Ağsaqqal səlahiyyəti ilə... - Məti Osmanoğlu yazır

Tehran Əlişanoğlu - 60

 

Tələbəliyindən fəaliyyəti gözümün önündə olan, yazılarında həmişə gənclik hərarəti və çılğınlığı hiss etdiyim Tehran Əlişanoğlu artıq yaşın və ədəbi təcrübənin elə bir məqamına çatıb ki, ağsaqqallıq həmin məqamın boyuna biçilib. Fəxri ad, elmi dərəcə, rəsmi vəzifə isə onu bu məqama çatdıran uzun, yoxuşlu yolun mərhələləridir.

Yubiley təbriki "janrının" tələblərinə uyğun gəlməsə də, deməliyəm ki, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Tehran Əlişanoğlunun yazdıqları heç də həmişə birmənalı qarşılanmayıb. Onun xüsusən də "yonulmamış" cod üslubu ilə bağlı müəyyən fikir müxtəlifliyi, mübahisələr olub, var və yəqin ki, bundan sonra da olacaq. Onun ədəbiyyat barədə mülahizələri, fikirləri heç də həmişə hamı tərəfindən yekdilliklə və bəh-bəhlə qəbul edilməyib, bəzən kəskin polemikalarla qarşılanıb. Belə düşünürəm ki, bunlar ədəbi və elmi yaradıcılıqla, xüsusilə tənqidlə bağlı son dərəcə təbii məsələlərdir. Bu, işin mahiyyətindən irəli gəlir və belə də olmalıdır. Hamının vərdiş etmədiyi düşüncə tərzi, düşüncəni ortaya qoyan üslub və yeni fikirlər, orijinal ideyalar fərqli münasibətlərin yaranmasına və ədəbi iqlimin havasının dəyişməsinə yol açır.

Tehranın ədəbi kimliyi, şəxsiyyəti ilə bağlı mübahisə doğurmayan, hamının birmənalı qəbul etdiyi böyük bir keyfiyyəti isə ayrıca vurğulamağı zəruri hesab edirəm: bu da onun zəhmətkeşliyi və fədakarlığıdır. Sovet imperiyasının süqutundan sonra cəmiyyətimizin həyatında və insanların düşüncəsində baş verən köklü dəyişikliklər bütövlükdə mədəni mühitdə, eləcə də ədəbi həyatda sərt çalxalanmalar, kəskin təlatümlər yaratdı. Ədəbiyyatın bəzən öz missiyasına dönüklük elədiyi ən mürəkkəb zamanda belə, Tehran ədəbiyyata dönüklük eləmədi, bədii sözün qayğıları ilə yaşadı və var gücü ilə ədəbiyyatın qayğılarını göz önündə, ictimai fikrin gündəliyində saxlamağa çalışdı. Geriyə dönən köçün qarşısında dayanmaq bütün hallarda böyük fədakarlıqdır və Tehran kimi bu fədakarlığı göstərənlərin sayı həmin illərdə bir əlin barmaqları ilə sayılacaq qədər az oldu (etiraf edim ki, "oyundan çıxanlardan" biri də mən idim).

Tehranın "Müasir nəsrdə Azərbaycan obrazı" və "Müstəqillik körpüsündən keçənlər" kitablarını vərəqləyirəm. Bu kitablarda toplanmış məqalələr tək Tehranın yox, ümumilikdə ədəbi tənqidimizin keçdiyi yola işıq salır və həmin keçilmiş yoldan artıq ədəbiyyatımızın tarixi boylanır. 

Bu kitablar "Ədəbiyyat qəzeti", "Press-fakt", "Rezonans", "Bizim əsr" kimi qəzetlərdə, eləcə də ədəbin jurnal və elmi toplularda ədəbiyyatı və tənqidi göz önündə, aktual saxlamağa çalışan Tehranın "ədəbiyyat söhbətləri" ədəbi düşüncənin zamanları arasında körpü salır.

Yaradıcısı olduğu "Tənqid.net" jurnalının nəşri də fədakarlığın davamıdır.

Tehran Əlişanoğlu hazırda elmi yaradıcılıqla bərabər, həm də ölkə səviyyəsində ədəbiyyat elminin və tənqidin təşkili ilə məşğuldur: AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda şöbə müdiri kimi ciddi vəzifə daşıyır. Mənə elə gəlir ki, o, bu sahədəki fədakarlığı ilə də əvəzolunmazdır. Azərbaycanın müstəqillik dövrü ədəbiyyatının tarixinin yaradılması, ədəbiyyatımızın dövrləşdirilməsi problemi ətrafında aparılan araşdırmalar, ədəbiyyat tariximizin yenidən yazılması kimi nəhəng işlərdə iştirak etmək 60 yaşın gətirdiyi ağsaqqallıq səlahiyyətinin təsdiqidir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!