Gör yaşamaq asandırmı?.. - Zahid Sarıtorpaq

Həyatın səsləri guşimdə həp fəryad şəklində,

Bu insanlar ki, qardaşdır və lakin yad şəklində,

Bu torpaq qanlı ovlaqdır, bəşər səyyad şəklində,

Ədavət daima vardır, məhəbbət ad şəklində,

Cahan başdan-başa meydani-matəmzad şəklində,

Fərəhlər həbs olunmuş, hüznlər azad şəklində,

Müsibətlər, bəlalar, qüssələr abad şəklində...

M.Hadi

"Həyatın səsləri guşimdə həp fəryad şəklində..." 

İnsan sevgisi... insan nəfəsi... insan surəti - bir şair ömrünün məramgahını kərpic-kərpic ucaldan nəsnələr... Bütün bunlar can adlı türbənin divarlarında çırpınan "həyatın səsləri" deyilmi? Qaim-qədim dünyanın hər naxışı, hər gülü, hər butası o səslərin içindən boylanmırmı?.. Boylanır da, baxır da...  Bəşər övladı deyilən varlığın üz-gözünə, "guşinə", ruhuna hopur da. Amma soruşan olar ki, axı niyə "fəryad şəklində", niyə?  Nə yazıq ki belədir.  Nə yazıq ki, hələ də belədir. Fəryad şəklində deyil, başqa nə tərzdə olmalıdır axı? Dünya bir şahmat taxtası kimidir tarixən: xanalar dəyişməsə də, fiqurların yeri, xanəgahları dəyişib... Hər məqamda bir-birinə qan uddura-uddura, içlərdə, ruhlarda, "guşlarda" fəryad qopara-qopara...  Şair başqa cür deyə bilməzdi. O, belə də hayqırmalıydı: "Həyatın səsləri guşimdə həp fəryad şəklində...". 

"Bu insanlar ki, qardaşdır və lakin yad şəklində..."

Tanrının mələklərlə, mələklərin insanlarla, insanların bir-birlərilə qurduqları təmas mütləq sevgiyə söykənməlidir... Amma nə yazıq ki, sonuncuların bu işdə mükəmməlliyi heç vaxt olmayıb. Bəşər yaranandan bu yana öz aramını tapa bilməyən insanlar qardaş da olsalar, təmasları hələ də qüsurludur. Məsələn, dünyanın o başında yaşayan birisi ilə gözümüz önündəki bir insanın eyni vaxtda barmaqlarına batan tikan eyni sızıltını, eyni göynərtini verirsə, onlar cismən qardaşdırlar, amma... yad şəklindədirlər. Yeri gələndə bir-birlərinə qarşı silah qaldırıb, bir-birlərini məhv də edirlər.  Bəs necə deyəydi şair?  Elə bu cür də deməliydi, bu cür də yanğıyla çatdırmalıydı fikrini: "Bu insanlar ki, qardaşdır və lakin yad şəklində...".

"Bu torpaq qanlı ovlaqdır, bəşər səyyad şəklində..."

Dünyanın hər yerində qan tökülür... Ona görə də şair "bu torpaq qanlı ovlaqdır" əzabını daşıyır... O qan şairin misraları arasından sızıb keçmir əsla. "Səyyad şəklində" adlayıb keçən "bəşər"in qədəmlərinə hopur və ömürlərə, yaddaşlara salır izlərini. Qələm adamının içini sızladır eləcə və o, bu misranı bəşərin, dünyanın nifrin saçan bir alın yazısı kimi görür: "Bu torpaq qanlı ovlaqdır, bəşər səyyad şəklində...".

"Ədavət daima vardır, məhəbbət ad şəklində..."

Baxanda açıq-aydın görmək olur ki, dünyanın bünyəsi ədavətlər üzərində qurulub. Cahan yaranandan bu yana çəkişmələr üzündən milyonlarla, milyardlarla insan qanı tökülüb. Belədə mayası zülmlə yoğrulmuş dünyanı şairin bütün incəliklərinə qədər duyması, onu öz içindən keçirməsi və "məhəbbət"in belə quruca "ad şəklində" qalması qənaətinə gəlməsi başa düşüləndir. Yəni  "Ədavət daima vardır, məhəbbət ad şəklində...".

"Cahan başdan-başa meydani-matəmzad şəklində..."

Keç görüm indi necə keçirsən bu "meydani-matəmzad şəklində" olan, ömrü-günü çürüdən, misraların təkcə üzünə deyil, astarına da hopmuş adına  "cahan"  deyilən müvəqqəti duracağımızdan... Əgər sən onu olduğu kimi görmürsənsə, demək heç vaxt da görməyəcəksən. Üzünün alına aldanacaqsan. Məqamı gələndə həzər etməyə imkanın da olmayacaq. Elə beləcə soyuq bir divarın üzünə yazılmış kimi görəcəksən bu misranı: "Cahan başdan-başa meydani-matəmzad şəklində...".

"Fərəhlər həbs olunmuş, hüznlər azad şəklində..."

İnsanın fərəhi, içinin göyərçinli göylər kimi sevinc dolu hüdudsuz dünyası o qədər canlıdır ki,  ələmlərə tuş gələndə özünü qazamata düşmüş kimi hiss edir. Keçirdiyi bütün xoş məqamlar, "fərəhlər həbs olunmuş" kimi gəlir insana. Belədə ruhunun sirli qapıları xoşbəxtliklərin üzünə qapanır, əvəzində dörd tərəfindən  sonsuz kədər boy verir və "hüznlər azad şəklində" pərvazlanır. Özünün bir fərd olaraq bu miskin dünyanın ağuşunda üşüdüyünü duyan şair neyləməliydi? Əlbəttə ki, elə belə də yazmalıydı: "Fərəhlər həbs olunmuş, hüznlər azad şəklində...".

"Müsibətlər, bəlalar, qüssələr abad şəklində..."

Doğrudur... Fərəhsiz dünyanın dərgahlarında ancaq "müsibətlər, bəlalar, qüssələr abad şəklində" yer ala bilər. Başqa heç nə... Gözünü yum, aç və ölümsüz bir Məhəmməd Hadi möhtəşəmliyinin içində duy bu həqiqəti. Sonra gör yaşamaq asandırmı?

Sadalayıb ötəri də olsa fikrimi bildirmək istədiyim nəhəng bir əsərin bir neçə misrasına könlümün quşu ağlım kəsəndən qonub desəm yanılmaram. Bu qədər ağır, sanballı, möhtəşəm bir şəkildə cızılmış bir  ruhi xəritənin  önündə dayanıb aradan keçən böyük bir zaman kəsimindən sonra aşağıdakıları pıçıldamaq keçdi içimdən:

***

 M.Hadiyə

Ölür üstümüzdə eyni yazının kölgəsi

nəfəsimiz qaralan boşluqlarda

yarasalar əvəzinə sözlər uçuşur səssiz

"bu, onlardı..." şəklində.

 

Öpdüyü yaş qəbrin torpağı dodağında

gülümsəyincə çiskinlərdə bu noyabr səhəri

xəzəl tüstülərinin pozulduğu yerdən

huşsuz bir külək düşür qucağına üryan payızın

"tanıyın onları, onlardı gələn..." şəklində.

 

Ağzında ilk kəlməsini çeynəyən çocuğun

dodağından su damır gülə

güldən bir böcək uçur çağırıldığı yerə sarı:

"onlardı, onlardı..." şəklində.

 

Eyni yazının işığı altında ölürük

gözlərimiz açılır son anda:

"hanı?.. hanı?.." şəklində

onlar qapayırlar:

"Odur..." şəklində...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!