Söz və onun mifoloji buxovları... - Kamal Abdulla yazır

"Dilimiz və mifologiya" əsərindən

 

I yazı

1. Son zamanlar dilçilik mövzuları, sanki tükənmiş kimidir. Magistr və namizədlik, doktorluq dissertasiyalarına nəzər saldıqda şahidi oluruq ki, mövzular bir-birilə, elə bil, "itələşir", ya da bir-birinə xeyli yaxın dururlar. Çox zaman isə bu mövzuların, sadəcə, adları başqadır, mahiyyət, məzmun isə az, ya çox dəyişdirilmiş hala salınmış təkrardan savayı bir şey deyil. Get-gedə dilçilik ritorikası genişlənir, yeni çalarlar kəsb edir, amma mövzuların tam, ya da qismən eyniliyi imkan vermir ki, dilçilik təfəkkürü inkişaf etsin, irəliləsin, nəhayət, yeni üfüqlərin axtarışına çıxsın.

Morfologiya və sintaksis, fonetika (fonologiya) və leksika istiqamətində yeni üfüqlər nadir hallarda görünür. Ədalət naminə onu da qeyd etmək lazımdır ki, belə bir halın öz daxili məntiqi də yox deyil. Çünki başqa bir baxışa görə, hər bir iddiaçı, hətta artıq müdafiə olunmuş hər hansı mövzunu yenidən, başqa rakursdan işləməyi bacarmalı, öz müstəsna tədqiqatçı qabiliyyətini ortaya qoymalıdır. Ancaq bu, məsələnin, necə deyərlər, tamam başqa bir tərəfidir, problemin kökündən istiqamətinin dəyişdirilməsidir və biz indi xüsusi müzakirə tələb edən bu məsələdən danışmaq istəmirik. Bizi bu yazımızda dilimizin öyrənilməsinin (dilçiliyimizin) mövcud vəziyyəti və qarşısındakı üfüqlər maraqlandırır. Yeni tədqiqat istiqamətləri düşündürür. Bu istiqamətlərdən biri üfüqdə ilğım kimi sayrışır. Dilimiz və mifologiya adlandıra biləcəyimiz bu istiqamət iki böyük qolun birləşməsindən yarana bilər, onun içindən cürbəcür bir-birini tamamlayan (təkrar etməyən!) mövzular çıxa bilər və nəhayət, ən vacibi, bu birləşmə "hər bir dilçilik sahəsinin öz reallıq və mifoloji qatı vardır" ideyasından çıxış etsək, dilçiliyin bütün sahələrinə nüfuz edə bilər. Dil və mifologiyanın bir-birilə əlaqəsi, bir-birini bəzən aşkar, bəzən gizli şəkildə dəstəkləməsi, bir-birini "yaşatması", həm leksik, həm fonetik, həm də qrammatik müstəvilərdə özünü göstərir. Bizi bu yazımızda leksik müstəvinin əsas obyekti olan "söz" vahidi maraqlandıracaq.

2. "Dilimiz və mifologiya" istiqaməti dilçilərə çox mətləbi əyan edə bilər. Əvvəla, bu onu göstərər ki, dilçiliyimizin potensialı hələ tükənməyib. Və bu potensialın yeni aspektlərini müəyyənləşdirmək və öyrənmək məqsəd şəklində qarşıya qoyularsa, son nəticədə, bu yeni yanaşmaların işığı ənənəvi fonetika, leksika, qrammatika məsələlərinin də üzərinə düşə bilər. Beləliklə, bizi, belə deyək, "bezikdirmiş" mövzular qarşımızda yeni forma və hətta mahiyyətdə zühur edərlər.

İkinci, bu istiqamətin frontal (bütün dil aspektləri üzrə) öyrənilməsi yeni bir dilçilik müstəvisinin müəyyənləşdirilməsinə gətirib çıxarar. Mifologiyanın əsas instrumentlərindən biri olan "söz" və təbii ki, digər dil vahidləri yeni intellektual kontekstə daxil olar. Bu birləşmiş istiqamətin adını şərti olaraq "Mifolinqvistika", yaxud "Linqvomifologiya" qoymaq olar. Bizə görə, "Mifolinqvistika" adı daha uyğundur.

3. "Mifologiya dilçiliyə, ədəbiyyatşünaslığa nə verir?" sualı bir sıra görkəmli dilçiləri ciddi şəkildə maraqlandırmışdır. XIX əsrin ortalarından və XX əsrin əvvəllərindən başlayaraq Humbolt, Şlegel, Miller, Potebnya, Veselovski, Freyzer, Baxtin, Lotman, Bart və başqaları bu problemin müxtəlif dillərin əsasında maraqlı tərəflərini öyrənmişlər. Azərbaycan dilçiliyində, təəssüf ki, haqqında danışılan məsələnin bu və ya başqa tərəflərini xüsusi tədqiqat obyektinə çevirən yazıya rast gəlinmir. Məsələnin fəlsəfi istiqamətdə araşdırılmasını (Niyazi Mehdi) nəzərdə tutmuruq. Bu boşluğun doldurulması dilçiliyimizin ciyərlərinə yeni nəfəs gətirmək acısından son dərəcə vacibdir.

Beləliklə, dilimiz və mifologiya deyərkən, ilk olaraq o sualı vermək lazımdır ki, dilimizin hansı elementi, hansı vahidi mifologiya ilə sıx surətdə bağlıdır? Cavab olaraq onu söyləmək olar ki, yuxarıda deyilən kimi bütün sahələrdəki bütün elementlər bu və ya digər dərəcədə mifoloji təsəvvürün məngənəsində ("əsirliyində") olublar. 1 nömrəli əsir isə, əlbəttə ki, leksikanın əsas vahidi olan sözdür.

4. Primitiv insanın formalaşması onun mifoloji təsəvvürünün yaranması və inkişaf etməsilə bağlıdır. Bu formalaşma prosesinin əsas göstəricisi olan dil, beləliklə, özü özlüyündə deyil, insan təfəkkürü və təsəvvürləri ilə bir yerdə inkişaf yolu keçməyə məhkum idi desək, səhv etmərik. Dil və mifoloji təsəvvürlərin belə birgəliyi uzaq primitiv dövrdən başlayıb ta ki, insanın real dünyanı real və adekvat şəkildə dərk etməyə başladığı dövrə qədər - tarixin başladığı, yəni yazının başladığı dövrə qədər uzanıb gəlir. İnsanın mifoloji təsəvvürlərə "yox" deməsi ilk növbədə onun dilinə təsir edir. Bu zaman dil elementləri öz müstəqimliklərinə qayıdır və biz onları ən azından məcaz kimi qəbul etməyə başlayırıq. Biz indi ən vacib məqama yaxınlaşdıq. Mifoloji təsəvvür dil ilə asanlıqla ayrılmaq istəmir. İndiyənə qədər dil onun üçün son dərəcə etibarlı istehkam olmuşdu. Və belə bir məcburi (təfəkkürün inkişafı öz qarşısında heç bir maneəyə baxmır!) "ayrılıq" zamanı gəldiyində mifoloji təsəvvür dil qalasının sərhədləri içərisinə özündən "xatirələr" qoyur. Ən asan şəkildə bunu leksik müstəvidə həyata keçirir.

5. Sözün müstəqim və məcazi mənalarına diqqət yetirək. Əlbəttə ki, müstəqim məna sözün daha qədim, ilkin mahiyyətidir. Sonrakı qazandığı və zəbt etdiyi məna "dayanacaqları" ilkin müstəqim mənanın süni peykləri kimi onun başına fırlanır. Hər hansı sözün bir müstəqim mənası olmalıdır. Bütün digərləri həmən peyklərdir. Biz indi dediklərimizi "söz" leksik vahidinin müstəqim və sonrakı mifoloji, məcazi mənaları əsasında təsbit etməyə çalışacağıq.

"Söz" vahidi ilə bağlı ilkin müstəqim məna "söz demək" birləşməsində özünü göstərir. "Söz demək", "söz danışmaq" ilkin mənalar kimi ideal şəraitdə "bir anlayış bərabərdir bir ifadə vasitəsinə" məntiqinə uyğundur. Bu birləşmə, ümumiyyətlə, "danışmaq" sinqulyar feilinin sintaktik törəməsi rolunu oynayır. Əsl dram bundan sonra yaşanır. "Söz" vahidinə bağlı bütün digər birləşmələr daha sonra artıq dilin gücsüzlüyünün, bir qədər də kəskin desək, dil xəstəliyinin (Miller, Potebnya) nəticəsində yaranır. Çünki dil yeni yaranan situasiya və anlayışlar üçün yeni formal vahid yarada (icad edə) bilmir, arsenalında olan vahiddən istifadə edir. Bu isə "söz" vahididir. Paralel olaraq qarşısıalınmaz şəkildə digər köməkçi faktor özünü göstərir: məcazlaşma baş verir. Məcazlaşma özünün konkret təzahüründə meydana çıxır. Onun konkret təzahürü personalaşma aktı ilə üzə çıxır. "Söz"lə bağlı bütün digər (ilkin müstəqim məna daşıyandan başqa) birləşmələrdə personalaşma faktoru əsas rol oynayır və bu zaman, sanki birləşmənin canı yox olur, yerində yenicə təzahür etmiş ruhu baş qaldırır. Aşağıdakı misallarda bunu aydın şəkildə müşahidə edə bilərik:

- (1) "söz almaq". Sözü, sanki kimdənsə alırsan. Alırsansa, deməli, alınan maddi bir nəsnədir. İlkin olaraq bu birləşməni elə belə də qəbul ediblər.

- (2) "söz vermək". Kiməsə sözü maddi əşya kimi vermək. İlkin məna budur.

Yəni "söz vermək", "söz almaq" proseslərini anlayıb (dərk edib) dilə daxil etmək istəyəndə yeni leksik vahid yaranmalı idi, amma o yaranmayıb, məhz "dil xəstəliyi"nin nəticəsində "söz" leksik vahidindən bir daha istifadə edilib. Nəticədə, köhnə vahid yeni anlayışı da əlavə yük kimi ifadə etməyə məcbur qalıb. Və bu zaman öz "azadlığını", sanki itirib, mənəvi varlıqdan fiziki varlığa (personaya) çevrilib. Özü fiziki varlıq olub, amma kənardan anlayışın ruhu kimi görünüb.

6. Bir neçə başqa misala diqqət edək:

- (3) "Söz qaytarmaq"; (4) "Söz güləşdirmək"; (5) "Sözə baxmaq"; (6) "Söz sahibi olmaq"; (7) "Sözü qorumaq"; (8) "Söz atmaq"; (9) "Söz qaytarmaq"; (10) "Söz oynatmaq"; (11) "Söz azdırmaq; (12) "Sözü yerə salmaq"; (13) "Söz yedirtmək"; (14) "Söz yağdırmaq"; (15) "Söz kəsmək"; (16) "Söz düzəltmək; (17) "Sözü uzatmaq"; (18) "Sözə sitayiş"; (19) "Söz eydirmək" və s. və i.a.

Bu misallara da yuxarıdakı meyarla yanaşa bilərik. Birləşmələrin feil hissəsi birinci hissənin personalaşmasını, sanki bəri başdan motivləşdirir. "Söz" burada əyani, maddi əşya, persona kimi özünü göstərməyə başlayır.

(3) Nəyi qaytararlar? Əlbəttə, maddi olan nəyisə.

(4) Nəyi güləşdirərlər? Əlbəttə, persona olan kimisə.

(5) Nəyə baxarlar? Əlbəttə, görünən nəyəsə, kiməsə.

(6) Nəyin sahibi olarlar? Əlbəttə, maddi və persona olmuş nəyin, kiminsə.

(7) Nəyi qoruyarlar? Əlbəttə, nəyisə, kimisə və s. və i.a. Bütün misalları bu şəkildə izah etmək mümkündür.

Biz görürük ki, mifoloji təsəvvür bir körpü kimi mənəvi, ruhani varlığın konkret, maddi varlığa keçidini şərtləndirir. Bu keçid, eyni zamanda maddi varlığın ruhani varlığa keçididir. Bu ikisi bir yerdə, eyni zamanda baş verir.

Mifoloji təsəvvürə görə "necə yazırıqsa, elə də oxuyuruq". Bu təsəvvür bizi sözün ilkin, müstəqim mənasından qanadları üstə alıb uçurur, yeni semantik ənginliklərə ( bəlkə də, daha doğrusu olardı: dərinliklərə!) aparır. Əgər biz deyiriksə, "qarşı yatan Qara dağdan bir oğul uçurdunsa, degil mana" ("Kitabi-Dədə Qorqud"), o zaman həqiqətən də dağın yatmasına və nə zamansa oyanacağına inanırıq. Mifoloji təsəvvür budur. Məhz bundan sonra bütün digər məcazlar və frazeoloji fiqurlar formalaşmağa başlayır.

Dil isə artıq "tənbəlləşib". O, yeni leksik vahid "icad" etmək istəmir, onun hələlik sonlu lüğəti (bizim anladığımız "sonsuz lüğət" dil inkişafının sonrakı mərhələlərində formalaşır) bu hal üçün yeniliyin üzünə qapalıdır. O, köhnə formadan istifadə etməyə üstünlük verir. Və nəticədə, bir tərəfdən, mifoloji təsəvvürdən uzaqlaşır, digər tərəfdən, yenə də onun buxovlarından tam şəkildə azad ola bilmir. O, haman ifadələrin dərin qatlarında öz ilkin ruhunu (mifin xatirəsini) bu gün də qoruyub saxlayır.

7. İndiki halda mövzu ilə bağlı biz "söz" leksik vahidi və onun "mənəvi" derivatlarından çıxış edərək bu hissəni tamamlayırıq. Tədqiqatın başqa söykənəcək vahidləri az deyil. Bununla bağlı tədqiqat üçün maraqlı görünən bir obyekt kimi "ad" leksik vahidini misal göstərə bilərik. Zaman boyu məlum "dil xəstəliyi"nə tutulmuş və ondan indi də tam yaxa qurtarmamış "ad" sözü, əlbəttə ki, ciddi şəkildə tədqiqata cəlb edilə bilər. Ad qoymaq, ad almaq, ad vermək, ada layiq olmaq, adı qorumaq və s. kimi ifadələrin taleyi mifoloji təsəvvürün məhsulu olan "söz" və onun birləşmələri qədər maraqlıdır.

Təfəkkür tariximizi, əsl dil tariximizi (ədəbi dil tariximizi deyil!!!) öyrənmək üçün haqqında danışdığımız istiqamət dilçiliyimizə gözəl imkanlar verə bilər.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!