Güney Azərbaycanın tanınmış şairi Sönməzin Əzizə Cəfərzadəyə məktubu - Sabir Rüstəmxanlının təqdimatında

 

Güney Azərbaycanın tanınmış şairi, dostumuz Sönməzin Quzey Azərbaycana, görkəmli araşdırmaçı-alim və yazıçı Əzizə Cəfərzadəyə yazdığı bu məktubun mənim arxivimə nə vaxt və necə düşdüyünü xatırlamıram. Bilmirəm bu məktub Əzizə Cəfərzadənin özünə çatmışdı ya yox. Onu da bilmirəm ki, Sönməzin bəhs etdiyi o qadın poeziyası toplusunu Əzizə xanım tamamlayıb nəşr etdirdimi? Sönməzin ruhu qarşısında borclu qalmamaq üçün onun xalası haqqında  Əzizə xanıma göndərdiyi məktubu "Ədəbiyyat qəzeti"mizə təqdim edirəm.

Düzünü deyim ki, ömrü boyu ərəb əlifbası ilə yazmış Sönməzin, kiril əlifbasıyla bu qədər səliqəli və təmiz yazmasına heyrətləndim. Bu məktub da mənəvi birliyimizin kiçik bir nişanəsidir.

Sabir Rüstəmxanlı

Hörmətli alim bacımız Əzizə Cəfərzadə!

Səmimi salamlarla!

Bildiyimizə görə, siz, Azərbaycan savadsız şairələrini xalqımıza tanıtdırmaq fikrindəsiniz. Bu, ən gözəl, nəcib işlərdəndir. Axı siz hansı bir işə əl vurmusunuz ki, nəcib olmasın? Qadınlarımız tarix boyu ağır çətinliklərə, zülmə, işgəncəyə məruz qalmış, Allahın bəxş etdiyi təbii hüquqdan belə məhrum olmuşlar. Bu məhrum qadınların sırasında şeirlə, sənətlə maraqlanan, şairlik istedadına malik olanı az olmamışdır. Lakin təəssüflər olsun ki, savadsızlıq onların inkişafına, istedadlarının çiçəklənməsinə mane olmuş, qoşduqlarını bir yerdə qeyd edən, onlara qayğı göstərən olmamış, qoşduqlarını unutmuşlar.

Bunların birisini mən sizə tanıtdırmaq istərdim.

Zəhra Sultan Pursənəti Əliəkbər qızı 1289-hicri ilində, Qurban bayramı günü Təbrizdə anadan olmuş, ona görə də, sonralar onu Haciyə adıyla çağırarmışlar. Elə indi də ona Haciyə xanım deyirlər.

Atası Ələkbər növhəxan olub, ehkamçılığa qapıldığına görə, onu təhsil almağa qoymamışlar.

Haciyə xanımın qüdrətli hafizəsi, iti huşu var. Lakin indiyədək hər nə şeir, bayatı qoşub, bir yerdə yazdırmayıb, qoşduqlarının 70 faizi yadından çıxmışdır.

Haciyənin atası, onu Həsən Kərbaci adlı bir zalım kişiylə evlənməyə məcbur edir. Bəlkə də o, öncə razıymış, lakin qara taleyindən xəbərsiz rizayət veribmiş. Həsən (indi olub Hacı Həsən) evləndiyinə baxmayaraq, başqa həyasız qadınlarla da əlaqəsini saxlamış, iki dəfə Haciyənin üstünə arvad almış, evdə də mütləq ədalətsiz davranmışdır. Deynən məgər iki arvadlı evdə ədalətlə tərpənmək olar?!

Haciyənin günüsü, həyasız olduğuna görə qohumlar, dostlar Hacı Həsəni onu boşamağa məcbur edirlər. O, bir daha evlənir, təzə arvadı, yenə də Haciyə xanımla bir evdə saxlayır. Haciyənin iki oğlu olduğuna görə, evi tərk edə bilmir, dözür.

Bir neçə kərə, dözümsüzlük hiss edərkən, küsüb, bacısıgilə sığınır. Lakin uşaqlarının qarşısında daşıdığı məsuliyyət hissi onu evinə qayıtmağa məcbur edir.

Uşaqlar 5-6 yaşlarındaykən Hacı Həsən Təbrizi tərk edir, Tehrana köçür, Haciyəni Təbrizdə öz bacısının evində, tək bir otaqda keçinməyə məcbur edir. Sonra onları da Tehrana istəyir, Cavidiyyə məhəlləsində hər iki arvadı bir evdə saxlayır.

Haciyənin uşaqları azca böyüdükdə, öz ağır həyat şəraitlərini düşünür, müstəqil həyat və dirilik qurmaq fikrinə düşürlər. Haciyə xanım da xəyyatlıq-dərzilik öyrənir, öz uşaqlarını ayrı saxlamağı, oradakı ağır, dözülməz həyata tərcih edir.

İndi Haciyənin iki oğlu var. Hər ikisinin də rahat evi, ailəsi, şəxsi həyəti, yüksək təhsil almaqda olan bir-iki nəvəsi, ədəbli-kamallı ailəsi var.

Məni təəssüfləndirən budur ki, o, şeir istedadına malik olduğunu başqalarından gizlədir, qoşduğunu bir kimsəyə oxumurmuş. Uşaqları da Tehranda, fars uşaqlarıyla dostluq etdikləri, yalnız farsca da dərs aldıqlarına görə, analarının az-çox onlara oxuduqlarını qeydə almağa düşünmür, təqdirlə, onun qoşduqları yadından çıxar.

Yadında qalan şeirlərdən mənə oxuduğu bir neçə parça onun, savadsızlığına rəğmən, şeir istedadına malik olduğunu göstərməkdədir.

Əri Hacı Həsənin, onun üstünə evləndiyi vaxt:

Dedim rəhmin gəlsin bir cüt balama,

Təzə yara vurma köhnə yarama!

Dərdimi deyərdim yazıq xalama...

Xalam mənim oduma su səpərdi,

Ağlaya-ağlaya məni öpərdi.

Rəhmsiz Hacı Həsən uzun gecələri hansı işrətxanalarda sərxoş keçirəndən sonra, səhərə yaxın evə gələndə də Haciyə xanım onun üzünə qapını bir dəqiqə gec açsaydı, onu rəhmsizcə döyərdi.

Haciyə xanımın üstünə günü gələn vaxtlarda qoşduğu şeirlərdən iki parçasını xatırlayır:

Axşam oldu, gözüm qaldı yollarda

Gecə keçdi, bilmədim qaldı harda.

Bir bala sağımda, biri solumda

Dedim bala, sübhə kimi yatmaram

Bu zülmə dözərəm, sizi atmaram.

Sizə xatir mən hər zülmə dözərəm

Ölənəcən özüm sizə nökərəm.

 

Sübhə yaxın birdən qapı döyüldü

Uşaqlar oyandı, baxdı söyündü.

Bilmədilər yatmış qəlbim döyündü.

Yatmış qəlbim yatmayıbdır, oyaqdır

Uşaqlarım yatmış qəlbə dayaqdır.

O, uşaqlarının dilindən qoşduğu şeirlərdən də mənə oxudu:

Bizdən ötrü sən özünü yandırma

Heyifdi, o gül rəngini soldurma.

Ağlayıb, gözlərin elə doldurma

Sən ağlarsan göz yaşını silən yox

Heyif, ana, qədrini bilən yox...

Əri Hacı Həsən ikinci dəfə Haciyənin üstünə evlənəndə nələr çəkdiyini xatırlarkən bir-iki parça şeir oxudu:

Familləri yığışdı, toy tutdular

Min arzuyla əyləşdilər, otdular

Mənim ürəyimə bir ox atdılar

O oxdan bir əsər qaldı canımda

Tapılmadı bir kəs qalsın yanımda.

Haciyə xanım ürəyini boşaltsın deyə,  dərdini, kədərini ancaq xalası və o, öləndən sonra bacısı Fatma xanıma açarmış:

Mənim bacım dünyada birdanadı,

Mənə bacı deyil, sanki anadı,

Ürəyimin dərdin-odun alandı.

Deyər: qüssə etmə, məntək bacın var,

Qolun-budağın var, ağacın var.

 

Dedi bacı, genə niyə solmusan?

Bulud kimi yağmamısan, dolmusan

Mən bilirəm cüt balandan olmusan

Neynim bacı, yoxdur əlimdə çarə

Salma oda özün bir də dübarə.

 

...Bunu da demək istəyirəm ki, Haciyə xanım mənim xalamdır.

Dərin hörmətlə: Sönməz

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!