Arif QULİYEV: ”Mən öz sənətimin fəhləsiyəm”

 

Bu dəfə "Harmoniya"da daha bir sənət fədaisi ilə görüşdəyəm. Ömrünü, həyatını sənətə bağlayan, deməli, həm də xalqına həsr edən Azərbaycanın məşhur gülüş ustası, respublikanın Xalq artisti, sevimli aktyorumuz Arif Quliyevlə.

- Arif müəllim, xoş gördük sizi.

- Xoş gördük. Mən də sizi salamlayıram. İşləriniz xeyirli, uğurlu olsun.

- Təşəkkür edirəm. Oxucularımıza demək istəyirəm ki, Arif müəllim öz təbəssümü-yumoru ilə həmişəki kimi əhval-ruhiyyə bəxş edir insana. İlk olaraq burdan başlayaq ki, yola saldığımız il nə ilə yadınızda qaldı?

- Ötən il bir iki filmə, seriala çəkildim. Düşünürəm ki, bu il də keçən il kimi uğurlu və mənalı bir il olacaq.

- Bir az ötənlərə qaytarmaq istəyirəm sizi. Bildiyimiz kimi, uzun illər müxtəlif teatrlarda çalışmısız...

- Bəli, mən ilk dəfə 1968-ci ildə Mədəni-Maarif Texnikumunun (əvvəllər Krupskaya adına Bakı Kitabxanaçılıq Texnikumu idi) mədəni-maarif şöbəsinin aktyor və rejissor fakültəsini bitirmişəm. Həmin ildə üç yerdə dövlət teatrı fəaliyyətə başladı. Sumqayıt, Mingəçevir və Ağdamda. Eyni ildə, həmçinin R.Behbudov adına Dövlət Mahnı Teatrı da fəaliyyətə başladı. Çox fikirləşdim ki, görəsən, hansı teatrda işləsəm daha yaxşı olar. Sonra qərara gəldim ki, o dövrdə gənclik şəhəri kimi tanınan Mingəçevirə üz tutum. Təyinatla gəldim bura və aktyor ştatına qəbul oldum. Birinci əmrlə teatrın direktoru, Əməkdar mədəniyyət işçisi, gözəl aktyor Mirbaba Xəlilov, ruhu şad olsun. Deyim ki, ilk səhnəyə gəlişim, pərvazlanmağım bu teatrla bağlıdı. Hansı ki, məni tamaşaçılar ilk dəfə məhz bu teatrda salamlayıblar, onların alqışlarını ilk dəfə bu səhnədə eşitmişəm. 73-cü ildə əsgəri xidmətdən qayıdandan sonra sənədlərimi  İncəsənət İnstitutuna təqdim etdim və Musiqili komediya aktyorluğu fakültəsinə daxil oldum. Onu da qeyd edim ki, həmin institutda mən 3 dəfə - 1968, 1969, 1970-ci illərdə imtahan vermişəm, qəbul ola bilməmişəm. 1975-ci ildə maddi vəziyyətim ağır olduğundan Tibb İşçiləri Mədəniyyət Evində gözətçi kimi işləməyə başladım. Yaşamağa yerim olmadığından elə orda da qalırdım. 75-ci ildə Musiqili komediya fakültəsinin üçüncü kursunda idim. "İmtahan" tamaşasını göstərirdik, bizə tamaşa etməyə gəldilər, Xalq artisti, Əməkdar incəsənət xadimi Şəmsi Bədəlbəyli, Xalq artisti Nəsibə Zeynalova və Səyavuş Aslan. Onlar kursun tamaşasına baxdılar. Mən də "Gözün aydın" tamaşasında Səlyanski obrazını oynayırdım. Gəlmişdilər aktyorları seçməyə. Mənim çıxışımı gördülər səhnədə, Musiqili Komediya Teatrının yardımçı heyətinə işə götürdülər. Onlar hiss edirdilər ki, mənim xəmirim bu sənətlə yoğrulub. Ümumiyyətlə, bu sənətin ecazkarlığı ondadı ki, başqa sənətləri oxuyub öyrənmək olar. Tutaq ki, fizik, ədəbiyyatçı, tarixçi olmaq olar. Beş sənət var ki, onlar sənin özünlə dünyaya gəlməlidi. Qanında, canında, ürəyində, hərəkətində, baxışında, yerişində və duruşunda olmalıdı. Bu, aktyor, müğənni, rəssam, bəstəkar və heykəltəraşdı. Səttar Bəhlulzadəni götürək, ürəyi diktə edir, gözü görür, sehrli əlləri çəkir. Bu, Tanrıdan gəlir. Deyir ki,

Öz yükünü yükə qatma,

Ucuzunu baha satma.

Təbin yoxsa, qurdalanma,

Söz, iş, sənət ürəkdən gəlir.

Bir az da şeirlə ifadə etmək istədim. Hə, beləliklə 1979-cu ildə institutu bitirdim, nəhayət, məni Musiqili Komediya Teatrında tam ştata işə qəbul etdilər.

- Oxucularımızın diqqətinə onu da çatdırım ki, bu il sizin üçün çox əlamətdardı, yəni yubiley ilinizdi. May ayında 70 yaşınız olacaq. Bəri başdan sizi oxucularımız adından təbrik edirəm.

- Bəli, may ayının 16-da 70 yaşım olacaq. Heç bilmirsən ki, vaxt necə gəldi, getdi. Uçdumu, əridimi? Amma o illər ki, gedib, biz onları yaşamışıq. Həmin illərdə biz insanlar üçün müxtəlif obrazlar yaratmışıq. Mənəvi sevinc bəxş etməyə çalışmışıq. Fəxr edirəm ki, bu sevgini qazanmışam. 85-ci ildə Əməkdar artist, 94-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşəm. Həm də prezident təqaüdçüsüyəm. Bu da xalqımızın, tamaşaçılarımın mənə olan sevgisinin təzahürüdü. Deyir, zəhmət çəkməsən, bəhrəsini görməzsən.

- İllərdi ki, insanlara gülüş bəxş edən bir aktyorun cavabı, görəsən, necə olacaq bu suala: Güldürmək çətindi, yoxsa ağlatmaq?

- Əlbəttə, güldürmək çox çətindi. Mənalı, dəyərli, intellektual güldürmək. Aramızda olan neqativ hallara, əyər-əskiyə gülürük. Və o gülüşün içində göstəririk ki, baxın, aramızda yatıb havayı yeyən, içib evə pis halda gələn və yaxud ara vuran, yaltaq. Bu tipləri göstərə-göstərə gülüş obyektinə çeviririk. Və bundan insanlar nəsə götürür. Tutalım mənim qonşum var, belədi. Deməli, kənardan pis baxılır. Aktyorlar həm də müşahidəçidir. Onların fantaziyası olmalı, eyni zamanda güclü yaddaşa malik olmalıdılar. Mən obrazı öyrənməmişəm, mənimsəmişəm, özümünküləşdirmişəm. Ona görə də ordan çıxış eləyəndə, insanı inandırmalısan ki, belə vəziyyət ola bilər. Bu hala düşmək və ya bu vəziyyətdən çıxmaq olar. Yəni insanlar ona görə gülürlər ki, başa düşürlər.

- Təbii ki, bu, həmişə birmənalı qarşılanmır...

- Sözsüz, kimisi nümunə götürür, amma tam başa düşən tamaşaçı üçün bu, məqbul sayılır ki, o görür, beyin süzgəcindən keçirir. Təbii ki, zövqlər müxtəlifdi, həmişə deyirəm ki, bir aktyor hamının xoşuna gələ bilməz.

- Arif müəllim, sözsüz ki, sizin də bir kumiriniz olub. Ondan öyrənməyə çalışmısınız...

- Bəli, baxıb gəlmək olar. Lakin sən o yolu dəqiq gedə biləcəksənmi? "Hamlet" də deyir, olum, ya ölüm. Bu sənətdə də belədir, ya bu sənətə gəlib olmalısan, ya da olmamalısan.

- Dram tamaşasında oynamaq ürəyinizdən keçib?

- Əlbəttə, oynamaq istəmişəm. Bir az əvvəl güldürmək, ağlatmaqla bağlı sual verdiniz. Mən həyatımdan bir epizodu danışmaq istəyirəm: Mingəçevirdə əsgərliyə gedəndə, kollektiv məni yola salırdı. Kiçik bir torbam vardı, içində balaca bir konserva və çörək. Hamı öz doğmalarını ordan hərbi xidmətə yola salırdı. Biri geyindirir, biri ətəyinə baxır, biri yeməyini gətirir. Mənim də heç kəsim yox, ona görə Mingəçevir kollektivi məni yola salır. Avtobusa mindim, təsəvvür edin, bunlar məni yola salıb qayıtdılar. Hər pəncərənin qabağında maşınlar gedir, qucaqlaşırlar, bir tək mənim pəncərəmin qarşısında heç kəs yox idi. Nə əl eləyən, nə yola salan. Bu bir həyat dramıdı. Gülmək məsələsinə gəlincə isə, məsələn, mən taksi saxladım. Sürücü soruşdu: Ay Arif müəllim, hara gedirsiz? Dedim: Əhmədliyə. Dedi: Neçə nəfərsiz? Dedim: İki nəfər. O da görür axı təkəm, deyir, Arif müəllim, təksən axı, deyirəm ayə sən getmirsən? Yəni dediyim odur ki, hər şey vəziyyətin özündən doğur.

- Siz "Ədəbiyyat qəzeti"nin "Harmoniya"sındasız. Harmoniya sizə görə nədir?

- Bu, birləşməkdir, vəhdətdir. Ümumi desək, burda incəsənətin bütün növləri var. Mən daim qəzet oxuyuram. "Ədəbiyyat qəzeti"ni isə xüsusi qeyd etmək istəyirəm. Nə qədər desək də, indi internet zamanıdı, unutmayaq ki, qəzetin özü canlı ünsiyyətdi. Hər hansı bir yazını hazırlayır. Bu, təmasdan yaranır. Yeri gəlmişkən, mənim haqqımda ilk dəfə 1962-ci ildə "Azərbaycan pioneri" qəzetində Əhməd Bağırov adlı-soyadlı jurnalist yazıb. Ümumiyyətlə, qəzetə sevgim təsadüfi deyil. Bir sirr açım, mən özüm bir müddət qəzetdə müxbir işləmişəm.

- Söhbətə görə çox sağ olun, Arif müəllim. Üzünüzdəki gülüş heç vaxt əskik olmasın.

- Siz də sağ olun. Bizim də var dövlətimiz tamaşaçı alqışı, məhəbbətidir. O həmişə bizimlədir.

Müsahibəni apardı: Samir ƏFŞAN

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!