Onu hamı ilə danışdırmaq arzusu - Rafael Hüseynov yazır

 

Doğulub-böyüdüyüm, ilk uşaqlıq və yeniyetməlik çağlarımdan hər qarışı mənə çox əziz olan istiqanlı Kürdəmirin qızmar torpağına haçandan bəri ürəyimdə gəzdirdiyim borcum var.

Nəhayət ki, vədə yetişib və uzaq olmayan sabahlarda o çoxdankı niyyətimi gerçəkləşdirəcəyəm.

Çox istəyirəm ki, vaxtilə bura sığınmış 4 böyük ədibimizin Kürdəmirdə abidələri ucalsın. Özü də bir-birinin həndəvərində, eyni bir bağın içərisində.

Arzulayıram ki, onlar bu yerə XX yüzilin əvvəllərində - ömürlərinin qayğılı, narahat çağlarında olan sayaq, vaxt və tale zəlzələsindən can qurtararaq özlərini və əzizlərini xilas etməkçün gəldikləri kimi deyil, indi ürəklərdə onlara böyük sayqı və sevgi bəslənən, burada onları az qala hamının tanıdığı günlərdə təzədən qayıtsınlar, hər gün göz qabağında olsunlar.

Ən azı hər gün gördükləri üçün də bir əsr əvvəl tanımayaraq yanlarından biganə keçənlərin nəvə-nəticələri onların kitablarını açsın, hansısa sətirlərini oxusun, bu adları yaddaşlarında daha çox gəzdirməyə başlasın.

O müqəddəs tutulmağa layiq dördlük Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, bir də Məhəmməd Hadidir.

İndi hərəsinin adına Kürdəmirdə bir küçə var və mənim qurmaq istədiyim, artıq yeri də mənimki olan bağ da elə həmin küçələrdən birindədir - Mirzə Ələkbər Sabirdə!

Həm də bunu etməyi sadəcə arzulamıram, kimdənsə ummuram, əvvəldən sona nə zəhməti var, özüm çəkəcəyəm.

Bu 4 ölməz kişinin arasında və ümumən Yaxın-Orta Şərqin son 1000 ildəki nisbətən yaxından tanıdığım yüzlərlə söz ustası cərgəsində bircəsinin həyatının sonu ilə bağlı laübalı, mübhəm ifadə var ki, hələ məktəb illərindən beynimə həkk olub.

Əksər qələm və zəka sahibinin ömrünün bitəcəyi ilə əlaqədar, adətən, hər Allah bəndəsinə aid bu sözləri yazırlar ki, "vəfat etdi".

Ancaq cəllad kötüyündə başı bədənindən ayrılanlar da olub, dar ağacından asılanlar da, daşqalaq edilənlər, suda boğdurulanlar, yandırılanlar da.

Üsullar çoxdur, insan qəddarlığı nə qədər hüdudsuzdursa, öldürmələrin, məhvetmələrin də o qədər bolluca çeşidi var.

Məhəmməd Hadi haqqında isə sadəcə "öldü" demirdilər, kitablarda, məqalələrdə, hətta dərsliklərdə də "qeyb oldu" yazırdılar.

Hər məchul sual kimi gec-tez bu müşkül də açıldı, sonralar Məhəmməd Hadinin 1920-ci ildə vəfat etdiyi, Gəncədə hər kəs kimi bir məzara gömüldüyü də müəyyənləşdi, hətta qəbri də tapıldı.

Lakin uşaqlıq çağlarımdan hafizəmə çökmüş o şairanə, o sirli deyiş heç vəchlə içərimdən getmir və hər Hadini düşünərkən, elə bu gün də onun barəsində fikrə dalarkən, həyatdan adi ölümə məhkumlar kimi getməsini, sıradan olan bir insan kimi torpağa tapşırılmasını yox, məhz qeybə çəkilməsini qəbul edir və bu həqiqətə inanıram.

Ölməyib, torpağa qatışmayıb, bir ruh kimi, işıq kimi, mələk kimi uçub, sonsuz boşluqlarda buxarlanıb, şeir kimi, şeirinin misraları təki fəzalarda əriyib-itib, qeybə çəkilib...

Uçmağı isə o həmişə arzulamışdı:

Uçsaydım, ah, mən o müəlla cahanlara!

Yüksəlmək ən böyük əməlim asimanlara.

Artıq xilas olur da əlindən fəlakətin,

Görməm vücuh-i dəhşətini ərz-i vəhşətin.

Həyatı boyu könlündə yaşatdığı ən ali amala - yurdunun, millətinin istiqlalına, hürr olaraq yaşamasına Yerdə yaxın zamanda çatmağın mümkünlüyünə şəkk etdiyindənmidir ki, bu nemətlərə doğru qanadlanaraq, uçaraq yetişməyi də diləyirdi:

Hürriyyətə, ülviyyətə, qüdsiyyətə, millət!

Amal-i səadətlə olaq biz dəxi təyyar.

Amma ona da qəlbən inanırdı ki, ən heyrətli uçuşların da bünövrəsi burda - yerdə qoyulur:

Cahanda olmasaydı əhl-i ərzin yüksək amalı,

Ucalmazdı göyə yer oğlunun şəhbal-i iqbalı.

Evin başlanması başdan deyil, təməldəndir,

Göyə uçmaq da öylə, ən təməlli bir əməldəndir.

Pərvaz etməyə, çərçivələri qırmağa, yeni-yeni sərhədləri aşmağa can atan Hadi heç də həmişə məcazi, xəyali uçuşları nəzərdə tutmurdu.

XX yüzil yenicə başlayırdı, kosmik uçuş zamanları o dövrdə hələ xəyala sığmayacaq qədər uzaq idi, Hadinin səyyar düşüncələrindəsə heyrətli uzaqgörənliklə həmin gələcək günlər elə o çağlardan sayrışırdı:

Dəst-i təsxirində tutmuşkən bəşər dünyaları,

Yerləri, mədənləri, heyrətfəza dəryaları...

Yol bulur, bir gün uçar, ulduzları təsxir edər,

Ən qaranlıq sirri anlar, aləmə təşhir edər.

Hadi ulduzlara üz tutaraq bu şeiri qələmə alanda hələ 1907-ci il idi, hələ 28 yaşı vardı, cavan idi, güclü idi, hələ müsibətli günlər, böyük qəmlər xeyli aralıda idi, amma ürək ki, həmin ürək, fəhm ki, həmin fəhm idi!

O səbəbdən də hələ o vaxtlar uçmaq sevdası canındaydı:

Uçsaydım, ah, mən o müəlla cahanlara!

Yüksəlmək ən böyük əməlim asimanlara.

Mən də sizin kimi olub azadəsər o dəm,

Eylərdi tərk bəlkə məni pənce-yi ələm.

Gəncədə çox olmuşam, o göyçək, o sevimli məkanın tarix yaşadan neçə səmtini gəzib-dolaşmışam, lakin bir dəfə də olsun ürəyimdən keçməyib ki, Hadinin məzarı deyilən yerə gedib baxım, oranı ziyarət edim.

Bəlkə elə hisslərim haqlıdır?! Ürəyim məni məzar deyə nişan verilən həmin yerə doğru çəkmirsə, bəlkə elə qeyblolma sorağı ən doğru olandır?

Hadi hey uçmaq diləsə də, hər halda bir gün məzarının ola biləcəyi ehtimalını da ağlından və misralarından keçirmişdi.

Atəşlərinə yaxılmağa pərvanə qədər hazır olduğu Vətəninin hürriyyətə qovuşmuş gələcək vətəndaşlarına ən sabitqədəm istiqlal şairimiz Məhəmməd Hadi elə o başdan, isti-isti vəsiyyətini və təvəqqesini də etmişdi:

Ey ol vəqti görən məsud, unutma bizləri, yad et,

Bu yolda həsrət ilə can verən əhbabi tedad et,

Məzarım üzrə gəl, dur, qəmli-qəmli ağla, fəryad et,

Oxu bu şeiri qəbrimdə, ələttəkrar övrad et:

Dur, ey zindan-i nisyanda yatan, azad olub aləm,

Sürurabad-i hürriyyət gəlib, dilşad olub aləm!

Mən Hadinin məzarına yox, "Edər mürğ-i dilim pərvaz füshətgah-i lahutə" - "Yuvam insanlar arasında olsa da, könlümün quşu ilahi fəzalarda uçar" deyən dilinə inanıram.

Ona görə də "İstiqbalımız lağlağıdır" söyləyən Mirzə Ələkbər Sabirə rəğmən "İstiqbalımız parlaqdır" adı qoyduğu məramnamə şeirini onun qəbridir deyilən torpaq topasının kənarında duraraq da yox, gözlərimi göylərə dikərək pıçıldamağı həmin vəsiyyətə daha dürüst əməletmə sayıram.

...Dibsiz göylərdə bitməz uçuşlarda təsəvvür etdiyim Hadi həm də bizə əllə toxunacaq qədər yaxındadır.

Nizami Muzeyində saxlanan, indi əllərimdə tutduğum bu kitabda Hadinin əlinin izi var.

Bakıda, İsa bəy Aşurbəyovun "Kaspi" mətbəəsində basılmış "Şükufe-yi hikmət" adlı kitabının, yəqin ki, ilk nüsxələrindən birini 1914-cü il avqustun 9-da "bəradərim" deyə müraciət etdiyi Mustafa Sübhiyə qardaş töhfəsi kimi təqdim edir.

Yazısının altında imzası, əsəbsiz, səksəkəsiz, rahat xətti...

Əlbəttə ki, xətt də danışa, insanın ovqatını, daxili gərginliyi, ya asudəliyini nə şəkildəsə göstərə bilir.

Amma bu kitabda başqa xətt də var.

Kimin xəttidir bilinmir, yəqin ki, haçansa, nə yollasa bu nəşrin şəxsi kitabxanasına gəlib çatdığı şəxsin son səhifədəki qeydləridir. Həmin adam öz kitabı olmasaydı, yəqin ki, haşiyədə bu sözləri yazmağı da rəva görməzdi.

Fikrini rusca yazıb, amma azərbaycanlıdır. Təbii ki, indinin rusdilli azərbaycanlılarından deyil. Azərbaycan türkcəsindəki şeirə marağı, meyli olan oxucudur, lakin bu kitabdakı sətirlərin ərəb-fars kəlmələri ilə doluluğu onu bir qədər mütəəssir edir: "Bu kitab mənimlə danışmır. Nədirsə bizim dildəki kimi deyil, başqa cür danışır. Təəssüf ki, mənimlə söhbət etmədi, neynək, qoy başqası ilə danışsın".

Bu sözləri bir əsrdən də bir az qabaq dil, üslub qəlizliyi ucbatından gərəyincə nüfuz edə bilmədiyi Hadi şeirləri haqqında sıravi bir oxucu yazıb.

İndi nə qədər azərbaycanlı Hadinin kitabını açaraq onunla hər misrasını tam anlayacaq qədər rəvan dərdləşə bilir?

Lakin bu şeir də Hadininkidir axı:

Yüksək dilək, ay dilək,

Aydın dilək, "ay" dilək,

Yolçuyuz, yol üstünə

İşığını yay, dilək.

 

Səninlə gözlər gülər,

Alınlar, üzlər gülər,

Hansı dodağa qonsan

Ağızda sözlər gülər.

 

Bu ağır yük çəkilməz,

Bu acılar içilməz.

Sənsiz, a parlaq dilək,

Qaranlıqlar keçilməz.

Bu da bir böyük arzumdur ki, Hadini xalqımıza o qədər yaxınlaşdıraq ki, onun hər yadigar şeirini, içərisində ana dilimizdən kənar bircə sözün belə yer almadığı bu duru, bu bayatı havalı qoşqu qədər hər yurddaşımız ilişiksiz, asanca anlasın.

Və daha heç kəs qələm götürüb onun hansısa şeirinin altında, hansısa kitabının sonunda "bu sətirlər mənimlə danışmadı, qoy başqası ilə danışsın" yazmasın!..

28 noyabr 2019

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!