ADA - nın töhfəsi, yaxud Amerika araşdırıcısının kitabı Azərbaycan dilində - Nizami CƏFƏROV

Nizami CƏFƏROV

 

Bu yaxınlarda ADA Universitetində Amerika  araşdırıcı - tarixçisi S.Frederik Starın “İtirilmiş Maarif” kitabının azərbaycanca nəşrinin (Bakı, “Qafqaz” nəşriyyat evi, 2017, ingiliscədən çevirən Nəriman Qasımoğlu) təqdimatı  keçirildi. Universitetin rektoru, professor Hafiz Paşayev irihəcmli bu son dərəcə dəyərli kitaba yazdığı ön sözündə əsəri həm mövzu, həm də ideya-metodoloji yeniliyinə (və mükəmməlliyinə) görə, tamamilə haqlı olaraq, yüksək qiymətləndirdikdən sonra göstərir ki, “Vaşinqtonda çalışdığım dövr milli  müstəqilliyimizin ilk illərinə təsadüf edirdi və qarşımda duran əsas  və mürəkkəb vəzifə Azərbaycanı Amerika ictimaiyyətinə, siyasi  elitasına tanıtmaqla bağlı idi. Ona görə mürəkkəb vəzifə deyirəm ki, ölkəmiz haqqında təsəvvürlərin olmadığı, hətta bir çox hallarda mənfi  təsəvvürlərin olduğu bir ortamda fəaliyyət göstərməli və belə bir çətin durumda Vaşinqtonun nüfuzlu şəxsləri arasında ölkəmizə dostlar, eləcə də müstəqilliyimizə siyasi təminatlar qazandırmalı idim. Bu işdə F.Starla tanışlığımız önəmli rol oynadı. Bu tanışlıq şəxsi münasibətlər müstəvisində də davam etdi və  Azərbaycan- Amerika münasibətlərinin inkişafına, qarşılıqlı əməkdaşlığımıza töhfə verdi”.

Professor Hafiz Paşayev onu da əlavə edir ki, “F.Starın “İtirilmiş maarif. Mərkəzi Asiyanın Qızıl dövrü” kitabının  elmi sanbalını nəzərə alaraq qərara gəldik ki, ADA Universiteti əsərin tərcüməsini və nəşrini həyata keçirsin. İnanıram ki, bizim azərbaycanlı oxucularımız  bu əsəri maraqla  qarşılayacaqlar”.

Əsərin müəllifi, Amerika Xarici Siyasət şurası nəzdindəki Mərkəsi Asiya – Qafqaz İnstitutunun direktoru S.Frederik Starın öz azərbaycanlı oxucusuna  ünvanladığı ön söz isə belə başlayır:

“Yaxın dostum, möhtərəm həmkarım Bakıda ADA Universitetinin təsisçi rektoru Dr. Hafiz Paşayevin “İtirilmiş maarif: Mərkəzi Asiyanın Qızıl dövrü” kitabımı Azərbaycan dilində nəşr etdirmək qərarından dərin şərəf duyuram... Dr. Paşayev bu və bir çox başqa vasitələrlə elm və təhsil məşəlini həmişə uca tutur.  Arzu edərdim, onun bu nəcib fəaliyyəti uzun illər davam etsin!”

F.Star əminliyini bildirir ki, Mərkəzi Asiya tarixinə həsr olunmuş araşdırmasına azərbaycanlı oxucu da biganə qalmayacaqdır. İlk növbədə ona görə ki, “Azərbaycan ərazisində yaşayan  insanlar müsəlmanlarla digər din mənsubları arasında cərəyan edən mürəkkəb  qarşılıqlı əlaqələrin iştirakçısı olmuşlar. Söhbət Mərkəzi Asiyanın intellektual həyatını qidalandıran təmaslardan gedir...Xəzərin hər iki sahili əsrlər uzunu inanc müxtəlifliyinə, eyni dərəcədə həm fərqli dinlərə  mənsub insanların, həm də din skeptiklərinin  fəaliyyətinə şahidlik edirmiş.

...“Mərkəsi Asiya ilə Azərbaycanı nə əlaqələndirir?” sualına verməli olduğum birinci cavabımı Azərbaycanla Mərkəzi Asiya arasında qarşılıqlı əlaqələr şəbəkəsinə dair faktlar təmin edir. İkinci  cavabım isə tamamilə fərqli xüsusiyyətdədir... Bunun  Fransaya, Hindistana, Ekvadora, yaxud Efiopiyaya nə dərəcədə  dəxli varsa, bir o qədər də Azərbaycana aidiyyatı var. Mərkəzi  Asiyanın “qızıl dövrü” bu ölkələrin hamısı, eləcə də qlobal miqyasda bütün mədəni dünya üçün önəmlidir”.

“İtirilmiş maarif”in (və onun müəllifinin) bu cür ciddi elmi mətləblərin şərhi üçün o qədər də səciyyəvi sayılmayan “sərbəst üslub”u, özünəməxsus təhkiyə improvizasiyaları kitabın elə ilk cümlələrindən  oxucu  diqqətini fəth edir. Və  bu fəth hərtərəfli imkan  yaradır ki, az- çox təfsilatlı dərki  kifayət qədər əqli enerji tələb edən məsələlərə maraq sonacan sönməsin:

“...Mən özüm belə bir kitabı həvəslə oxuyardım. Bu elə bir kitabdır ki, çox  istərdim bir başqası yazaydı və mən müəllif işini kənara buraxıb onu oxumaqdan  zövq ala biləydim. Fəqət iş elə gətirdi  ki, məndən savayı heç kim bunu öz  üzərinə götürmədi”.

Kitab nə qədər zəngin məxəzlər (onların sayı yüzlərlə olub, yalnız siyahısı  yetmiş beş səhifə təşkil edir) əsasında yazılsa da, onun elmi dəyərini, görünür, ilk növbədə, müəllifin regiona  ən müxtəlif baxımlardan dərindən bələdliyi, özünün qeyd elədiyi kimi, “günyandıran Qaraqum çölü” ilə “Pamir dağlarının qırx dərəcə şaxtası” arasındakı saysız-hesabsız “yürüşlər”indən aldığı elə  təəssüratlar müəyyən edir ki, onları bu gün müxtəlif baxımlardan tənqidi yanaşma tələb edən ən mötəbər mənbə belə verə bilməzdi. Və bu təəssüratlar imkan yaratmışdır ki, bir tərəfdən, əsərdə tarixiliklə müasirlik yanaşı addımlasın, digər tərəfdən isə, Mərkəzi Asiyanın, məsələn, Məhəmməd əl-Buxari, Əbu İsa Məhəmməd Tirmizi, Əbu Zeyd əl-Bəlxi, Əbu Nəsr əl- Fərabi, Əbülqasım Firdovsi, Əbu Reyhan əl-Biruni, Əbu Əli ibn Sina, Əbu Həsən ibn Əli Nizamülmülk, Mahmud Kaşğari, Ömər Xəyyam, Əbu Hamid əl-Qəzali, Yusif Balasaqunlu, Əhməd Yasəvi,  Nəsrəddin Tusi, Cəlaləddin Rumi, Bahauddin Nəqşbənd Buxari,  Uluqbəy, Əlişir Nəvai kimi personaları regionun maarifçilik tarixi səhnəsində büt kimi  təqdim olunmasın, bütün tərəflərilə məhz canlandırılsın.

“İtirilmiş maarif”də Frederik Star yalnız böyük tarixçi-tədqiqatçı deyil, hətta yalnız böyük dramaturq-yazıçı olmaqla da kifayətlənmir... Kitabın  səhifələrini çevirdikcə bütün aydınlığı ilə hiss edirsən ki, o  öz qəhrəmanlarını mükəmməl bir aktyor məharətilə həyata qaytarmağa nə qədər böyük enerji (və fövqəladə  yaradıcılıq istedadı!) sərf edir.

Kitabın strukturu, prinsip etibarilə, xronoloji ardıcıllığa tabedir, ilk səhifələrdəcə  müəllif göstəriri ki, “coğrafiyalara  olduğu kimi zamanlara da körpü salmış” Mərkəzi Asiyanın maarifçilik dövrü  750- ci ildən 1150- ci ilə qədərki tarixi əhatə edir, lakin “bu tarixlərdən  əvvəl və sonra da, fərqli ölçüdə və məzmunda olsa da, vacib gəlişmələr baş verirdi”.

Frederik Star yazır:

“Mərkəzi Asiyalılar qədim yunan keçmişinə aid nailiyyətlərin sadəcə ötürücüləri deyildilər, onlar həmçinin müxtəlif sahələrdə yeni biliklərin yaradıcıları idilər.

...Bu günə qədər gəlib çıxan bir çox, bəlkə də əksər Qərb yazıları ibn Sina, Biruni, Xarəzmi, Fərabi, Qəzali və başqalarını ərəblər olaraq təqdim edir... Doğrudur, həmin dövrdə Mərkəzi Asiya mütəfəkkirlərinin əksəriyyəti, bəlkə də hamısı əsərlərini ərəbcə qələmə alırdı. Həqiqətən də, ərəb  dilinin bütün İslam aləmində intellektual mübadilə üçün ayrıca ünsiyyət vasitəsi olaraq qəbul edilməsi beynəlxalq ideyalar bazarının yaradılması baxımından böyük önəm daşıyırdı”.

“İtirilmiş maarif” müəllifi əmindir ki, haqqında söhbət gedən dövrdə Mərkəzi Asiya mütəfəkkirlərinin əksəriyyəti “İran əsilli olaraq fərqli İran dillərində  danışırdılar, ancaq xeyli hissəsi həm də  türklərdən ibarət idi... Müxtəlif İran və türk xalqları, hər şeydən əvvəl, Böyük Mərkəzi Asiya ərazisində qarşılaşmış və  bir-birinə qarışmışdılar. Orada onlar ən erkən çağlardan etibarən özlərinə xas plüralist, ancaq olduqca real və fərqli bir kimlik qazanmışdılar”.

Professor Hafiz Paşayev “İtirilmiş maarif”ə ön sözündə Frederik Starın həmin mülahizələrinə  münasibət bildirərkən göstərir  ki, “müəllif İslam mədəniyyətinin gəlişməsi, inkişafı və Qərb intibahına təsirində türkdilli və farsdilli xalqların müstəsna xidmətlərinin köklərini araşdırır, bu yönümdə konkret faktlara söykənən maraqlı qənaətlər irəli sürür. Məsələn, necə olmuşdur ki, ərəblərin Mərkəzi Asiyaya yürüşlərinin doğurduğu yeni situasiyaya  uyğunlaşaraq getdikcə islama sahiblənən türkdilli və farsdilli xalqlar qısa zaman kəsiyində islam mədəniyyətinin öndərlərinə çevrilmişdilər; avropalılar islam mədəniyyəti ilə islamı bölgəyə daşımış ərəblərdən daha çox qeyri- ərəb əsilli İbn Sina, Biruni, Xarəzmi, Tusi, Rudəki, Rumi, Nizami Gəncəvi, Ömər Xəyyam, Qəzali kimi nəhəng  zəka sahiblərinin timsalında tanış olmuş, onlardan bəhrələnmişdilər; islam  mədəniyyətinin yüksəlişi dörvündə siyasi  təşəbbüsü ələ alan türklər Aralıq dənizindən Hind okeanına uzanan ərazilərdə üç nəhəng  imperiya – Osmanlı, Səfəvi və Moğol  imperiyalarını qurmuşdular”.

Professor Hafiz Paşayev əsərin bilavasitə ideya- məzmununa aid olan  başqa bir mühüm məqama da diqqət  çəkir:

“Kitabı oxuduqca Avropa maarifçilik hərəkatının bizə bəlli xüsusiyyərləri ilə müsəlman Şərqi coğrafiyası üçün maarifin əlamətləri arasında paralellər aparmalı olursan. Müəllif oxucularını tarixən davamlı inkişafa gətirib çıxarmayan, tənəzzülə uğrayan və bu səbəbdən “İtirilmiş maarif” adlandırdığı sivilizasiya faktının fərqli və zəngin ayrıntıları üzərində düşünməyə sövq edir”.

Əlbəttə, Frederik Starın araşdırıcı olaraq bir üstünlüyü “fərqli və zəngin ayrıntılar”a geniş meydan verməsidirsə, ikinci üstünlüyü (və məharəti!) həmin ayrıntılar əsasında son dərəcə mühüm ümumiləşdirmələr aparmasıdır. Kitabın  əvvəlində irəli sürülmüş “qoyuluşu asan, cavablanması çətin olan üç sual” yalnız ona görə önəmli deyil ki, həmin zəruri ümumiləşdirmələr üçün aydın (və kifayət qədər məhsuldar)  əqli- intellektual impuls  qaynaqları aşkar edir, eyni zamanda təfərrüatlar, müəllifin özünün irəlicədən nəzərdə tutduğu kimi, bu üç suala, daha  doğrusu onlara verilən cavablara  sığışdırılmaqla əsərin ideya- metodoloji bütövlüyü təmin edilmiş olur.

Suallar bunlardan ibarətdir:

“Birincisi, Mərkəzi Asiya alimləri, filosofları və başqa mütəfəkkirləri məlum yüzilliklər ərzində nəyə nail olmuşlar? İkincisi, bu nə zaman baş vermişdir? Və üçüncüsü, bu məhsuldar və qaynar ideyalar hərəkatı nə ilə sonuclanmışdır?”

Məsələ burasındadır ki, Mərkəsi Asiyanın etnik, sosial, siyasi və s. tarixi “İtirilmiş maarif” kitabının bilavasitə mövzusuna aid dövrdən çox-çox əvvələrə gedib çıxır ki, islamaqədərki həmin  tarix istər türkologiyada, istərsə də iranşünaslıqda ciddi mübahisələrlə  müşayiət olunur. lakin məlumdur ki, mübahisələr bu və ya digər mədəniyyətin mövcud olub-olmaması kimi strateji məsələ üzərində deyil, detallar, konkret desək, mövcud mədəniyyət hadisələrinin hansı etnosa aidliyi ətrafında  gedir.

Əslində, öz qarşısına dəqiq suallar  qoymuş bir kitabdan (və onun müəllifindən) cavabları məlum səbəblərdən heç də bütün müasir (və təəssübkeş!) varisləri təmin edəcək cavablar tələb eləmək doğru olmazdı. Lakin müəllifin tədqiqatçı-intellektual özünəəminliyinin (və cəsarətinin!) nəticəsidir ki, yeri gəldikcə mövzudan “kənara çıxmaq”dan da çəkinmir. Və ən başlıcası, beıə məqamlarda mükaliməyə nə qədər açıqdırsa, o qədər də səmimidir:

“Bəzi oxucular arzulaya bilərlər  ki, kaş növbəti şərhlərimiz tamamilə bir çox köçəri xalqların, istər İran, istərsə də monqol, ya  türk mənşəli olsun, mədəniyyətlərinə həsr edilə idi. O  xalqların mədəniyyətinə ki, onlar eramızdan əvvəl birinci minillikdən eramızın on beşinci yüzilliyinə qədərki dövrdə Mərkəzi Asiyanın bütün ərazisində ayaq  döymüşdülər. İslamaqədərki altıncı əsrdə Mərkəzi Asiya üzərində hakimiyyərlərini  qurmuş türk xalqları qrupuna daxil olanlar öz iqtidarlarının qorunması məsələsində o dərəcədə ciddi idilər ki, onlar Bizans və Çinlə rəsmi diplomatik əlaqələrə  girmişdilər. Köçəri xalqların digər imperatorluqları da eynilə nəhəng  əraziləri və  müxtəlif xalqları öz hakimiyyətləri altında  birləşdirmişdi”.

Və “asanlıqla demək olmaz ki, köçərilərin intellektual imkanları öz ifadəsini Aristotelin idrak  nəzəriyyəsindən daha çox mürəkkəb kosmoloji  sistemlər və  inanışlar ərsəyə gəlməsində, bütün bunların musiqi və poeziyada inikasında tapırdı” qənaətində olan müəllif yazır:

“Ancaq yenə də köçərilərin dini, dünyagörüşü, ictimai baxışları və ədəbi  abidələri ətrafında çox maraqlı suallar araşdırmamızın sərhədləri  dışında qalaraq oturaq şəhərlərdə ərsəyə gəlmiş formal mətnlər və müəyyən yaradıcı məqsədi olan sənət əsərləri baxımından müəyyənləşdiriləcəkdir”.

Səciyyəvidir ki, Frederik Star araşdırdığı dövrün Mərkəzi Asiya şəhərini, ilk növbədə, ərəb yürüşlərinə göstərdiyi  reaksiyanın xarakteri ilə təyin etməyə çalışır ki, fikrimizcə, bu, kifayət qədər  əsaslı cəhddir. Hər şeydən əvvəl ona görə ki, ərəb müdaxiləsi həm güclü hərbi, həm mənəvi- ruhi, həm də iqtisadi müqavimət tələb edirdi... Və  Mərkəzi Asiya şəhərinin sözün  geniş mənasındakı təbiəti, yaxud mentalitetini bu müqavimətdən daha yaxşı heç nə əks etdirə bilməz:

“Mərkəzi Asiyalılar üçün isə xarici müdaxiləyə məruz qalmaq heç də yeni bir şey deyildi. Belə zərbələri hansı yolla  həzm etməyi, bunların təsirləri ilə necə davranmaq lazım gəldiyini onlar əsrlər uzunu öyrənmişdilər. onlar həmçinin öz qədim yurdlarının qaynaqlarına, mədəniyyətinə arxayın idilər. Söhbət o qaynaqlardan və  mədəniyyətdən gedir ki, bunlar Mərkəzi Asiyalılara işğalçıların özlərilə gətirdikləri  faydalı nə varsa ona sahib çıxmaq və öz  içlərində əritmək üçün lazım olan özünəgüvən hissini bəxş etmişdi”.

“İtirilmiş maarif” müəllifi ilə razılaşmaq lazım gəlir ki, nə qədər enerjili olsa da, köçəri həyat tərzi belə bir  dayanıqlı müqavimət istehkamı yarada  bilmədiyi kimi, müxtəlif dünyagörüşlərin, mədəniyyətlərin bu cür  mükəmməl sintezinə də nail ola bilməzdi. Odur ki, Mərkəzi Asiya şəhərlərinin geniş təsvirini verən müəllif onları”bacarıqlar, ideyalar və etiqadların  qaynadığı qazan” adlandırmaqda tamamilə haqlıdır. Lakin  onda da haqlıdır ki, bu “eklektika” özünəməxsus bir idrak mədəniyyəti marağl və ya təcrübəsinə yol açmışdı. Belə ki, “zərdüştilik, buddizm, xristianlıq üçün mühüm olan azad iradə doktrinası Mərkəzi Asiyalıların mentalitetində o dərəcədə yer almışdı ki,  onlar İslamın gəlişindən  xeyli sonra mötəzililərin təlimini  dəstəkləyənlərin arasında şöhrət tapdılar”.

Frederik Star Mərkəzi Asiyanın islamlaşması prosesini  kitabının “Ərəblər Mərkəzi Asiyanı necə istila etdilər və Mərkəsi Asiya Bağdadın sonradan fəthi üçün necə zəmin yaratdı” fəslindən başlayaraq təsvir edir. Ən  mühüm nəticələrdən biri büdür ki, tarix təkrar olunur: “Mərkəzi Asiyalılar bölgənin hər  istilasından sonra işlərinə yenidən başlayaraq özünüidarə funksiyalarını yavaş- yavaş bir daha öz əllərinə alır, öz dinlərinə və dəyərlərinə qayıdırdılar”.

İkinci nəticə də birincidən az əhəmiyyətli deyil: Mərkəzi Asiyalılar işğalçıları nəinki öz yurdlarında – Mərkəzi Asiyada “neytrallaşdırır”,  hətta Ərəb- müsəlman  imperiyasının paytaxtına – Bağdada belə nüfuz etməkdən çəkinmirlər... İş o yerə çatmışdı ki, “Abbasiləri hakimiyyətə gətirmiş və əsasən türklərdən ibarət Mərkəzi Asiya ordusu xilafətin hərbi gücünün  bel sütunu olmaqda davam edirdi. Xəlifə tam anlayırdı ki, Şərqdən olan döyüşçülərin onun  üzərində daha çox hökmü var, nəinki onun  həmin o döyüşçülər üzərində”.

Əlbəttə,  bu fakt öz-  özlüyündə nə qədər əhəmiyyətli, haqqında söhbət gedən dövr Mərkəzi Asiya tarixinin siyasi xarakterinin dərki üçün nə qədər həlledici olsa da, əsərin mövzusu, müəllifin qarşısına qoyduğu  problemin həlli baxımından az  önəmlidir. Lakin yeri gəlmişkən, heç cür təsəvvür etmək olmaz ki, “əsasən türklərdən ibarət Mərkəzi Asiya ordusu”nun yüzillər boyu davam etmiş tarixi qələbələrinin hər hansı mədəni inkişafdan, texnoloji (və mənəvi!) tərəqqidən kənarda baş verirdi...  Odur ki, müəllif dərhal əsərin bilavasitə mövzusuna qayıdaraq yazır:

“İrəlidə görəcəyik ki, mədəniyyətin özü də Şərqdən əsən bu güclü küləyin təsirinə məruz  qalmışdı və o parlaq “ərəb” alimlərinin  əhəmiyyətli bir hissəsi, ümumiyyətlə, ərəblərdən deyil, ərəbcə yazmağı tərcih etmiş Mərkəzi Asiyalılardan  ibarət idi”.

Frederik Star, vəd etdiyi kimi, VIII əsrin ortalarından XII əsrin ortalarına qədər Mərkəzi Asiyada, eləcə də həmhüdud regionlarda elmin, mədəniyyətin, texnologiyaların son dərəcə yüksək inkişafının bütöv (və dinamik) mənzərəsini təqdim edir. Və bu mənzərədə bərməkilik, xəlifə Məmunun “Hikmət evi”, mötəzizililik, gəzərgi alimlər, eləcə də əl- Xarəzmi, əl- Kindi, əl- Fərabi, xüsusən “Mərkəzi Asiyanın parlayan ulduzu” Xorasandakı yaradıcı mühit xarakterik cizgilərilə aydın görünür. Əbu Reyhan əl- Biruni, Əbu Əli ibn Sina, Əbu Hamid  əl- Qəzali kimi İran alimlərinin dühası barəsində müfəssəl  məlumat verən müəllif nəhayət türklərə keçir, daha doğrusu, kitabın ideya- poetik strukturuna, yaxud estetik ruhuna uyğun olaraq ifadə edildiyi kimi, “səhnəyə türklər çıxır: Mahmud Kaşğari və  Yusif Balasaquni”...

Frederik Star yazır:

“Artıq 900- cü ildə hamıya aydın idi ki, xəlifələr ərəblərdən, Bağdadın mədəniyyətini əhəmiyyətli dərəcədə gəlişdirənlər Mərkəzi  Asiyanın və Persiyanın özündən gəlmə farslardan ibarət idisə, real hakimiyyət Mərkəzi Asiyadan olan türklərin əlində idi”.

Bunu, təbii ki, Mahmud Kaşğari də yaxsı bilirdi... O, bütün təfərrüatı ilə anlayırdı ki, “xəlifə öz aləmində Möminlərin Əmiri qaldsa da, əslində, faktiki statusu  etibarilə “Aləmlərin Ağasının yardımçısı”na çevrilmişdi ki, bu da Kaşğarinin özü kimi bir türkün vassalı olmaq demək idi.

Kaşğarinin planı xəlifəni, eləcə də bütün ərəbləri və farsları o faktı etirafa məcbur etməkdən ibarət idi ki, artıq  onlar üçün türk dillərini öyrənmək və türk mədəniyyəti ilə hesablaşmaq vaxtı gəlib çatıb”.

Heç şübhəsiz, nə Kaşğarinin, nə də Balasaqunlunun  XI əsrin ortalarından sonra müsəlman mədəniyyəti səhnəsinə ilk növbədə “etnik təbliğatçı rolu”nda çıxmaları təsadüfi deyildi. Onlar “heyrətamiz qaraxanlılar”ın ardınca gəlirdilər... Kitabda, eləcə də bir sıra digər mənbələrdə “bir türk qarətçisi”  kimi təqdim olunan, “hərbi maşınını, demək olar, bütövlükdə kölə zabit və əsgərlərdən ibarət tərkibdə yaratmış” Mahmud Qəznəvinin tarixdəki rolu barədə deyilənləri, fikrimizcə, birmənalı qəbul etmək çətindir. O necə qarətçi, yaxud kölələrdən ibarət ordu komandanı idi ki, “amansız işğalçılıq müharibələrini aparanda belə öz dövrünün böyük  zəka sahiblərinə, xüsusilə Biruni və  Firdovsiyə himayəçilik edirmiş. Tikdirdiyi  memarlıq abidələrinə baxanlar heyran qalırmışlar”?.. Doğrudur, “İtirilmiş maarif” müəllifi “bu ziddiyyətli qəribəliyin səbəbi”ni axtarır, ancaq bunu türk deyil, daha çox  İran mədəniyyəti varisliyində tapmaq cəhdində bulunması, fikrimizcə, məsələni həll etmək əvəzinə, daha dərin ziddiyyətlərə meydan açır.

Səlcuq hakimiyyəti dövrünə geniş yer verilmiş əsərdə həmin dövrün Əl- Qəzalı, Nizamülmülk, Ömər Xəyyam kimi dahi təfəkkür sahiblərinin fəaliyyəti, əsas ideyaları, ümumən dövrün ideya- mədəni siması kifayət qədər dərindən araşdırılmış, xüsusilə sufizmin  tarixi kökləri, nəzəriyyə və praktikası barədə elə aydın təsəvvür yaradılmışdır ki, görünür, öz mükəmməlliyi (və orijinallığı!) ilə mövcud stereotipləri hər cəhətdən üstələmək imkanlarına malikdir.

Müəllif retrospektiv baxımdan olduğuğu kimi, prospektiv baxımdan da mövzunun hüdudlarını aşaraq həm “monqol əsri”ndən, həm də “Teymur və onun xələfləri” dövründən bəhs edir, hətta tarixşünaslığa özünəməxsus  bir ərklə daxil elədiyi “termin”lə “Teymurun oğulları” adlandırdığı Moğol, Səfəvi və Osmanlı imperiyalarının da işinə qarışır... Və hər üç imperiyanı “biliklənmə sahələri üzərində dini mühafizəkarlığın güclü məhdudiyyətləri”lə səciyyələndirdikdən sonra yazır:

“Bu imperiyalar yeni texnologiyalara açıq olsalar da, heç cür səy göstərmirdilər ki, belə  texnologiyaları özləri yaratsınlar. Yeni  dövrün həmin o üç böyük imperiyası, onlardan da əvvəl Teymurilər özlərinin Buxara, Nişapur, Mərv, Ürgənc, Tus, Qəzni, Səmərqənd və Balasaqunlu sələflərindən... xeyli geri qalırdılar. Yeni dövrün bu üç geniş ərazilərinə sahib imperiyası Mərkəzi Asiyanın Maarif dövrü ilə müqayisədə intellektual baxımdan kasıb və gericil görünür”.

Bu “görünüş”ü (və ya görüntünü) ən təəssübkeş mövqedən belə şübhə altına almaq çox çətindir. Və təsadüfi deyil ki, XIX əsrin ortalarından etibarən türk- müsəlman dünyasında baş qaldıran maarifçilik hərəkatının (Mirzə Fətəli Axundzadə, Cəmaləddin Əfqani, İstanbul maarçiləri) əsas amacı da məhz Şərqin Qərbdən müqayisə edilməyəcək dərəcədə geri qalmasının səbəblərinin axtarışı idi.

Yeri gəlmişkən, “ İtirilmiş maarif” müəllifi də öz mövzusunun xronoloji hüdudları daxilində Şərqlə Qərbi texnoloji inkişaf baxımından müqayisədə maraqlıdır. Bu müqayisələr zahirən nə qədər fraqmental görünsə də, daxilən o qədər bütöv, məntiqi və düşündürücüdür ki, idrakın (fəlsəfənin), elmin, mədəniyyətin planetar miqyası barədəki təsəvvürü də canlandırır.

Frederik Starın kitabının sonuncu  fəsli olan “Retrospektiv: Qum və dəniz ilbizi” mövzunu poetik- fəlsəfi vüsətlə yenidən nəzərdən keçirən müstəqil bir essedir ki, burada Mərkəzi Asiya tarixinin maarifçilik dövrü təşəkkülü, təkamülü və tənəzzülü ilə vəhdətdə, bütöv bir fenomen olaraq müzakirə predmetinə çevrilir. Əsərin başlanğıcında qarşıya qoyulmuş üç sual yenidən xatırladılır... Ancaq artıq cavablandırılmış, hər halda buna yaxın bir vəziyyətə gətirilib  çıxarılmış hesab edilərək günümüzün aktual mətləblərinə keçilir:

“Mərkəzi Asiyanın yeni dövlətləri təsdiq etmişdir ki, onların suverenliyi həyat qabiliyyəti olan məzmundadır... Bölgənin hər yerindən olan gənc kişilərlə qadınların əlamətdar bir qrupu dərin təsir bağışlayan təhsil almış insanlardır. Aldıqları təhsil onları həm daha geniş bir dünyada meydana gələn ideyalar və düşüncə vərdişləri ilə, həm də özlərinin əvvəllər ehmal edilmiş intellektual və irsi ilə tanış etmişdir”.

Müəllif əmindir ki, “bu irsin nüvəsində Maarif dövrü dayanır. O dövr ki, onların əcdadları bir çox araşdırma sahələrində dünyada öncüllük edirdilər. Bu qəhrəmanlıq mərhələsi, olsun ki, itirilmiş bir dövrdür. Ancaq bu gün onun əlamətləri görünür ki,  həmin dövr gənclər tərəfindən yenidən aşkarlanmaqdadır. Bu, baş verdikcə köhnə vərdişlər və gözləntilər də yenidən dirçəlir, gözlər daha uzaq üfüqlərə zillənir”.

Əlbəttə, tarixin istər qazanılmış, istərsə də itirilmiş təcrübələrindən dərs almaq heç zaman gec deyil. Və şübhə yoxdur ki, Amerika araşdırıcısı Frederik Starın  “İtirilmiş maarif”i həmin dərslərin mötəbər mənbələrindən biri kimi  gənc Azərbaycan  intellektuallarının da diqqətindən kənarda qalmayacaqdır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!