Eşqin Kərbəlası... - Azər TURAN yazır

Şəhriyar del Geraninin bir şeiri haqqında düşüncələr

Azər TURAN

 

Şəhriyar del Gerani "Unutma ki, eşqin qabaqda Kərbəlası var" misrası ilə bitən şeirini Kərbəla öncəsi günəşin "söndürüldüyü" məqamda İmam Hüseynin "Quran"ın Bəqərə surəsindən söylədiyi ayə ilə başlayır: "İnnə lillahi və innə ileyhi raciun". Yəni "Biz Allaha aidik və qayıdışımız da onadır".   

İnnə lilləhi və innə ileyhi raciun,

Ey həmd ola, çatdım məqamına hüzurunun,

Vay, sən demə, ömrün belənçi əlifbası var.

Qalmış yarı yolda neçə rolda kəm adamdan,

asi düşüba arzulara düşkün adamdan

Billahi, sədaqət umanın gül xətası var.

Söndür günəşi, ol böyüyən səhranı adla,

çıx get bu qaranlıqla, görünməz üzün, amma

unutma ki, eşqin qabaqda Kərbəlası var.

Şəhriyarın bu şeiri ən yeni poeziyamızda yeni Kərbəla arxetipini yaradan ilk şeirdir. "Sonuncu Yeni - Şəhriyar del Gerani" məqaləmdə "Şeirlərini daha çox İkinci Yeni havasında yazsa da, Şəhriyar del Geraninin poetikası modern Türkiyə poeziyası ilə Azərbaycan şeiri arasında ortaq nəfəsdir", - deyə bildirmişdim. Amma Fatihə, Əsr və Nas surələrinə, Lukanın və Mattanın "İncil"inə referenslər edərək yazdığı "Setara"dan və "İxlasım"dan sonra bu şeir xatırlatdığım istiqamətlərin ikisindən də ayrılır və özü ayrılıqda yeni bir təmayül yaradır. Yaradıcılıqlarının müəyyən bir mərhələsində Kərbəla mütərənnimi olmuş Füzulidən, Seyid Əzimdən, Namik Kamaldan və Məhəmməd Hadidən birbaşa Şəhriyar del Geraniyə keçid edən intonasiya, assosiativ doğmalıq, poetik struktur oxşarlığı, ritm sintezi Azərbaycan şeirinin modern "Hədiqətüs süəda" mərhələsindən soraq verir... Qabaqda eşqin Kərbəlası olduğunu fəhm etməyənlərə xoşbəxtlər bağçasında Füzuli İmam Hüseynin dilindən belə səslənmişdi: 

Bən bəla dəryasinə qərq olmağa basdım qədəm,

Gəzməsün girdabvəş çevrəmdə hər canın sevən.

Bən fəna deyrində mənzil dutmağa əzm eylədim,

Durmasun yanımda mülkü-qəsrü eyvanın sevən.

Füzuli adamları gecənin sirr örtüyü ilə baş-başa buraxmışdı. Gecə hamiləydi. "Əl-leylətü hublə" və Gecə Kərbəlaya hamilə idi. "Ələssəbah ki, tiği-şə'şəeyi xosrovi-xavər rabiteyi nurdan zülmət silsiləsin qət' qıldı və sipahi Rumü Həbəş bir-birindən ayrıldı, ol mənzildən orduyi-humayun irtihal qılub və əhbabi-həqiqi və məcazi bir-birindən ayrılub ol ki, rişteyi-irtibatı təəllüqati-dünyaya möhkəm idi, vida' edib Məkkəyə müraciət qıldı və ol ki, təriqi-vəfada rasixdəm və sabitqədəm idi, mürafiqətdə yekcəhət oldu". (Yəni elə ki, günəş çıxdı, səhər açıldı. Nurla zülmət ayrıldı. Kimin ki, dünyaya bağlılığı daha güclü idi çıxıb getmiş, kim ki, Kərbəla yolunda sabitqədəm idi burda qalmışdı).

Şəhriyar da elə bunu deyir: "Qalmış yarı yolda neçə rolda kəm adamdan,/ asi düşüba arzulara düşkün adamdan/ Billahi, sədaqət umanın gül xətası var".

Burdakı Kərbəla Cemal Süreyadakı nirvanaya gedən yol - Səlimiyənin minarəsi kimi olan gözəl qadın bədəni deyil, elə birbaşa ilahi eşqin və həzzin ötəsində var olan bir Kərbəladır, yaxud nirvanadır. Bir az da "Kərbəlayi-qəmdə qurban olduğum həngami-eşq"  - deyən Namik Kamalın, yaxud bəlkə də Seyid Əzimin dediyi kimi, "Kərbəla Tura dönüb, / nuri-təcəlla görünür".

Şəhriyar del Geraninin Kərbəlası adlarını çəkdiyim şairlərin - Füzulinin, Seyid Əzimin, Namik Kamalın və Məhəmməd Hadinin Kərbəla düşüncəsi ilə semantik əlaqə yaratmaq gücündədir.

Şəhriyarın bu yeni şeirində sürreal müstəvidə qovuşan, eyniləşən  Rəblə Setara yoxdur. Burda, "eşqin metafizikası" (Şopenhauer) eşqin Kərbəlasında yaşanıb, yaxud yaşanacaq. Və "Ey həmd ola, çatdım məqamına hüzurunun".

Şəhriyar ən yeni Azərbaycan poeziyasını çox həssas bir məqama gətirib çıxarıb. Yəni bundan sonra Kərbəla modern Azərbaycan şeirinə çağdaş türk poeziyasında olduğu kimi, tutaq ki, Cahid Zarifoğlunun yazdığı "Demək ki, bitmədi Kərbəla" şəklində gələcəksə, bunun yenilik adına heç bir estetik tərəfi olmayacaq. Çünki həmin Kərbəlanı, "Gökdən endikdə bəla bulmazdı mənzil qonmağa, / Olmasaydı ərseyi-aləmdə xaki-Kərbəla" - deyə Füzuli daha üstün şəkildə beş yüz il öncə vəsf etmişdi. Yaxud Məhəmməd Hadinin timsalında Azərbaycan şairi "ərzi-dilinin Kərbəla" olduğu çağları da yaşamışdı:

Könlüm Hüseyn, ərzi-dilim Kərbəlamıdır?

Səncə, cəfa, yoxsa ki, eyni-vəfamıdır?

Şəhriyar del Gerani isə kifayət qədər bəlli olan klassik dini mətnə və hətta bir zamanlar buludsuz mavi göyün aşiqi Nitsşenin "Zərdüşt belə deyir" əsərindəki səhra qızları üçün yazılmış süfrə şərqisində -  "Səhra qızları arasında" deyilən "Səhra böyüyür, vay halına səhranı gizlədənlərin" xəbərdarlığına da referens edərək yeni Kərbəla arxetipini yaradır: "Söndür günəşi, ol böyüyən səhranı adla, / çıx get bu qaranlıqla, görünməz üzün, amma / unutma ki, eşqin qabaqda Kərbəlası var"...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!