İnsanlıq Birlik idealında - Rahid Ulusel yazır

Planetləşmiş şüur nəyə qadirdir?

 

II məqalə

Kainatın subyekti olan İnsan - Meqasosiumda öz yerini müəyyən edə bilməklə şüur aktını bütün istiqamətlərdə reallaşdırmaq imkanı qazanır. Hər bir şüur fenomeni üçlüyün vəhdət xüsusiyyətlərinə malikdir: 1) Hər şeyi qismən öz ətrafında cəmləmək; 2) hər şeyi daha çox özündə cəmləmək; 3) ən yüksək özündəcəmləmə yolu ilə onu əhatə edən bütün digər mərkəzlərlə birləşmək. Şəxsiyyətlərin bir araya gəlməsi ilə universallaşma fərdi xüsusiyyətlərdən məhrum subyektlərin xəlitəsi, qarışığı olmur, əksinə, bu proses - diferensiasiyalı, dürlü vəhdət yaradır. Sistem böyüdükcə, sosial qrupların, cəmiyyətlərin meqasintezi belə bir fərdiliyiqoruma proqramı ilə baş verir və bu, universallaşan dünyanın özünügerçəkləşdirmə üsuluna çevrilir.

Planetin fiziki-geoloji-antropogen proseslərindən tutmuş mənəvi-kosmik proseslərinədək bütün mühüm təkamül xüsusiyyətlərini sistemli təhlil etməyin klassik örnəklərini yaratmış P.Şarden və V.Vernadski, təbii ki, Yer planeti üzərində qlobal sivilizasiya məkanının formalaşması şərtlərinə və amillərinə də böyük diqqət yetirmişlər.

P.Şarden əsaslandırılmış elmi təhlillər və mükəmməl fəlsəfi qənaətlərlə sübut edir ki, bəşəriyyətin vəhdət durumu - onun mövcudluğunun ən təbii, immanent vəziyyətidir. Maddi həyatda olduğu kimi, mənəviyyat həyatında da sistem daxilində elementlər müxtəlifliyin vəhdəti prinsipi ilə harmoniyalaşmağa can atır. Özünütəcrid və özündəntəcrid vəziyyəti, strukturdaxili ekspansiya maddi-mənəvi (sosial) sistemin inkişaf stimullarını dağıdır: "Təkamül - şüurun getdikcə artmasıdır. Şüurun artması isə - birləşməyə doğru hərəkətdir".

Hazırda Yer planeti özünün meqasintez epoxasını yaşayır, "Yer kürəsinin bütün düşünən elementləri individual və kollektiv olaraq ona tabe olur". Yer noosfer sivilizasiyası onu kamillik mərhələsinə yüksəldəcək təkamül qanunauyğunluğuna və potensiyasına malikdir. İnsan - bəşəriyyətin, bəşəriyyət - həyatın, həyat - universumun tərkib hissəsidir. Universum öz təbiətinə və ölçüsünə görə homogen böyüklüyə malikdir: "Şüurun harmonikləşmiş birgəliyi - şüurüstünlüyünün özünəməxsus bir növünə ekvivalentdir". Şüurun planetləşməsi onu o səviyyəyə gətirib çıxarır ki, burada noosferə və sosial əlaqələrin hiperorqanik təbiətinə tamamilə realist baxışı hazırlamağa dəyər.

Planetləşmiş şüura malik olan müasir insan - tarixi zaman və getdikcə genişlənən məkan koordinatlarında homosivilizasiyanın universal dəyərlərini öz varlığında toplayan və əks etdirən şəxsiyyətdir. Şəxsiyyətin kamilləşməsi - onun daxil olduğu universumun özünüquruluşlama və harmonikləşmə stixiyasıdır. "Mən" (Eqo) - mahiyyətcə universaldır, universallıq - "Mən"də cəmlənir və fərdiləşir. Bu mənada İnsan - həm Kosmos, həm də onun elementidir.

Universumda aramsız olaraq konsentrasiya və sintezləşmə aktı tamamilə labüd, qarşısıalınmaz prosesdir: "Noogenezin perspektivlərində zaman və məkan həqiqətən insanlaşır və ya daha çox fövqəlinsanlaşır. Qətiyyən bir-birini istisna etmədən universum və insan eyni bir istiqamətdə artıb böyüməkdə davam edir və eyni zamanda vəhdət məqamına çatır... Gələcəyin Universumu - omeqa nöqtəsində yalnız fövqəlinsan ola bilər"; Yalnız özündə insan şəxsiyyətini yerləşdirməyə qadir olan personallaşmış universum əbədi mövcudluğundadır.

Dünyanın qlobal vəhdəti özünün "orqanik-planetar dayağını" yaradır və ümumplanetar enerjinin bərabər paylanmasını tələb edir. Bu qanunauyğunluq bəşəriyyətin maddi və mənəvi enerjisinin istismar yolu ilə planetin ayrı-ayrı mərkəzlərində cəmlənməsini istisna edir. Dünya imperializminin mövcudluq forması olan bu qeyri-bərabər paylanış qlobal sivilizasiya məkanının formalaşma proseslərinə zidd tendensiyaları qidalandırır. Buna görə də hər cür imperiyanın əksinə olaraq, dünyanın daxilən qloballaşması, "Yer Ruhunun birgə yaradılması" istiqamətində bəşəriyyətin səyləri birləşməlidir.

Dünyaquruluşu və dünyaquruculuğunun təbiət və sivilizasiya (Materiya və Ruh) tarixini vahid inkişaf qanunauyğunluğunda təhlilə alan, elmi və fəlsəfi fikrin bu prosesə böyük təsir və yönəldici effektini xüsusi nəzərə çarpdıran V.Vernadskinin fundamental nəzəri qənaətlərinə görə, "geoloji təkamül prosesi bütün insanların bioloji vəhdəti və bərabərliyinə cavab verir", "Yer planeti üzərində öz həyatı ilə bir vəhdət təşkil edən bəşəriyyət" - qlobal noosfer sivilizasiyasının yaradıcısına, onun elmi fikri isə - "planet hadisəsinə" çevrilir: Bu, təbiətin qanunudur. Bütün irqlər öz aralarında qaynayıb-qarışır və verimli nəsil törədirlər.

Tarixi prosesin yeni mərhələsində insanlıq universal yaşam prinsiplərinin daha əlverişli modellərini yaratmaq imkanlarını açır. Tarixdə ilk dəfə olaraq xalqların maraqları və ayrıca şəxsiyyətin azad fikri bəşəriyyətin universal həyatında bir-birinə dayaq olur ki, bu da ədalət haqqında təsəvvürlərin ölçü və miqyasını dəyişir. Özünü bütövlüyündə dərk edən bəşəriyyət qüdrətli yaradıcı qüvvəyə çevrilir...

Müasir sivilizasiya nəzəriyyəsinin banilərindən biri A.Toynbi ümumdünya tarixini lokal (qapalı) sivilizasiyaların (ilk variantında 21, sonrakı ixtisarda 13 sivilizasiyanın) yaranış, inkişaf, tənəzzül və məhvolma mərhələlərini keçən proseslərin ardıcıllığı kimi təqdim edir. Eyni zamanda, o, sivilizasiyaların kontaktından daha mütərəqqi ümumbəşəri dəyərlərin yaranmasını tarixi təkamülün ən mühüm mənası sayır. Zərurət budur ki, "bizim tarixi düşüncəmizi vahid sivilizasiya kateqoriyaları ilə düşünməyədək genişləndirmək lazımdır", çünki getdikcə "dünya daha çox vəhdət şəklində olmalıdır". Bəşəriyyətin sivilizasion inkişafının bir çox fundamental nəticələrini müəyyən edən A.Toynbi belə hesab edir ki, "tarix Kainatın dərki üsullarının çoxluğu arasından ən mühüm aspektini - bəşəriyyətin mövcudluğunu Kainatın özünümövcudlaşdırması kimi açır". Tarixçinin qənaətinə görə, "sivilizasiya - mədəniyyətin özünümüəyyənləşdirməsində çatdığı elə bir həddir ki, burada o, ümumbəşəri və ya qlobal sivilizasiya ola bilər". Ümumiyyətlə, A.Toynbi birtərəfli "avropamərkəzçiliyinə" qarşı dayanaraq, bəşəriyyətin tərəqqisini mənəvi kamilləşmə, primitiv animistik inanclardan universal din vasitəsilə gələcəyin vahid sinkretik dininə doğru təkamül şəklində dəyərləndirir.

Qlobal sivilizasiyanın formalaşmasının siyasi-fəlsəfi qaynaqlarında mühüm yer tutan konsepsiyalardan biri - mondializmdir. Mondializm konsepsiyası Qərbin "Soyuq müharibə"də tam qələbəsindən xeyli əvvəl meydana gəlib. Bu konsepsiyanın mahiyyəti belədir: Elə bir zəruri dövr gələcək - bu, tarixin zirvə anı kimi - tam planetar inteqrasiya baş verəcəkdir, yəni dövlətlər, xalqlar, millətlər, mədəniyyətlər vahid dünya məkanı yaradacaqlar.

Getdikcə daha çox rasional-praktiki keyfiyyətlər əldə edən mondializm beynəlxalq təşkilatlanmaların ideya prinsiplərində, bəzən də aparıcı layihələrində önəm daşıyıb. H.Devisin "Dünya konfederasiyası uğrunda universal hərəkat", iri ABŞ bankiri Morqanın yaratdığı "Beynəlxalq Münasibətlər Şurası", Vilderberq qrupu fəallarının təşkil etdiyi "Üçtərəfli komissiya" (Trilateral) mondialist strategiyanı dərinləşdirib və davam etdirib. Lakin Amerika Birləşmiş Ştatlarının dünyada qüvvətlənməsi fonunda mondializm getdikcə atlantizm və amerikanizm xarakteri kəsb etdiyindən, bu konsepsiyanın əsas ideya mövqeyi zədələnib. Halbuki, yeni reallıqlara uyğun olaraq onun planetar mahiyyətinin miqyası qorunmalı, təhrif edilməsinə yol verilməməli idi.

K.Santorun rəhbərlik etdiyi Milan Beynəlxalq Siyasi Tədqiqatlar İnstitutunun işləyib hazırladığı konsepsiyaya görə, üçüncü minilliyin başlanğıcında bəşəriyyət ikiqütblü dünya mərhələsindən çoxqütblü, mondialist dünyaya keçid dövrünü yaşayır. Bu prosesdə dünya dövlətlərinin mənafe tarazlığının yaradılması tendensiyasının dərinləşməsi mondialist strategiyanı birtərəfləşmədən qoruyan və dünya ictimaiyyəti tərəfindən dəstəklənən güclü bir istiqamətdir.

Dünya siyasi-fəlsəfi fikrinin təkamülündə qlobal-universal ideyaların formalaşmasını diqqətlə izlədikdə bəlli olur ki, həmin ideyaların rasional rüşeymə və praktiki dəyərliliyə malik olanları bəşəriyyətin orqanikləşməsi prosesinin mənəvi dayağını təşkil etmişlər.

Antik, İslam, Renessans fəlsəfəsi, Avropa maarifçiliyi və XIX əsrin klassik Qərb fəlsəfəsində, XIX-XX əsrlərin qovuşağında və bütün XX əsr boyu Şərq və Qərbdə baş verən dini, fəlsəfi, inqilabi-internasionalist hərəkatlarda bəşəriyyətçilik - universalizm planetar inkişafın əsas ideologiyası olaraq təməllənmiş, bir sıra hallarda isə kosmopolit və radikal cərəyanlarda ifrat təzahürlərini tapmışdır.

Tarixi internasionalizmin saxtalaşdırılması - onun bir sinfin - fəhlə sinfinin ideologiyasına çevrilməsi ("Bütün dünyanın proletarları, birləşin!"), kommunizm ideologiyasının da yenə bir dövlətin - SSRİ-nin ekspansiya siyasətinə çevrilməsi və hər iki platformanın uğursuzluğa düçar olması bu həqiqəti bir daha təsdiq etdi ki, universal dünyaquruculuğu ideologiyası süni və məcburi qaydada, birtərəfli istiqamətdə - ayrı-ayrı siniflərin, sosial qrupların, Transmilli Korporasiyaların, elitar birliklərin və s.-nin mənafelərinə uyğunlaşdırılmış şəkildə yeridilə və gerçəkləşə bilməz, o, yalnız bütün bəşəriyyəti təmsil edən dövlət və xalqların bərabərhüquqluluğu şərtləri daxilində məqbul sayılır və özünə uğurlu perspektiv əldə edir.

Qlobal sivilizasiyaya doğru dünya inkişafı və onun hansı keyfiyyətlər kompleksi daşıması tarix, fəlsəfə, sosiologiya, kulturologiya və qlobal siyasətdə dünya sivilizasiyalarının araşdırılması kontekstində də hərtərəfli təhlil obyektinə çevrilmişdir. Bu tədqiqatların sistemləşməsi - sivilizasiyalar nəzəriyyəsinin yaranmasına gətirib çıxarmışdır. Sivilizasiyalar nəzəriyyəsinin təkmilləşməsi, öz sahə predmetini dəqiqləşdirməsi, metodologiyasını yaratması və mövcud situasiyada qlobalistika ilə yanaşı, eyni tarixi kontekstə çıxması isə öz növbəsində sivilizasiologiyanın sosial-humanitar elmlər sistemində diferensiasiyasına zəmin yaradır. Şübhəsiz ki, sivilizasiologiya ümumdünya sivilizasiyaları prosesinin və bu kontekstdə qlobal sivilizasiyanın formalaşması qanunauyğunluqlarının öyrənilməsini daha sistemli şəkildə həyata keçirəcəkdir.

Dünya tarixini sivilizasiyalar tarixi kimi öyrənən və onu ayrı-ayrı baxımlardan, müxtəlif elmi məqsəd və konsepsiyalarla araşdıran tarixçi, antropoloq, sosioloq, kulturoloq və siyasətçilər - M.Veber, N.Danilevski, E.Dürkheym, O.Şpenqler, P.Sorokin, A.Toynbi, A.Veber, H.Elias, A.Krober, F.Berqli, K.Kviqli, R.Kaulborn, K.Dauson, S.Ayzenştadt, F.Brodel, U.MakNell, A.Bozemən, İ.Uollerstayn, F.Fernandes-Armesto, təbii ki, bu və ya digər səviyyə, dərinlik, maraq və orijinallıqda qlobal sivilizasiya və onun problemlərinə də münasibət bildirmiş, onların bəziləri fərqli sivilizasiyaların universal dünya sivilizasiyasında konsentrasiyasını mümkün, bəziləri qeyri-mümkün, bəziləri müəyyən məkan və zaman şərtləri daxilində gerçəkləşə bilən proses saymış və nəhayət, bu problemlə fundamental şəkildə məşğul olan alimlərin əksəriyyəti - fərqli mədəniyyətlər nüvəsində təşəkkül etməkdə olan dünya sisteminin həmin fərqliliyi saxlamaqla qlobal sivilizasiyaya doğru dönmədən təkamül etdiyini göstərmiş və onun mahiyyətini proqnozlaşdırmağa çalışmışlar.

Ancaq müasir dövrümüzdə də fərqli sivilizasiyaların qlobal sivilizasiyaya transformasiyası və yaxud onun tərkibində hansı formada isə strukturlaşması sosial-humanitar elmlərin və beynəlxalq siyasətin problemi olaraq qalır. Məntiqi olaraq, burada ən təbii təkamül - fərqli sivilizasiyaların qlobal sivilizasiyada strukturlaşmasını harmoniyanın əsas prinsipi olan müxtəlifliyin vəhdəti modelində müəyyən etməyi seçir.

Fəlsəfənin əsasını - vəhdət, vəhdətin əsasını - harmoniya təşkil edir. Buna görə də harmoniya fəlsəfəsi - bütövlükdə qloballaşma proseslərinin və xüsusilə də qlobal sivilizasiya quruculuğunun ideya-konseptual qaynaqlarını konsentrasiya edən ən mühüm metodoloji sistemdir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!