Metafizik və sürreal işıq, yaxud Bəhicə xanımın son yuxusu... - Azər TURAN yazır - Azər TURAN

Azər TURAN

Srağagün onu yuxuda gördüm. Kədərliydi. Dan üzü sökülməmiş poçtuna məktub yazdım. Üç saatdan sonra qızı Əfruz xanım "Salam, Azər müəllim, necəsiniz? Bizdə hər şey yaxşıdır. Məhz bu gün anam sizi yuxuda görmüşdü və məndən xahiş etdi ki, sizə zəng edim. Ümidvaram işləriniz yaxşı gedir. Sizin Votsapp nömrənizi bilsək, anam sizə sabah zəng edərdi. Mümkünsə, nömrənizi bizə yazın. Hörmətlə, Əfruz" - deyə cavab yazdı.

Bizdə  - Azərbaycanda axşam düşəndə oralarda - Kanadada səhər açılır...

Bakı vaxtı ilə axşam, Toronto vaxtı ilə səhər danışdıq. İltifat, həsrət və sevgi dolu səsindən ayrılmaq istəmirdim. Bir-birimizdən xəbərsiz qaldığımız müddətdə olub-keçənləri bölüşdük. Mən Özbəkistana getdiyimi, Xalid Səidin doğulduğu kənddə olduğumu, ilk rektorunun Xalid Səid olduğu Daşkənd Dövlət Müəllimlər Universitetində bir konfransda Xocayevlə bağlı çıxış etdiyimi dedim. 2008-ci ildə Xalid Səidlə bağlı yazıb Bakıda nəşr etdirdiyim  kitabın Daşkənddə də çapa hazırlandığını dedim.  İndi də Xalid Səidin "Yeni əlifba yollarında əski xatirə və duyğularım" kitabının "Ədəbiyyat qəzeti" yayınları seriyasından nəşrə hazırlandığını dedim. Sevindi:

- Bəs sizin xəbəriniz olmadımı, biz də sizin kitabınızı burda - Torontoda da az nüsxə ilə rus dilində çap etdirmişik.

- Eşitməmişəm - dedim. Bu dəfə mən sevindim.

- Sabah mənə ünvanınızı yazın. O kitabdan sizə də göndərim, - deyib susdu və əlavə etdi - görünür, Allah atamın ömründən kəsdiyi illəri mənə bağışlayıb, məni bu qədər yaşatdı - dedi. Tez-tez zəng vurun. Məni unutmayın. Ərk edib öpürəm sizi.

- Mən də sizi öpürəm - dedim.

95 yaşlı Bəhicənin səsi əvvəlki kimi gənc və işıqlıydı.

Dünən redaksiyada Cümhuriyyətlə bağlı müzakirə saatımızı bitirib qonaqlarımızı yola salandan sonra kompüteri açdım ki, Bəhicə xanıma ünvanımı yazım. Poçtumda isə Əfruz xanımdan məktub vardı. Yəqin, kitabı göndərmək üçün ünvanımı istəyir, deyə düşündüm. "...Salam, Azər müəllim, Bu gün anam rəhmətə gedib. Gündüz çox şad idi ki, sizlə danışdı. Axşam halı pis oldu, həkimlər heç bir şey edə bilmədilər. Hörmətlə, Əfruz".

Sözlərin tükəndiyi an buna deyirlər, yəqin...

Srağagün onu yuxuda görmüşdüm... Həmin gün də o məni yuxuda görübmüş... Şüurardı qaranlıqlarda görünən bu metafizik və sürreal işığın - yuxuların şərhi varmı? Niyə Xalid Səid Xocayevin qızı Bəhicə xanım 95 illik ömrünün son yuxusunda məni görməliymiş?

Bu sətirləri yazdıqca başqa bir yuxunu - 10 il əvvəl Bəhicə xanımın özünün gördüyü yuxunu xatırlayıram.

Bakıdan yenicə köçmüşdü. Torontoda yaşayırdı. Xalid Səid barədə kitab yazdığımı ona deməmişdim. Kitabı çapa verdiyim gün zəng etdi:

- Yuxu görmüşəm.

- Məni görmüsüz?

- Yox, sizi deyil, atamı gördüm.

Deməli, atası ilə bağlı kitab yazmağım, həmin gün kitabı çapa verməyim ona yuxusunda əyan olubmuş...

- Atanızla bağlı yazdığım kitabı bu gün çapa vermişəm - dedim...

... Sonra kitabı ona göndərdim. 2009-un 21 oktyabrında mənə unudulmaz bir məktub yazdı: "Mən bu məktubu Kanadadan yazıram.  Allahın əmri belə imiş - mən də qəriblikdə yaşamalıymışam. Xalid Səid haqqında yazdığınız kitabı iki gündür ki, almışam. Alıb nə qədər sevindiyimi desəm, heç bir şey deməmiş olaram. Çox sağ olun. Siz mənim atamı yenidən dünyaya qaytardınız...".

Bəhicə xanımla ilk telefon söhbətimizi xatırlayıram. "Ədəbiyyat qəzeti"ndə "Bu dünyada bir Xalid Səid vardı" məqaləm dərc olunduğu gün kübar səsli bir qadın mənə zəng vurdu:

- Xalid Səidlə bağlı yazınızda 13 yaşlı Bəhicədən bəhs edirsiniz... Sizi narahat edən 84 yaşlı Bəhicədir, - dedi...

Elə həmin gün görüşdük...

Yanvarın 29-da isə mən 95 yaşlı Bəhicə ilə danışdım...

Ertəsi günsə onu uzaq Kanadada Berlinqton şəhərinin Qrinvud məzarlığında müsəlman qaydası ilə torpağa tapşırdılar...

Bu söhbəti "Xalid Səid Xocayev - şəhid türkşünas" kitabımı yazarkən ayrı-ayrı vaxtlarda etmişik... Bir qismini çap etdirsəm də, bir qismi elə maqnitofon lentinin yaddaşındaca sükuta dalıb... Yenidən dinləyirəm.

Danışan Bəhicə xanımdır.

Mən isə sözlərin bitdiyi yerdəyəm...

Adını İsmayıl Hikmət qoymuşdu. "Bəhicə" işıqlı deməkdi. 

1925-ci ilin yanvarında yanan işıq 2020-ci ilin yanvarında söndü.

30 yanvar 2020

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!