“Şah” - Səfəvilərin hökmdarlıq titulu

 

1502-ci ildə Heydər oğlu İsmayıl Ağqoyunlu dövlət mərkəzi Təbrizi ələ keçirib, ana tərəfdən babası Uzun Həsənin taxtına oturduğunda özünü “şah” elan etdi. Beləcə, 656-cı ildə Nəhavənd müharibəsindən sonra müsəlman ərəblər tərəfindən ortadan qaldırılan Sasanilər imperiyasının (224-656) hökmdarlıq titulunu yenidən canlandırmış oldu. Bu fakta diqqəti cəlb edən müasir Avropa tarixçiləri “şah” titulu alan I İsmayılın “Sasani dövlət ənənəsini bərpa etmək iddiasında olduğunu” qeyd edirlər.

Səfəvi dövrü mənbələrini tədqiq etdiyimizdə I İsmayılın (1502-1524) istifadə etdiyi “şah” titulunun ikinci dərəcə əhəmiyyət kəsb etdiyi aydın olur. I İsmayıl əsasən “xaqan” titulu daşımışdır. Daha sonra “bahadır”, “sultan” və ən son da “şah” titulunu işlətmişdir. “Tarixi-aləm-arayi-Abbasi” müəllifi İsgəndər Bəy Münşi Türkməni və “Əhsən ət-təvarix” müəllifi Həsən Bəy Rumlu Qızılbaş hökmdarını “Xaqani-İskəndər Şan”, “Xaqan Süleyman Şah”, “Bahadır Xan”, “Zillullah” və “Giti-sitani” titulları ilə zikr edirlər.

İskəndər Bəy Münşi Qızılbaş hökmdarı I İsmayılı tərif edərkən onun haqqında belə yazır: “Əxlaqı gözəl, ölkələr fəth edən atı minən, həşmət və dəhşət səmasının günəşi, Heydəri dövlətinin cahannüması və həq on iki imam məzhəbinin aynası, Padişahlar padişahı, Murtaza təbiətli, Vilayət bürcünün incisi, Kəyan ölkələrinin taxtına malik, yəni Süleyman şanlı ulu Xaqan Şah İsmayıl”.

Bu məlumatda yer alan “Kəyan ölkələrinin taxtına malik” ifadəsini müasir tarixçilər I İsmayılın “Sasani dövlətçiliyini bərpa etməsinin” dəlili kimi təqdim edirlər.

İddiaların əksinə, Sasaniləri Əhməni hökmdarlarına bağlayan xanədan ismi olan “Kəyan” və ya “Key” adları II Şapur dövründə (309-379) “Avesta” mətnlərinə əlavə olunmuşdur. Sasanilər Peyğəmbər Zərdüştün dinini ilk qəbul edən “yarı əfsanəvi və yarı ilahi kral Viştaspın” adının əvvəlinə “Key” sözü əlavə edərək “Key-Viştasp” adını ön plana çıxartmışdılar. Üstəlik, bu adı “Key” deyil, qədim türkcədəki şəkli ilə “Kai” (Kai Viştasp) şəklində yazmışlar. “Key” adının “Kai” şəklində yazılması bu adın turanid mənşəli olduğunu göstərir.

“Kai” qədim türk dilində “ilan” mənasına gəlir. Asur mənbələrində adları “Kaspi”, Çin mənbələrində isə “Hiyenbi” şəklində keçən xalqın adı olan “kai” - “müharibə mələyi”ni ifadə edirdi. Sasanilər bu adı “şah” titulu kimi hiyenbi tayfası olan quşanlardan almışdılar. “Kai”, yəni “müharibə mələyi” qədim türk inanc sistemində Su ilahəsini ifadə etdiyi üçün Sasanilər ailəsinin ilk nümayəndəsi hesab olunan Sasan da Pers əyalətindəki Anahida (Su) məbədinin baş kahini olmuşdur. Əslində mənşəcə saka olan sasanilər quşan hücumları sırasında Soğdak (Soğd) bölgəsini tərk edib Persepolisin cənubunda yer alan İstəxr şəhərinə gəlib Vəzrəng ailəsinə sığındıqdan sonra zərdüştlüyü qəbul etmişdilər. Part hökmdarları isə onların ilk nümayəndəsi Sasani Anahida məbədinin baş kahini təyin etmişdir. Sasanilərin Əhmənilərlə qohumluğu II Şapur dövründə ortaya atılmış və II Yəzdəgerd zamanında (399-420) düzəldilən saxta şəcərə ilə bu iddia təsdiq edilməyə çalışılmışdır. Sasanilərin Pers-Əhəməni sülaləsindən olduqları iddiası “Şahnamə” müəllifi Firdovsi ilə birlikdə İslam mənbələrinə daxil olmuşdur.

Qədim türk inanc sistemində “müharibə mələyi” olan kai (ilan, əjdaha) su və odla birbaşa bağlıdır. İnanca görə altı ay yer altında və altı ay göy üzündə yaşayan əjdahanı su və od kultları təmsil edirdi.

Çingiz xanın ailəsi “Kiyat” adını daşıyırdı. Oğuzların 24 tayfası içində yer alan Qayı boyu da “Kai” adını daşıyırdı. Elxanilərdən sonra Azərbaycanda müstəqil dövlət yaradan Cəlayirlər də kaikai nəslindən törədiklərinə inanırdılar.

I İsmayılın hökmdarlıq titulları

Xaqan

I İsmayılın daşıdığı ilk hökmdarlıq titulu “xaqan” olub. Bunu Səfəvilərdən günümüzə qədər gələn rəsmi dövlət sənədləri də təsdiq edir. Səfəvi dövrü mənbələrində də İsmayılın bu titulu “Xaqani-İskəndər Şan”, “Xaqani-Süleyman Şah”, “Xaqan Şah İsmayıl” olaraq qeyd edilir.

Xaqan titulu ilk dəfə hunlar tərəfindən istifadə edilib. B.e.ə. I əsrdə hunlar haqqında məlumat verən Çin mənbələrində bu ad hu-yü (oxunuşu: xax-xa) şəklində yazılıb. 293-cü ilə adi Paikuli kitabəsində hunların hökmdarı “kağan” olaraq zikr edilir.

Hökmdar səviyyəsində “xaqan” titulunu ilk dəfə Siyenbi hökmdarları daşıyıblar. Çin məbələrində “Siyenbi”, türk mənbələrində isə Kai/Qay adını daşıyan bu xaqanlıq (150-350) Asya Hun dövlətindən sonra yaranmış ən güclü dövlət olmuşdur. Göytürk hökmdarları da “xaqan” tituluna sahib idi. Türklərin əfsanəvi hökmdarı olan Əfrasiyab (Alp Ər-Tonqa) “xaqanlar xaqanı” titulu daşıyırdı. Qaraxanlı hökmdarları Əfrasiyabın nəslindən gəldikləri üçün özlərini “xaqan” hesab edirdilər.

Monqollardan etibarən “xaqan” adı qısaldılmış şəkildə “xan” olaraq istifadə edilməyə başlandı. “Xan” adını monqollardan əvvəl Qaraxanilər istifadə etmişdilər. Qarakitay hökmdarları da “xan” titulu daşıyırdılar.

Bahadır

I İsmayılın daşıdığı ikinci hökmdarlıq titulu isə “bahadır” idi. Bahadır adı Böyük Hun yabqusu Metenin şəxsi adıdır. Çin mənbələrinə istinadən səhv olaraq “Mete” oxunan bu hun hökmdarının əsl adı “Mo-tun”dur. Sinoloqlar bu adın “baqatır” olduğunu iddia edirlər. Əslində “bahadır” “bayandur” adının fərqli oxunuşundan yaranıb. Hun hökmdarı Mo-tunun əsl adı da “Bayandur” idi.

Sultan

I İsmayıl “sultan” titulu da daşımışdır. Amma daha sonra I İsmayıl bu titulu öz əmirlərinə vermişdir. Buna səbəb olaraq I İsmayılın Şeybani dövlət sistemini əsas aldığı iddia edilir. Amma I İsmayıl Osmanlı sultanlarının öz əmirləri səviyyəsində olduğunu göstərmək üçün onlara “sultan” titulu verdiyi aydın olur. İskəndər Bəy Münşiyə görə, Şah İsmayıl, osmanlılardakı “sultan” adının ancaq “sancaq bəyinə” təkabül etdiyini” deyirdi.

Buna baxmayaraq, Şah İsmayılın ilk dövrlərdə “sultan” titulu aldığı məlumdur. İskəndər Bəy Münşiyə görə, qızılbaşlar “əşhədü ən la ilahə ilallah” dedikdən sonra “Sultan oğlu Sultan, Xaqan oğlu Xaqan” deyirdilər.

Şah//

I İsmayıl mənbələrdə, xüsusilə də müasir dövr əsərlərində “Şah İsmayıl” adı ilə zikr edilir. “Şah” titulu I İsmayıldan sonra, xüsusən də onun oğlu Təhmasib zamanında geniş yayılmışdı. Amma qızılbaşların İsmayıla “şah” şəklində xitab etdikləri də məlumdur. Hətta qızılbaşlar görüşdükləri zaman “salamunəleyküm” yerinə bir-birlərinə sadəcə “şah” deyirdilər.

“Şah” adının kökəni və mənası geniş mübahisələrə səbəb olmuşdur. Mənbələrdə “şah” və “şahlar şahı” titulunun Quşan hökmdarları tərəfindən istifadə edildiyi haqqında məlumatlar mövcuddur. G.Fusmanın apardığı tədqiqatlara görə, Quşan hökmdarları Selevki krallarının istifadə etdiyi “basileus basileon” titulunun müqabilində “şaonano şao” (şahlar şahı) titulu daşıyırdılar.

H.W.Bailey`in araşdırmalarına görə, quşanlardakı “şao”, “şauo” və “şaoo” titulu bakrtiyalıların dilində “şao” şəklində istifadə edilirdi. Bu titul Xoten Sakalarının dilində “xşawan” (oxunuşu sşau), Soğd dilində “xsywnyy”, yəni “kral” mənasına gəlirdi. Titul Orta fars dilində “şahi” şəklində tələffüz edilmişdir.

Şimali Hindistandakı Taksila bölgəsini işğal edən Saka hökmdarı Maues (b.e.ə. 90-80) öz sikkələrində “şao” və “şahi” titulunu həkk etdirmişdir. Onun xələfləri olan Azes və Azilises də sikkələrində bu titulu qeyd edirlər. Həmin hökmdarlar qrek (yunanca) və xaroşthicə  kəsdirdikləri sikkələr üzərinə “şah”ın yunancası “basileos basileon”u, xaroşthicəsi “maharajasa rajadirajasa” adını yazdırıblar.

B.e.ə. 58-ci ildə Vikrama təqviminin başladığı ildə Şimali Hindistanda böyük bir imperiyanın təməllərini atan saka hökmdarları “şahi” tituluna sahib idilər. Misal üçün, həmin illərdə Saka hökmdarının adı və titulu belə qeyd edilib: Daivaputra-şahi şahanuşahi Saka Matunda.

Quşanlar sakalara aid Hindistanın şərq hissəsini ələ keçirdikdən sonra bu titulu almışdılar. Quşan yabqusu Kanişka Şərqi Hindistanı ələ keçirdikdən sonra zərb etdirdiyi qızıl sikkələrin üzərinə Xoten sakalarının dilində “şah” möhrünü bastırmışdı. Onun xələfləri olan Vasişka və Vesudeva da sikkələrində eyni titulu istifadə etmişlər. Kanişkadan əvvəlki quşan sikkələrində yer alan “maharaja rajatiraja” ilə “basileus” titullarının yerini Kanişka ilə birlikdə “şah” və “şahənşah” titulları almışdır.

Brahmi kitabəsində də Kanişka üçün “şah” adı işlədilir. Quşan hökmdarı Vesudevaya aid kitabələrdə də eyni titul yer alır. Quşanlardan əvvəl Part hökmdarı I Mitridatın (b.e.ə. 171-138) da “şahənşah” titulu daşıdığı zənn edilir.

“Şah” sözünün mənşəyi və ortaya çıxması tədqiqatçıları uzun illər məşğul etmişdir. Bu titul əslində şumer və daha sonra da Babil mətnlərində keçir. Şumer və babillərin inancında tanrıca Nana “hörmətli və ali” mənasında “şah” adlanırdı. Babil dövrü şumer yazılarında həmin tanrıca “Nana şao” adlanır.

Şah İsmayılın bu titulu hansı səbəbdən və necə almışdır?

Bu suala cavab tapmaq elə də çətin deyildir. Nəzərə alsaq ki, Şah İsmayıl ailəsinin güclü Xorasan bağları vardı, o zaman “şah” titulunun Səfəvilərə haradan gəldiyi aydın olur. Belə ki, “şah” titulu qədim türklərdə “şad” şəklində mövcud idi. Göytürklərin ilk nümayəndəsinin adı Çin mənbələrində “Notulu Şad” olaraq qeyd edilib. İlk Göytürk xaqanı Buminin atasının adı da mənbələrdə çincə “Ahsien Şad” (Bilgə Şad) olaraq yazılıb. Bizans imperatoru Valentin tərəfindən türklərə göndərilən elçilər 576-cı ildə Aral gölü ətrafında görüşdükləri Göytürk hakimini “Türk Şad” adlandırlar.

“Şad” titulu haqqında xüsusi tədqiqat aparan italyan türkoloq A.Bombaciyə görə, “şad” - “şah” adı ilə eynidir.

“Şadşah” titulu Göytürklərdə dərəcə etibarilə xaqandan aşağıda yer alırdı. Qərbi Göytürk xaqanlığının qolu olaraq mövcud olan Toxarıstan yabquları bu titulu daşıyırdılar. Səfəvilər ilə Toxarıstan (Bəlx) hökmdarları arasında irsi qohumluq əlaqələri mövcud olduğundan səfəvilər “şah” titulunu irsən qəbul etmiş olmalıdırlar.

Bunun kimi, qədim türklərdə “şadapıt” titulu da vardı. “Şad” və “apa” (apıt) adlarının birləşməsindən yaranan “şadapıt” və ya “şadpıt” İslami dövrdə “Şəddad” formasına salınmışdır. A.von Gabainə görə, “əsilzadəliyin yüksək mərtəbəsini” ifadə edən bu titul Qədim türk kitabələrində də qeyd edilib.

Beləcə, “şah” titulu ilk dəfə şumerlərdə Tanrının alilik sifətini ifadə edən ululuq ifadəsi kimi ortaya çıxmış, daha sonra sakalar tərəfindən hökmdar titulu olaraq işlədilmişdir. Quşanların sakalardan, sasanilərin də quşanlardan qəbul etdikləri bu titul, qədim türklərdə “şad” şəklində keçmişdir. I İsmayıl “şah” adını almaqla təqribən 3500 illik bir titulu yenidən canlandırmışdır.

Əkbər NƏCƏF

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!