Dünən, bu gün, sabah və həmişə... - Ülvi BABASOY yazır - Ülvi BABASOY

Elnarə Akimovanın «Düşüncə zamanı» kitabı haqqında

Ülvi BABASOY

 

Elnarə Akimova "Düşüncə zamanı" kitabında modern tənqid və tənqidçi imici yaradır. Ədəbi tənqiddə modernlik təkcə imic, stil hadisəsi deyildir. Akimovanın tənqidi ağıl, hafizə, zəka və estetika qatları ilə də maraq doğurur. "Düşüncə zamanı"nda intellektual və estetik bir mətn modeli yaradılır. Tənqidçi yeni bir mətn strukturu dizayn edir. Həmin mətnlər həm də yeni bir oxucu yaratmaq iqtidarındadır. Necə? Xanım Akimova ədəbiyyatın verdiyi həzz və zövqü mətnin iyerarxik stilistikasından çıxararaq fəlsəfi və estetik paradiqmalara gətirir. Bu məqamda oxucunun da statusu yüksəlir. Oxucu ilə tənqidçi ünsiyyətə girir. Ağıl aydınlanır. Zövqün miqyas və statusu natural, orqanik ədəbi mətnlərlə dəyər qazanır. Həmin ədəbi mətnlərin ötəsində isə tənqidçinin yaratmış olduğu əsərlər dayanır. "Düşüncə zamanı" kitabından geniş bir ədəbi-estetik karnaval antologiyası tərtib etmək olar. Ancaq mən daha çox kitabın estetik və fəlsəfi qatlarında gəzişmək istəyirəm. Akimova tənqidinin qaynaqları, ədəbi reallıq və estetik bəyanatlara reaksiyası və metodların konseptual tətbiq arealı məni daha çox düşündürür.

Kitab bir çox tənqid məktəblərinin də diskursudur. İlk növbədə tarixi planda Rolan Bart tənqidi ilə mətnlərarası və sənətlərarası əlaqə yaranır. Tənqidin inqilabi modernlik qatı formalaşır. Bizim ədəbi tənqiddə ilk dəfə baş verir bu proses. Baxtinin sənət və məsuliyyət tezisi isə "Düşüncə zamanı"nın arxitekturasını, nəzəri və praktiki əhəmiyyətini artırır.

Kitabda cəmiyyət və hüquq hipotezi də işlənir. Buna ən yaxşı material isə nəsrdir. Nəsrin intellektual bazası və roman sənətinin ədəbi kəşfləri diaxron zaman modeli yaradır. Hekayə janrının tədqiqata cəlb edilməsi interpsixoloji detallar və onun insan əqidəsində, mənəviyyatında təsir yönləri ilə uzlaşır. Ədəbi növ və janrların imkanları tənqidin avanqard, fəlsəfi qatında genişlənir. Janr memarlıq və təsviri sənətlərdəki ölçü, dizayn, sruktur və plastikanı əvəz edir. Baxtin tənqidi ilə ünsiyyət baş tutur. Fotoqrafiya sənətinə xas vizual effektlər "Janrın qürubu, yoxsa ədəbi laqeydliyimiz?!" və "Səmərqənd lövhələrinin hüznü" əsərlərində yaddaşı təzələyir. Çünki unudulmuş, köhnəlmiş hesab edilən bir janrın - poemanın ifadə və struktur estetikası ironiya, antiməkan, antizaman ontologiyası kontekstində tənqidin predmetinə çevrilir.

Poeziya isə teatr, rəqs və musiqi sənətlərinə aid zaman intervalında tədqiq edilir. Çünki teatrın dramtizmi, rəqsin ritmi, musiqinin harmoniyası poeziyanı zamansızlıq kontekstində dərk etmək üçün ən yaxşı xammaldır.

Uşaq ədəbiyyatı barədə təklif və rəylər isə böyük bir boşluğu doldurur. Bəs nədir bu boşluq? Uşaq ədəbiyyatı haqda daha çox əxlaqi, etik dəyərlər analiz edilirdi. Lakin estetik tərbiyənin əhəmiyyəti heç neçənci planda qalırdı. Akimova qələmində uşaq ədəbiyyatı iqtisadi və estetik tərbiyə kontekstində təhlilə cəlb edildi. Bu, uşaq ədəbiyyatı üçün zəruriyyət idi.

Təndiçi bəzən də fəlsəfəsiz tənqid məktəbinə yönəlir. Feminizm və postmodern paradoksallıq nəzəriyyəsi çağdaş Azərbaycan ədəbiyyatına aid mətnlərin təhlilində üzə çıxır. Akimova həmcinsləri Nensi Freyzer və Linda Nikolsonun yeni fəlsəfə məktəbi ilə dialoqa girir. "Çağdaş Azərbaycan postmodern şeirində Tanrıya münasibət" əsərində Jan-Fransua Liotar - Fredrik Ceymson - Jan Bodliyar ədəbi tənqid metodları tətbiq olunur.

Düşüncə və zaman konsepsiyası modernist - postmodernist tendensiyaların müzakirə və təsnifatına həsr edilib. Ədəbiyyatımızın konseptual dövrləşdirmə periodu dünən, bu gün, sabah və həmişə deyə biləcəyimiz estetik və fəlsəfi mənalandırmalarla dəyər qazanır. Akimova ədəbi cərəyanların və manifestlərin inkarçı, modern xarakter ilə dövrləşdirmə ironiyasını birləşdirir. Tənqid ədəbiyyat tarixi və nəzəriyyəyə asılı qalmaqdan xilas olur. Əksinə, tarixə və nəzəriyyəyə fəlsəfi baxış bucağı yaranır. Ədəbiyyat tarxinin də, nəzəriyyənin də etik, estetik əhəmiyyəti təmərküzləşir. Cəmiyyətə aid normalar ədəbi əsərlərin təhlili ilə konkretləşir. Modernizm dalğası ilə postmodern cəmiyyət teoremi Simmel, Durkheim və Veberin analiz metodları ilə kəsişir. Elnarə Akimovanın tənqidi sosial, fəlsəfi, estetik və nəzəri səciyyə daşıyır. Bu, modern tənqidin əxlaqi vəziyyətini, qalıcılığını da təmin edir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!