XX əsrin 60-80-ci illəri Azərbaycan mədəniyyəti - Sərxan Xavəri yazır

 

XX əsrin 60-80-ci illərində Azərbaycan mədəniyyətində özünü göstərən ən mühüm kulturoloji təzahür  bu mərhələdə mədəniyyətimizin Qərb mədəniyyəti ilə kontaktlarının intensivləşməsi kontekstində onun özünü avtonom mədəni bütövlük kimi qoruyub saxlaya bilməsidir. Burada digər bir məqamı da xüsusi vurğulamaq lazımdır. XX əsrin ikinci yarısından sonra Azərbaycanda Qərb mədəniyyətinə münasibətdə akkulturasiya prosesi eynizamanlılıq intervalında baş vermirdi. Azərbaycan mədəniyyəti Qərb mədəniyyətini müəyyən zaman geriliyi ilə təqib edirdi. Deyək ki, ekzistensional insan tənhalığı Azərbaycan mədəniyyətində, ədəbiyyatda, musiqidə, rəssamlıqda öz inkişafının apogeyinə qalxdığı ötən əsrin 60-70-ci  illərində artıq Qərbi Avropada və Amerikada pop-art (kütləvi mədəniyyət) özünün bütün bayağılığı və kütləviliyi ilə ciddi mədəniyyətə meydan oxumaqda, ciddi mədəniyyətin, xüsusən abstrakt ekspressionizmin inkarı reaksiyası olaraq  özünü bütün  dünya miqyasında kütləviləşdirməkdə idi.  Elə pop-artın belə kütləviliyinin nəticəsi idi ki, Amerikalı sosioloq Zbinqnev Bjezinski onu aşağıdakı kimi şərh etmişdir: "Əgər Roma dünyaya qanun, İngiltərə parlament, Fransa milli respublika bəxş edibsə, müasir Amerika Birləşmiş Ştatları dünyaya  kütləvi mədəniyyət gətirmişdi!".

Ötən əsrin 60-80-ci illərində müşahidə olunan yüksək inkişaf meyilləri ona şahidlik edir ki, Qərb mədəniyyətinə münasibətdə özünü göstərən yeni akkultural situasiyada Azərbaycan mədədəniyyəti yuxarıda qeyd etdiyimiz dörd strateji istiqamətdən ən optimalı olan  inteqrasiyanı seçmişdir.  Bu, nəyin nəticəsində mümkün olmuşdur?

Bizim qəti qənaətimizə görə həmin tarixi mərhələdə Azərbaycan mədəniyyətinin yeni akkultural situasiyada inteqrasiya strategiyasını seçməsini təmin edən başlıca amil ənənəvi mədəniyyətin, folklor təfəkkürünün bu proseslərdə əsas tənzimləyici parametr kimi iştirakı idi. Həmin tarixi mərhələdə Azərbaycan mədəniyyətinin Qərbin müxtəlif mənəvi-intellektual tendensiyalarına çevik reaksiyası, həm də bu reaksiyaların kifayət qədər professional səviyyədə olması onunla şərtlənirdi ki, Azərbaycan bu proseslərə kifayət qədər dəqiq müəyyənləşmiş folklor təfəkkürü ilə daxil olur.   Bu mərhələdə milli mədəniyyət  folklor təfəkkürünü yeni məzmunda həzm edərək Avropa ədəbi ənənələri ilə sintez edir. Milli mədəniyyətdə folklor yaddaşına əsaslanan yaradıcılıq istiqamətləri  bu illərdə mədəni hərəkat səviyyəsinə qalxır…Elə müstəqil milli dövlət ideyası, hakim ideologiyaya qarşı epizodik müxalifətçilik əhval-ruhiyyəsi də həmin illərdə folklor təfəkkürünün iştirakı ilə yaranır. Doxsanıncı illərə doğru milli azadlıq hərəkatını da tədricən milli düşüncə sisteminin genetik əsasına dayanan folklor düşüncəsi hazırlayır. Beləliklə, həmin mərhələdə mədəniyyətin bütün sahələrində müşahidə olunan yeni keyfiyyət dəyişikliyinin əsasında ənənəvi mədəniyyətlə Avropa mədəniyyətinin sintezi dayanırdı.

Məsələn, məlumdur ki, ötən əsrin 60-cı illərində Amerikada hippi-bitnik hərəkatı başlanmışdı. Bu, ənənəvi mədəniyyət dəyərlərini qəbul etməyən gənclik hərəkatı idi. Onun nümayəndələri olan Amerika şairləri Lyusen Karrın, Allen Qinzberqin, Cek Keruakın, Uilyam Berrouzun əsərlərində sosial mühitə mənəvi oppozisiya meyilləri olduqca güclü olmuşdur. Həmin illərdə Azərbaycanda Əli Kərimin, Vaqif Səmədoğlunun, Ramiz Rövşənin, Vaqif Bayatlının, Adil Mirseyidin və başqalarının yaradıcılığında bu ideyalar milli biçimdə rezonans verməyə başlayır. Ən maraqlısı odur ki, ideya-məzmun planında Qərbin ən modern ədəbi-estetik ideyalarından bədii-energetik stimulunu alan   Azərbaycan poeziyasında bu proses milli folklor təfəkkürünün fəal iştirakı ilə baş verir. Həm də burada folklor yalnız formal poetik göstəriciləri (janr modelləri, vəzn, qafiyə, dil-üslub xüsusiyyətləri və s.) ilə iştirak etmir. Folklor bu prosesdə məhz  milli təfəkkür hadisəsi kimi iştirak edir. Bu illərdə poeziyaya daxil olan folklor obrazları özləri ilə bərabər arxalarındakı mifik enerjiləri də ədəbiyyata gətirirlər. Məhz buna görə də folklor bu prosesdə məhz tənzimləyici parametr, milli meyar, yad elementlərin sistemə uyğunluğunu müəyyənləşdirən etnik-mənəvi prinsip kimi çıxış edir. 

Yaxud həmin mərhələdə Azərbaycan nəsrində bilavasitə epos təfəkkürü ilə yeni roman ənənələrinin sintezi nəticəsində yeni keyfiyyətli  nəsr əsərləri yaranmağa başlayır. İsa Hüseynovun, İsmayıl Şıxlının,  Mövlud Süleymanlının, Əkrəm Əylislinin nəsrində bu tendensiya özünü olduqca qabarıq göstərir.

Azərbaycan ədəbiyyatşünaslığında bu mərhələdə yaşayıb-yaradan şair və yazıçıların yaradıcılığında folklorla bağlılıq olduqca geniş təhlil olunmuşdur. Hətta bu mərhələyə aid elə bir ədib tapmaq çətindir ki, onun yaradıcılığı bu aspektdən ayrıca olaraq araşdırılmamış olsun. Lakin ədəbiyyatşünas və folklorşünas alimlərin tamamilə doğru olaraq müşahidə etdikləri və fokslaşdırdıqları bu tendensiyanın Qərb mədəniyyəti ilə təmasın doğurduğu yeni akkultural situasiyada funksiyası barədə demək olar ki, araşdırma aparılmamışdır.

Akkulturasiya situasiyasında milli mədəniyyət sisteminin marqinalizasiya, separasiya və assimilyasiyaya məruz qalmaması mədəniyyətin etnodifferensial və etnointeqrativ funksiyaları arasında "qızıl orta"nın tapılmasından asılıdır. Bu funksiyalar arasında balansın hər iki istiqamətdə pozulması mədəni inkişaf üçün arzuolunmaz nəticələrə gətirib çıxarır.  Kulturologiyada belə bir sabitləşmiş qənaət vardır ki, ənənəvi mədəniyyət, folklor qapalılığa, etnointeqrativliyə meyillidir. Ona görə də milli mədəniyyətdə akkultural situasiya yarandığı andaca o, sistemə daxil olan elementlərin yeni düzümünü təmin etmək məqsədilə dərhal aktivləşir, onları sistemin özünün semantik strukturuna tabe etdirir. Başqa sözlə ifadə etsək,  etnodiferensial funksiyanı reqlamentləşdirir.  Nəticədə mədəniyyətin akkultural situasiyada  inteqrasiya seçimini şərtləndirir. Bu prosesi ötən əsrin 60-80-ci illəri Azərbaycan mədəniyyətinin, demək olar ki, bütün istiqamətlərində müşahidə etmək mümkündür. Belə ki, həmin mərhələdə özünü yeni mədəni keyfiyyət kimi göstərən istənilən tendensiyada folklorun  tənzimləyici parametr kimi iştirakını görürük.

Məlum olduğu kimi, zəngin milli musiqi ənənələrinə malik olan Azərbaycan xalqı XX əsrin əvvəllərində dahi Üzeyir Hacıbəyovun timsalında professional Avropa musiqisinin milli musuqi ilə sintezi sahəsində bütün Şərq xalqları içərisində ilk dəfə olaraq son dərəcə yüksək nailiyyət əldə etmişdir. Maraqlıdır ki, folklor musiqisi ilə professional musiqinin sintezi ənənəsi XX əsrin 60-70-ci illərində yeni akkultural situasiyada yeni keyfiyyətdə  davam edir. Ötən əsrin əvvəllərində olduğu kimi, əsrin ikinci yarısında da Azərbaycan musiqisi ənənəvi (folklor) potensialına əsaslanaraq Qərb musiqi mədəniyyətinə ən çevik reaksiya verən incəsənət sahələrindən birinə çevrilir. Heç də təsadüfi deyildir ki, həmin illərdə SSRİ-də məşhur olan bəstəkarlardan ən modernisti və "demokratiki" Qara Qarayev idi. Və onun yaradıcılığında bu tendensiya olduqca qabarıq özünü göstərirdi. Vaqif Səmədoğlu "Mənim 60-cı illərin" məqaləsində yazır ki, həmin illərdə rəsmi ideologiyanın rədd etdiyi Qərb mədəniyyətinə məxsus eyni tonların təkrarlanmasını nəzərdə tutan musiqi janrı kimi dodekofoniyanı (yunanca on iki səs) rəsmi səhnədə ilk dəfə Qara Qarayev səsləndirmişdi. Bu, həmin illər idi ki, İngiltərənin Liverpul şəhərində "Bitlz" vokal qrupunun səsi bütün sivil dünyada rezonans doğurmuşdu.  Bu dalğanın Rusiyadakı əks-sədasına ən yaxşı nümunə isə Vıladimir Vsotski idi.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!