Rəşid Ağamalıyev: "Mən arzulayardım ki, milli animasiya kinomuz öz yolunu tapsın" - MÜSAHİBƏ

 

Rəşid Ağamalıyev Çexiyada yaşayır, oxuyur, işləyir. Buna baxmayaraq, ürəyi Azərbaycanla bir döyünür. Rəşid o gənclərimizdəndir ki, dünyanın harasına gedir-getsin, ölkəmiz üçün yaxşı işlər görmək, fayda vermək arzusundadır. Biz onun arzularını və işlərini alqışlayırıq, ona bu yolda uğurlar arzu edirik. Düşünürük ki, Bakıda ilk dəfə Animasiya kinosu festivalı keçirmiş gənclə söhbətimiz sizin üçün də maraqlı ola bilər.

- Rəşid, sizcə, "Animafilm" festivalını ölkəmizdə keçirilən digər film festivallarından fərqli edən nədir? Ümumiyyətlə, kino dünyasında yeri hardadır?

- Hər ölkədə animasiya festivalı var. Məsələn, Gürcüstanda 3 animasiya festivalı var. Avropanın bütün ölkələrində, İranda, hətta Ermənistanda animasiya festivalı var. Və buna görə xaricdə insanlar öyrənirlər ki, Azərbaycanda nəhayət ki, animasiya festivalı yaradılıb. Və bütün animasiya cəmiyyəti buna sevinir. Çünki yeni bir festival dünyaya gəlir. Animasiya dünyası kino dünyasına nisbətən çox balacadı. Hamı bir-birini tanıyır. Və istər-istəməz bizim festivalımız haqqında bilirlər. Hətta mən xarici festivallarla əlaqələr qurmağa çalışıram. Mən artıq Yunanıstanın "Animasyos", Gürcüstanın "Tofuzi" , Çexiyanın "Anifilm", Polşanın "Stroptrik" festivalında, Fransanın və dünyanın ən böyük animasiya festivalı "Ansi" festivalında və başqa festivallarda iştirak eləmişəm. Onlarla yazışır, əlaqələr qururam. Bu istiqamətdə də işlərimiz davam edir.

- "Animafilm" Azərbaycan animasiya kinosunun tarixinə və çağdaş animasiya kinosuna hansı töhfələr verir və gələcəkdə də verə bilər?

- Azərbaycan animasiya kinosunu ilk növbədə unutmamağa çalışırıq. Hər şey kitabdan başladı. Biz 13 müəlliflə birgə Azərbaycan animasiyasının tarixi haqqında kitab yazdıq. Düşünürəm ki, bu çox vacib addım idi, çünki anladıq ki, Azərbaycanın zəngin animasiya tarixi var, amma indiki zamanda milli animasiyamız acınacaqlı vəziyyətdədir. Çıxış yolunu ölkəmizdə animasiya festivalının yaradılmasında gördük. Onu da həyata keçirdik. Festival zamanı da ancaq müasir animasiya filmlərini yox, bizim köhnə animasiya filmlərini də nümayiş etdiririk. Və artıq ənənəvi olaraq, hər il animasiya rejissorlarına Azərbaycan animasiyasına verdiyi töhfəyə görə "Qızıl qayıq" adlı mükafat veririk. Bir, yaxud iki insan seçib onları bu mükafatla sevindiririk. Və bu mükafatla birgə həmin sənətkara aid retrospektivanı keçiririk. 2018-ci ildə bu mükafatın laureatı Məsud Pənahi idi, hardasa 7-8 filmi nümayiş olundu. Ötən il Elçin Hami Axundovla Firəngiz Qurbanovanın ilk filmlərindən tutmuş son filmlərinə qədər bir çox filmlərini və onların tələbələrinin işlərini nümayiş etdirmişik. Düşünürəm ki, bu, milli animasiyamızın tarixi üçün olduqca vacibdir. O ki qaldı çağdaş və müasir Azərbaycan animasiyasına hansı töhfələri verir festival? Bu barədə danışmaq hələ ki çətindir. Düşünürəm ki, ən azı biz cəmiyyətin, animasiya peşəkarlarının, dövlətin marağını cəlb eləyə bilirik. İstər-istəməz bu təsir edəcək.

- Uşaq təfəkkürünün və şəxsiyyətinin formalaşmasında Azərbaycan animasiya kinosunun rolu?

- Sual daha çox psixoloqlara aiddir, ola bilər bu barədə psixoloqlar daha dəqiq danışa bilərlər. Amma öz subyektiv fikirlərimi deyə bilərəm sizə. Mən Çexiyada yaşayıram. Burda müşahidə eləyirəm ki, uşaqlar daha çox milli animasiya filmlərinə baxırlar. Və onlar böyüyəndən sonra da bu, onların uşaqlığının bir parçasına çevrilir. Fikrimcə, cizgi filmləri nəinki bizə xeyir və şərin nə olduğunu öyrədər, izah edər, bir uşaq cizgi filmləri vasitəsilə öz dilini, mədəniyyətini, kimliyini daha çox sevə bilər. Bununla da o uşağın ayağı altında platforma yaranar, möhkəm bir bünövrə, torpaq üstündə dayanar. Təbii ki, animasiya müxtəlif ola bilər. Daha çox öyrədici, əyləndirici, yaxud təhsil sahəsində istifadə oluna bilər. Animasiya bir neçə funksiyalar daşıya bilər.

- Hansı daha vacibdir? Böyüklər üçün çəkilən animasiya filmləri, yoxsa uşaqlar üçün çəkilənlər?

- Məncə, bu sual bir az qəlizdi. Birincisi, ikisi də vacibdir. İkincisi də animasiya kinosu ümumiyyətlə, vacibdir. Burda uşaqlardan və böyüklərdən söhbət getməməlidir. Burda daha çox incəsənətdən söhbət getməlidir. Animasiya bir ifadə vasitəsidir, incəsənət növüdür.

- Dünya Animasiya bazarına hər il yüzlərlə animasiya filmi çıxır. Sizcə, Azərbaycan animasiya kinosu hansı xüsusiyyətləri ilə fərqlənə bilər? Niyə biz animasiya filmləri çəkməyə davam etməliyik?

- Bu suala cavab vermək elə də asan olmayacaq. Amma düşünürəm ki, rejissorlar ilk növbədə milli mövzulara, milli folklora, milli musiqiyə müraciət edə bilər. Bu, ən asan yoludur. Dünyada biz belə tanına bilərik. Amma biz bunu başqa bir tərəfdən, dünya üçün yox, özümüz üçün eləməliyik. Düşünürəm ki, biz dünya bazarından danışırıqsa, orda da milli mövzular çox maraqlıdı. Amma mən arzulayardım ki, milli animasiya kinomuz öz yolunu tapsın. Ancaq milli folklorda, milli nağıllarda ilişib qalmasın. Daha çox qabağa getsin. Məsəlçün, bunu Firəngiz xanım Qurbanova bacardı.

Ümumiyyətlə, ən böyük arzum odur ki, Azərbaycanda müəllif animasiya rejissorları daha da çoxalsın. Ancaq dünyada belə fərqlənə bilərik.

"Niyə biz animasiya filmləri çəkməyə davam etməliyik?" sualına sualla cavab vermək istəyirəm. Niyə biz uşaqlarımızı sevməliyik? Niyə uşaqlarımıza təhsil verməliyik? Niyə biz uşaqlarımızın əmin-amanlıqda yaşamasını istəyirik?

- Belə fikir var ki, köhnə filmlərimiz daha yaxşı idi. Müasir animasiya filmləri texniki imkanlarına baxmayaraq, geri qalır. Bu, nə qədər doğrudur?

- Biz dünya animasiya kinosundan danışsaq, mən bu fikirlə razılaşa bilmirəm. Çünki müasir animasiya çox güclüdür. Və klassik animasiya ilə hətta yarışa bilər. Amma bizim animasiya kinomuzun vəziyyəti başqa cürdür. Burda təkcə texniki imkanlardan söhbət getmir. Burda bədii kriteriyalardan söhbət gedir. Filmlər həddindən artıq zəifdir. Həm texniki, həm də bədii baxımdan. O da nədəndir? Çünki Azərbaycanda animasiya sahəsi üzrə ali təhsil yoxdur. Filmlər çəkilmir, kadrlar yetişmir və təcrübəmiz azdır. Bu səbəbdən də filmlərimiz çox zəifdir. Həm də burda heç dünya səviyyəsindən də söhbət gedə bilməz hələ. Biz özümüzdən danışmalıyıq. Biz, ilk növbədə, elə filmlər çəkməliyik ki, öz uşaqlarımız onları bəyənsin, baxsın. Bizim ilk məqsədimiz bu olmalıdı.

- Festivalda üç nominasiya üzrə müsabiqə keçirilirdi: "Ən yaxşı qısametrajlı animasiya filmi", "Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi" və "Qısametrajlı animasiya filmi üçün ən yaxşı ssenari". Və hər nominasiya üzrə cəmi bir qalib elan olundu. Olmazdı ki, digər iştirakçılara da həvəsləndirici mükafatlar verilsin? İkinci, üçüncü yerin qalibləri təyin olunsun? Bildiyimə görə, müsabiqənin nəticələri açıqlanandan sonra bəziləri narazı qalıblar.

- Düzdür, bəzi narazılıqlar olub, hətta yaxşı iradlar olub. Bəzilərini biz nəzərə aldıq, gələn festivalda yerinə yetirə bilərik. Məsələn, ssenari müsabiqəsi çərçivəsində "milli ssenari müsabiqəsi" nominasiyası olacaq növbəti il. O ki qaldı, ikinci, üçüncü yer məsələsinə. Adətən, beynəlxalq animasiya festivallarında belə şey olmur. Müsabiqə keçirilir və bu müsabiqə üzrə hər hansı film qalib olur, yaxud olmur. Bir kateqoriya üzrə qalib, adətən, bir nəfər olur. Sadəcə, bu il biz çoxlu nominasiyalar yaratmaq istəyirik. Məsələn, ən yaxşı tələbə animasiya filmini seçə bilərik. Ən yaxşı musiqili animasiya videosu, ən yaxşı sosial çarx. Bunlar hamısı müsabiqə proqramını genişləndirər və iştirakçılar üçün daha maraqlı ola bilər. Təbii ki, hər şey elə də asan deyil. Çünki münsiflər hər hansı filmi, yaxud ssenarini elə-belə seçmirlər, hansısa xüsusiyyətlərə görə seçirlər.

- "Qızıl qayıq" mükafatı öz namizədlərini hansı prinsiplərə görə seçir?

- Prinsip belədi: festivalın təşkilat komitəsi var. Biz məsləhətləşirik və birlikdə bu mükafatın laureatını seçirik. Bu mükafatı ona görə yaratmışıq ki, Azərbaycan animasiya kinosuna böyük töhfələr vermiş insanları mükafatlandıraq, onların yaradıcılığını yad edək, onların retrospektivalarını təşkil edək, onlarla dialoq yaradaq. Həm də qeyd etmək istəyirəm ki, burda ardıcıllıq önəmli deyil. Birinci yeri kimə verdik, ikincini kimə verdik. Düşünürəm ki, bu sahədə çalışıb, ömrünü animasiya kinomuza həsr edən hər kəs çox önəmlidir, onlar hamısı Azərbaycan animasiya kinosu üçün ciddi işlər görüblər. Sadəcə, bizim imkanlarımız azdır, eyni ildə hamıya bu mükafatı verə bilmirik. Hər il bir-iki nəfərə bu mükafatı veririk, düşünürük ki, bu, milli animasiya kinosuna daha çox maraq cəlb edəcək, ilk növbədə, bu bizim qocaman animator rejissorlarımızı sevindirəcək. Hesab edirəm ki, bu çox vacibdir.

- İki ildir bu festivalı keçirirsiniz. Bilirik ki, maddi cəhətdən xeyli çətinliklər də yaşayırsınız. Pul kifayət qədər olsaydı, festival çərçivəsində daha hansı işləri həyata keçirməyi arzulayardınız, hansı ki, məhz maddi səbəblərdən həyata keçirə bilməmisiniz.

- Kifayət qədər maliyyəmiz olsaydı, məhz festivalın təhsil qolunu genişləndirərdik. Dediyim kimi, hər şey təhsildən başlayır. Bir az da maliyyə olsaydı, mən festival çərçivəsində pulsuz animasiya məktəbi açmaq istərdim. Xaricdən peşəkar animasiya ustadları dəvət etmək istərdim. Bütün əlaqələrimiz artıq var. Biz bu arzunu demək olar ki, tədricən həyata keçiririk. 2018-ci ildə Gürcüstandan və Rusiyadan animasiya ustadları gəlib, animasiyadan dərs veriblər. Ötən il Fransadan, Yunanıstandan və Rusiyadan gələn ustadlar dərs keçiblər. Təbii ki, daha ciddi yanaşmaq istəyiriksə, ciddi maliyyə lazımdır. Mən əminəm ki, nə vaxtsa bizim festivala daha çox köməklik və yardım gələcək. Sadəcə, bu, vaxt məsələsidir. Belə bir festival ölkəmizə həqiqətən lazımdır. Və maliyyə olsa da, olmasa da, biz yenə də bu işi görməyə davam edəcəyik.

- Azərbaycan animasiya kinosunun və "Animafilm" festivalının gələcəyini harda görürsünüz? Hansı ciddi addımlar atılmalıdı ki, bizim ölkəmizdə də bu sahə kifayət qədər inkişaf edə bilsin?

- Açığı, mən istərdim ki, biz kompüter, 3D animasiyasından da başqa animasiya texnikalarını nəzərə alaq. Çünki həqiqətən animasiyanın gələcəyi məhz ordadı. 2D və stop-motion (kukla) animasiyasındadı, fikrimcə. O ki qaldı festivalın gələcəyinə. Mən gözlərimi bağlayanda onu çox böyük bir festival kimi görürəm, uşaqlar, böyüklər və bu sahənin peşəkarları üçün böyük bayram kimi görürəm. Ümid edirəm ki, belə də olacaq.

Animasiya sahəsinin inkişafı üçün ilk növbədə təhsil lazımdır bizə.

Son olaraq, demək istəyirəm ki, biz bu festivalı böyük sevgiylə təşkil edirik. Və əminik ki, bu, öz töhfəsini verəcək. İstər milli animasiyaya, istər mədəniyyətimizə, istər cəmiyyətimizin formalaşmasına. Buna inanırıq. Eyni zamanda, ona görə bu festivalı təşkil edirik ki, özümüzə də bu iş böyük zövq verir. Bizə başqa insanlarla ünsiyyətdə olmaq, yeni dostlar qazanmaq böyük sevinc gətirir.

Söhbətləşdi: Sevinc ELSEVƏR

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!