Despotun portreti - Nizami Cəfərov yazır

Xalq yazıçısı Elçinin «Stalin» pyesi haqqında

 

Xalq yazıçısı Elçin müstəqillik dövrü Azərbaycan ədəbiyyatının, heç şübhəsiz, ən dəyərli əsərlərindən birini - "Stalin" pyesini nəşr etdirdi ("Azərbaycan" jurnalı, 2020, № 1).

Görünür, "xalqlar atası" İosif Stalinin (və təbii ki, onun həm "müəllifi", həm də rəmzi-timsalı olduğu siyasi-ideoloji, sosial-mənəvi, əxlaqi... sistemin) az-çox mükəmməl portretini yaratmaq hər hansı qüdrətli postsovet yazıçısının maraq dairəsindən ilk növbədə ona görə kənarda qalmamalıdır ki, böyük bir coğrafiyada - Sovetlər Birliyində cəmiyyətin normal (təbii!) inkişafını bütün əzalarına qədər təhdid etmiş həmin sistem məhz spekulyativ-ideoloji səbəblər üzündən uzun müddət ədəbi müdaxilə üçün tamamilə yasaq olunduğundan ictimai təsəvvürdə tarixin tezliklə unudacağı "nəhs bir yuxu" kimi qalmışdı. Əlbəttə, güman edilə bilərdi ki, "dahi rəhbər"indən məhrum olmuş kommunist diktaturası Stalinin ölümündən dərhal sonra hakimiyyətdən imtina edib, aparılmış fundamental ideoloji eksperimentin uğursuz nəticələrinə görə cəmiyyətdən (və tarixdən!) üzr istəyəcəkdir. Lakin məlumdur ki, belə olmadı, poststalin dövrü, əslində, postsovet dövrünə qədər uzandı.

"Mikayıl Müşfiqin və onun timsalında bütün repressiya qurbanlarının xatirəsi"nə həsr olunmuş pyesin əvvəlində müəllif yazır:

"İllər amansız bir sürətlə bir-birini əvəz edir və bu nəhəng imperiyanın - Sovet İttifaqının süqutu uzaqlaşdıqca, elə bil, həmin sürətlə də suallar bir-birini əvəz edir: mən necə bir ölkədə yaşamışam, bu ölkəyə kimlər rəhbərlik edib, rəsmi portretlərinin arxasında o rəhbərlər kim idi, onlar üçün ölkə, xalq, kommunizm idealları, hakimiyyət nə demək idi, əqidə onlar üçün həqiqət idi, yoxsa maska, söz ilə əməl arasındakı uçurumun səbəbi nə idi? Və s., və i.a.".

"Bu suallara cavab axtarışlarının nəticəsi, bu düşüncələrin ifadəsi" olaraq qələmə alınmış "Stalin" pyesi, hər şeydən əvvəl (və yəqin ki, janrın poetexnoloji tələblərindən irəli gələrək), epoxanın "rəsmi" portretlərini canlandırır ki, onların hamısı yekunda məhz Stalinin (və ümumən Epoxanın!) Portretini təsəvvür etməyə xidmət göstərir. Heç şübhəsiz, Stalinin "əzəmət"ini əks etdirən əsas plan Siyasi Büro üzvlərilə Kremldəki gecə görüşüdür ki, həmin görüşdə Partiya, Nazirlər, Təhlükəsizlik və Ticarət kuratorlarına münasibətdə dövlət rəhbərinin artıq hər cəhətdən süxurlaşmış, heç bir tərəddüdə imkan verməyən xarakteri ortaya çıxır. Və məlum olur ki, missiyaları "ayrıca bir ölkədə kommunizmin qələbəsinin mümkünlüyü" barədəki ideyanı cəmiyyətə sırımaqdan ibarət olan kuratorlar bir yana, heç onların "dahi rəhbər"i də Leninin artıq milyonlarla günahsız insanın axırına çıxmış bu sərsəm fantaziyasına inanmır. Lakin məsələ həmin inamsızlığın ən yüksək səviyyədə dərki ilə bitmir, mahiyyət ondan ibarətdir ki, nə irəliyə yol var, nə də geriyə... Nə qədər tragikomik (şərti!) səciyyə daşısa da, kuratorların qiyamı (və Stalini "qətlə yetirmələri") hər cəhətdən dövrün siyasi maraqlarına cavab verir. Təhlükəsizlik kuratorunun "ən böyük günahımız ölkəni bu qoca paranoikin öhdəsinə buraxmaqdır. Özümüz heç, bəs bu ölkə nə olacaq? Gələcək nəsillər şəkillərimizə tüpürməyəcəklər ki, əlinizdə bu qədər ixtiyar vardı, siz hara baxırdız?" sual-etirafları tamamilə məntiqli səslənir. Və bu məntiqin hökmü ilə iki "Stalin"i qətlə yetirən kuratorlar "üçüncü"sü tərəfindən həbs olunaraq güllələnirlər.

Zahirən belə görünə bilər (və əslində də müəyyən dərəcədə belədir) ki, "Stalin" müəllifi bədii şərtiliyə həddindən artıq meydan verir. Lakin nəzərə alsaq ki, sovet dövlət başçılarına qarşı qəsd cəhdlərinin həqiqətən olub-olmaması hələ bir yana, sovet ideologiyasının özündə bu cür cəhdlərin tamamilə mümkünlüyü (və reallığı) barədə mülahizələr həmişə mövcud olmuş, "xalq düşmənləri"nə qarşı mübarizədə həmin spekulyatıv ideyadan vaxtaşırı gen-bol istifadə edilmişdir, onda həmin şərtiliyin meydan genişliyinə haqq qazandırmaq lazım gəlir.

Pyesdə kuratorların hamısı bu və ya digər dərəcədə parodik məzmun daşıyır və onları bu vəziyyətə salan, əlbəttə, ilk növbədə, öz üzərlərinə götürdükləri funksiyadır. Lakin Ticarət kuratorunun parodikliyi eyni zamanda etnik təbiətilə şərtlənən şəxsi xarakterindən irəli gəlir. Stalinə "qəsd"in iştirakçısı kimi güllələnməyə məhkum olunduqda aradan çıxmaq üçün hər cür alçaqlığa getməkdən çəkinmir: "Mən yoldaş Stalin yolunda günahlarımı yumaq istəyirəm. Mən o biri dünyaya belə bir günahla gedə bilmərəm! Axı mən boynuma aldım ki, Türkiyənin də, İngiltərənin, Amerikanın, Yaponiyanın, İsrailin də casusuyam!.. Daha nəyi deyirsiz, təsdiq edim!.. Kimi deyirsiz, üzünə durum ki, yoldaş Stalini zəhərləmək istəyirdi... Partiya naminə mən hər şeyə hazıram!..".

Kuratorlardan tamamilə fərqli olaraq Stalin parodiya qəhrəmanı deyil. Və bütün despotluğu, Şərin timsalı olması ilə birlikdə son dərəcədə ciddi, təmkinli, hətta müdrikdir. Kuratorlar kimi, o da vəziyyətdən çıxış yollarını axtarır. Lakin müqayisəyə gəlməyəcək qədər dərin qatlarda:

"İmperializm inkişaf edir, fəhlələrin maaşı artır, kəndlə şəhərin fərqi aradan qalxır, tikirlər, qururlar, ancaq biz?.. Biz bütün sahələrdə onlardan geri qalırıq. Nə üçün?..

...Yenə məsələ gəlib insan amilinə çıxır? Bəlkə bizim rəhbərlikdə də düşmənlər var, hə? Bəlkə onlar daxili siyasətdə də, xarici siyasətdə də ziyankarlıqla məşğuldurlar və biz də buna görə lazımi sürətlə irəli gedə bilmirik, beynəlxalq nüfuz qazana bilmirik?".

Məsələ isə burasındadır ki, bu sual-axtarışlar dərinə getdikcə daha aydın görünür ki, çıxış yolu yoxdur... Cəmiyyət yuxarıdan aşağıyacan qurub yaratmaq instinktini itirmiş, fərdi (insani!) hisslərin, düşüncələrin, təşəbbüslərin yerini heç bir həyat gücü olmayan "kütləvi" şüarlar zəbt etmişdir.

Kuratorların fərarilik eləmək, məsuliyyətdən boyun qaçırmaq, günahı rəhbərin üzərinə atmaq, ona qəsd etmək imkanları var, Stalin isə bundan da məhrumdur. O, yalnız gördüyü işin heç də tamamilə yanlış olmadığına inanmaqda davam edə bilər ki, əsərin məntiqinə görə, birinci səbəb liderin şəxsiyyətindəki metafizik "böyüklük"dür. Lakin az əhəmiyyətli olmayan başqa bir səbəb də var: o da rus-sovet cəmiyyətinin xarakterindəki zatıqırıqlıq, yaxud antigenetizmdir ki, İosif Cuqaşvili kimi degenerat avantüristə Stalinə çevrilmək, möhtəşəm bir dövlət qurmaq, onun başında şəstlə oturmaq, hətta öz "təcrübə"sini bütün dünyaya yaymaq barədə xəyallara düşmək imkanı vermişdir.

Olqa Aleksandrovskaya gəlişi ilə pyesin sözün geniş mənasında mətninə (ideya-estetik diskursa!) kifayət qədər zəngin səmimi-insani hissiyyatlar gətirir. Və məsələ yalnız onda deyil ki, artıq keçmiş illərdə qalmış intim xatirələr çözələnməklə Stalinin gizlinləri aşkarlanır, həm də (və daha çox) ondadır ki, Olqa ilə söhbətdə o, özü özünü bu və ya digər səviyyədə doğal mövqedən təhlil etməyə təşəbbüs göstərir:

"Mən qocaldıqca, deyəsən, bir az səfehləyirəm, Olqa... Axır vaxtlar cürbəcür fikirlər girir beynimə... Hər halda... yox? İnanmıram!.. Qabaqlar heç kimə inanmırdım, indi heç nəyə inanmıram!".

Olqanın "sən bütün ömründə kimisə sevmisən" sualına "Stalin pəncərənin qarşısında ayaq saxlayıb, tünd rəngli, qalın və ağır pərdəni aralayaraq" belə "cavab" verir: "Qar yağır...".

Hər şeyə qadir olduğu şübhə doğurmayan Stalinin də hökmü yeriməyən, kənardan baxıb özünü "kimsəsiz bir küçə küçüyü kimi hiss etdiyi" məqamları varmış. Və Olqa-Tamara qarşısındakı bu cür özünütəhlil o yerə çatır ki, "ellər atası" içindəki İblisi etiraf edir... Günahı isə bilavasitə özündə deyil, onu İblisə çevirmiş insanda (və "insanın uydurduğu Allah"da!) görür.

Həyat yoldaşlarını yada salan Stalin onların öz ölümlərilə ona xəyanət etdiklərini deyəndə Olqa əsəbləşir:

"Axı, hamı satqın, hamı xəyanətkar, hamı xalq düşməni, ingilis casusu, imperializmin nökəri, trotskiçi, buxarinçi, nə bilim, kim, kim, kim ola bilməz!..".

Stalin isə cavabında "hamı ancaq mələk ola bilər, hə?" sualını verməklə bir daha təsdiq edir ki, o bu dünyaya nəyi isə təhlil etmək, haqqı nahaqdan ayırmaq üçün gəlməyib. Aclığın, səfilliyin, təqiblərin, sürgünlərin, siyasi ixtilafların "yetişdirdiyi" bu adam onun surətini yaratmış ən qüdrətli sənətkarlara belə istehza etməkdə kifayət qədər haqlı görünür, çünki özü də öz xarakterindən baş açmır.

Qocalığın doğurduğu az-çox səmimi hisslərin təsiri altında birbaşa Kremlə, söhbətə dəvət etdiyi keçmiş məşuqəsinə qəzəblənərək kabinetindən qovmasına gəldikdə isə bu, yalnız onun xarakterindəki impulsivliyin deyil, nəticə etibarilə varlığına hökm edən İblis tənhalığının göstəricisidir:

"Mən bütün bunları nə üçün danışıram? Bütün bunların heç kimə dəxli yoxdur!.. Sənə də dəxli yoxdur!.. Dur!.. Dur, get, knyaz qızı Olqa Aleksandrovskaya! Uydurulmuş Tamara! Əlvida!..".

Və beləliklə, İblis tənhalığı imkan vermir ki, Stalin əslində kim olduğunu Olqaya (Tamaraya!) sonacan etiraf etsin. Lakin yazıçı-dramaturqun sənətkarlığının faktıdır ki, həmin etiraf İblisin (Stalinin!) monoloqunda daha təsirli səslənir.

Pyesin quruluşca mükəmməlliyini ilk növbədə bədii simmetriya təmin edir. Əsərin həm əvvəlində, həm də sonunda Bakıda, Xəzər dənizinin sahilində, bir-birini sevən Oğlanla Qızın mükalimələri, "xalq düşməni" Müşfiqin Stalinə həsr etdiyi "riyakar", Səməd Vurğunun isə "səmimi" sevgi şeirlərini demələri və Stalin dövrünün sadəlövh olduğu qədər də vulqar romantik şüarları ilə "gələcəyə doğru" getmələri həmin simmetriyanın elə bir "milli" fonudur ki, Stalin bu cür "ümumxalq məhəbbəti"ni, yəqin ki, öz "Bakı yuxuları"nda da görə bilməzdi. Və görsə də inanmazdı...

"Stalin"də Elçin yalnız o mənada tarix filosofu deyil ki, bütöv bir epoxanın mənzərəsini ən ümumi konturları ilə həqiqətə ən yaxın məsafədən təqdim edir, həm də o mənada ki, tez-tez bədii-estetik miqyası aşaraq Zamanı fəlsəfi kateqoriyalarla dərk eləməyin maraqlı nümunələrini verir. Və despotun portretində də bədii-estetik rənglərlə fəlsəfi-koqnetiv çalarlar həmahəng səslənir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!