"Könlü paşanın biri ", yaxud "Kimlər haqqın yanan çıraqlarıdır" - Barat VÜSAL

Mən sizə bu yazıda varı-dövləti başdan aşan "paşalardan" danışmayacam, "Eşq başımdan aşa gəldi" deyən Yunus Əmrə torunlarından sayıla biləcək könlü paşanın birindən danışacağam.

"Ay adam, bağlan da yaşa, könlünə", "Elə yüz danışam, elə yüz dinəm, o həmin imanam, o həmin dinəm!" - deyərək hayqıranın təkcə adı Kəmaləddin Qədim deyil, ruhu da, yolu da, sözü də qədimdir onun. Təkcə indiki yüzilliyin adamı deyil. "Var idim mən keçən yüzillikdə də, gör neçə yüz ildən yüz ilə qaldım" - deyir. (Deyə bilir!)

Qurd basa arxalı köpək hardasa,

Sən adam olasan, yiyən olmaya!

Bu da onun sözləridir, könül duyğularıdır. Oxuyursan, demək istəyirsən, deməyə məcbur olursan:

Şair(lər) yiyəsi olmayan adam(lar)dır!.. Bir vaxtlar C.Rumi yazırdı ki: şəfamız içimizə nəzər sala bilməyimizlə bağlıdır. Və əslində, dünyada ən uzun Səfər İçə olan səfərdir. Kəmaləddin Qədim bunu yaxşı bildiyi üçün yazır: (yaza bilir!)

İçin bircəsisən, için təkisən,

Üzdəki deyilsən, içindəkisən!

Ona könlü Kəbənin biri də demək olar. Yalnız Kəbəni qiblə sananlar azmı olub? Hələ də belələri azdımı? Hələ də belələrinin "Könlü qibləsizdir, ağlı qibləsiz".

Bax, elə bəşərin və dünyanın bütün faciələri də bu qibləsizlikdən başlayır (bu nöqtədən, əslində, bu nöqtəsizlikdən!). Kəbədən qabaq, könlü qiblə sanmamasından, könül qibləsizliyindən!

K.Qədimin şeirlərini oxuduqca, nədənsə, Nəsiminin də səsi gəlir qulağıma. "Gərçi bu gün Nəsimiyəm, Haşimiyəm, Qureyşiyəm, məndən (bundan) uludur ayətim, ayətə-şana sığmazam".

Birinci misranı oxuyanda adama elə gəlir ki, bu nədir, Nəsimi ərəb olduğunamı işarə edir, "Haşimiyəm, Qureyşiyəm" deməklə?

Xeyr! "Quran"ın həmin qəbilə və tayfadan olan Həzrət Məhəmmədə nazil edildiyini xatırlayaq, gəlin. Yada salaq ki, İslam dininə mənsub insan hansı xalqdan, millətdən olursa-olsun, peyğəmbərin ümməti hesab olunur. Demək, burda söhbət ərəb, yaxud hansı millətdən olmaqdan yox, hansı ümmətdən olmaqdan gedir.

Keçək ikinci misraya. "Bundan uludur ayətim" deyən Nəsimi nə demək istəyib? Məlumdur ki, Adəmin və bütün insanların yaradılışı Həzrət Məhəmmədin alnındakı Nurnan bağlıdır. Əslində, bütün bəşər o Nurdan xəlq olunub. Deməli, hər şeydən qədim olan həmin Nurdur. - O "ayətülşan"dır. Nəsimi o "ayətü-nur"dan danışırmış.

Kəmaləddin Qədim də bir şeirində, sanki həmincə qədimlikdən danışır:

Mənim bir yalquzaq yurd yerim olub,

Bu səfil, sərgərdan virandan qabaq.

Olub ocaq yerim, yurd yerim olub,

Olub bu İrandan, Turandan qabaq!

Eşq olsun belə qədimliyə və müasirliyə!

K.Qədimin şeirləri nədən belə qədim və müasirdir? Çünki ruhun adına yazılan şeirlərdir.

Bunu hamıdan qabaq özü bilir və özü deyir:

Sənin nəyin varsa qara torpağa,

Mənim nəyim varsa ruha çıxacaq!

Bu baxımdan bu nadan, cahil sürüsü (it xılı) bir yolluq anlamalıdır ki, bu cür şeirləri yazmaq üçün özün paşa yox, könlün də paşa olsun gərək: Yazmağa və deməyə haqqın olsun! "Mən elə bir könlü paşanın biri...".

Kəmaləddin Qədim əli özünə (və ruhuna) çatmış, yıxılanda öz əlindən tutmuş şairdir.

Laməkanlığı da var.

Məsələn, belə:

Gəzəsən, özünü bir ömür boyu,

Nə öldü, nə qaldı xəbərin çıxa!

***

...Ədəbiyyat insandan (şairdən, yazıçıdan) qurban verməyə qara baş istəyir.

Çoxları elə bilir ki, qaravaş istəyir.

Kəmaləddinin qapı-bacada işlətməyə qaravaşı yoxdu.

Qara başı var!

Qələmə verməyə!

Sözə verməyə!

Yola verməyə!

Xalqa, millətə verməyə!

Haqqa verməyə!

Kəmaləddin - könül adamıdı. Könüldən başqa da heç kimdən bir istəyi, umacağı yoxdu.

Bir ömür bir könül gəzdim,

Bir könül istədi könlüm.

İstək, umacağın da olanda belə ola, bax, belə!

***

...Həzrət Əli ölməzdən əvvəl oğlanlarına dedi ki, mənim tabutumu çiyninizə götürməyin. Tabutun özü özünü aparacaq, hardasa dayananda məni orda basdırarsınız.

K.Qədim təkcə şair deyil. Yolçudu, özü də anasının bətnində olandan:

Mən ana bətnindən yolçuyam elə,

Görünür həmişə yol məndən qabaq!

Bu şair (bu yolçu) hər söz üçün şəhid olmağa hazırdır. Nahaqdan heç bir söz demir. Deməz də!

Vəsf etmirəm nə vəziri, nə şahı,

Göz görəti haqq etmirəm günahı.

Nədən şəhid sayılmıram, ilahi,

Bu qədər ki, sözə qurban gedirəm?!

K.Qədimə şeirləri yazdıran Allah eşqidir. Sufi düşüncəsidir. Yoxsa belə deyə bilərdimi:

Əcəl dörd dolansın gündə başına,

Qoy elə solunda, sağında qalsın.

Baxın, bu, "Ölmədən öl!" düşüncəsi deyilmi?

- ...İnsan "Quran"da deyildiyi kimi, gözəl xəlq olunub. Yaradılmışların özəyidi, başıdı, böyüyüdü. Amma böyüklüyündə qala bilirmi? Bilmir! İmam Qəzali bu üzdən deyirdi ki, ey insan, bir yandan "Allahu-Əkbər!" - "Allah böyükdür" deyirsən, bəs niyə böyüklük (ucalıq) qarşısında səcdə etməkdənsə, bu qədər öz-özünə vurulursan, alçalırsan, kiçilirsən belə?!

K.Qədimin "Allahu-Əkbər" şeiri həmin suala ən yaxşı cavabdır:

Birisi qaça-qaça, birisi qova-qova,

La ilahə-illallah, Allahu-Əkbər! - deyir.

...Bunun harası bəşər, bunun harası bəndə,

Bığ yeri tərləyən də, başı gora əsən də,

Altda başı kəsilən, üstdə başı kəsən də

La ilahə illallah, Allahu-Əkbər! - deyir.

Nəsimi yazırdı ki, mənim davam yalançı "La ilahə İllallah" deyənlərlədi.

K.Qədim yalandan "Allah kərimdir" deyib insanların ağzını boza verən (mübarizədən, həyatdan) yayındıran müştəbeh dindarlara qarşıdır:

Nə bitib-tükənir zalımın zülmü,

Nə də ki, fağırın "Allah kərimi".

Gözünə dürtülür, üzünə gülmür,

Yetimin, sağırın "Allah Kərim"i...

Əstəğfürullah! Şair burda heç də o sözə (və inanca!) ironiya ilə yanaşmaq fikrində olmayıb. Sadəcə olaraq demək istəyib ki, "kiş-kiş" deməklə donuz darıdan çıxmaz.

Başqa bir şeirində yalançı "ya bəxt" deməkdən də bir kar aşmayacağının fərqindədir şair:

Nə gözlə, taleyin, şansın gətirə,

Vaxt əsil toxuya, əsil sarıya!

Bu şairi narahat edən, hətta qorxudan şeylər çoxdur. O, narahatdı ki, görən, gedən torpaqlarımızı, yaylaqlarımazı, dağlarımızı nə vaxt qaytaracağıq. (Qaytara biləcəyikmi?).

Həm də o narahatdı, qorxur ki:

Qalacaqmı sözdə mənim

Sözə gətirdiyim dağlar?!

Allah-Allah! Bu adam nələr düşünür, hansı incəliklərə varır, bizi haralara aparıb çıxarır?!

***

...Könül insanın (bəşərin) köhnə dostudur.

Və bu dostun yanında yaxşı ki, sən varsan Tanrı, ey böyük və əzəli Dost!   

Yaxşı kı, sən varsan Tanrım, nə yaxşı

Hər şeyin təzəsi, dostun köhnəsi.

Bu köhnə dostla kim dostluq edir, daim təzələnir, nə qədər təzələnirsə, o qədər də köhnələşə bilir. "Od kimi, su kimi köhnəyəm, bala" (M.Araz).

Yaxşı ki, Tanrıyla - Haqla dostsan sən də, Kəmaləddin Qədim! Yaxşı ki, onunçün də azadsan, hürrsən...

Kiminsə əlinin altda deyilsən,

Nə var quş olmağa Allahın altda!

***

...Xaqani sarayda izlənirmiş. Çəkdiyi ahı da o dəqiqə gedib Şirvanşaha xəbər verirlərmiş. Bunu nədən xatırladım?

K.Qədimin "Necə qorxudursa yuxum kimsəni, elə ahımı da göydə tuturlar" misralarını oxuyanda və ruhundakı daha bir qədimliyi, ruh yaxınlığını görəndə!

Və həm də o ulu şairimizin "Hər şeydən əvvəl könül xəlq edilib" sözlərini xatırlayanda!

***

...Dünyada kimlər qalır?

Əlbəttə ki, mərd adamlar, Allah dostları, könül paşaları!

Belə də olmalı deyilmi ki?!

Doğrudan da, əslində, bu dünyaya:

 

Gələn paşa-paşa gələr,

Çıxan paşa-paşa çıxar!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!