müxtəlif saray tikililəri qrupudur. Tikililərdən ikisi ərəb yazıları ilə bəzədilmiş Allah evləridir. 

Geniş qaya üzərində ucaldılmış meydanın ortasında kicik bir zal var. Onun sütunları altıbucaqlı binanı əhatə edir, hər tərəfdən açıq havaya açılır. Qübbəvarı, altı hamar sütun üzərində yerləşən bu zal nəhəng massiv daşla örtülmüşdü və eyni zamanda həmin formadan olan sütun zərifliklə əhatələnmişdi. Nadir forma və konstruksiyaya malik olan bu kiçik memarlıq əsəri bütöv tikiliyə zərif bəzək verir. İldırım kimi çaxan, ayrı-ayrı sütunların üzərində qazılmış təsvirlərin nə ifadə etdiyi mənə naməlumdur. Bəziləri deyirlər ki, bu, Böyük Aleksandr tərəfindən yaradılmış Dərbənd şəhərinin qülləsini tikmiş əmir Gallilulanın (Calilula) bazilikasıdır. İnanıram ki, Əhməd Ərəbziadə Teymurun tarixi əsərində yazdığı kimi, o, Midiyanın Teymurləng tərəfindən əsarətdə olan 3 əmirindən və ya şahzadəsindən birincisi olan Aleksandr Qalileus olmuşdur. Buna görə də bu əsər sonrakı əsrlərə aiddir və heç bir halda şəhərlə eyni yaşda ola bilməz, bunu memarlıq əsərinin yeni parıltısı və Qurandan götürülmüş iki sətirdə yazılmış yazı sübut edir.

Camaatın evləri əsasən birmərtəbəlidir, gil və kərpicdən düzəldilmişdir. Bunların ən yaxşısı Sultanın limanın yaxınlığında, dağın yamacında yerləşən evidir.

Camaat son dərəcə yoxsul şəraitdə yaşayır. Bunlar sadəlövh adamlardır. Əksəriyyətinin səhhəti yaxşı deyil və solğun bənizləri var. Sağlam olanların isə ən azından hər hansı bir göz ağrısı var. Səhhətlərində olan bu vəziyyəti daimi yağış suları və ya içdikləri dağ suları ilə əlaqələndirirlər. Bunlar çirkli soda ilə korlanmışdır, bəziləri isə bunun üçün səthdəki nefti göstərir.

Kənd təsərrüfatı demək olar ki, tamamilə yox dərəcəsindədir, yaxud xeyli azdır. Sənətkarlıq, yun və kətan toxuculuğu və ticarət son dərəcədə zəif inkişaf etmişdir. Özbək Minqışlağından və digər qonşu yerlərdən qayıqlarla duz və neft gətirilir və bunun üçün qabıqlı meyvələr tədarük edirlər. Şəhər ətrafındakı bütün sahə şoran və qeyri-məhsuldardır: bəzi bağlarda qovun, əncir, alma, nar və üzüm becərilir. Onların az sayda işlək heyvanı var. Qonşu Kesra adasında inəklə qidalanırlar. Qoyunlar üçün hər yerdə yem var, qoyun əti qüsursuzdur, artıqlaması ilə var. Düyü və yaşayış üçün zəruri olan digər tələbat mallarını kiçik arabalarda daşıyırlar.

Şəhərin yaxınlığında qazılan quyular bəzən işlək heyvanlar üçün duzsuz su verirdi. Amma müəyyən vaxtdan sonra duz götürürdü, hər il yeni quyular qazılmalıydı. Bu bataqlığabənzər dəniz sahilinin hər yerində baş verirdi.

Okesra (bu gün Abşeron) yarımadası dənizlə əhatələnib cənuba uzanaraq uzunluğu təqribən 3, eni 1,5 fərsəng və ya daha çoxdur. O, bərabər surətdə düzənlik, başdan-başa duz bataqlıqları ilə əhatə olunmuş, şimalda dağlıq hissədən və hər tərəfdə təpələrdən ibarətdir. Yer qeyri-məhsuldardır, bir hissəsi bataqlıq, bir hissəsi əhənglidir, bəzi yerlərdə Şirvan əyalətinin süxurlarında və Qafqazın uca qayalarında tez-tez müşahidə etdiyim süxurlar kimi müxtəlif növlü ilbiz və tısbağa çanaqlarından yaranmış süxurlar var. Şimala doğru yerləşən dağlıq hissənin yeri yaxşıdır, xüsusilə vadilərdə becərilmə üçün kotanla təchiz olunmuşdur.

Biz şəhərdən yarımadaya qədər təqribən 3 saat sahil boyunca getdik, tezliklə içəriyə doğru irəlilədik, dırmaşmaq lazım gələn yerdə bir qayanın üzərində dayandıq, lakin hər tərəf sıldırım və çıxılması mümkün olmayan, zirvəsi isə geyri-bərabər surətdə düz və son dərəcə dardır. O, qədim zamanlarda istehkam kimi istifadə olunmuşdur, bunu divarın qalıqları və qalanın xarabalıqları sübut edirdi. Yolda oxuduğum məlumat kitabçasında deyilirdi ki, qonşu mavzoleydə dəfn olunan məşhur bir imam bu yerin iltifatı sayəsində Ömər tərəfindən göndərilən təqibçilərdən gizlənmiş və ömrünün sonunadək sürgündən xilas ola bilmişdi. Qayanın özülü adıçəkilən süxur növlərinin qarışığını göstərir, kənarlardakı oyuqlarda süni surətdə əncir ağacları əkilmışdi və onların üzərində hətta ilin bu dövründə də dadlı meyvələr vardı.

İrəliyə çıxmış bir qayanın üzərində mən doqquzdaş oyununun üzərinə oyma qələm ilə yazı həkk edilmiş fiqurunu tapdım, amma o, köhnə olduğu üçün aşınmaya məruz qalmışdı. Bundan nəticə çıxarmaq olardı ki, burada əvvəllər bir avropalı olmuşdur, vaxt keçsin deyə fiqurun üzərinə yazı həkk etmişdi, bu növ oyundan qədim Midiyada istifadə olunmayıb.

Dənizin buradan bir saat uzaqlıqda yerləşməsinə baxmayaraq, qayadan ətrafda yerləşən dənizi hər iki tərəfdə görmək mümkündür. Amma saysız-hesabsız hündür təpələr görünüşü tanınmaz hala gətirmişdir. Sol tərəfdə buradan bir saat uzaqlıqda olan çoxlu sayda neft mədənləri düzənliyi uzanır. Lakin görməlı yerlərə piyada getmək üçün biz bu düzənliyi tərk edirik. Biz atların yerləşdirilməsi və yemlənməsi üçün at gözətçilərini yüklə geri göndərdikdən sonra yarımadanın sonuna doğru irəliləyirik.

1000 və ya daha çox addım getdikdən sonra biz böyük dənizin sahilində, Mirxəyyam kəndinin yaxınlığında yerləşən yuxarıda adı çəkilən mavzoleyə çatdıq. Kərpicdən tikilmiş geniş yarımdairəvi darvaza girişi bəzəyirdi. Darvazanın qapısı yox idi və daim açıq idi. Kandarın üzərində 3 yerdən döşəməyə qədər ağır zəncir asılmışdır və daxil olanlar bu zənciri rahatlıqla öpə bilirdi. Çünki əhali tərəfindən adı müqəddəs Asul olan zəncirə belə hörmət göstərilirdi, ola bilər ki onlar astanaya düşərək zənciri öpmək istəməsinlər. Girişdən sonra açıq səma altında yerləşən uzun, dar, hər iki tərəfdən kərpic divarla örtülmüş keçidlə mavzoleyə çatmaq mümkün oldu. Balaca otaqda yeganə bir sərdabə vardı, pəncərəsi yox idi, tək bir əbədi lampa ilə işıqlandırılırdı. Astanada dayanaraq çirkli dəsmalla örtülmüş dörd divardan başqa lampa ilə birlikdə ortalıqdakı kubu tanıdıq. Yaxınlığında duz gölməçəsi olmasına baxmayaraq, keçiddə suyu şirin olan dərin bir quyu yerləşirdi, buna bu torpaqda dəfn edilmiş müqəddəs imamın möcüzəsi kimi baxırdılar.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!